Erkən yaşlarda çəpgözlükdən əziyyət çəkmiş valideynlərin övladlarında, qohum nigahlarda doğulan körpələrdə çəpgözlük riski daha yüksəkdir.
Valideyn cox zaman yanlış olaraq düşünür ki, çəpgözlük sadəcə kosmetik defektdir.
Dünyada 10 milyondan çox insan çəpgözlükdən əziyyət çəkir. Çəpgözlük, xüsusilə uşaqlarda geniş yayılaraq uşaq göz xəstəliklərinin 10%-ni təşkil edir. Çəpgözlük –gözlərin paralelliyinin pozulduğu və fərqli yönlərə baxdığı göz qüsurudur.
Norma halında biz bir obyektə baxarkən iki gözümüz bir nöqtəyə fokuslaşır, gözlərimizi müxtəlif istiqamətlərdə hərəkət etdirərkən isə göz almaları paralel dönür. Bütün bunlar gözü hərəkətə gətirən 6 cüt əzələlərin koordinator işi sayəsində baş verir. Bu tarazlıq pozularsa, paralellik də pozulur, bir göz düz baxdığı halda digəri icəri, bayıra, yuxarı və ya aşağı baxır.
Bəs, çəpgözlüyun əmələ gəlmə səbəbləri hansılardır?
— Miopiya(yaxındangörmə), hipermetropiya(uzaqdangörmə), astiqmatizm kimi görmə qüsurları ən cox rast gələn səbəblərdəndir.
– İrsi faktor. Şübhəsiz ki, erkən yaşlarda cəpgözlükdən əziyyət çəkmiş valideynlərin övladlarında, qohum nigahlarda doğulan körpələrdə cəpgözlük riski daha yüksəkdir.
– Çətin keçirilmiş hamiləlik, doğuş travmaları.
— Körpə yaşlarda keçirilmiş infeksion xəstəliklər.
— Kəllə-beyin travmaları.
— Mərkəzi sinir sistemi xəstəlikləri (Uşaq Serebral İflici, hidrosefaliya, Daun xəstəliyi və s.).
— Psixi travma (qorxu hissi, güclü stress).
Çəpgözlüyün bir sıra formaları ayırd edilir:
Müştərək və paralitik. Müştərək çəpgözlük daha geniş yayılıb, ən cox 2-6 yaşlar arasında aşkara çıxır. Belə uşaqlarda gözlərin paralelliyi pozulsa da, bütün istiqamətlərdə hərəkəti sərbəstdir. Paralitik çəpgözlükdə isə göz əzələlərindən hər hansı birininin iflici nəticəsində gözün həmin istiqamətdə hərəkəti azalır və ya tam itir.
Daimi və intermittan, yəni arabir üzə çıxan forma. Bu vaxt çəpgözlük qısa müddətdə (daha çox uşağın hərarəti yüksələrkən və ya çox yorğun olarkən) özünü göstərir, digər vaxtlarda isə gözlər normal olur.
Monokulyar-çəpgözlük həmişə bir gözdədirsə; alternəedici –hər iki göz növbəli çəpləşir, uşaq gah bir, gah da o biri gözü ilə baxır.
Akkomodasion-uşaq eynək taxarkən çəpgözlük aradan qalxır; qeyri-akkomadasion eynək korreksiyası çəpgözlüyə təsir etmir.
Valideyn çox zaman yanlış olaraq düşünür ki, çəpgözlük sadəcə kosmetik defektdir. Övladının zahiri görünüşündəki qüsur onu ilk novbədə düşündürür. Xüsusi vurğulamaq istərdim ki, çəpgözlüyü olan uşağın bir sıra görmə funksiyaları pozulur. Bu necə baş verir?
Normalda iki gözün bir nöqtəyə baxmaq qabiliyyəti sayəsində beyin iki görüntünü birləşdirərək 3 fəzalı obraz yaradır. Çəpgöz uşaqlarda isə bir göz obyektə, digəri fərqli tərəfə baxdığı üçün beyinə iki fərqli görüntü göndərilir. Bu halda beyin yanlış tərəfə baxan gözdən gələn görüntünü yoxa sayacaq. Sanki beyin bir gözu (“tənbəl göz”) görmə prosesindən xaric edir. Nəticədə:
1)iki gözün birgə görmə qabiliyyəti-binokulyar görmə itir;
2)uşağın əşyaları dərindən görmə duyğusu, 3D görmə pozulur;
3)əksər hallarda çəpləşən gözdə ambliopiya, başqa sözlə “göz tənbəlliyi” yaranır. Belə göz quruluş baxımından normal olsa da, zəif görür və uzunmüddətli, davamlı müalicə tələb edir.
Hörmətli valideynlər, əgər uşağınızda çəpgözlükdən şübhələnirsinizsə, vaxt itirmədən oftalmoloqa muraciət edin. Çəpgözlüyün müalicəsi nə qədər erkən başlanarsa, müalicə də bir o qədər faydalı olar. Hazırda çəpgözlük bir sıra metodlarla effektiv müalicə olunur:
İlk növbədə uşaqda refraksiya qüsuru varsa, yəni “müsbət” ya “mənfi” zəiflik, astiqmatizm varsa, ona eynək və ya kontakt linzalar təyin olunur. Ambliopiya aşkarlanarsa, yaxşı görən göz həkimin təyin etdiyi rejimlə bağlanır və “tənbəl gözü” inkişaf etdirmək üçün xüsusi məşğələlər aparılır. Həmçinin “tənbəl gözü" xüsusi aparatlarla stimulyasiya edərək görmə itiliyini yüksəltmək və ambliopiyani aradan qaldırmaq mümkündür. Çəpgözlüyü ləğv etmək üçün bir sıra hallarda cərrahi əməliyyata da ehtiyac olur. Unutmayaq ki, cərrahi əməliyyat göz əzələlərində aparılır və gözlərin paralelliyinə nail olmaq üçündur. Görmə itiliyinə təsir etmir. Ona görə də ehtiyac olan təqdirdə əməliyyatdan sonra da eynək taxmaq, xüsusi məşğələlər etmək lazım gəlir. Çəpgözlüyün müalicəsi bəzən illərlə davam edə biər. Bu zaman həm uşaq, həm də valideyndən böyük səbr, dözümlülük və diqqət tələb olunur.
Oftalmoloq, Əsmər Çümşüdova