8 günlük müharibənin tarixi

8 günlük müharibənin tarixi

40 il əvvəl Asiyada birinci sosialist müharibəsi başladı. Çin ordusu sərhədi keçərək Vyetnam ərazisinə daxil oldu. Çinlilər SSRİ ilə “isti” münasibətlərinə görə qonşularını cəzalandırmaq istəyirdilər. Həm də işğal uğurlu alınsaydı, bu ruslara gözdağı olacaqdı.
Ancaq kiçik Vyetnam ABŞ-dan sonra böyük Çinin də burnunu ovmağı bacardı.
Qonşular
Əslində bu iki dövlət eyni dinin daşıyıcıları idi.19-cu əsrdə hər iki ölkə işğalla mübarizə aparırdı. Tam yüz il sonra hər ikisi sosializm ideyalarına qucaq açmışdı.
1946-1954-cü illərdə fransızlara qarşı birgə döyüşmüşdülər. Lakin aralarında olan münasibətı dostcasına adlandırmaq olmazdı. Avropalılar kontinentdən gedəndən sonra qonşular arasında ziddiyyətlər artdı. Qonşu Kambocada (keçmiş Kompuçiya) hakimiyyətə Çinin dəstək verdiyi qırmızı kxmerlərin lideri Pol Pot gəlmişdi. Öz xalqına qarşı represiya aparan cəlladı Vyetnam sevmirdi. Həm də Pol Pot hökuməti Vyetnama qarşı dəfələrlə ərazi iddiası irəli sürmüşdü.
Çin Vyetnam müharibəsi
Vyetnamın səbri 1975-ci ildə partladı. Kambocanın yenidən ərazi iddiası ilə çıxış etməsi Puli Vay adalarında hərbi toqquşma ilə nəticələndi. Çinin tərəflər arasında sülh yaratmaq cəhdi alınmadı. Rəsmi Hanoy Pol Pot rejimini devirməyi qarşısına məqsəd qoymuşdu.
Vyetnam 1978-ci ildə dəstək üçün SSRİ-yə müraciət etdi. İki ölkə arasında qarşılıqlı dostluq və əməkdaşlıq haqda sənəd imzalandı. Bundan sonra amerikalılarla döyüş təcrübəsi olan Vyetnam ordusu Kambocaya daxil oldu. Cəmi iki həftə ərzində qırmızı kxmerlərin müqaviməti sındırıldı. Ölkədə genosidə son qoyuldu. Dəhşətli aclıq keçirən xalqa humanitar yardım edildi. İşlərin belə gedişatı Çini qane etmirdi. Həmin vaxt Moskva və Pekin artıq çoxdan idi ki, dostluq münasibətlərini pozmuşdu. Daha doğrusu, 1950-ci ildən sonra Stalin ideyalarından geri çəkilməni Çin qəbul edə bilmədi. 1976-cı ildə Mao Tszedun öldü və hakimiyyətə islahatçılar gəldi. Onlar Qərblə daha sıx əlaqələrin olmasına tərəfdar idilər. Yəni, kapitalistlərlə qarşıdurmadan çəkildilər, ancaq sosialist Moskva ilə yox.
1979-cu ildə Çin lideri Den Syaopin ilk dəfə ABŞ-a rəsmi səfərə getdi. ABŞ-ın o vaxtki dövlət katibi Henri Kissincer xatırlayır ki, Çin lideri görüşlərdə açıq şəkildə Vyetnamı cəzalandıracağını və buna görə ABŞ-dan dəstək istədiyini deyirdi. 1979-cu ilin 17 fevralında Çin Vyetnamın sərhəd ərazilərini bombaladı, sonra 200 minlik ordu ilə hücuma keçdi. İlk vaxtlar çinlilər uğurla irəlilədi. Vyetnamın əsas qüvvələri Kambocada idi. Ona görə də düşmən 18-20 km ölkənin içərisinə doğru girərək bir neçə şəhəri tutdu. Vyetnamlılar əsas qüvvələr gələnədək partizan taktikasına keçdilər. Az müddət ərzində sovet mütəxəssisləri köməyə gəldi. Rus gəmiləri vyetnamlıların əsas qüvvələrini döyüş bölgəsinə gətirdilər. Çinlilər sayca çox olsalar da vyetnamlılar amerikalılarla döyüşlərdə təcrübə yığımışdılar.
Çin ordusu düşməni qorxutmaq və say çoxluğunu göstərmək üçün ayaq üstə hücuma keçdi. Pulemyotlara qarşı belə hücum axmaqlıq idi. Vyetnamlılar onları ot kimi biçdilər. Açıq ərazilərdə onlarla Çin tankı asan hədəfə çevrildi. Hücum fiasko ilə nəticələndi. Çin işğal etdiyi ərazilərdən çıxdı. Çıxarkən hər yeri yandırdı, bütün malı-mülkü daşıdı. Çin hesab edirdi ki, 30 min itki versə də qonşusuna “dərs” verdi. Vyetnam isə haqlı olaraq qalibiyyətini qeyd edirdi.
28 günlük müharibədə Çin heç nə əldə edə bilmədi. Vyetnam ordusu əsas qüvvələrini cəlb etmədən üstünlük qazandı. İkinci tərəfdən, Den Syaopinin Qərblə antisovet koalisiyası qurmaq cəhdi alınmadı.
Kimin kimə “dərs” verdiyi indiyə kimi açıq qalır.
 
 
 
Müəllif: İlqarAtabəyli
Mənbə: publika.az
Top