Bakı Dövlət Universitetinin yaradılmasına aparan yol

Bakı Dövlət Universitetinin yaradılmasına aparan yol

1918-ci il mayın 28-də Azərbaycan xalqı sərbəst inkişaf yolunu seçərək   müstəqilliyini  elan etdi. Xalqımız İstiqlal Bəyannaməsini qəbul edərək öz müstəqil dövlətini  — Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.  1918-ci ildə  yeni  yaradılmış hökumət kabinəsi  Avropa və Rusiyanın  ən yaxşı universitet  və  institutlarında  yüksək  təhsil almış nazirlərlə  təmsil olunmuşdu. Həmin şəxslər  Azərbaycan türkü olaraq  öz ölkəsinin həqiqi vətəndaşı və vətənpərvər  övladları kimi tarixdə dərin iz qoymuşdular. Bakı Dövlət Universitetinin yaradılmasına aparan yol
Rusiya İmperiyası süquta uğradıqdan  imperiyanın  dağıntıları  üzərində yaradılmış dövlətlər  arasında  Azərbaycan Xalq Cümhuriyyəti  bütün müsəlman dünyasında qurulmuş və  Avropa  tərəfindən  tanınmış yeganə türk respublikası idi. Həmin dövrdə  Azərbaycanın müstəqil  dövlətçiliyinin önündə  xalqımızın  M.Ə.Rəsulzadə, F.X. Xoyski, Ə.M.Topçubaşov, Ə.b.Ağayev, N.b.Yusifbəyli, S.b.Mehmandarov, Ş.Rüstəmbəyli  və başqa  şanlı  oğulları  dayanırdı.
Azərbaycan Respublikasının Dövlət  Arxivi və  Dövlət  Tarix  Arxivində saxlanılan arxiv  sənəd  və  materialları  təsdiq  edir  ki, Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti mövcud  olduğu dövrdə ölkənin sosial-iqtisadi və  mədəni inkişafı, milli  dövlətçiliyin əsasının  yaradılması, milli  kimliyin  inkişafı  sahəsində  mühüm addımlar  atmışdır. Cümhuriyyət hökumətinin  Respublikamızda xalq  təhsili  və  məktəb işinin inkişaf  etdirilməsi  üzrə  fəaliyyətini xüsusi olaraq qeyd  edirik. Azərbaycan Xalq Cümhuriyyəti ölkədə məktəb-təhsil-tədris  işini  həlli  vacib  sayılan  bir  vəzifə  kimi  ön  cərgəyə  çəkmişdir. İlk  növbədə  hərc-mərclik  dövründə  dağıdılmış və  əmlakı  talan edilmiş  məktəblərin bərpası, yeni  şəraitə uyğunlaşdırılması,  milliləşdirilməsi, milli  mədəniyyətin, ədəbiyyatın və incəsənətin  dəstəklənməsi  işinə  xüsusi diqqət  yetirilmişdir. Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  ilk  növbədə  1918-ci il iyunun  27-də  Azərbaycan dilinin dövlət dili elan edilməsi  haqqında qərar  qəbul  etdi. Azərbaycan  hökuməti və Xalq  Maarif  Nazirliyinin  həyata keçirdiyi  növbəti   tədbirlərdən  biri də  məktəblərin  milliləşdirilməsi  oldu.  1918-ci il   avqustun  28-də  Azərbaycan  Respublikasının  Nazirlər Şurası  tərəfindən məktəblərin  milliləşdirilməsi  haqqında  qərar  qəbul  edildi. Həmin  qərara əsasən  bütün məktəblərdə  tədris,  şagirdlərin öz  ana dilində aparılmaqla yanaşı, dövlət  dili olan azərbaycan dili də məcburi fənn kimi tədris edilirdi. Hökumət  tərəfindən  məktəblərin  milliləşdirilməsi  siyasəti  həyata keçirilərkən şagirdlərin müəyyən  bir hissəsinin  məktəbdən kənarda   qalmamasına çalışılırdı  və  həmin  məsələyə xüsusi diqqət  yetirilirdi. Bu məqsədlə Hökumət  tərəfindən 1918-ci  il  noyabrın 13-də məktəblərin  milliləşdirilməsi haqqında  əvvəl qəbul  edilmiş  qərarın  dəyişdirilməsi  haqqında  yeni qərar  qəbul  edildi. Yeni  qərara görə, yalnız bir orta təhsil müəssisəsi olan şəhərlərdə Xalq Maarif Nazirliyinin icazəsi ilə yuxarı hazırlıq siniflərində paralel olaraq rus bölmələrinin  açılmasına  icazə  verilirdi. Eynitipli bir neçə təhsil ocağının fəaliyyət göstərdiyi şəhərlərdə  onların bir hissəsi milliləşdirilir, qalan hissəsində isə təhsil rus dilində aparılırdı. Həmin məktəblərin hamısında türk (Azərbycan-R.S.) dili dövlət dili  olaraq  məcburi fənn ki¬mi tədris olunurdu.
Bakı Dövlət Universitetinin ilk binası
Həmin dövrdə məktəblərin milliləşdirilməsi işi bir sıra ciddi  çətinliklərlə  üzləşirdi.  Pedaqoji kadrların çatışmaması və  məktəblərin azlığı, lazımi  sayda  dərsliklərin olmaması  başlıca çətinliklərdən sayılırdı. Cümhuriyyət  dövründə  ölkədə məktəb işi ilə bağlı məsələlərin müzakirə  edilərək həll edilməsi, məktəb-tədris və təlim-tərbiyə  işlərinin zamanın tələblərinə və milli mənafeyə uyğun qurulması üçün  maarif  işçilərinin, müəllim  və  pedaqoqların  qurultayının  çağırılmasına  ehtiyac  duyulurdu.  Azərbaycan  hökuməti  və  Xalq  Maarif  Nazirliyi  qarşısında  məktəb  şəbəkəsinin  dağılmasının  qarşısının  alınması, həmçinin  maarif  və  təhsil  sisteminin  milli  maraqlara  və  tələblərə  uyğunlaşdırılması  kimi  vacib  vəzifələr  dayanırdı. Təsadüfü  deyil  ki, Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə ayrı-ayrı  vaxtlarda — 13-28  dekabr  1918-ci il  və  20  avqust — 01  sentyabr  1919-cu il  tarixlərində maarif  işçilərinin, müəllim  və  pedaqoqların iki  qurultayı  keçirilmişdir.
Hökumətin  21  mart  1919-cu il  tarixli  qərarı  ilə  X.b.Məlik-Aslanovun  sədrliyi  ilə  əlifba  islahatı  üzrə  xüsusi  komissiya  yaradılmışdı.  Qeyd  edək  ki, yazılı  dilin  ərəbcədən  latın  qrafikasına  keçirilməsi  üçün Müsəlman  Şərqində  ilk dəfə  olaraq   Azərbaycanda dövlət   səviyyəsində  komissiya  yaradılmışdır.
Çarizmin yürütdüyü  müstəmləkəçilik  siyasətinin ağır  nəticələrinin tezliklə  aradan qaldırılması  məqsədilə, hökumət tərəfindən azərbaycanlı şagirdlərin təhsilinə böyük diqqət  yetirilirdi. Xalq  Maarif  Nazirliyinin  orta məktəb rəislərinə  ünvanladığı sərəncamda  qeyd  edilirdi ki, azərbaycanlı  uşaqlar  yalnız  milliləşdirilmiş əlifba, hazırlıq  və birinci siniflərə qəbul  edilsinlər. Azərbaycanlı uşaqların, tədrisi rus dilində aparılan siniflərə qəbul  edilməsinə   yalnız  müstəsna  hallarda,  nazirin  icazəsi ilə yol verilirdi. Təhsil  sahəsində  həyata  keçirilmiş  tədbirlər  nəticəsində köhnə məktəbin əhəmiyyətli  hissəsini bərpa etmək və bir  sıra yenilərini acmaq,  bir sıra layihələri qismən də olsa yerinə yetirmək  mümkün oldu.
Ölkədə  ixtisaslı  mütəxəssis  kadrların  hazırlanması  üçün Azərbaycan Respublikasında  ali məktəblərin  yaradılmasına böyük  ehtiyac  var idi. Lakin ölkəmizdə ali  məktəbin təsis  edilməsi heç də asan məsələ olmayıb,  xüsusi çətinliklərlə müşayiət  edilirdi. Çünki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılana qədər  ölkəmizdə ali təhsil ocağı mövcud olmayıb və bu sahədə təcrübəyə  malik  deyildik. Hökumət ali məktəbin yaradılması  məsələsini -  bir tərəfdən gənclərin  oxumaq  üçün xarici ali tədris ocaqlarına göndərilməsi, digər tərəfdən isə ölkədə ali məktəbin yaradılması istiqamətində konkret tədbirlərin  həyata keçirilməsi  yolu ilə  həll etməyə  çalışırdı. Milli  hökumət  1918-ci  il  oktyabrın 27-də  xaricə  təhsil  almağa  getmək  üçün  müsəlman  tələbələrə  icazənin  verilməsi qaydası  haqqında  qərar  qəbul  etmişdir. Həmin  qaydaya  uyğun  olaraq,  xaricə  getmə və orada ali məktəblərə  daxil  olma imkanını   sübut  edən müsəlman tələbələrə  icazə  verilirdi ki, təhsilini  davam  etdirmək  üçün xaricə  getsin.
1919-cu il aprelin 8-də  Azərbaycan Respublikası hökuməti Bakı şəhərində Universitetin açılması  haqqında qərar  qəbul  etdi. Həmin  qərara əsasən Xalq  Maarif  Nazirinə tapşırılırdı:
1) 1919-1920-ci tədris ilinin əvvəlindən etibarən Bakı şəhərində Universitet açsın və bu məqsədlə  10 milyon manatdan  artıq olmayan smetanı  təqdim etsin;
2) Ticarət məktəbinin binası Universitet üçün ayrılsın.
Bakı Dövlət Universitetinin ilk binası
Azərbaycan  Respublikası  hökuməti 1919-cu  il  mayın 19-da  Universitet  komissiyası  haqqında  əsasnamənin qəbul  edilməsi  və  komissiyanın  ilkin  xərclərinin  ödənilməsi  üçün  pul  vəsaitinin  ayrılması haqqında  qərar  qəbul  etdi. Həmin  əsasnamədə  qeyd  edilirdi  ki, Bakı  şəhərində  Universitetin  yaradılması üçün Xalq  Maarif  Nazirliyi  yanında  Universitet komissiyası  təşkil  edilir. Komissiya  aşağıda qeyd  olunan  əvəzedilməz  üzvlərdən: elm  nümayəndələri — sədr professor V.İ. Razumovskiy  və üzvləri  professorlardan: N.A. Dübrovskiy, A.M. Levin,  S.İ.Sitoviç  və privat-dosent  L.A.İşkovdan  ibarət idi  və  üstəlik,  komissiyanın  işində  həlledici  səslə  Xalq  Maarif  Nazirliyinin, Bakı  şəhər  Özünüidarəetmənin  və Neft Mədən Sahibkarları  Şurasının  nümayəndələri iştirak  edirdi.  Komissiyanın  başlıca  vəzifəsi  Dövlət  Universitetinin qanunvericilik  layihəsi, nizamnaməsi, ştat  və smetasının  işlənib hazırlanması  və  onun təsdiq  edilməsi  üçün  hökumət  vasitəsilə  Parlamentə  təqdim  etməkdən  ibarət  idi.  Komissiya  universitetin  yaradılması, onun  quraşdırılması  və  avadanlıqlarla  təmin  edilməsi  üzrə  işlərin  icrasına  başladı  və bu məqsədlə hökumət  tərəfindən  xalq  maarif  nazirliyinin  sərəncamına bir milyon  manat  pul  vəsaiti  ayrıldı.  Komissiya  ayrı-ayrı məsələlərin  işlənib  hazırlanması üçün  yardımçı komissiyalar  yaradır və müxtəlif  xüsusi  məsələlər  üzrə  ekspertlərin  onun işində  iştirak  etməsini  təmin  edirdi. Komissiyanın    öz  üzvlərinin,  həmçinin digər  şəxslərin  xüsusi  məqsədlər  üçün  ayrı-ayrı  şəhərlərə  və  dövlətlərə  göndərmək hüququ da  vardır. Komissiyanın  bütün  qərarları  Xalq  maarif  naziri  tərəfindən  təsdiq  edilərək,  onun  tərəfindən də  icra  edilirdi.
 
Universitet  komissiyasının ilk iclası  1919-cu il mayın 21-də komissiyanın sədri, əməkdar professor  Vasiliy İvanoviç Razumovskiy, komissiyanın  üzvləri: əməkdar professor Aleksandr Mixayloviç Levin, professor Nikolay  Aleksandroviç Dubrovskiy, həlledici səs  hüququna malik  Bakı şəhər  özünüidarətmənin nümayəndəsi, məktəb şöbəsi üzrə şəhər idarəsinin üzvü Əli Cabbar Orucəliyev, neft sahiblərinin qurultay şurasının nümayəndəsi Arseniy Nikolayeviç  Saparov və komissiyanın katibi İvan İvanoviç  Babuşkinin iştirakı ilə  keçirildi. Həmin  iclas müvəqqəti  olaraq Xalq Maarif  Naziri vəzifəsini  icra  edən Camo  bəy Hacinski tərəfindən açıldı. O, iclas iştirakçılarını salamlayaraq  çıxışında  qeyd  etdi: «Azərbaycan  hökuməti Bakıda  universitetin açılmasının çox  vacib olduğu  haqqında qəti  qərara  gəlmişdir. Hökumətin  komissiya  üzvlərindən gözləntisi  odur  ki, onlar  öz  bilik  və təcrübələrini  universitetin tezliklə təşkil  edilməsi və açılması kimi çətin işə yönəldərək  lazımi töhfələrini verəcəklər. Hökumət  Azərbaycanın  həyatında universitetin böyük mədəni və dövləti əhəmiyyət  kəsb etdiyini qiymətləndirərək, müvafiq  avadanlıqlarla təchiz  edilməsi  üçün  heç bir vəsaiti  əsirgəməyəcək  və əmindir ki, komissiyanın üzvləri də öz  bilik və bacarıqlarını, işə olan sevgisini  Azərbaycanda ali təhsilin təşkili işinə sərf  edərək,  lazımi töhfələrini verəcəklər.”
Azərbaycan Hökuməti  16  iyun  1919-cu il  tarixdə  Xalq  Maarif  Nazirliyi  nəzdində  Universitet  Komissiyasının  müvəqqəti  ştatının  təsdiq  edilməsi  haqqında  qərar  qəbul  etdi. Azərbaycan  Respublikasının Parlamenti tərəfindən  1919-cu il sentyabrın 1-də Bakı Dövlət  Universitetinin təşkil edilməsi haqqında qanun qəbul edildi. Parlamentin qəbul etdiyi həmin qanuna uyğun olaraq  Bakıda  4 — şərq  şöbəli  tarix-filologiya; fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən  ibarət  Dövlət  Universiteti  açıldı. Lakin 1919/1920-ci tədris  ilində yalnız  tarix-filologiya və tibb fakültələrini  açmaq  mümkün oldu. Qeyd  edək kii, bütün  fakültələrdə türk (Azərbaycan-R.S.) dili məcburi fənn kimi  tədris  olunurdu. Azərbaycan  Parlamenti 1919-cu il  sentyabrın  1-də həmçinin təhsil  almaq  üçün  xaricə  göndərilən  azərbaycanlı  tələbələrə  yol  xərclərinin  və  təqaüdlərin  ödənilməsi  üçün  7 milyon manat  pul vəsaitinin  ayrılması  haqqında qərar  qəbul etdi. Həmin  qərarda   qeyd  edilirdi  ki,  təqaüddən istifadə  etmiş  tələbələr  təhsilini  başa  vurduqdan  sonra  hökumətin  müəyyən  etdiyi  yerdə  dörd  il  işləməyə  borcludurlar.
Universitet  Komissiyasının sədri  V.İ.Razumovskiy  1919-cu il  sentyabrın  4-də  Ticarət  Məktəbinin  direktoru  V.İ.Ponomaryova  186  saylı  məktubla  müraciət  edərək  məktəbin  binasının  universitet  üçün  təhvil-təslim  edilməsi  vaxtının sentyabrın 5-nə,  səhər saat  10-a təyin  edildiyi  haqqında  məlumat  vermişdir.
1919-cu il  sentyabrın  8-də  Bakı  Dövlət  Universitetinin  rektor  və  dekanlarının  təsdiq  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Hökuməti  tərəfindən  qərar  qəbul  edildi. Həmin  qərara  əsasən, operativ  cərrahiyə  kafedrasının əməkdar professoru V.İ.Razumovskiy  Bakı  Dövlət  Universitetinin rektoru, patoloji anatomiya  kafedrasının professoru İ.İ. Şirokoqorov  isə Bakı  Dövlət  Universitetinin tibb fakültəsinin  dekanı vəzifəsinə  təsdiq  olundu. Universitet  Komissiyası tərəfindən seçilmiş  fakültə terapevtik  klinikası kafedrasının əməkdar  professoru A.M.Levin  tibb fakültəsinin  dekanı və həmin kafedranın dosenti N.A.Dubrovski  isə  tarix-filologiya fakültəsinin dekanı vəzifələrini  icra  etməsi  qəbul edilmişdir.
1919-cu  il  sentyabrın  11-də  Bakı  Dövlət  Universitetinin  rektoru  V.İ.Razumovskiy  təhsil ocağını professorlarının  mənzil  məsələsinin  hökumət  tərəfindən  həll edilməsi  haqqında  Xalq  maarif  naziri  R.b.Kaplanova  məktubla  müraciət  etmişdir. Müraciətdə qeyd  edilirdi  ki, Rostov, Xarkov, Yekaterinoslav  və  Rusiyanın  digər  şəhərlərindən  olan professor  heyətinin xidmət  etmək  üçün  Bakıya  dəvət  edilməsi,  onların  hökumət tərəfindən mənzillə  təmin  edilməsini tələb edir. Bu  məsələnin  həllinin  gecikdirilməsi  universitetin  fəaliyyətinə  mənfi  təsir  göstərməklə yanaşı, onun  gələcək  fəaliyyətini  təhlükə  altına  alır. Azərbaycan  Hökuməti  qısa  müddət  ərzində  universitetdə xidmət  etmək  üçün  dəvət  olunmuş müəllim-professor  heyətinin  mənzillərlə  təmin  olunması  vəzifəsini  layiqincə  yerinə  yetirmişdir.
Bakı  Dövlət Universitetinin  açılması  münasibəti  ilə  İngiltərənin Xarici  işlər  naziri  lord Kerzonun  təbrik  məktubu  Zaqafqaziyada  Britaniya  diplomatik  missiyasının  başçısı  O.Uordrop  tərəfindən   1920-ci il martın  2-də Azərbaycan Xarici işlər naziri  F.X.Xoyskiyə  təqdim  edilmişdir. Məktubda  qeyd  edilirdi: „Kedelstondan  Lord  Kerzon  Bakı  Universiteti  üçün  aşağıdakı  teleqraf  məlumatı  sizə  çatdırmağı  məndən  xahiş etmişdir. Bu tapşırığı sizin  vasitənizlə böyük  sevinclə  yerinə  yetirirəm:
“Xarici  işlər  naziri  və  dünyanın ən qədim  və iri universitetlərinin  kansleri  kimi  Zaqafqaziyada yeni  universitetlərin  açılması  münasibətilə  sizə  səmimi  təbriklərimi  göndərirəm, məndə  olan  məlumata  görə Universitetlər  Bakıda, Aleksandrapol və  Tiflisdə  artıq  öz  fəaliyyətinə  başlamışdır, onlara  uğurlar  arzulayıram.
Böyük Britaniya həmin  universitetlərin  vətəni  olan ölkələrin  parlaq gələcəyini  qabaqcadan  gördüyü kimi, Oksford  universiteti də  Zaqafqaziya  universitetlərinin parlaq  gələcəyini  görür. Sizə  dərin  hörmətimi  bildirirəm.”

Yeri gəlmişkən qeyd  edim ki, Azərbaycan Xalq  Cümhuriyyəti (1918-1920-ci illər)   dövründə  Xalq  Maarif  Nazirliyi Bakıda  bir neçə ali məktəblərin açılması  haqqında qanun layihələri  işlənib  hazırlanmışdır. Məsələn, Pedaqoji  və  Kənd Təsərrüfatı İnstitutlarının açılması haqqında qanun layihələri işlənib başa çatdırılmış  və Parlamentin müzakirəsinə təqdim edilmişdir. Gündəlikdə  Konservatoriyanın açılması məsələsi dayanırdı. Həmin dövrdə Xalq  Maarif  Nazirliyi  tərəfindən Azərbaycan Respublikasında Dövlət  İncəsənət  İnstitutunun yaradılması haqqında qanun layihəsinin işlənib hazırlanması üzrə müəyyən işlər də  görülmüşdür. Lakin ölkənin  iqtisadi-siyasi  vəziyyəti və  Azərbaycanın  sovet  Rusiyası  tərəfindən  işğal  edilməsi ali  məktəblərin  yaradılması üzrə  hazırlanmış layihələrin həmin dövrdə  həyata  keçirilməsini  mümkün etmədi. Həmin  layihələr  sonrakı  dövrlərdə  həyata  keçirildi. Cümhuriyyət  dövründə yalnız Bakı Dövlət  Universitetini  açmaq  mümkün  oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr  edilmiş təntənəli mərasimdə çıxış  edərək qeyd etmişdir: „Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır. 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti, Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu, çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün universitetin yaradılması çox mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür,  zamanın müəyyən ideoloji çərçivələri daxilində fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir.”

2019-cu  ilin  sentyabrında  Azərbaycanın  nüfuzlu  təhsil  və  elm  ocağı  olan Bakı  Dövlət  Universitetinin  təsis  edilməsinin   100  illik  yubileyi  tamam  olur. Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  Bakı  Dövlət Universitetinin  100  illik yubileyinin  keçirilməsi  haqqında  sərəncam  imzalamışdır. Həmin Sərəncamda qeyd  edilir:  “Azərbaycan Xalq  Cümhuriyyətinin yadigarı  Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk  prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır.”   
Bu  məqalənin  sonunda  xalqımızı  Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi münasibəti ilə  ürəkdən  təbrik  edirəm  və  universitetə yaradıcı fəaliyyətində  yeni-yeni  uğurlar  arzulayıram.

 

Müəllif: Rafiq Səfərov Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin baş  məsləhətçisi
Top