Məhəbbət qüdrətlidir, çünki Ilahi köklərə malikdir. «Hirsi yatıran» həlim cavab, «səbirli, xeyirxah», «bir çox günahın üstünü örtən» məhəbbət — bu cür ənamlar bizim həyatımızda izhar olunsaydı, belə şəfaverici qüvvə sayəsində necə dərslər öyrənərdik! Həyat necə dəyişik olardı! Bu qiymətli dərslər o qədər sadədirlər ki, hətta uşaqlar da öyrənə bilərlər.
Ümumi nöqteyi-nəzərdən pul — hakimiyyətdir: lakin səma nöqteyi-nəzərindən məhəbbət — hakimiyyətdir. Bu prinsipdə həm əqli, həm də ruhi qüvvə fəaliyyət göstərir. Saf məhəbbət yaxşılıq etmək qüvvəsinə malikdir və yaxşılıqdan başqa heç nə edə bilməz. O, münaqişə və ağrıları aradan qaldırır və həqiqi xoşbəxtlik bəxş edir. Var-dövlət çox vaxt insanları korlayır və onları uçuruma aparır: güc ziyan gətirmək iqtidarındadır: lakin həqiqət və yaxşılıq saf məhəbbətin əlamətləridir.
Sülh, əməkdaşlıq, məhəbbət və xoşbəxtliyi gündən-günə böyütmək lazımdır. Məhəbbət cücərtisi qayğı tələb edir, əks təqdirdə məhv ola bilər. Hər hansı yaxşı cəhətin ürəyimizdə çiçəklənməsini istəyiriksə, onu qorumalıyıq. Paxıllıq, qısqanc, pisniyyətli fikirlər, acıdillik, hövsələsizlik, mənfi fikirlər, eqoizm, acgözlük və şöhrətpərəstlik kimi keyfiyyətləri aradan qaldırmaq lazımdır.
Öz uşaqlığınızı unutmayaraq, uşaqlarınızla sərt davranmayın. Unutmayın ki, onlar sadəcə olaraq uşaqdırlar. Onların dərhal kamilləşəcəyinə ümid etməyin, uşaqlarınızı böyüklər kimi davranmağa məcbur etməyin. Valideynlər öz uşaqlıq illərini unutmamalıdırlar, — mehribanlıq və məhəbbət yanğısı ilə necə alışırdılar, valideynlər əsəbləşən zaman onları danlayanda və cəzalandıranda özlərini necə bədbəxt hiss edirdilər. Onlar öz uşaqlıq hisslərini ürəklərində yenidən canlandırmalı və uşaq düşüncəsi səviyyəsinə enməyi bacarmalıdırlar ki, uşaqların tələbatlarını başa düşə bilsinlər.
Uşaqların xeyirxah, ruhlandırıcı sözlərə böyük ehtiyacları var. Körpələrin ürəklərinə günəşin şüaları kimi işıq saçacaq və bütün çətinlikləri onlara unutduracaq səmimi, ürəkdən gələn sözləri söyləmək nə qədər sadə bir işdir!
Valideynlər, sizə səslənirik! Uşaqlarınızı sevin: onları körpə yaşlarında sevin, onları uşaq yaşlarında sevin, onları gənc yaşlarında sevin. Onların yanında heç vaxt qaşlarınızı düyünləməyin, əksinə həmişə şən olmağa çalışın.
Məhəbbətlə intizam arasındakı tarazlıq. Qələbə çalmaqda uşaqlarınıza kömək edin. Onları məhəbbət abı-havasında böyüdün. Bu yolla siz onların inadını və ərköyünlüyünü aradan qaldıra bilərsiniz. Siz elə şərait yaratmalısınız ki, uşaqlarınız onları sevdiyinizi, onlar üçün çalışdığınızı, onların xoşbəxtliyinin sizin üçün vacib olduğunu, hər bir şeyi onların xeyri üçün etmək istədiyinizi başa düşə bilsinlər. Mümkün saydığınız hər bir şəraitdə onların kiçik arzularını həyata keçirə bilərsiniz.
Uşaqlarla ünsiyyət zamanı heç vaxt hiddətlənməyin. Qoy sizin avtoritetiniz və yaxınlığınız bir-birilə uyuşsun. Uşaqlarınızdakı bütün yaxşı və gözəxoş cəhətləri qoruyun və dəstəkləyin. Onlara zərər gətirə biləcək şeyləri etməyə etiraz etdiyiniz zaman başa salmağa çalışın ki, onları sevirsiniz və hər şeyi onların xoşbəxtliyi üçün edirsiniz.
Uşaq nə qədər az cazibəlidirsə, onun nəvaziş və məhəbbətə bir o qədər çox ehtiyacı var. Uşağınız onun xoşbəxtliyi üçün çalışdığınıza əmin olan zaman, məhəbbət aranızdakı bütün maneələri dəf edəcəkdir. Müqəddəs Kitablar insanlarla ünsiyyətdə bu prinsipə əsaslanmağı məsləhət görürlər. Biz də bu prinsipə uyğun hərəkət etməliyik.
Bir çox ailələrdə yaxın adamlar bir-birlərinə olan hisslərini heç cür açıqlamırlar. Sentimentallığa ehtiyac yoxdur, lakin hər kəsin kiçik iltifatda, ürəkdən gələn sözlərdə, qayğıkeş diqətdə ifadə olunmuş məhəbbət və nəvazişə böyük ehtiyacı var. Ərlə arvad, valideynlərlə uşaqlar, bacılarla qardaşlar arasındakı bağlılıq möhkəm qorunmalıdır. Düşünülməmiş sözlərdən uzaq durun: kiminsə digərini xoşlamadığına hətta ən kiçik işarə belə vurmayın. Başqaları üçün xoşagələn olmaq, mehriban danışmaq daha yaxşıdır.
Səmimi olaraq uşaqların qayğısına qalan və onları düzgün tərbiyə edən zaman valideynlərin nümayiş etdirdiyi məhəbbət müəyyən dərəcədə ALLAHIN bizə olan məhəbbətini əks etdirir.
Mən uşaqlarıma olan məhəbbətimi necə izhar edirəm?