Qərbi Avropa ölkələri və Amerika Birləşmiş Ştatları

Qərbi Avropa ölkələri və Amerika Birləşmiş Ştatları

Böyük Britaniya. Böyük Britaniya müharibədən qalib çıxsa da, ABŞ və SSRİ-dən geridə qalırdı. 1945-ci ilin iyulunda keçirilən parlament seçkilərində hakimiyyətə gələn leyborist Klement Ettli hökuməti milliləşdirmə siyasətinə başladı. Kömür, qaz, poladtökmə, elektrik enerjisi, kimya sənayesi sahələri, rabitə vasitələri, daxili nəqliyyat və banklar milliləşdirildi. Siyasi sahədə leyboristlər parlamentdə Lordlar palatasının hüquqlarını məhdudlaşdırmağa müvəffəq oldular.
Xarici siyasətdə ən mühüm məsələ imperiyanın qorunub saxlanması idi. Hökumət Hindistan, Seylon, Birma, Fələstin və İordaniyaya istiqlaliyyət verməyə məcbur oldu. Leyboristlərin keçirdiyi islahatlar lazımi nəticə vermədi. Vergilərin artması, kartoçka sisteminin saxlanması leyboristlərin nüfuzunu aşağı saldı.
1951-ci ilin parlament seçkilərində mühafizəkarlar qalib gəldilər. Uinston Çörçil yenidən baş nazir oldu. O, poladtökmə sənayesini və nəqliyyatı yenidən özəlləşdirərək keçmiş sahiblərinə qaytardı. Böyük Britaniya Sudan, Malayya Federasiyası, Qızıl Sahil, Kipr və Nigeriyaya müstəqillik verdi. Müstəmləkələrdən məhrumolma ölkənin iqtisadi inkişafına ciddi təsir göstərdi. AFR, Fransa və Yaponiya iqtisadi inkişafda onu ötüb keçdi.1973-cü ildə Böyük Britaniya Avropa iqtisadi Birliyinə qəbul olundu. Xarici siyasətdə Böyük Britaniya ABŞ-la əməkdaşlığı davam etdirir, NATO-nun fəaliyyətində yaxından iştirak edirdi. XX əsrin 60-cı illərinin sonlarında Olsterin (Şimali İrlandiya) İrlandiya ilə birləşmək uğrunda mübarizəsi başlandı.
1979-cu il seçkilərində mühafizəkarlar qalib gəldilər. Marqaret TetçerBöyük Britaniya tarixində “dəmir ledi” adlandırılan Marqaret Tetçer baş nazir oldu. Daxili siyasətdə ilk addım ölkədə xüsusi sahibkarlığın dirçəldilməsi oldu. Dövlət müəssisələrinin üçdə ikisi özəlləşdirildi. 1982-ci ilin aprelində Argentina Böyük Britaniyaya məxsus olan Folklend adalarına qoşun çıxardı. Folklend böhranı “dəmir ledi” üçün mühüm sınaq oldu. Tetçer hökumətinin cavab tədbirləri ilə adalar geri qaytarıldı.
Lakin iqtisadiyyatın sürətli inkişafı və firavanlıq dövrü uzun sürmədi. Büdcə kəsiri, inflyasiya, işsizlik artdığına görə 1990-cı ilin noyabrında M.Tetçer vəzifəsindən və partiya sədrliyindən istefa verdi. 1997-2001-ci illərin parlament seçkilərində leyboristlər qalib gəldilər. Hazırda. Böyük Britaniya dünyanın iri sənaye dövlətlərindən biridir, xaricə kapital qoyuluşunun miqdarına görə, ABŞ-dan sonra dünyada ikinci yeri tutur.
Fransa. Fransanın müharibədən sonrakı tarixi Müvəqqəti rejim, Dördüncü və Beşinci respublika dövrlərinə bölünür.
Müvəqqəti rejim dövründə (1944—1946) Fransam general Şarl de Qollun başçılıq etdiyi Müvəqqəti hökumət idarə edirdi. Müvəqqəti hökumət iqtisadi islahatlar həyata keçirdi. Sahibkarlardan elektrik stansiyaları, kömür şaxtaları, aviasiya və sığorta şirkətləri satın alındı. Şarl de Qollun prezident respublikası yaratmaq təklifi həyata keçmədiyi üçün istefa verməyə məcbur oldu. 1946-cı ilin dekabrında yeni konstitusiyanın qüvvəyə minməsi ilə Fransa tarixində IV respublikanın 12 illik tarixi başlandı. 1958-ci ildə Əlcəzairdə müstəmləkəçilik əleyhinə başlayan mübarizə IV respublikanın süqutuna səbəb oldu. Həmin ilin payızında keçirilən referendum Şarl de Qollun tərtib etdiyi konstitusiyanı bəyəndi. Fransa prezident respublikası oldu və respublikanın ilk prezidenti Şarl de Qoll seçildi.
Şarl de Qoll Ekvador, Qərbi Afrika müstəmləkələrinə müstəqillik verdi və Əlcəzairin istiqlaliyyətini tanıdı. O, Fransanın müstəqilliyini möhkəmləndirmək, ABŞ-ın Avropadakı təsirini zəiflətmək vəzifələrini həyata keçirdi. Lakin 1969-cu ildə referendumda məğlub olan Şarl de Qoll istefa verdi. Prezident seçilən Jorj Pompidu ABŞ-la münasibətləri yaxşılaşdırdı.
Lakin keçən əsrin 70-ci illərinin ortalarında növbəti prezident və parlament seçkilərində sol qüvvələr qələbə çaldılar. Sosialist partiyasının lideri Fransua Mitteran prezident seçildi. Əməkhaqqı, işsizliyə, çoxuşaqlılığa görə yardım, pensiya və təqaüdlər artırıldı, iqtisadiyyata dövlət müdaxiləsi genişləndirildi.
Almaniya. İkinci Dünya müharibəsi Almaniya üçün faciəli 1961-ci ildə çəkilməyə başlamış Berlin divarlarınəticələrlə başa çatdı. Almaniya müstəqil dövlət kimi varlığını itirdi. Onun ərazisi 4 işğal zonasına bölündü.
Qərb dövlətləri “sovet təhlükəsi”nin güclənməsindən ehtiyat edərək Almaniyanın iqtisadi cəhətdən zəiflədilməsi planından imtina etdilər və təzminat alınmasını dayandırdılar. Az sonra ingilis, amerikan və fransız işğal zonaları birləşdirildi. 1949-cu ilin mayında Almaniya Federativ Respublikasının konstitusiyası qüvvəyə mindi. Almaniya Federativ Respublikası parlamentli respublika elan edildi. Konrad Adenauer federal kansler seçildi. Bonn şəhəri respublikanın paytaxtı oldu. Həmin ildə sovet işğal zonasında isə Almaniya Demokratik Respublikası yaradıldı. Şərqi Berlin onun paytaxtı oldu. 1961-ci ilin avqustunda Berlin səddi çəkildi. Bu, böhrana səbəb oldu. Qərbi Berlinə xüsusi status verildi.
AFR-in beynəlxalq mövqeyinin güclənməsi onun iqtisadi inkişaf sürəti ilə çox bağlı idi. ABŞ-ın “Marşal planı” üzrə maliyyə yardımı, ən müasir avadanlıqlar göndərməsi və ucuz işçi qüvvəsindən istifadə olunması iqtisadiyyatın sürətli inkişafına səbəb oldu.
Xarici siyasətdə AFR-in ABŞ-a meyilliliyi onun beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi. AFR NATO*-ya və Avropa İqtisadi Birliyinə daxil oldu. Almaniya ilə Fransa arasında tarixi düşmənçilik sona çatdı.
1969-cu ildə Villi Brandtın başçılıq etdiyi “Kiçik koalisiya hökuməti” hakimiyyətə gəldi. Əməkhaqları və təqaüdlər artırıldı, müəssisələrdə sahibkarların özbaşınalıqlarını məhdudlaşdıran istehsalat şuraları yaradıldı. Hökumət “Yeni Şərq siyasəti”ni reallaşdırdı. Şərqi Avropanın müharibədən sonrakı sərhədləri tanındı, ADR-lə dövlətlərarası münasibətlər yaradıldı. Qərbi Berlinin statusu haqqında razılığa gəlindi.
XX əsrin 70-ci illərinin iqtisadi böhranı başqa ölkələrə nisbətən AFR-ə daha az təsir göstərdi. Seçkilərdə qalib gələn sosial-demokrat Helmut Şmidt V.Brandtın siyasi xəttini davam etdirdi. Lakin növbəti seçkilərdə yenidən xristian demokratlar hakimiyyətə gəldilər. Helmut Koll federal kansler oldu. Yeni hökumət vergiləri və dövlət xərclərini azaltdı, biznesin dövlət tənzimlənməsini zəiflətmək, rəqabəti stimullaşdırmaq üçün tədbirlər gördü, ölkədə iqtisadi yüksəliş başlandı. Helmut Koll Almaniyanın birləşdirilməsinə nail oldu. Almaniyanın parçalanmasının rəmzi olan “Berlin səddi” dağıdıldı. 1990-a II oktyabrın 3-də Almaniya birləşdirildi. H.Koll birləşmiş Almaniyanın ilk federal kansleri oldu. Almaniya iqtisadiyyatı sabit və dinamik şəkildə inkişaf edir.
İtaliya. 1946-cı ilin iyununda İtaliyada ümumxalq referendumu və Müəssislər Məclisinə seçkilər keçirildi. Respublika tarəfdarları qalib gəldi. İtaliya respublika elan olundu. Alçi de Qasperi hökumətin başçısı oldu. 1947-ci ilin fevralında qalib dövlətlərlə sülh müqavilələri imzalandı. Müqaviləyə görə, İtaliya müstəmləkələrindən məhrum edildi, ərazisinin bir hissəsini Fransa və Yuqoslaviyaya güzəştə getdi. Ölkədə faşist təşkilatlarının yaradılması qadağan edildi və hərbi qüvvələrin sayı məhdudlaşdırıldı. Bir il sonra qüvvəyə minmiş yeni konstitusiyaya əsasən, hər cür ayrı-seçkilik qadağan olundu. Qadınlar kişilərlə bərabər hüquqlar aldılar. Məhkəmə hakimiyyətinin müstəqil olması təsbit olundu. Seçkilərdə çoxpartiyalı sistem qaydası tətbiq edildi və parlamentə yeni seçkilər keçirildi.
Respublikanın qurulması prosesi başa çatdırıldı. ABŞ-dan alınmış kredit sənayenin modemləşdirilməsinə və istehsalın yüksəldilməsinə kömək etdi.
1992-ci ildə İtaliyada “təmiz əllər” adım almış irimiqyaslı kampaniya hakimiyyətin yuxarı təbəqələrində və siyasi partiyalarda kütləvi korrupsiya faktlarını aşkarladı. Növbəti parlament seçkilərində demokratik sol qüvvələr qalib gəldilər.
ABŞ. ABŞ İkinci Dünya müharibəsindən hərbi, siyasi və iqtisadi cəhətdən ən güclü ölkə kimi çıxdı. O, yeni bazarlara yiyələnmək, kapital ixracını artırmaq, “dollar imperiyası” yaratmaq üçün əlverişli şərait əldə etdi. 1945-ci ildə F.D.Ruzvelt vəfat etdikdən sonra prezident vəzifəsini vitse-prezident Harri Trumen icra etməyə başladı. O, iqtisadi və sosial sahələrdə F.Ruzveltin “Yeni xətt” siyasətini davam etdirdi. Müharibədən sonra sosial və əmək münasibətlərinin kəskinləşməsi öz ifadəsini konqresin qəbul etdiyi Taft-Xartli qanununda tapdı. Bu qanun həmkarlar ittifaqlarının fəaliyyətini və əmək münasibətlərini tənzimləyirdi.
Müharibədən sonra ABŞ xarici siyasətdə “zor işlətməmək”, “müharibə həddində müvazinət”, “total qarşıdurma” doktrinalarını irəli sürdü. Trumen doktrinası və Marşal planı təklif olundu. Trumen doktrinası Yunanıstan və Türkiyədə sovet təsirinin güclənməsi əleyhinə çevrilmişdi. Marşal planı isə Avropadakı müttəfiqlərinə müharibə dövründə dağılmış iqtisadiyyatın bərpa olunmasına kömək üçün nəzərdə tutulmuşdu. ABŞ dünyanı “amerikasayağı” idarə etmək üçün geniş proqram həyata keçirirdi. Prezident yanında Milli Təhlükəsizlik Şurası və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) fəaliyyətə başladı.
Keçən əsrin 50-ci illərində prezident Duayt Eyzenhauer iqtisadi və sosial sahədə dövlətin tənzimedici rolunu artırmaq siyasətini davam etdirdi, vergilər azaldıldı, səmərəli bazar və kredit siyasəti yeridildi. ABŞ iqtisadiyyatında irəliləyiş təmin edildi. Buna baxmayaraq, növbəti prezident seçkilərində demokratların nümayəndəsi C.F.Kennedi qalib gəldi. O, “yeni üfüqlər” adlanan islahat proqramı irəli sürdü. Con Kennedinin siyasi xətti mühafizəkarların və irqçilərin müqavimətinə səbəb oldu. O, 1963-cü ilin noyabrında Texas ştatının Dallas şəhərində öldürüldü. Bu hadisə tarixə “Əsrin cinayəti” kimi daxil oldu.Növbəti seçkilərdə qələbə çalan Lindon Conson vətəndaş haqları, yoxsulluqla mübarizə sahəsində islahatları nəzərdə tutan “Böyük cəmiyyət” proqramını elan etdi. Lakin Vyetnamda genişlənən müharibə proqramın yarımçıq qalmasına səbəb oldu. 1968-ci ildə Riçard Niksonun prezident seçilməsi ilə ABŞ-ın tarixində respublikaçılar dövrü başlandı. Vyetnam müharibəsi dayandırıldı. R.Niksonun prezidentliyi dövründə “Uotergeyt əhvalatı” baş verdi. Seçkilər zamanı bir qrup şəxs Vaşinqtonda “Uotergeyt” hotelində demokratlara qarşı xəlvəti dinləmə qurğusu qoyarkən yaxalandılar. R.Nikson istefa vermək məcburiyyətində qaldı. Bu, respublikaçılar partiyasının nüfuzuna ciddi zərbə vurdu.
1980-ci il prezident seçkilərində respublikaçı Ronald Rey- qan qələbə qazandı. O, “Mühafizəkar inqilab” adlandırılan xətt irəli sürdü. Bu proqram “Reyqanomika” adını almışdı. “Reyqanomika” proqramının həyata keçirilməsi sayəsində iqtisadi böhran dayandırıldı, inflyasiya və işsizlik aşağı salındı, iqtisadiyyatın inkişafı sürətləndi. Bütün bunlar R.Reyqanın növbəti dəfə prezident seçilməsini təmin etdi. O, ABŞ-ın hərbi mövqeyini gücləndirmək siyasəti yeridirdi. Reyqan hökuməti ABŞ-ın strateji silahları yeniləşdirmək və “ulduzlar müharibəsi”* proqramını irəli sürdü.
Reyqan SSRİ ilə qarşıdurmanı yumşaltmaq sahəsində də ciddi addımlar atdı. 1985-1988-ci illərdə SSRİ rəhbərliyi ilə silsilə görüşlər nəticəsində orta və yaxınmənzilli raketlərin ləğvi haqqında müqavilə qüvvəyə mindi.
Növbəti prezident seçkilərində qələbə çalmış Corc Buş Reyqanın xəttini davam etdirdi. Onun prezidentliyi dövrü dünya miqyasında böyük hadisə olan “soyuq müharibə”yə* son qoyulması ilə nəticələndi. Bunun əsas səbəbi SSRİ-nin dağılması idi.
1992-ci il prezident seçkilərində demokratların lideri Bill Klinton qalib gəldi. O, “Reyqanomika”nı tənqid edərək “üçüncü yol” siyasətini təklif etdi. Bu siyasət Ruzveltin “Yeni xətt”inin və 60-cı illər liberalizminin təcrübəsini özündə əks etdirirdi. 2000-ci ilin prezident seçkilərində hakimiyyətə respublikaçıların nümayəndəsi, C.Buşun oğlu kiçik C.Buş gəldi. ABŞ dünyanın super dövləti, dünya iqtisadiyyatının üç (ABŞ, Avropa, Yaponiya) güc mərkəzlərindən birinə çevrildi. O özünü irticaya, beynəlxalq terrorizmə qarşı mübarizənin başlıca qüvvəsi elan etmişdir.
2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda terror aktları törədildi. Terrorizmə qarşı mübarizə adı altında ABŞ Əfqanıstana hücum etdi. İraqda Səddam Hüseyn rejimi devrildi. 2008 və 2012-ci il prezident seçkilərində ABŞ tarixində ilk dəfə qaradərili Barak Hüseyn Obama prezident seçildi.


Müəllif:Yaqub Mahmudlu, Tofiq Nəcəfli, Kərəm Məmmədov, Sevil Bəhrəmova, Sabir Ağayev
Mənbə: ÜMUMİ TARİX 9 Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün "Ümumi tarix" fənni üzrə DƏRSLİK
Top