İllərdən bəri o körpə qığıltısına həsrət qalan, həkimlərə ətək-ətək pul tökən, şəhər-şəhər, ölkə-ölkə gəzən ailələr var. Ona görə də Allahın əmanəti ilə layiqincə davranmaq lazımdır. Əgər övlada əmlakınız kimi baxsanız, onunla istədiyiniz kimi davransanız, istədiyiniz heç vaxt alınmayacaq, zərərə uğrayacaqsınız.
Uşaqlardan hansı münasibəti görmək istəyirsinizsə, onunla elə davranmalısınız. Əgər uşaqların sizin otağınızın qapısını döyməsini istəyirsinizsə, gərək siz də onların otağının qapısını döyəsiniz. Məsələ icazə alıb-almaqdan getmir, onsuz da valideyn gecələr ən azı üç-dörd dəfə onların otağına keçir, açılmış üstlərini örtür, üzlərindən öpür. Bunları bir tərəfə qoyaq sadəcə olaraq siz səhər-səhər onların oyaq olduğunu bildiyiniz halda, qapını döyərək icazə istəyirsiniz ki, uşaq da eyni münasibəti sizə göstərsin. Daha burada sözə ehtiyac qalmır, tərbiyə davranış vasitəsilə alınmış olur.
Uşaq valideynin yalan danışdığına şahid olursa, o valideynin heç bir sözünün təsiri olmayacaq. Bu mövzuda xüsusilə həssas olmaq lazımdır. Sevdiklərimizlə, yaxınlarımızla daha həssas, daha ciddi davranmalıyıq ki, münasibətlər uzunömürlü olsun, səmimiyyətini, sevgisini itirməsin.