XIX əsrin əvvəllərində İtaliya ərazisi yenidən Avropa dövlətlərinin müharibə meydanına çevrildi. İtaliya dövlətlərinin və Avstriyanın Fransa ordularının müdaxiləsinə qarşı apardıqları uğursuz müharibələr nəticəsində ölkənin bir hissəsi fransız qoşunlarının işğalı altına düşdü. Yalnız Siciliya və Sardiniya bu işğaldan kənarda qalırdı. 1802-ci ildə Napoleon Bonapartın başçılığı ilə işğal olunmuş əraziləri əhatə edən İtaliya respublikası yaradıldı. Müharibələr təsərrüfatda dağıntılara səbəb oldu. Fransız qoşunlarının zəbt edilmiş ərazilərdə apardığı genişmiqyaslı müsadirələr əhalinin vəziyyətini daha da ağırlaşdırdı.
Lakin yadelli işğalın İtaliya üçün bəzi faydaları da oldu. Belə ki müstəbid siyasi rejimlər devrildi, feodal qaydaları sarsıdıldı, kilsə torpaqları müsadirə olundu, daxili gömrük sərhədləri aradan qaldırıldı. 1805-ci ildə fransız qoşunlarının işğal etdiyi Şimali İtaliyada paytaxtı Milan şəhəri olan İtaliya krallığı yaradıldı və I Napoleon onun kralı elan edildi. Bir qədər sonra fransız orduları Romanı işğal edərək Papanın burada dünyəvi hakimiyyətinə son qoydu. Papa isə I Napoleonu kafir elan etdi. İtaliyada I Napoleonun ağalığı dövründə daha mütərəqqi sosial-iqtisadi münasibətlərin inkişafı üçün əlverişli zəmin yarandı.
Lakin I Napoleon italyanların milli birlik yaratmaq istəklərinin qarşısını sərt şəkildə alırdı. İtaliyada Napoleon zülmünə qarşı etiraz çıxışları güclənsə də,milli azadlıq hərəkatı cəmiyyətin bütün təbəqələrini əhatə etmirdi. Karbonarilərin gizli qruplarının fəaliyyəti pərakəndə xarakter daşıdığından və geniş xalq kütlələrinə arxalanmadığından uğursuzluğa məruz qaldı.
Karbonarilər (italyanca carbonaro kömürçü deməkdir) – 1807–1832-ci illərdə əvvəl fransız işğalçılarına, sonra isə yerli monarxlara qarşı mübarizə aparmış gizli təşkilatın üzvləri.
Vyana konqresinin qərarına əsasən, İtaliya yenidən siyasi dağınıqlığa məhkum edildi. İtaliyanın mərkəzindəki dövlətlərdə Avstriya şahzadələri, cənubda – Neapol krallığında ispan Burbonları ağalıq edirdilər. Yenidən dünyəvi hakimiyyətini bərpa etmiş Papanınİtaliyada siyasi nüfuzu xeyli artmışdı. Lombardiya və Venesiya əyalətləri Avstriyanın işğalı altında qalmışdı. Yalnız İtaliyanın şimalında Savoyya sülaləsinin hakimiyyətdə olduğu Sardiniya (Pyemont) krallığı öz müstəqilliyini, əsasən, qoruyub saxlamağı bacarmış və ərazisini qismən genişləndirə bilmişdi. İtaliyada yenidən bərpa edilən və daha da gücləndirilən mürtəce feodal- mütləqiyyət qaydalarına qarşı 1820–1830-cu illərdə Neapol və Pyemont krallıqlarında, həmçinin Mərkəzi İtaliyada baş verən burjua-demokratik inqilabları Avstriya qoşunları tərəfindən qəddarlıqla yatırıldı.
1846-cı ildə Papa vəzifəsinə seçilmiş italyan din xadimi IX Piyin başladığı liberal islahatlar İtaliyanın siyasi həyatında böyük canlanma yaratdı. Ölkənin Papanın hakimiyyəti altında birləşdirilməsinin mümkünlüyünə italyanların ümidləri artdı. Lakin Avstriyanın hədələri qarşısında Papa geri çəkilməli oldu. 1848-ci ilin yanvarında Siciliyada qalib gələn inqilabi çıxışlar tezliklə bütün İtaliyaya yayıldı. İtaliya dövlətlərində konstitusiyalar qəbul edildi və islahatlar keçirildi. 1849-cu ildə Romada respublika elan edildi. Ölkənin milli dövlət halında birləşdirilməsi üçün 1848–1849-cu illərdə Pyemont kralının başçılığı ilə Avstriyaya qarşı aparılan istiqlaliyyət uğrunda birinci müharibə monarxların xəyanəti səbəbindən uğursuzluqla nəticələndi. Avstriya, Fransa və İspaniya qoşunları İtaliyada inqilabları yatırtdı. Ölkədəki mürtəce rejimlər Avstriya hakimiyyətinə arxalanaraq milli hərəkatın fəallarına divan tutdu. Buna baxmayaraq, İtaliyanın milli birliyi ideyası tərəfdarlarının sayı durmadan artırdı. Papanın qətiyyətsizliyini və milli maraqlara xəyanətini görən italyanlar ölkənin Pyemont krallığının başçılığı altında birləşdirilməsinə tərəfdar idilər.
"...Buna görə mən namuslu insanlara layiq, təbii, çoxluğun istəklərinə cavab verən və buna görə də zorakılıq və yalanla qəbul etdirilməyə lüzum olmayan respublika quruluşunun tərəfdarıyam… Mən öz respublikaçılığımı, məsələn, ingilislərə güclə qəbul etdirməzdim. Əgər onlar kral Viktoriyanın hakimiyyətindən razıdırlarsa, qoy belə də olsun. Bu halda da onların hökuməti respublika hökuməti hesab olunmalıdır..."
C.Haribaldinin memuarlarından. Moskva, 1966
İtaliyada vahid milli dövlətinin yaradılması. XIX əsrin 50-ci illərində sənayesi sürətlə inkişaf edən və konstitusiyalı monarxiya quruluşuna malik Pyemont krallığı1851–1861-ci illərdə burada hökumət başçısı olmuş qraf Kamillo Kavur həyata keçirdiyi liberal siyasi və iqtisadi islahatları ilə krallığı xeyli gücləndirdi. Pyemont krallığı Fransa ilə ittifaq bağlayaraq 1859-cu ildə Avstriya ilə müharibədə (istiqlaliyyət uğrunda ikinci müharibə) qalib gəldi və Lombardiyanı öz ərazisinə qatdı. 1860-cı ilin yazında üsyan qaldıraraq müstəbid hakimlərini qovmuş Toskana, Modena və Parma, payızda isə İtaliyanın milli qəhrəmanına çevrilmiş C.Haribaldinin azad etdiyi Neapol krallığı Pyemonta birləşdirildi. 1861-ci ildə İtaliya krallığının yarandığı elan edildi. Pyemont kralı II Viktor Emmanuil İtaliyanın kralı, Kavur isə hökumət başçısı seçildi. Krallığın paytaxtı əvvəlcə Turin, sonra Florensiya şəhərləri oldu.
İtaliya krallığı XIX əsrin sonu – XX əsrin əvvəllərində. İtaliya krallığı 1866-cı ildə Prussiya ilə birlikdə Avstriyaya qarşı müharibə (istiqlaliyyət uğrunda üçüncü müharibə) apararaq Venesiyanı özünə birləşdirdi. Papanın mülkü hesab olunan Roma 1849-cu ildən fransız qoşunları tərəfindən mühafizə edilirdi. Prussiya ilə müharibədə Fransanın hərbi uğursuzluqlarından yararlanan İtaliya qoşunları 1870-ci ildə Romaya daxil oldular. İtaliyanın vahid milli dövlət halında birləşdirilməsi başa çatdırıldı. Krallığın paytaxtı 1871-ci ildə Florensiyadan Romaya köçürüldü. Papa Romanın işğalını tanımadığını bəyan edərək katolikləri İtaliya krallığı ilə əməkdaşlıqdan imtina etməyə çağırdı.
İtaliyanın milli dövlət halında birləşdirilməsi onun iqtisadi inkişafına təkan verdi. Ölkənin şimalında sənaye sahələri inkişaf etdiyi halda, cənubunda iri mülkədar təsərrüfatları qalmaqda idi. 1876–1887-ci
illərdə bir sıra vergilər ləğv edildi, seçki və təhsil sahəsində islahatlar keçirildi.
XX əsrin əvvəllərində İtaliya krallığı iqtisadi inkişaf səviyyəsinə görə Avropada Almaniya, Fransa və Böyük Britaniyadan geri qalırdı. Bu dövrdə bir neçə dəfə hökumətə rəhbərlik etmiş Covanni Colitti “liberal xətt” siyasəti yürüdürdü. Kişilər üçün ümumi seçki hüququ haqqında qanun qəbul edildi, fəhlələrə həftədə bir dəfə istirahət günü verildi. Onların tətil etmək hüququ tanındı, Cənubun iqtisadi inkişafına diqqət artırıldı.