Azərbaycan klubları Avrokuboklarda

Azərbaycan klubları Avrokuboklarda

Hamımıza məlumdur ki, ölkəmiz futbolda hələ də inkişaf etməyib və həmişə adımız zəif komandalar arasında çəkilir, püşkatma mərhələlərində ölkəmiz bizim kimi zəif ölkələrlə bir sırada durur. Amma bir sevindirici hal var ki, get-gedə futbolumuz inkişaf etməkdədir, zəif, həm də çox zəif sürətlə olsa belə. Bunu əsasən futbol klublarımızın avrokuboklarda iştirakında görmək olar. Yadımdadı, ən azı 10 il bundan əvvəl Şəmkir klubunun Çempionlar Liqasında mərhələ keçməsini bütün ölkə bayram edirdi, çünki bu müstəqil ölkəmizin tarixində ilk belə hadisə idi. Mən də ikinci mərhələnin ilk görüşü ərəfəsində yaxşı ki Bakıda qonaq idim, qohumlarımın baş-beynini xarab elədim və məni stadiona oyuna baxmağa apardılar. Təəssüf ki ayağım düşmədi və Şəmkir (səhv etmirəmsə) 1-4 hesabı ilə məğlub oldu. Bu oyundan sonra 2009-cu ilə qədər bir neçə dəfə yığma komandamızın və klublarımızın xarici komandaları ilə oyunlarına getdim. Həmin oyunlarda əksər hallarda məğlub olduq, birində isə bərabərlik qeydə alındı. Onda da həmişə deyirdim ki, bizim futbolçulara mənim ayağım düşmür. Amma sən demə günah mənim ayağımda deyilmiş, çünki oyunçularımız oynaya bilmirlərmiş.


Mən artıq futbolçularımız məğlubiyyətinə vərdiş olmuşam, amma hər oyuna imkan daxilində baxıram, həmişə də ümid edirəm ki, bu dəfə biz qalib gələcəyik. Amma təəssüflər olsun ki, çox hallarda ümidim puç olur. Amma keçən il isə, futboçularımız, daha doğrusu, Qarabağ komandası məni və hamımızı çox sevindirdi. Bizim futbol üçün keçən il sevindiyim qədər sevindiyim bir hal yadıma gəlmir. Yadıma gəlir, Qarabağın Norveç nəhəngi Rosenburqla oyunu zamanı tez-tez telefondan livescore-a girib hesaba baxır, hesabın hələ də 0-0 olduğunu görüb sevinir, dua edirdim ki, bizimkilər məğlub olmasınlar. Elə də oldu və Qarabağ səfərdən lazımı nəticə ilə qayıtdı. Cavab oyununda isə, iyulun 23-də, Ağdamın Qarabağ klubu Ağdamın işğalı günündə Rosenburq üzərində möhtəşəm qələbə qazandı və stadionda minləri, ekran qarşısında isə milyonları sevindirdi. Qarabağın uğuru Honka üzərində də davam elədi, 4-cü mərhələ isə Tvente səddini keçə bilmədi. Məhz Qarabağın bu uğurları minlərlə azarkeşi stadionlara tökürdü. Heyətinin böyük əksəriyyəti milli oyunçulardan ibarət olan Qarabağdan fərqli olaraq legionerlərə külli miqdarda pul xərcləyən Bakı, İnter, Xəzər Lənkəran isə bizləri məyus etdilər. Düzdü, Bakı ilk mərhələdə zəif rəqibinə qalib gələrək mərhələ adladı, amma sonrakı oyunlara bir ad vermək olar, fiasko. (Ötən illərdə dəfələrlə mərhələ keçən və bizə sevinc yaşatan Nefçini də unutmayaq).

 

Analoji hadisələr bu il də təkrarlanmaqdadı, Qarabağ milli oyunçularımzla uğurlarını davam etdirir, digər klublarımız isə legionerlərlə hələ yerlərində sayırlar. Amma keçən ilə nisbətən bir az irəliləyiş var. Bakı, öz səhlənkarlığının qurbanı oldu – hər iki oyunda qələbə, nəticədə isə məğlub. Xəzər Lənkəran zəif rəqibinə məğlub olmasa da, qalib də gələ bilmədi və əlviə Avroliqa. İnter isə bu dəfə bir az təqdirəlayiq oyun nümayiş etdirdi. İlk oyunda Polşa nəhənginə məğlub olmasına baxmayaraq cavan oyununda eyni hesabla qalib gəldi və oyun penallara qədər uzandı. Həmin oyunun penallaşmaları isə Azərbaycan futbolu üçün keçirdiyim ən həyəcanlı dəqiqələr idi. Amma təəssüf ki, 11-ci penalda, oyunun qəhrəmanlarından olan qapıçımız Lamayanın zərbəsini rəqib qapıçının qaytarmasıyla İnter də Avrokuboklara vəda etdi. Çox şükür ki, Avrokuboklarda hələ də bir təmsilçimiz var və hamımızın ümidi onadı. Bizə bu qədər sevinci yaşatdıqları üçün Qarabağın bütün futbolçularına və Baş məşqçi Qurban Qurbanova təşəkkürlər və uğurlar! 




Rəşad Sadıqovun Rosenburqa vurduğu möhtəşəm qol. Keçən ilin bu günü.




Dünən keçirilən Qarabağ-Portadovn qaşılaşmasının icmalı. Oyuna baxa bilməmişdim, Əfran İsmayılovun qoluna baxanda isə gözlərim doldu (yəqin Azərbaycan futbolunun gələcək vəd etdiyini düşündüyümə görə)

Top