«Qarabağ» futbol klubunun yaranma tarixi

«Qarabağ» futbol klubunun yaranma tarixi

1950-ci illərin əvvəllərinə təsadüf edir. 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klubun da peşəkar bir idman təşkilatı kimi formalaşdırılmasında ciddi işlər görüldü. Yarandığı gündən sonra bir müddət «Məhsul» adı çıxış edən «Qarabağ» ilk dəfə 1966-cı ildə Azərbaycan çempionatında iştirak edib. Həmin il klub çempionatı 4-cü yerdə başa vurub. «Qarabağ» 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı. Bu illər ərzində ən yaxşı nəticəni 1968-ci ildə 2-ci yeri tutmaqla qazandı. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən komanda uzun müddət ölkə çempionatlarında təmsil olunmadı. 1977-ci ildə «Qarabağ» yenidən «Şəfəq» adı ilə bərpa edildi. Elə həmin il «Şəfəq» Azərbaycan çempionatının 2-ci dəstəsində yarışdı. «Şəfəq» 1982-ci ilə qədər Ağdam futbolunun yeganə təmsilçisi oldu. 1982-ci ildən 1982-ci ilə qədər isə klub «Kooperator» adı ilə yarışlara qatıldı.

«Qarabağ» ilk dəfə Azərbaycan çempionu adına 1988-ci ildə layiq görülüb. Qeyd edək ki, bu çempionluq hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən qazanılmışdı. Həmin çempionluqdan sonra «Qarabağ» SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandı. 1989-cu ildə «Qarabağ» SSRİ çempionatının 9-cu zonasında yarışdı. 1990-cı ildə SSRİ çempionatının 2-ci dəstəsinin zona yarışlarında dəyişiklik edildiyindən «Qarabağ» Azərbaycan çempionatının zona yarışlarında iştirak etmək məcburiyyətində qaldı. 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycanın müstəqil futbol çempionatı təşkil olundu. «Qarabağ» Azərbaycanın yeganə klublarından biridir ki, indiyə qədər keçirilən 12 mövsümün hamısında iştirak edib. Təbii ki, müstəqillik illərində «Qarabağ»ın ağır günləri də az olmayıb. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra İmarət stationundan didərgin düşən komanda «qaçqın klub» kimi fəaliyyət göstərir. Təbii ki, bundan əlavə klub maddi sıxıntılardan da ciddi əziyyət çəkirdi. Məhz bu səbəbdən 1998-2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Üstəlik maddi vəziyyət klubun aparıcı futbolçularının da «Qarabağ»ı tərk etməsinə gətirib çıxartdı.

Bütün bu problemlər 2001–ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük xoldinqlərdən biri «Azərsun» şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu. Xeyirxah əməlləri ilə nəinki Azərbaycanda hətta bütün şərqdə, türk dünyasında ad qazanan «Azərsun» Xoldinq şirkəti «Qarabağ»ı unutdurmamaq üçün əməli işə girişdi. Tez bir zamanda şirkətin prezidenti Abdulbari Qoozalın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu. İmkansızlıq ucbatından digər klublara keçmiş eks «Qarabağ»lılar heyətə qaytarıldı. Həmin dövrdən klub «Qarabağ-Azərsun» adlandırıldı. Təbii ki, yeni sponsorun qayğısı komandanın nəticəsinə də təsir göstərəcəkdi. 2001-ci ildə «Qarabağ-Azərsun» ölkə çempionatında 9–cu yeri tutsa da qarşıdakı mövsümə hazırlıq işləri ciddi gedirdi və klubun qarşısına ən yüksək yerləri tutmaq vəzifəsi qoyulmuşdu. Lakin Azərbaycan futbolunda baş verən məlum hadisələrdən sonra ölkəmizdə 2002-2003-cü ildə çempionat yarımçıq dayandırıldığından qarşıya qoyulan məqsədə çatmaq mümkün olmadı. 2003-cü ildə «Qarabağ-Azərsun»un rəhbər strukturunda bir sıra dəyişikliklər aparıldı və Tahir Qoozal komandanın vitse-prezidenti təyin edildi. Tahir Qoozalın kluba gəlişindən sonra «Qarabağ»ın tarixində sanki yeni səhifə açıldı. Komandanın ölkə çempionatında uğur qazanması üçün bütün imkanlar səfərbər edildi. Və məhz bu səylərin nəticəsi idi ki, 2002-2003-cü il mövsümündə «Qarabağ» uzun fasilədən sonra yenidən Azərbaycan çempionatının mükafatçıları sırasında yer aldı və birinciliyin bürünc medallarını qazandı.

2004-2005-ci il mövsümünə isə «Qarabağ» daha iddialı başlamaq fikrindəydi. Bu məqsədlə rəhbərlik İsveçdə yaşayan həmyerlimiz təcrübəli məşqçi İqor Ponomaryovu baş məşqçi postuna təyin etdi. Qısa zamanda ölkənin ən aparıcı futbolçuları heyətə cəlb olundu. Onların arasında yığma komandamızda top qovan futbolçular çoxluq təşkil edir. Daha bir məqamı da qeyd edək ki, məhz Tahir Qoozalın təşəbbüsü ilə 2004-cü ildə «Qarabağ»ın tarixi adı özünə qaytarıldı və komanda yenidən bu adla adlandırılmağa başlandı. Bundan başqa Tahir bəy kluba yeni loqotip də hazırlatdırdı. İngiltərədə xüsusi dizaynerlər tərəfindən hazırlanan bu loqotipdə «Qarabağ»ın simvolu olan atlar təsvir olunub. Onları isə futbolun müxtəlif atributları bəzəyir.

Məlumat "Qarabağ" futbol klubunun rəsmi saytından götürülüb.
Top