Donuz və digər heyvan ətləri

Donuz və digər heyvan ətləri

Babilistanda donuz murdar heyvan sayılır və onun ətini nadir hallarda yeyirdilər. Qədim Misirdə-Nil çayının deltasında isə donuzlardan toxumun yerə basdırılmasında istifadə edirlər.
Qədim İtaliyanın ziyafət məclislərində isə donuz ətindən hazırlanan məhsullar süfrənin yaraşığı sayılırdı. İtalyanlar qaban və ev donuzundan əlliyə yaxın xörək hazırlayırdılar. Romalılarda qızdırılmış bütöv donuz balasını (çoşkanı) süfrəyə qoymaq hələ o zaman bir adət olmuşdur. Varlı romalıların süfrələrinə hətta bütöv qaban da verirlərmiş. Romalılar donuz içalatından yunanlar kimi qan kolbasası, həmçinin içalat kolbasası hazırlayırdılar. Ədviyyatlı kolbasaları xüsusi sobalarda qızdırıb isti şəkildə satırlarmış.
Strabon yazırdı ki, Fransanın qədim qall tayfalarının o qədər donuz sürüləri vardır ki, onlar duzlanmış ət və gön məmulatı ilə Roma və İtaliyanın vilayətlərini kifayət qədər təmin edirlər. Özləri də il boyu gen-bol təzə və duzlanmış donuz əti yeyirlər. Qalliyalılar ən ağır çəkili donuz budunu digər millətlərin aşpazlarına nisbətən keyfiyyətlə bişirir və ləzzətli hazırlayırlar.
Varron yazırdı: «Deyirlər, təbiət donuzu ziyafət üçün yaratmışdır».
Orta əsrlərdə donuz əti ingilis və skandinaviyalıların da sevimli yeməyi idi. Onu duzlayır, müəyyən müddətdən sonra suda bişirib yeyirdilər.
Asiya ölkələrindən Malayziyada da donuz əti qədim dövrdən dəbdədir. İndoneziyanın Bali adasında donuz balasını bütöv qızardıb, kəskin tamlı sousla yeyirdilər.

Bəzi xalqların öz təbii coğrafi mövqelərinə uyğun olaraq heyvan növləri var idi. Strabon yazırdı ki, skiflər at əti yeyir. X əsrdə İbn Fədlan da öz əsərlərində Volqa bolqarlarının da at əti yeməsi barədə söz açır.
Müasir dövrdə at əti Volqa tatarlarının, eləcə də qırğızların xoşladıqları ərzaq növüdür. Maraqlı faktdır ki, orta əsrlərdə Skandinaviya əhalisi qoyun, donuz və mal əti ilə yanaşı at əti də yemişdir.
Marko Polo qeyd edir ki, Madaqaskar əhalisi çoxlu dəvə əti yeyir və onu insan orqanizmi üçün çox xeyirli sayır.
Ərəb xalqları arasında dəvə çox yayıldığı üçün onun əti də çox sevilən ləzzətli yemək sayılırdı.
Afrikada dəvəquşunun və filin ətini sevə-sevə yeyirdilər. Şimal rayonlarında nenlər, eskimoslar və sair xalqlar maral ətini, Koreyada isə xüsusi cins itlərin ətini çox sevirlər.
Vaxtı ilə Amerika hinduları çoxlu bizon əti yeyirdilər. Amerika tədqiqatçısı C.Ketlin 1837-1838-ci illərə aid olan məlumatında deyir: «Bizon əti bütün ölkə sakinlərinin əsas ərzağıdır və onların həyatını yaxşı təmin edir. Yay və payız aylarında hindularda təzə ət bol olur və onlar əti müxtəlif cür bişirir - qaynadır, pörtür, hisə verir ...».

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

Top