Qafqaz. 1917-ci il Oktyabr çevrilişindən sonra Qafqazın ictimai-siyasi qüvvələri bölgəni idarə etmək üçün noyabrın 14-də Cənubi Qafqaz Komissarlığı yaratmağı qərara aldılar. Komissarlığın tərkibinə gürcü, azərbaycanlı, erməni və rus nümayəndələri daxil idi. Hökumətin ən böyük uğuru dekabrın 5-də Qafqaz cəbhəsində hərbi əməliyyatların dayandırılması haqqında Ərzincan barışığının imzalanması oldu. Cənubi Qafqazda demokratik hərəkatın yüksəlməsi 1918-ci il fevralın 10-da Cənubi Qafqaz (Zaqafqaziya) Seyminin yaradılmasını labüd etdi. Lakin Seymdəki gürcü-erməni çoxluğu Qafqazın müxtəlif yerlərində müsəlman-türk əhaliyə qarşı erməni hərbi birliklərinin törətdiyi qətl və qarətlərə, o cümlədən mart-aprel aylarında daşnak-bolşevik qüvvələrinin Azərbaycanda həyata keçirdiyi soyqırımına biganə qaldı Seym Azərbaycan nümayəndələrinin etirazına baxmayaraq, Qars, Ərdahan və Batum vilayətlərini öz nəzarətində saxlamaq üçün Osmanlı imperiyası ilə müharibəyə başladı.
Tezliklə Osmanlı ordusu gürcü və erməni silahlı birliklərini ağır məğlubiyyətə uğradaraq Cənubi Qaiqaz Seymini sülh danışıqlarına başlamağa məcbur etdi Batum sülh konfransı gedişində gürcü nümayəndə heyəti Almaniya ilə gizli anlaşma imzaladı.
1918-ci il mayın 11-də Şimali Qafqaz Dağlı Xalqları ittifaqı Respublikası (Dağlı Respublikası) öz müstəqilliyini elan etdi 1918-ci 11 mayın 26-da Cənubi Qafqaz Seyminin gürcü fraksiyası Seymdən çıxdığını və müstəqil Gürcüstan Demokratik Respublikası yaradıldığını elan etdi. Bundan sonra Cənubi Qafqaz Seymi öz fəaliyyətmi dayandırdı, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyəti və Ermənistan (Ararat) Respublikası yaradıldı. Qafqazda yaranan müstəqil dövlətləri tanıyan ilk dövlət Osmanlı imperiyası oldu. 1918-ci il iyunun 4-də Cənubi Qafqaz respublikaları ilə «Sülh və dostluq” haqqında müqavilələr imzalandı.
Ermənistan Respublikası yarandığı gündən qonşularına qarşı ərazi iddiaları irəli sürür, silah gücünə yeni ərazilər ələ keçirmək istəyirdi Borçalı qəzasına 1918-ci il dekabrın 9-da erməni təcavüzü ilə əlaqədar olaraq Ermənistan-Gürcüstan müharibəsi başlandı. Həmin, müharibə ingilislərin müdaxiləsi ilə dekabrın 31-də dayandırıldı. 1918-ci ilin dekabrında Qars şəhərində keçirilmiş iclasda Cənub-Qərbi Qafqaz Respublikasının yaradıldığı elan edildi Cənubi Qafqazda ikinci müsəlman-türk dövlətinin yaranmasını istəməyən ingilis qoşunları 1919-cu il aprelin 12-də bu dövləti süquta uğratdı.
1919-cu ilin, sonunda Sovet Rusiyasının Qırmızı Ordusu general A.Denikmin ağqvardiyaçı qüvvələrini məğlub edərək Şimali Qafqaza daxil oldu. 1920-ci ilin yazından başlayan Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində 1920-1921-ci illərdə Cənubi Qafqazda müstəqil dövlətlərin varlığına son qoyuldu. 1922-ci ildə Cənubi Qafqaz sovet respublikalarının federasiyası — ZSFSR yaradıldı və bu qurum həmin ilin sonunda SSRİ-yə qatıldı.
Mərkəzi Asiya və Qazaxıstan. Rusiyada Fevral burjua inqilabının qələbəsi Mərkəzi Asiya və Qazaxıstanda milli azadlıq hərəkatının başlanmasına səbəb oldu. 1917-ci ilin dekabrında Qazaxıstanın milli partiyası Alaş tərəfindən Alaş-Ordu adlandırılan milli qazax dövlətinin yaradıldığı elan edildi. 1920-ci ilin yazında, əsasən, ruslardan ibarət olan bolşevik qüvvələri Alaş-Ordu dövlətini devirmək üçün Qazaxıstan ərazisinə silahlı müdaxilə etdilər. Dövlət süqut etdi, milli qüvvələrə qanlı divan tutuldu.
1920-ci ilin əvvəlində I Ümumxarəzm sovetlər qurultayı Xivəni Xarəzm Xalq Sovet Respublikası elan etdi. Xivədəki hadisələr Buxara əmirliyinə də təsir göstərdi. Lakin nəticədə Buxarada hakimiyyət bolşeviklərin əlinə keçdi.
Sovet Rusiyası Mərkəzi Asiya və Qazaxıstanı yenidən təşkil edilən imperiyanın tərkibinə qatmağa nail oldu. 20-ci illərdə bu regionlarda yaradılan sovet respublikaları “könüllülük prinsipi” ilə SSRİ-nin tərkibinə daxil edildi.
Krım, Volqaboyu və Ural. 1917—1918-ci illərdə Krım, Volqaboyu və Uralda türk xalqlarının milli azadlıq mübarizəsi genişləndi. Krım türkləri 1918-ci ilin noyabrında Krım Xalq Respublikasını yaratdılar. Lakin general M.A.Sulkeviçin başçılıq etdiyi bu hökumət bir neçə aydan sonra ağqvardiyaçı rus qüvvələri tərəfindən süquta uğradıldı. 1917-ci ilin dekabrında Orenburqda Başqırd milli hökuməti yaradıldı. Lakin Volqaboyu və Sibir ərazisi qırmızılarla ağlar arasında mübarizə meydanına çevrildiyindən bu ərazidə yaranmış milli dövlət qurumları öz varlıqlarını saxlaya bilmədilər. Ağqvardiyaçı Kolçakın ordusunu darmadağın edən bolşeviklərin qırmızı ordusu 1920-ci ilin əvvəlində bu əraziləri işğal etdi.
Türkiyə. Birinci Dünya müharibəsində məğlub olan Osmanlı imperiyası dağıldı, iqtisadiyyatı ağır vəziyyətə düşdü. Qalib dövlətlər Türkiyənin özünü parçalamağa başladılar: ingilislər Cənub-Şərqi Anadolunu (Kilikiya), ingilis-fransız qoşunları Şərqi Frakiyanı və Qara dəniz boğazlarını, Yunanıstan İzmiri işğal etdi. Sultan VI Mehmet buna qarşı heç bir tədbir görmədi. Mustafa Kamal paşa belə ağır vəziyyətdə ölkənin müdafiəsini öz üzərinə götürdü, türk xalqının milli azadlıq mübarizəsinə başçılıq etdi. Onun başçılığı ilə 1919-cu ilin sentyabrında Sivasda Böyük Milli Ümumtürk Konqresi toplandı və Seçilən Nümayəndələr Komitəsi Məclis çağırılana qədər o özünü yeganə qanuni səlahiyyətli orqan elan etdi. Sultan onların tələbi ilə 1919-cu ilin sonunda məclis çağırdı, 1920-ci ilin yanvarında İstanbulda işə başlayan Məclis “Milli and” (“Misaq-e milli”) qəbul etdi. Bu sənəddə Mudros barışığı bağlandığı vaxtda Türkiyənin malik olduğu sərhədlər daxilində ərazi bütövlüyü elan edildi. İşğalçılar bundan təşvişə düşüb İstanbulda hökumət binalarını, kazarmaları tutdu, deputatları qovdu. Nümayəndələr Komitəsi Ankarada özünü müvəqqəti hökumət elan etdi və yeni məclis çağırdı.
1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisi (TBMM) açıldı, Mustafa Kamal paşa TBMM-in sədri seçildi və hökumət yaratdı. 1920-ci ilin iyununda yunan ordusu Qərbi Anadoluda yeni ərazilər işğal etdi. Müttəfiqlər sultan hökumətini Sevr müqaviləsini imzalamağa məcbur etdi. TBMM bu müqaviləni tanımaqdan imtina etdi, sultan hökuməti qanundankənar elan olundu. Bu dövrdə Baş qərargah rəisi İsmət paşanın başçılığı ilə güclü nizami ordu yaradıldı. Bu ordu 1921-ci ilin yanvarında İnönü kəndi yaxınlığında döyüşdə yunan ordusunun hücumunun qarşısını aldı. İsmət paşa bu qələbəyə görə İnönü ləqəbi aldı. Bu döyüş milli azadlıq hərəkatında dönüş nöqtəsi oldu.
1922-ci il oktyabrın 11-də Türkiyə Antanta üzrə müttəfiqlərlə Mudanya barışığı bağladı. TBMM noyabrın 1-də sultan hakimiyyətini ləğv etdi. 1923-cü il iyulun 24-də Lozannada Antanta ilə Türkiyə arasında sülh bağlandı, işğal rejimi, Mudros və Sevr müqavilələri ləğv olundu, Türkiyənin müstəqilliyi və yeni sərhədləri tanındı. Oktyabrın 29-da TBMM Türkiyəni respublika elan etdi. Mustafa Kamal prezident seçildi. 1924-cü ildə Ana Yasa (konstitusiya) qəbul edildi
.
Müəllif:Yaqub Mahmudlu, Tofiq Nəcəfli, Kərəm Məmmədov, Sevil Bəhrəmova, Sabir Ağayev
Mənbə: ÜMUMİ TARİX 9 Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün „Ümumi tarix“ fənni üzrə DƏRSLİK