Faşizmə qarşı birgə mübarizə aparan müttəfiq dövlətlər müharibədən sonra əməkdaşlığı davam etdirə bilmədi. Müharibədən iqtisadi və hərbi-siyasi cəhətdən çox güclü çıxmış ABŞ-ın dünya liderliyi iddiaları daha da artdı. SSRİ isə, öz növbəsində, nüfuz dairəsini genişləndirmək üçün sovet ordusu tərəfindən azad olunmuş ölkələrdə sosialist rejimi yaratdı. Dünyada sosializm cəbhəsi bərqərar oldu. Beləliklə, iki fövqəldövlət və iki ictimai sistem (kapitalizm və sosializm) qarşı-qarşıya durdu. Bir-birinə qarşı duran iki hərbi blok: NATO və Varşava Müqavilə Təşkilatı yarandı. Onlar arasında “soyuq müharibə” başlandı.
“Soyuq müharibə”yə ilk çağırış Böyük Britaniyanın baş naziri U.Çörçilin 1946-cı ildə Fulton şəhərindəki çıxışı, ilk real addım isə “Trumen doktrinası” ilə atıldı. Bu plan Türkiyə və Yunanıstanda SSRİ-nin nüfuzunu zəiflətmək üçün irəli sürülmüşdü. Bu “doktrina” müharibədə zərər çəkmiş Avropa ölkələrinə iqtisadi köməyi nəzərdə tutan “Marşal planı” ilə tamamlandı. SSRİ də, öz növbəsində, Yuqoslaviya və Çin istisna olmaqla, sosialist ölkələrini birləşdirən Qarşılıqlı İqtisadi Yardım Şurasını (QİYŞ) yaratdı.
İkinci Dünya müharibəsindən sonra Şərqdə də köklü dəyişikliklər baş verdi. Yaponiya işğalından azad olan Koreyanın şimalı sovet, cənubu isə ABŞ qoşunları tərəfindən tutuldu. 1948-ci ildə şimalda Koreya Xalq Demokratik Respublikası, cənubda Koreya Respublikası yaradıldı.
Avropada qütbləşmə Almaniyanın parçalanması ilə nəticələndi. 1949-cu ilin sentyabrında Qərb dövlətlərinin işğal zonasında AFR, oktyabrda sovet ordusunun işğal zonasında isə ADR-in yaradıldığı elan olundu. ABŞ və SSRİ rəhbərliyinin dəyişməsi ilə əlaqədar beynəlxalq münasibətlərdə gərginlik nisbətən “yumşaldı”. Koreyada Şimalla Cənub arasında baş vermiş müharibəyə son qoyuldu. Fransa Hind-Çində Kampuçiya və Laosun müstəqilliyini tanıdı.
Bütün bunlar beynəlxalq şəraitin mülayimləşdiyindən xəbər verirdi. Lakin bu mülayimləşmə uzun çəkmədi. Keçən əsrin 60-cı illərinin əvvəlində Berlin və Karib böhranları beynəlxalq münasibətlərdə gərginliyi yenidən artırdı.
Berlin və Karib böhranlarının beynəlxalq münasibətlərdə gərginliyi yenidən artırmasının səbəbi nə idi?
Şimalı ilə Cənubu arasında hərbi münaqişə gedən Vyetnama ABŞ-ın müdaxilə etməsi gərginliyi daha da artırdı. Lakin 60-cı illərin sonundan beynəlxalq münasibətlərdə yenidən gərginliyin zəiflədilməsi başladı. ABŞ-ın öz qoşunlarını Vyetnamdan çıxarması Cənubi Vyetnam rejiminin süqutuna yol açdı. Birləşmiş Vyetnam kommunistlərin nəzarətinə keçdi.
1962-ci ildə Karib böhranına səbəb olan SSRİ rakatlərinin Kubada yerləşdirilməsi
Karib böhranı zamanı SSRİ hərbi gəmisinin Kubaya yan alması
Münaqişə mənbələrindən biri də Kipr böhranı idi. 1974-cü ildə “enozis” (ilhaq) siyasəti yeridərək Kipr adasını Yunanıstana birləşdirmək istəyən yunan millətçilərinin arzusu Türkiyə ordusunun adaya desant çıxarması ilə boşa çıxdı.
ABŞ-la SSRİ arasında strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqavilələrin imzalanması beynəlxalq münasibətlərdə gərginliyi xeyli yumşaltdı. Yumşaltma prosesini 1975-ci ildə Helsinkidə (Finlandiya) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) yaradılması daha da möhkəmləndirdi.
İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq münasibətlərin inkişafında müstəmləkə sisteminin dağılması nəticəsində “üçüncü dünya” dövlətləri meydana gəldi. Onlar bitərəf, bloklara qoşulmamaq siyasəti yeridirdilər. 80-ci illərin ortalarında bloklara qoşulmamaq hərəkatı öz sıralarında yüzdən artıq dövləti birləşdirirdi.
70-ci illərin ikinci yarısında SSRİ Avropada ortamənzilli raketlər yerləşdirdi. SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi ilə beynəlxalq münasibətlərdə “son tutaşma” adlanan gərginlik mərhələsi başlandı. ABŞ prezidenti R.Reyqanın “ulduzlar müharibəsi” proqramını elan etməsi gərginliyi daha da artırdı. Lakin 80-ci illərin sonlarında hərbi-iqtisadi istehsal və silahlanma sahəsində ABŞ-la yarışa tab gətirməyən SSRİ beynəlxalq münasibətlərdə gərginliyi azaltmağa üstünlük verdi. Bu məqsədlə SSRİ və ABŞ arasında bir sıra zirvə görüşləri keçirildi. Orta və yaxınmənzilli raketlərin ləğv olunması barədə saziş imzalandı. ATƏM-in iştirakçısı olan ölkələrin nümayəndələrinin 1990-cı ildə Paris zirvə görüşündə Yeni Avropa üçün Xartiya qəbul olundu.
Keçən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin süqut etməsi ilə sosializm birliyinə son qoyuldu. SSRİ-ABŞ qarşıdurması sona çatdı. Bununla da 1946-cı ildən etibarən davam edən “soyuq müharibə” başa çatdı.
SSRİ-nin və sosializm sisteminin çökməsi dünyada qüvvələr nisbətini də pozdu. ABŞ-ın hegemon olduğu birqütblü beynəlxalq münasibətlər formalaşmağa başladı. 1997-ci ildə Rusiya ilə NATO arasında “bir-birləri ilə düşmənçilik etmə-yəcəkləri” barədə razılaşma əldə olundu. Bu isə NATO-nun Şərqə doğru irəliləməsinə şərait yaratdı. Şərqi Avropanın keçmiş sosialist ölkələri NATO-ya qoşuldu. Bu ölkələr eyni zamanda Avropa Birliyinin üzvlüyünə qəbul edildi.
Hazırda dünyada ən çox münaqişə ocaqları Yaxın Şərqdədir. XXI əsrin əvvəllərində bu bölgəyə Qərb dövlətlərinin müdaxiləsi qarşıdurmaları daha da kəskinləşdirmişdi. İraqda, Suriyada, Yəməndəki qanlı savaşlar bütün bölgə üçün daha da təhlükəli xarakter almağa başlamışdır.
Keçmiş SSRİ ərazisindəki münaqişələrin əsas səbəbi isə separatizm meyillərinin artması ilə bağlıdır. Bu münaqişələrə misal olaraq 1988-ci ildən başlayan Dağlıq Qarabağ, XX əsrin sonlarında başlayan Abxaziya və Cənubi Osetiya, Dnestryanı bölgə, Krım və Şərqi Ukraynadakı qarşıdurmaları göstərmək olar.
Müasir mərhələdə beynəlxalq terrorizm daha təhlükəli xarakter almışdır. ABŞ başda olmaqla, bir sıra dövlətlərin Əfqanıstan və İraqda apardığı radikal tədbirlər beynəlxalq terrorizmə qarşı mübarizənin bariz nümunəsidir. Beynəlxalq terrorizm sırasında erməni terrorizmi də özünəməxsus yer tutur. Erməni terroru, əsasən, genetik düşmənləri saydıqları Türkiyə və Azərbaycan türklərinə qarşı çevrilmişdir. XX-XXI əsrin əvvəllərində on minlərlə günahsız azərbaycanlı və türk erməni terrorunun qurbanı olmuşdur. XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı 32 terror aktı, o cümlədən Xocalı soyqırımı törədilmişdir.
Müəllif:Yaqub Mahmudlu, Tofiq Nəcəfli, Kərəm Məmmədov, Sevil Bəhrəmova, Sabir Ağayev
Mənbə: ÜMUMİ TARİX 9 Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün "Ümumi tarix" fənni üzrə DƏRSLİK