Darı,çovdar,yulaf

Darı,çovdar,yulaf

Darını təqribən 5 min il bundan əvvəl Çində və Monqolustanda mədəniləşdiriblər. Çində darı ilə yanaşı, çumiza da (italyan darısı) əkinçiliyə daxil olub.
Türk xalqlarına darı qədimdən məlumdur. Türkdilli xalqların, demək olar ki, hamısında bu bitkinin adı eynidir -«darı» (tarı).
Ehtimala görə Zaqafqaziyaya darı, Hindistandan (İran vasitəsilə) gətirilmişdir.
Yunan tarixçisi Ksenofont eramızdan IV əsr əvvəl İrəvanda darı əkininə rast gəlmişdir. Qədim Urartuda darıdan çörək və içki hazırlayırdılar. İranın özündə isə darı eramızdan əvvəl - birinci minillikdə məlum olmuşdur. Darı qədim tayfalardan keltlərə, qallara, skiflərə və sarmatlara məlum olub.
Romalılar Yuli Sezarın dövründə darı unundan çörək bişirirmişlər. Qədim İtaliyanın Kampaniya əyalətində xeyli sahəyə darı əkdirmişlər. Əhali ondan sıyıq bişirmək üçün istifadə edirmiş, süddə həll edib yeyirmiş.
Qədim Xəzər dövlətində düyü ilə yanaşı darı yeyilirmiş.
Darının «sorqo» adlanan bir növü var ki, Afrika xalqlarının ərzaqları içərisində mühüm yer tutur.
Sorqonun özünün 50-yə yaxın mədəni və yabanı növü məlumdur. Ən məşhurları cuqara, durra və qaolyandır. Sorqonun geniş yayılmasının başlıca səbəbi onun tərkibilə bağlıdır. Beləki onda 60 faizdən çox nişasta, 8-17 faiz zülal və 2-6 faiz yağ vardır.
Darı Qədim Rusiyada erkən orta əsrlərdən məlum olmuşdur. Burada darını qabıqdan çıxarmaqla «pşeno» yarması istehsal edirlərmiş. Pşeno sıyıq bişirmək üçün geniş istifadə olunur. Darı başqa slavyan xalqlarının qidasında da əhəmiyyətli yer tutur.

ÇOVDAR

Çovdarın vətəni Zaqafqaziya və Ön Asiyadır. Bu yerlərdə çovdarın vəhşi əcdadlarına rast gəlinmişdir. Keçmiş Sovetlər İttifaqı Elmlər Akademiyasının akademiki, genetik N.Vavilov sübut etmişdir ki, çovdar əvvəllər alaq otu kimi müxtəlif bitkilərə qarışmış, sonralar seçmə yolu ilə mədəniləşdirilmişdir. Çovdar alaq otu kimi hələ VII əsrdə qədim Azərbaycanın İrəvan torpaqlarında qeyd edilmişdir. Yaxın Şərqdə uzun zaman bu dənli bitkiyə alaq otu kimi baxmışlar. Qeyd edək ki, əhali ona «çoudar» adı vermişdir, mənası da «zibilləyən» deməkdir.
Çovdar şimala yayıldıqca mədəniləşdirilmişdir. Bizim eranın əvvəlində o, artıq Avropada mədəni bitki kimi tanınırdı. Onu birinci əsrdə Danimarkada əkiblər, VII əsrdə isə Rusiyanın şimalına yayılıb. Onun zülalı 9-18 faizə çatır, nişastası isə 50 faizdən çoxdur. Buna görə də çovdar unundan yaxşı xəmir olur və keyfiyyətli çörək bişirilir.

YULAF

Yulafdan mədəni bitki kimi istifadə edilməsinin bir neçə əsrlik tarixi vardır. Onun tərkibində orta hesabla 5 faiz yağ vardır. Ondan hazırlanan sıyıq və firni çox dadlı olur.
Yulafdan əla yarma və un alınır. Litvalılar keçmişdə yulaf unundan kisel bişirir, dənindən isə tolokno hasil edirlər.
Yulaf toloknosunu keçmişdə Rusiyanın Kiyev, Perm, Kostroma bölgələrində, habelə Belorusiyada hazırlayırdılar. Bunun üçün yulafı bir sutka suda islanmağa qoyur, sobada 50-60 dərəcədə pörtür, sonra qurudur, dəyirmanda qabığını çıxarır, una çevirir və ələyərlər. Statistik məlumata görə 1965-ci ildə yulafın dünya üzrə ümumi əkin sahəsi 30,8 milyon hektar olmuşdur.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

Top