Gözəl həyat yoldaşı seçmək
Allah-taala bu barədə buyurur: «[Ey möminlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh [yaxud evlənməyə qabil] kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah [lütfü, mərhəməti] geniş olan və [hər şeyi] biləndir!».
Hər bir kişi özünə əməlisaleh zövcə seçərkən aşağıdakı hədislərdə vurğulanan motivlərə riayət etməlidir:
Peyğəmbər (s.ə.s) buyurmuşdur:
«Qadınla dörd şeyə görə nikah bağlanılar: var-dövlətinə, ləyaqətinə, gözəlliyinə və dininə görə. Ona görə əlini çirmələ, dindarla evlən».
«Dünya bütünlüklə nemətlərlə doludur. Bu nemətlərin ən xeyirlisi isə əməlisaleh qadındır».
«Şükr edən qəlbi, zikr edən dili və axirəti qazanmaqda sizə yardımçı olan mömin zövcəni seçin!»
Başqa bir rəvayətdə isə belə deyilir:
«…dünya və dinində sənə yardımçı olan əməlisaleh zövcəni seç. Bil ki, bu insanların yığıb topladıqlarının ən xeyirlisidir».
«Tez-tez doğan və sevən qadınlarla evlənin. Həqiqətən, mən qiyamət günü başqa peyğəmbərlər yanında sizin say çoxluğunuzla fəxr edəcəyəm».
«Bakirə qızlarla evlənin. Çünki onlar tez-tez doğan, daha çox xoş sözlər söyləyən və aza ən çox qane olanlardır».
Başqa bir rəvayətdə isə belə bir əlavə vardır: «…çox az hiylə işlədənlərdir».
Qeyd olunmalıdır ki, əməlisaleh qadınla ailə həyatı qurmaq dörd xoşbəxtlikdən birisidirdir. Həmçinin pis qadının əri olmaq bədbəxtçilik hesab olunan dörd amildən birisidir. Bu fikir aşağıda qeyd edəcəyimiz Peyğəmbərin (s.ə.s)səhih hədisində də öz təsdiqini tapmışdır: «Xoşbəxtlik odur ki, həyat yoldaşın əməlisaleh qadındırsa, onu görərkən halın daha xoş olsun, ondan ayrı düşdükdə isə həm onun özündən, həm də öz əmlakından arxayın ola biləsən. Bədbəxtçiliyin bir növü də odur ki, həyat yoldaşınla üz-üzə gəlməyin halının pisləşməsinə səbəb olsun, onun dilindən daim əziyyət çəkmiş olasan və ondan ayrıldığın zaman nə onun özündən, nə də öz əmlakından arxayın ola biləsən».
Eləcə də müsəlman qadına təklif edilən oğlan barəsində də gözüaçıq və diqqətli olmaq lazımdır. Bunun üçün də aşağıdakı hədisdə göstərilən şərtlərə riayət edilməlidir.
«Qapınıza qız istəməyə gələnin əxlaqını və dinini bəyənmiş olsanız, qızınızı onunla evləndirin. Əks təqdirdə edəcəyiniz hərəkətlər yer üzərində fitnə və böyük bir fəsadın baş verməsi ilə nəticələnəcəkdir».
Yeri gəlmişkən qeyd edilməlidir ki, insan evlənmək istədiyi şəxsin keçmişini çox dəqiqliklə öyrənməli, bu barədə soruşarkən əxlaq normalarına riayət etməli, əldə etdiyi məlumatlarda mötəbər mənbələrə istinad etməlidir ki, bu gələcəkdə ailədəki münasibətlərin pozulması və ya ailənin dağılması ilə nəticələnməsin.
Əməlisaleh kişi ilə əməlisaleh qadın bir yerdə olduqları zaman gözəl bir ailənin təməlini qoymuş olurlar. Təmiz, torpağı münbit bir məmləkətin bitkiləri Tanrının izni ilə bol və vaxtında yetişərək çıxar. Pis, torpağı qeyri-münbit bir məmləkətin bitkiləri isə yalnız çox çətinliklə, özü də az yetişər.
Məhəmməd Saleh əl-Münəccid