Andrea Pirlo 1979-cu ildə, mayın 19-da Lombardiya əyalətindəki Kokşetau şəhərində anadan olub. Boyu 177 sm, çəkisi 68 kq-dı. 39 yaşlı futbolçu standart vəziyyətlərin mahir ifaçısı, uzaq məsafədən endirdiyi möhtəşəm zərbələr, uzun məsafələrdən verdiyi dəqiq ötürmələri ilə tanınır. Karyerası ərzində demək olar ki, mümkün olan bütün titulları qazanan Pirlo “Maestro”, “Arxitektor”, kimi ləqəbələrə layiq görülüb.
Klub
Pirlo peşəkar futbolçu karyerasına 1994-cü ildə “Breşiya”da başlayıb. “A” seriyasında da elə bu klubun heyətində debüt edib. 16 yaşından etibarən İtaliya çempionatında görünən gələcəyin ulduzu 4 mövsüm ərzində “Breşiya”nın heyətində 47 oyuna çıxıb və 6 qol vurub. Buradakı inamlı çıxışı sayəsində Pirlo qısa zamanda ölkənin nəhəng klublarının diqqətini çəkməyi bacarıb və 1998-ci ildə “İnter”ə transfer olunub.
Pirlonun Milandakı karyerası yaxşı başlayıb. İlk mövsümdə o, komandanın heyətində 22 matça çıxıb. Amma ikinci mövsümdən Pirlonun uğursuz günləri başlayıb. Roberto Bacco, Yuri Corkayef, Alvaro Rekoba kimi ulduzlarla rəqabətdə uduzan Pirlo, əsas heyət üzünə həsrət qalıb. Yekunda məşqçilər korpusu 21 yaşlı futbolçunu icarəyə veriblər.
Əvvəlcə Pirlo 1999-cu ildə “Reccina”ya üz tutub. Burada əsas heyətə düşməkdə çətinlik çəkməyən Pirlo 28 oyuna çıxıb və 6 qol vurub. Daha sonra “Breşiya”ya icarəyə verilən Pirlo 10 dəfə də sabiq klubunun heyətində meydana çıxıb. İcarədə olduğu zaman heç də pis təsir bağışlamayan Pirlo, 2001-ci ildə “İnter”in heyətinə qaytarılıb. Hər kəs yenidən onun “Neradzurra”nın əsas heyətində meydana çıxacağını gözləsə də, Andreayla yeni baş məşqçi arasında problem yaranıb. Bu səbəbdən də Pirlo “İnter”i birdəfəlik tərk etmək qərarına gəlib. O, “İnter”dən ayrılsa da, Milan şəhərini tərk etməyib.
Ulduz futbolçu 10 milyon dollar qarşılığında “Milan”a satılıb. Bu keçid Pirlonun həyatını tamamilə dəyişib. Məhz “Milan”da mərkəz yarımmüdafiəçisi istedadını tam üzə çıxarıb və o, qısa zamanda komandanın əsas üzvünə çevrilib. Uzun illər “Milan”ın əsas heyətinin əvəzolunmaz futbolçusu olan Pirlo, burada klub səviyyəsində mümkün olan bütün titulları qazanıb. Təkcə elə Pirlonun “Milan”la 2 dəfə Çempionlar Liqasını, 2 dəfə də Skudettonu qazandığını xatırlatmaq kifayətdir. 10 il ərzində “Milan”da 284 rəsmi oyuna çıxan “Maestro”, 32 dəfə rəqib qapılarına yol tapıb.
2010/11 mövsümündə növbəti dəfə Skudettonu qazandıqdan sonra “Milan”ın baş məşqçisi Massimiliano Alleqri şok təsiri bağışlayan açıqlama verdi. Belə ki, o, növbəti mövsümdə Pirlonun xidmətinə ehtiyac duymadığını, futbolçunun gücünün tükəndiyini bildirdi. Çox keçmədən – 2011-ci ilin 18 mayında Pirlo özü mövsüm yekunlaşdıqdan sonra “Milan”ı tərk edəcəyini bəyan etdi. İrəli gedərək qeyd edək ki, zaman Alleqrinin səhvə yol verdiyini göstərdi. Pirlo “Yuventus”a keçməklə hələ də əvvəlki kimi yüksək səviyyədə çıxış etməyi bacardığını sübut etdi.
İndi də əksər “Milan” fanatları Alleqrinin 3 il öncə böyük səhvə yol verdiyini deyirlər. “Milan”ın Pirlo kimi futbolçunu əsas rəqibinə hədiyyə etməsi, özü də pulsuz – bu, həqiqətən də “qırmızı qaralar” üçün faciədi.
2011-ci il, mayın 24-də Pirlo “Yuventus”la 3 illik müqavilə imzaladı. Turin klubundakı ilk günlərindən ulduz futbolçu gücünün tükənmədiyini sübuta yetirdi. Üstəlik, Alleqrinin bayaq dediyimiz açıqlaması Pirlonun motivasiyasını birə beş artırmışdı. İlk vaxtlar müəyyən eksperimentlər aparan Antonio Konte Pirloya nəhayət onun sevimli mövqeyində – meydanın mərkəzində, müdafiəçilərin önündə şans verdi. Pirlo mərkəzdə, Klaudio Markizio və Arturo Vidal isə cinahlarda qərarlaşmışdı. Bu sistem ilk gündən özünü doğrultdu. Turindəki ilk mövsümündə “A” seriyasında 35 matça çıxan usta futbolçu 3 qol vurmağa və 13 məhsuldar ötürmə verməyə müvəffəq oldu.
“Yuventus”un hücumları nadir hallarda Pirlosuz başlayırdı. Hesablamalara əsasən, Pirlo mövsüm ərzində 2643 ötürmə vermişdi ki, bu göstəriciyə əsasən o, ən yaxın izləyicisini 500 ötürmə qabaqlayırdı. Onun ötürmələrindəki dəqiqlik isə 86,8 faiz idi. Avropada bu göstəriciyə görə Pirlo yalnız Xavidən geri qalırdı.
“Yuventus”a gəldiyi ilk mövsümündə yenidən Skudettonu qazanan Andrea, başqa bir nəticəyə də imza atdı. Belə ki, Pirlo Roberto Bacco və Zlatan İbrahimoviçdən sonra Skudettonu 2 mövsüm ərzində 2 fərqli klubda qazanmağı bacaran sayca üçüncü futbolçu oldu. Bu gün də “Yuve”nin liderlərindən olan Andrea ardıcıl 3 mövsümdür ki, turinlilərlə birgə çempion olur. Bu müddət əzində o, “Qoca Sinyora”da meydana çıxdığı 94 matçda 12 qol vurub.
Milli karyerası
Pirlonun milli karyerasında Azərbaycanla bağlı maraqlı məqam var. Təcrübəli yarımmüdafiəçi yığmadakı ilk rəsmi oyununu məhz yığmamıza qarşı, özü də Bakıda keçirib. Bu yazının müəllifinin də canlı olaraq Tofiq Bəhramov adına Respublika stadionundan izlədiyi həmin görüş 2002-ci ilin 7 sentyabrında baş tutub. Pirlo, İtaliya yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşan həmin görüşdə 78-ci dəqiqədə digər “Milan”lı Filippo İnzaginin əvəzinə meydana daxil olub. Avro-2004-dən etibarən isə “Mastero” yığmanın aparıcı üzvülərindən hesab olunur.
DÇ-2006-da İtaliyanın Qananı məğlub etdiyi görüşün ən yaxşısı seçilən Pirlo, həmin matçda rəqibi məyus etdi. Yarımfinalda isə meydan sahiblərinə qarşı baş tutan 120 dəqiqəlik gərgin oyunun italyanların xeyrinə tamamlanmasında Andreanın böyük rolu oldu. Məhz Pirlonun möhəşəm ötürməsindən sonra rəqib müdafiəçiləri geridə qoyan Fabio Qrosso hesabı açdı. Finalda isə Pirlonun künc zərbəsindən ötürdüyü topu Marko Materatsi fransızların qapısından keçirdi. Penaltilər seriyasında da Pirlo səhvə yol vermədi.
Avro-2008-də qrup mərhələsində bütün matçlarda meydanda olan qəhrəmanımız 1/4 finalda İspaniyaya qarşı baş tutan görüşü kənardan izləməli oldu. Belə ki, qrupdakı son oyunda Cennaro Qattuzo kimi Pirlo da ikinci sarı vərəqəsini alaraq cəzalı duruma düşmüşdü.
Son qitə birinciliyində isə italyanlar günüş medalla kifayətləndilər. 4 il əvvəl olduğu kimi “Skuadra Adzurra”nın qarşısını bu dəfə də ispanlar kəsdi. Turnirdə baş tutan hər 6 oyunda Pirlo meydanda idi. Qrup mərhələsinin ilk turunda İspaniyaya qarşı keçirilən oyunda Antonio Di Natale hesabı məhz Pirlonun ötürməsindən sonra açdı. Xorvatlarla görüşdə Pirlo cərimə zərbəsindən möhtəşəm qol vurdu. İyunun 24-də ingilislərə qarşı baş tutan 1/4 final matçında isə Pirlo penaltilər zamanı 11 metrlik cərimə zərbəsini ustalıqla – Panenkasayağı yerinə yetirdi. 2013-cü il, iyunun 16-da Konfederasiyalar Kubokunda Meksikaya qarşı baş tutan görüşdə Pirlo 100-cu dəfə “Skuadra Adzurra”nın formasını geydi. 27-ci dəqiqədə yubiley matçında fərqlənən usta futbolçu həm də oyunun ən yaxşısı seçildi.
Uğurları
1996/97 mövsümündə “Breşiya”nın heyətində “B” seriyasının qalibi olan futbolçu “Milan”la 2 dəfə (2003/04, 2010/11) “A” seriyasını, 1 dəfə (2002/03) İtaliya kubokunu, 1 dəfə (2004) ölkə superkubokunu, 2 dəfə (2002/03, 2006/07) Çempionlar Liqasını, 2 dəfə (2003, 2007) UEFA Superkubokunu, 1 dəfə də (2007) Klublararası dünya çempionatını qazanıb.
“Yuventus”la isə Pirlo 3 dəfə (2011/12, 2012/13, 2013/14) Skudettoya, 2 dəfə də (2012, 2013) İtaliya Superkubokuna sahib çıxıb.
Milli komandaya gəldikdə, Pirlo 2000-ci ildə gənclər arasında Avropa çempionu olub, 2004-cü ildə Yay Olimpiya Oyunlarının bürünc medallarına sahib çıxıb, DÇ-2006-nın qalibi olub, 2012-ci ilə Avropa çempionatının gümüş, 1 il sonra isə Konfederasiyalar Kubokunun bürünc medallarını qazanıb. Fərdi olaraq 20 mükafata layiq görülən Pirlo, 3 dəfə də İtaliya Höküməti tərəfindən mükafatlandırılıb.
Şəxsi həyatı
Andrea ilk və yeganə sevgilisi Debora ilə 18 yaşında tanış olub. Amma cütlüyün münasibətlərini rəsmiləşdirməsinə gələcək ulduzun “İnter”ə transferi imkan verməyib. Deboranın atası qızını Milana buraxmaq fikrində deyildi. Bu səbəbdən sevgililər tez-tez görüşmək imkanından məhrum idilər.
Nəhayət, 2001-ci ildə sevgililər qovuşurlar. Ailənin ilk övladı – Nikkola Breşiyada dünyaya gəlib. 5 il sonra ikinci dəfə ata olan Pirlonun qızı anadan olub. Nikkola kimi Ancelanı da qayğıkeş ata mətbuatdan uzaq tutmağa çalışır və bunu bacarır. Elə bu səbəbdəndir ki, Pirlonun ailəsi çox nadir hallarda paparatsilərin obyektivinə tuş gəlir.