Dünya müharibəsindən “qaliblər sırasında məğlub dövlət” kimi çıxmış İtaliyanın əhalisinin bütün təbəqələri arasında müharibədən əldə edilən cüzi faydalara görə məyusluq vəbədbinlik hissi var idi. Ölkədə mürəkkəb siyasi böhran vəziyyəti hökm sürürdü. Katolik kilsəsi ilə dövlət arasında gərgin münasibətlər mövcud idi. Hakim dairələr sosial etiraz hərəkatlarına qarşı mübarizədə faşist təşkilatlarının qüvvələrindən istifadə edirdilər.
Faşistlərin rəhbəri Benito Mussolininin əmri ilə onun on minlərlə tərəfdarı 1922-ci ildə Romaya daxil oldu. Kral Mussolinini hökumətin başçısı təyin etdi. Müxalif qüvvələrin daxilində güclənməkdə olan çəkişmələr İtaliyada liberal dövlətin ləğvi, avtoritarizm və totalitarizm cəhətlərini özündə əks etdirən faşist diktaturasının bərqərar olması üçün əlverişli şərait yaradırdı.
1925-ci ildə parlament Mussoliniyə diktator səlahiyyətləri verdi. Mussolini ilə Roma Papası arasında Lateran sarayında imzalanmış konkordatla Vatikan dövləti yaradıldı. 1929-cu ildən hökumət Papaya Roma şəhərinə iddiasından imtina etdiyi üçün iri məbləğdə kompensasiya ödəməli idi. Papa Mussolininin siyasətini müdafiə edirdi.
İtaliya Mübarizə İttifaqı (Fasci italiani di combattimento – “İtaliya mübarizə ittifaqı”) 1919-cu ilin yazında Milanda Benito Mussolininin rəhbərliyi altında yaranmış ilk faşist təşkilatıdır. Əvvəlcə müəyyən prinsiplərə əsaslanan proqramı yox idi; onlar cəmiyyətin müxtəlif təbəqələrinin rəğbətini qazanmaq üçün populyar və radikal tələblər irəli sürürdülər – monarxiyanın və əyan titullarının ləğvi, 8 saatlıq iş gününün tətbiqi, «torpağın onu becərənlərə verilməsi» prinsipi əsasında aqrar islahatın keçirilməsi, ümumi hərbi mükəlləfiyyətin ləğvi və s.
Konkordat Roma papasının digər dövlətlər ilə bağladığı sazişlərə verilən addır.
1927-ci ildə qəbul olunmuş qanunla İtaliyada “korporativ dövlət”in yaradılacağı bəyan edildi. Ölkə iqtisadiyyatının əsas sahələri üzrə sahibkarları, həmkarlar ittifaqlarını və bütün zəhmətkeşləri birləşdirən korporasiyalar yaradıldı, 8 saatlıq iş günü və 40 saatlıq iş həftəsi tətbiq edildi. Mussolini İtaliyanın iqtisadi müstəqilliyini və özünü təmin etməsini nəzərdə tutan avtarkiya siyasətini yürüdürdü. İqtisadiyyatın texniki və struktur cəhətdən yenidən qurulması, dövlətin sosial-iqtisadi proseslərə müdaxiləsi nəticəsində iqtisadi inkişaf sürətlənsə də, İtaliya Avropanın qabaqcıl ölkələrindən geridə qalırdı. Həbəşistanın işğalından sonra – 1936-cı ilin mayında Mussolini İtaliyanın imperiyaya çevrildiyini bəyan etdi.
Korporativ dövlət cəmiyyətin bütün təbəqələrini gizli nəzarətdə saxlamaq üçün totalitar rejimlərin sosial-iqtisadi tədbirlər kompleksidir. İlk dəfə İtaliyada, daha sonra Almaniya və İspaniyada tətbiq olunmuşdur. Avtarkiya ölkənin özünü təmin etməsini və digər ölkələrlə ticarəti inkar edən qapalı iqtisadiyyatın yaradılmasını nəzərdə tutan iqtisadi siyasətdir.