Bir sıra Şərq ölkələrində mayalı çörəklə yanaşı mayasız çörək də bişirmişlər. Bunun ən geniş yayılmışı və şöhrətlisi yaymadır.
Azərbaycanda yaymanı belə hazırlayırlar: yaxşı üyüdülmüş buğda unundan xəmir yoğurur, oxlovla yuxayayanda yayır, sacın üstünə salıb oxlovla o üzə-bu üzə çevirməklə bişirirlər. Keyfiyyətli undan yoğurulan xəmir çox nazik olur, hətta işığı belə keçirir.
XIX əsr rus müəlliflərindən biri qeyd edir ki, gürcülər iki ölçüdə yayma bişirirdilər. Bunlardan biri balaca ölçülü olub, nimçəni əvəz edirdi. İkincisi isə uzun ölçüdə olurdu. Ondan çörək dəsmalı kimi istifadə edirdilər. Yayma ilə yarımduru xörəyi götürmək mümkündür. Qidam çox vaxt ona «bələyib» götürürdülər. O, qaşıq, çəngəl və süfrə «yaylığı» kimi «rollar» oynayır. Yaymanın belə universallığı Zaqafqaziya və İran xalqları arasında indi də geniş istifadə edilir.
İrəvan xanlığında bir ailənin qonağı olmuş alman səyahətçisi Gekstqauzen süfrə arxasındakı müşahidəsini belə təsvir edir:«Şam yeməyi duzlu ətdən, plovdan, soğandan və göyərtidən ibarət idi. Çörək adlanan çox nazik, yastı, böyük əski kimi yumurlanan buğda yayması bir növ süfrə dəsmalını əvəz edirdi. Onun vasitəsi ilə yeməyi rahat götürmək olurdu. Bunsuz qidanı qabdan gərək barmaqlarınla götürəydin».
Yaymanı Amerika hinduları qarğıdalı unundan bişirmişlər. Hindu həyatının tədqiqatçısı, amerikalı D.Ayvz Kolorado 1858-ci ildə belə yazırdı: «Bizi müşayiət edən ağsaqqal pilləkənlərlə qalxıb alçaq bir otağa daxil oldu. Bu otağın içindən iki və ya üç otağa yol vardı. Ev sahibi bizi xoş bir əhvalla döşəməyə salınmış dəri üstündə oturmağa dəvət etdi. Onun arvadı əlində suyla dolu güvəc, bir də içində qəribə bir şey — «tortillas» olan nimçəylə içəri daxil oldu. Bu, hər şeydən əvvəl, burulmuş nazik göy kağızı xatırladırdı. Sonra bildik ki, bu, undan hazırlanmış və daş tavada bişirilmiş çörəkdir. O, bir qədər parıltılı kağız kimi görünürdü… Bu, hinduların ən sevimli yeməyi idi».
Yaymanı qurudub aylarla saxlamaq olur. Keçmişdə Zaqafqaziya və İrəvan azərbaycanlıları yaymanı o qədər bişirirdilər ki, onun ehtiyatı bir neçə aya çatırdı. Belə ehtiyatın toplanması xüsusən qış ayları üçün əlverişli idi.
Quru yaymanı yeməli hala salmaq üçün üstünə soyuq su çiləyir, sonra dəsmalla örtürdülər. Yayma elə hala düşürdü ki, elə bil indicə bişirilib.
Əlbəttə, mayasız çörəklər təkcə yayma şəklində bişirilmirdi.
İsveçrənin qədim paya tikililərində yaşayan sakinlərinə maya məlum olmamışdır. Qazıntı zamanı tapılmış çörək məsaməsiz, sıx kütlə şəklində olmuşdur.
Qədim yunanların diqqətəlayiq çörəkbişirmə üsullarından biri ondan ibarət idi ki, onlar xəmiri şişə çəkib, kabab kimi kömür üzərində bişirirdilər. Bu da yeni çörək növü idi.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı