Tarixdə yeganə Qacar-Osmanlı müharibəsi

Tarixdə yeganə Qacar-Osmanlı müharibəsi

Türk-İslam aləminin son 6 əsrlik tarixinə nəzər saldıqda, bu zaman aralığında qeyd olunan coğrafiyada ən mühüm proseslərin mərkəzində Osmanlı İmeperiyası ilə indiki Azərbaycan, Gürcüstan, Ermənistan, Şimali Qafqaz, İran, İraq, Əfqanıstan və Pakistan ərazilərində mövcud olmuş Ağqoyunlular, Səfəvi, Əfşar və Qacar dövlətlərinin dayandığını görərik.
Lakin çox təəssüf ki, adları çəkilən imperiyalar dövrün əsas hadisələrində həlledici amil kimi iştirak etsələr də, onların hegemonluq uğrunda amansız rəqabətləri üzündən qarşılıqlı münasibtlərində yaranan gərginlik uzunmüddətli və dağıdıcı müharibələrlə nəticələnib. Həmin müharibələr qalib tərəfin öz şərtlərini diqtə etməsinə imkan yaratsa da, bu üstünlük çox davam etməyib.
Tezliklə öz gücünü bərpa edən məğlub imperiyanın öz itirdiklərini geri qaytarmaq üçün başladığı hər yeni müharibə isə “savaş zənciri”ni uzadan növbəti bənd olub. Yekunda əhaliyə və iqtisadiyyata dəyən ziyan bu dövlətlərin xeyli zəifləməsinə gətirib çıxarıb. Türk imperiyalarının düşmənçiliyindən yararlanan Avropanın “müqəddəs ittifaqları” isə bununla özlərinin Şərq siyasətini rahatlıqla həyata keçirmək üçün münbit zəmin qazanıblar.
Tarixdə yeganə Qacar-Osmanlı müharibəsi
1473-cü il avqustun 1-də Ağqoyunlu və Osmanlı imperiyaları arasında baş verən Malatya döyüşü yuxarıda adları qeyd olunan dövlətlər arasında XIX əsrin birinci yarısına qədər davam etmiş “müharibə seriyası”nin başlanğıcı sayıla bilər. Ağqoyunlu dövlətinin qələbəsi ilə başa çatan o müharibənin “sükut”u cəmi 10 gün sürüb. Avqustun 11-də hərbi əməliyyatlara başlayan Osmanlı İmperiyası Otluqbeli döyüşündə Malatya məğlubiyyətinin əvəzini çıxıb. Təqribən 28 il sonra – 1501-ci ildə Ağqoyunlu dövlətini əvəzləyən Səfəvi İmperiyası Malatya döyüşünün “estafet”ini götürərək, Osmanlı dövləti ilə 230 il davam edəcək müabrizənin əsas tərəfinə çevrilib. İlk dəfə 1514-cü il avqustun 23-də baş verən Çaldıran döyüşündə üz-üzə gələn bu iki qüdrətli Türk imperiyasının müəyyən fasilələrlə apardıqları saysı-hesabsız müharibələr Səfəvilərin süqutuna (1737-ci il) qədər ara verməyib.
Nadir Şahın rəhbərliyi ilə 1737-ci ildə Səfəvi dövlətinin hüdudlarında qurulan Əfşar İmperiyasının mövcudluğu dövründə Osmanlı İmperiyası ilə müharibələr nisbətən səngisə də, çox sayda kiçik hərbi toqquşmalardan yayınmaq mümkün olmayıb. Nadir Şah Osmanlıya qarşı ilk böyük hərbi kampaniyaya 1743-cü ildə başlayıb. Əfşarlar müəyyən əraziləri ələ keçirməyə nail olsalar da, dövlətin bəzi vilayətlərində baş qaldıran irimiqyaslı üsyanlar Nadir Şahı 1746-cı ildə müharibəni dayandırmağa vadar edib. Onun ölümündən sonra (1747-ci il) imperiyada başlayan tənəzzül və çoxhakimiyyətliliyin yaratdığı xaosda meydana çıxan Zənd sülaləsi Əfşarların pərakəndəliyindən faydalanaraq, dövlətin əhəmiyyətli hissəsi üzərində öz hökmranlığını bərqərar edib. Nadir Şahın əsasını qoyduğu və onun varislərinin davam etdirdiyi Osmanlı dövləti ilə normal münasibətlər Kərim xan Zəndin dönəmində xeyli pisləşib. Osmanlı dövləti Kərim xanın hakimiyyəti ələ keçirməsini qəbul etməsə də, Əfşarlarla Zəndlər arasında qarşıdurmaya açıq müdaxilə etmirdi. Buna baxmayaraq, Osmanlının Rusiya ilə müharibədə məğlub olaraq, vəziyyətini ağırlaşdırması Kərim xanı hücuma keçməyə şirnikləndirdi. Müharibənin əvvəlində bir sıra uğurlu döyüşlər keçirən Zənd ordusu bəzi əraziləri, hətta çox böyük strateji əhəmiyyət malik Bəsrə limanını da ələ keçirdi. Ancaq tədricən toparlanan Osmanlı ordusu Zənd qüvvələrini zəbt etdiyi ərazilərdən çıxara bildi.

Kərim xan Zəndin ölümü (1779-cu il) ilə Əfşar hüdudlarında hakimiyyət uğrunda mübarizə yenidən alovlandı. Bu dəfə Zəndlərlə Əfşarlar arasında vüsət alan qarşıdurmaya uzun müddət Kərim xanın sarayında girov həyatı yaşayan Ağa Məhəmməd Xan Qacarın liderliyini qəbul etmiş Qacarlar da qoşulub. Ağa Məhəmməd Xanın hərbi dühası sayəsində üstünlüyü ələ alan Qacarlar öz hakimiyyətlərini tədricən dövlətin bütün ərazisində bərqərar etdilər və yeni sülalənin dövrü başladı. Qacarların hərbi-siyasi uğurlarına yetərincə loyal yanaşan Osmanlı İmperiyası Ağa Məhəmməd Şah Qacarın hakimiyyətini tanımağa meyllənirdi. Qacarların 1795-ci ilin sentyabrında Rusiyanın himayəsinə keçmiş Gürcüstanı ağır məğlubiyyətə uğratmasından sonra Osmanlı sultanı III Səlim verdiyi sözü tutaraq, Ağa Məhəmməd Şah Qacarın timsalında Qacar sülaləsinin hakimiyyətini rəsmən tanıdı.
Həm Qacar, həm də Osmanlı imperiyalarının Rusiya ilə müharibə vəziyyətində olması bu dövlətlərin yaxınlaşmasını qaçılmaz zərurətə çevirirdi və Ağa Məhəmməd Şah Qacarın xələfi Fətəli Şah ilə Sultan I Mahmud bu reallıqları nəzərə aldılar. Nəticədə Osmanlı İmperiyasının Rusiyaya qarşı başladığı müharibəyə Qacar dövləti də qoşuldu. Ancaq bu müttəfiqlik hər iki dövlətin məğlubiyyəti ilə nəticələndi. Məhz həmin hərbi uğursuzluqdan sonra Qacar İmperiyası ilə Rusiya arasında 1813-cü il oktyabrın 12-də imzalanmış Gülüstan müqaviləsi Azərbaycanın ikiyə bölünməsinin əsasını qoydu.
Nə qədər təəccüblü olsa da, o müqavilənin imzalanmasından bir neçə il sonra Qacar-Osmanlı münasibətlərində gərginlik yaranmağa və sürətlə artmağa başlayır. Sərhəd toqquşmalarının çoxalması yekunda keçmiş müttəfiqləri müharibəyə sürükləyir. Dövrün Qacar mənbələri müharibənin əsas səbəbi kimi, Osmanlıların sərhəddi müntəzəm pozmalarını və yerli əhalini talan etmələrini göstərirlər. Əks tərəf isə Qacarların Gülüstan müqaviləsi üzrə itirdikləri əraziləri Osmanlı torpaqları hesabına “sığorta” etmək niyyətlərinin müharibəyə gətirib çıxardığını bildirirlər. Qacar mənbələrinin bildirdiyinə görə, Osmanlının “səltənətin daxili işlərinə qarşıması, Qacariyyə təbəələrinə qarşı haqsızlığı və Kərbəla ziyarətinə yaratdığı çətinliklər” müharibəni qaçılmaz etdi. Sonucda Şahzadə Abbas Mirzə Qacarın komandanlığı altında 1821-ci ilin avqustunda hücuma keçən Qacar ordusu qısa zamanda ciddi uğurlar qazanır və hətta Bağdadı da mühasirəyə alır. Lakin Qacar ordusunu bürüyən vəba epidemiyası hərbi kampaniyanı yarımçıq saxlayaraq, geri dönmək zərurəti yaradır. Tərəflərin 1823-cü ildə imzaladıqları Ərzurum sülh müqaviləsi ilə müharibəyə son qoyulur və status-kvo bərpa edilir.
Tarixdə yeganə Qacar-Osmanlı müharibəsi
Türkiyəli tarixçi Aziz Tekdemir özünün “XIX əsrin ilk rübündə Osmanlı-İran ixtilafları və 1821-23-cü il müharibəsi” kitabında bəhs olunan müharibəyə görə məsuliyyəti Qacarların üzərinə qoymaq niyyətini qabarıq gösərsə də, əsərdə maraqlı məlumatlar yer alıb:
“Fətəli Şahın vəliəhdi Abbas Mirzə komandanlıq etdiyi ordu ilə Şərqi Anadolu, şahın digər oğlu isə Bağdad istiqamətində hücuma keçdi. Bununla əsas hərbi əməliyyatlar Ərzurum və Bağdad ətrafında cərəyan etdi. İran ordusu Bağdad tərəfdə məğlubiyyətə düçar olsa da, Ərzurum cəbhəsində uğur qazana bildi. Abbas Mirzə 1821-ci il sentyabrın 10-da Həsən xan Qacarı Təbrizdən Xoy istiqamətinə göndərdi və özü də ordusu ilə onun arxasında getdi. Həsən xan qəfil hücumla Toprakkaleni, Abbas Mirzə isə Bəyazidi tutdu. O arada Ərzurumda həbsxanadan qaçan Bəhlul Paşa Abbas Mirzənin yanına gedərək, ona öz itaətini bildirdi. Şahzadə isə Bəyaziddə 3 min əsgər saxlayaraq, oranın valiliyini Bəhlul Paşaya həvalə etdi.
Bəyazidin itirilməsi bölgədəki Osmanlı əsgərlərində ruh düşkünlüyünə səbəb oldu. Ərazinin mühafizəsinə məsul olan Çeçenzadə Hasan Paşa öz fəaliyyətsizliyi ilə digər paşaları da geri çəkilmək məcburiyyətinə gətirdi”.
Aziz Tekdemir də müharibənin başa çatmasının əsas səbəbi kimi Qacar ordusunda vəba xəstəliyinin yayılmasını qeyd edir. Onun yazdığına görə, tərəflərin qarşılıqlı sülh təklifləri müsbət qarşılanıb və 1823-cü il iyulun 28-də Ərzurum sülh müqaviləsi imzalanıb. Müqavilədə Nadir Şah və I Mahmudun dövründə müəyyən edilmiş 1746-cı il sərhədlərinin dəyişməzliyi öz əksini tapıb. Ərzurum müqaviləsinin bəlkə də ən üstün cəhəti tərəflərin müharibənin yolverilməzliyini qəbul etmələri və yeni anlaşılmazlıqların ortaya çıxmasına imkan verməmək üçün qarşılıqlı səfirliklərin açılamsında razılığa gəlmələridir.
Maraqlıdır ki, Osmanlı və Qacar imperiyaları arasında baş vermiş 1821-23-cü il müharibəsi barəsində Rusiya mənbələrində də məlumatlara rast gəlinir. Bu sırada Rusiyanın məşhur hərbi xadimi Aleksey Petroviç Yermolovun yazdığı “Rus generalının qeydləri: 1798-1826” adlı əsəri diqqəti daha çox cəlb edir. Yermolov həmin müharibənin başlamasında “Şərqi Britaniya” şirkətinin təxribatçı fəaliyyətinin də mühüm rol oynadığını vurğulayıb. Onun yazdığına əsasən, Bağdad valisi Davud Paşanın ingilislrin maraqlarına toxunan addımlarından sonra “Şərqi Britaniya” şirkəti Qacar dövlətini müharibəyə təhrik edib. Yermolov müharibənin Osmanlı üçün çox çətin şərtlər altında başladığını yazıb:
“İran Türkiyədən istədiyini (tacirlərin incidilməməsi və Kərbəlaya sərbəst hərəkət) ala bilməyəndən sonra müharibəyə başladı. Türkiyə yunanlarla müharibə apardığı üçün hərbi qüvvələrini o savaşa yönəltmişdi. İranın hücuma keçməsi Türkiyəni yunanlarla döyüşən ordunun bir hissəsini şərqə göndərməyə məcbur etdi. Əmilyyatlar başlayanda İran ordusu sürətlə irəliləyirdi. Onların bu uğurunun bir səbəbi də türk paşalarından birinin İranın tərəfinə keçməsi oldu. Amma İran ordusunda yayılan xəstəlik müharibənin dayandırılması və sülh müqaviləsinin imzalanması ilə nəticələndi. Sərhədlər isə olduğu kimi qaldı”.
Qeyd edək ki, Yermolov bu müharibənin gedişində 500-dən çox erməni ailəsinin İrandan Qafqaza köçməsinə Rusiyanın mane olmadığını da vurğulayıb.

Müəllif: Araz Zeynalov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.
Mənbə: kaspi.az
Top