SSRİ 1940-cı illərin ikinci yarısı-50 ci illərin əvvəllərində

SSRİ 1940-cı illərin ikinci yarısı-50 ci illərin əvvəllərində

Sosial-iqtisadi vəziyyət. Müharibə başa çatdıqdan sonra qarşıda duran əsas vəzifə dinc quruculuğa keçərək yüzlərlə dağıdılmış şəhər, qəsəbə və kəndi, dəmir yollarını və sənaye müəssisələrini bərpa edərək adamların maddi vəziyyətini yaxşılaşdırmaq idi. SSRİ-nin 27 milyon nəfərə yaxın əhalisi döyüşlərdə, faşist düşərgələrində, aclıqdan və xəstəlikdən öldüyü, ölkənin xalq təsərrüfatı milli sərvətinin təqribən 30 faizini itirdiyi üçün bu vəzifəni həyata keçirmək mürəkkəb və çətin şəraitdə baş verirdi. MSİ-nin məlumatına görə SSRİ-nin əhalisi demək olar ki, 18 faiz azalaraq 1941-ci il yanvarın 1-də 196,8-dən, 1946-cı il yanvarın 1- də 162,4 milyon nəfərə düşmüşdü. Əhalinin azalması, əmək qabiliyyəti olan fəhlələrin yaşlı və yeniyetmələrlə, kişilərin qadınlarla, ixtisaslı işçilərin iş təcrübəsi olmayanlarla əvəz olunması, mal-qaranın azalması sayəsində əmək qabiliyyəti olan insanların pis qidalanması, mənzil şəraitinin yetərsizliyi, texniki avadanlığın sıradan çıxması və ya köhnəlməsi, kapital qoyuluşunun aşağı düşməsi və s. əmək məhsuldarlığının müharibədən əvvəlki səviyyə ilə müqaisədə kəskin aşağı düşməsinə səbəb olmuşdur.

1945- ci il mayın sonunda DMK bir sıra müdafiə müəssisələrini əhali üçün məhsul hazırlamağa yönəltdi. Ordunun şəxsi heyətinin tərxis olunmasına dair qanun qəbul edildi. Xalq təsərrüfatının dövlət tərəfindən idarə olunmasında struktur dəyişikliklər həyata keçirildi. 1945-ci ilin sentyabrın 4-də Dövlət Müdafiə Komitəsi ləğv olundu. Ölkənin idarə edilməsində bütün işlər Xalq Komissarları Sovetinin, 1946-cı ilin martın 15-dən isə yeni adı ilə SSRİ Nazirlər Sovetinin əlində cəmləşdi. Növbədənkənar məcburi iş norması ləğv olundu, 8 saatlıq iş günü və əmək haqqı ödənilməklə illik məzuniyyətlər bərpa edildi.

1946- cı ilin martında SSRİ Ali Soveti 1946-1950-ci illəri əhatə edən xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsinə dair dördüncü beşillik plan tapşırıqlarına aid qanun qəbul etdi. Ağır sənayenin və dəmir yol nəqliyyatının bərpası və inkişafı, bütün sahələrin texniki tərəqqisinin təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin artırılması, silahlı qüvvələrin ən yeni hərbi texnika ilə təchiz edilməsi beşilliyin başlıca vəzifələri elan edildi. Planda sənaye və kənd təsərrüfatının müharibədən əvvəlki səviyyəsini bərpa edərək sənayeni 48, kənd təsərrüfatın isə 23 faiz artırmaq nəzərdə tutulmuşdur. Dördüncü beşillik planın xalq təsərrüfatını bərpa etmək və onu daha da inkişaf etdirmək vəzifəsini həyata keçirmək üçün 250,3 milyard manat məbləğində əsaslı vəsait qoyuluşu ayrılmışdır. Bu vəsaitin yarıdan çoxu ağır sənayeyə, ilk növbədə işğala məruz qalmış ərazilərin sənaye potensialının bərpa edilməsinə yönəldilmişdir. Planda xalqın sosial-məişət vəziyyətini yaxşılaşdırmaq, təhsil, elm və mədəniyyət, səhiyyənin inkişaf etdirilməsi nəzərdə tutulurdu.

ÜİK (b)P MK-nın katibi A.Jdanov, SSRİ Dövlət Plan Komitəsinin sədri N.A. Vozne-senski, RSFSRNazirlər Sovetinin sədri N.Rodionov iqtisadi inkişafavolüntarist, yəni subyektiv münasibəti yumşaldaraq onun tarazlaşdırılmış inkişaf xəttini müdafiə edirdilər. Bu istiqamətin əksinə olaraq G.M.Malenkov və L.P.Beriya iqtisadçı E.S.Varqanın tədqiqatlarını əsas götürərək 30-cu illərin iqtisadi modelinə qayıdaraq ölkənin hərbi-sənaye bazasının sürətli inkişafını ön plana çəkməyi tələb edirdilər. 1946-1947-ci illərdə artan beynəlxalq gərginliyin manipulyasiyası, sənaye rəhbərlərinin mühafizəkar cəbhəsinin təşkil olunması, 1946-cı il qıtlığı sayəsində kəndlilər üzərində nəzarətin sərtləşdirilməsi, iqtisadi həyata volüntarist metodların tədbiqinin yumşaldılması və məcburi tədbirlərin azaldılması tərəfdarı olan xalq təsərrüfatının tarazlaşdırılmış inkişafını müdafiə edənlərin məğlubiyyəti ilə başa çatdı. 1946-cı ildə dinc quruculuğa keçilməsinin çətinliklərindən irəli gələn sənaye istehsalının əvvəlki illə müqaisədə 17 faiz aşağı düşməsi sənayenin idarə edilməsinin icbari və iradi metodlarına qayıtmağa gətirib çıxardı,1948-cı ildə A.Jdanovun ölümü, N.Voznesevskinin vəzifədən azad edilərək məhkəməsiz 1950-ci ildə güllələnməsi, dördüncü beşillik plan tapşırıqlarına yenidən baxılaraq subyektiv olaraq iqtisadi artımın yüksək göstəricilərinin müəyyən edilməsi ilə nəticələndi. Əhalinin aşağı həyat səviyyəsi nəzərə alınmadan, xüsusilə, ağır sənaye sahəsində “nəhəng layihələrə” üstünlük verilirdi. Başqa sözlə 1947/48- 1952/53-cü illərdə 30-cu illərdəki iqtisadi quruculuq təcrübəsi təkrar olunurdu. Birinci beşillikdə olduğu kimi başlı-başına tikintisi başlayan çoxlu müəssisəni tikib başa çatdırmaq mümkün olmadı. İxtisası olmayan işçilərin çoxsaylı tikintilərə cəlb edilməsi ilk beşilliklərdə olduğu kimi əməyin təşkilinin böhranına və məhsuldarlığın aşağı düşərək dördüncü beşillik illərində orta hesabla 6 faiz olmasına gətirib çıxardı. Bu həm də işdən yayınanların, kadr axıcılığının, zay məhsul istehsalının artması, əmək intizamının aşağı düşməsi ilə müşayiət edilirdi.

Bütün bu qeyd edilənlərə baxmayaraq, şübhəsiz, xalq təsrrüfatının bərpa edilməsində tezliklə normal dinc həyatı qaydaya salmağa çalışan sovet adamlarının əmək şövqü mühüm rol oynadı. Eyni zamanda Almaniyadan 4,3 mlrd dollar həcmində alınan təzminat və texnologiya beşillik planın yerinə yetirilməsinə böyük kömək oldu. Məhz bunun hesabına müharibədən sonra bərpa olunan müəssisələrin yarısının dəzgah və avadanlığını yeniləmək mümkün oldu. Dördüncü beşillik dövründə 3 mindən çox iri müəssisə, o cümlədən Dneprohes, Azov və Zaporojye metallurgiya kombinatları, Stalinqrad və Xarkov traktor zavodları bərpa edilmişdir. Ümumən 1946-1950-ci illərdə 6,2 mindən çox sənaye müəssisəsi bərpa edilmiş və yenisi tikilmişdir. Ukrayna, Belarusiya, Moldaviyada bərpa işləri görülür, Ural, Sibir, Cənubi Qafqaz və Orta Asiya respublikalarında yeni sənaye nəhəngləri, Ust-Kamenoqor qurğuşun-sink kombinatı, Kutaisi avtomobil zavodu, Sumqayıt və Nikopolda boru prokat zavodları, Cambul və Kokand superfosfat zavodları, Sverdlovskda (Yekaterinburq) turbin-motor zavodu, Minskdə, Vladimirdə traktor zavodları və s. işə düşdü. Saratov-Moskva, Daşava-Kiyev kimi iri və uzun qaz kəmərləri çəkildi və istifadəyə verildi. Özbəkistanda Fərhad, Volqada Rıbinsk, Uralda Nijni Turbinsk, Moskva ətrafında Şekino kimi yeni elektrik stansiyaları tikildi,1949-cu ilin noyabrında Xəzərdə açıq dənizdə ilk neft quyusu qazıldı və Azərbaycan neft istehsalının həcminə görə SSRİ-də birinci yerə çıxdı. Rəsmi məlumata əsasən 1948-ci ildə sənaye məhsulu istehsalına görə ölkə müharibədən əvvəlki səviyyəni 18, 1950-ci ildə isə 73 faiz ötüb keçdi. Bununla yanaşı, planın böyük hissəsinin yerinə yetirilməsi 30-cu illərdə olduğu kimi məhsulun dəyərinin nəzərə alınması hesabına başa gəlirdi, kömürün, metal, neft, maşının real istehsalı isə o qədər də çox artmırdı. Həm də ağır sənayenin bərpası ekstensiv, yəni keyfiyyətcə deyil, kəmiyyətcə artırdı. Sənayeyə yeni xammal ehtiyyatları və əlavə işçi qüvvəsi cəlb olunurdu. Belə ki, 1946-1950-ci illərdə sənaye və tikintiyə ixtisası olmayan 8,5 milyon nəfər yeni fəhlə gəlmişdir.

Bu dövrdə Sovet dövləti ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, o cümlədən atom bombasının yaradılmasına çox böyük vəsait sərf edirdi.Qapalı hərbi şəhərlər salınır, bütov nazirliklər, məsələn orta maşınqayırma və ümumi maşınqayırma zavodları hərbi proqramları həyata keçirməklə məşğul olurdular. Atom silahının yaradılması ilə dünya şöhrətli fiziklər İ.V.Kurçatov, U.B.Xariton, Y.B.Zeldoviç, İ.K.Kikoin, P.L.Kapitsa, A.F.İoffe və başqaları məşğul olurdular.

Atom enerjisinin tədqiqi ilə məşğul olan xüsusi Komitəyə L.P.Beriya, Texniki Şuraya isə görkəmli hərbi iqtisadiyyat təşkilatçısı B.Vannikov rəhbərlik edirdi.1947-ci ildə SSRİ atom silahını yaratdığını elan etdi, 1949-cu ilin avqustunda ilk sovet atom bombası sınaqdan keçirildi. Atom bombasının kəşf edilməsində alimlərə sovet kəşfiyyatçıları misilsiz xidmət göstərdilər. 1942-1949-cu illərdə alman fiziki Klaus Fuks sovet tərəfinə mühüm məlumatlar vermişdir. 1953-cü ildə SSRİ hidrogen bombasını sınaqdan keçirdi. 1947-ci ildə S.P.Korolyo-vun rəhbərliyi ilə ilk sovet ballistik raketinin sınaq uçuşu oldu. 1946-1947-ci illərdə 38 növdə raket texnikası hazırlandı ki, bunların da bəzilərinin hərəkət radiusu 3000 km-yə çatırdı.

Müharibədən sonrakı kənd.Müharibədə 15 faiz əhalisini, o cümlədən, 61 faiz əmək qabiliyyəti olan kişiləri, çoxlu miqdarda traktor və atları itirən kəndin vəziyyəti ağır olaraq qalırdı. Bir çox kənddə torpağı öküzlə və ya 4-5 nəfər qadının çəkdiyi qoşqu aləti ilə şumlayırdılar. Ümumiyyətlə, müharibə illərində ölkədə 98 min kolxoz, 1876 sovxoz və 2890 MTS məhv edilmişdir. 1946-cı ilin payızındakı quraqlıqdan irəli gələn qıtlıq, kolxozların idarə edilməsini eyni zamanda kolxozlar üzrə Şura, 3 nazirliyə həvalə edilməsi və çoxnövlü məhsul yetiştirilməsinə keçilməsi yerli imkanlarla uyğun gəlmədiyi üçün kəndin vəziyyəti pisləşməkdə davam edirdi. Belə olduqda Sovet dövləti müharibə illərində kolxozlarda zəifləyən nəzarəti gücləndirmək qərarına gəldi. 30-cu illərdə Qafqazda kollektivləşdirməni həyata keçirən, 1943-cü ildən 1946-cı ilə kimi Torpaq Xalq komissarı olan A.Andreyevin rəhbərliyi ilə 1946-cı ilin sentyabrın 19-da kolxoz nizamnaməsinin pozulmasının aradan qaldırılması üçün tədbirlər görmək tapşırığı ilə kolxozların işləri üzrə komissiya yaradıldı. Təkcə 1946-cı ildə kolxozçular tərəfindən qanunsuz olaraq zəbt edilmiş 4,7 mln ha torpaq kolxoz fondlarına qaytarıldı,1947-ci ildən 1949-cu ilə qədər 5,9 mln ha torpaq kolxozlara geri qaytarıldı. 1947-ci il iyunun 4-də 1932-ci il avqustun 7-də qəbul edilmiş eyni mahiyyətli qərardan daha sərt olan “Dövlət və ictimai əmlakın oğurlanmasının cinayət məsuliyyəti haqqında” qərarı elan olundu. Dövlət və kolxoz əmlakına qəsd edənləri 5 ildən 20 ilə qədər həbs cəzası gözləyirdi. Kənddəki ağır vəziyyət kolxoz sədrlərinin üzərinə yıxıldı. Təkcə 1946-cı ildə 9511 nəfər kolxoz sədri, briqadir və ferma müdiri cinayət məsuliyyətinə cəlb olundu. Kənddə inzibati amirlik metodları ilə idarə etməni gücləndirən partiya və dövlət rəhbərliyi 1948-ci ildə kolxoz nizamnaməsində kolxozçulara icazə verilən xırdabaş heyvanların dövlətə satılmasını qəti olaraq tövsiyyə etdi. Bunun nəticəsində yarım il ərzində kolxozçular 2 mln başdan çox xırda heyvanı kəsdilər. Eyni zamanda bazarlarda satılan kənd təsərrüfatı məhsullarından gələn gəlir üzərinə qoyulan vergi artırıldı. Həm də bazarlarda alver etmək üçün kolxozçular dövlət qarşısında öhdəçiliklərini tamamilə yerinə yetirdikləri haqqında icazə almaqla çalışa bilərdilər. Dövlətə verilən məhsulun həcmi ildən-ilə artırıldığı halda dövlətin kolxozlara kənd təsərrüfatı məhsulları üçün ödədiyi qiymət 1952-ci ilə kimi 1940-cı il səviyyəsindən də aşağı olmuşdu, belə ki, təkcə taxıl məhsulları öz dəyərinin yeddidə bir hissəsini təşkil etmişdir. Birinci beşillikdə olduğu kimi kolxozlar yalnız dövlət tapşırığını yerinə yetirdikdən sonra kolxozçularla heasablaşa bilərdi. 1950-ci ildə təsərrüfatların 20 faizində əməkgününə 0,5 kq taxıl düşürdü, kolxozların çoxunda isə əməkgününə ümumiyyətlə pul verilmirdi.Kolxozçular öz həyatlarını kənar işlərdən və yüksək vergi tutulan həyatyanı sahələrdən qazanırdılar. Kolxozçu, fəhlə və qulluqçular kənd təsərrüfatı məhsullarının 51, heyvandarlıq məhsullarının isə 62 faizini yardımçı təsərrüfatlarda istehsal edirdilər. Kənd sakinləri kolxoz sahələrində 1948-ci ildən qüvvəyə minən minimum əməkgününün yerinə yetirilməməsi cinayət məsuliyyəti qorxusu altında çalışırdılar. 1942-ci il aprelin 15-də qəbul edilən minimum əməkhaqqını yerinə yetirməyən kolxozçuların məhkəmə məsuliyyətinə cəlb olunmasına dair hökumət fərmanı müharibədən sonra da qüvvədə qalırdı. Təkcə 1946-1948-ci illərdə bu fərmana əsasən 80 faiz qadınlar olmaqla 445 224 nəfər adam islah-əmək işləri hökmü ilə cəzalandırılmışdır.

Ukrayna KP MK-nın birinci katibi N.S.Xruşşovun təşəbbüsü ilə 1948-ci il iyunun 2-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Qəsdən əmək fəaliyyətindən yayınan, ictimai qaydalara zidd, tüfeyli həyat tərzi keçirən şəxslərin uzaq rayonlara sürgün edilməsi haqqında” fərman qəbul edilmişdir. Ukraynada sınaqdan keçən fərman tezliklə qərb vilayətləri və Baltikyanı respubliklar istisna olmaqla bütün ölkəyə şamil edildi. Kolxozçuların ümumi iclasının ictimai məhkumluq haqqında qərarı rayon icraiyyə sovetinin təsdiqi ilə qüvvəyə minir və cəza alan şəxslər 8 il müddətinə xüsusi məskun yerlərinə sürgün olunurdu. Göründüyü kimi müharibədən sonra da kənd təsərrüfatı sahəsində işlər repressiya və əhalinin sürgün edilməsi ilə müşayiət edilən inzibati-amirlik metodları ilə həyata keçirilirdi. Təkcə bu fərman üzrə ölkədə 50 min adam repressiyaya məruz qalmışdır. 1947-ci ilin dekabrındakı pul islahatı da kolxozçulara ağır zərbə vurdu. Belə ki, öz məhsulunu bazarda sataraq nağd pul qazanan kolxozçular vəsaitlərini evdə saxladıqları üçün dövlətin əmanət kassalarındakı vətəndaşların vəsaitlərinin 3 min manata qədər birin birə, 3 min manatdan 10 min manata qədəri üçün ikiyə, 10 min manatdan yuxarı olanları ikinin birə kursu ilə dəyişdirdiyi halda onlar bir manat təzə pulu on manat köhnə pula dəyişdirməyə məcbur idi. Bu isə kolxozçuların şəxsi vəsaitlərinin üçdə bir hissəsini itirməsinə səbəb oldu.Bütün bu tədbirlər nəticəsində kəndlərdə yaşayan əhali şəhərlərə və nəhəng tikintilərə üz tuturdu. 1946-1953-cü illərdə 8 milyon kənd əhalisi öz yaşayış yerini tərk etmişdir.

1949-cu ilin sonlarına doğru kəndin iqtisadi və maliyyə vəziyyəti ağır olaraq qaldığı üçün partiya və dövlət bir sıra təşkilatı tədbirlər gördü. Aqrar siyasətə cavabdeh olan olan A.Andreyev 1949-cu ildə 1938-1949-cu illərdə Ukrayna KP MK-nın birinci katibi işləmiş N.S.Xruşşovla əvəz edildi. Onun təşəbbüsü ilə kolxozlara siyasi və iqtisadi nəzarəti gücləndirmək məqsədilə 1950-ci il 30 may qərarı ilə xırda təsərrüfatlar əsasında böyük kolxozlar yaradılmağa başlandı. Bir ilin ərzində kolxozların sayı 252 mindən 121 minə, 1952-ci ilin sonunda isə 94 minə düşdü. Kiçik kolxozların iri kolxozlara çevrilməsi tədbirləri onların xüsusilə siyasi kadrlarla təmin edilməsi vəzifəsini həll etsə də iqtisadi cəhətdən gözlənilən nəticəni vermədi. Taxıl tədarükü 1940-cı ildəki 36,4 mln ton yerinə 1950-ci ildə 32,3 mln ton oldu. Kolxoz və sovxozların istehsal fəaliyyəti partiya və dövlət hakimiyyət orqanlarının ciddi nəzarəti altında idi. 1950-1952-ci illərdə ÜİK(b)P MK-nın kənd təsərrüfatı üzrə katibi olan N.S.Xruşşov fərdi kəndli təsərrüfatlarına şübhə ilə yanaşaraq hətta əhalinin ictimai kənd təsərrüfatında çalışdığı aqroşəhər yaratmağı belə təklif etmişdir. Şəhər məişəti rahatlığından yararlana bilən aqroşəhərlərdə şəxsi təsərrüfatlar nəzərdə tutulmurdu. Beləliklə, N.Xruşşovun aqroşəhər ideyası bir tərəfdən kənd əhalisinin düşüncə və həyat tərzinin dəyişilməsinə, o biri tərəfdən şəhərlə kənd əməyi arasında, kolxozçu kəndlilərlə fəhlələr arasında sinfi fərqlərin silinib getməsinə xidmət etməli idi. Doğrudur, İ.Stalin aqroşəhər ideyasını vaxtı çatmamış hesab edərək müdafiə etmədi və bir müddət sonra N.Xruşşovu kənd təsərrüfatı sahəsi üzrə işlərdən uzaqlaşdırdı. İ.V.Stalinin ölümündən sonra hakimiyyətə gələn N.S.Xruşşov ölkənin kənd təsərrüfatı sahəsindəki radikal tədbirlərini davam etdirdi. 1952-ci ildə partiyanın XIX qurultayında G.M.Malenkov “SSRİ-də taxıl probleminin həll edildiyini” elan etdi. Amma ölkənin kənd təsərrüfatı ağır böhran içərisində olduğu üçün hətta müharibədən əvvəlki səviyyəyə çatması bir yana, heç kollektivləşmənin başladığı 1928-ci ilə belə çatmaq mümkün olmamışdır.

Əhalinin həyat səviyyəsi

1940-cı illərin ikinci yarısı-1950-ci illərin əvvəllərində ölkə əhalisinin həyat səviyyəsi çox aşağı olaraq qalırdı, gündəlik tələbat malları olan ayaqqabı, paltar, ərzaq çatışmırdı. 1946-cı ildə orta əmək haqqı 475, minimum əmək haqqı isə 300 manat təşkil edirdi. Qara çörəyin bir kiloqramı bir manat, ət 14, yağ 28, bir litr süd 2 manat 50 qəpik dəyərində idi. Belə qiymətlərlə yalnız kartoçka ilə normada nəzərdə tutulan ərzaq almaq mümkün idi. Kommersiya ticarətində qiymətlər bir neçə dəfə yüksək idi,1947-ci ildə kartoçka sistemi ləğv olundu və kommersiya qiymətlərindən aşağı olan vahid qiymət tarifi tədbiq edildi. İndi bir kq qara çörək 3,4, ət 30, yağ 66, süd 4 manat oldu. Kişi kostyumunu orta hesabla 450, bir cüt kişi ayaqqabısını 300, qol saatını 900, patefonu 900, bir ədəd təsərrüfat sabununu 5,20, bir litr nefti 2-2,50, duzu 1,60-1,80, rezin qaloşu 45 manata almaq olardı. Kartoçka sistemi ləğv edildikdən sonra ərzaq və sənaye malları dövlətin müəyyən etdiyi vahid tarif qiyməti ilə mağazalarda açıq satılırdı. Maliyyə çətinliyini aradan qaldırmaq məqsədilə

1947-ci ilin dekabrında Sovet İttifaqında pul islahatı keçirildi. Bunun sayəsində müharibə vaxtı işğal edilmiş ərazilərdə yayılan saxta pulları dövriyyədən çıxarmaq nəzərdə tutulurdu. Pul islahatı eyni zamanda əhalinin müxtəlif vasitələrlə əldə etdiyi pul kütləsini dövriyyədən çıxarmaq və ölkənin maliyyə vəziyyətini stabilləşdirmək məqsədi güdürdü. Xüsusilə, gizli şəraitdə hazırlanan pul islahatı gedişində SSRİ Dövlət Bankı köhnə pulları təzə banknotlara 10:1-ə hesabı ilə dəyişirdi.Əhalinin əmanət kassalarında olan 3 min manata kimi vəsaiti l:l-ə, 3 mindən 10 min manata kimi 3:2-yə, 10 min manatdan yuxarı pul əmanətləri isə 2:l-ə hesabı ilə dəyişdirilirdi. Bütün SSRİ ərazisində pul islahatı 1947-ci il dekabrın 16-dan 29-na kimi keçirildi. Dövlət Bankının məlumatına əsasən 37,2 mlrd.manat köhnə pul dəyişdirildi və əhalinin pul vəsaiti 16 mlrd, manata düşdü. İslahatın nəticəsində pul vəsaitini əmanət kassalarında deyil evdə yastıq altında saxlayan əhali xeyli zərər çəkdi və bunların üçdə bir hissəsi dəyişdirilməmiş qaldı. Kartoçka sisteminin ləğv edilməsi və pul islahatı ölkədəki istehlak bazasındakı vəziyyəti düzəldə bilmədi. Baxmayaraq ki, 1950-ci ildə orta əmək haqqı 650 manata çatmışdı bir çox mallar, hətta çörək belə çatmırdı. Odur ki, yerlərdə kortəbii olaraq kartoçka yerinə talon, kuponlardan ibarət norma sistemi tədbiq edilməyə başlandı.

Maliyyə islahatı və kartoçka siteminin ləğv edilməsi 1946-1947-ci illərdən başlayaraq qiymətlərin artmasına səbəb oldu. Odur ki, dövlət ildən-ilə çox işlənən gündəlik tələbat malarının və bahalı məhsulların qiymətlərini aşağı salmağa başladı. Dövlət kənd təsərrüfatı məhsullarını aşağı qiymətə alıb baha satdığı üçün onun əlində artıq vəsait cəmləşirdi ki, bu da ona sərbəst hərəkət etmək imkan verirdi. Beləliklə, ölkədə hökumətin istehlak mallarının qiymətini dəfələrlə aşağı salması əsasən kəndin və onun maddi vəziyyətinin pisləşməsi hesabına başa gəlirdi,1949-cu ildən başlayaraq gündəlik tələbat mallarının dövlət qiyməti orta hesabla ildə 20 faiz aşağı salınmışdır,1947-1952-ci illərdə isə qiymət təqribən yarıya kimi aşağı düşmüşdür. Eyni zamanda, ərzaq və sənaye mallarının qiymətinin mütəmadi olaraq aşağı salınması geniş əhali kütlələri arasında “sosializmin nailiyyətinin” qüvvətli təbliği olmaqla ölkədə rəhbərin şəxsi hakimiyyət rejiminin yaranması və möhkəmlənməsinə xidmət edirdi.

Müharibədən sonra hökumətin yeritdiyi sosial siyasət cəmiyyətin demoqrafik vəziyyətinə də təsir göstərmişdir. 1946-1953-cü illərdə Sovet İttifaqının şəhər əhalisi 15,1, kənd əhalisi isə 9,9 mln. nəfər artmışdır. Böyüməkdə olan gənc nəsil kənddən şəhərlərə üz tutduğu üçün kəndlilərin sayı azalırdı. Əhalinin sayının azalmasının qarşısını almaq məqsədilə 1955-ci ilə kimi tibbi tələbat olmadan abortlar dövlət fərmanı ilə qadağan olunmuşdur. Gizli abort üçün cinayət məsuliyyətinə cəlb edilən cəza nəzərdə tutulurdu ki, ildə 40-60 min qadın belə cəzalara məruz qalırdı. 1944-cü ilin iyulunda boşanma prosedurunu çətinləşdirən fərman qəbul edildi. Bunun nəticəsində yalnız bir ildə qeyd olunan boşananların sayı 34 mindən 5,8 minə düşdü. Müharibədə milyonlarla kişi həlak olduğu üçün qadınların böyük əksəriyyəti ailə qurmaq ümidini itirərək nigahdan kənar uşaq dünyaya gətirməyə başladılar. 1946-1952-ci illərdə hər il aşağı yuxarı 700-900 min arasında nigahdan kənar uşaq doğulurdu.

Sovet adamlarının mənzil-məişət şəraiti ağır olaraq qalırdı. 1955-ci ildə hər bir şəhər əhalisinə 5,1 kv.m yaşayış sahəsi düşürdü ki, bu da müharibədən əvvəlki 4,5 kv.m göstəricisindən yüksək, 1928-ci ildəki 5,8 kv.m göstəricisindən isə aşağı idi. Ümumən dördüncü beşillik dövründə ölkə əhalisinin mədəni-məişət işlərinə xeyli vəsait xərcləndi. 1946-1950-ci illərdə ümumi sahəsi 100 milyon kvadratmetrdən artıq mənzil tikilmiş və bərpa edilmişdir. Kənd yerlərində isə 2,7 milyon yaşayış evi tikildi və bərpa edildi. Bunlara baxmayaraq, adamların yaşayış mənzillərinə böyük ehtiyacı var idi.

Siyasi rejim

Müharibədən sonra cəmiyyətdə siyasi rejimin müəyyən səviyyədə liberallaşması gözlənilsə də bu baş vermədi. Əksinə dövlət rəhbərliyi daxili siyasi kursun sərtləş-dirilməsi məqsədilə bir çox tədbirlər gördü. Üç il yarımda ordudan 8,5 mln keçmiş döyüşçü tərxis olunaraq dinc həyata qayıtdı. Dörd milyon nəfərdən çox repatriat, hərbi əsir, işğal edilmiş ərazilərin zorla aparılmış əhalisi, mühacirlərin bir hissəsi vətənə döndü. Vətənə qaytarılan 227 min hərbi əsirin yalnız 20 faizi evlərinə dönə bildi, yerdə qalan böyük əksəriyyəti isə ya həbs düşərgələrinə göndərildi, ya da ən azı beş il olmaqla müharibədə dağıdılmış rayonların bərpasında çalışmaq şərti ilə icbari sürgünə məruz qaldı. Ancaq 1956-cı ildə keçmiş əsirlər əfv edildi.

1939-1940-cı illərdə SSRİ-yə birləşdirilən ərazilər müharibə dövründə işğala məruz qalmaqla yanaşı burada sovetləşməyə qarşı milli hərəkat, silahlı müqavimət, təqib və repressiyalar geniş yayılmışdır. Birləşdirmə və kollektivləşdirməyə qarşı xüsusilə Qərbi Ukrayna, Moldova və Baltikyanı ölkələrdə müqavimət hərəkatı güclü idi,1939-cu ilin sentyabrında Qərbi Ukrayna SSRİ-yə ilhaq edildikdən sonra gizli silahlı təşkilat olan Ukrayna Millətçilər Təşkilatı olan (UMT) meydana gəldi ki, müharibə zamanı onlar könüllü olaraq “Qalitçina” diviziyasında olduğu kimi SS birləşmələrinin tərkibinə daxil olaraq kommunist və yəhudilərə qarşı mübarizə aparırdılar. 1944-cü ilin iyulunda Sovet qoşunları Qərbi Ukrayna ərazisinə daxil olduqdan sonra UMT-nın lideri R.Şuxoviç sayı 20 min nəfərə çatan Ukrayna üsyançılar ordusunun (UÜO) komandiri oldu.1945-1946-cı illərdə Qərbi Ukraynanın kənd rayonları əsasən üsyançıların nəzarəti altında idi və onlar kollektivləşdirmə ideyasını qətiyyətlə rədd edərək Polşa və Çexoslovakiyanın sərhəd rayonlarında Qızıl Ordunun əməliyyatlarına müqavimət göstərirdilər. 1946-1948-ci illərdə SSRİ-dəki aclıq on minlərlə kəndlinin Ukraynanın şərqindən qərbə qaçmağa məcbur etdi ki, bunun sayəsində də üsyançılar öz sıralarını bir müddət möhkəmləndirə bildilər. Qərbi Ukrayna yalnız 1950-ci ildə kollektivləşdirmə həyata keçirildikdən sonra fəth edilə bildi ki, bu da 300 min nəfərə yaxın adamın 1945-1950-ci illərdə sürgün və həbs edilməsi sayəsində mümkün oldu. Ukraynanın qərbində banderovçular kimi Baltikyanı respublikalarda da Meşə qardaşları gizli milli təşkilat yaradaraq Sovet hakimiyyətinə qarşı silahlı müqavimət göstərirdilər. Belə birləşmələrin üzvlərinin böyük əksəriyyəti müharibə vaxtı işğalçılarla əməkdaşlıq edirdilər. Bununla bərabər, Ukrayna və Baltikyanı əhalinin Ukrayna Millətçiləri Təşkilatını və “Meşə qardaşlarını” müdafiə etməsinin səbəblərindən biri kimi Sovet təhlükəsizlik orqanlarının yerli əhaliyə qarşı tədbiq etdiyi repressiya və təzyiqlər hesab edilməlidir. 1947-1953-cü illərdə Litva, Latviya, Estoniya, Moldaviya və Ukraynadan işğalçılarla iş birliyinə, antisovet fəaliyyətində iştirakına görə 280 min nəfərə yaxın adam sürgün və həbsə məruz qalmışdır. Sonradan bu insanların 65 min nəfərə yaxını əfv edilərək geri qayıtmışdır.

Müharibədən sonra qalib ordunun cəmiyyət içərisində şöhrət və nüfuzunun artması İ.V.Stalin və onun ətrafının narahatlığına səbəb oldu. 1946-cı ildə hərbi sərkərdələrə qarşı repressiyalar başladı. Onların bir çoxu öz xidməti vəzifəsindən sui-istifadə edərək Almaniyadan əmlakın mənimsənilməsində, müxalifətçilikdə və s. günahlandırılaraq həbs edilib düşərgələrə salındılar. Marşal G.K.Jukovun işi üzrə istintaq başlasa da onun müharibədəki misilsiz xidmətləri, xalq arasındakı böyük nüfuz və şöhrəti nəticəsində İ.Stalin və hakimiyyət onu həbs etməyə cürət etmədi. İ.Stalin G.Jukovu Müdafiə Nazirinin müavini vəzifəsindən azad edərək onu Odessa hərbi dairəsinin komandanı təyin etdi. 1946-cı ildə Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı A.A.Novikov və Aviasiya sənayesi naziri A.İ.Şaxurin ordunu yarasız təyyarələrlə təmin edərək ziyankarlıq etdikləri üçün həbs edildilər. Dövlət Təhlükəsizlik Nazirliyi əməkdaşları generallar V.N.Qordov, Q.İ.Kulik, F.T.Rıbalçenkonun İ.V.Stalin və ölkədəki siyasi sistem haqqında tənqidi fikirlərini dinləyərək onların qüllələn-məsinə səbəb oldular. Dəniz komandanları N.Q.Kuznetsov, L.M.Qaller, V.A.Alafuzov, Q.A.Stepanov müharibə vaxtı müttəfiqlərə paraşüt torpedası haqqında hərbi-texniki məlumatları verməklə ittiham olunaraq cəzalandırıldılar. Sonrakı illərdə generallara qarşı saxta cinayət işləri tərtib edilsə də İ.V.Stalin hərbçilərin 1937-1939-cu illərdə olduğu kimi məhvinə qol qoymadı.

Hakimiyyət müharibə dövründə bir qədər zəifləmiş intellektual həyata nəzarəti gücləndirməyə başladı. 1946-cı ilin yayından başlayaraq mədəni yaradıcılıq sahəsində aşkar edilən “xarici təsir”, “metafizik ənənə”, “xırda burjua fərdiyyətçiliyi” və “sənət sənət üçündür” prinsiplərinə söykənən azadlıqlar üzərinə genişmiqyaslı hücum təşkil edirdi. Partiya və hökumətin sərtləşdirdiyi bu ideoloji kursa ÜİK(b)P MK-nın katibi A.A.Jdanov başçılıq edirdi və kampaniya onun qurbanlarının dili ilə “jdanovçuluq” kimi tarixə keçmişdir. 1946-cı ilin yayında ölkədə aclığa səbəb olan iqtisadi böhran şəraitində hakimiyyət ziyalıları susdurmaq və onlar tərəfindən hökumətin iqtisadi siyasətinin tənqidinin qarşısını almaq məqsədilə yaradıcı ziyalıların üzərinə hücuma keçdi. 1946-cı il avqustun 16-da A.A.Jdanovun məruzəsi əsasında ÜİK(b)P MK-nın, “Zvezda” və “Leninqrad” jurnalları haqqında” qərarı qəbul olundu. Partiyaya yad olan ideologiyanı təbliğ etdikləri üçün, xüsusilə şairə A.A.Axmatova və satirik M.M.Zoşşenkonun Sovet cəmiyyətinin tələblərinə cavab verməyən “prinsipsiz” və “vicdansız” əsərlərin çap etdiyi üçün “Zvezda” jurnalına töhmət verildi, “Leninqrad “ jurnalı isə bağlandı. Bir neçə gündən sonra A.Axmatova və M.Zoşşenko Yazıçılar İttifaqı sıralarından xaric edildilər və uzun müddət onlara çap olunmaq imkanı verilmədi. Yazıçılar İttifaqının yığıncağında çıxış edən A.Jdanov M.Zoşşenkonun “Meymunların sərgüzəştləri” (“Priklyu-çeniya obyezyanı”) əsərinə qiymət verərək göstərdi ki, müəllif antisovet təbliğatı yayaraq demək istəyir zooparkda barmaqlıqlar arasında yaşayıb nəfəs almaq azadlıqda sovet adamları arasında yaşayıb nəfəs almaqdan daha yaxşıdır. A.Fadeyev Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi seçildi və ona bu təşkilatda qayda-qanun yaratmaq tapşırıldı. 1948-ci il fevralın 10-da ÜİK(b)P MK “Sovet musiqisində dekadent ənənəsinə dair” qərar qəbul edərək V.İ.Mu-radelinin “Böyük Dostluq” (“Velikaya drujba”) operasını ideyasızlıq və burjua ideyasının qalıqlarına xas cəhətlərinə görə kəskin tənqid etdi. Konkret olaraq V.Muradeli 1918-1920-ci illərdə Şimali Qafqazda Sovet hakimiyyəti uğrunda mübarizədə rus xalqı ilə gürcü və osetin xalqları arasında dostluğa dair tarixi faktları saxtalaşdırmaqda günahlandırıldı. Bu qərarda bir çox istedadlı bəstəkarlar, o cümlədən S.Prokofyev, D.Şostakoviç, N.Myaskovski və b. “formalizmə əsaslanan xalqdan uzaq” musiqi əsərləri yazdıqları üçün ciddi tənqid olundular. Qərara müvafiq olaraq “Antiformalist” kampaniyası çərçivəsində Bəstəkarlar İttifaqında təmizləmə aparıldı, demək olar ki, bütün məşhur musiqi xadimləri cəzalandırıldılar, lakin 30-cu illərin təcrübəsindən fərqli olaraq onlar həbs düşərgələrinə göndərilmədilər.

İdelolji nəzarət mənəvi həyatın bütün sahələrini əhatə edirdi. 1950-ci ildə İ.V.Stalin şəxsən dilçilik diskussiyasına qoşularaq N.Marrın nəzəriyyəsinə qarşı “Marksizm və dilçiliyin problemləri” məqaləsini yazdı. İ.Stalin iddia edirdi ki, linqvistik problemlər sovet cəmiyyətində bazis və üstqurun məsələlərinin araşdırılması üçün bir bəhanədir, odur ki, o bir daha güclü SSRİ dövlətinin əsasının mütləq və zəruri olmasını elan etməyə borclu idi. Hətta iki il keçəndən sonra İ.Stalin 1952-ci il avqustun 2-də “Pravda” qəzetində dərc etdirdiyi məqaləsində F.Engelsin “Anti-Dyurinq” əsərində inqilabdan sonra dövlətin ölməsi tezisini qəbul etməyərək belə hesab edirdi ki, kapitalist əhatəsi ləğv edilmədiyi və sosialist inqilabı yalnız bir ölkədə qələbə çaldığı üçün bunu qəbul etmək mümkün deyil.

1949-cu ildən kosmopolitizmlə mübarizə kampaniyası başladı ki, “kosmopolit” yunanca dünya vətəndaşı demək olduğu üçün buna “vətənpərvər olmayan” mənası verildi. Kosmo-politizmdə təqsirləndirilənlər, xüsusilə yəhudilər işdən azad edilir və onlara yeni iş yeri tapmağa imkan verilmirdi. SSRİ-də ideologiyada millətçilik və şovinizmin yayılması dövlət antisemitizminin meydana gəlməsinə səbəb oldu. 1948-ci ildə müharibə zamanı yaradılmış Yəhudi antifaşist komitəsinin üzvləri həbs edilərək 1952-ci ildə güllələndilər. Komitənin lideri artist S.M.Mixoels Stalinin qızı Svetlana və həyat yoldaşı Q.İ.Morozovdan yəhudilərin maraqlarının mənfəəti məqsədi şubəsi əsasında 1948-ci ilin yanvarında Dövlət Təhlükəsizlik Nazirliyi agentləri tərəfindən maşın qəzası adı ilə öldürüldü. S.Mixoels həm də Yəhudi teatrının bədii rəhbəri idi.Yüzlərlə ziyalı həbs edildi. İ.S.Fefer, P.D.Markiş, D.P.Berqelson, L.M.Kvitko Sibirə sürgün edilərək 1952-ci ildə yəhudiləri Krıma yığıb təxribat törətmək maddəsilə güllələndilər.

1952-ci ildə Kremlin Müalicə idarəsində işləyən və əsasən yəhudilərdən ibarət olan bir qrup həkim həbs edildi. Onlar amerikan kəşfiyyatının yaratdığı beynəlxalq yəhudi burjua-millətçi “Joynt” təşkilatının tapşırığı ilə A.A.Jdanov, A.S.Şerbakov, M.İ.Kalininin ölümündə müqəssir bilindilər. Həbs edilən həkimlər haqqında əsas donosçu olan həkim L.Timaşuk Lenin ordeni ilə təltif edildi. Klemilin müalicə-sanitar idarəsinin şöbə müdiri L.F.Timaşukun məktubu 1935-ci ilin avqustundan rəhbər partiya dəftərxanasının rəisi, MK-nın üzvi A.N.Pos-krebışev və 25 ilə yaxın Stalinin şəxsi qoruması general-leytenant N.S.Vlasikin vəzifələrindən uzaqlaşdırılması ilə nəticələndi. İ.Stalin şəxsən Dövlət Təhlükəsizlik Nazirliyi orqanlarından “həkimlərin işini” başa çatdırmağı tələb etmişdir. “Həkimlərin işinə” yalnız İ.Stalinin ölümündən sonra xitam verildi.

1946-cı ildən ölkədə qayda-qanunu qorumaq və fərqli düşünənləri nəzarətdə saxlamaq Daxili İşlər Nazirliyinə (DİN) və Dövlət Təhlükəsizlik Nazirliyinə (DTN) həvalə edilmişdir.

1946-cı ildə L.P.Beriya nazirlər Sovetinin Sədr müavini, Siyasi Büronun üzvü qalaraq DİN-in rəhbərliyini general S.Kruqlova, DTN-in isə V.S.Abakumova verməli oldu ki, 1951-ci ildə V.Abakumov S.D.İqnatyevlə əvəz olundu. Keçmiş hərbçilər, SSRİ-nin tərkibinə yeni daxil edilmiş ərazilərin “yad ünsürləri”, işğalçılarla əməkdaşlıq edənlər, kütləvi sürgünə məruz qalmış xalqların nümayəndələri müharibədən sonra sovet cəzaçəkmə düşərgələrinin sakinləri olaraq dövlət üçün ucuz işçi qüvvəsi demək idi. Tarixi və xatirə ədəbiyyatında “QULAQ əhalisi”, yəni Baş Düşərgə İdarəsinin cəzaçəkmə yerlərindəki insanların sayı 3 ilə 15 milyon arasında göstərilirdi. Rəsmi məlumatlara görə 5 milyon nəfərdən çox adamı əhatə edən cəza düşərgələrinin ərazisi ölkənin uzaq yerlərində sərt iqlimi ilə seçilən Orta Asiyanın susuz çöllərindən soyuq Yakutiyaya kimi olan yerləri əhatə edirdi. 40-cı illərin sonundakı sovet həbs düşərgələrinin artıq dörd əsirlik tarixi vardır. Bunun yarandığı ilk yer Solovetsk adası idi. Oktyabra qədər strateji qala, sonra isə həbsxana olan bu yerdə 1923-cü ildə “QULAQ” arxipelaq strukturu yaradıldı. İlk dəfə 1931-1933-cü illərdə məhbusların əməyi ilə Stalin tikintisi Belomor-Baltik kanalı inşa edilməyə başlandı. Eyni zamanda mərhələ-mərhələ “Şimal-Şərq yolu” tikilirdi ki, bu yol boyu ilə düşərgələr salınırdı. Yolun bir qolu Şimali Urala, Solikamska, ikinci qol isə Arktikaya, Salexard və Norilskə uzanırdı. Başqa bir xətt isə Cənubi Uraldan Kuzbas, Baykal və Amura uzanırdı. Elə o dövrdə Qazaxıstanın mərkəzi rayonlarında və Kolımda düşərgələr şəbəkəsi yaranmışdır. Hər yerdən təcrid olunmuş Kolıma yalnız dəniz vasitəsilə getmək olardı, onun inzibati mərkəzi isə məhbusların özlərinin inşa etdiyi Maqadan idi. Kolım QULAQ-ın region-simvoluna çevrilmişdi. Mürəkkəb düşərgə sisteminin əhatə etdiyi məhkumlar meşə təsərrüfatında, dağ-mədən sənaye işlərində, dəmir və nəqliyyat yollarının çəkilməsində, nəhəng su anbarının və şəhərlərin tikintisində çalışırdılar.

Komsomolsk, Naxodka, Maqadan, Bratsk, Norilsk, Vorkuta, Balxaş şəhərləri buna misaldır. Məhbusların əməyi ilə tikilən Volqa-Don kanalında işlər 1952-ci ildə başa çatmışdır. Ümu-mən “QULAQ əhalisi” və vətənpərvər yazıçı A.Soljenitsinin qeyd etdiyi kimi onların ucuz işçi qüvvəsi yeni rayonların mənimsənilməsində böyük rol oynamışdır.

İ.V.Stalin yaşa dolduqca onun yaxın ətrafındakılara şübhə ilə yanaşmağa başlaması hakimiyyətin üst qatlarında qorxu və təşvişin, məntiqi nəticə kimi isə onlar arasında hakimiyyət uğrunda rəqabət və mübarizənin şiddətlənməsinə zəmin hazırladı. Müharibədən sonrakı ilərdə ölkənin mühüm daxili və xarici siyasət məsələlərini operativ olaraq İ.Stalinin yaxın əhatəsi olan Siyasi Büro üzvləri V.Molotov, L.Beriya, G.Malenkov, A.Mikoyan həll edirdilər. Lakin 1945-ci ilin sonlarından başlayaraq İ.Stalin özünün ən yaxın məsləkdaşı olan V.Molotovla dostluq münasibətlərinə son qoymağa başladı.

Vyaçeslav Mixayloviç Molotov (Skryabin) (1890-1986) görkəmli sovet partiya və dövlət xadimi kimi 1921-1930-cu illərdə partiya MK-nın katibi, 1930-1941-ci illərdə SSRİ Xalq Komissarları Sovetinin sədri, 1941-1957-ci illərdə Xalq Komissarları Sovetinin, sonra isə Nazirlər Sovetinin sədr müavini işləmişdir,1941-1945-ci illərdə DMK-nın üzvü, 1939-1949-cu illərdə və 1953-1956-cı illərdə SSRİ Xalq Xarici İşlər Komissarı sonra isə Naziri olmuşdur. 1957-ci ildə “antipartiya qrupunda” iştirakına görə bütün partiya və dövlət vəzifəsindən, 1962-ci ildən isə partiya sıralarından azad edilmişdir. 1984-cü ildə partiya sıralarına bərpa edilmişdir. 1926-1957-ci illərdə Siyasi Büronun, RəyasətHeyətinin üzvü olub.

V.Molotovun xaricijunalistlər tərəfindən dövlət işlərinin həllində ön plana çəkilməsi və İ.Stalindən xəbərsiz U.Çörçilin Rusiya və İ.Stalini tərifləməsinin mətbuatda çap edilməsi hələ V.İ.Leninin vaxtından Siyasi Büronun yeganə üzvü olan V.Molotovla İ.Stalinin çoxillik dostluq münasibətlərinin kəsilməsinə səbəb oldu,1950-ci ilin martından Yəhudi antifaşist komitəsinin “antisovet” fəaliyyətinin istintaqı üzrə işdə V.Molotovun arvadı P.Jemçujinanın adı çəkilməyə başladı. P.S.Jemçujinanın 1948-ci il mayın 14-də yeni yaranan İsrail dövlətinin SSRİ-yə göndərdiyi nümayəndə Qoldı Meersonla (1956-cı ildən Meir) dostluq əlaqəsi var idi, bu isə Stalinin xoşuna gəlməmişdir. MK-nin iclasında V.Molotov həyat yoldaşının partiya sıralarından xaric edilməsi haqqında səsvermədə iştirak etmədi ki, bu da rəhbərin qəzəbinə səbəb oldu. Düzdür, sonradan V.Molotov “siyasi səhv” etdiyini etiraf etdi və MK qərarının leyhinə səs verdi, lakin bu onun gözdən düşməsinə kömək etmədi.

Müharibə vaxtı mövqeləri xeyli güclənən L.P.Beriya və G.M.Malenkov Xalq Komissarları Soveti Sədrinin müavinləri idi və 1946-cı ilin yazında MK-nın Siyasi Bürosunun üzvü seçildilər. Lakin tezliklə onların mövqeyi zəiflədi. L.Beriya Daxili İşlər Naziri vəzifəsini itirdi, G.Malenkov isə MK katibliyindən çıxarıldı. Daxili hakimiyyət çəkişməsi sayəsində ÜİK(b)P MK-nın katibi, partiyanın ideoloqu A.A.Jdanovun, ona yaxın olan Leninqrad partiya təşkilatının nümayəndəsi, MK-nın katibliyinə daxil edilən A.A.Kuznetsovun, Nazirlər Sovetinin sədr müavini, Dövlət Plan Komistəsinin sədri N.A.Vomesenskinin və RSFSR Nazirlər Sovetinin sədri M.İ.Rodionovun mövqeyi gücləndi. İ.Stalin qəsdən öz yaxın əhatəsi arasındakı düşmənçiliyi qızışdırırdı. A.Jdanov 1948-ci ilin avqustun 31-də ürək tutmasından öldükdən sonra G.Malenkov-L.Beriya və A.Kuznetsov-N.Voznesenski qruplaşması arasında çəkişmə daha da şiddətləndi. G.Malenkov itirdiyi MK-nın katibi postunu geri qaytara bildi. “Leninqrad işi” deyilən uydurma prosess təşkil olundu. Leninqrad partiya təşkilatının rəhbərliyini, o cümlədən ölkənin Leninqraddan çıxan partiya və dövlət rəhbərlərin frak-siyaçılıq fəaliyyətində, rus şovinizmində, Rusiyanı SSRİ-dən ayıraraq paytaxtı Leninqrada köçürməkdə, xarici ölkələrin xeyrinə casusluqda təqsirli bilərək həbs etdilər. 1940-cı ilin sonu-1950-ci illərin əvvəllərində inzibati-amirlik rejiminin qol gəzdiyi SSRİ-də ən böyük siyasi işlərdən biri olan “Leninqrad işi” G.Malenkovun şəxsi nəzarəti və iştirakı ilə Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən aparıldı. Yeganə dəlil isə həbs edilənlərin ağır işgəncə altında verdikləri izahatlar idi. Bu saxta etiraflar əsasında 1950-ci il oktyabrın 1-də 26 nəfər, o cümlədən N.Voznesenski, A.Kuznetsov, M.Rodionov, P.Popkov ölüm hökmü alaraq güllələndilər. Leninqraddakı kütləvi həbslər 1952-ci ilə qədər davam etdi. 1951-ci ildə Dövlət Təhlükəsizlik Naziri V.S.Abakumov “Joynt” casuslarının qarşsını ala bilmədiyi üçün, “Leninqrad işi”, xarici kəşfiyyatla əlbir olub G.Malenkova qarşı sui-qəsd hazırladığına görə həbs edildi. Onun ardınca DTN-nin çoxsaylı əməkdaşları həbs olundular. Tarixçilər belə hesab edirdilər ki, bir tərəfdən Dövlət Təhlükəsizlik Nazirliyi rəhbərliyinin dəyişdirilməsi L.Beriya və G.Malenkovun onlar üzərində nəzarəti bərpa etmək istəyi ilə bağlı idi, başqa bir tərəfdən ola bilsin ki, İ.V.Stalin gələcəkdə ölkənin ali partiya və dövlət rəhbərliyində geniş repressiyalar aparmağı nəzərdə tuturdu.

1952-ci ilin oktyabrında partiyanın XIX qurultayı oldu ki, ali partiya orqanları-Siyasi Büro və Katibliyin tərkibi yeni üzvlər hesabına genişləndirilirdi.Ali partiya postuna V.An-drianov, S.İqnatyev, A.Aristov, L.Melnikov, N.Mixaylov, L.Brejnev, P.Ponomarenko kimi yeni adamlar gəldi. Qurultayda MK-nın adından G.Malenkov çıxış etdi ki, bu da gələcəkdə onun İ.Stalinin əvəzləyicisi olacağı fikrini ortaya atırdı.İ.Stalin yalnız qısa yekun nitqi ilə qurultayda çıxış etdi. Qurultaydan sonra MK-nın Plenumunda Siyasi Büro yerinə 25 nəfər üzvdən və 11 nəfər üzvlüyə namizəddən ibarət olan Rəyasət Heyəti seçildi. Bu isə o demək idi ki, İ.Stalin yaxın ətrafında təmizləmə aparmağı nəzərdə tutduğu üçün yeni kadr ehtiyatı hazırlayırdı. Yalnız 13 ildən sonra çağırılan partiyanın XIX qurultayı onun adını dəyişərək Sovet İttifaqı Kommunist Partiyası (Sov.İKP) elan etdi.

Xarici siyasət

İkinci Dünya müharibəsində antifaşist koalisiyasının iştirakçısı olan dövlətlər Almaniya və onun müttəfiqlərini məğlubiyyətə uğratdıqdan sonra beynəlxalq vəziyyət və qüvvələr nisbəti əsaslı sürətdə dəyişdi. Müharibənin başa çatması ilə dünənə qədər əməkdaşlıq edən antihitler koalisiyasının iştirakçı dövlətləri bir-biri ilə rəqabət aparmağa başladılar. Bu qanunauyğun bir vəziyyət idi, çünki dünənki müttəfiqlər bir-birinin sosial-siyasi sisteminə düşmən münasibət bəsləyirdilər. SSRİ müharibədən hərbi-iqtisadi gücünü və nüfuzunu artıraraq çıxsa da bu ona böyük itikilər hesabına başa gəlmişdir, ölkə demək olar ki, viran edilmişdir. SSRİ-nin iqtisadiyyatına dəyən ziyan 1940-cı ildəki ölkənin milli gəlirindən 20 dəfə artıq idi. Təkcə Baltik və Şimal dənizlərini birləşdirən Skaqerrak boğazında almanlar 27 min ton zəhərli maddə batırmışdılar.Onların zəhər ehtiyyatları Qara, Ağ, Oxot, Barents və Yapon dənizlərinin sularında gizlədilmişdir. Bunlar tədricən dünya okeanına yayılaraq bütün canlı həyatı təhlükəyə atırdı.Rusiya, Ukrayna, Belaorusiyasının ərazilərindəki partlamayan mina, mərmi, bombalar təhlükə saçırdı.

SSRİ-dən fərqli olaraq müharibədən sonra ABŞ nəhəng iqitsadi, hava, dəniz və atom gücü olan dünyada ağalıq edən fövqəlgücə çevrildi. Düzgün strateji siyasət yeridən ABŞ ümummilli məhsulunu 1,7 dəfə artıra bildi.Müharibədə onlar yalnız 405 min nəfər adam itirmişdir. Dollar sabit valyutaya, Nyu York isə dünyanın ən böyük maliyyə bazarına çevrildi. Ölkənin iqtisadiyyatı tezliklə sülh dövrünün tələblərinə uyğun yenidən quruldu, işçilərin əmək haqqı artırıldı, istehsalın texnologiyası və əmk məhsuldarlığı dünyada ən yüksək səviyyəyə çatdı. 1945-ci ildə prezidentH.Trumen konqressə göndərdiyi müraciətdə qeyd edirdi ki, İkinci Dünya müharibəsindəki qələbə Amerika xalqını dünyanı idarə etmək zərurəti qarşısında qoyur. Odur ki, Ağ ev gələcəkdə SSRİ ilə müttəfiqlik münasibətlərini kəsməyi nəzərdən keçirirdi. Müharibənin yekunlarından biri kimi bir sıra kapitalist dövlətləri böyük ölkə statusunu itirdiyi üçün dünya ağalığı iddiasında olan ABŞ-ın hədəfində məhz SSRİ və Şərqi Avropanın kommunist blokuna daxil olan ölkələri dururdu.

İkinci Dünya müharibəsinin əsas yekunlarından biri sosializmin bir ölkə çərçivəsindən çıxıb dünya sisteminə çevrilməsi oldu. Belə ki, İkinci Dünya müharibəsinə kimi sosializm ancaq SSRİ və Monqolustanda meydana gəlmişdir. Müharibə başa çatdıqdan sonra isə 11 ölkə kapitalist sistemindən ayrıldı və sosializm dünya ərazisinin 26, əhalisinin 35 faizini əhatə edən dünya sisteminə çevrildi. Mərkəzi və Şərqi Avropanın yeddi ölkəsində hakimiyyətə sol, demokratik qüvvələr gəldi.Onların təşkil etdiyi yeni hökumətlərə kommunist və fəhlə partiyalarının nümayəndələri başçılıq etməyə başladı. Albaniya, Bolqarıstan, Macarıstan, Rumıniya, Polşa, Yuqoslaviya və Çexoslovakiyanın yeni hökumətləri öz ölkələrində aqrar islahatlar keçirdilər, iri sənaye, bank və nəqliyyatı milliləşdirdilər. Bu ölkələrdə yaranan cəmiyyətin siyasi təşkilinin xalq demokratiyası proletar diktaturasının formalarından biri hesab olunurdu. 1947-ci ildə Şərqi Avropanın doqquz kommunist partiyası nümayəndələrinin müşavirəsində Kommunist məlumat bürosu (Kominformbüro) yaradıldı. Büro özlərini sosialist adlandıran xalq demokratiyası dövlətlərinin kommunist partiyalarının fəaliyyətini koordinasiya etməli idi. Müşavirənin sənədlərində belə bir tezis öz əksini tapmışdır ki, dünya iki əks cəbhəyə-imperialist və demokratik, antiimperialist cəbhəyə bölünmüşdür. İki cəbhənin mövcud olması və dünya miqyasında müxtəlif sosial-siyasi iki sistemə məxsus dövlətlərin qarşıdurması SSRİ partiya-dövlət rəhbərliyinin xarici siyasət xəttinin əsasını təşkil edir. Bu görüşlər əsasən İ.Stalinin “SSRİ-də sosializmin iqtisadi problemləri” məqaləsində öz əksini tapmışdır. Bu işdən həmçinin imperializm qaldıqca müharibənin qaçılmaz olduğu nəticəsi çıxır. Qərb dövlətləri isə dünya sosialist sisteminin yaranması və onların dünya siyasətinə təsir göstərməsi reallığı ilə barışmaq istəmirdilər. Beləliklə, bir tərəfdən ABŞ-ın dünya ağalığı planını həyata keçirmək iddiası və başqa bir tərəfdən dünyanın iki əks sosial-siyasi sistemə bölünməsi sayəsindəki onlar arasındakı rəqabət dünənki müttəfiqlər arasında soyuq müharibəni doğurdu. 1946-cı il martın 5-də İngiltərənin sabiq baş naziri U.Çörçill prezident H.Trumenin iştirakı ilə ABŞ-ın Fulton şəhərindəki kollecdə çıxış edərək bildirdi ki, faşizmi əvəz edən kommunizm Qərb dövlətlərini ələ keçirməyə çalışır və bunu dəf etmək məqsədilə ingilis dilli xalqların assosiasiyasını təşkil etmək vacibdir. O Avropanı dəmir pərdə çəkməklə iki hissəyə ayıraraq SSRİ-yə qarşı müharibə hazırlığına başlamağın qaçılmaz olduğunu elan etdi. Sovet tarixçilərinin böyük əksəriyyəti belə hesab edirdi ki, məhz bu nitqlə “soyuq müharibə”, yəni iki əks qütblü sistemin ciddi qarşıdurması başlamışdı. Bunun ardınca H.Trumen sosialist dövlətlərinə münasibətdə “kommunizmi dayandırmaq” adlı doktrinasını bəyan etdi. Bunun əsasını isə ABŞ-ın Moskvadakı səfirliyinin müşaviri C.F.Kennanın dövlət departamentinə göndərdiyi teleqramda irəli sürdüyü SSRİ ilə ABŞ-ın dinc yanaşı yaşaması, beynəlxalq problemlərin həll edilməsində onların əməkdaşlığı mümkün deyildir, SSRİ Qərb dövlətlərinə qarşı təxribatla məşğuldur kimi fikirləri təşkil edir. “Trumen doktrinasf’na əsasən ABŞ sürətlə silahlanma, xarici hərbi bazalar yaratmaq, iqtisadi təcridetmə vasitəsilə SSRİ və sosialsit sisteminə daxil olan ölkələri zəiflətməyə səy göstərirdi.

1947-ci il iyunun 5-də ABŞ-ın dövlət katibi C.K.Marşallın Avropa ölkələrinin müharibə sayəsində dağılmış təsərrüfatlarını bərpa etmək ideyası əslində ABŞ-ın bu iqtisadi kömək müqabilində soyuq müharibədə müttəfiqlərinin sayını artıraraq onların iştirakı ilə hərbi-siyasi blok yaratmaq məqsədi daşıyırdı. 1947-ci ilin iyulunda Fransanın paytaxtı Parisdə 16 Qərbi Avropa dövlətinin iştirak etdiyi konfransda Avropa İqtisadi Əməkdaşlıq Komitəsi yaradıldı.

1948-ci ildə “Marşall plan”ını həyata keçirmək məqsədilə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı meydana gəldi. 1948-ci il aprelin 1-dən 1952-ci il iyunun 30-dək ABŞ “Marşal pla-nı”na görə Qərbi Avropa ölkələrinə 13,3 milyard dollar yardım etdi ki, bunun da çox hissəsi həmin ölkələrin hərbi potensialının artmasına, ərzaq və yanacağa sərf olunurdu. SSRİ başda olmaqla Şərqi Avropanın sosialist ölkələri “Marşall plan”ında iştirak etməkdən imtina etdilər. “Marşal plan”ı Qərbi Avropa dövlətlərinin ABŞ-ın rəhbərliyi altında hərbi-siyasi bloklarda birləşməsinə səbəb oldu. 1949-cu il aprelin 4-də Vaşinqtonda 12 dövlətin nümayəndəsinin iştirakı ilə NATO-nun yaradılması haqqında Atlantika paktı imzalandı və avqustda qüvvəyə mindi. 1951-ci ildə konqress birliyin üzvlərinə silah verilməsi üçün üç il ərzində 9,5 milyard dollar kredit verdi. NATO ölkələrinin ərazisində ABŞ qoşunları yerləşdirildi.

“Soyuq müharibə”ni psixoloji-məlumat baxımından 1946-cı ilin aprelindən SSRİ-yə verlişlər yayan Britaniyanın Bi-Bi-Si, 1947-ci ilin fevralından “Amerikanın səsi”, 1950-ci ildən onlara qoşulan “Azad Avropa”, 1953-cü ildəki Münxendə yerləşən “Azadlıq” radioları dahada qızışdırırdı.

Müharibədən sonra Almaniyada hakimiyyət işğal dövlətlərinə məxsus idi və 1948-ci il iyul ayında qərb işğal zonaları Trizoniyada birləşdirildi. Xristian Demokratik İttifaqın lideri

K.Adenauerin sədrliyi ilə 1948-ci il sentyabrın 1-də Parlament Şurası fəaliyyətə başladı və ABŞ, İngiltərə, Fransa işğal qoşunlarının baş komandanlarının razılığı ilə konstitusiya layihəsi hazırlandı. 1949-cu il mayın 23-də qüvvəyə minən Qərbi Almaniyanın Konstitusiyası əsasında avqustun 19-da Bundestaqda seçkilər keçirildi və sentyabrın 20-də AFR-in yaradılması təsbit edildi. Buna cavab olaraq Şərqi Almaniyada, yəni SSRİ-nin işğal zonasında yaradılmış Alman Xalq Konqresinin Şurası konstitusiya layihəsini hazırladı və 1949-cu ilin mayın 30-da Berlində üçüncü Xalq Konqresi konstitusiyasını təstiq etdi. 1949-cu ilin oktyabrın 7-də prezident V.Pikin rəhbərliyi ilə Almaniya Demokratik Respublikasının yaradılması elan edildi. SSRİ ADR-i tanıyaraq 1949-cu il oktyabrın 15-də onunla diplomatik münasibətlər qurdu.

SSRİ sosialist ölkələrinə həm siyasi, həm də iqtisadi cəhətdən köməklik göstərirdi. 1949-cu ilin yanvarında Moskvada SSRİ, Bolqarıstan, Polşa, Macarıstan, Rumıniya və Çexoslovakiyanın iştirakı ilə keçirilən müşavirədə Qarşılıqlı İqtisadi Yardım Şurasının (QİYŞ) yaradılması haqqında qərar qəbul olundu. Sosialist ölkələrinin iqtisadi əməkdaşlığını təşkil etmək və tənzimləmək məqsədilə yaradılan QİYŞ-na 1949-cu ilin fevralında Albaniya, 1950-ci ildə isə ADR daxil oldu.

1945-1946-cı illərdə SSRİ-nin ən yaxın müttəfiqi Yuqoslaviya idi. Partizan hərəkatının əsasını təşkil edən və ölkənin azad olunmasında əsas pay sahibi olan Yuqoslaviya kommunistləri İosip Broz Titonun rəhbərliyi ilə 1944-cü ildə hakimiyyətə gəldilər.Odur ki, Yuqoslaviya Şərqi Avropanın başqa dövlətlərindən daha tez sosialist dəyişiklikləri yoluna keçdi. Lakin İ.Titonun Balkanlarda müstəqil siyasət yeritməsi İ.Stalinin narazılığına səbəb oldu.

1947-ci ildə SSRİ-Yuqoslaviya münasibətləri pozulmağa başladı. 1948-ci ilin yazında Yuqoslaviya kommunist partiyasını təftişçilik və antisovetizmdə ittiham edən sovet rəhbərliyi Belqraddakı mütəxəssislərini geri çağırdı. 1948-ci ilin yayında YKP Kommunist Məlumat Bürosunun üzvlüyündən çıxarıldı. 1949-cu ilin oktyabrında SSRİ Yuqoslaviya ilə diplomatik əlaqələri kəsdi. Sovet mətbuatı İ.Titonu ABŞ-ın cəsusu və qatil kimi damğaladı. Buna baxmayaraq, İ.Stalin Qərbin və ABŞ-ın köməyi ilə partizan müharibəsi aparmağa qadir olan Yuqoslaviyaya müdaxilə etməyə qət etmədi. Yalnız İ.V.Stalinin ölümündən sonra Yuqoslaviya-Sovet münaqişəsini qaydaya salmaq mümkün oldu. Ancaq Yuqoslaviya SSRİ-nin yaratdığı iqtisadi və hərbi təşkilatlar olan QİYŞ və Varşava Müqaviləsi Təşkilatına daxil olmadı.

1948-ci il fevralın 20-də Çexoslovakiya hökumətinə daxil olan burjua partiyasını təmsil edən 12 nəfər nazirin hökumətin kommunist çoxluğu siyasətinə etiraz əlaməti olaraq istefa verməsilə siyasi böhran yarandı. Müxalifət istəyirdi ki, K.Qotvaldın başçılıq etdiyi hökumət istefa versin və prezident E.Beneş kommunistlərsiz yeni hökumət təşkil etsin. Lakin SSRİ-nin köməyinə arxalanan Çexoslovakiya Kommunist Partiyasının təzyiqi ilə E.Beneş 12 nazirin istefasını qəbul etdi və boşalan vəzifələrə kommunistlər təyin edildi, beləliklə hökumət yalnız kommunistlərdən ibarət oldu.

İkinci Dünya müharibəsinin əsas yekunlarından biri də müstəmləkə sisteminin dağılması oldu. Müharibədən sonra Afrika qitəsində müstəmləkəçiliyə qarşı mübarizə şiddətləndi və müstəqilliyini bərpa edən ilk ölkə Sudan oldu. Bunun ardınca Mərakeş, Tunis, Əlcəzair müstəqillik əldə etdilər. 50-ci illərin əvvəllərində Misirdə milli-azadlıq hərəkatı artdı, kral ölkədən qovuldu, 1953-cü il iyunun 18-də monarxiya üsul-idarəsi ləğv edildi və 1956-cı ilin iyununda İngiltərə öz qoşunlarını Misirdən çıxardı. SSRİ Misiri müdafiə edirdi.

İkinci Dünya müharibəsindən sonra ABŞ və Qərbi Avropa ölkələri hər vəhclə İran və Türkiyəni Şərqi Avropanın sosialist ölkələrinə qarşı soyuq müharibəyə cəlb etməyə cəhd göstərirdilər. 1946-cı ilin may ayında Qərb ölkələrinin təzyiqi altında SSRİ öz qoşunlarını İrandan çıxarmağa məcbur oldu. Getdikcə İranın ABŞ-dan hərbi və siyasi asılılığı artmağa başladı. Müsəddiq hökumət devrildikdən sonra İran-SSRİ əlaqələri daha da zəiflədi, 1955-ci ildə İran Bağdad paktına qoşuldu, 1959-cu ildə isə ABŞ-la hərbi saziş imzaladı. ABŞ İran kimi Türkiyəni də SSRİ əleyhinə soyuq müharibəyə qoşmuşdur. Türkiyə hökuməti ölkənin müstəqilliyi üçün “sovet təhlükəsi”nin olmasını əldə əsas tutaraq ABŞ-ın təhriki ilə “Trumen doktrinası”ı qəbul etmişdir. 1952-ci ildə Türkiyə NATO-ya, 1955-ci ildə isə Bağdad paktına daxil olmuşdur. ABŞ soyuq müharibə şəraitində SSRİ ilə Türkiyə arasında münasibətləri gərginləşdirdiyi üçün bu münasibətlər pis olaraq qalırdı.

İkinci Dünya müharibəsindən sonra Koreyanın şimali sovet qoşunları, cənubu isə amerikan qoşunları tərəfindən azad edildiyi üçün Şimali Koreyada hakimiyyət orqanları SSRİ-nin, Cənubi Koreyada isə ABŞ hərbçilərinin köməyi ilə formalaşmışdır. 1948-ci il ma-yin 10-da Koreyanın cənubunda Milli Məclisə seçkilər keçirildi və Li Sin Man Koreya respublikasının ilk prezidenti seçildi. Şimali Koreyada 1948-ci ilin iyununda Ali Xalq Məclisinə seçkilər oldu, Kim İr Senin rəhbərliyi ilə KXDR-nin Nazirlər kabineti təşkil olundu. Sentyabrın 9-da KXDR-in yaradılması bəyan edildi. SSRİ 1948-ci il oktyabrın 12-də birinci olaraq KXDR-nı tanıyaraq onunla diplomatik münasibətlər qurdu. 1948-ci ilin dekabrında SSRİ öz qoşunlarını Şimali Koreyadan, 1949-cu ilin iyulunda isə isə ABŞ öz qoşunlarını Cənubi Koreyadan çıxardı. 1950-ci il yanvarın 26-da ABŞ-la Cənubi Koreya arasında qarşılıqlı yardım haqqında saziş imzlandı,1949-cu il oktyabrın 1-də Pekində Xalq Siyasi Məsləhət Şurasının sessiyasında Çin Xalq Respublikasının yaradılması elan edildi. 1950-ci il fevralın 14-də SSRİ ilə ÇXR arasında dostluq, ittifaq və qarşılıqlı yardım haqqında müqavilə imzalandı. Bundan sonra, Koreyanın ABŞ üçün əhəmiyyəti xeyli artdı. 1950-ci il iyunun 25-də Sovet müşavirləri tərəfindən təlim keçən Şimali Koreya qoşunları ilə Cənubi Koreya döyüşçüləri arasında ilk toqquşma baş verdi. İyunun 28-də Şimali Koreya ordusu Cənubi Koreyanın paytaxtı Seula daxil oldu, sentyabradək ölkə ərazisinin xeyli hissəsi işğal edildi. BMT Təhlükəsizlik Şurası 1950-ci il iyunun 25-də Şimali Koreyanı sülhü pozmaqda ittiham edən qətnamə qəbul etdi. 1950-ci ilin iyulun 4-də BMT Təhlükəsiz Şurasının qətnaməsinə əsasən ABŞ və BMT-nin üzvü olan 14 dövlət öz ordularını KXDR ordusuna qarşı hərbi əməliyyat keçirmək məqsədilə Koreya müharibəsinə göndərdi. 1950-ci il oktyabrın 1-də ABŞ və müttəfiq qoşunları Şimali Koreya ərazisinə daxil oldu, oktyabrın 23-də Pxenyan ələ keçirildi. 1950-ci il oktyabrın 25-də Çin Şimali Koreyaya qoşun göndərdi, dekabrın 7-də Pxenyanı, 1951-ci il yanvarın 4-də isə Seulu azad etdilər,1951-ci il iyulun 26-da Keson şəhərində Çin və KXDR ABŞ və müttəfiqləri ilə danışıqlar masasına oturdular. 1951-ci il noyabrın 27-də əldə olunmuş razılığa əsasən 38-ci paraleldən cənubda 3,6 min kv.km ərazi KXDR-ə, 38-ci paraleldən 4,6 min kv.km ərazi Cənubi Koreyaya verilməli idi. 1953-cü ilin aprelin 26-da Panminçyonda danışıqlar bərpa edildi, iyulun 27-də münaqişə iştirakçıları arasında imzalanmış barışığa əsasən hərbi əməliyyatlar dayandırılmalı və hər iki tərəfi ayıran xətt ətrafında iki kilometrlik tərkisilah edilmiş ərazi yaradılmalı, barışığın qüvvəyə minməsindən üç ay sonra xarici qoşunlar Koreyanı tərk etməli idi. Koreya müharibəsi lokal xarakterli, ən qanlı münaqişələrdən biri olaraq tarixə keçmişdir, belə ki, bu müharibədə Cənubi Koreya 1,3 mln, Şimali Koreya 520 min, Cin 900 min, ABŞ 57 min hərbiçi itirmişdir. Koreyanın 3 mln nəfərə yaxın dinc əhalisi həlak olmuşdur. SSRİ-nin 315 nəfər hərbiçisi ölmüşdür. Koreya münaqişəsi “soyuq müharibə”nin getdikcə daha qlobal xarakter almasına səbəb oldu.

İkinci Dünya müharibəsindən sonra Çin iki düşərgəyə ayrılmışdır, ölkə ərazisinin 4/3 hissəsinə Çan Kay Şi hökuməti, ərazinin 25 faizinə isə kommunistlərin yaratdığı orqanlar nəzarət edirdi. 1947-1949-cu illərdə Çində SSRİ-nin müdafiə etdiyi kommunistlərlə ABŞ-ın müdafiə etdiyi homindançılar arasında vətəndaş müharibəsi oldu. Müharibənin birinci mərhələsində Homindan hökumət qoşunları üstün vəziyyətdə idi. 1947-ci ilin yayında əks-hücuma keçən Xalq Azadlıq Ordusu 1948-ci ilin aprelinədək ölkə ərazisinin böyük bir hissəsini azad edərək 1949-cu il aprelin 23-də Nankin şəhərini, mayda Şanxayı azad etdi. 1949-cu il oktyabrın 1-də Pekində Çin Xalq Respublikasının yaradılması elan edildi,1955-ci ilədək SSSRİ Çin ərazisindən öz qoşunlarını çıxartdı, Çin -Çunçun dəmir yolunu, Port-Arturu və Dalnı limanını bütün əmlakı ilə birlikdə ÇXR-ə qaytardı. “Soyuq müharibə” çərçivəsində SSRİ-nin Çinlə əməkdaşlığının əleyhinə olan ABŞ Tayvana sığınmış Çan Kay Şi və onun tərəfdarlarına köməklik göstərməkdə davam edirdi.

1951-ci ilin 4-8 sentyabrında ABŞ-ın San-Fransisko şəhərində 52 dövlətin iştirkaı ilə Yaponiya ilə sülh müqaviləsi bağlamaq məqsədilə kofrans keçirildi,1951-ci il sentyabrın 8-də 27 maddədən ibarət San-Fransisko sülh müqaviləsini 49 dövlət imzaladı və bununla da müharibə vəziyyətinə son qoyuldu. SSRİ, Polşa və Çexoslovakiya SSRİ-nin nümayəndəliyinin rəhbəri A.A.Qromıkonun Cənubi Saxalin və Kuril adaları üzərində Sovet İttifaqının suverenliyi ilə bağlı müqaviləyə düzəliş və əlavələri qəbul edilmədiyi üçün onu imzalamaqdan imtina etdilər. 1952-ci ilin aprel ayında Yaponiyada işğal rejiminə son qoyuldu və xarici ölkələrlə diplomatik münasibətlər bərpa edilməyə başlandı.

ABŞ və Qərb ölkələrinin sürətlə silahlanması soyuq müharibənin tərkib hissəsi idi və buna cavab olaraq SSRİ və sosialist ölkələri də öz hərbi gücünü möhkəmlətmək məqsədilə silahlanırdılar ki, bu da müharibədən sonra tərkisilah məsələsinin mühüm problemlərindən birinə çevrildi,1949-cu ilin avqust ayında SSRİ nüvə silahının ilk sınağını keçirdi və ABŞ-ın atom silahı üzərindəki inhisarı başa çatmış oldu. Bundan sonra, SSRİ-nin tərkisilah uğrunda mübarizəsinin istiqamətlərindən biri də adi silahların və silahlı qüvvələrin hamılıqla azaldılması məsələsi idi. BMT Baş Məclisinin birinci sessiyasında SSRİ silahların tam ixtisarını təklif etmişdisə də müzakirələr göstərirdi ki, Qərb ölkələri silahlanmadan imtina etmək fikrində deyildir. Müharibə təbliğatının qadağan edilməsi tərkisilah probleminə kömək edən səbəblərdən olduğu üçün 1947-ci ildə BMT Baş Məclisinin ikinci sessiyası dünya müharibəsi təbliğatını qadağan edən qətnamə qəbul etdi. 1950-ci ilin sentyabrında BMT Baş Məclisinin beşinci sessiyası kütləvi qırğın silahını birinci tədbiq edən dövlətin hərəkətin bəşəriyyətə qarşı cinayət, həmin dövlətin isə hərbi cani hesab olunması haqqında bəyannamə qəbul etdi. SSRİ və sosialist dövlətləri tərkisilah uğrunda mübarizədə sülh tərəfdarları hərəkatından istifadə edirdi ki, bunların da 72 ölkəni təmsil edən nümayəndələri 1949-cu ilin aprelində Parisdə birinci ümumdünya konqresin keçirdilər.F.Küri Sülh tərəfdarları konqresinin daimi komitəsinin sədri seçildi. 1950-ci ilin noyabrında Varşavada 81 ölkənin nümayəndələrinin iştirakı ilə sülh tərəfdarları hərəkatının İkinci Ümumdünya konqresi oldu, dünya xalqlarına və BMT-yə müraciət qəbul olundu. Sülh tərəfdarları hərəkatı “soyu müharibə” şəraitində bütün dünyada müharibələrin qarşısını almaq və sülhü qoruyub saxlamaq işinə xidmət edirdi.

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

Top