Ananin vəzifəsi

Ananin vəzifəsi

Qadın ALLAHIN başlanğıcdan onun üçün təyin etdiyi mövqeni tutmalıdır — o, əri ilə bərabər səviyyədədir. Yalnız sözdə deyil, həyatda da bu cür olan analara dünyanın böyük ehtiyacı var. Əminliklə deyə bilərik ki, qadının vəzifələri ərin vəzifələrindən daha müqəddəsdir. Qoy qadın öz işinin müqəddəsliyini dərk etsin və uşaqlarını elə tərbiyə etsin ki, bu dünyada fayda versinlər və daha gözəl həyatdakı ailənin üzvləri olsunlar.

       Uşaqlara öyrətmək lazımdır ki, öz analarına qulluq etməyə məhkum olunmuş qul kimi deyil, kraliça kimi münasibət bəsləsinlər. O, öz ana ləyaqətini qoruyaraq, evini müdrikliklə idarə etməlidir. Onun ailədəki təsiri birinci yerdə durmalıdır; ananın sözü — qanundur. 

       Qadın çox vaxt öz əməyini lazımınca qiymətləndirmir və onu ağır və darıxdırıcı ev işi hesab edir. O, hər gün, hər həftə eyni işləri görməkdə davam edir və heç bir xüsusi nəticə görmür. Günün sonunda o, edə bildiyi çoxsaylı kiçik işləri yada sala bilmir. Ərinin nailiyyətərini görərək düşünür ki, yada salmağa layiq heç nə etməmişdir.

       Kişi isə evə gələrkən, özündən razı və məğrur halda gün ərzində gördüyü işlərini sadalayır. O, qadının ona qulluq etməli olduğuna işarə vurur, axı qadın uşaqlara nəzarət etməkdən, xörək bişirməkdən və evi yığışdırmaqdan başqa bir işlə məşğul olmayıb, deməli, bir o qədər yorulmayıb. Ər ali hökmdar kimi tənqid edir, mühakimə edir, əmr edir. Bütün bunlar qadını və ananı daha da əldən salır, çünki o, gün ərzində öz vəzifələrini yerinə yetirərək çox yorulmuşdur, lakin heç bir nəticə görünmür. Bu da onun ruhdan düşməsinə səbəb olur. 

       Əgər insanlar ALLAHIN onların gün ərzində gördükləri işlərini nə qədər qiymətləndirdiyini, Onun tükənməz diqqətinin bu və ya digər adamın etdiklərini necə müqayisə etdiyini görə bilsəydilər, səmanın bu həqiqətindən heyrətə gələrdilər. O zaman ata öz əməyini bir qədər təvazökarlıqla qiymətləndirməyi öyrənərdi, ana isə öz işini müdrikliklə, səylə və təmkinlə yerinə yetirmək üçün cəsarət və güc toplaya bilərdi. 

       Ata ötəri, gəldi-gedər şeylərin qayğısına qalmaqla məşğul olduğu bir vaxtda, ana isə uşaqların ağıl və xarakterinin nəinki bu həyat üçün, həm də əbədiyyət üçün kamilləşməsindən ötrü çalışır. 


         ALLAHIN tapşırığı. Qadının bütün həyati işləri içərisində ən müqəddəsi uşaqlarına münasibətdə daşıdığı borcudur. Lakin tez-tez eqoist arzuların həyata keçirilməsi xatirinə bu borca göz yumulur. Uşaqların yer həyatı və əbədiyyət üçün maraqları valideynlərə etibar olunmuşdur.

       Dəb və ənənələr hətta pis olsa belə gənclər üzərində böyük hökmranlığa malikdir. Əgər ana uşaqlara nəsihət vermək, onlara rəhbərlik etmək və pis yoldan çəkindirmək borcunu unudursa, uşaqlar təbii ki şəri qəbul edir və xeyirdən öz döndərirlər. öz dualarınızla ALLAHA bu sözlə müraciət edin: «Uşaqlarımızı necə tərbiyə etməyi və onlarla necə davranmağı bizə öyrət». Allahın öz Kəlamı vasitəsilə sizə verdiyi məsləhətlərə əməl edin və ehtiyacında olduğunuz müdrikliyi əldə edəcəksiniz. 

       Göylərdə olan müqəddəs ALLAH var, Onun nuru və izzəti öz övladlarına şərə qarşı durmağı öyrədən sadiq anaların üzərinə yağır. Heç bir başqa iş ananın işi qədər böyük əhəmiyyət kəsb edə bilməz. 

       Ana, rəssam kimi kətan üzərində gözəl rəsm əsəri çəkməyə, yaxud heykəltaraş kimi mərmərdən heyrətamiz bir heykəl yaratmağa çağırılmamışdır. O, yazıçı kimi öz dərin düşüncələrini sözün gücü ilə ifadə etməyə, yaxud musiqiçi kimi gözəl hissləri melodiyalarda açıqlamaq üçün çağırılmamışdır. Ona tapşırılmış iş — ALLAHIN köməyilə Onun surətini insan qəlbində yaratmaqdır. 

       Bu tapşırığa əməl etməyə çalışan qadın onun üçün yaradılmış imkanları hədsiz dərəcədə qiymətli hesab edəcək. O, tərbiyənin ən yaxşı metodlarından istifadə edərək, öz şəxsi xarakterində uşaqları üçün ən yüksək idealı yaratmağa çalışacaq. öz qabiliyyətlərini kamilləşdirmək üçün səbir və cəsarətlə səy göstərəcək ki, ağlının yüksək imkanlarından övladlarının tərbiyəsi üçün düzgün istifadə etsin. 

       Qoy hər bir ana başa düşsün ki, onun həyatının hər bir anı hədsiz qiymətə malikdir və hər kəsin öz əməllərinə görə cavab verəcəyi həmin təntənəli gündə onun işləri böyük imtahana məruz qalacaq. O zaman aydın olacaq ki, insanların bir çox uğursuzluqlarının və cinayətlərinin səbəbi uşaqlarını doğru yola yönəltməyə borclu olanların cəhaləti və etinasızlığıdır. O zaman aydın olacaq ki, ruh, həqiqət və müqəddəsliklərilə, prinsipləri, təsirləri və uğurları ilə dünyaya xeyir-dua gətirənlərin çoxu hər şeyə görə dua edən məsihçi-analarına borcludurlar.

       Qadın və ana başını daim ağır ev işlərilə qatmaq əvəzinə, kitab oxumağa, lazımi informasiyanı əldə etməyə, əriylə ünsiyyətə və uşaqlarının əqli qabiliyyətlərinin inkişaf etdirilməsinə vaxt ayırmalıdır. Əlinizdə olan imkanlardan istifadə edin ki, sizin üçün qiymətli olan insanlara təsir edərək, onların həyat səviyyəsini daha da yüksəldəsiniz. ALLAHI özünüz üçün dəyişməz Yoldaşa və yaxın Dosta çevirmək üçün vaxt ayırın. ALLAHIN kəlamlarını öyrənmək üçün vaxt ayırın və Onun əl işlərinin gözəlliyinə baxaraq, Ondan öyrənmək üçün uşaqlarınızla təbiətin qoynuna çıxın. 

       Xeyirxah və şən olun. Bütün vaxtınızı tükənməz ev işlərinə sərf etmək əvəzinə, həmin axşamı bütün ailənizin ağır iş günündən sonra bir-birilə görüşə biləcəyi dostcasına ünsiyyət saatlarına çevirin. O zaman bir çox ərlər üstünlüyü dostlarına deyil, öz evlərinə verərdilər. Bir çox oğlan uşaqları küçələrdən və qapıların ağzından əl çəkərdilər. Bir çox qız uşaqları isə düşüncəsiz tanışlıqlardan xilas olmuş olardılar. Ailənin təsiri həm valideynlər üçün, həm də övladlar üçün ALLAHIN fikirləşdiyi kimi, bütün həyatın xeyir-duasına çevrilərdi.
Top