Polşa inqilabi dəyişikliklər dövründə. 1944-1948-ci illər.İkinci Dünya müharibəsində Polşa torpaqlarına alman və sovet təcavüzü sayəsində Reç Pospolitanın 6 milyon vətəndaşı, o cümlədən 3 milyon nəfər yəhudi həyatını itirdi. Ölənlərin bir hissəsi polyak mənəviyyatının daşıyıcıları olan ziyalılar idi, belə ki, ölkə 1939-cu ilə kimi yetrişdirdiyi ali təhsilli əhalisinin 38 faizini itirmişdir. Müharibə Polşanın şəhər və qəsəbələrini xaraba qoymuşdur. Varşavanın solsahil hissəsinin 75 faizi məhv edilmiş, Qdansk və Vroslav şəhərləri yerlə-yeksan edilmişdir. Visla, Oder, Narva və Buq çayı üzərindəki bütün körpülər demək olar ki, məhv edilmişdir. Hərbi əməliyyatların gedişində küllü miqdarda milli mədəniyyət abidələri, incəsənət əsərləri, kitabxana və muzeylər və s. məhv və ya qarət edildi.
Moskvada yaradılan Polşa Milli Azadlıq Komitəsi — PMAK 1944-cu il iyulun axırında KO dəstələrindən təmizlənmiş Lyublinə gələrək sentyabrda “Lyublin Polşası” hökuməti kimi yeni hakimiyyətin sosial bazasını yaratmaq məqsədilə aqrar islahat keçirməyi qarşısına məqsəd qoydu. Qəbul edilən dekretə əsasən almanların və onlarla iş birliyi quran xainlərin torpaqları, eyni zamanda 100 hektardan çox torpaq sahəsi müsadirə olundu. Ölkənin mərkəz, cənub və şərq vilayətlərində əkin sahəsi 50 hektardan çox olan torpaqlar müsadirə edildi, müsadirə edilmiş torpaqlar simvolik ödəmə şərtilə kəndlilərə verildi. Torpaqları kəndlilərə verən kommunistlər onların dəstəyinə ümid edirdilər. Almanlar tərəfindən ələ keçirilmiş sənaye müəssisələri öz əvvəlki sahiblərinə qaytarılmalı idi və müvəqqəti olaraq dövlətin idarəçiliyinə verildi.
Yeni dövlət aparatı əsasən Krayova Rada Narodova (KRN) daxil olan siyasi partiyaların nümayəndələrindən formalaşdırıldı. 1944-cü ilin sonunda PMAK sovet dövlətinin yardımı ilə Polşa respublikasının müvəqqəti hökumətinə çevrildi ki, bu da dünyaya yeni rejimin sta-billəşməsini nümayiş etdirməli idi. Polşada vəziyyəti gərginləşdirən o idi ki, ABŞ və Böyük Britaniya hələ də ölkədə güclü təsirə malik olan Polşa Mühacir hökumətini tanıyırdılar. Polşada ikihakimiyyətliliyə son qoymaq üçün 1945-ci il Yalta konfransında Müvəqqəti hökuməti London düşərgəsindəki demokrat əhval-ruhiyyəli siyasətçilər hesabına genişləndirmək və onu Müvəqqəti Milli Birlik Hökumətinə çevirmək qərara alındı. Eyni zamanda İ.V.Stalin tərəfindən ölkənin Oder və Neyse çayları boyunca yerləşən qərb sərhədləri haqqında məsələ də irəli sürüldü. Polşaya Şərqi Prussiyanın da bir hissəsi keçməli idi. Polşa dövlətinə “Şimalda və qərbdə ərazilərinin əhəmiyyətli dərəcədə artması vəd edilmişdir.”
Yalta razılaşması nəticəsində Polşa Avropada Sovet təhlükəsizliyi sisteminin əsas həlqələrindən birinə çevrildi. 1945-ci il aprelin 21-də imzalanmış dostluq, qarşılıqlı yardım və müharibədən sonra əməkdaşlıq haqqında Polşa-Sovet müqavilsi bu əlaqələri daha da möhkəmləndirdi.Yalta konfransında qəbul edilən qərarlar Polşa Fəhlə Partiyası və onun müttəfiqlərinin mənafeyini təmin edirdi. Onlar Polşadakı yeni hakimiyyətin beynəlxalq aləmdə tanınmasına nail ola bildilər.
1945- ci ilin iyununda Müvəqqəti Milli Birlik Hökuməti yaradıldı. Hökumətin başçısı vəzifəsinə əvvəllər Polşa Milli Azadlıq Komitəsinin (PMAK) və Müvəqqəti hökumətin başçısı olmuş sol sosialist E.Osubka-Moravski təyin edildi. Onun müavinləri vəzifəsini isə V.Qomulka (PFP) və London hökumətinin keçmiş başçısı, sonralar hökumətin tərkibindən çıxaraq Polşaya qayıtmış S.Mikolayçik oldular. Stanislav Mikoloyçiki Polşada təntənəli şəkildə qarşıladılar. S.Mikolayçik özünün yeni partiyasını, tezliklə ölkənin böyük siyasi təşkilatına çevrilmiş Polşa Xalq Partiyasını yaratdı ki, bu da PFP-nin və onun müttəfiqlərinin siyasəti ilə razılaşmayan bütün qüvvələrin bu partiya ətrafında cəmləşməsinə səbəb oldu. Xalq mühacir hökumətin keçmiş baş nazirinin kommunistlərə qarşı dura biləcəyinə inanırdı.
PFP hesab edirdi ki, birləşmiş sol partiyalar (PFP, sosialist, kəndli və demokrat) həm SSRİ-nin, həm də burjua ölkələrinin sosial-iqtisadi quruluşundan fərqli cəmiyyət qura bilər. Onun iqtisadi bazası çoxukladlı iqtisadiyyat olmalı idi. Cəmiyyətin siyasi əsasını PFP-nin aparıcı rolu saxlanılmaqla məqsədləri yaxın partiyaların bloku təşkil etməlidir. Bu yolla təşkil edilmiş cəmiyyət yavaş-yavaş sosialist yenidənqurmasına doğru irəliləməli idi. Xarici siyasətdə yeni Polşa SSRİ-yə meyilli olmalı idi, bu konsepsiyanın daha ardıcıl tərəfdarı PFP MK-nın baş katibi V.Qomulka (1905-1982) idi. Lakin partiyanın rəhbər və sıravi üzvlərinin hamısı onu dəstəkləmirdi.
S.Mikolayçik və onun əhatəsi istehsal vasitələri üzərində xüsusi mülkiyyətin və siyasi qüvvələrin müstəqil fəaliyyət göstərə biləcək liberal-demokratik quruluşun tərəfdarı idi. Xarici siyasətdə o Qərb meyilli siyasət tərəfdarı idi.
1946- cı il iyunun 30-da ümumxalq referendumu keçirildi. Referendumda əhali senatın gələcək parlamentdə ləğvinə, torpaq islahatına və sənayenin əsas sahələrinin milliləşdirilmə-sinə, həmçinin yeni qərb sərhədləri kimi məsələlərə münasibətini bildirməli idi. Əslində söhbət sol qüvvələrin ötən iki ildə həyata keçirdikləri əsas siyasi və sosial-iqtisadi dəyişikliklərə cəmiyyətin münasibətinin aydınlaşdırılmasından gedirdi. Referendum iştirakçılarının əksəriyyəti sualların hamısına, xüsusən ikinci və üçüncü suallara müsbət münasibət bildirdilər.
1947- ci il yanvarın 19-da Qanunverici seymə seçkilər keçirildi. Səsvermə otaqlarında hərbi və polis dəstələri yerləşdirilmişdir. Fəhlələrə və əsgərlərə Polşa Fəhlə partiyasına və onun müttəfiqlərinə səs vermələri tapşırılmışdır. Hökumətin tədbirlərinə baxmayaraq, əhalinin böyük əksəriyyəti PKP-yə səs verdi. Lakin buna baxmayaraq rəsmi məlumatlara əsasən seçkilərdə əhalinin 90 faizinin iştirak etdiyi, “Blokun” partiyalarının 80 faiz, PKP-nin isə 20 faiz səs qazandığı elan edildi. Polşa bilavasitə SSRİ-nin nüfuz dairəsinə daxil olduğundan Qərb səfirlikləri də seçkinin nəticələrinə heç bir münasibət bildirmədi. 1952-ci ilə kimi fəaliyyət göstərən kiçik Konstitusiya qəbul edildi. Seym ölkənin prezidenti vəzifəsinə PFP-nin üzvü, Krayova Rada Narodovanın başçısı Boleslav Berutu seçdi. Nazirlər Şurasının sədri kommunistlərin tərəfdarı PSP-nin üzvü Yuzef Sirankeviç oldu.
Artıq 1946-ci ildə Antihitler koalisiyasının qarşı-qarşıya duran hərbi-siyasi bloklara parçalanmasının əlamətləri görünməkdə idi. Sovet rəhbərliyinin Qərbi Avropada kommunistlərin dinc yolla hakimiyyətə gələcəyi haqqında ümidləri özünü doğrultmadı. Qərb siyasətçiləri Mərkəzi Avropada sərhədlərin qəti şəkildə müəyyənləşdirildiyinə, xüsusilə Polşa-Alman sərhədinə şübhə ilə yanaşmağa başladılar. Keçmiş antihitler koalisiyası müttəfiqləri arasında gələcək Almaniya barədə müxtəlif baxışlar meydana gəldi.
Beynəlxalq kommunist hərəkatında sosializmə doğru irəliləyişin milli yolları axtarılmasından imtina etmək tendensiyası meydana gəlmişdir. 1947-ci ilin sentyabrında Polşada Bolqarıstan, Macarıstan, İtaliya, Polşa, Rumıniya, SSRİ, Fransa, Çexoslovakiya və Yuqoslaviya kommunist partiyaları nümayəndələrinin müşavirəsi keçirildi və burada İnformasiya bürosu (Kominform) yaradıldı. Tezliklə o, təcrübə mübadiləsi orqanından müttəfiqlərin Moskva ilə hərbi-siyasi müqavilələr bağlaması ilə əlaqədar olaraq Mərkəzi və Cənubi-Şərqi Avropa ölkələri kommunist partiyalarının fəaliyyətinə rəhbərlik mərkəzinə çevrildi. Belə ki, sovet nümunəsi əsasında sosialist cəmiyyəti qurmaq məsələsində blokdan olan kommunist partiyalarına kömək etmək Kominftorunun əsas vəzifəsinə daxil idi. Kommunistlər Polşada terroru gücləndirərək xalqı təbliğat təsiri altına aldılar.
1948-ci ildə “sağmillətçilik təmayülündə” günahlandırılan V.Qomulka PFP MK-nın baş katibi vəzifəsindən uzaqlaşdırıldı. Onun yerini B.Berut (1892-1956) tutdu, eyni zamanda o, 1948-ci ilin dekabrında Polşa Xalq Partiyası və Polşa Fəhlə Partiyasının birləşməsi nəticəsində yaranan Polşa Birləşmiş Fəhlə Partiyası MK-nın katibi vəzifəsini də ələ keçirdi. Boleslav Berut Polşanın tez bir zamanda “sosializm quruculuğu” və “kapitalizmin qalıqları ilə barışmaz mübarizə” yoluna keçəcəyini bildirdi.
Əsl soyadı Bernatski olan Berut Boleslav 1882-ci ildə kəndli ailəsində anadan olmuşdur. 1912-ci ildən Polşa Sosialist partiyasının sol qanadının, 1918-ci ildən Kommunist partiyasının üzvüdür. 1928-1930-cu illərdə Moskvada Beynəlxalq Lenin məktəbinin dinləyicisi olub, XDİK-ğı ilə əməkdaşlıq edib. 1930-cu illərdə Kominternin işçi cəsusu kimi Polşa, Bolqarıstan, Çexoslovakiya və Avstriyada fəaliyyət göstərib. 1933-cü ildə Polşa hakimiyyət orqanları tərəfindən XDİK-nın cəsusu kimi həbs edilərək 7 il həbs cəzası alıb. İkinci Dünya müharibəsi başladıqdan sonra SSRİ-də peyda olaraq Sovet kəşfiyyatına işləməyə başlayıb. 1943-cü ildə işğal olunmuş Polşaya qayıdaraq ölkə üzərində kommunist nəzarətinin bərqərar olmasında iştirak etmişdir. 1943-1944-cü illərdə Polşa Fəhlə Partiyasının Katibliyinin, 1944-1956-cı illərdə sonradan Polşa Birləşmiş Fəhlə partiyasının Siyasi Bürosunun üzvü olmuşdur. Polşada İ.Stalin siyasətinin ardıcıl davamçısı kimi siyasi rəqiblərinə qarşı amansızlığı ilə seçilmişdir. 1948-ci ilin oktyabrından PBFP MK-nın Karibliyinin sədri, 1954-cü ilin martından MK-nın Birinci katibi olmuşdur. Eyni zamanda 1947-1952-ci illərdə Polşanın prezidenti və Dövlət Şurasının sədri, 1952-1954-cü illərdə Polşa Xalq Respublikası Nazirlər Sovetinin sədri işləmişdir. Moskvada Sov. İKP-nin XX qurultayından dərhal sonra mart ayının 12-də məlum olmayan səbəbdən vəfat etmişdir.
Beləlikə, Polşa B.Berutun rəhbərliyi ilə Sovet modeli əsasında sosializm quruculuğu kursunu həyata keçirməyə başladı. 1949-cu ilin noyabrında Sovet marşalı, milliyətcə polyak K.K.Rokossovski Polşanın Hərbi naziri və silahlı qüvvələrin Ali Baş komandanı təyin olundu. Sovet zabitləri Polşa ordusunun ali komanda heyətində daha çox yer tutdu. 1953-1955-ci illərdə Polşa ordusuna məsləhətçi adı altında 150 nəfər sovet zabiti göndərilmişdir. Sovet təhlükəsizlik orqanları tərəfindən polyak ordu hissələrinə tam nəzarət etmək məqsədilə 1948-1951-ci illərdə casusluq və hakimiyyəti devirmək iddiası ilə generallar S.Tatar, Y.Kuropeska, F.German, E.Kirxmayer, S.Mossor və bir qrup ali polyak zabiti məhkəmə məsuliyyətinə cəlb olundu. Müxtəlif müddətə cəza almalarına baxmayaraq 1956-cı ildə onların hamısı bəraət aldı.
Polşanın hakim dairələri Sovet İttifaqında olduğu kimi rejimə qarşı müxalif mövqe tutan katolik kilsəsinə qarşı mübarizəsini sərtləşdirdi. Lyublin Universitetinin ilahiyyat fakültəsi bağlandı. 1950-ci il aprelin 14-də hökumətlə katolik yepiskopluğu arasında bağlanan sazişə əsasən Roma papası Polşada yalnız din, əxlaq və kilsə hüququ məsələləri ilə məşğul ola bilərdi. Bu əslində hökumətin katolik kilsəsinin əhali, xüsusilə gənclər arasında artan nüfuzunun qorxusu qarşısında atılan rəsmi addım idi. Belə ki, 1952-ci ildə Polşada 10 min dünyəvi keşiş, 8 min rahib və 22 min rahibə mövcuddur ki, bu da cəmiyyətə təsir edən böyük qüvvədir. Kommunist rejiminin total siyasətinin əleyhinə olan bu qüvvəni zərərsizləşdirmək məqsədilə saxta işlər təşkil edən təhlükəsizlik orqanları 1951-ci ilin avqustunda Kelets yeparxiyasının ksöndzin, yəni polyak katolik keşişin, 1953-cü il yanvarın 21-27-də Krakov yeparxiyasının ksöndzin həbs edərək onları amerikan imperializmi və Vatikanın xeyrinə casusluqda ittihm etdilər. Katolik kilsəsi üzərinə genişmiqyaslı hücumun son həddi kimi 1953-cü il sentyabrın 25-də Polşanın priması kardinal Stefan Vışinskinin hakimiyyət orqanları tərəfindən həbs edilməsini misal göstərmək olar. Varşava-Qneznensk arxiyepiskop-mitropoliti Vışinski Stefan 1901-ci ildə Buq üzərindəki Zuzel kəndində anadan olmuşdur. 1912-1915-ci illərdə Varşava gimnaziyasında, Vlotslavek dini seminariyasında təhsil almışdır. Sonra Lyublin Universitetinin kilsə işləri üzrə fakültəsində hüquq və ictimai elmlərdən namizədlik dərəcəsi alıb. 1944-cü il avqustun 1-də Varşava üsyanı zamanı Krayovo ordusunun “Kam-pinos” hissəsində kapellan, yəni keşiş köməkçiliyi edib. Kardinal Xlondun ölümündən sonra 1948-ci il oktyabrın 22-də Polşa Yepiskopluğu onu Qneznensk və Varşava arxiyeniskopu və mitropoliti seçmişdir. 1952-ci ildən kardinal olan S.Vışinski həbs edilərək Qrudzyondzo altındakı həbsxanada, sonra isə ayrı-ayrı kilsələrdə saxlanılmışdır. 1956-cı il oktyabrın 26-da həbsdən azad edilmiş, 1981-ci ildə dünyasını dəyişmişdir.
Real sosializmin yaranması, inkişafı və böhranı.
1949-1989-cu illər.SSRİ-nin əli ilə Polşada meydana gələn kommunist sistemi qorxu, terror və saxta təbliğat nəticəsində “xalq demokratiyası” yalançı adını davam etdirirdi. Əslində ölkənin siyasi, sosial və iqtisadi həyatının idarə edilməsi PBFP-nın əlində cəmləşmişdir. Partiyanın rəhbərliyi sovet qruluşunu sosializmə keçməyin klassik forması hesab edirdi. Sosializm quruculuğu ideyasını əməli fəaliyyətə çevirmək məqsədilə proletar diktaturasının qurulması, sənayeləşdirmə və kənd təsərrüfatının kollektivləşdirilməsi, marksist-leninçi ideologiyanın hakim mövqeyini təmin edən mədəni inqilabın həyata keçirilməsi zəruri idi.
1940-cı illərin axırlarında Polşada hakimiyyət İ.Stalindən asılı olmağa hazır olan kommunistlərin tabeliyinə verildi. Hər yerdə qorxu, terror, kütləvi repressiyalar davam edirdi. Əsas məqsəd cəmiyyəti qorxutmaq və bununla bərabər, əhali üzərində hökmranlıq etməyi təmin etmək məqsədilə sistemin əsl və potensial düşmənlərini aradan götürmək idi. Əməli addım kimi 1949-cu ildə Polşa Xalq Partiyasının fəaliyyəti dayandırıldı, onun üzvlərinin bir hissəsi Birləşmiş Kəndli Partiyası sıralarına daxil oldu. Liberal görüşlü siyasətçilər, o cümlədən Stanislav Mikolayçik Təhlükəsizlik idarəsi tərəfindən təqib və təzyiqə, həbs edilmək təhlükəsi ilə qarşı-qarşıya qaldıqları üçün hələ 1947-ci ilin oktyabrında Polşanı gizli şəkildə tərk etməyə məcbur oldular. 1950-ci ildə Əmək partiyası özünü buraxdı, partiya üzvlərinin bir hissəsi Demokratik partiyanın sıralarına daxil oldu. Məktəblərdə və ondan kənarda təşkilatı cəhətdən PBFP MK-ya tabe olan gənclik təşkilatı — Polşa Gənclər İttifaqı (ZMP) təşkil olundu. Onlar öz işində marksizm-leninizm ideyalarını rəhbər tutaraq cəmiyyətdə öz fəaliyyətlərilə qorxu şəraiti yaradırdılar. PBFP-nin üzvləri ilə bərabər Polşa Gənclər İttifaqının döyüşkən fəalları da ölkədə təqib, təzyiq, qorxaqlıq və arsızlığa şərait yaradırdılar.
Polşada real hakimiyyətə sahib olan PBFP ilə bərabər digər partiyalar, o cümlədən kəndli partiyası olan Birləşmiş Kəndli Partiyası (BKP), sənətkarları və ziyalıları birləşdirən Demokratik partiya (DP) fəaliyyət göstərirdi. 1952-ci ildə seym nəzəri cəhətdən, yəni sözdə demokratik dövlətlərin qanunvericilik prinsipinə, söykənən Konstitusiyanı qəbul etdi. Konstitusiyaya əsasən kağız üzərində qanunverici hakimiyyət “şəhər və kənd zəhmətkeşlərinin” nümayəndələrinə məxsusdur, idarəedici hakimiyyətə isə hökumət və Dövlət şurası sahibdir. Məhkəmə aparatının fəaliyyətinin müstəqillik prinsipi əsasında qurulduğu bəyan edildi. Dövlətin yeni adı Polşa Xalq Respublikası oldu. Əvvəlki kimi yenə hakimiyyət PBFP MK Siyasi Bürosunun və Mərkəzi Komitənin şöbələrinin əlində cəmləşmişdir.
1947-1949-cu illəri əhatə edən Polşanın təsərrüfatının bərpasına dair üçillik planda ağır sənayenin inkişafı, daş kömürün istehsalının artırılması və kəndin kollektivləşdirilməsi başlıca vəzifə kimi qarşıya qoyulmuşdur. Müəyyən edilən plan tapşırıqlarının yerinə yetirilməsi gedişində kommunist rəhbərliyi onun ilkin göstəricilərin dəyişmələrinə baxmayaraq plan əsasən yerinə yetirildi. 1950-1955-ci illərə dair altıillik planda başlıca vəzifə sənayenin, maşınqayırmanın inkişaf etdirilməsi nəzərdə tutulurdu. Planın əsas vəzifələri SSRİ-nin ehtiyaclarına cavab verməklə bərabər, fəhlə sinfinin sayının artırılmasını tələb edirdi. Bu məqsədlə Krakov ətrafında V.İ.Lenin adına metallurgiya kombinatının (hazırda Sendzimir adına) və Yeni Qut şəhərinin tikintisinə başlandı. Dövlətin xalqa mənsub olması yalançı təbliğatı işə salan partiya fəalları müəssisələrdə mitinqlər təşkil edir, “əmək yarışmaları”, “sosializmin qurulması”, “sabotajçılarlavə ziyankarlarla mübazirə” şüarları səsləndirirdilər.
Sənayeləşdirmə ilə bərabər hökumət kəndin kollektivləşdirilməsinə, yəni əsl kooperasiya ilə heç bir əlaqəsi olmayan kənd təsərrüfatı kooperativlərinin təşkilinə başladı. İqtisadi və polis özbaşınalığından istifadə edərək kəndliləri kooperativlərə zorla girməyə məcbur edirdilər. Tabe olmaq istəməyənlər qolçomaq damğası ilə sıxışdırılır və həbs edilirdi. Svidniksk kəndlilərin üsyanını yatırmaq üçün yaxınlıqda yerləşən Sovet ordusunun hissələrini səfərbər etdilər. Şesinsk voyevodalığında təhlükəsizlik qüvvələri kəndlilərin ərzaq ehtiyatını dağıtdı. Kollektivləşdirmənin həyata keçirilməsindəki əyintilər kənd təsərrüfatı məhsullarının istehsalının aşağı düşməsinə gətirib çıxardı. Kənd təsərrüfatı SSRİ-də olduğu kimi sənayeləşdir-məni həyata keçirmək üçün vasitə, xammal və işçi qüvvəsi mənbəyi rolunu oynayırdı. İnzibati cəza metodlarının geniş miqyas alması, repressiyalar nəticəsində ölkədəki istehsal kooperativlərinin sayı 1950-ci ildəki 635-dən, 1955-ci ildə 9076-ya çatdı.
1953-cü ilin martında İ.V.Stalinin ölümündən sonra Sov. İKP-nin daxilində hakimiyyət uğrunda mübarizə N.S.Xruşşovun qələbəsilə başa çatdı. 1956-cı ilin fevralında Sov. İKP-nin XX qurultayında bu zamana kimi partiya və dövlət qarşısında xidmətləri şişirdilərək göylərə qaldırılan İ.V.Stalinin fəaliyyəti kəskin tənqid edilərək bir çox cinayət əməllərində ittiham olundu. N.S.Xruşşovun məruzəsinin məzmunu Kremlin divarlarını aşaraq PBFP-nın daxilində Stalinizm adlandırılan bir sıra qaydaların tənqidi üçün zəmin hazırladı. Polşada bütün hakimiyyəti ələ keçirmiş Boleslav Berutun məlum olmayan səbəblər nəticəsində Moskvada vəfat etməsi PBFP daxilində çəkişmələri daha da artırdı. Bir qrup kommunist xadimi sosializmin islahatı şüarı ilə bəzi dəyişikliklər etməyə səy göstərdi. Polşanın ictimai həyatında Sovet İttifaqında olduğu kimi “mülayimləşmə” adını almış proses baş verdi. İnsanların şüurunda müstəqillik, tarixi ənənələrə bağlılıq və s. şüarlar yenidən canlandı. Belə şüar və fikirləri ilk dəfə ucadan söyləmək məqsədilə 1956-cı ilin iyununda Poznan fəhlələri küçələrə çıxdı. İlk günlər onlar əmək haqqının artırılmasını tələb edirdi, amma çox keçmədən bu hərəkat hökumət əleyhinə olan vətənpərvərlər nümayişinə çevrildi. Hərəkat iştirakçıları həbsxanaları dağıdaraq məhbusları azad etdilər, silahları ələ keçirərək şəhərin küçələrini döyüş meydanına çevirdilər. Hakimiyyət nümayəndələri küçələrə zirehli avtomobil və tank hissələri yeridərək fəhlələrin çıxışlarını güc tətbiq etməklə amansızlıqla yatırdılar. Dəqiq olmayan məlumatlara əsasən 1956-cı il 18-19 iyun hadisələrində 75 nəfər adam öldü, 900 nəfər isə yaralandı. Poznan iyunundan sonra terror, zor və qanunsuzluğa söykənən sovializm sisteminə qarşı nifrət və kin daha da artdı. Zavodlarda həqiqi özünüidarə nümunəsi olan fəhlə ittifaqları təşkil olunur, kəndlilər isə onlara qəbul etdirilən kooperativləri dağıdırdılar.
PBFP MK-nın VI plenumunda birinci katib seçilən E.Oxabın və Baş nazir Y.Siran-keviçin təmsil etdiyi Polşa rəhbərliyi rəsmi olaraq “poznan iyunun” imperializm agentlərinin və onların irticaçı yerli əlaltılarının işi olduğunu, belə təxribatların qarşısının qanunverici orqanların cəza tədbirlərilə kəsiləcəyini bəyan etdi. Sovet İttifaqının hakimiyyət orqanları Poznan hadisələrini okeanın o tayındakı təxribatçı qüvvələrin Polşanın xalq hakimiyətinə qarşı alçaq təxribat əməlləri kimi səciyələləndirdi. İyulun 21-də Polşanın Milli dirçəliş günü münasibətilə bayram tədbirlərində iştirak edən SSRİ Nazirlər Sovetinin sədri N.Bulqanin məsələyə toxunaraq qeyd etdi ki, Poznandakı hadisə göstərdi ki, beynəlxalq irtica sosialist ölkələrində kapitalizmi bərpa etmək kimi xam xəyallarından əl çəkməyib. Əslində həm yerli, həm də Sovet hakimiyyəti Polşadakı hadisələrə səhv siyasi qiymət verməklə vəziyyəti daha da kəskinləşdirdilər.
1956-cı il iyulun 18-28-də Varşavada işə başlayan PBFP MK-nın VII plenumunda Poznan hadisələri müzakirə olunarkən hakim partiyanın rəhbərliyində parçalanma baş verdi. Məsələyə münasibətdə hakimiyyətlə cəmiyyət arasında ziddiyyət daha da dərinləşdi. Polşa-dakı sovet səfiri P.K.Ponomarenko partiyanın hakim dairələrində və cəmiyyətdə baş verən proseslər haqqında sovet rəhbərliyinə ətraflı məlumat təqdim etmişdir. Odur ki, yaranmış vəziyyətdə Sovet rəhbərliyi E.Oxaba əvəz axtarmağa başladı.
1956-cı il oktyabrın 9-da Varşava Universitetində tələbələr və 20 Varşava sənaye müəssisəsinin nümayəndələri Polşa Gənclər İttifaqı adı altında mitinq təşkil etdilər. Mitinqdə qəbul edilən “Bütün Polşa tələbələrinə açıq məktub” gəncləri demokratik dəyişikliklərə, siyasətdə aşkarlığa, Stalinpərəst siyasətin tərəfdarlarının cəzalandırılmasına çağırırdı. Bundan sonra Varşavada kütləvi tələbə həyəcanları başladı.
Polşanın partiya və dövlət hakimiyyətinin üst qatlarında, cəmiyyətdə baş verənn qarşıdurma və gərginlik hakimiyyət dəyişikliyinə şərait yaratmışdır. Oktyabrın 1-2-də PBFP MK-nın Siyasi Bürosunun iclasında ölkədəki siyasi böhran müzakirə edildi. Məlum oldu ki, yaranmış vəziyyətdə ölkənin siyasi rəhbərliyini birləşdirə bilən, daxili şəraiti normallaşdırmağa səriştə və bacarığı çatan yeni bir liderə ehtiyac vardır. Belə bir rəhbər vaxtilə ölkənin Stalinist hakimiyyəti tərəfindən millətçilikdə ittiham olunaraq partiya sıralarından xaric edilib, 5 il həbs cəzası çəkən İ.Stalinin ölümündən sonra bəraət alan Vladislav Qomulka oldu.
V.Qomulka 1905-ci ildə Krosno şəhəri yaxınlığındakı Byalobjeqdə anadan olmuşdur. 1921-ci ildə sosialist gənclər hərəkatına qoşulan V.Qomulka 1927-ci ildən Kommunsit partiyasının üzvüdür. 1934-1936-cı illərdə Moskvada Beynəlxalq Lenin məktəbində təhsil aldıqdan sonra Polşaya qayıtmış, siyasi fəaliyyətinə görə dəfələrlə həbs edilmişdir. Alman işğalçıları Varşavaya daxil olduqdan sonra Lvovda müqavimət hərəkatının iştirakçısı olmuş, 1945-ci ildə Polşa Fəhlə partiyasının Baş katibi seçilmişdir. 1948-ci ildə Stalin repressiyasının qurbanı olaraq “burjua millətçiliyində” ittiham olunaraq, partiya sıralarında xaric olunaraq həbs edilmişdir. İ.Stalinin ölümündən sonra bəraət alaraq partiya sıralarına bərpa edilmişdir. 1956-cı ilin oktyabrında PBFP MK-nın Birinci katibi seçilərək ölkəni mümkün Sovet müdaxiləsindən xilas etmişdir. “Sosializmə Polşa yolu” ideyasın müdafiə edərək aqrar siyasəti dəyişdirmiş, katolik kisləsilə münasibətləri qaydaya salmış, müəssisələrdə fəhlə özünüidarəsini inkişaf etdirmişdir. 1970-ci illərin sonunda ölkədəki iqtisadi problemləri həll etmək məqsədilə hökumət ərzaq malları və enerji daşıyıcılarının qiymətini artırdığı üçün Polşada başlayan nümayişlər onun 1970-ci il dekabrın 20-də istefaya göndərilməsinə gətirib çıxarmışdır. 1982-ci ildə dünyasını dəyişmişdir.
Polşada sovet quruluşunun ağır böhran keçirdiyi bir vaxtda PBFP MK-nın VIII plenumu 1956-cı ilin oktyabrında oldu. Plenumun işində iştirak edən N.S.Xruşşov Vladislav Qomul-kanın PBFP MK-nın Birinci katibi seçilməsinə razı oldu, qarşı tərəf isə partiyanın yaranmış şəraiti düzəldəcəyinə, Polşanın Varşava müqaviləsində qalacağına, onun dövlət quruluşunun əsas prinsiplərinin dəyişməyəcəyinə vəd verdilər. Plenumdan sonra sovet nümayəndə heyəti, bunun ardınca isə sovet müşavirləri və Polşanın Milli Müdafiə naziri marşal K.Rakossovski Moskvaya qayıtdılar.
Polyak xalqının gözündə V.Qomulka böyük inam qazanaraq milli qəhrəmana çevrildi. Varşavadakı izdihamlı mitinqdə yarım milyondan çox insan onun görüşünə gəldi. Polşada böhranı təhlil edən partiya rəhbərliyi onun baş verməsində aşağıdakı səhvlərə yol verildiyini bilirdi: 1. Keçmiş rəhbərlik tərəfindən sosialistcəsinə yenidənqurmanın sürətini və müddətinin müəyyənləşdirilməsində nöqsanlara yol verilməsi; 2. Ölkə rəhbərliyinin fəhlə sinfindən uzaq düşməsi; 3. Rəhbərlikdə inzibati-amirlik metodlarına üstünlük verilməsi; 4. Polşa şəraitinə etinasızlıq göstərilməsi; 5. Marksizm-leninizm nəzəriyyəsinə ehkam kimi yanaşılması. V.Qomulka tərəfindən sosializmin quruculuğunun Polşa şəraitinə uyğunlaşdırılmış konsepsiyası formalaşdırıldı. Buraya aqrar siyasətin dəyişdirilməsi; katolik kilsəsi ilə münasibətlərin normallaşdırılması; fəhlə özünüidarəsinin inkişaf etdirilməsi; ölkənin idarə edilməsində Seymin və xalq sovetlərinin rolunun yüksəldilməsi daxil idi,1956-1957-ci illərdə bu konsepsiyanın həyata keçirilməsi üçün əməli iş görüldü. Birləşmiş Kəndli partiyası ilə birlikdə yeni aqrar siyasətin əsasları işlənib hazırlandı. İstehsal kooperativlərinin əksəriyyəti buraxıldı. Aqrar bölmədə fərdi kəndli təsərrüfatları üstün mövqe tutmağa başladılar. Təcrid edilmiş və kilsələrdən birində saxlanılan Polşanın priması kardinal Stefan Vışinski azad edildi. Valideynlərin arzusu ilə uşaqlar xüsusi dini mərkəzlərdə dini ayinləri öyrənə bilərdi.
Polşa-Sovet münasibətlərində bəzi mürəkkəb məsələləri nizama salmaq mümkün oldu. SSRİ-dən 100 mindən artıq polyakın Polşaya qayıtmasına şərait yarandı. Polşanınn SSRİ-yə borcu, Polşa kömürünün SSRİ-yə ixrac edilməsi, Polşadakı Sovet ordusu Şimal qrupu qoşunlarının statusu həll edildi. Ağır sənayeyə kapital qoyuluşunun azaldılması və kənd təsərrüfatı istehsalının artması, siyasi və mədəni həyatın müəyyən qədər liberallaşması, repressiyaların pislənilməsi və onun qurbanlarına bəraət verilməsi cəmiyyətdə sosial gərginliyin müvəqqəti olaraq zəifləməsi kimi 1956-cı ildən sonra baş verən bu hadisələr əhalinin maddi vəziyyətinin qismən yaxşılaşmasına səbəb oldu.
Lakin 60-cı illərin əvvəllərində yenidən iqtisadi və siyasi çətinliklər yaranmağa başladı. Belə ki, sənayeləşdirilmənin davam etdirilməsi istehlak malları istehsalını ləngitdi, mənzil tikintisini dayandırdı. Fərdi təsərrüfatla məşğul olan kəndlilər vəd olunmuş yardımı ala bilmədilər, əsas kapital qoyuluşu ictimailəşdirilmiş bölməyə yönəldildi. Halbuki, bu bölmə becərilən əkin sahəsinin 13 faizini tuturdu. Müəssisələrdə fəhlə özünüidarəsi unuduldu, bürokratik sistem öz mövqeyini qoruyub saxladı. 60-cı illərin ortalarında pisləşməyə başlayan iqtisadi vəziyyət şəraitində sosial-siyasi böhran artmağa başladı. Ölkədə böyük nüfuzu olan katolik kilsəsi üzərində nəzarət qoymaq cəhdi yepiskopluqla münaqişəyə səbəb oldu. Kilsə ilə mübarizə və qarşıdurma yenidən başlandı, şəriət qanunu dərsləri məktəb proqramından çıxarıldı, yeni kilsələrin tikilməsinə icazə verilmədi.
1960-cı illərin başlanğıcında elm, mədəniyyət və incəsənət nümayəndələri arasında partiya rəhbərliyinin yeritdiyi siyasətin bir sıra istiqamətlərinin tənqidi artdı. Hədsiz dərəcədə mərkəzləşdirmə, mədəniyyət xadimlərinin partiyanın siyasətinə sözsüz tabe olmaları tələbi, senzuranın zorla qəbul etdirdiyi qadağalar narazılığın başlıca səbəbləri idi. V.Qomulka mədəniyyət xadimlərinə hücum edərək bəyan etdi ki, “müxtəlif fikirlərin eyni hüquqla təqdim edilməsi” yol verilməzdir. Hansı fikrin doğru olmasını yalnız senzura seçmək hüququna malik ola bilər. Senzuranın amansızlığı, marksizm ideologiyasının zorla qəbul etdirilməsi ziyalılarla ziddiyətə gətirib çıxartdı. Bir qrup elm və mədəniyyət xadimi 1968-ci ildə partiya diktarura-sına etiraz ifadə edən “34-lərin məktubu”nu dərc etdilər. Tələbələr də fəal çıxış edirdilər. Tələbələrin çıxışlarını yaradıcı ziyalılar və professorların bir hissəsi də müdafiə edirdi. Tələbə çıxışlarında xüsusilə fəal rolu 50-ci illərin birinci yarısının məşhur siyasətçiləri — A.Mixnik, K.Modzelevski və b. uşaqları oynayırdılar ki, onlar sonralalr müxalifətin görkəmli xadimlərinə çevrildilər.
İqtisadiyyatı stimullaşdırmaq məqsədi ilə hökumət 1970-ci ilin dekabrında ərzaq və bəzi sənaye mallarının qiymətlərini qaldırmaq haqqında qərar qəbul etdi. Bu şəhər əhalisinin qəti etirazına səbəb oldu. Qdansk, Qdın, Şetsin, Elblonq şəhərlərinin fəhlələri daha qətiyyətlə çıxış edirdilər. Nümayiş iştirakçıları “Çörək, çörək!”, “Köhnə qiymətləri istəyirik!” şüarları səsləndirir, dini vətənpərvər və sosialist mahnılar ifa edirdilər. 1970-ci il dekabrında 15-də PBFP MK-nın Siyasi Bürosu nümayişi dağıtmaq məqsədilə ordu hissələrindən və odlu silahdan istifadə etmək haqqında qərar qəbul etdi. Dekabrın 16-da Qdnask tərsanəsində ilk atəş səsləri eşidildi, dekabrın 17-də isə tərsanənin qapıları önündə əsgərlər yaxınlaşmaqda olan silahsız fəhlələrə atəş açdı. Elblonqda və Şetsində də eyni hadisələr təkrar olundu. Bir həftə ərzində sahilboyunda 44 nəfər həlak oldu, 1164 nəfər yaralandı. Milis və əsgərlər 3 minə yaxın adamı həbs etdi.
Nümayişlər Polşanın digər rayon və müəssisələrini də bürüdü. Bu şəraitdə PBFP MK Siyasi Bürosunun tərkibində kadr dəyişikliyi baş verdi. Rəsmi dövlət məlumatında göstərildiyi kimi xəstəliyi ilə əlaqədar olaraq V.Qomulka tutduğu vəzifədən azad edildi. PBFP-nın Katovits voyevodalığı komitəsində birinci katib vəzifəsində işləyən Edvard Qerek (1913 -2001) MK-nın Birinci katibi seçildi. 20 il qısa fasilələrlə Nazirlər Şurasının sədri vəzifəsində çalışan Yuzef Sirankeviç işdən azad edildi. Dövlət şurasının sədri M.Spıxalski istefa verdi. Baş nazir vəzifəsinə P.Yaroşeviç, Dövlət Şurasının sədri vəzifəsinə isə görkəmli tarixçi və siyasi xadim X.Yablonski təyin edildi. Bütün bu dəyişikliklər etiraz nümayişlərinin qarşısını almadı və 1971-ci ilin fevralında nümayişlərin yeni dalğası başlandı. Yeni partiya və dövlət rəhbərliyi 1971-ci ilin martında ərzaq məhsullarının qiymətini aşağı saldıqdan sonra nümayişlər dayandı. 1956-cı ildə hakimiyyətə demək olar ki, qəhrəman kimi gələn Vladislav Qo-mulka 14 illik hakimiyyətdən sonra onu polyak xalqının nifrət və qəzəbini qazanaraq tərk etdi.
PBFP-nın yeni birinci katibi Edvard Qerek xalqın ümumi rifahının yüksəldilməsi, vətəndaşlarla iş üslubunun daha sərbəst münasibətlər çərçivəsində qurulması, katolik kilsəsi ilə əlaqələrin yaxşılaşdırlması sahəsində addımlar atmağa başladı. O, həmçinin Polşadakı vəziyyəti sabitləşdirmək məqsədilə kapitalist ölkələri ilə iqtisadi və siyasi əlaqələri möhkəmləndirmək üçün Moskvanın razılığını almağa müəssər oldu. Qərb ölkələrinin prezidentləri və baş nazirlər, NATO və AİƏ-nin nümayəndələri Polşaya səfər etməyə başladılar. Polşanın kommunist rəhbərliy eyni zamanda Vatikanla razılaşma imzaladılar. Polyaklar əvvəlki illərə nisbətən xarici ölkələrə daha azad səfər edə bilirdilər.
Yeni hökumətin qarşısında duran təxirəsalınmaz vəzifə iqtisadi islahatın keçirilməsi idi. Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsinin hazırlanması ilə əlaqədar yaranmış əlverişli beynəlxalq şəraitdən istifadə edən Polşa rəhbərliyi xalq təsərrüfatının modernləşdirilməsi üçün qərbdən kredit və texnologiyanın cəlbinə başladı. İşçilərin maaşı xeyli artırıldı. Bütün bunlar sənaye istehsalının artmasına səbəb oldu. Sənayenin yenidən qurulması sürətlə aparıldı. Qərbdən alınan lisenziyaların sayı artdı. Polşa dövləti böyük kreditlər, yəni xarici borclar götürərək onların bir hissəsini yeni investisiyalar üçün ayırırdı. Polşa dövlətinin rəhbərliyi 1970-ci illərin ortalarında baha başa gələn yerli inzibati bölgü islahatını həyata keçirdi, əvvəlki 17 voyevodalıq və 5 seçilmiş şəhər yerinə 49 voyevodalıq yaradıldı. Bu isə mərkəzi hakimiyyətdən asılı olan imtiyazlı vətəndaşların sayını daha da artırdı. 1952-ci il Konstitusiyasına xalqın razı olmadığı yeni düzəlişlər, o cümlədən SSRİ ilə möhkəm əlaqə yaratmaq və PBFP-nın dövlətdə rəhbər rolu məsələsi öz əksini tapdı.
70-ci illərin ortalarında iqtidasi çətinliklər yenidən üzə çıxdı. Polşa iqtisadiyyatı iflasa yaxınlaşırdı. Polşanın dövlət borcu sürətlə artaraq 70-ci illərin sonunda 20 milyard dollara çatdı. Dövlətdən heç bir yardım almayan kəndli təsərrüfatları əhalini ərzaq məhsulları ilə təmin edə bilmirdi. Əsas ərzaq məhsullarına kartoçka sistemi tətbiq olundu. 1976-cı ilin yayında dövlət əhaliyə azacıq konpensasiya verməklə yeyinti məhsullarının qiymətlərini artırdı. Bu, ölkədə tətil dalğasına səbəb oldu, Rodomun, Varşava ətrafı “Ursus” traktor zavodunun və Plotskın fəhlələri tətil etdilər. Dövlət qiymət artımını ləğv etsə də mitinqçilərə qarşı göndərilən milislərin hərəkətləri xalqın etirazına səbəb oldu.
1976-cı ilin iyunundakı hadisələr müxalifətin çıxışına təkan verdi. Ziyalılar qrupu fəhlələri müdafiə komitəsi təşkil etdi. Komitənin tərkibinə 1968-cı il tələbə çıxışlarının iştirakçıları, məşhur yazıçılar, alimlər, din xadimləri daxil idi. Komitə etiraz aksiyası iştirakçılarına maddi və mənəvi kömək edir, hüquqi yardım göstərirdi. Fəhlə təbəqəsinə xüsusi diqqət yetirilirdi. Fəhlələrə Polşa tarixinin “ağ ləkələri” və Polşa-Sovet münasibətləri haqqında mühazirələr oxuyur, 1939-cu il sovet-alman gizli müqaviləsinin məzmununu, Xatın haqqında həqiqətləri izah edirdilər. Demokratik müxalifətin fəaliyyətinin əsas formalarından biri senzuradan asılı olmayan, yəni gizli, qeyri rəsmi, ədəbiyyat və kitabların nəşr edilməsi idi. Bu siyahıya əsasən xaricdə çıxan nəşrlərin yenidən çapı daxil idi. Müxalifət təşkilatları da meydana gəlirdi: İnsan və Vətəndaş hüquqlarının müdafiəsi hərəkatı, Müstəqil Polşa Konfederasiyası, Gənc Polşa hərəkatı və s. PBFP-nin siyasətinə tənqidlə yanaşan Krakovun baş keşişi Karol Voytıla, II İohan Pavel adını qəbul etdi, 1978-ci ildə Roma papası seçildikdən sonra katolik kilsəsinin nüfuzu kəskin surətdə artdı. 1979-cu ildə onun Polşaya gəlişindən sonra bu özünü qabarıq şəkildə biruzə verdi. Ölkənin hər yerində onu dindarların möhtəşəm dəstələri bayram havasında qarşıladı.
Karol Yuzef Voytıla və ya qəbul etdiyi dini adı ilə İohan Pavel II 1920-ci ildə cənubi Polşanın Vadovitse şəhərində anadan olmuşdur. 1938-ci ildə litseyi bitirərək Krakovdakı Yaqellon Universitetinin fəlsəfə fakültəsinə daxil olsa da müharibənin başlanması ilə təhsilini yarımçıq qoymağa məcbur olmuşdur. 1942-ci ildə gizli Krakov dini seminariyasının ümumtəhsil kurslarını bitirmişdir. 10 dildə danışan Y.Voytıla 1946-cı il noyabrın 1-də keşiş olaraq dini təhsilini davam etdirmək məqsədilə Romaya getmişdir. 1948-ci ildə Beynəlxalq Papa Ateniumunda doktorluq dissertasiyası müdafiə edərək Polşanın cənubundakı Neqoviç kəndində məhəllə keşişinin köməkçisi təyin edilmişdir. 1953-cü ildə Yaqellon Universitetinin ilahiyyat fakültəsində doktorluq müdafiə etmişdir. O, Krakov dini seminariyasının və Lyublin katolik Universitetinin professoru olmuşdur. 1958-ci il iyulun 4-də papa XII Piy onu Krakov axiyepiskopluğunun yepiskop müavini təyin etmişdir. 1967-ci il iyunun 28-də papa VI Pavel onu kardinal seçmişdir. 1978-ci ilin oktyabrında uzun müzakirələrdən sonra son 455 ildə ilk slavyan əsilli papa seçilərək II İohan Pavel adını qəbul etmişdir. Onun hakimiyyəti dövründə katolik kilsəsi avtoritar rejimlərə, kommunist ideyasına, müasir dünyadakı neqativ işlərə qarşı mübarizə aparmışdır. II İohan Pavel eyni zamanda cəsarət nümayiş etdirərək katolik kilsəsinin 8 konkret günah əməlini qəbul edərək bağışlanmasını təmənna etmişdir. Papa II İohan Pavel 2005-ci il aprelin 28-də dünyasını dəyişərək Vatikanın müqəddəs Pyotr məqbərəsində dəfn edilmişdir.
İqtisadi vəziyyətin sonradan daha da pisləşməsi 1980-ci ilin iyul-avqust aylarında tətil dalğasının artmasına səbəb oldu. Baş nazir P.Yaroşeviçin E.Babyxla əvəz edilməsi də heç bir nəticə vermədi. Tətil dalğasının mərkəzi Baltikyanı şəhərlər Qdansk, Qdınya, Şetsin idi. Hökumət tətilçilərlə danışıqlar aparmağa və tətil komitələri ilə müqavilələr bağlamağa məcbur oldu. Onların təkcə sosial tələbləri təmin olunmadı, həmçinin müstəqil həmkarlar ittifaqlarının yaradılmasına razılıq verdi. Belə şəraitdə meydana gəlmiş “Həmrəylik” adlı həmkarlar ittifaqı təşkilatına Qdanskda tərsanə tətil komitələtindən birinə rəhbərlik edən fəhlə Lex Valensa başçılıq etdi. Demokratik müxalifətin də yardımı ilə gəmiqayıranlar Qdanskda elektrotexnik Lex Valensanın rəhbərliyi ilə zavodlararası tətil komitəsi (MKS) təşkil etdilər ki, bu da avqustun sonunda 700 müəssisinin nümayəndələrini birləşdirirdi. Tətilçilər 21 tələb, o cümlədən partiyadan və hökumətdən asılı olmayan həmkarlar ittifaqının yaradılmasını irəli sürdülər. Fəhlələr öz müəssisələrini tərk etməyərək tərsanədə çıxan nəşrlərlə tanış olur, mahnı oxuyur və ümumi ibadətlər zamanı dualar edirdilər — həmrəylik belə meydana gəldi. 1980-cı il avqustun sonunda hökumət güzəştə getməyə məcbur oldu, əvvəl Şetsində, avqustun 31-də isə Qdansk tərsanəsində hökumət nümayəndə heyətinin başçısı Meçislav Yaqelski ilə tətilçilərin başçısı L.Valensa razılıq imzaladı. Sənədə əsasən hökumət tərsanədə müstəqil həmkarlar ittifaqı olan həmrəyliyin qeydiyyata alınmasına (1980-ci il 10 noyabr), siyasi məhbusların azad edilməsinə, iqtisadi islahatların keçirilməsinə, 1970-ci ilin dekabr qurbanlarına abidə ucaldılacağına razılıq verdi.
Qısa müddətdə “Həmrəylik” kütləvi hərəkata çevrildi. Bu hərəkatda milyonlarla adam, o cümlədən PBFP-nin üzvləri də iştirak edirdi. 1980-ci ilin sonlarında onun sıralarında 8 milyon üzvü var idi. “Həmrəyliyin” fəaliyyətinə müxalifətin məşhur xadimləri B.Qermek, Y.Kuron, T.Mazovetski, A.Mixnik, Y.Olşevski və b. kömək edirdilər.
Tətil hərəkatı bütün ölkəni bürümüşdü. “Həmrəylik” və digər müxalifətçi təşkilatlar təkcə sosial problemlərin həll olunmasını deyil, həm də iqtisadi islahatlar keçirilməsini, PBFP-nin rəhbər roldan imtina etməsini, azad seçkilərin keçirilməsini tələb edirdilər. Katolik kilsəsi bilavasitə siyasi mübarizədə iştirak etməsə də, bu hərəkatı müdafiə edirdi. Hətta PBFP-nin özündə “Həmrəylik”lə saziş yolu tapmağı zəruri hesab edən qanad formalaşdı. Bu şəraitdə E.Qerekin komandası hakimiyyətdən getməyə məcbur oldu. Stanislav Kanya PBFP MK-nin baş katibi seçildi,1981-ci ilin fevralında Polşa silahlı qüvvələrinin komandanı, general Voysex Yaruzelski Nazirlər Sovetinin sədri təyin olundu. 1981-ci ilin mayında Romada müqəddəs Pyotr meydanında II İohan Pavelə sui-qəsd edildi, o ağır yaralandı. Bu zaman polyakların sevimlisi kardinal Stefan Vişinski vəfat etdi, Yuzef Qlemp onun xələfi seçildi.
1989-cu il məlumatına əsasən 38 milyon nəfər əhalisi olan Polşada “Həmrəylik” həmkarlar birliyinin 10 milyon nəfərdən çox üzvü var idi. 1981-ci ildə sentyabrda “Həmrəyliyin” qurultayı oldu, qurultay “həmrəy cəmiyyət və özünüidarə edən Reç Pospolita” qətnamələrini qəbul etdi. Nüfuzu və gücü ölkənin sərhədlərini aşan həmrəyliyin nümayəndələri “Şərqi Avropa zəhmətkeşlərinə müraciətnamə” göndərərək SSRİ hakimiyyəti altında olan xalqları “Həmrəylik”dən örnək götürməyə dəvət etdilər.
1981-ci ilin iyulunda PBFP-nin növbədənkənar IX qurultayı islahatlar, milli razılıq siyasəti elan etsə də onun sıralarını tərk edən üzvlər hesabına partiyanın mövqeyi və nüfuzu daha da zəiflədi. PBFP ilə “Həmrəylik” arasında ziddiyyət kəskinləşdi, kütləvi tətillər sayəsində istehsalın dayanması ilə ölkə iqtisadiyyatı iflic vəziyyətinə düşdü. 1981-ci ilin payızında S.Kanya istefaya çıxdı, əvvəlki vəzifələrini saxlamaq şərtilə general V.Yaruzelski PBFP MK-nın baş katibi oldu. Ölkədə vəziyyəti sabitləşdirmək məqsədilə güc tətbiq etmək tərəfdarı olan yeni rəhbərlik “Həmrəyliyin” ləğv edilməsini planlaşdırırdı. 1981-ci il dekabrın 12-dən 13-nə keçən gecə “həmrəyliyin” rəhbərlərinin həbs edilməsi başlandı. 1981-ci il dekabrın 13-də Polşa küçələrində tanklar, zirehli avtomobillər və əli silahli əsgərlər gö-ründü.V.Yaruzelski televiziya ilə çıxış edərək ölkədə hərbi vəziyyətin yarandığını bəyan etdi. Bu addım konstitusiyaya zidd idi və real sosializm islahatının qarşısını aldı.
«Həmrəylik» həmkarlar birliyinin fəaliyyəti dayandırıldı, sonra isə qanundan kənar elan edildi. 10 mindən çox insan həbs edildi. Ümumi tətilin qarşısını almaq üçün aparıcı sahələr, limanlar və 129 iri müəssisə hərbi iş rejiminə keçirildi. Hərbi vəziyyətin tətbiqi ilə əlaqədar olaraq 8 nəfər həlak oldu. Hökumətin həbs edə bilmədiyi “Həmrəyliyin” rəhbərləri fəaliyyətlərini gizli davam etdirirdilər. Polşanın bütün rayonlarında qeyri-leqal vərəqlər, mətbuat və kitablar əldən-ələ gəzməyə başladı. “Həmrəyliyin” gizli radiosu Varşavada fəaliyyətə başladı. Hərbi vəziyyətin rəsmi olaraq 1983-cü ilin iyulunda ləğv edilməsinə kimi, yəni 15 ay ərzində təhlükəsizlik orqanları 700-dən çox gizli həmkarlar qrupunu ləğv etdi, 1300 poliqrafiya qurğusunu müsadirə etdi. Terror aparatı tərəfindən əhalinin təqib olunmasının güclənməsinə baxmayaraq, 1982-1988-ci illərdə cəmiyyətin dövlətin siyasətinə müqaviməti müxtəlif formalarda davam etdirilmişdir. Televiziya xəbərlərinin axşam yayın zamanı adamlar etiraz əlaməti olaraq küçələrə çıxır, hər ayın 13-də pəncərələrdə şamlar yandırır və s. II İohan Pavelin Polşaya 1983 və 1987-ci illərdə iki dəfə keşiş ziyarəti və öz moizələrində dəfələrlə “Həmrəyliyi” xatırlaması mühüm əhəmiyyət kəsb edirdi. II İohan Pavel Tatrada Lex Valensa və onun ailəsi ilə görüşdü, 1983-cü ildə isə birliyin lideri L.Valensa Nobel sülh mükafatına layiq görüldü.
1980-ci illərin axırlarına doğru “real sosializm” quruluşu dağılırdı. 1988-ci ildə Polşada fəhlələr növbəti dəfə tətil edərək iqtisadi islahatlarla yanaşı “Həmrəylik” həmkarlar birliyinin yenidən qeydə alınmasını tələb etdilər. 1988-ci ilin avqustunda Polşanın daxili işlər naziri Çeslav Kişak “müxtəlif ictimai və həmkarlar dairəsinin nümayəndələri ilə “dəyirmi masa” arxasında görüş keçirməyi irəli sürdü.”1989-cu il fevralın 6-dan aprelin 5-dək “Həmrəylik”, PBFP, hökumət, müttəfiq partiyalar, ümumpolşa həmkarlar ittifaqı, yepiskopluğun nümayəndələrinin iştirakı ilə “Dəyirmi masa” keçirildi. Qəbul edilən razılıq sənədində hökumət “Həmrəyliyin” leqallaşdırılmasına, vaxtından əvvəl parlament seçkilərinin keçirilməsinə, prezident vəzifəsinin təsis edilməsinə icazə verdi. Razılaşmaya əsasən seymə seçilən mandatların 65 faizini hökumət tərəfi tutmalı idi. PBFP-ın SSRİ müdafiə edirdi, “Həmrəyliyi” isə xalqın böyük bir hissəsi dəstəkləyirdi.
1989-cu il iyunun 4-də seym və senata seçkilər keçirildi, polyakların müstəqilliyinə və demokratiyaya qovuşmaq rəmzi olan “Həmrəylik” qələbə çaldı, kommunistlər məğlub oldu. Mandatların 65 faizinin hökumət tərəfdarlarına ayrılması nəticəsində Voytsex Yaruzelski Polşanın prezidenti oldu.
Yaruzelski Voytsex Vitold 1923-cü ildə mülkədar ailəsində anadan olmuşdur. 1939-cu ilə kimi xüsusi gimnaziyada təhsil almışdır. 1939-cu ildə ailəsilə birlikdə Litvaya köçən V.Yaruzelski SSRİ Litvanı ilhaq etdikdən sonra 1940-cı ildə XDİK-ğı tərəfindən həbs olunaraq Altay diyarına sürgün edilmişdir. 1943-cü ildə SSRİ ərazisində yaradılan Kostyuşka adına Birinci Polşa piyada diviziyasına daxil olaraq Ryazan piyada uçilişini bitirmişdir. Visla hərbi əməliyyatında, Varşavanın azad edilməsində, Baltik sahilləri, Oder, Elba döyşlərində iştirak edərək igidliyə görə bir çox orden və medallarla təltif olunmuşdur. 1947-ci ildən PFR-nın, 1964-1990-cı illərdən PBFP MK-nın üzvüdür. Baş Qərargah Akademiyasını əla qiymətlərlə bitirərək 1957-1960-cı illərdə Lyudovo Ordusunun 12-ci mexanikləşdirilmiş divizyasının komandiri, 1960-1965-ci illərdə Polşa Ordusunun Baş Siyasi İdarəsinin rəisi, 1965-1968-ci illərdə Baş Qərargah rəisi, 1962-1968-ci illərdə Müdaifə nazirinin müavini, 1968-1983-cü illərdə Polşanın Milli Müdafiə Naziri olmuşdu. 1971-1990-cı illərdə PBFR MK-nın Siyasi Bürosunun üzvü, 1981-ci ilin fevralından PXR Nazirlər Sovetinin sədri, 1981-ci ilin oktyabrından PBFR MK-nın Birinci katibi seçilmişdir. 1981-ci ilin dekabrında Polşada hərbi vəziyyət elan edərək “Həmrəyliyin” liderlərin nəzarət altına almışdır. Sovet qoşunlarının Polşa ərazisinə yeridilməsi təklifinin qəti əleyhinə olmuşdur. 1990-cı ildə çoxpartiyalı sistem əsasında Polşada prezident seçkiləri keçirilməsinə razılıq vermişdir.
Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev