Dənli bitkilərdən sonra kartof ən geniş yayılmış ərzaqlardan biri hesab olunur. Bundan başqa, ondan sənayedə müxtəlif məhsullar, habelə xammal da alınır. Məsələn, 1 ton kartofdan orta hesabla 170 kiloqram nişasta, yaxud 80 kiloqram qlükoza və ya 112 litr etil spirti alınır. Ondan mal-qara üçün 1,5 ton yem kütləsi də almaq olur. Kartofdan alınmış etil spirtindən 150-yə yaxın müxtəlif sənaye sahələrində istifadə edilir. Spirt istehsalı zamanı böyük həcmdə karbon qazı alınır ki, onu da soyudub quru buza döndərirlər.
Kartofun faydalı cəhətləri çoxdur. Məsələn, çiy kartof şirəsi mədədə və onikibarmaq bağırsaqda yaraların sağalmasına müsbət təsir göstərir
.
Kartofun vətəni Cənubi Amerikadır. Keçua hinduları ona «papa» deyirlər. And dağlarının ətəklərində yaşayan hindular kartofdan «çunyo» adlı ərzaq hazırlayırlar. Çunyo şaxta altında qalmış, qurudulmuş kartofdur. Hinduların belə bir məsəli də vardır: «qurudulmuş çunyosuz ət məhəbbətsiz həyata bənzəyir».
Hindular çunyonu hazırlamaq üsuluna bizim eradan on bir əsr əvvəl yiyələnmişlər. Professor P.Jukovski çunyo barəsində belə yazır: «İki cür çunyo məlumdur — ağ (tunta) və qara. Kartofu açıq yerə sərərdilər. O, gündüzlər gün işığına, gecələr şaxtanın təsirinə məruz qalardı. Suyu tez getsin deyə, gündüzlər donu açılandan sonra onu ehmalca tapdalayardılar. Çıxan suyu külək tez qurudurdu. Bu zaman kartofun qabığı da çıxırdı. Bundan sonra xam gönün arasında yerləşdirər və sonra onu suyla yuyardılar (ağ çunyo hazırlayanda). Bir neçə həftəliyə su dolu hovuzda saxlayardılar. Nəhayət, çıxarıb gün və ya külək altında qurudardılar. Nəticədə nişasta ilə zəngin ərzaq növü alınardı. O, yaxşı qalırdı və ilin istənilən vaxtında ondan qida kimi istifadə olunurdu. Ağ çunyo (tunta) kartofun öz formasını saxlayırdı və çəkicə yüngül olurdu. Çunyo quraqlıq illərində əhalini aclıqdan xilas edirdi və bütün qış boyu ondan qida kimi istifadə olunurdu. Çunyonun qədimliyini hindu qəbirstanlıqlarında içində çunyo olan qabların tapılması sübut edir.
Kartof avropalılara, daha doğrusu, ispanlara 1536-cı ildə Peruya hərbi ekspedisiya göndərilən zaman məlum olmuşdur. Yer dombalanına oxşadığına görə ispanlar ona «trüfel» adı veriblər.
Ümumiyyətlə isə, Avropanın kartofla tanışlığı bir qədər gec olub. İspanlar kartofu öz vətənlərinə Çilidən 1565-ci ildə gətiriblər. Kartof İspaniyadan sonra başqa Avropa ölkələrinə də yayılıb. İtaliyaya da 1565-ci ildə düşür. Burada ona «tartuffoli» adı verirlər, əsrin axırında isə Almaniyada onun adı «tartofel»ə çevrilir. Təqribən 1585-ci ildə kartof Belçikaya gedib çıxır. Bununla belə Avropada bu bitkiyə XVII əsrin əvvəlində hələ çox az rast gəlinirdi.
İrlandiyada kartofu 1587-ci ildə alqışlayırlar. Yarım əsrdən sonra o, xalqın ən sevimli qida məhsuluna çevrilir. 1730-cu ildə kartof Hollandiyaya aparılır və orada müvəffəqiyyətlə becərilir. Əsrin axırında Fransada da kartof əkir və yer alması adlandırırlar.
Kartof 1616-cı ildə fransız kralı XIII Lüdovikin süfrəsində ən sevilən yeməklərdən birinə çevrilir. Fransada kartofun geniş yayılmasında parisli aqronom və əczaçı Antuan Parmantyenin xüsusi rolu olub. Parmantye 1771-ci ildə yazırdı:
«Yer üzərində, istər quru olsun, istərsə də su, əmələ gələn elə bir bitki yoxdur ki, kartof qədər insanların diqqətini cəlb etmiş olsun».
Fransada əvvəllər kartofa laqeyd münasibət bəsləyiblər. Bu laqeydliyi aradan qaldırmaq üçün A.Parmantye öz bağçasında əkdiyi kartofu ətrafdakı insanların maraq dairəsinə salmaqdan ötrü onu əsgərlərin köməyilə cəlbedici şəkildə qorumağa başlayır. Əsgərlər bağçanı gündüzlər «böyük sayıqlıqla» qoruyur, gecələr isə kazarmalarında yatırdılar. Bu, ətrafda yaşayan kəndlilərin marağına səbəb olmuşdur. Onlar gecələr bağçaya girib kartof çıxarıb öz əkin sahələrində əkirdilər. A.Parmanteyeyə də elə bu lazım idi.Fransada kartofun yayılmasında göstərdiyi xidmətə görə Parmantyeyə heykəl qoyulmuşdur. Qədirbilən parislilər onun qəbri üzərində hər il kartof əkirlər, onun açılan gülləri xeyirxah aqronomun xatirəsini təbii şəkildə yad edir.
Rusiyada kartofun becərilməsi II Yekaterinanın hakimiyyəti dövrünə təsadüf edir. 1765-ci ildə Moskvaya Almaniyadan 58 çəllək kartof göndərilir. Kartofa (o zaman onu «yeralması» adlandırırdılar) becərilmə və istifadə təlimatı əlavə edilir və sonra Rusiyanın bütün əyalətlərinə göndərirlər. Əvvəllər kəndlilər kartofa ehtiyatla yanaşır, onu «şeytan alması» adlandırırlar. Hətta kartofu yeməkdən də boyun qaçırırlar. Zaman keçdikcə bu bitkiyə kortəbii dönüş yarandı və o, xalqın süfrəsinə yol açdı. XVIII əsrin otuzuncu illərindən etibarən kartofun yayılması sürətlə gedir. 1865-ci ildə bitkinin əkin sahəsi 655 min hektara çatır. Onu artıq Peterburqda, Novqorodda və Rusiyanın başqa bölgələrində də əkib becərirlər.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı