Slovakiya Respublikası. 1993-2015-ci illər

Slovakiya Respublikası. 1993-2015-ci illər

Slovakiya Respublikasının müstəqillik qazanması ölkə daxilində kəskin siyasi gərginliklə müşayiət olunurdu. 1992-ci il seçkilərindən sonra hökuməti Vladimir Meçiarın solmərkəzçi Demokratik Slovakiya Uğrunda Hərəkat və sağmillətçi Slovakiya Milli partiyası qurdu. 150 deputat mandatına sahib olan parlamentdə koalisiyanı 89 deputat təmsil edirdi ki, onlar da 1993-cü ilin fevralnda ÇSFR-in axırıncı federal məclisinin sədri olmuş Mixail Kovaçı Slovakiya Respublikasının prezidenti seçdi. 1992-ci ildə qəbul edilən Konstitusiyaya əsasən prezident 5 il, parlament isə 4 il müddətinə seçilirdi. Koalisiya hökuməti artıq 1993-cü ilin martında dağılmağa başladı, yarım illik birpartiyalı azlıq hökumətinin fəaliyyətindən sonra V.Meciar yenidən koalisiya hökuməti yatadı ki, bu da 1994-cü ilin fevralında bir qrup deputatın DSUH-ın sıralarını tərk etməsi ilə yenidən azlıq hökumətinə çevrildi.

İqtisadi çətinliklər, dövlət aparatındakı tez-tez kadr dəyişikliyi, macar milli azlığı ilə ziddiyyətlər hökumətin və baş nazirin müxalifət tərəfindən tənqidinin çoxalmasına səbəb olurdu. Hökumətin fəaliyyəti prezident M.Kovaçı da qane etmirdi, odur ki, tezliklə prezident V.Meçiarın tərəfdarından rəqibinə çevrildi. Bütün bu narazılıqların nəticəsində 1994-cü ilin martında parlament V.Meçiar kabinetinə etimadsızlıq göstərərək onları istefaya göndərdi. Yeni hökumət koalisiyası Yozef Moravçikin başçılığı altında müvəqqəti olaraq 1994-cü il parlament seçkilərinə kimi fəaliyyət göstərdi. Növbədənkənar seçkilərin nəticəsinə görə Slovakiya Kəndli Partiyası ilə blok təşkil edən Demokratik Slovakiya Uğrunda Hərəkat seçici səslərinin 35 faizini alaraq qələbəsini təmin etdi. Milli Şuraya eyni zamanda solların koalisiyası “Ümumi seçki” bloku, Macar koalisiyası, Xristian Demokratik partiyaları koalisiyası daxil oldular. DSUH-ın sədri V.Meçiar yenidən kiçik partiyalarla birlikdə hökuməti qurdu. Demokratik Slovakiya Uğrunda Hərəkatın parlament çoxluğu müxalifəti siyasi həyatda küncə sıxışdırmağı bacardı, prezident M.Kovaçla hökumət arasındakı ziddiyyət isə gündən-günə dərinləşdirdi. Nəticədə, Slovakiyada parlament demokratiyasının fəaliyyətinin özünə-

məxsus modeli ortaya çıxdı ki, burada da hakim rolunu Konstitusiya məhkəməsi oynayırdı. Prezident Milli Şuranın qəbul etdiyi qanuna veto qoyur, hökumət çoxluğu vetonu dəf edir, bu halda ya prezident, ya da müxalifət Konstitusiya məhkəməsinə müraciət edirdi ki, onun qərarı qəti olurdu. V.Meçiarın avtoritar rəhbərlik metodu Slovak siyasi elitasının bir-birinə qarşı sərt mövqey tutan iki cəbhəyə bölünməsinə gətirib çıxardı. Ölkə prezidenti M.Kovaçın səlahiyyət müddəti başa çatmaq üzrə olduğu üçün müxalifət qüvvələri V.Meçiarın mövqeyinin daha da artmasından ehtiyat edərək parlament çoxluğuna qarşı 1996-ci ilin sonunda “yaşıl koalisiya” yaratdılar ki, onlar da prezidentin seçilməsi prosedurasın dəyişdirməyi qarşılarına məqsəd qoymuşdur. Lakin V.Meçiar bu məqsədlə 1997-ci ilin mayına təyin edilən referendumu ləğv edə bildi. Buna cavab olaraq, müxtəlif meyilli sağ və sol 5 partiya müxalif Slovakiya Demokratik Koalisiyasında birləşdi. Tezliklə partiyaya çevrilən bu təşkilata Mikulaş Dzurinda başçılıq etdi. 1998-ci ilin martında M.Kovaçın səlahiyyət müddəti başa çatsa da konstitusiya dəyişikliyi ilə bağlı olaraq prezident seçkiləri 15 aydan sonra keçirildi. Bu müddət ərzində prezidentin səlahiyyətlərini Baş nazir V.Meçiar icra etsə də o üçüncü dəfə hökumətə başçılıq edə bilmədi.

1998- ci ilin payızında növbəti parlament seçkiləri oldu. Seçici səslərinin 27 faizini, başqa sözlə 150 deputat yerindən 43-ün əldə edən Demokratik Slovakiya Uğrunda Hərəkat birinci oldu. Onun müttəfiqi Slovakiya Milli partiyası da parlamentə daxil oldu. Amma qalan bütün mandatlar müxalifətə nəsib oldu, onlar 93 yer aldılar M.Dzurindanın Slovakiya Demokrat Koalisiya partiyası uzun danşıqlardan sonra çoxluq hökuməti təşkil etməyi bacardı. Əvvəlki hökumətlər dövründə aşağı sürətlə həyata keçirilən özəlləşdirmənin sürəti artırıldı, kütləvi informasiya vasitələri üzərində dövlətin nəzarəti zəiflədi, avroatlantik qurumlarına inteqrasiya cəhdi gücləndi.

1999- cu ilin mayında Slovakiya Respublikasının tarixində 5 nəfər namizədin, o cümlədən V.Meçiarın yarışdığı birinci ümum səsverməsi ilə prezident seçkisi keçirildi. Koşitsenin meri, keçmiş Slovakiya Sosialist Respublikası parlamentinin sədri, keçmiş Slovakiya KP MK-nın üzvü Rudolf Şuster ikinci turda qalib gələrək ölkə prezidenti seçildi. Demokratik Sla-vakiya Uğrunda Hərəkat müxalifətə keçərək hətta 2000-ci ilin yazında hökuməti vaxtından əvvələ istefaya göndərməyə cəhd edərək ümumxalq referendumu təşkil etməyə müyəssər oldular, lakin seçkilərin seçki məntəqəsinə kifayət qədər gəlməməsi onun nəticələrini ləğv etməklə başa çatdı. Bundan sonra, partiya xalq adını qəbul edərək bir tərəfdən Slovakiyanın milli maraqlarını müdafiə etməyi, başqa bir tərəfdən ölkənin avropa və transatlantika strukturlarına daxil olmağı qarşısına məqsəd qoydu. Bu 2002-ci il seçkiləri ərəfəsində partiyanın yenidən parçalanmasının qarşısını alabilmədi.

Slovakiyanın yeni hökuməti NATO və Aİ-na daxil olmaq kursu götürmüşdür. Ərazi-inzibati islahatı ətrafında kəskin daxili mübarizə başladı. Parlamentdə müxalifətin layihəsi qəbul edildi ki, buna əsasən ölkə öz yığıncağı və hökuməti olan 8 dairəyə bölünürdü. Dairə hakimiyyət orqanları sosial təminat, səhiyyə, təhsil, ətraf mühitin mühafizəsi, nəqliyyat xidməti, regionun iqtisadi inkişafı və onun üçün lazım olan maliyyə vəsaiti məsələlərində böyük səlahiyyətlər alırdı.

2002-ci ilin seçki kampaniyası kəskin siyasi mübarizə şəraitində keçdi. Səslərin çoxun qazanan V.Meçiarın solmərkəzçi partiyası 19,5 faiz seçici səsi ilə birinci yerə çıxdı. Səslərin miqdarına əsasən ikinci yerə 15,9% seçici səsi ilə M.Dzurindanın sağmərkəzçi Slovakiya Demokratik və Xristian İttifaqı çıxdı. Məhz M.Dzurindanın təşkil etdiyi ikinci hökumət Slovakiyanın Avropa İttifaqına üzvülüyü məsələsini 2003-ci ildə keçirdiyi referendumla həll etmiş oldu. Referendumda iştirak edənlərin yarıdan çoxu Avropa İttifaqına səs verdi.

Hökumət katolik kilsəsinin məktəb və tərbiyə müəssisələrində rolunun artması tərəfdarı idi. Slovakiyada sosialist quruluşu dövründə kilsənin müsadirə edilmiş əmlakı, o cümlədən daşınmaz əmlak və tikililər ona qaytarıldı. Papa II İohan Pavel Slovakiyaya üçüncü dəfə səfər edərək dindarlara və əhaliyə xeyir-dua verdi.

2004-cü ilin aprelində Slovakiyada iki turdan ibarət prezident seçkiləri baş tutdu. Y.A.Komenski adına Bratislava Universitetinin hüquq üzrə professoru, təmkinli siyasətçi İvan Qaşparoviç seçici səslərinin 60 faizini alaraq V.Meçiarı qabaqlayıb ölkə prezidenti seçildi. Prezident seçkilərinin ardınca 2006-cı ilin iyununa yeni parlament seçkiləri təyin edildi. Müxalifətdə olan sosial-demokrat “İstiqamət — SD” partiyası seçkilərdə iştirak edən 55 faiz seçicinin 29 faizdən çox səsini alaraq Milli Şurada 50 mandat əldə etdi. Bundan başqa, SDXİ, Slovakiya Milli partiyası, Macar koalisiyası partiyası, DSUH və Xristian demokratlar parlamentə daxil ola bildilər. Kommunistlər 5 faizlik səddi aşa bilmədilər. Robert Fitso koalisiya hökumətin formalaşdırdı.

2012-ci il martın 10-da Slovakiyada növbədən kənar parlament seçkiləri keçirildi. “İstiqamət-Sosial Demokratiya” Partiyası seçici səslərinin 44,41 faizini qazanaraq 83 deputat yerinə sahib oldu. R.Fitso yenidən növbəti hökuməti formalaşdırdı.

2014-cü ilin martın 15-də Slovakiyada keçirilən prezident seçkisində müstəqil namizəd kimi iştirak edən Andrey Kiska ikinci turda seçici səslərinin 59,4 faizini alaraq “İstiqamət-Sosial Demokratiya” partiyasının lideri Robert Fitsonu qabaqlayaraq ölkənin dördüncü prezidenti seçildi. Mühəndis-elektrik olan yeni ölkə prezidenti 2004-2014-cü illərdə Slovakiyanın dövlətbaşçısı İvan Qaşparoviçi əvəz etdi.

Slovakiyanın federasiyanın tərkibindən çıxması ölkənin iqtisadiyyatının inkişafına şərait yaratmadı. Əvvəlki iqtisadi əlaqələrin pozulması, xüsusilə hərbi sənaye məhsulu istehsalı üzrə ixtisaslaşmış Slovakiya iqtisadiyyatının postsovet və postsosialist ölkələrinin bazarlarından məhrum olması ölkənin iqtisadiyyatına daha da ağır zərbə vurdu. V.Meçiar hökuməti zamanı

1993-cü ildə hələ də infilyasiyanın səviyyəsi 21 faizdən artıq idi, əhalinin əmanətləri qiymətdən düşmüş, əmək qabiliyyətli əhalinin 10 faizindən çoxunu işsizlər təşkil edirdi. Özəlləşdirmədən əsasən baş nazirə yaxın olan partiya üzvləri faydalandığı üçün onlar müəssisələrin inkişafı üçün deyil şəxsi varlanmaq məqsədilə çalışırdılar. Odur ki, cəmiyyətin böyük əksəriyyəti real iqtisadi canlanmanı hiss etmədiyi üçün V.Meçiar hökuməti istefaya getməyə məcbur oldu.

1994-cü idəki Y.Moravçik hökuməti də liberal təsərrüfat siyasəti yeritməsinə baxmayaraq, özəlləşdirməni və bazar iqtisadiyyatına keçidi sürətləndirdiyi halda iqtisadi vəziyyəti qaydaya salmağı bacarmadı. Dövlət aparatında kök salan korrupsiya və rüşvətxorluğun axırına çıxmaq mümkün olmadı.

1994-cü ildə V.Meçiarın İkinci kabineti 1995-ci ildə dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində qanuna əsaslı dəyişiklik etdi. Hər bir ölkə vətəndaşı kupon özəlləşdirməsi yerinə 10 min kron məbləğində dövlət borc istiqrazı aldı. 2000-ci ildə ödənilməsi nəzərdə tutulan bu proses xarici investorların ölkəyə daxil olmasının faktiki qarşısını alırdı. Ölkə daxilində müəssisələrə ayrılan investisiyaları artırmaq məqsədilə xaricdən borc alınması nəticəsində 1998-ci ildəxarici dövlətborcları 3 dəfə artaraq 11,9 milyard dollara çatdı.

1998-ci ildə M.Dzurindanın koalisiya hökuməti bir sıra struktur islahatlarına başladı, büdcədən maliyyələşdirilənlərin əmək haqqı azaldıldı, qiymətlər artırıldı, sahibkarlıq sahəsinin vergiləri yüksəldildi və s. Dövlət mülkiyyətində qalan müəssisələrin və bank sahəsində səhmlər paylanmağa başlandı. Bu məqsədlə hökumət xarici investorları daha fəal ölkəyə cəlb etməyi qarşısına məqsəd qoymuşdur. Tətbiq edilən tədbirlər tezliklə öz nəticəsini verdi. Yalnız 2000-ci ildə Slovakiyaya 1,1 milyard dollar xarici investisiya cəlb edilmişdir ki, hansı ki, bu 1990-cı ildən 1999-cu ilə kimi ancaq 2,1 milyard dollar olmuşdur. 2003-cü ildə isə xarici kapital qoyuluşu 3 milyard dollar təşkil etdi. Ölkəyə axan kapital xüsusilə metallurgiya, rabitə, neft-qaz sənayesi, bank sahəsinə yönəlmişdir. öiymətlərin sərt liberallaşması, dövlət büdcəsinin azaldılması işsizlərin və inflyasiyanın artması ilə müşayiət olunurdu. 1998-2001-ci illərdə işsizlərin sayı 13,7-dən 18,3 faizə qalxdı, inflyasiya isə 5,8-14,2 faiz arasında tərəddüd edirdi. Lakin tədricən ölkədəki iqtisadi və sosial gərginlik azaldı, V.Meciar hökumətinin sonunda hətta 7 faizlik iqtisadi artım qeyd olundu. Son illər xüsusilə Slovakiya sənayesi üçün yüksək artım sürəti xarakterikdir, lakin bu məşğulluq və infilyasiya sahəsindəki neqativ halları axıra kimi aradan qaldırmağa kömək etmir.

Müstəqil Slovakiya Respublikasının dünya miqyasında ayrıca subyekt kimi görünməsi ölkənin xarici siyasət xəttini fəallaşdırmağı tələb edirdi. Artıq 1993-cü ilin yanvarında Slovakiya BMT-na üzv oldu, 1994-cü ilin sonunda isə gənc respublikanı dünyanın 122 dövləti tanıyırdı. 1994-cü ildə ölkənin Baş naziri V.Meçiar Slovakiyanın Avropa İttifaqına üzv olması məqsədilə rəsmi müraciət etdi. 1995-ci ildə Slovakiya NATO-ya üzv olmaq niyyətini bildirdi. Lakin tezliklə V.Meçiar Avropa ilə çətin və uzun danışıqları nəzərə alaraq Rusiya ilə ikitərəfli münasibətləri önə çəkdi. Odur ki, Slovakiya 1997-ci ildə Aİ-na daxil olan namizəd ölkələr sırasına daxil edilmədi. Bundan başqa, Slovakiya NATO-nun Madrid sammitində bu qruma daxil olmağa namizədlər sırasından çıxarıldı. V.Meçiar hökumətinin qonşu Çexiya və Macarıstanla da münasibətləri lazımi səviyyədən çox uzaq idi. Slovakiya hökumətinin Dunay üzərində Rusiya istehsalı atom reaktorlarının quraşdırılması macar ictimaiyyətinin etirazına səbəb oldu. Buna yalnız 1995-ci ildə dostluq və əməkdaşlıq haqqında slovak-macar müqaviləsi imzalandıqdan sonra son qoyuldu.

1998-ci ildə Qərbin maliyyə və təbliğat dəstəyi ilə qurulmuş koalisiya hökuməti faəliyyətə başladıqdan sonra ölkənin xarici siyasət xəttində Aİ və NATO-ilə əməkdaşlıq önə çıxdı. Bu istiqamətdə geniş koalisiya hökumətinin tədbirləri sayəsində Slovakiya 1999-cu ildə Aİ-na üzv olmağa namizədlərin birinci dalğası sırasına daxil edildi. Slovakiyanın qəti olaraq Avropa İttifaqına qəbul edilməsi 2004-cü ilin mayında baş tutdu. 2009-cu il yanvarın 1-də Slovakiya avro zonasına daxil oldu.

2002-ci ilin noyabrında NATO-nun Praqada keçirilən sammitində Slovakiyanın NATOya daxil olması üçün dəvətnamə göndərmək haqqında qərar qəbul edildi. 2003-cü ildə Slovakiyanın NATO-ya daxil olması prosesi başa çatdı, 2004-cü il martın 29-da Slovakiya NATO-nunüzvü oldu.

Slovakiya dövləti Rusiya Federasiyası ilə də ikitərəfli əlaqələri inkişaf etdirir. 2005-ci ilin fevralında Rusiyanın prezidenti V.V.Putin və Slovakiyanın prezidenti İ.Qaşparoviç Bratislavada iki ölkə arasında iqtisadi və mədəni əməkdaşlıq haqqında müqavilə imzadılar. Slovakiya indi Avropa və dünya birliyinin bərabərhüquqlu üzvü kimi bütün ölkələrlə sağlam və şəffaf əlaqələr qurmağa səy göstərir. Parlament respublikası olan Slovakiyanın 2015-ci ildə əhalisi 5,5 milyon nəfər, ərazisi 49 034 km2idi. Əhalinin 69 faizi katolik, 11 faizi protestant və s. dinlərə məxsus idi. Xalqın 78,6 faizi slovak dilini ana dili hesab edirdi. Bratislava, Koşitse, Preşov, Jilina Slovakiyanın ən böyük şəhərləridir.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

Top