NAR
Azərbaycan narın vətənlərindən biridir.
O gözəl çənəli almaya bax bir,
Nardan soruşur ki, «kefin necədir»?
Parça-parça olan ciyərindən nar
Yaralı qəlbinə qan damızdırır.
Nizami Gəncəvi
GAVALI
Gavalının 35-dən çox növü məlumdur. Vətəni Qafqaz və Kiçik Asiyadır. Onun ən qədim məskənlərindən biri Dəməşq şəhəridir. 2400 ildir ki, Dəməşq şəhərinin sakinləri bu meyvənin dadını bilir.
Rəvayətə görə, səlib müharibələri zamanı avropalılar Dəməşqə hücum edir, lakin onu ala bilmirlər. Avropaya — vətənlərinə qayıdan döyüşçülər özləri ilə gavalı aparırlar. Bu hadisə ilə bağlı xalq arasında belə bir kinayəli məsəl də yaranıb: Döyüşçülər bu şəhərə ona görə yaxınlaşdılar ki, özlərilə Dəməşq gavalısını aparsınlar.
Gavalı müstəqil bitki kimi deyil, alça ilə göyəmin təbii hibridi kimi əmələ gəlib təkamül etmişdir. Bir fərziyyəyə görə bu «sevgi» Qafqaz meşələrində baş vermişdir, çünki həmin bitkilər burada yanaşı bitir. Onların «ittifaqı»ndan da yeni meyvə meydana gəlmişdir.
Azərbaycanda turş gavalıdan «lavaşana» adlanan yayma hazırlayırlar. Onun tərkibi S vitamini ilə zəngindir.
PORTAĞAL
Bizim eranın əvvəlində portağal Hindistan bağlarının yaraşığı olub. Ərəblər oradan onu Suriyaya, Misirə və Afrikanın şərq sahillərinə qədər yayıblar. Avropaya portağal səlib müharibələrindən sonra gedib çıxıb.
Portağalın vətəni Çindir. Onun bəzi dillərdə işlədilən apelsin adı çin alması mənasını verir. Portuqaliyalılar bu meyvəni 1518-ci ildə Avropaya gətirir. Bu da, onun Aralıq dənizi ölkələrində yayılması üçün başlanğıc olur. Elə həmin ildə də portuqaliyalılar portağalı Amerika qitəsinə aparırlar.
Bizim «portağal» sözü, çox güman ki, portuqaliyalıların bu meyvənin yayılmasında göstərdiyi xidmətin müqabilində ümumbəşər təşəkkürünün ifadəsidir.
LİMON
Limonun vətəni Hindistandır. O, altı əsr bundan əvvəl Şimali Hindistandan Mesopotamiyaya aparılıb. Limon haqqında ilk yazılı məlumat Teofrastə məxsusdur.
Yunanıstana limon ilk dəfə Makedoniyalı İsgəndərin Hindistan səfərində olan əsgərləri tərəfindən gətirilib.
İtaliyaya isə limon IV əsrdə başqa ölkədən-uzaq Midiyadan düşüb.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı