Versal müqaviləsi digər məğlub dövlətlərlə imzalanan müqavilələrlə tamamlandı. Avstriya ilə 1919-cu ildə Sen Jermen, Bolqarıstanla Neyi, 1920-ci ildə Macarıstanla Trianon müqavilələri imzalandı. Bu müqavilələrə görə, onlar ərazilərinin bir hissəsini qonşu dövlətlərə verməli, Almaniya kimi hərbi qüvvələrini məhdudlaşdırmalı və təzminat ödəməli idilər.
Antanta dövlətləri “Şərq məsələsi”ni də qəti olaraq həll etmək istəyirdilər. Osmanlı dövlətinin parçalanmasını nəzərdə tutan bu məsələnin müzakirəsində İngiltərə və Fransa arasında mövcud olan ziddiyyətlər bu dövlətlə müqavilənin imzalanmasını gecikdirdi. 1920-ci ildə Osmanlı dövləti ilə bağlanan Sevr müqaviləsində daha ağır şərtlər nəzərdə tutulurdu. Osmanlı dövlətinin əraziləri İngiltərə, Fransa, İtaliya və Yunanıstan arasında bölüşdürülürdü. Lakin Mustafa Kamalın başçılığı ilə türk xalqının istiqlal müharibəsinə başlaması bunun qarşısını aldı.
Paris konfransında dövlətlərarası münasibətlərin yenidən qurulmasında millət amili əsas rol oynadı. Bu münasibətlər artıq güc tarazlığı ilə deyil, millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə tənzimlənirdi. Bu hər bir xalqın müstəqil dövlət yaratma hüququnun tanınması demək idi. Konfransın nəticəsində xüsusilə Avropa, Yaxın Şərqdə sərhədlər dəyişdi. Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Rusiya imperiyaları dağıldı. Avstriya-Macarıstan imperiyasının parçalanması nəticəsində onun ərazisində yeni dövlətlər: Avstriya, Macarıstan, Çexoslovakiya və Serb–Xorvat–Sloven krallığı (sonralar Yuqoslaviya) yaradıldı. Həmçinin müstəqil Polşa dövləti bərpa edildi. Xalqların müqəddəratını təyinetmə hüququ tanınarkən yeni milli azlıqlar problemi yarandı. Beləliklə, milli azlıq məsələsi və millətçilik müharibədən sonra da sülh üçün təhlükə olaraq qaldı. Konfransın mühüm nəticələrindən biri dövlətlərarası münasibətləri nizamlamaq üçün Millətlər Cəmiyyətinin yaradılması oldu. Lakin məğlub dövlətlər və Sovet Rusiyası bu təşkilata qəbul edilmədi.
Paris konfransı qalib dövlətlər arasında ziddiyyətlərin olduğunu göstərdi. Məğlub olanlar da, qalib gələnlər də sülh müqavilələrindən narazı idilər. Yaxın Şərqin bölüşdürülməsi və digər məsələlərdə İngiltərə və Fransa arasında narazılıq yarandı. Fransa öz təhlükəsizliyi üçün önəmli hesab etdiyi nəticəyə nail olmadı. İtaliya müharibə dövründə gizli müqavilə ilə ona vəd edilmiş əraziləri ala bilmədiyindən narazı qalmışdı. Avropada qüvvələr tarazlığını saxlamaq istəyən ABŞ Almaniyanın tamamilə zəiflədilməsini istəmirdi. Ona görə də İngiltərə və Fransanın güclənməsinə mane olmaq məqsədilə Almaniya və Osmanlı dövlətindən alınmış torpaqların Millətlər Cəmiyyətinin mandat sistemi əsasında idarə edilməsi təklifini irəli sürdü.
ABŞ həmçinin Yaponiyanın da Uzaq Şərqdə möhkəmlənməsinin qarşısını almaq istəyirdi. Millətlər Cəmiyyətinə üzvlük ABŞ-ın ənənəvi təcridçilik siyasətinə zidd olduğuna görə Senat Versal müqaviləsini ratifikasiya etmədi. Nəticədə ABŞ Millətlər Cəmiyyətindən kənarda qaldı.
Almaniyanın müstəmləkələri və Osmanlı dövlətinin tərkibində olan Yaxın Şərqdəki Ərəb torpaqları “Mandat rejimi” adı altında bəzı qalib dövlətlərə verildi. Bununla da, müstəmləkələr məsələsi İngiltərə, Fransa və Yaponiyanın xeyrinə həll edildi. Onlar Almaniyanın Afrika və Sakit okeandakı müstəmləkələrinə, Osmanlı dövlətinin Yaxın Şərqdəki ərazilərinə nəzarəti ələ keçirdilər. İngiltərə və onun dominionları, Fransa, Belçika və Yaponiya mandat sahibi oldular. Müstəmləkələr A, B və C kateqoriyalarına bölündü. Mandat sahibi olan dövlət A və B kateqoriyasına daxil edilmiş ölkələri müstəqilliyə hazırlamalı idi. C kateqoriyasına daxil edilmiş ərazilər isə mandat sahibi olan dövlətin mülkü hesab edilirdi. Əslində, mandat rejimi qalib dövlətlərin ərazi ilhaq etmələrinin bir alternativi oldu.
Paris sülh konfransı uzunmüddətli sülhün təmin edilməsinə deyil, məğlub dövlətlərin cəzalandırılmasına yönəlmişdi. Müharibənin təqsirkarı elan edilən Almaniyaya hərbi qüvvə saxlamaq qadağan olundu. Almaniya ərazilərinin bir hissəsini, bütün müstəmləkələrini itirdi və son dərəcə ağır iqtisadi sanksiyalara məruz qaldı. O eyni zamanda müharibə təzminatı da ödəməli idi. Bu və Versal müqaviləsinin digər ağır şərtləri sonralar – 1920-ci illərdə Almaniyada millətçi siyasi qrupların fəallaşmasına səbəb oldu.
Versal müqaviləsinin bəzi şərtləri:Maddə 51. … 1871-ci il Frankfurt müqaviləsi ilə Almaniyaya verilən ərazilər …yenidən Fransa hakimiyyətinə keçmişdir.
Maddə 231. Almaniya özünün və müttəfiqlərinin təcavüzkar olduğu səbəbi ilə Antanta dövlətlərinin məruz qaldığı bütün zərərlərdən məsuliyyət daşıdığını qəbul edir.
Maddə 232. Antanta dövlətləri öz mülki əhalisinə və onların əmlakına dəyən bütün zərərlərin ödənilməsini tələb edir və Almaniya bu təzminatı ödəməyi qəbul edir.
“Müharibəni nəticələndirən sülh Avropanın ən güclü iki dövlətini əhatə etmirdi: Almaniya və Rusiyanı. Bu ölkələr Avropanın əhalisinin yarıdan çoxunu və ən böyük hərbi potensialını təşkil edirdi. Yalnız bu həqiqət belə Versal sistemini uğursuzluğa məhkum edə bilərdi”.
H.Kissincer. “Diplomatiya”, səh. 258
Versal və digər məğlub dövlətlərlə bağlanan müqavilələrin əsaslandığı “14 maddə” prinsipinin həyata keçirilməsində ikili standart yeridilirdi. Bu prinsiplər Avropada müəyyən dərəcədə həyata keçirilsə də, Asiya, Afrika və bəzi Amerika xalqlarına şamil edilmədi. Müharibədə İngiltərə ordusunda vuruşan Hindistan xalqlarına müstəqillik verilmədi. Müharibə dövründə Osmanlı dövlətinə qarşı üsyan qaldırmaq müqabilində ərəblərə verilən vədlər yerinə yetirilmədi. İraq və Misir mandat əsasında İngiltərənin nəzarətində qaldı. Suriya Fransanın nəzarətinə verildi. Çinin bir hissəsi və Koreya Yaponiyanın tərkibində qaldı. Təcridçilik siyasəti yeridən ABŞ-ın Millətlər Cəmiyyətinə daxil olmaması və Sovet Rusiyasının kənarda qalması da Versal sisteminin zəifliyini göstərirdi. Bütün bu ziddiyyətlər sonralar müasir dövrümüzə qədər təsirləri davam edən yeni münaqişələrin yaranmasına səbəb oldu.
Avropa, Afrika və Yaxın Şərqdə məsələlər həll edildikdən sonra Uzaq Şərq və Sakit okean zonasında münasibətləri tənzimləmək üçün 1921-1922-ci ildə Vaşinqtonda konfrans keçirildi. Konfransın nəticələrindən biri ABŞ, İngiltərə, Fransa və Yaponiya arasında Dörd dövlət müqaviləsinin imzalanması oldu. Müqavilə tərəflərin Sakit okean bölgəsindəki mülklərinin tanınmasını nəzərdə tuturdu. Konfransda Çinə aid münasibətləri tənzimləyən müqaviləyə görə Çinin müstəqilliyi, ərazi bütövlüyü tanındı. Bu ölkədə sənaye və ticarət sahələrində bərabər imkanlar prinsipi tətbiq edilirdi. Əslində, bu, ABŞ-ın “Açıq qapılar” siyasətinin həyata keçirilməsi demək idi.
Konfransda imzalanan üçüncü müqavilə isə dəniz silahlarının məhdudlaşdırılması haqqında oldu. Müqavilənin mühüm nəticələrindən biri Yaponiyanın Sakit okeanda fəaliyyətinin məhdudlaşdırılması idi. Digər nəticə isə İngiltərənin dəniz üstünlüyünü ABŞ-la bölüşməsi oldu. Konfransın nəticələri Yaponiyanı narazı saldı və bu onun ABŞ-a qarşı qisasçılıq siyasətinin başlanğıcını qoydu.
Beləliklə, Versal və Vaşinqton konfranslarının qərarları ilə dövlətlərarası münasibətlərdə yeni sistem quruldu. Lakin bu sistem dünyada mövcud olan siyasi-iqtisadi problemləri tamamilə və ədalətlə həll etmədi.
Müəllif: Pərviz Ağalarov, Rövşən Hətəmov, Niyaməddin Quliyev,Hafiz Cabbarov, Elnur Hüseynov
Mənbə: ÜMUMİ TARİX 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Ümumi tarix fənni üzrə DƏRSLİK