Almaniya iki dünya müharibəsi arasında

Almaniya iki dünya müharibəsi arasında

1918-ci il noyabrın əvvəllərində Kil şəhərində hərbi dənizçilərin üsyanı ilə başlayan burjua-demokratik inqilabı monarxiyanın devrilməsi və Almaniyada ilk dəfə respublikanın elan olunması ilə nəticələndi. 1919-cu ildə qəbul edilmiş Konstitusiyanın birinci maddəsinə görə Almaniya imperiyası respublika elan olundu və siyasi hakimiyyətin mənbəyinin xalq olduğu bildirildi. Prezidentli-parlamentli respublika quruluşu və federativ inzibati-idarəetmə sistemi təsbit olundu, demokratik hüquq və azadlıqlar bəyan edildi. Respublikanın qanunverici orqanı reyxstaq (imperiya şurası), dövlət başçısı imperiya prezidenti, hökumət başçısı reyxskansler adlandırıldı.

Müharibədən sonra ölkə iqtisadiyyatı ağır vəziyyətdə idi. Sənaye istehsalı müharibədən əvvəlki səviyyənin yarıdan azını təşkil edirdi. Müharibə xərcləri ölkənin maliyyə sistemini sarsıtmışdı. Versal müqaviləsi ilə Almaniya mühüm sənaye mərkəzlərindən və xammal mənbələrindən məhrum oldu, əhalisinin 10%-ni itirdi, qalib dövlətlərə böyük məbləğdə təzminat verməyə məcbur edildi. Rur böhranı dövründə Almaniya daş kömür hasilatının, çuqun və polad əridilməsinin əksər hissəsindən məhrum olmuşdu. İşğalçılara qarşı passiv müqavimət hərəkatı (işğalçı qüvvələrin göstərişlərinə tabe olmamaq, kütləvi itaətsizlik) genişlənmişdi.

Belə bir vəziyyətdən yararlanmaq istəyən kommunistlər, sosial- demokratlar və nasional- sosialistlər ölkənin ayrı-ayrı yerlərində qiyamlar qaldıraraq hakimiyyəti qəsb etmək üçün uğursuz cəhdlər etdilər.

1924–1929-cu illər Veymar respublikasının “qızıl dövrü” hesab olunurdu. Xarici kapitalın yardımı ilə bərpa olunan ölkə iqtisadiyyatı sürətlə inkişaf edirdi. Ölkədə siyasi sabitlik hökm sürürdü. Lakin dünya iqtisadi böhranı nəticəsində sənaye istehsalı kəskin azaldı, işsizlərin sayı artdı. Hökumətin böhranla mübarizədə acizliyindən istifadə edən nasional-sosialistlər və kommunistlər geniş təbliğat kampaniyası apararaq tərəfdarlarının sayını artırmışdılar.

1932-ci ildə reyxstaqa keçirilən seçkilərdə nasistlər digər partiyalara nisbətən daha çox yer qazansalar da, bu bütün yerlərin yarıdan azını təşkil edirdi. Onların lideri Adolf Hitler bu dövrdə koalisiyalı hökumətin yaradılmasına və ya dövlət çevrilişi ilə hakimiyyətin qəsb edilməsinə qarşı idi. Respublikanın prezidenti Hindenburq bir qədər tərəddüd etdikdən sonra 1933-cü ildə onu reyxskansler təyin etdi. Hitler əvvəlcə hökumətin tərkibinə nasistlərlə yanaşı, digər partiyaların təmsilçilərinin də daxil edilməsi ilə razılaşmalı oldu.

Almaniyada respublika quruluşunun tədricən totalitar diktaturaya çevrilməsinə başlanıldı. Reyxstaq binasının yandırılmasında günahlandırılan əsas siyasi rəqiblərinə – kommunistlərə divan tutan nasistlər daha sonra digər partiyaların da fəaliyyətlərini qadağan etdilər. Hökumət fövqəladə səlahiyyətlər əldə etdi. Vətəndaşların konstitusiya azadlıqları və yerli özünüidarə orqanları ləğv olundu. Hitler partiya daxilində ona qarşı çıxış edən müxalifətə divan tutdu. Hindenburqun vəfatından sonra Hitler reyxskansler, prezident və baş komandan səlahiyyətlərini öz əlində cəmləşdirdi. Keçirilən referendumda ölkə əhalisinin əksəriyyəti bütün hakimiyyətin Hitlerin əlində birləşməsinin lehinə səs verdi. Hitler nasistlərin 1935-ci ildə keçirilən qurultayında bildirdi: “İndi dövlət bizə deyil, biz dövlətə əmrlər veririk”.

Alman Nasional-sosialist Fəhlə Partiyası. 1919-cu ilin yanvarında Münhendə Anton Dreksler tərəfindən yaradılmış Alman Fəhlə Partiyası Adolf Hitlerin təklifi ilə 1920-ci ilin fevralında Alman Nasional-sosialist Fəhlə Partiyası adlandırıldı. Həmin ilin aprelində partiyanın “25 bənd” adlı proqramı qəbul edildi. Partiyanın ideologiyası sosializm, faşizm, antikommunizm, antisemitizm, millətçilik və irqçilik müddəalarından ibarət idi. Partiya üzvlərini nasistlər də adlandırırdılar. 1921-ci ilin iyulundan Adolf Hitler partiyanın rəhbəri oldu.

Almaniyada nasist rejiminin bərqərar olmasında təbliğatdan və terrordan mühüm vasitə kimi istifadə edilirdi. Ölkədə böyük həbs düşərgələri və gizli dövlət polisi (gestapo) yaradılmışdı. Yeni təsis olunmuş Xalq Maarifi və Təbliğat Nazirliyi ölkənin bütün mətbuat, radio, kino, ədəbiyyat və incəsənətini nasist rejiminin möhkəmləndirilməsi məqsədilə aparılan təbliğata tabe etmişdi. Təbliğatda millətçilik və şovinizmlə yanaşı, revanşist, irqçi, antisemit və antikommunist müddəalardan geniş istifadə olunurdu.

1938-ci ilin noyabrında Parisdə alman diplomatına qarşı sui-qəsdi bəhanə edən nasist hakimiyyəti ölkədə yəhudilərə qarşı tarixdə “Büllur gecə” * və ya“Sındırılmış vitrinlər gecəsi” adını almış talanlar keçirdi. Nasistlər iqtisadiyyat üzərində dövlət nəzarətini bərqərar etdilər. İqtisadiyyatın müharibə hazırlıqlarına tabe etdirilməsi nəticəsində sənaye istehsalı və milli gəlir 2 dəfə artdı. İşsizlərin sayı azaldı. Nasistlər aqrar islahat keçirəcəkləri ilə bağlı vədlərini yerinə yetirmədilər. Lakin kəndlilərin borclarının yarıya qədərinin silinməsi və vergilərin qismən azaldılması nəticəsində kənd təsərrüfatının gəliri artdı. Buna baxmayaraq, İkinci Dünya müharibəsi ərəfəsində Almaniya özünü ərzaqla tam təmin edə bilmirdi.

Top