Səbət şəklində çörək hazırlamaq üçün ilk öncə xəmir hazırlamaq lazımdır. Qarışdırma qabına un, maya, şəkər və duz əlavə edilir. 1 dəqiqə ərzində qarışdırılır. Sonra su və yumurta da qatılır, qarışdırılır. Yağ əlavə edilir. Təxminən 10 dəqiqə ərzində yumşaq bir xəmir əldə edənəcən yoğrulur.
Yoğrulmuş xəmir 30 dəqiqə ərzində isti bir yerdə saxlanılmalıdır. Daha sonra isə xəmirdən xırda toplar ayırıb o xəmirləri 11x11sm ölçüsündə kvadrat şəklində yaymaq lazımdır. Həmin kvadratı zolaqlar şəklində kəsirik. Yağlı falqa kağızlarından dəstək kimi istifadə edərək səbətimizi hörməyə başlayırıq.
Xəmiri həmin düzəltdiyiniz dəstəyin üzərinə dolayın. Artıq olan yerləri kəsib götürün. Digər xəmirləri isə şaquli vəziyyətdə üfiqi vəziyyətdəki xəmirlərin içərisindən şahmat şəklində keçirin və üzərinə yumurta vurun. 200 dərəcədə 20 dəqiqə bişirin. 15 dəqiqədən sonra yoxlayın. Səbətiniz qızıl qəhvəyi rəng alıbsa, sobadan çıxarın. Soyudulduqdan sonra isə səbət şəkilli çörəyiniz hazırdır.