XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropanın böyük ölkələri dövlətlərarası münasibətlərdə hakim rol oynayırdı. Sənaye çevrilişinin genişlənməsi müstəmləkələr ələ keçirmək uğrunda mübarizəni kəskinləşdirdi. Bu mübarizə hərbi-siyasi blokların yaranmasına səbəb oldu.
I Napoleon müharibələri
1804-cü ildə imperator titulunu qəbul edən I Napoleon bütün Avropanı özünə tabe etmək istəyirdi. Bunun üçün isə əvvəlcə Böyük Britaniyanı məğlub etmək lazım idi. Buna cavab olaraq Böyük Britaniya, Avstriya, İsveç və Rusiya ona qarşı növbəti koalisiya qurdular. 1805-ci ildə Trafalqar döyüşündə ingilis donanması qalib gəldi. Lakin Napoleon Avstriya və Rusiyanı Austerlits döyüşündə məğlub etdi. 1806-cı ildə Müqəddəs Roma imperiyasına rəsmən son qoyuldu. Sonra Prussiya məğlub edildi. I Napoleon dövlətlərarası münasibətlərdə Vestfaliya sülhündən sonra yaranmış status-kvoya (mövcud vəziyyətə) son qoydu.
Dünyanın ən güclü dəniz donanmasına malik olan İngiltərəni məğlub edə bilməyəcəyini anlayıb ona qarşı qitə blokadası tətbiq etdi. Fransadan asılı və müttəfiq dövlətlərə Böyük Britaniya ilə ticarət əlaqələri saxlamaq qadağan olundu. I Napoleonun hərbi strategiyası sürətli hərəkətə və qələbə üçün qüvvələri bir cəbhədə cəmləşdirməyə əsaslanırdı. 1807-ci ildə Rusiyanı məğlub edərək Tilzit sülhü bağlayan I Napoleon onu da qitə blokadasına qoşulmağa məcbur etdi. Lakin qitə blokadası iqtisadi cəhətdən güclü olan Böyük Britaniyaya deyil, Fransa və ondan asılı olan dövlətlərə mənfi təsir göstərdi. Rusiya qitə blokadasını pozaraq Böyük Britaniya ilə əlaqələri yenidən qaydaya saldı. Bu və Avropada bir sıra məsələlərdə mənafelərin toqquşması 1812-ci ildə I Napoleonun Rusiyaya yürüşünə səbəb oldu. O, Moskvanı ələ keçirsə də, lakin qışın düşməsi və rusların partizan müharibəsi taktikasından istifadə etməsi bu yürüşün uğursuzluğu ilə nəticələndi. I Napoleona qarşı Avropa dövlətlərinin yeni koalisiyası yarandı. 1814-cü ildə müttəfiqlər Parisə daxil oldular və I Napoleonu hakimiyyətdən kənarlaşdırdılar.
Vyana konqresi
1814-cü ildə bütün Avropa dövlətləri Vyana konqresində toplandı. Konqresin məqsədi I Napoleon müharibələrindən sonrakı dövlətlərarası münasibətlərin yeni qaydalarını müəyyən etmək idi. Konqresdə aparıcı rolu İngiltərə, Rusiya, Avstriya və Prussiya oynayırdı. Konqresin qərarına görə, I Napoleondan geri alınan ərazilərdə etnik prinsip əsasında dövlətlərin yaradılması deyil, onların monarxiyalar arasında bölüşdürülməsi qaydası tətbiq olundu. Fransanın inqilabdan əvvəlki sərhədləri bərpa edildi. Rusiya Polşanın bir hissəsini ilhaq etdi. Böyük Britaniya Malta, Seylon və Afrikanın cənubuna sahib oldu.
Vyana konqresinin qərarına əsasən, alman dövlətləri konfederasiyada birləşdi. Ümumi müdafiə prinsipinə əsaslanan Almaniya konfederasiyasında Avstriya və Prussiya əsas rol oynayırdı.
1814–1815-ci illər Vyana konqresindən sonra Avropada münasibətlər müntəzəm olaraq çağırılan konqreslərlə tənzimlənməyə başlandı. Güc tarazlığına və monarxiyaların hakimiyyətini qoruyan legitimliyə (qanuniliyə) əsaslanan dünya düzəni quruldu. Bu sistemin əsasını qoyanlardan biri Avstriya imperiyasının Xarici İşlər naziri Klemens Metternix idi. XIX əsrin birinci yarısında Avropada dövlətlərarası münasibətlər “Metternix sistemi”nə görə tənzimlənirdi. Bu sistem monarxiya sülalələrinin legitimlik prinsipinə əsaslanırdı. Yəni hər bir dövlət hakim sülalənin hökmdarına məxsus hesab edilirdi.
“Şərq məsələsi”
XIX əsrdə dövlətlərarası münasibətlərdə “Şərq məsələsi” önəmli yer tuturdu. Siyasi anlayış kimi ilk dəfə Rusiya tərəfindən Vyana konqresində irəli sürülmüş bu məsələdə məqsəd Osmanlı dövlətinin ərazilərini işğal etmək və bölüşdürmək idi. Çar Rusiyasının İstanbulu və boğazları işğal etmək istəyi Qərbi Avropa dövlətlərinin maraqlarına uyğun deyildi.
Ona görə də onlar 1853-cü ildə Rusiyanın Osmanlı dövlətinə qarşı başladığı Krım müharibəsində Osmanlı dövlətini müdafiə etdilər. Başlıca döyüş meydanı Krım olduğu üçün belə adlanan bu müharibədə Böyük Britaniya, Fransa və Sardiniya Rusiyaya qarşı vuruşdu. Rusiyanın məğlub olduğu müharibə 1856-cı ildə Paris sülh konfransı ilə başa çatdı. Konfrans Vyana konqresindən sonra Avropada yaradılmış güc tarazlığını yenidən nizama saldı.
Balkan yarımadası və Osmanlı dövlətinin ərazi bütövlüyü konfransda iştirak edən Avropa dövlətlərinin ortaq təminatı altına alındı. Müqaviləyə görə, Qara dəniz bütün dövlətlərin hərbi gəmilərinə qapalı elan edildi. Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququnu itirdi. Osmanlı dövləti bu müharibədə qalib gəlsə də, ilk dəfə olaraq xarici dövlətlərdən borc almışdı.
Balkanları təsir dairəsinə almaq istəyən Rusiya 1877-ci ildə yenidən Osmanlı dövlətinə qarşı müharibəyə başladı. İstanbula doğru irəliləyən rus qoşunlarının hücumunu dayandırmaq üçün İngiltərə donanması işə qarışdı. 1878-ci ildə imzalanan San-Stefano sülhünə görə, Osmanlı dövləti bir sıra ərazilərini itirdi.
Rusiyanın Balkanlarda möhkəmlənməsi və Şərqi Anadoluda bir sıra əraziləri işğal etməsi İngiltərənin, Almaniyanın və Avstriya-Macarıstanın mənafeyinə zidd idi. Ona görə də San-Stefano sülhünün şərtlərinə yenidən baxılması üçün 1878-ci ildə Berlin konqresi çağırıldı. Konqresin qərarlarına görə, Serbiya, Çernoqoriya (Montoneqro) və Rumıniyanın müstəqilliyi tanındı. Bolqarıstan Osmanlı dövlətindən asılı knyazlığa çevrildi. Qars, Ərdahan və Batum Rusiyaya ilhaq edildi. San-Stefano müqaviləsindən fərqli olaraq, Makedoniya, Şərqi Anadoluda Bəyazid Osmanlı dövlətində qaldı.
Berlin konqresinin qərarlarına görə, Kipr Böyük Britaniyaya icarəyə, Bosniya-Hersoqovinanın idarə edilməsi isə müvəqqəti olaraq Avstriya-Macarıstana verildi.
Konqresin qərarları Rusiyanın Almaniya və Avstriya-Macarıstanla ziddiyyətlərinin artmasına səbəb oldu.
Güc tarazlığından rəqabət mübarizəsinə
1862-ci ildə Otto fon Bismark kansler təyin edildikdən sonra Prussiya Almaniyanın birləşdirilməsi üçün fəal siyasət yürütməyə başladı. Prussiyanın güclənməsi Fransanı narahat edirdi. Almaniyanın birləşdirilməsi Fransanın mənafeyinə zidd idi. 1866-cı ildə Avstriyanın məğlub edilməsindən sonra Almaniyanın birləşdirilməsi üçün Prussiyanın qarşısında maneə olan yeganə qüvvə Fransa idi. III Napoleon Prussiyaya qarşı müharibə üçün bəhanə axtarırdı. İspaniya taxtına namizədlik uğrunda mübarizə müharibənin başlanmasına bəhanə oldu. Nəticədə 1870–1871-ci illər Fransa–Prussiya müharibəsi baş verdi. Fransanın məğlub olduğu bu müharibənin bitməsi ilə Almaniyanın birləşdirilməsi başa çatdırıldı. Tərəflər arasında bağlanmış sülh müqaviləsinə görə, Almaniya Elzas və Lotaringiyanı ilhaq etdi. Fransa ona təzminat verməli oldu. Almaniyanın birləşdirilməsi nəticəsində Vyana konqresindən sonra Avropada yaranmış güc tarazlığı dəyişdi.
1870-ci ildən 1890-cı ilə qədər Avropada dövlətlərarası münasibətlərə Bismarkın xarici siyasəti təsir etdi. O, Avstriya və Fransanın məğlubiyyətindən sonra yaranan güc tarazlığını saxlamağa çalışırdı. Əvvəlcə Fransanın təcrid olmasını təmin etdi. Onun Avropanın digər monarxiyaları ilə əlaqələrini kəsmək üçün ölkədə respublika rejimini dəstəklədi. Bismark İngiltərənin böyük iqtisadi gücünə, müstəmləkələrinin genişliyinə və dünyanın ən güclü dəniz donanmasına sahib olmasına əsaslanan üstünlüyü ilə hesablaşırdı.
«Almaniyanın geosiyasi* mövqeyi»
"[...]Coğrafî mövqeyimiz səbəbi ilə məqsədimizə nail olmaq üçün digər dövlətlərdən daha çox çalışmalıyıq. Avropanın mərkəzində yerləşirik. Ən az, üç cəbhədən hücuma məruz qala bilərik. Halbuki Fransanın müdafiə ediləcək yalnız şərq, Rusiyanın isə qərb sərhədləri var. Bundan başqa, dünya tarixinin ümumi gedişi, coğrafî mövqeyimiz və bəlkə də, almanların digər millətlərlə müqayisədə bu günə qədər birliyə malik olmaması səbəbindən düşmənlərin yaratdığı təhdidlərə digər xalqların olmadığı qədər açığıq. Tanrı qonşuluğumuza fransızlar kimi ən təcavüzkar xalqı yerləşdirmişdir. Ötən əsrlərdə bu gün çatdığı səviyyələrə çatacağı xəyal belə edilə bilməyəcək Rusiyanın müharibəpərəst fəaliyyəti genişlənmişdir. İki yandan da təhdid altındayıq".
Bismarkın parlamentdəki çıxışından.
1888-ci il. Tarix. İstanbul, 2002, səh. 217
Bu dövrdə İngiltərə münaqişələrdə iştirak etməmək üçün təcridçilik siyasəti yürüdürdü. İngiltərənin Avropadakı tarazlığa önəm verməsi də Bismarkı bu tarazlığı pozmamağa məcbur edirdi.
Bismark tarazlığı qorumaq üçün müxtəlif dövlətlərlə ittifaqlar qururdu. 1879-cu ildə Avstriya-Macarıstanla müqavilə bağlandı. 1882-ci ildə İtaliya da bu ittifaqa qoşuldu və “Üçlər ittifaqı” yarandı. Müxtəlif mənafeləri olan dövlətlərin bir ittifaqda birləşdirilməsi Bismarkın diplomatik ustalığını göstərirdi. Onun imperatorla fikir ayrılığına görə 1890-cı ildə istefasından sonra Almaniya dünya miqyasında imperialist siyasətini gücləndirdi. Bu isə onun rəqibləri olan Fransa, Rusiya və İngiltərənin yaxınlaşmasına səbəb oldu. 1890-cı illərin birinci yarısında Fransa və Rusiya ittifaq müqaviləsi imzaladı. Bununla da, Bismark tərəfindən həyata keçirilən Fransanın təcridedilmə siyasətinə son qoyuldu.
Böyük dövlətlər arasında rəqabət
XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropanın böyük dövlətləri arasında rəqabət kəskinləşdi. 1873–1895-ci illərin iqtisadi böhranı satış bazarları və xammal ehtiyacını zəruri problemə çevirdi. Müstəmləkələr sahəsində rəqabət daha güclü idi. Böyük dövlətlərin hamısı öz müstəmləkə ərazilərini genişləndirməyə çalışırdılar. Bu isə Avropa dövlətləri arasında mənafelərin toqquşmasına və ziddiyyətlərin kəskinləşməsinə səbəb olurdu. İngiltərə və Rusiya hələ XIX əsrin ikinci yarısından etibarən Əfqanıstan uğrunda mübarizəyə başlamışdılar. İngilislər Hindistanın sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır, Rusiya isə Hind okeanına yaxınlaşmaq istəyirdi. Afrikada Fransa və İngiltərə mübarizə aparırdı. Rəqabət mübarizəsi iqtisadi və hərbi sahələrdə də gedirdi. Bu amillər dövlətlərarası münasibətlərdə gərginliyi artırır və yeni ittifaq sistemlərinin yaranmasına şərait yaradırdı. Almaniyanın güclənməsi qitədə heç bir dövlətin güclənməsini istəməyən İngiltərənin də ənənəvi xarici siyasətinə zidd idi.
İngiltərə sənayesi Almaniya sənayesi ilə rəqabətdə uduzurdu. Həmçinin Almaniyanın öz hərbi dəniz donanmasını gücləndirməsi dənizlərdə hakim olan İngiltərəni narahat edirdi.
Bütün bu amillər hələ XIX əsrin sonlarına qədər düşmən olan dövlətləri: İngiltərə, Fransa və Rusiyanı yaxınlaşdırdı. Bu, XIX əsrdə İngiltərənin Baş naziri və Xarici İşlər naziri olmuş Henri Palmerstonun “İngiltərənin daimi dostu və düşməni yoxdur, daimi mənafeyi var” prinsipinin sübutu idi
XX əsrin əvvəllərində Fransa ilə Böyük Britaniya arasında yaxınlaşma başladı. Almaniyanın güclənməsi bu yaxınlaşmanın əsas səbəbi idi. Fransa və İngiltərə müstəmləkələrlə bağlı ziddiyyətlərdə razılığa gəldi və 1904-cü ildə Antanta* adlanan saziş imzaladı. Bu saziş Fransanın vasitəçiliyi ilə İngiltərə və Rusiyanın barışmasına da şərait yaratdı. 1907-ci ildə İngiltərə və Rusiya arasında müqavilənin bağlanması ilə Antanta ittifaqının yaranması başa çatdı. Beləliklə, Avropa bir-birinə düşmən olan iki bloka bölündü.
Böhranlar dövrü
XX əsrin əvvəllərində Avropada bir çox dövlətlərarası böhranlar baş verdi. Balkanlardakı vəziyyət sülh üçün daha böyük bir təhdid təşkil edirdi. Avstriya-Macarıstan və Rusiya Osmanlı imperatorluğunun zəifləməsindən istifadə edərək bu bölgədəki təsirlərini artırmağa çalışırdı. Rusiya 1904–1905-ci illər müharibəsində Yaponiyaya məğlub olandan sonra diqqətini Balkanlara yönəltmişdi. Burada slavyan xalqlarını, xüsusilə də müttəfiqi olan Serbiyanı himayə edirdi. Balkanlarda yaranacaq bir böhran mövcud ittifaqlar (Avstriya-Macarıstanın müttəfiqi olan Almaniya və İtaliya, Rusiyanın müttəfiqi olan Fransa və İngiltərə) arasında münaqişəyə səbəb ola bilərdi. 1908–1913-cü illər arasında Balkanlarda bir neçə böhran baş verdi:
• 1908-ci ildə Avstriya-Macarıstan Osmanlı dövlətinin zəifləməsindən istifadə edərək Bosniya-Hersoqovinanı ilhaq etdi. 1905-ci il inqilabı nəticəsində zəifləyən Rusiya buna müqavimət göstərə bilmədi.
• Osmanlı imperatorluğu Birinci Balkan müharibəsində (1912–1913) Balkan dövlətlərinin təşkil etdiyi ittifaq tərəfindən məğlub edildi.
Lakin qaliblər arasında işğal edilmiş ərazilərin bölüşdürülməsi uğrunda mübarizə 1913-cü ildə başlayan İkinci Balkan müharibəsinə səbəb oldu. Bu müharibə iki imperialist dövlətlər bloku arasındakı rəqabəti daha da dərinləşdirdi. Ardıcıl baş verən bu böhranlar ayrı-ayrı ölkələrdə millətçiliyi gücləndirdi.
“Şliffen planı parlaq olduğu qədər də strateji cəhətdən qüsurlu plan idi. Tarixi təcrübə Böyük Britaniyanın Belçikanın işğalı ilə razılaşmayacağını və müharibəyə daxil olacağını göstərirdi. Lakin bu həqiqət Kayzer və Alman Baş qərargahının diqqətindən qaçmış görünürdü”.
H.Kissincer. “Diplomatiya”, səh. 229