XIX əsr ərzində Rusiya işğalçı müharibələri davam etdirmiş və yeni ərazilər ələ keçirmişdi. Böyük ordusu sayəsində Avropanın güclü dövlətlərindən birinə çevrilmişdi. Lakin hərbi qüdrətinə baxmayaraq, ölkənin sosial-iqtisadi vəziyyəti kəskinləşmişdi. Sosial-iqtisadi gərginliyin dərinləşməsi XX əsrin əvvəllərində inqilaba səbəb oldu.
SOSİAL TƏBƏQƏLƏŞMƏ
Rusiya cəmiyyətinin ən xarakterik xüsusiyyəti şaxələnmiş təbəqələşmənin saxlanması idi. Rusiya imperiyasının əsas sosial təbəqələri:
Döyüşdə qazanılmayan qələbə. I Aleksandr 1801-ci ildə saray çevrilişi ilə hakimiyyətə (1801–1825) gəldi. Bu dövrdə bir sıra islahatlar həyata keçirildi. Kollegiyalar əvəzinə Avropa nümunəsində nazirliklər yaradıldı. Azad taxılçılar haqqında qanun mülkədarların öz kəndlilərini ödənc müqabilində azad etməsini nəzərdə tuturdu. Lakin bu qanun tam olaraq həyata keçirilmədi. Sonradan I Aleksandr hakimiyyətinin əvvəlində reallaşdırmaq istədiyi liberal islahatlar siyasətindən uzaqlaşdı. İstibdad rejimi tətbiq etdi. Xarici siyasət sahəsində Rusiya əvvəlcə Fransaya qarşı koalisiyada iştirak etsə də, bir sıra döyüşlərdə məğlub oldu və 1807-ci ildə onunla Tilzit sülh müqaviləsini imzaladı. Fransa Qərbi Avropaya, Rusiya isə Şərqi Avropaya hakim olmalı idi. Rusiya Fransanın İngiltərə əleyhinə tətbiq etdiyi qitə blokadasına qoşuldu. Bundan sonra Rusiya Osmanlı dövlətinə və İsveçə qarşı müharibələr apardı, Bessarabiyanı və Finlandiyanı işğal etdi. Lakin Rusiyanın İngiltərə ilə ticarət əlaqələrini davam etdirməsi 1812-ci ildə Fransanın Rusiyaya hücumuna səbəb oldu. Qısa müddət ərzində I Napoleonun ordusu Moskvaya qədər irəlilədi və onu ələ keçirdi. Ruslar açıq döyüşdən ehtiyat edərək geri çəkilirdilər. Fransızlar burada möhkəmlənməsin deyə Moskva yandırıldı. Fransızların qalacaq yeri və ərzağı yox idi. I Napoleona qarşı heç bir açıq döyüşdə qalib gələ bilməyən rus ordusu ölkənin təbii coğrafi şəraitindən və partizan müharibəsi taktikasından istifadə etdi. Fransız ordusunun təchizatının pisləşməsi və soyuqların düşməsi I Napoleon ordusunun geri çəkilməsinə səbəb oldu. Bu vəziyyətdən istifadə edən Rusiya Polşanı, Balkanları və başqa əraziləri işğal edərək Avropada hakim rolunu ələ keçirmək istəyirdi. Çar bu məqsədinə “Avropa xalqlarını I Napoleon zülmündən xilas etmək” bəhanəsi ilə nail olmaq fikrində idi. Hətta bunu dini mistisizmlə əlaqələndirir, özünün “Tanrı tərəfindən seçilmiş” olduğu iddiasını irəli sürürdü. Məhz bunun təsiri ilə o hər cür azadlıq düşüncələrinə qarşı çıxırdı.
“Rusiyanın nisbi gücü ən çox 1815-ci ildən sonra – dünyada sülh və sənayeləşmə dövründə gerilədi. Lakin bu vəziyyət Krım müharibəsinə (1853–1856) qədər tam şəkildə aşkar olmadı.… Rusiya iqtisadi və texniki sahələrdə 1815–1880-ci illərdə Avropanın digər böyük dövlətlərinə nisbətən geri qalırdı”.
Pol Kennedi, “Böyük güclərin yüksəliş və çöküşü”, səh. 215
Dekabristlər üsyanı
I Napoleona qarşı müharibə zamanı Qərbi Avropada yürüşlərdə iştirak edən rus zabitlərinin bir hissəsi Rusiyada həyat şəraitinin, dövlət idarəçiliyinin və sosial quruluşun çox geridə olduğunu gördü. İstibdad rejimi və kəndlilərin təhkimli vəziyyəti daha çox narazılıq yaradırdı. Ona görə də Avropanın mütərəqqi idarə sistemini və sosial quruluşunu Rusiyada tətbiq etmək üçün gizli cəmiyyətlər yaradıldı. Bu cəmiyyətlər Rusiyada mütləqiyyəti devirməyi və konstitusiya qəbul edilməsini qarşıya məqsəd qoymuşdu. Onlar 1825-ci ilin dekabrında çarın vəfatından istifadə edərək hərəkətə keçdilər. Lakin Rusiya tarixində mütləqiyyəti devirmək üçün edilən bu ilk cəhd üsyan rəhbərlərinin ləng hərəkət etməsi səbəbi ilə uğursuz oldu. Beləliklə, I Nikolay (1825–1855) hakimiyyətini möhkəmləndirdi. O, hakimiyyəti dövründə Rusiyanı istibdad rejimində idarə etdi. Dekabristlər üsyanından sonra I Nikolayın zadəganlara etimadı azaldı. Dövlət idarəsinə möhkəm nəzarət üçün bürokratiya rejimi bərqərar edildi.
Məktəb və universitetlərə nəzarət artırıldı. Elm adamlarının Avropaya getmələri qadağan edildi. Yalnız zadəgan və məmur övladları orta təhsil ala bilərdilər. Kitablar və mətbuat üzərində senzura gücləndirildi. I Nikolayın hakimiyyəti dövründə Rusiyada feodal-təhkimçilik iqtisadiyyatının tənəzzülü dərinləşdi. Ticarət və sənaye sahələrində nisbi inkişaf kəndlilərin təhkimliliyinə əsaslanan mülkədar təsərrüfatının səmərəsizliyini göstərirdi. Təhkimli kəndlilərin əməyinə əsaslanan manufakturalar iflasa uğrayırdı. Beləliklə, ölkənin siyasi və iqtisadi quruluşu təsərrüfatın inkişafına mane olurdu. Lakin buna baxmayaraq, XIX əsrin 30–40-cı illərində Rusiyada sənaye çevrilişi başladı. Qərbi Avropa ölkələrindən fərqli olaraq, Rusiyada sənaye çevrilişi feodal-təhkimçilik quruluşunun hakim olduğu şəraitdə reallaşmışdı.Texniki çevriliş təhkimçiliyin ləğvindən əvvəl, sosial çevriliş isə sonra oldu.
I Nikolayın dövründə Rusiyanın işğalçılıq siyasəti gücləndi. Azərbaycanın şimalı və Cənubi Qafqaz tamamilə işğal edildi. Avropada 1848-ci il inqilablarının yatırılmasında fəal iştirakına görə Rusiya “Avropanın jandarmı” adlandırılırdı. I Nikolayın Osmanlı dövlətinə qarşı apardığı siyasət də işğalçı xarakter daşıyırdı. Lakin Rusiyanın güclənməsi İngiltərə və digər Avropa dövlətlərinin mənafeyinə uyğun deyildi. Ona görə də onun Osmanlı dövlətinin ərazilərini işğal etmək arzusu bu dövrdə baş tutmadı. Çar I Nikolayın təcavüzkar siyasəti Rusiyaya qarşı Avropa dövlətləri blokunun meydana gəlməsinə səbəb oldu. 1853-cü ildə başlayan Krım müharibəsində İngiltərə, Fransa və Sardiniya Osmanlı dövlətinin tərəfində iştirak etdi. 1856-cı ilə qədər davam edən bu müharibədə Rusiya məğlub oldu.
“Osmanlı işləri çox qarışıqdır. Bu dövlət öz-özünə parçalanır. Süqutu çox böyük və fəlakətli olacaq. İngiltərə və Rusiya bu məsələdə razılaşmalıdırlar. ...Qollarımızın arasında çox ağır bir xəstə var. Onun yaşamasını hamımız istəyirik. ...Ancaq onun qəfildən qollarımızda ölməsi Avropa miqyasında müharibəyə səbəb ola bilər. Bu qarışıqlıqda İngiltərə İstanbulda möhkəmlənmək istəsə, buna göz yummayacağıq. Mən də İstanbulu işğal etmək istəyirəm”.
Çar I Nikolayın İngiltərənin Rusiyadakı səfiri ilə danışıqlarından.
Tarix. İstanbul, 2002, səh. 143
Böyük islahatlar dövrü
II Aleksandr (1855– 1881) hakimiyyətə çətin daxili və xarici vəziyyət dövründə gəlmişdi. Krım məğlubiyyəti I Nikolayın daxili və xarici siyasətinin uğursuzluğunu göstərdi. Ona görə də müxtəlif sahələrdə islahatların həyata keçirilməsi zəruri idi. Daxili və xarici siyasətin, həmçinin sənayenin inkişafı təhkimçiliyin ləğvini zəruri edirdi. 1861-ci ildə kəndlilərin təhkimli vəziyyətinin ləğv olunması haqqında fərman verildi. Kəndlilər hüquqi cəhətdən azad olsalar da, bu onların iqtisadi vəziyyətlərində əsaslı dəyişiklik yaratmadı. Çünki onlara müəyyən ödənc müqabilində ayrılan torpaq payı çox az idi. Həmçinin vergilərlə yanaşı, pay torpağı müqabilində verilən ödənclər kəndlilərin vəziyyətini ağırlaşdırırdı. Ona görə də kəndli məsələsi Rusiyanın əsas sosial problemlərindən biri olaraq qalırdı.
Kəndlilərin azad edilməsi idarəetmə sahəsində dəyişiklikləri zəruri etdi. Bunun nəticəsində yerlərdə iqtisadi məsələlərlə məşğul olmaq, xəstəxanalar və məktəblər açmaq məqsədilə zemstvolar təsis edildi. Zemstvolara seçkilərdə iştirak etmək üçün müəyyən əmlaka sahib olmaq əsas şərt idi.
1864-cü ildə aparılan islahatlara görə məhkəmə açıq keçirilir və müstəqil olurdu. Bütün təbəqələr qanun qarşısında bərabər elan edildi. XIX əsrin 60–70-ci illərində hərbi sahədə də islahat keçirildi. Ümumi hərbi mükəlləfiyyət tətbiq olundu. Hərbi xidmət müddəti azaldıldı.
1870-ci ildə keçirilən şəhər islahatına əsasən şəhər idarəsi və Dumasının təşkil edilməsində silki qaydalar əvəzinə bütün təbəqələrin iştirak etdiyi seçkilər tətbiq olundu. Şəhərlər dövlətin nəzarəti altında təsərrüfat və mədəniyyət sahələrində özünüidarə hüququ aldılar. Bu dövrdə iqtisadi sahədə də dəyişikliklər edildi. Dövlətin gəlirlərini artırmaq üçün şəkər, duz və tütün satışı dövlətin inhisarına verildi. Dəmir yollarının tikintisinə diqqət artırıldı. Bu iş üçün xarici kapital da cəlb edildi. Rusiya Dövlət Bankı yaradıldı.
Mətbuat üzərində nəzarət qismən ləğv edildi. Bu, Rusiyada ictimai fikrin inkişafına səbəb oldu. Təhsil sahəsində silki və dini məhdudiyyətlər aradan qaldırıldı. Universitetlərə muxtariyyət verilməsi elmin inkişafına müsbət təsir etdi.
Şimali Qafqaz və Mərkəzi Asiyanın işğalı
Hələ XVIII əsrin ikinci yarısında Şimali Qafqazda Rusiya işğalına qarşı başlayan azadlıq mübarizəsi XIX əsrin əvvəllərində gücləndi. 1859-cu ildə Şeyx Şamilin başçılıq etdiyi azadlıq hərəkatı çətinliklə yatırıldı. Lakin dağlı xalqların qəhrəman mübarizəsi davam etdi. Yalnız 1864-cü ildə bütün Qafqazın işğalı başa çatdırıldı. Rusiyanın yeritdiyi milli və dini zülm siyasəti nəticəsində Qafqazın müsəlman əhalisinin bir hissəsi Osmanlı dövlətinə köçməyə məcbur oldu. Bundan sonra bölgəyə rus kəndliləri və kazakların yerləşdirilməsi başlandı.
Krım müharibəsində məğlub olan Rusiya işğal hədəfi olaraq Mərkəzi Asiyanı seçdi. Mərkəzi Asiyada siyasi vəziyyət Rusiya işğalı üçün əlverişli idi. Siyasi dağınıqlıq vəziyyətində olan bölgədə Kokand, Xivə xanlıqları və Buxara əmirliyi öz aralarında mübarizə aparırdılar. Həmçinin bu feodal dövlətlərinin daxilində də tayfalararası ixtilaflar var idi. Bütün bu amillər Rusiyanın işğalını asanlaşdırırdı. Lakin Rusiya bu bölgədə nüfuz uğrunda İngiltərə ilə mübarizə aparmalı oldu. İngiltərə bölgəni işğal etmək üçün hərbi və diplomatik üsullardan istifadə edirdi. Mərkəzi Asiya dövlətlərinə elçilər göndərilir, təzyiq göstərilirdi. Buxara əmirliyi və Xivə xanlığı Rusiyanın asılılığını qəbul etdilər. Kokand xanlığı süqut etdi. Rusiya 1864–1895-ci illər ərzində bölgənin işğalını həyata keçirdi. Türküstanın zəbt edilməsini asanlaşdıran əsas səbəblər bölgədə vahid, güclü dövlətin olmaması və əhalinin daxili mübarizə nəticəsində zəifləməsi idi. Rusiyanın hərbi-texniki üstünlüyü də bu işğalın əsas səbəblərindən biri kimi qeyd edilə bilər.
İrticanın güclənməsi
1881-ci ildə terror nəticəsində həlak olan II Aleksandrdan (1881–1894) gəldi. Onun dövründə irticaçı siyasət gücləndirildi. Məhkəmələrin və zemstvoların müstəqilliyi məhdudlaşdırıldı. Milli-dini zülm və ruslaşdırma siyasəti genişləndirildi. Qeyri-rus millətlərə qarşı təzyiq artırıldı. Qazan tatarlarının, başqırdların, çuvaşların xristianlaşdırılması da aparılan siyasətin tərkib hissəsi idi. Dinini və dilini dəyişmək istəməyənlərə qarşı iqtisadi və inzibati təzyiqlər edildi. Lakin bu siyasət Volqaboyu türkləri arasında milli və dini duyğuları daha da qüvvətləndirdi. Qafqazın, Türküstanın türk və digər müsəlman xalqlarının siyasi-iqtisadi və mədəni hüquqları məhdudlaşdırılmışdı. Təzyiqə ən çox məruz qalan xalqlardan biri də yəhudilər idi. Onlara qarşı məqsədyönlü şəkildə qətl və qarətlər həyata keçirilir, siyasi və mədəni hüquqları məhdudlaşdırılırdı. Ümumiyyətlə, bütün qeyri-rus millətlərə qarşı yürüdülən mürtəce siyasətə görə Rusiya “xalqlar həbsxanası” adlandırılırdı.
II Nikolayın hakimiyyəti dövrü (1894–1917)
Rusiyada mütləq monarxiyaya qarşı mübarizənin güclənməsi ilə səciyyəvidir. XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiya iqtisadiyyatı böhran keçirirdi. Bu, Avropada baş verən böhranın nəticəsi idi. Rusiyaya qoyulan xarici kapitalın azalması bir çox fabrik və zavodların fəaliyyətini dayandırmasına səbəb olmuşdu. İşsizliyin artması tətil və nümayişlərin baş verməsi ilə nəticələnmişdi. Rusiya əhalisinin yarıdan çoxu qeyri-ruslar idi. Onların, xüsusən də türk- müsəlman xalqlarının siyasi, iqtisadi və mədəni hüquqları məhdudlaşdırılmışdı. Bu siyasət milli azadlıq hərəkatının yüksəlməsinə səbəb oldu. Ölkənin daxili və xarici vəziyyəti pisləşdi. 1904–1905-ci il müharibəsində Rusiyanın Yaponiyaya məğlub olması ölkənin beynəlxalq nüfuzuna mənfi təsir göstərməklə yanaşı, daxili vəziyyəti daha da pisləşdirdi. Mövcud sosial-iqtisadi böhran dərinləşdi. Bu, Rusiyada ilk inqilabın başlanmasına təkan verdi.
1905–1907-ci illər inqilabı
1905-ci ilin yanvarında Peterburqda nümayişçilərin gülləbaran edilməsi ilə başlanan inqilab bütün ölkəni bürüdü.
Əhalinin bütün təbəqələri islahatlar keçirilməsini tələb edirdi. Eyni zamanda müstəmləkə xalqlarının da milli azadlıq hərəkatı genişləndi. Çar hakim dairələri prosesin qarşısını almaq üçün milli və dini münaqişələr törədirdilər. Ölkəni bürüyən tətil hərəkatı hökuməti güzəştə getməyə məcbur etdi. 1905-ci ilin oktyabrında çar söz, mətbuat, təşkilat qurmaq, yığıncaq azadlığı və məhdud qanunverici səlahiyyətlə Dövlət Dumasının çağırılması haqqında bəyannamə elan etdi. 1907-ci ildə inqilab məğlubiyyətlə başa çatsa da, qonşu ölkələrə də təsir göstərdi. Osmanlı və Qacarlar dövlətlərində, Çində də bir-birinin ardınca inqilablar baş verdi.
Stolıpin islahatları
1906-cı ildə çar tərəfindən Baş nazir təyin edilən Pyotr Stolıpin narazılıqların qarşısını almaq üçün siyasi və iqtisadi islahatlar keçirdi. Dövlət Dumasına seçkilərdə milli azlıqların hüquqlarını məhdudlaşdıran dəyişiklik edildi. Stolıpinin mühüm tədbirlərindən biri də torpaq islahatının keçirilməsi oldu. Bu islahat icma torpaqlarının kəndlilər arasında bölüşdürülməsini nəzərdə tuturdu. Torpaqsız kəndlilər Sibirə, Qafqaza, Mərkəzi Asiya və Uzaq Şərqə köçürüldü. İnqilabın başa çatmasından sonra yenidən Rusiyaya xarici kapital qoyuluşu artdı. 1909-cu ildən Rusiya iqtisadiyyatında baş verən canlanma siyasi vəziyyətin də normallaşmasına səbəb oldu.