Ərəb ölkələrinin tarixi. Birinci Dünya müharibəsindən sonra

Ərəb ölkələrinin tarixi. Birinci Dünya müharibəsindən sonra

Hələ Birinci Dünya müharibəsi dövründə İngiltərə və Fransa ərəb ölkələri üzərində hegemonluq üçün öz aralarında gizli razılığa gəlmişdi. Ərəb ölkələrinin siyasi dairələri hələ 1917-ci ilin sonlarında onlarla bağlı məkrli planların qurulduğunu anlamağa başlamışdı. Müharibənin yekunlarına həsr olunmuş Versal konfransında ərəb ölkələrinin idarəetmə məsələsi müzakirə olundu. 1920-ci il San-Remo anlaşmasına görə, Suriya və Livan Fransanın, Misir, Fələstin və İraq İngiltərənin mandatlığına keçdi. ereb olkeleri

Misir. Birinci Dünya müharibəsindən sonra Misirdə azadlıq hərəkatının yeni mərhələsi başladı. Misir millətçiliyinin əsasını fironluq – Qədim Misir dövrünün mədh edilməsi təşkil edirdi. Bu hərəkat 1922-ci ildə Tutanhamonun sərdabəsi açılandan sonra daha da gücləndi. Müstəqillik mübarizəsinə “Əl-Vafd əl-Misri” adlı burjua partiyası rəhbərlik edirdi. 1923-cü ildə İngiltərə Misirin müstəqilliyini tanıdı. 1923-cü il konstitusiyasına görə Misir konstitusiyalı monarxiya oldu. Buna baxmayaraq, ingilislər hələ uzun müddət bu ölkədə öz mövqeyini qoruyub saxlaya bildilər.

Fələstin. San-Remo konfransında Fələstinin idarəetmə mandatının İngiltərəyə verilməsinə qarşı bütün ölkəni azadlıq mübarizəsi bürüdü. Mübarizə aparanlar ərəblərlə yəhudilərin bərabər hüquqlar çərçivəsində yaşaya biləcək azad Fələstin dövlətinin yaradılması üçün çalışırdılar. Ancaq İngiltərə və ABŞ-ın dəstəyinə arxalanan sionist liderləri Fələstinin sırf yəhudi dövlətinə çevrilməsini tələb edirdilər.

Gələcək İsrail dövlətinin birinci Baş naziri və sionizmin rəhbəri Ben-Qurion Nyu-Yorkda yəhudi qəzeti “Kempfer”də yazırdı: “… Mən güclü cavanlardan ibarət dəstə yığa bilərəm. Onların tapşırığı özünü qeyri-yəhudi kimi göstərərək kobud antisemit üsullarından istifadə edib yəhudiləri antisemit şüarlarla təqib etmək olardı.… Mən zəmanət verə bilərəm ki, bu ölkələrdən İsrailə immiqrantların axın etməsinin xeyri min emissarın faydasız təbliğatından on qatına çox olardı?"

XX əsr Asiya və Afrika ölkələrinin ən yeni tarixi. I hissə, 1900–1945.
Moskva, 2001, səh. 239.

Sionizm yəhudi xalqının ayrı-seçkilik ideyasını elan edən irqçi yəhudi hərəkatı. Sionizmin əsasında yəhudilərin «tarixi vətəninə» – Fələstinə qaytarılması və orada «Yəhudi dövləti» yaradılması ideyası dayanır.
Antisemitizm yəhudilərə qarşı düşmənçilik münasibətini ifadə edən milli dözümsüzlük, şovinizm və irqçilik formasıdır.

Suriya. Fransanın mandat idarəçiliyinə keçən Suriyada müstəmləkə rejiminin ləğvi naminə aramsız kəndli çıxışları baş verirdi. Bu çıxışların ən güclüsü 1925–1927-ci illəri əhatə edən silahlı üsyan idi. Üsyançılar Dəməşqi tutmasına baxmayaraq, tezliklə fransız müstəmləkəçiləri tərəfindən məğlub edildilər. Güclənən xalq hərəkatı qarşısında geri çəkilməyə məcbur olan Fransa hökuməti 1936-cı ildə üç ildən sonra mandatlığın ləğv ediləcəyi barədə vəd verdi.

İraq. San Remo konfransından sonra İraq mandatını alan İngiltərə 1921-ci ildə Haşimilər sülaləsindən olan Əmir Feysəli İraq taxtına çıxartdı. Lakin bütün hakimiyyət orqanlarında ingilis məsləhətçilər yerləşdirildi. Tezliklə kral I Feysəllə İngiltərə hökuməti arasında müqavilə imzalandı. Bununla da, rəsmən İraqın İngiltərədən asılılığı daha da gücləndi. İngilislərin ölkədə apardığı müstəmləkə siyasətinə qarşı müqavimət hərəkatının güclənməsinə baxmayaraq, İraq hələ uzun müddət ingilis ağalığı altında qaldı.

Səudiyyə Ərəbistanı. Ərəbistan yarımadasında Nəcd, Hicaz, Əsir, Yəmən və digər knyazlıqlar arasında aramsız müharibələr gedirdi. Tezliklə Nəcd hakimi Əbdül əl-Əziz ibn Səud qələbə qazanaraq Məkkə və Mədinəni birləşdirib 1926-cı ildə Nəcd və Hicaz kralı titulunu qəbul etdi. Sonra o, ətrafındakı digər əraziləri də birləşdirdi. 1932-ci ildə kral “Quran”ın ölkə konstitusiyası, ölkəsinin Səudiyyə Ərəbistanı Krallığı elan edilməsinə dair fərman verdi.


Top