Oğlandırsa istəyirik, qızdırsa lazım deyil!

Oğlandırsa istəyirik, qızdırsa lazım deyil!

Ailə müqəddəs bir ocaqdır. Həqiqi sevənlər,  həqiqəti dərk edənlər,  Allahı başının üstündə görənlər üçün həqiqətən ailə cənnət bağçalarından bir bağçadır. Ancaq təəsüflər olsun ki,  son zamanlar bu müqəddəs ocaqda xoşagəlməz  hallar yaşanmaqdadır. Bu yaşanan xoşagəlməz hallardan biri də, ailədə oğlan və ya qız uşağının dünyaya gəlməsi ilə bağlıdır.        

İslamdan əvvəl cahilik dövründə yaşanan tükürpədici həqiqətlər bu gün də yaşamanqda, bu gün də meydana gəlməkdədir. Cahiliyyə dövründə olduğu kimi bu gün də cins ayrı-seçkiliyi aparılır. Sadəcə fərq ondadır ki, o dövrdə ailənin qız uşaqları diri-diri torpağa basdırılır, bu gün isə onu öz əlləri ilə ana bətnindəcə qətlə yetirirlər. Günahsız qız uşağının doğulması ailədə qalmaqala, bəzən də ailənin dağılmasına gətirib çıxarır. Nə üçün bu insanlar Allahın verdiyi nemətə küfr edirlər? Nə üçün bu insanlar Allahın onlara bəxş etdiyi bu saysız nemətləri görmürlər? Neçə-neçə insanlar var ki, bu neməti qazanmaq üçün günlərcə Allaha dua edər, yalvararaq ağlayarlar!  Neçə-neçə qəlblər var ki, daim bu həsrətlə çırpınır! Bir çox insanlar bir uşağın olması üçün milyonlarla pul xərclər, evini-eşiyini atıb diyar-diyar gəzir, evindən eşiyindən uzaqlarda illərlə-aylarla uzaqlarda qalır. Bu gün oğlan-qız fərqi bilməyib, övlad istəyib də bu istəyinə nail olmayıb, bu nemət əksikliyi səbəbilə ailə yuvaları dağılan neçə-neçə insanlar vardır.

Görəsən bunu görənlər bu fakt qarşısında hansı hissləri keçirir?   Beyinlərində hansı sualı canlandırır?  Hansı əqidəylə, hansı ağılla bu hərəkətləri etməyə, bu arzu edilməz halların meydana gəlməsinə qərar verirlər? Ey yer üzünün xəlifəsi seçilmiş insan qürurlanaraq yaradan Rəbbinin qarşısında boyun əyməkdən, başını səcdəyə qoyub Rəbbinə yalvarmaqdan səni uzaqlaşdıran nədir? Rəbbinə qarşı gəlməyə, ona üsyan etməyə səni vadar edən nədir? Məgər acizliyini hiss etmirsənmi? Məgər sənin nəyə qadir olduğunu bilmirsənmi? Hansı cəsarətinlə, hansı əməlinlə, hansı işinlə Rəbbinə üsyan etməyə qalxırsan?

Rəbbinin Qurani-Kərimdə sənə meydan oxuduğu, səni aciz etdiyi bu ayə qarşısında susmağa, səni dilləndirməyə, sənin acizliyini gizlətməyə vadar edən nədir? Ey Adəmoğlu Rəbbinin nə demək istədiyini, səni aciz  etdiyini eşit, təfəkkür et, fikirləş, düşün və anla!         
"Şübhəsiz Allah (haqqı açıqlamaq üçün) ağcaqanadı və ondan aşağı bir varlığı misal gətirməkdən çəkinməz  " Görəsən bizlərdən hansımız bir ağcaqanadı və ya qarışqanı və başqa bir həşaratı yaratmağa qadirik?  Əlbəttə ki, heç birimiz.  Bunun üçün hər zaman Allah qarşısındakı zəifliyimizi, acizliyimizi dərk etməli və Allahın bizə verdiyi hər bir şeylə razılaşmalıyıq.
Əfsuslar olsun ki, oğul böyüdən elə atalar, analar var ki, bu gün qocalar evindədir. Elə oğul böyüdən atalar, analar var ki, bu gün kimslərəsə möhtacdır.  Elə oğul böyüdən atalar, analar var ki, bu gün  küçələrdə, dayanacaqlarda, mağazalar qarşısında qışın soyuq günlərində yağış altında yatmaqda, kimlərdənsə utanıb, gizli bir yerə sığınaraq yaşamaqdadır. Amma qızların ata-anasının kimsəyə möhtac olmasına, küçələrdə yaşamasına razı olmadığını görməkdəyik.
Mövzumu Peyğəmbərimizin (s.ə.s.) bir müjdəsi ilə tamamlamaq istəyirəm: "Üç qız övladını gözəl əxlaqla böyüdən və ailə qurmalarını təmin edən valideyn Cənnətlikdir."

mənbə:modern.az
Top