Cəmiyyət və ailə

Cəmiyyət və ailə

Ailə fitri bir qurumdur. İnsan övladının onsuz yaşaması mümkün deyil. Bəziləri ailə hə­ya­tının sadəcə qarşılıqlı mənfəətlər üzərində qurul­ma­­sı lazım olduğuna inanırlarsa, İslam ailənin ruhi və əməli yekdillik üzərində qurulan sosial bir qurum olduğunu açıqlamışdır. Həmişə ailəyə böyük qiymət vermiş və ona təşviq etmişdir. Hətta zərər olduğu bəzi hallarda evlən­mə­yi vacib qəbul etmişdir. “Onunla ürəkdincliyi tapa­sı­nız – deyə sizin üçün özünüzdən (yəni sizinlə eyni növdən – X.Q.) zövcə­lər xəlq etməsi, aranızda məhəbbət və rəhmət yaratması, Onun əlamətlə­rin­­dəndir. …”
Cəmiyyət və ailə
İslam evliliyə hissi olaraq təşviq etmişdir. Onu Allahın varlığını gös­tərən əlamətlərdən və rəhmətinin dəlillərindən saymışdır. Ailənin yaran­ma­sına mane olan çətinlikləri aradan qaldırmışdır. Ailənin səhih islami bir şəkildə yaranması üçün naməhrəm qadınlara baxmağı, naməhrəm qadınla təkbaşına gizli yerdə qalmağı və zinanı haram etmişdir. Gəncliyin fitri ehtiyacları aradan qaldırmaq üçün evlən­məkdən başqa bir yol olmadığını və mütləq evlənmək lazım olduğunu anlaması üçün İslam bütün bunları halal saymışdır.
Qız uşağının oxuması, tərbiyə edilməsi və gözəl əxlaqla yetişdirilməsi, aramızda mübahisə və ixtilaf mövzusu qəbul etmədiyimiz bir məsələdir. “Qadın həyatda vəzifə almalıdırmı? Kişilərin gördükləri işlərə ortaq olub işləməsi ümmət üçün yararlıdırmı?” məsələsində, bunu bildirmək istəyirik ki, həyat bir növ işdən yox, müxtəlif işlərdən ibarətdir. Bunları iki təməl üzərində toplaya bilərik:
  1. Birincisi, güzəranı və dolanışığı təmin etmə yollarıdır. Fabrik, ticarətxana, əkin yeri və buna bənzər işlər.
  2. İkincisi, evin idarə olunması, ailəvi ehtiyacların təmini, hamiləlik, doğmaq və uşaq əmizdirmək, övladın tərbiyə edilməsi və yetişdirilməsi.
Kişi təkbaşına hər iki vəzifəni də icra edə bilməz. Qadın da eyni şəkildə iki işi təkbaşına icra edə bilməz. O halda işlərin bölünməsi və müəyyən şəxslərə tapşırılması lazımdır.
Bu baxımdan kişi düşüncə, cəhd və fiziki qüvvə cəhətdən güclü yaradılmışdır. Qadın da şüur və vücud olaraq yumşaq, başdan ayağa duyğu və hiss olaraq yaradılıb. Bu nəzəriyyələrdən və kəlami mübahisələrdən uzaq durub, kainat qanunlarına və normalarına bağlı qalmaq lazımdır. Qadını evində möhtərəm, ocağının başında əmniyyətli, övladları və həyat yoldaşı ilə xoşbəxt olaraq buraxın. Buraxın ki, ona aid olan vəzifəni yerinə yetirsin. Vəsvəsə, xəyal, vəhm və zənlərlə onun hüzurunu və ocağını dağıtmayın.
İslam qadını ən üstün, ən gözəl və ən mükəmməl məqama çatdıran ilk və son şəriətdir. Onu əxlaqında, insanlığında, şüur və haqlarında eynən kişi kimi və onunla bərabər tam bir insan qəbul etmişdir. “… İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir–birinizdənsiniz. …” (“Ali-İmran”, 195).
Qadının alınıb-satılan əşya olduğu bir zamanda İslam gəldi və qadına ən üstün dəyəri verdi, şərəfini və haqqını qorudu. Ona alış-veriş etmə, kirayə götürmə, kirayə vermə, tam hüquqlu mülk sahibinin təsərrüf etdiyi kimi malından istifadə etmə və sədəqə vermə haqqını verdi.
Yaşadığımız dövrdə belə bir çox qadınlar hələ də bu haqlardan məhrumdur. Qadına alış-veriş etmə haqqını verməyən qərb qanunlarının işlədiyi bu zamanda belə qadın bu hüquqlardan məhrumdur. Ona görə də əminliklə deyə bilərik ki, İslam qədər qadına insafla baxan və layiq olduğu dəyəri verən başqa heç bir din və qanun yoxdur. İslamın qadının dəyərini alçaltdığını iddia edənlər, ya heç bir şey bilməyən cahillər, yaxud da İslama qəsdən düşmənçilik edən şəxslərdir. Uca Allah “… Qadınların kişilər üzərindəki şəri hüquqları, kişilərin qadınlar üzərindəki hüquqları kimidir. …” (“Bəqərə”, 228) buyurduğu halda, İslam dini üçün belə bir şey necə iddia edilə bilər?! Həzrət Peyğəmbərin qadın haqqındakı tövsiyələri İslamın verdiyi dəyəri göstərmək üçün kifayətdir:
  • “Qadınlar haqqında bir–birinizə xeyri tövsiyə edin!”
  • “Sizin ən xeyirliniz ailəsinə qarşı ən xeyirli olanınızdır. Sizin ailəsinə qarşı ən xeyirli olanınız da mənəm!”
  • “Cənnət anaların ayaqları altındadır”.
 
İslam qadının təbiətinə və yaradılışına baxaraq şahidliyini kişinin şahidliyinin yarısı saymışdır. Çünki qadın, ümumiyyətlə, ağlından çox, hissləri ilə yaşayır. Hisslər də təsirə məruz qalır. Ümumiyyətlə, qadın ağlından çox, hissiyyatlı olması ilə fərqlənir. Buna görə də unutqanlığı kişiyə nisbətən daha çoxdur. Bu səbəbdən İslam şahidlik mövzusunda onu kişiyə bərabər saymamış və belə buyurmuşdur: “… Əgər qadınlardan biri unudarsa, o birisi onun yadına salsın. …” (“Bəqərə”, 282).
İslam, qadını insan olaraq qəbul etmiş, lakin qadınla kişi arasındakı fərqi gözdən qaçırmamışdır. Qadına meyil etmə, yaxud kişinin ona meyil hiss etməsini də təbii olaraq dəyərləndirmişdir. Çünki həyatda nəslin davam etməsi və kainatın abad edilməsi buna bağlıdır. Qarşılıqlı meyil də nəslin əsasıdır və həyat onsuz davam edə bilməz. Əslində cinsi meyil, öz-özünə əks edilməkdən çox, başqa məqsədlər üçün bir vəsilədir.
Uca Allah saleh və təmiz nikahı qanun olaraq qoymuş, hədd və ölçülərini təyin etmişdir. Qadının örtünməsini və zinət yerlərini göstərməməsini əmr etmişdir. Övrət yerini və vücud xətlərini göstərəcək şəkildə geyinməsi icazəli olmadığı kimi, əl, üz və ayaqlar istisna olmaqla, bədəni açıq başqalarına görünməsi və küçələrdə gəzib-dolaşması haramdır. Ümmət bu mövzuda icma etmişdir. Üz və əllərin açılmasında bir fitnə yoxdursa, heç bir maneəsi yoxdur.
İslam şəriətdə qanuni olmayan bir şəkildə qadının geyinməsini haram saydığı kimi, bəzənmədə də ifratçılığı yasaq etmişdir. Vücud xətlərini göstərəcək incə və ya şəffaf paltar geyinən, Allahın verdiyi normal fiziki quruluşunu dəyişdirən qadın lənətlənmişdir. Həzrət Peyğəmbər belə buyurur: “Gözəlləşmək üçün döymə vuran və vurdurana, üzünün tüklərini alan və aldırana, dişlərini seyrəldib incələşdirənə, beləcə Allahın yaradılışını dəyişdirənlərə Allah lənət etsin” (“Müslim”, “Libas”, 119, 120; “Buxari”, “Libas”, 82; İbn Macə, Nikah, 52). Yenə belə buyuraraq, qadının yad kişi ilə gizli bir yerdə təkbaşına qalmasını yasaq etmişdir: “Naməhrəm qadın və kişi gizli yerdə nə vaxt təkbaşına bir yerdə olarsa, üçüncü şəxs mütləq Şeytan olar”.
İslam bu mövzuya müəyyən bir şəkildə yaxınlaşaraq, qəti ölçülər gətirmişdir: Zinətin naməhrəmlərə göstərilməsini, zinətdə israfı yasaq etdiyi kimi, xəlvəti (yəni bir-birinə naməhrəm olan kişi-qadının gizli bir yerdə olması) və ixtilatı (qadınla kişi arasında sərbəst münasibət – X.Q) da yasaq etmişdir. Lakin qadın təsəttür (örtünmə) və ciddiyyət içində şəri-qanuni haqlarını yerinə yetirəcəksə, bu haqqa sahib olduğu ittifaqla qəbul edilmişdir.
Lakin qadının kokteyl və əyləncə məclisində iştirak etməsi, kino və teatr salonlarında şərən caiz olmayan formada görsənməsi, çimərlik və bu kimi yerlərdə lüt soyunub gəzməsi İslamın heç bir zaman icazə vermədiyi və tanımadığı əlamətlərdir.
Qadının vəzifəsi sədaqətli həyat yoldaşı və qayğıkeş bir ana olmaqdır. Evinin işlərini idarə edən, həyat yoldaşının və övladlarının vəziyyətini nizama salan və onların istəklərini həyata keçirən bir insan olmasıdır. Söhbət işləməkdən gedirsə, qadının övladlarını böyüdüb ərsəyə çatdırması, onları İslamın və müsəlmanların bir nişanəsi olaraq tərbiyələndirməsi, millətə və insanlığa yararlı olaraq yetişdirməsi, zehinlərinə fəzilət və əxlaq nümunələrini nəqş etməsi hər halda dəzgah arxasında, yaxud fabrikdə görəcəyi işlərdən daha az önəmli və daha az yararlı deyildir. İnsanlığın anası olmaq, onun üçün bir sənətin ustası, yaxud bir mədən işçisi olmaqdan son dərəcə böyük və xeyirlidir. Qadın üçün insanlığın tərbiyə olunması və yetişməsində ananın oynadığı rolun böyüklüyünü görməyənlər, sadəcə olaraq maddi hasilatı və mədəni düşünənlər, ağıl, vicdan, irfan və insanlıq duyğuları ilə deyil, heyvani hisslərlə oturub-duran varlıqlardır. Anasının, həyat yoldaşının, yaxud bacısının öz evində möhtərəm və iffətli olmasını deyil, bütün günü didişən və yad kişilərin hər cür davranışına məruz qalan bir işçi olmasını müdafiə edənlər, rəhmət, iffət və şəfqət duyğuları sönmüş, bütün düşüncəsi maddi mənfəət olan duyğusuz məxluqlardır.
Ey insanlar! Qadının pis şərtlərdən xilas edilib uca məqama çatdırılması və ümmətə yararlı ola­caq şəkildə inkişaf etdirilməsi mövzusunda sizinlə həmrəyik. Lakin sizin də əxlaqın gözəlləşdirilmə­si və nəfslərin islah edilməsi qədər önəmli və yararlı bir şey olmadığı barədə bizimlə həmfikir olmağınız lazımdır. Qadının vəziyyətinin yaxşılaşdırılması və inkişaf etdirilməsinin əxlaqsızlıq, çılpaqlıq, dəyərsizlik və nizamsızlıq kimi düşünməməyi hamımızın qəbul etməsi vacibdir. Bunun mənası olsa-olsa düzgün bir tərbiyə, gözəl bir əxlaq, fəzilət, faydalı elm və ən şərəfli varlıq olaraq insanın mükəmməlliyidir. Bu məsələlərdə bizimlə ittifaq etsəniz, biz də qadının inkişaf etdirilməsi və uca məqama qaldırılması mövzusunda sizinlə həmfikir olarıq:
 
1. İslam həyat yoldaşı seçiminin düzgün icra edilməsini istəmiş, din və gözəl əxlaq sahibi olan şəxsə üstünlük verilməsini tövsiyə etmişdir. “Dindar olanı seç, əks halda peşman olarsan”. “Övladlarınızın anasını gözəl seçin, çünki şəhvət aldadıcıdır”.
Bunun yanında gözəllik, mal, məqam, mövqe və mədəniyyət də olarsa, nə gözəl! Din və dünyanın bir yerdə olması nə qədər də gözəldir. Lakin sadəcə gözəlliyinə görə seçim etmək təhlükəli bir şeydir. Çünki qadının gözəlliyi onu fəlakətə sürükləyə bilər. Sadəcə malına görə də seçim etmək təhlükəlidir. Çünki malı onu azdıra bilər. Ona görə də din və əxlaq sahibi olan şəxsə üstünlük verilməsi tövsiyə edilmişdir.
2. Bu seçim qadının üzünə, əllərinə və bəzi hallarda topuqlarına baxılaraq edilməlidir. Peyğəmbərin təyin etdiyi şəri ölçü və hədd budur. Cabir (r.ə.) Həzrət Peyğəmbərə bir qadınla nişanlandığını dedi. Həzrət Peyğəmbər: “Ona baxdınmı?” – buyurdu. Cabir: “Xeyr!”, – dedi. Həzrət Peyğəmbər: “Ona bax, ailə həyatınızın davam etməsi üçün bu daha yaxşı olar”, – deyə məsləhət verdi.
Lakin bəzilərinin etdiyi kimi ixtilat (qadınla kişi arasında sərbəst münasibət – X.Q) və yasaq edilmiş xəlvət, İslamın uyğun görmədiyi pis tətbiqlərdir.
Bəzi mühafizəkarların etdiyi kimi, nişanlanmaq istəyən şəxslərin bir-birini görməsinə icazə verilməməsinin də İslamla bir əlaqəsi yoxdur. Ən xeyirli və gözəl yol İslamın gətirdiyi və göstərdiyi yoldur.
3. Tərcih (üstünlük vermə) sərbəstliyi mövcuddur. Qadın və kişi hər biri qəbul, yaxud rədd etmə haqqına sahibdir və bu mövzuda heç bir məcburiyyət ola bilməz. Bu mövzuda onların yerinə qərar verilməsi haqqında belə, danışıla bilməz. Həzrət Aişə, Bərirəni azad etdi. Bərirə Muğisə nikahlanmışdı. Bu azad etmə ilə nikah pozuldu. Muğis təkrarən onunla evlənmək istədi. Lakin Bərirə qəbul etmədi. Muğis Həzrət Peyğəmbərin yanına getdi, vəziyyəti başa salıb, vasitəçi olmasını istədi. Həzrət Peyğəmbər məqamının üstünlüyünə və müsəlmanlar arasındakı ehtiramına baxmayaraq, Həzrət Əbu Bəkri də götürüb Bərirənin yanına gəldi. Evlənmə məsələsini ona danışdı. Bərirə ondan soruşdu: “Ey Allahın Elçisi! Vasitəçilik edirsiniz, yoxsa əmr verirsiniz?” Həzrət Peyğəmbər: “Mən vasitəçiyəm”, – dedi. Bunu eşidən Bərirə: “O halda mən onunla evlənməyi qəbul etmirəm”, – deyə etirazını bildirdi. Peyğəmbər çıxıb getdi və belə buyurdu: “Möminin qəlbi Allahın ovcundadır, istədiyi kimi çevirər”.
4. Fəqihlərdən bəziləri qadınla kişi arasında mal, məqam, soy və dindarlıq baxımından eyniliyin zəruriliyinə fitva verirlər ki, dolanışıq normal olsun. Lakin burada şəriətlə bağlı heç bir əlaqə yoxdur. Tərəflərdən istəyən bu eyniliyi axtarar, istəməyən axtarmaz. İslamın evlilik və nişanlılıq mövzusunda verdiyi hökmlər xaricində bu barədə başqa bir hökm mövcud deyildir. Amma dindar olana üstünlük verilməsinin dinin bir tövsiyəsi olduğu və belə şəxslərin fikirlərinə daha uyğun gəldiyi unudulmamalıdır.
Mehr başlıq və ya məvacib deyil. Sadəcə kişinin həyat ortağına təqdim etdiyi və dəyər hisslərini bildirən bir vergidir. Beləliklə, kişi həyat yoldaşına qarşı hiss etdiyi gözəl duyğuları dilə gətirmiş olur. Qadına verilən bu mehr qadının haqqıdır və heç kimin bunu ondan almağa ixtiyarı yoxdur.
Bəzi xarici ölkələrdə olduğu kimi, kişinin əvəzinə qadının mehri özünün verməsi isə anormal haldır və qadının özünü kişiyə təqdim etməsindən başqa bir şey deyildir. Bu da qadın üçün zillət və alçaqlıq hesab olunar. Halbuki İslam, qadını yüksəklərə qaldırmış və ona mövqe verərək şərəfini uca tutmuşdur. Verilən mehr də ona qarşı hiss olunan dəyərin bir növ behi və zəmanətidir. Ona görə də mehrin çox olmamasını tövsiyə etmişdir. Peyğəmbər buyurmuşdur: “Mehri ən az olan qadınlar ən bərəkətli olanlardır”.
Mehr bu bilginin bir simvoludur. Cehiz isə islami ölçülərdən çıxmamaq şərti ilə şəxslərin istəklərinə buraxılmışdır. Cehiz xərclərini kişinin verməsi lazımdır. Lakin biz bunu tərsinə çevirmiş və cehiz məsələsində ağıllı, düşünülmüş fikirlərdən uzaqlaşmışıq, hətta ifrata varmışıq. Halbuki şəriətdə mötədillik hər məqamda istənilən bir şeydir. Ailənin qurulması yolunda bu kimi maneələrin olmaması üçün etidala mütləq riayət etmək lazımdır. Tərəflərin qarşılıqlı şəkildə bağladıqları şərtlərdə və xərc məsələsində etidal həddinin qorunması lazımdır. …

Müəllif: HƏSƏN ƏL-BƏNNA
Mənbə: muselmanqadin.az
Top