Yaxınıgörmə patologiyası olan insanlar yaxın məsafədə olan əşyaları yaxşı gördükləri halda, uzaq məsafədə olan əşyaları pis görürlər.
İnsanlar arasında bu xəstəliyə çox rast gəlinir. Statistik məlumatlara əsasən yer üzərində yaşayan hər üç nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir.
Uşaqlarda yaxınıgörmə anadangəlmə və qazanılma (orqanizmin inkişafı dövründə meydana çıxır) ola bilər. Anadangəlmə yaxınıgörməyə uşağın 1-3 yaşlarında diaqnoz qoymaq mümkün olur. İlkin olaraq onun dərəcəsi yüksək olsa da, get-gedə agırlaşma ehtimalı az-az hallarda baş verir.
Adi qazanılmış yaxınıgörmə (onu bəzən “məktəb” xəstəliyi də adlandırırlar) 7-15 yaşlarında inkişaf etməyə başlayır. “Məktəb” yaxınıgörməsi də az-az hallarda get-gedə agırlaşma verə bilir. Məktəb miopiyası zamanı gözün anatomik quruluşunda ya heç bir pozğunluq olmur, ya da cüzi dərəcədə olur.
Bəzi hallarda müxtəlif səbəblər üzündən (irsi meyllilik, görmənin gigiyenasının pozulması, pis qidalanma, uşağı zəiflətmiş olan digər tez-tez xəstələnmə halları) uşaqlarda get-gedə yaxınıgörmə dərəcəsi artan miopiya xəstəliyi inkişaf edir. Miopiya zamanı göz dibində distrofik proseslər də baş verə bilər. Bu halda xüsusi müalicə üsullarından (hətta cərrahi müdaxilə) istifadə edilə bilər.
Yaxınıgörmənin üç dərəcəsi ayrıd edilir:
— zəif - -3 dioptriyadan az;
— orta - -3-6 dioptriya arası;
— yüksək - -6 dioptriyadan artıq olan.
Aparılan xüsusi müalicə tədbirləri nəticəsində (xüsusi gimnastika, gözlərin məşq edilməsi üçün istifadə edilən xüsusi trenajorlar və s.) zəif dərəcəli yaxınıgörməsi olan uşaqları tam şəkildə müalicə etmək olar. Orta və yüksək dərəcəli yaxınıgörməsi olan uşaqlarda düzgün müalicənin aparılması nəticəsində isə onların görmə qabiliyyətinin xeyli dərəcədə yaxşılaşmasına nail olmaq olar.
Miopiyası olan uşaqların hamısına həkimlər eynək taxmağı məsləhət görürlər. Eynək mütləq, yalnız həkim tərəfindən yazılan resept üzrə xüsusi ixtisaslaşmış optika mağazalarında uşağın gözünə uyğun şəkildə hazırlanmalıdır. Küçələrdən və digər ixtisaslaşmamış satış yerlərindən alınmış eynəklər uşağın yaxınıgörmə qabiliyyətini nəinki yaxşılaşdıra bilər, hətta bir çox hallarda xəstəliyin ağırlaşmasına və çəpgözlüyün inkişaf etməsinə də səbəb ola bilər! Eynəklərin tez xarab olmaması məqsədi ilə uşağa eynəyi xüsusi qutuda saxlamağı, linzalı hissəsini stolun üstünə qoymamağı, müəyyən müddətdən bir eynəyi sabun və ilıq su ilə yumağı və xüsusi materialla silməsini də öyrətmək lazımdır.
Halhazırda miopiya zamanı görmənin korreksiyası (düzləndirilməsi) üçün bir çox hallarda kontakt linzalardan da istifadə edilir. Linzalar eynəklərə nisbətən daha çox qulluq tələb edir. Düzgün saxlanılmadığı və linzaların təmizlənməsi qaydalarına düzgün əməl edilmədiyi hallarda onlar gözlərin infeksiyalaşmış iltihabına da səbəb ola bilərlər. Bu barədə uşağı xəbərdar etməli, ona linzalara düzgün qulluq etmək qaydalarını (onları xüsusi qutuda və xüsusi məhlulda saxlamağı, linzaları salmazdan və çıxarmazdan əvvəl əllərini mütləq sabunla yumağı və s.) öyrətmək lazımdır.
Eynəklər kimi, kontakt linzaları da yalnız xüsusi ixtisaslaşmış optika mağazalarından uşağın gözünə uyğun şəkildə, həkim oftalmoloq tərəfindən diqqətlə və dəqiqliklə seçməklə almaq məsləhət görülür. Heç bir halda kontakt linzaları kosmetik salonlardan və onlara bənzər digər ixtisaslaşmamış yerlərdən almayın! Bu halda siz uşağınızın gözlərinin sağlamlığını böyük bir təhlükə altına qoymuş olarsınız!
Mənbə: saglamolun.az