Qlaukoma və ya xalq arasında göz təzyiqi kimi bilinən xəstəlik adətən 60 yaşlı insanlarda müşahidə edilir. Şəkərli diabet və ya travma nəticəsində daha tez meydana gələ bilər. Gözə gələn qan axını azaldığı zaman bu problem artıq ciddi səviyyəyə çatır.
Qlaukoma həmçinin genetik xəstəlik sayıldığı üçün bəzən əlamətləri olmadan da müşahidə oluna bilər. Ümumiyyətlə yavaş-yavaş, gizli irəliləyir. Dünyada 57.5 milyon insan göz təzyiqindən əziyyət çəkir.
Araşdırmaçılar kofeinin göz içindəki təzyiqə təsir göstərib-göstərmədiyini araşdırıb. Sonda maraqlı nəticə əldə edilib. Verilən məlumatda bildirilib ki, isti çay içmək qlaukoma riskini azaldır.
İngiltərənin oftalmologiya jurnalında, amerikalı araşdırmaçılar tərəfindən 40 və daha yaşlı 1678 iştirakçı üzərində aparılan göz müayinəsinin nəticələri dərc olunub. İştirakçıların nə qədər kofe, isti çay, spirtsiz içki qəbul etdikləri soruşulub.
Nəticədə iştirakçıların ümumilikdə 84-də qlaukoma xəstəliyi təsbit edilib. Bunlardan çoxunun diabet xəstələri və siqaret aludəçisi olduğu anlaşılıb. Həmçinin həftədə 6 stəkandan çox isti çay içən insanların isə göz təzyiqinə tutulmaq riskinin az olduğu məlum olub.
Soyuq çayın isə xəstəliklə hansısa əlaqəsinin olduğu aşkarlanmayıb.