Övladınıza paylaşmağı öyrədin

Övladınıza paylaşmağı öyrədin


Övladınıza paylaşmağı bacarmağı öyrətməniz olduqca vacibdir. Paylaşmağı bacarmaq- övladınızın müxtəlif yaş dövrlərində ona gərəkli olacaq. Bəs bu hissi övladınıza necə öyrədə bilərsiniz?

Körpəlikdən övladınızla danışdıqlarınızda bu hissin inkişafına diqqət edin. Yemək hazırlayarkən, övladınıza yemək verərkən və s. Məsələn, yemək verərkən “biri sənin olsun, biri mənim”, paltar alarkən “ birini sənə alaq, birini qardaşına” və s. kimi ifadələr köməyinizə gələcək.

Övladınızla birlikdə alış –verişə gedərkən ona qardaşı və ya bacısı üçün nəsə seçməyinə icazə verin. Məsələn, paltar alarkən “Gəl, birini sənə alaq birini qardaşına. Qardaşın üçün hansını bəyənirsən?”, Oyuncaq seçərkən “Birini özün üçün, birini qardaşın üçün seç” və s. kimi ifadələr faydalıdır.

Övladınızla söhbətinizdə “qardaşının dəftəri”, “mənim kitabım” və s. kimi ifadələri işlədərək bu hissin inkişafına müsbətyönümlü təsir edə bilərsiniz.

Övladınıza bu baxımdan nümunə olun. Özünüz ətrafınızdakı insanlarla nələrisə paylaşaraq ona ən gözəl nümunə ola bilərsiniz.

Əlindəki oyuncağını yoldaşı ilə dəyişdirməsinə kömək edin. Bu fikri izah edin ki, sənin oyuncağınla yoldaşın oynayacaq və sən də onun oyuncağı ilə oynayacaqsan. Bu zaman övladınız əşyasını itirmək hissindən uzaqlaşaraq özünü daha rahat hiss edər.

Bir neçə əşyasından hansını paylaşmaq istədiyinə özünün qərar verməsinə icazə verin.

Övladınız üçün xüsusi olan əşyasını kiminləsə paylaşmaması zamanı bunu etməsi üçün müxtəlif üsullar axtarmanıza ehtiyac yoxdur. Təkidlə bunu etdirməyə çalışsanız övladınız psixoloji narahatlıq keçirə bilər.

Övladınıza paylaşma hissini öyrədərkən onu məcbur etməyin. Əks halda qarşı tərəfə acıqlı ola, aqressiya nümayiş etdirə bilər.

Övladınıza paylaşmağı sevdirin.
Top