Ceyhun Hacıbəyli ağır vəziyyətdə olan Çəmənzəminliyə niyə kömək etmədi?

Ceyhun Hacıbəyli ağır vəziyyətdə olan Çəmənzəminliyə niyə kömək etmədi?

Səfirdən fəhləyə
1922-ci il Fransası… O zaman  Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əksəriyyəti sığınacaq kimi bu ölkədə məskunlaşmışdılar. Bəziləri də məcburi səbəbdən Paris Sülh Konfransından qayıtmayıb elə orada da qalmışdılar.
Yusif Vəzirin isə taleyi tam fərqli oldu. Xalq Cümhuriyyətinin Ukrayna, Polşa və Krım və Türkiyədəki  səfiri kimi çalışandan sonra qəzavü-qədər başqa səmtə əsdi. İş elə gətirdi ki, həm özünü xilas etmək, həm də dolanmaq üçün o, Fransada yaşayan qardaşı Mirinin yanına getməli oldu. Onsuz səfir olanda da bir gün görməyən Çəmənzəminli firəng ölkəsində bir neçə zavodda fəhlə kimi çalışdı. Yusif Vəzir elə adam idi ki, heç səfir olub məsul vəzifəni yerinə yetirəndə də maaş almırdı. Hətta sənədlərin birində göstərilir ki, Yusif Vəzir o zamankı hökumət rəhbəri Fətəli xan Xoyskiyə əlacsız qalıb məktub yazır və ona cüzi də olsa maaş kəsməsini xahiş edir. Çünki həm dolana bilmir, həm də kirayə pulunu ödəmək imkanı yox idi. Zavodda işlərkən də hamı ona hörmətlə yanaşırdı. Lakin bir gün işlədiyi zavodda tətil başlanır. Yusif  bəy tətilə qoşulmasa da başqa fəhlələr kimi onu da işdən qovurlar. Ondan sonra isə uzun müddət işsiz qalır. Sonradan az maaşı olan elektrik naqilləri hazırlayan  zavodda işə düzəlir. Burada işləyə-işləyə Azərbaycan nümayəndəliyi ilə də əməkdaşlıq edir, onların buraxdığı məcmuələrdə yazıları çıxırdı. Amma bu barədə danışmayaq.
Danışaq, Miridən-Ceyhun Hacıbəyli
Yusifin qardaşı Miri  rejimsiz və həddindən çox işlədiyi üçün səhhətində problem yaranır. Xəstəxanaya yatırılır. Nisbətən özünə gəlsə də bundan sonra  yaxşı müalicə üçün onu daha münasib yerə — “Priney dağları” dispanserinə göndərirlər. Çünki Miri artıq vərəmə tutulmuşdu. Dispanserə getdikdən bir ay sonra qardaşı Yusifə məktub yazır. Məktubda pulunun bitdiyini və burada gündəlik müalicə üçün 18 frankın lazım olduğunu bildirir. Yusif isə çalışdığı zavodda 18 frankı yalnız 3-4 günə qazanırdı. Üstəgəl, öz sosial təminatlarını da nəzərə alsaq, qardaşına pul yollamaq çox çətinləşirdi.
Yusif naəlac qalıb Azərbaycanın Parisdəki xoşməramlı səfirliyinə müraciət edir. Lakin o zaman nümayəndəliklə onun arasında münasibətlər yaxşı deyildi. Çünki bəzi qüvvələr AXC dağılandan sonra Yusifin İstanbuldan Parisə gəlməsini xəyanət kimi bu nümayəndəliyə çatdırmışdılar. Odur ki, onlar da məsələnin fərqinə varmadan Yusiflə düşmən mövqeyində idilər. Bu səbəbdən də Çəmənzəminlinin qardaşı ilə bağlı müraciət cavabsız qalır.
O, bundan çox incinir. Lakin başqa çıxış yolu yox idi. Qürbət ölkə, tanıdığı insanlar az, yerlilər də cavab vermirlər. Məcbur qalıb nümayəndəliyin əsas fiqurlarından biri olan dostu və qohumu Ceyhun bəy Hacıbəyliyə məktub yazır:
“Əzizim Ceyhun!
Səndən xüsusi bir təvəqqem var: iki ay müddətinə min frank borc pul istəyirəm. Bu yaxınlarda Türkiyəyə getmək niyyətindəyəm, borcumu ödəyəcəyəm. Min frank pul mənə son dərəcə zəruridir. Mirini sanatoriyaya qoyana qədər lazımdır.
Səni o qədər də daş qəlbli hesab etmirəm!”
Gecikən yardım
Lakin görünür Ceyhun Hacıbəylinin Çəmənzəminlidən məktubuna münasibəti birmənalı olmayıb. Odur ki, pulu yollamazdan əvvəl Mirinin səhhəti barəsində əlavə məlumatlar əldə etmək istəyir. Bu səbəbdən də Yusif Vəzir 1924-cü ilin dekabrında ona Mirinin səhhətini əlks etdirən daha bir məkrub yazır:
“Miri üçün bir neçə yerə müraciət etdim. Bir ərəb tələbəsi mənə 500 frank  borc  verdi. Bu günlərə qədər Mirini həmin pulla idarə etdim. Amma son həftə onun daha bir problemi-apendisit meydana gəldi. Yeməkdən kəsildi və zəiflədi. Əməliyyat üçün təcili 1500 farank pul lazımdı. Dünən işə getmədim və Parisdə bir neçə yerə müraciət etdim. Lakin hamısı cavabsız qaldı. Dünən Miridən daha bir məktub aldım: Sancıdan çox əziyyət çəkdiyini və əməliyyat üçün çarə qılmağımı istədi. Əlacsızlıqdan bilmirım ki, nə edim. Hazırda Mirinin qaldığı pansionatda yeməklər də son dərəcədə fənadır”.
Yusif Vəzirin ağrılı məktubu Ceyhun Hacıbəyliyə çatır. Lakin onun göndərəcəyi pul gecikir. Burada qısa bir haşiyəyə çıxaq. Gecikməni deməklə, Ceyhun bəy haqqında mənfi fikir yaratmaq istəmirik. Çünki bu həmin Ceyhun bəy idi ki, öz doğma oğlunu oxutdurmaq üçün belə pul tapmırdı. Bir neçə dəfə Topçubaşovdan kömək almışdı. Qardaşı, böyük bəstəkar Üzeyir Hacıbəyli ilə məktublaşmasında bəzən ondan borc istədiyi anlar da olub. Yəni bütün bu detallar göstərir ki, Ceyhun bəy istəyərəkdən Yusif Vəzirə yarmıdını əsirgəməyib.
Miri də həmin məktubdan bir neçə ay sonra 1925-ci ilin aprelində 29 yaşında vəfat edir. Əməliyyat gecikdi və günü-gündən vəziyyəti pisləşən xəstə dünyadan köçdü.
Amma Ceyhun bəy gec də olsa nəsə etdi. Belə ki, nümayəndəliyin yardımı ilə topladığı 850 frankı Yusif Vəzirə verdi. Yusif Vəzir o zaman çox pis durumda idi. Yalnız bu pulla ayaq üstə dura bildi. Qardaşını dəfn etdi və bir az yaşamağı bacardı. Bir məsələni də diqqətə çatdıraq: Mirinin Parisdə dəfni də həyatı kimi əzablı oldu. Dəfn üçün məzarlıqda daimi yer ala bilmirlər. Çünki fransızlr əsnəbilərə məzar yerlərini çox baha satırdılar. Odur ki, yalnız beş illiyinə, yəni müvəqqəti olaraq qardaşı məzarlığın bir küncündə dəfn edilir.
Yusif Vəzir üçün bu çox dəhşətli hadisə oldu. O səbəbdən Parisdə daha qala bilmədi. Nə olursa olsun, Azərbaycana qayıtmağı düşündü və qayıtdı da… Oğlu Orxan Vəzirov xatirələrində qeyd edirdi ki, atam ölənə qədər əmim Mirini kövrək hislərlə xatırladı və hər zaman da belə dedi: “Yəqin ki, Mirini o məzardan çıxarıblar. Beş il artıq bitib”....
 

Mənbə:azedu.az
Top