İranın Birinci Dünya Müharibəsindən sonra tarixi

İranın Birinci Dünya Müharibəsindən sonra tarixi

Qacarlar dövləti. Birinci Dünya müharibəsində bitərəfliyini elan etməsinə baxmayaraq, Qacarlar dövlətinin ərazisi vuruşan dövlətlərin mübarizə meydanına çevrilmişdi. Rusiyanın müharibədən çıxmasından, Almaniya və Osmanlı imperiyalarının Birinci Dünya müharibəsində məğlubiyyətindən sonra bu dövlətin ərazisi, demək olar ki, bütünlüklə ingilis ordusu tərəfindən zəbt edilmişdi. Belə şəraitdə iqtisadiyyat çökmüş, ölkə müflisləşmiş, məclis buraxılmışdı. Dövlətdə hökumət kabinetləri tez-tez dəyişilirdi. İngilispərəst Vüsuquddövlə hökuməti məclisin razılığı olmadan Konstitusiyanı pozaraq 1919-cu ildə İngiltərə ilə saziş imzaladı. Bu saziş Qacarlar dövlətinin ordusunu, maliyyəsini, yol tikintisini, xarici ticarəti və ölkənin digər ictimai-siyasi sahələrini ingilislərin nəzarətinə verdi.

Ümumxalq narazılıqları

Bütün bunlar ümumxalq narazılığı doğurdu. 1920-ci il aprelin 7-də Təbrizdə Şeyx MəhəmmədXiyabaninin başçılığı ilə üsyan başlandı. Bununla yanaşı, ölkənin şimalında – Gilanda, daha sonra Xorasanda xalq azadlıq hərəkatı alovlandı. Lakin üsyançıların pərakəndə və lokal hərəkət etməsi İngiltərədən kömək alan mərkəzi hakimiyyətə 1922-ci ilin əvvəllərinədək üsyanları yatırmağa şərait yaratdı.

Xalq azadlıq hərəkatlarını yatırmasına baxmayaraq, ingilis boyunduruğundan çıxa bilməyən Qacarlar sülaləsi ölkədə öz nüfuzunu itirdi. 1921-ci ildə Tehranda dövlət çevrilişi edildi. Ziyaəddin Təbatəbainin başçılığı ilə yeni hökumət quruldu. Rza xan Hərbi nazir oldu.

Yeni hökumət “aristokratlara qarşı mübarizə” haqqında bəyannamə dərc etdi. Bəyannamədə fəhlələrin və kəndlilərin vəziyyətinin yaxşılaşdırılması məqsədi elan olunur, müstəqil siyasət yürüdüldüyü və 1919-cu il İngilis–Qacarlar müqaviləsinin ləğv edildiyi bildirilirdi. Tezliklə bütün ingilis maliyyə məsləhətçiləri, hərbi təlimatçıları, eləcə də ordusu İrandan çıxarıldı. Beləliklə, İngiltərə Birinci Dünya müharibəsindən sonra İranda əldə etdiyi bütün mövqeləri itirdi. 1923-cü ildə Rza xan Baş nazir oldu.

Pəhləvilər sülaləsi

Baş nazir olsa da, Hərbi nazir vəzifəsini əlində saxlayan Rza xan 1925-ci ilin dekabrında məclisi Qacarlar sülaləsini devirməyə və özünün şah elan edilməsinə məcbur etdi. Yeni sülalə Pəhləvi adını aldı. Tezliklə ölkədə hərbi diktatura quruldu, ümumi hərbi mükəlləfiyyət tətbiq edildi. Yürüdülən mərkəzləşdirmə siyasətinin nəticəsində xanların separatçılığına son qoyuldu. Separatçı xanların torpaqlarının müsadirə edilib yüksək rütbəli zabitlərə verilməsi nəticəsində ölkədə yeni iri torpaq mülkiyyətçiləri yarandı. Ən böyük torpaq mülkiyyətçisi isə Rza şah idi. 1935-ci ildən diplomatik yazışmalarda dövlət İran adlandırılmağa başlandı. Dövlət dili elan edilən fars dilindən başqa dildə kitab və ya qəzet nəşri qadağan olundu. Paniranizm dövlətin rəsmi ideologiyası elan edildi.

Paniranizm – İranda yaşayan xalqların bir dövlət altında birləşdirilməsini özündə əks etdirən mürtəce ideologiya

İqtisadi inkişaf

Rza şah milli sənayeni və ticarəti inkişaf etdirmək məqsədilə güzəştli gömrük tarifləri müəyyənləşdirdi və ölkəyə gətirilən mallara yüksək rüsumlar təyin etdi. Bu tədbirlər milli istehsalın və sənayenin inkişafına yol açdı. Fabrik-zavodların sayı xeyli artdı. Lakin 1929– 1933-cü illər böhranı İranın iqtisadi cəhətdən geri qaldığını göstərdi. Bu, hökumətin ölkədə dövlət kapitalizmi siyasətini həyata keçirməsinə gətirib çıxartdı. İngiltərə–İran neft şirkəti ilə bağlanmış müqavilə ləğv edildi, şirkətin eksterritoriallıq hüququna son qoyuldu. 1933-cü ildə Şah hökumətinin maraqlarını müdafiə edən yeni müqavilə imzalandı.

Ölkədə icbari pulsuz ibtidai təhsil tətbiq olundu, orta və ali təhsil müəssisələri yaradıldı. 1935-ci ildə çadranın məcburi çıxarılması haqqında dekret elan edildi, Avropa geyimi tətbiq olundu, təmtəraqlı feodal titulları ləğv edildi, soyadlar verildi. İctimai həyatda ruhanilərin mövqeyini zəiflətmək məqsədilə 1930-cu illərin ortalarında onlara moizələrində siyasətə qarışmaq və hökuməti tənqid etmək qadağası qoyuldu.

1930-cu illərin ortalarına qədər İranın SSRİ ilə əlaqəsi mehriban qonşuluq münasibətləri formasında idi. Bu dövlətin xarici ticarət əlaqələrinin 40%-i SSRİ-nin payına düşürdü. Lakin İkinci Dünya müharibəsi ərəfəsində hökumətin siyasətində Almaniyaya meyillilik artdı. İranın dəmiryol və sənaye avadanlıqlarının təchizi Almaniyanın inhisarına keçdi. Xarici ticarətdə Almaniyanın payı 40-45%-ə yüksəldi. Ölkədə faşist Almaniyasının təxribat və kəşfiyyat orqanları fəallaşdı. Bu da, öz növbəsində, SSRİ-nin və İngiltərənin müharibə illərində İrana müdaxilə etməsinə yol açdı.

Top