Osmanlı imperiyasının sonu

Osmanlı imperiyasının sonu

Bir zamanlar öz əzəməti ilə seçilən, Avropanı lərzəyə salan Osmanlı imperiyası XIX əsrin sonları – XX əsrin əvvəllərində bir qədər də zəifləyərək Avropa dövlətlərindən yarımasılı vəziyyətə düşdü. Ölkədə baş verən bütün narazılıqların səbəbini sultan hakimiyyətində görən gənc türklər hakimiyyəti ələ alsalar da, onların yeritdiyi siyasət imperiyanın tamamilə məhvinə gətirib çıxardı.

İctimai və siyasi vəziyyət

XIX əsrin əvvəllərində Osmanlı dövlətinin əsasını təşkil edən mərkəzi idarəetmə sistemi ölkənin geniş ərazilərini nəzarətdə saxlaya bilmirdi. Əyalətlərdə hakimiyyət varlanmış yerli əyanların və canişinlərin əlində cəmləşmişdi. Misirdə məmlüklərin hakimiyyəti güclənmiş, Afrikanın digər şimal vilayətlərində müstəqillik meyilləri artmışdı. Çoxsaylı müharibə xərcləri əsas vergi verənlərin – kəndlilərin çiyinlərinə ağır yük kimi düşmüşdü. Bu da onları müflisləşdirirdi. Kəndlilər təsərrüfatın dirçəldilməsində elə də maraqlı deyildilər. Çünki torpaq sahibləri və məmurlar məhsulun çox böyük hissəsini onların əllərindən alırdılar. Hərbi len sistemi olan timar və ziyamət böhran dövrünü yaşayırdı. Bir çox timar sahibləri müflisləşdiklərindən torpaqlarını hissələrə bölərək satırdılar. Bu yolla da onlar vəzifə borclarını lazımi qaydada yerinə yetirə bilmir, orduya döyüşçü verməkdə çətinlik çəkirdilər. Ordunun zərbə qüvvəsini təşkil edən yeniçərilər döyüş qabiliyyətlərini və nizam-intizamı itirsələr də, hakimiyyətə təsir etməyə cəhd göstərirdilər.

İmperiyanın geniş ərazilərində tabe edilmiş xalqların mübarizəsi get-gedə güclənirdi. Bunda Osmanlı dövlətindən pay qopartmağa çalışan böyük dövlətlərin də rolu az deyildi. Rusiya slavyan xalqlarının mübarizəsinə dəstək verdiyi halda ingilislər Misirdə, fransızlar Əlcəzairdə mövqelərini möhkəmləndirirdilər. XIX əsrin ilk onillikləri Balkan xalqlarının azadlıq mübarizəsinin güclənməsi kimi yadda qaldı. Serblərin üsyanları, yunanların 1821–1829-cu illərdə müstəqillik uğrunda apardıqları mübarizə, 1828– 1829-cu illəri əhatə edən rus-türk müharibəsi Osmanlı dövlətinə növbəti zərbəni vurdu. Müharibənin yekunu olaraq Ədirnə sülhü imzalandı və bu sülhlə Yunanıstanın müstəqilliyi, Serb knyazlığının isə muxtariyyət hüququ tanındı.

İlk əməli islahatlar


Bütün bunlar mərkəzi hakimiyyəti imperiyanı möhkəmləndirmək üçün yeni addımlar atmağa sövq edirdi. Bu yöndə ən mühüm addımlar sultan II Mahmudun dövründə (1808–1839) atıldı. 1826-cı ildə yeni piyada korpusunun yaradılması haqqında əmrin verilməsindən sonra yeniçərilərin qiyamı baş qaldırdı. Bu qiyamı yatıran hökumət tezliklə yeniçəri dəstələrini, eləcə də onlarla bağlı olan Bəktaşi ordenini ləğv etdi.
1830-cu illərin birinci yarısında ümumi əsgər yığımı qaydasında yeni ordu yaradılmasına başlanıldı. Hərbi len sisteminin ləğvi haqqında əmr verildi. Timar torpaqları dövlətin mülkiyyətinə keçdi. Onların sahibləri təqaüd qismində konpensasiya aldılar. Mərkəzi idarəetmə orqanlarında Avropa nümunəsində nazirliklər yaradıldı. Türk və fransız dillərində ilk hökumət qəzetləri çap olunmağa başlandı.

Tənzimat


1839-cu ildə “Gülxanə xətti-şərif”i verildi. Gələcək dəyişiklikləri özündə əks etdirən bu sənəd II Mahmudun göstərişi ilə islahat tərəfdarı Mustafa Rəşid paşanın başçılığı altında hazırlansa da, Sultan Əbdülməcidin dövründə qəbul edildi. Sənəddə təbəələrin həyatını, şərəfini, mülkiyyətini qorumaqdan, ədalətli vergi yığımından, qayda-qanundan, ordu toplanmasından və s. bəhs edilirdi. Bundan başqa, dini mənsubiyyətindən asılı olmayaraq, bütün təbəələrin qanun qarşısında bərabərliyi elan edildi. Nəzərdə tutulan dəyişikliklər tənzimat (islahat) adını aldı. Bu yeniliklər sonrakı onilliklərdə tədricən və qismən həyata keçirildi. Yeni qaydalar din xadimlərinin, əyalət hakimlərinin və məmurların müqavimətinə səbəb oldu. Bununla belə, vergi toplanmasındakı iltizam sistemi ləğv edildi, məhkəmələrin fəaliyyəti nizama salındı. Təhsil sahəsində ciddi dəyişikliklər olundu, ibtidai məktəblər dünyəvi hakimiyyətə tabe edildi, orta məktəblər, xüsusi hərbi-tədris ocaqları yaradıldı, ilk universitetlər açıldı.

Krım müharibəsindən sonra 1856-cı ildə verilmiş “Xətti-hümayun” əsasında növbəti silsilə islahatlara başlanıldı. Onlar, əsasən, iqtisadi münasibətlərə, məhkəmə sisteminə aid idi. Bununla yanaşı, mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün tədbirlər görüldü.

XIX əsrin 60–70-ci illərində ölkədə ingilis və fransız maliyyə və sənaye şirkətlərinin fəaliyyəti aktivləşdi. Onlar ticarətdə güzəştli şərtlərlə yanaşı, faydalı qazıntıların çıxarılması, dəmir yollarının və fabriklərin tikilməsi, kənd təsərrüfatı mallarının emalı sahəsində imtiyazlar aldı. XIX əsrin 70-ci illərində ölkənin mərkəzi vilayətlərində artıq iki dəmir yolu fəaliyyət göstərirdi.

Bu dövrdə ölkədə konstitusiya və seçkili orqanların (parlament) yaradılması uğrunda hərəkat meydana gəldi. 1865-ci ildə gizli şəkildə yaradılan “Yeni Osmanlılar” cəmiyyətinin məqsədi parlament formalaşdırmaq və Konstitusiya qəbul etmək idi. Bu cəmiyyətin üzvləri arasında, əsasən, yüksək mənsəb sahiblərinin övladları olan Avropa təhsili almış ziyalılar üstünlük təşkil edirdilər. Lakin təqiblərə görə tezliklə onlar ölkəni tərk etməyə məcbur oldular. Öz ideyalarını yaymaq məqsədilə mühacirətdə türk dilində qəzet nəşr etməyə başladılar. Bu qəzetlər arasında “Hürriyyət” qəzeti xüsusi şöhrət qazandı. Sultan hakimiyyətinə, imperiyanın qorunub saxlanılmasına loyal yanaşan “Yeni Osmanlılar” cəmiyyətdə dəyişiklik, ədalətli idarəetmə tərəfdarı idi. Onlar milli azadlıq hərəkatlarına qarşı bütün imperiya təbəələrinin birliyi ideyasını – osmanlıçılığı qoyurdular.
1876-cı ildə konstitusiya tərəfdarları fəallaşdılar. Mürəkkəb iqtisadi və siyasi şəraitdə mədrəsə tələbələri İstanbulda baş vəzirin və şeyxülislamın istefası tələbi ilə genişmiqyaslı mitinqlər təşkil etdilər. Yeni Osmanlı tərəfdarları sultanı devirdilər. Tanınmış ictimai xadim Əhməd Midhət paşanın rəhbərliyi ilə Dövlət Şurası Konstitusiya hazırladı. 1876-cı ildə Sultan II Əbdülhəmid onu qəbul etdi. Lakin konstitusiyadakı əsaslı dəyişiklikləri həyata keçirmək istəməyən sultan tezliklə Midhət paşanı baş vəzir vəzifəsindən çıxartdı və onu ölkədən sürgün etdi. 1877–1878-ci illərdə deputatların öz iclaslarında hökuməti tənqid etməsi, rus-türk müharibəsində məğlubiyyətin səbəblərinə dair hesabatlar tələb etməsi sultanın parlamenti qeyri-müəyyən müddətə buraxmasına gətirib çıxartdı. Bunun ardınca ölkədə sərt repressiya rejimi quruldu.
Osmanlı impersiyası 19-cu əsrdə

Gənc türklər


Belə bir dövrdə Osmanlı imperiyasının iqtisadi vəziyyəti daha da pisləşmiş, xəzinə boşalmış, iqtisadiyyat kökündən sarsılmışdı. Avropa ölkələrindən alınan yüksək faizli borclar dövləti fəlakətə sürükləyirdi. Sultan mütləqiyyətinə qarşı mübarizə aparmaq məqsədilə 1889-cu ildə İstanbulda “İttihad və tərəqqi” adlı gizli cəmiyyət yaradıldı. Bu cəmiyyətin üzvləri və onun tərəfdarları özlərini “Gənc türklər” adlandırırdılar. Tezliklə “Gənc türklər”in təqib edilməsi onların mühacirətinə səbəb oldu.

XX əsrin əvvəllərində – ölkədə inqilabi şəraitin yetişdiyi bir vaxtda “Gənc türklər”in fəallığı gücləndi. 1907-ci ildə “İttihad və tərəqqi” partiyasının rəhbərliyi altında Parisdə çağırılan konfransda üsyanın 1909-cu ildə başlanması qərara alındı. Lakin konfrans iştirakçıları “Gənc türklər”in rəhbərliyi olmadan ölkədə inqilabi hərəkatın başlayacağından, Makedoniyanın və digər ucqar bölgələrin Osmanlı imperiyasının tərkibindən çıxacağından ehtiyatlanaraq üsyanı tezləşdirmək qərarına gəldilər.

Üsyanın başlanması


Silahlı üsyan bayrağı 1908-ci ildə Makedoniyada qaldırıldı. Tezliklə bir çox Balkan şəhərlərinin qarnizonları, yerli partizan dəstələri onlara qoşuldular. Niyazi bəyin və Ənvər bəyin başçılığı ilə inqilabçı dəstələr Selanikə gəldilər. “İttihad və tərəqqi” partiyasının yerli komitəsi sultandan 1876-cı il Konstitusiyasının bərpasını qəti şəkildə tələb etdi. Hər yerdə üsyançıların dəstəkləndiyini görən Sultan II Əbdülhəmid bir gün sonra Konstitusiyanın bərpasına və parlamentin çağırılmasına razı oldu.
Dövlətin dağılmasının qarşısını almağı və Avropa dövlətlərinin asılılığından tam azad olmağı düşünən “Gənc türklər” Birinci Dünya müharibəsi zamanı Almaniyanın tərəfini saxladılar. Bu isə Osmanlı imperiyasının məhvinə səbəb oldu.


““Gənc türklər”in 1913-cü il konfransında qəbul etdiyi proqram


İqtisadi bölmədən çıxarış
Maddə 18. Kənd təsərrüfatının inkişafı üçün torpaq sahiblərinə aşağı faizli, uzunmüddətli kredit vermək. Bunun üçün də ölkədə ipoteka bankının açılmasına çalışmaq lazımdır. Maddə 19. Mövcud sivilizasiya tələblərini yerinə yetirməyə mane olan, ticari əməliyyatları gecikdirən və məhdudlaşdıran mövcud qanunvericiliyin yumşaldılmasına çalışmaq. <...>
Maddə 22. Sex birliklərini müstəqil ixtisas birlikləri qismində tanımaq və onlara öz daxili məsələlərinin həllində tam səlahiyyətlərin verilməsinə çalışmaq. Maddə 23. Dövlətin iqtisadi vəziyyəti imkan verən kimi aşarın 10% azaldılmasına çalışmaq. <...>
Maddə 25. İndiki çox ədalətsiz və qeyri-proporsional gəlir vergisini, nəyin bahasına olursa-olsun, bu qanunun xaricilərə şamil edilməsi ilə ədalətli və proporsional olmasına çalışmaq üçün xüsusi qanun hazırlamaq. <...>
Maddə 28. Torpaq mülkiyyətçiləri, icarədarlar, mövsümi işçilər və yardarlar arasında münasibətləri qaydaya sala biləcək qanunun qəbul olunmasına çalışmaq. <...>
Maddə 30. Sənayenin genişləndirilməsi haqqında qanunun verilməsini və qüvvəyə minməsini tezləşdirmək. <...>”
Тunауа T.Z. Тürkiуədə siyasi partiyalar. 1859–1952. İstanbul. 1952, səh. 216–217
Top