Ailənin psixoloji iqlimi

Ailənin psixoloji iqlimi

Əgər ailəni insan mənəvi və psixoloji baxımdan rahatlıq, dinclik tapdığı yer kimi qəbil etsək, o (ailə), böyük hərflə yazılmalı olan Evdir. “Ailə” və “ev” sinonim kimi insanların şüuruna həkk olunub. Biz ailə deyəndə evimizi, evimiz deyəndə ailəmizi düşünürük.
Tərkibinə, həyat tərzinə, maraqlarına və bu maraqları ödəmə imkanlarına görə bir-birindən fərqlənən ailənin çox müxtəlif tipləri vardır. Bundan başqa, ailənin hər bir üzvü öz maraq dairəsinə, adət və zövqlərə, estetik və gözəllik haqqında özəl təsəvvürlərə malikdir. Yaşla bağlı dəyişikliklər və fərqlər insanın öz evinə, mənzildə yaşama şəraitinə verdiyi tələblərdə əlavə təshihlər aparmasına səbəb olur.Evdə psixoloji iqlimin hökm sürməsi üçün ailə üzvləri arasında psixoloji uyuşma mövcud olmalıdır. İlk növbədə ailə həyatının başlanğıcında ər-arvad bir-birinə uyğunlaşmalıdırlar. Kişi bir ailədə, qadın başqa ailədə böyüyüb. Onlara ata evində verilən tərbiyə, göstərilən pedaqoji təsirlər müxtəlif ola bilər. Mümkündür ki, birisi həmişə qayğı ilə əhatə olunub, maddi ehtiyacın nə olduğunu bilməyib, necə deyərlər, ona güldən ağır söz deyilməyib, əlini ağdan-qaraya vurmayıb, tələbi dərhal ödənilib, digəri isə, maddi sıxıntı da çəkib, uşaqlıqdan valideynlərinə öz işlərində kömək edib, acı söz də eşidib, danlaq da görüb.
Ailəni ilin fəsillərinə bənzətsək, onun da qışı, baharı, yayı, payızı var. Qış insanı üşütdüyü kimi, ailədə münasibətlər gərgin olsa, bu, ailəni üşüdəcək, ər-arvadın əlini işdən soyudacaq.
A.S.Ekzüperi hələ vaxtilə deyərdi: “Bir-birinə baxmaq yox, bir istiqamətə baxmaq-məhəbbətin mənası belədir!” Burada kişi və qadın həmrəyliyi, eyni məqsəd, eyni amal üçün çalışmaq istəyi öz əksini tapıb ki, psixoloji uyuşma üçün bu vacibdir.
Hegelin belə bir fikri var: “Ailənin yaradılmasının əsasları təbii meyldən deyil, təsadüfi ehtirasdan və müvəqqəti şıltaqlıqdan yüksək duran qadın və kişi arasındakı mənəvi və əxlaqi əlaqədən ibarətdir.” Bu sözlərdə dərin həqiqət var. Ailənin psixoloji iqlimi qeyd olunan cəhətlərlə sıx surətdə bağlıdır. Uşaqlar bir-birinin ardınca dünyaya gəldikcə ailə genişlənir, yeni münasibətlər yaranır. Bu münasibətlərin düzgün tənzim və idarə olunması ailənin mənəvi və psixoloji əsaslarını möhkəmləndirir. Ailədə psixoloji iqlim ailə üzvlərinin birgə fəaliyyətinin, onların şəxsiyyətlərarası münasibətlərinin nəticəsində yaranır. Lakin ər-arvad, ata-ana, övladlar və b. arasında qarşılıqlı münasibət daha çox həsslərə əsaslanır. Buna görə də ailənin həyatında psixoloji iqlim xüsusilə mühüm rol oynayır.
Ailə üzvləri arasında qarşılıqlı anlama, qarşılıqlı hörmət və qayğı, bir-birinə dayaq durmaq, qarşılıqlı yardım, mehribanlıq, səmimiyyət, tələbkarlıq başlıca mənəvi normaya çevrilməlidir. Bunsuz ailədə psixoloji iqlim bərqərar olmaz.
Nuklear (sadə) ailədə ailənin psixoloji iqlimi ər-arvad və uşaqlardan asılı olur. Qarşılıqlı münasibətlər düzgün qurulsa, problem baş qaldırmır.
Mürəkkəb ailə şəraitində əlavə problemlər ortaya çıxır. Ər-arvad və uşaqlardan savayı, ailədə baba-nənə, kişinin qardaşı və bacıları (qayın və baldız) olur. Burada qarşılıqlı münasibətlərin qurulması müəyyən çətinliklərlə müşayiət olunur.
Bədii ədəbiyyatdan və həyat təcrübəsindən görünür ki, qayınata-gəlin münasibətləri gəlin-qayınana münasibətlərinə nisbətən ixtilafsız ötüşür. Qayınata bir çox hallarda hətta gəlinin müdafiəsində dayanır, gəlinlər də qayınatalarını özlərinə arxa, dayaq hesab edir, problem yarananda ondan kömək istəyir.
Qayınatanın belə mövqeyi onun kişi xarakterindən irəli gəlir, təbiət tərəfindən ona verilmiş yüksək səviyyədən gəlinin gözləri qarşısında enmək istəmir, hətta bəzən gəlin-qayınana arasında yaranmış xoşagəlməz münasibətlərlə bağlı öz həyat yoldaşına acıqlanır da. Gəlin-qayınana münasibətləri həmişə söhbət mövzusu olmuşdur. Diqqət yetirək: “Gəlin mənim süpürgəmdir, harda qoysam durmalıdır”, “Yanan anadır, yeyən qayınana”, “Gəlinin dini yox, qayınananın imanı” və s. (Azərbaycan atalar sözlərindən).
Baldızlarla müqayisədə qayın və gəlin münasibətləri də sakit ötüşür. Baldıza gəldikdə isə, ailədə gəlin-qayınana ixtilafları yaranmışsa, baldızlar analarının tərəfində dayanır, qardaşı arvadları ilə dilləşirlər. Baldız-gəlin münasibətləri də ailənin psixoloji iqliminin pisləşməsinə səbəb olur.
Top