Almaniya 19-cu əsrin I yarısında

Almaniya 19-cu əsrin I yarısında

XIX əsrin əvvəllərində yüzlərlə dövlətdən ibarət Almaniya ərazisində ən güclüsü Prussiya krallığı və Avstriya imperiyası idi. I Napoleon digər alman dövlətlərini Prussiyaya və Avstriyaya qarşı qoyur, burada yeni dövlətlər (Berq hersoqluğu, Vestfal krallığı) yaradırdı. Prussiya ilə Fransa arasında bağlanmış Tilzit müqaviləsi (1807) ilə krallıq öz ərazisinin yarısını itirdi. Bir qədər sonra Avstriya da ərazisinin bir hissəsini Fransaya verməli oldu. Fransız qoşunlarının işğalı altında olan Almaniya ərazilərində müsadirələrlə yanaşı, həm də feodal qaydalarını və kilsənin qüdrətini sarsıdan mütərəqqi sosial-iqtisadi tədbirlər həyata keçirildi.1813-cü ildə Almaniyada I Napoleonun zülmünə qarşı genişlənən milli azadlıq müharibəsi qalibiyyətlə nəticələndi. Lakin Vyana konqresinin* qərarı ilə Almaniya yenə də siyasi dağınıqlığa məhkum edildi. Burada yaradılan Almaniya İttifaqı 34 dövlət və 4 azad şəhərdən ibarət idi. vahid impersiyada olan alman dövlətləriSiyasi pərakəndəlik, feodal qaydalarının mövcud olması Almaniyanın iqtisadi inkişafına ciddi maneələr yaradırdı. Torpaqların əksəriyyəti feodalların mülkiyyətində idi. Müəyyən təsərrüfatlarda
muzdlu əməkdən istifadə edilir, emal müəssisələri qurulurdu. Almaniyanın qərbində və cənub-qərbində yerləşən dövlətlərdə, həmçinin Prussiyanın Reynboyu əyalətində feodal mükəlləfiyyətləri ləğv edilmişdi. XIX əsrin I yarısında Almaniyada sənaye çevrilişi başladı. Həmin dövrdə ölkədə dağ-mədən və kimya sənayesi sürətlə inkişaf edirdi. Xüsusilə Reyn-Vestfaliya, Saksoniya və Sileziyada sənaye daha çox tərəqqi etmişdi. Almaniya daxilində ticarət əlaqələrini genişləndirmək məqsədilə 1834-cü ildə Prussiyanın başçılığı altında 18 alman dövlətinin daxil olduğu Gömrük İttifaqı yaradıldı. Lakin xaricdən, xüsusilə Böyük Britaniyadan sənaye mallarının axını, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması və bir sıra xammal növlərinin çatışmaması sənayenin inkişafını ləngidirdi. Napoleon Fransası ilə müharibədən sonra Almaniyanın siyasi cəhətdən birləşdirilməsi uğrunda genişlənmiş hərəkatda tələbə gənclər daha fəal idilər. Onlar mürtəce siyasi xadimlərə qarşı terrordan istifadə edirdilər. Hakimiyyət orqanları isə buna cavab olaraq onlara qarşı sərt cəza tədbirləri həyata keçirirdilər. Bu səbəbdən müxalif siyasi xadimlərin bəziləri ölkəni tərk etmək məcburiyyətində qaldılar. Liberal müxalifət 1848–1849-cu illər burjua-demokratik inqilabları dövründə vahid dövlətin yaradılmasına nail olmaq üçün Frankfurt-Mayn şəhərində ümumalman parlamentini topladı. Professorlar parlamenti də adlandırılan bu məclisdə Almaniyanın birləşdirilməsinin “Kiçik Almaniya”, yəni Avstriyanın iştirakı olmadan və “Böyük Almaniya”, yəni bütün alman dövlətlərinin iştirakı ilə iki fərqli yolu müzakirə edildi. Öz hakimiyyətlərindən imtina etmək istəməyən alman monarxları parlamentin qəbul etdiyi və ölkənin siyasi birliyini nəzərdə tutan konstitusiyanı rədd etdilər. Bundan sonra 1849–1850-ci illərdə Prussiyanın Avstriyanı Almaniya İttifaqından kənarlaşdırmaq səyləri Rusiyanın kəskin müqaviməti ilə üzləşdi. Olmyuts təhqiri Prussiyanın Almaniyada hegemonluq iddialarına hələlik zərbə vursa da, “Kiçik Almaniya” planının tərəfdarlarının sayı artdı. 1850-ci illərdə Prussiya iqtisadi və hərbi cəhətdən xeyli gücləndi. Rusiyanın təsiri altında olan Avstriya isə Almaniyada nüfuzunu itirməyə başladı. Professorlar parlamenti – Məclisin belə adlandırılmasının səbəbi buraya seçilmiş 49 professorun Məclisin işində fəal iştirak etməsi ilə bağlı idi.
Olmyuts təhqiri — Prussiya ilə Avstriya arasında yaranmış növbəti münaqişəyə müdaxilə edən Rusiya imperatoru I Nikolay 1850-ci il noyabrın 29-da Çexiyanın Olmyuts şəhərində Prussiyanı iddialarından imtinaya məcbur edən saziş imzalatdırmışdı.
Top