Günəbaxan «dünya səyahətinə» Şimalı Amerikadan başlayıb. O, ilk dəfə ABŞ-ın cənubunda yaşayan hindular tərəfindən mədəniləşdirilib. XVI əsrdə (1510-cu ildə) ispanlar günəbaxanı öz vətənlərinə gətirir və Madridin botanika bağında əkirlər. Uzun müddət ona dekorativ bitki kimi baxırlar. Lobel günəbaxanı Avropada ilk dəfə (1576-cı il) rəsm əsərlərində təsvir edir, adını da «günəş gülü» qoyur. Məşhur rəssam Van-Deyk avtoportretini yaradarkən əlində günəbaxan tutmuş və onu «günəş gülü» kimi tarixə salmışdır.
Günəbaxandan yağ almaq barədə Rusiya Elmlər Akademiyasının «Xəbərlər»ində 1779-cu ildə məlumat verilir. Lakin onun sənaye əhəmiyyəti kəsb etməsi üçün bir əsrdən də çox vaxt keçir. Günəbaxana dekorativ bitki kimi baxır, tumlarından isə çırtlamaq üçün istifadə edirdilər. Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
Günəbaxanın Avropaya düşməsi və onun geniş yayılması arasında üç əsrə yaxın vaxt keçib.
1716-cı ildə Avropada günəbaxan toxumlarını sıxıb ondan yağ alırlar. Lakin bu o qədər də fayda vermir.
XVIII əsrdə ilk dəfə olaraq I Pyotr tərəfindən Hollandiyadan Rusiyaya günəbaxan toxumları gətirilir. Rusiyanın torpağı və iqlimi günəbaxan üçün yeni vətən olur.
Günəbaxanın sənaye əhəmiyyətinə macarlar böyük diqqət yetirirdilər. Ona görə də XIX əsrin əvvəllərindən başlayaraq bu bitkinin becərilməsinə geniş miqyas verdilər.
Rusiyanın Voronej quberniyasında yaşayan D.Bokarev familiyalı kəndli 1829-cu ildə öz əl yağsıxanında günəbaxan tumundan yağ çıxarır və bunu nümayiş etdirir.