Uşağın doğulması ilə bağlı olan müsəlman adətləri

Uşağın doğulması ilə bağlı olan müsəlman adətləri

Müsəlmanlar ailəsində uşağın dünyaya gəlməsi bu ailənin həyatında ən böyük və mühüm hadisələrdən sayılır.

İslamda uşaq bu ailəyə Allah tərəfindən verilən əmanət kimi qəbul olunur və bu səbəbdən xüsusi qayğı ilə bəslənilir və qorunur.

Şəriətin qanunlarına görə, yenidoğulmuş uşağın ilk eşitdiyi söz «Allah» sözü olmalıdır. Bunun üçün ata (bəzi hallarda baba, əmi) uşağın sağ qulağına azanın sözlərini, sol qulağına isə iqamənin sözlərini deməlidir. Bu adətin dərin mənası var. Məsələ burasındadır ki, insanın bu dünyada əsas düşməni olan şeytan yeni insanın dünyaya gəlməsini «səbirsizliklə» gözləyir ki, onu düz yoldan azdırmağa başlasın. Bu səbəbdən çox vacibdir ki, uşağın ilk eşidtiyi söz şeytanın vəsvəsəsi deyil, Allahın adı olsun. Bu insanın bütün gələcək həyatına təsir edəcək.

AZAN
Allahu Əkbər — Allah ən böyükdür! — 4 dəfə;
Əşhədu ən lə iləhə illəllah — Mən şahidlik edirəm ki, Allahdan başqa heç bir ilahi (ibadət olunmağa haqqı çatan) yoxdur! — 2 dəfə;
Əşhədu ənnə Muhammədən rasulullah — Mən şahidlik edirəm ki, Məhəmməd Allahın elçisidir! — 2 dəfə;
Hayyə alə-s-saləh — Namaza tələsin! — 2 dəfə;
Hayyə alə-l-fələh — Səadətə qovuşmağa tələsin! — 2 dəfə;
Allahu Əkbər — 2 dəfə;
Lə iləhə illəllah — 1 dəfə.

İQAMƏ
Allahu Əkbər — 2 dəfə; 
Əşhədu ən lə iləhə illəllah — 1 dəfə;
Əşhədu ənnə Muhammədən rasulullah — 1 dəfə;
Hayyə alə-s-saləh — 1 dəfə;
Hayyə alə-l-fələh — 1 dəfə;
Qad qamətis salət Artıq namaz başladı! — 2 dəfə;
Allahu Əkbər — 2 dəfə;
Lə iləhə illəllah — 1 dəfə.

Doğulduqdan 7 gün sonra uşağın saçları qırxılmalı və tərəzidə çəkilməlidir. Daha sonra isə kasıb və ehtiyacı olanlara saçların çəkisində olan qızıl və ya gümüş paylanmalıdır (saçların çəkisinə uyğun olan qızılın dəyəri pul şəklində də paylanıla bilər). Əgər yenidoğulmuşun başında tük yoxdursa, ehtiyacı olanlara istənilən məbləğdə sədəqə vermək olar.

Yenidoğulmuş uşaq üçün adın seçilməsi əhəmiyyətli bir məqamdır. Bəzilərin fikirinə görə, ad uşağa doğulduğu gün, digərlərin fikirinə görə isə — 7-ci gün verilməlidir. Lakin bu o dərəcədə önəmli sayılmır. Əsas məsələ uşağın valideynləri və yaxınları tərəfindən bu vacib işə olan münasibətdir. Məhəmməd peyğəmbər (s.a.s) deyirdi: «Uşaqlarınız üçün gözəl adlar seçin».

Uşağa verilən ad ləyaqətli olmalıdır, böyüdükdə uşaq öz adından utanmamalı və çəkinməməlidir. Uşağın adı bu ərazi üçün qeyri-adi olmamalıdır ki, gələcəkdə bu ad istehza üçün səbəb olmasın.

Adın mənası da gözəl olmalıdır. Mənası insanın mənfi cəhətləri, pis hadisələr və s. olan adları uşağa vermək olmaz. Deyirlər ki, Məhəmməd peyğəmbər (s.a.s) Asıya (itaətsiz, inad) adlı bir qıza yeni Cəmilə (gözəl) adı verib.

Müsəlmanlara öz uşaqlarına peyğəmbərlərin (Məhəmməd, Musa, İsa, Davud, Süleyman, Yusif, Zəkriyyə, İbrahim, İsmayıl, İlyas, İdris, Yaqub, Yahyə, Əyub və s.), peyğəmbərlərin həyat yoldaşlarının və anaların (Məryəm, Sara, Həcər və s.) adlarını vermək tövsiyə olunur.

Təbii ki, Məhəmməd peyğəmbərin (s.a.s) adı ən şərəfli adlardan sayılır. Deyirlər, ki əgər bir evdə Məhəmməd adı olan insan varsa, bu ev hər zaman ruzili və xoşbəxt olacaq (söhbət, təbii ki, mömin ailələrdən gedir).

Məhəmməd peyğəmbərin (s.a.s) ailəsindən və onun tərəfdarlarından (Əbu-Bəkir, Ömər, Osman, Əli, Hüseyn,Həsən, Aişə, Zəhra, Fatimə, Xədicə və s.) olan insanların adları da müsəlmanlar üçün yaxşı sayılır.

Bundan əlavə müsəlmanlara "əbd" (ərəb dilində "əbd" — «qul» deməkdir) sözündən başlayan və Allahın 99 adlarından biri ilə qurtaran adların uşaqlara verilməsi də tövsiyə olunur. Məsələn, Əbdulla (Allahın qulu), Əbdürrəhman, Əbdürrəhim və s. Lakin bu halda Allahın adlarından başqa digər adları istifadə etmək olmaz. Bunun səbəbi insanın yalnız Allahın qulu olmasıdır.

Şəriətə uyğun olaraq, uşağa görə Allaha öz minnətdarlığını bildirmək məqsədi ilə ailə Allah yolunda qurban kəsməlidir. Uşağın doğulmasının 7-ci günü qız üçün 1 qoyun, oğlan üçün isə 1-2 qoyun kəsilməli və kasıb, xəstə, ehtiyacı olan, yetimlər arasında paylanmalıdır.
Top