Çexiya və Slovakiya 1939-1945-ci illərdə

Çexiya və Slovakiya 1939-1945-ci illərdə

Müqavimət hərəkatı.Formal olaraq Bohemiya və Moraviya protektoratında çex hökuməti fəaliyyət göstərirdi, əslində isə hər şeyə imperiya protektoru nəzarət edirdi. Parlament buraxılmış, siyasi həyat vahid şəklə salınmışdı. Əvvəllər mövcud olan Milli Birlik və Milli Əmək partiyası əvəzinə Milli Həmrəylik partiyası yaradılmışdı. Kütləvi informasiya vasitələrində açıq şəkildə kollaborasionizm və müqavimətin mənasızlığı təbliğ olunurdu.

İşğalçılar ardıcıl olaraq protektoratın iqtisadiyyatını hərbi relslər üzərinə keçirirdilər. Bütün sənaye sahələri, o cümlədən iri hərbi zavodlar Almaniyanın xeyrinə işləyirdi. Müharibə illərində hətta sənaye sahəsində çalışanların sayı artmışdı. Hərbi silah istehsal edə bilməyən zavodlar bağlanırdı. Protektoratın maliyyə sistemini özünə tabe edən Alamniya asanlıqla ölkənin iqtisadiyyatının qarət edilməsi siyasəti yürüdürdü. Kənd təsərrüfatı üzərinə xammal və ərzaqla təmin etmək məcburi öhdəliyi qoyulmuşdu. Almaniyanın Çexoslovakiyada ələ keçirdiyi silah 40 diviziyanı silahlandırmağa çatardı.

“Ariləşdirmə” siyasətinə uyğun olaraq yəhudilərin əmlakı müsadirə olunur, özləri isə ölüm düşərgəsinə göndərilirdi. 1941-ci ilin oktyabrından çexləri də düşərgələrə, ilk növbədə məlum Terezin düşərgəsinə göndərməyə başladılar ki, bu düşrgələrindən də on minlərlə adam keçmişdi.

Hitlerçilərin bütün bu addımları elə ilk həftələrdə və aylarda çex xalqının müqaviməti ilə qarşılaşdı. Ziyalılar, gənclər, çex mədəniyyət xadimləri içərisində milli vətənpərvərlik ruhu, azadlığa inam çox güclü idi. Çexiyanın Almaniyanın tarixi ilə yanaşı inkişaf etməsini irəli sürən alman təbliğatına qarşı mübarizə aparılmağa başlandı. Yeni quruluşa qarşı kütləvi narazılıq artırdı. 1939-cu il oktyabrın 28-i milli müstəqillik gününə həsr edilmiş nümayiş siyasi xarakter aldı. Onun gedişində tələbə-həkim Yan Opletal yaralandı və tezliklə öldü. Onun dəfni isə yeni nümayişə gətirib çıxartdı, repressiyalar başlandı. Noyabrın 17-də almanlar ali məktəbləri bağladılar. Bu tarixi gün müharibədən sonra tələbələrin Beynəlxalq həmrəylik günü kimi qeyd olunurdu.

1939-cu ilin yayında Müqavimət hərəkatının ilk gizli qrupları formalaşdırıldı. Protek-toratda “Siyasi mərkəz” adlanan gizli orqan yaradıldı. Kommunist partiyası istisna olmaqla Praqadakı bu mərkəzə Münhen sövdələşməsinə qədər mövcud olmuş müxtəlif pariyaların nümayəndələri daxil olmuşdu. Bu kütləvi təşkilat deyildi, lakin siyasi təsirə malik idi və Londonda Beneşin ətrafına birləşmiş çex mühacirəti ilə əlaqə saxlayırdı. Keçmiş hərbçilərin təşbbüsü ilə yaradılmış “Millətin müdafiəsi” adlı təşkilat geniş gizli şəbəkəyə malik idi və əsasən kəşfiyyat məlumatlarının toplanılması ilə məşğul idi. Digər təşkilatlardan biri də “Sadiq qalacağıq” təşkilatı idi, bu təşkilatda yaradıcı ziyalılar təmsil olunmuşdular və onlar sosial-demokrat istiqamətli idilər. Təşkilatın adı Münhen hadisələrindən sonra çexləri demokratik respublikanın müdafiəsinə çağıran bəyannaməsinin adından götürülmüşdü. Daha kiçik qruplar da fəaliyyət göstərirdi. Onların bəzisi “Siyasi mərkəz” və ya “Millətin müdafiəsi” kimi Münhenə qədərki respublikanın bərpasını istəyənlər, qalanları “Sadiq qalacağıq” komitəsi kimi dərin sosial-siyasi dəyişikliklərin tərəfdarları idilər. Tezliklə gizli qruplaşmalar yaxınlaşmağa başladılar. 1940-cı ilin yazında ölkə daxlində Müqavimət hərəkatının koordinasiya, yəni əlaqələndirmə mərkəzi yaradıldı.

Kommunistlər təşkilati cəhətdən gizli şəkildə öz müstəqilliklərini saxlamışdılar. İlk vaxtlar onlar daha mütəşəkkil idilər, lakin 1939-cu ilin avqustunda SSRİ və Almaniya arasında müqavilədən sonra onun üzvlərinin fəallığı nəzərəçarpacaq dərəcədə azaldı. Onların yenidən fəallaşması Almaniyanın SSRİ-yə hücumundan sonra başlandı. London mühacir mərkəzi ilə yanaşı başda K.Qotvald olmaqla Moskvada kommunist mərkəzi də yarandı. Beneş öz fəaliyyətində daha çox müharibənin tez qurtaracağına ümid edirdi. Ona görə də, onu dəstəkləyən hərbi və siyasi qruplar silahlı mübarizəyə yox, daha çox müharibənin sonlarında hakimiyyəti ələ almaq üçün hazırlaşırdılar. Protektoratda hərbi mübarizə formaları bir az gec yarandı, yalnız kəşfiyyat fəaliyyəti yaxşı formalaşmışdı.

London mühacir hökuməti antihitler koalisiyasına daxil oldu. 1941-ci il iyulun 18-də Beneş Almaniya ilə mübarizədə qarşılıqlı yardım haqqında Sovet-Çexoslovakiya müqaviləsini imzaladı. Bununla da faktiki olaraq Sovet dövləti Londondakı Mühacir hökumətini suveren Çexoslovakiyanın hökuməti və Çexoslovakiyanı antihitler koalisiyasında müttəfiq kimi tanımış oldu. SSRİ hökuməti öz ərazisində Çexoslovakiya hərbi hissəslərinin yaradılmasına icazə verdi.

Gizli qrupların fəaliyyətinin artmasına cavab olaraq almanlar terroru gücləndirdilər. 1941-i ilin sentyabrında reyxs-protektor olan Neyratın yerini general R.Heydrix tutdu. O, fövqəladə vəziyyət tətbiq edərək çex müqavimətinə qarşı təzyiqi gücləndirdi. Londonla əlaqə saxladığı üçün Baş nazir A.Eliaş həbs edildi və 1942-ci ilin iyununda öldürüldü. London Müqavimət hərəkatı mərkəzi 1942-ci il mayın 27-də R.Heydrixə qarşı sui-qəsd təşkil etdi. Sui-qəsdi respublikanın ərazisinə desant atılmış Kubiş və Qabçik həyata keçirdilər, Heydrix öldürüldü. Bu aksiya beynəlxalq əks-səda doğurdu. Qəsd o zaman baş verdi ki, London Mühacir hökuməti Çexoslovakiyanın əvvəlki sərhədlərdə bərpa olunması haqqında danışıqlar aparırdı. Bu, dünya icitmaiyyyətinin yadına Çexoslovakiyanın faciəli taleyini saldı.

Qəsddən sonra başlanmış nasist terroru gizli faəliyyətə güclü zərbə vurdu. Gizli əlaqələr məhv edildi, gizli nəşrlərə qadağa qoyuldu. Ölkəni həbslər dalğası bürüdü, formalaşdırılmış mərkəzlər ləğv edildi, yalnız bəzi təşkilatlar fəaliyyələrini davam etdirirdilər. Ölkənin işğalından sonra yaradılmış ikinci qeyri-leqal ÇKP MK məhv edildi. Lakin tezliklə kommunistlər özlərinin üçüncü ÇKP MK-nı yaratdılar. Moskva Müqavimət mərkəzi ilə əlaqəni yalnız 1943-cü ilin payızında bərpa edə bildi.

1942-ci ildən başlayaraq SSRİ-də Çexoslovakiya hərbi hissələri Lüdvik Svobodanın rəhbərliyi altında Buzulukda yarandı. Artıq 1943-cü ilin əvvəlində onlar ilk dəfə Ukrayna yaxınlığında Sokolova döyüşündə iştirak etdilər. Tezliklə bu hissələr sayı 3 min nəfərə çatan briqadaya çevrildi. Daha sonra, 1943-cü ilin payızında L.Svobodanın başçılığı altında onlar Kiyev və Beloserkov uğrunda döyüşlərdə iştirak etdilər. Ukraynanın azad olunmasından sonra briqada ordu korpusuna çevrildi.

SSRİ-nin hərbi və siyasi sahədə nüfuzunun artması ilə əlaqədar olaraq E.Beneş güclü qüvvəyə çevrilən Moskva Müqavimət hərəkatı mərkəzini bərabərhüquqlu əməkdaş kimi tanımağa məcbur oldu. 1943-cü ildə, müharibənin gedişində əsaslı dönüş yaranması və SSRİ-nin antihitler koalisiyasında mövqeyinin möhkəmlənməsi ilə əlaqədar E.Beneşi Sovet-Çexoslovakiya müqaviləsi bağlamağa sövq etdi,1943-cü il dekabrın 12-də Moskvada Beneş və Stalin arasında dostluq, qarşılıqlı yardım və müharibədən sonrakı əməkdaşlıq haqqında müqavilə imzalandı.

Eyni zamanda müqavimətin iki mərkəzi arasında danışıqlar oldu. ÇKP Londonu passiv gözləmə taktikasından əl çəkərək silahlı mübarizə metodunu gücləndirməyə çağırdı. Milli problemlərə də xüsusi diqqət yetirildi, lakin Beneş slovakları müstəqil millət kimi qəbul etməyərək Çexoslovakiya millətinin ayrılmaz hissəsi kimi qəbul etmək konsepsiyasını müdafiə edirdi.

Respublikanın müharibədən sonrakı quruluşunu müzakirə edərkən ÇKP müharibədən əvəlki hakimiyyət idarəçiliyi sisteminə əlavə olaraq yeni orqanların — milli komitələrin yaradılmasını təkid etdi. Danışıqlar nəticəsində ölkənin xalq demokratik əsaslarla yeniləşdirilməsi proqramı qəbul edildi. Həmçinin gələcəkdə Çexoslovakiyada yaşayan almanların köçürülməsini davam etdirməyə dair razılıq əldə edildi. ÇKP Beneşin Mühacirət hökumətinin tərkibinə daxil olmaqdan imtina edib, milli cəbhə hökuməti yaratmaq təklifini irəli sürdü. Beləliklə, vahid antifaşist blokunun yaranmasına cəhd edilməsinə baxmayaraq iki Müqavimət mərkəzi fəaliyyət göstərməkdə davam etdi. Moskvada müzakirə edilən bütün bu məslələr milli-demokratik inqilabın gələcək proqramının əsası oldu, lakin onun uğrunda hələ mübarizə aparmaq tələb olunurdu.

Slovakiya hərbi hissələrinin də xidməti olan hərbi müvəffəqiyyətlər nəticəsində prezident E.Beneş antihitler koalisiyasının üzvlərindən özünün Mühacirət hökumətinin tanınmasına nail oldu və beləliklə Çex-Slovak dövlətçiliyini təsdiq edə bildi. Çexoslovakiyanın Münhendən əvvəlki sərhədlərin isə bərpa etmək cəhdi slovak məsələsi ilə bağlı maneə yaradırdı, çünki Slovakiya Almaniyanı dəstəkləyirdi və o təslim olardısa məğlub edilmiş ölkələr sırasına daxil edilə bilərdi.

Slovakiya milli üsyanı

Müstəqil dövlət elan olunduqdan sonra Slovakiyada Y.Tiso başda olmaqla rejim formalaşdı. Ölkə rəhbərliyi cəmiyyətin tədricən faşistləşdirilməsinin tərəfdarı idi. Lakin ilk dövrdə hakimiyyətdə katolik meyilli mötədil siyasətçilər üstünlük təşkil edirdilər. 1939-cu il Konstitusiyasına əsasən ölkə Slovakiya respublikası adlanırdı. Dövlət özünün ordusunu, polisini, jandarm idarəsini və dövlət aparatını da yaratmışdı. Slovakiya 1941-ci ilə qədər Avropada yarnmış ilk dövlət idi, bu da Hitlerə öz təbliğat məqsədlərini həyata keçirmək üçün lazım idi. Slovakiya 1939-1941-ci illərdə beynəlxalq aləmdə özünü qismən tanıda bilmişdi, onu həmçinin SSRİ də tanımışdı.

Slovakiya dövlətçiliyinin yaranması bilavasitə faşist blokunun müvəqqəti uğurları ilə bir vaxtda düşmüşdü. Protektoratdakı rejimlə müqayisədə burada qaydalar korporativ olaraq qalırdı. Ölkənin faşistləşməsinin güclənməsi ilə əlaqədar liberal və sol müxalifət fəallaşırdı. 1939-1943-cü illərdə Slovakiya KP-nın dörd Mərkəzi Komitəsi ləğv edilmişdi. Başda K.Şmidke, Ç.Çusak və L.Novomeski olan beşinci MK Çexoslovakiya Kommunist partiyasının Moskva rəhbərliyi ilə sıx əlaqə yarada bildi. İfrat radikal əhval-ruhiyyəni, yəni Sovet Slovakiyası uğrunda şüarı aradan götürdükdən sonra kommunistlər azad edilmiş Çexoslovakiya daxilində azad Slovakiya uğrunda mübarizəyə başladılar.

1943- cü ildən başlayaraq Slovakiyanın klerikal rejimi böhran keçirirdi. Bu dövrdə dağlarda partizan dəstələri, həmçinin Ukrayna partizan hərəkatı qərargahında hazırlıq keçmiş Slovakiya və Sovet komandirləri fəaliyyət göstərirdilər. Y.Tiso rejiminin böhranın artması ilə əlaqədar Slovakiya ordusunda antifaşist əhval-ruhiyyə güclənirdi. 1943-cü ilin ikinci yarısında Slovakiya Kommunist partiyası geniş antifaşist cəbhəsi yaratmağa başladı. İlin sonunda onun səyi nəticəsində Müqavimət hərəkatının vahid mərkəzi kimi Slovakiya Milli Şurası (SMŞ) yaradıldı. 1943-cü il dekabrın 25-də milad sazişi deyilən sazişin imzalanması ilə antifaşist qüvvələr bir araya gələ bildilər. SMŞ-a qeyri-kommunist istiqamətli qruplaşmalar da daxil oldu.

Slovakiya Milli Şurası ölkənin yeni prinsipləri əsasında qurulmasının, çex və slo-vakların hüquq bərabərliyinin tərəfdarı idi. E.Beneşlə əməkdaşlıq edən başda V.Şrobar olmaqla başqa qruplaşma da var idi. Slovakiya kommunistləri silahlı üsyana hazırlıqda orduya, başda general Çolian olan London mühacirəti mövqeyində duran zabitlərə arxalanırdılar.

1944-cü ilin yazında SMŞ-la milad sazişinin şərtləri ilə razılaşan hərbçilərlə saziş imzalandı. Lakin Slovakiyada praktiki olaraq Müqavimət hərəkatının aparıcı qüvvəsi Slovakiya Kommunist partiyası deyil, faşist Almaniyasına arxalanmağın mənfi nəticələrini aydın dərk edən hərbçi antifaşistlər idi.

1944- cü ilin yayı üçün üsyan tədricən “yetişməyə” başladı. Bu dövrdə xeyli fəallaşan partizanlar bir sıra şəhərləri tutdular. Onların öhdəsindən gələ bilməyəm Y.Tiso kömək üçün almanlara müraciət etdi. Avqustun 29-da alman qoşunlarının Slovakiya sərhədlərini keçməsi üsyanın başlaması üçün işarə oldu. Bansk-Bistritsa şəhəri üsyanın mərkəzi oldu. Üsyançıların radiostansiyası işə düşdü, SMŞ öz fəaliyyətini fəallaşdırdı. 1944-cü il sentyabrın 1-də SMŞ Müqavimət hərəkatının bütün qrupları adından “Slovakiya xalqının bəyənnaməsi”ni nəşr etdi. Zvolen-Banska — Bistritsa-Brezno azad ərazi üçbucağında Y.Tiso rejiminin devrildiyi və Xalq demokratik respublikasının yarandığı elan olundu.

Üsyan Çexoslovakiyada xalq-demokratik inqilabının başlanğıcı oldu. Yeni Slovakiya hökuməti — geniş sosial-iqtisadi dəyişikliklərə başlayan Səlahiyyətlilər Korpusu yaradıldı. London Mühacirət mərkəzi Slovakiyadakı hadisələrin gedişinə təsir etməyə çalışırdı. Bir çox məsələlərdə — azad edilmiş ərazilərdə hakimiyyət orqanları haqqında, Slovakiyada Beneşin nümayəndələri haqqında, slovakların ayrıca millət kimi tanınması və s. məsələlərdə üsyançılarla Beneşin tərəfdarları arasında mübarizə gedirdi. Nəticədə mühacirətdə olan hökumət Slovakiya Mili Şurasını Slovakiyada ali orqan kimi tanıdı. Sovet tərəfi üsyançılara xeyli kömək göstərdi. Azad olunmuş ərazilərə ÇKP-nin görkəmli üzvləri Y.Şverma, A.N.Asmolov və başqaları, həmçinin paraşüt briqadası, çoxlu miqdarda silah və döyüş sürsatı göndərildi. Bəzi məlumatlara görə arxa cəbhədə kömək edənləri nəzərə almadan partizanların sayı 80 min nəfərə yaxın idi. Başda Şmidke və Asmolov olmaqla partizan hərəkatının Baş Qərargahı yaradıldı.

1944-cü il sentyabrın 8-də üsyançılara kömək məqsədilə Qızıl Ordu Karpat-Dukelsk əməliyyatına başladı. Komandanlığın əsas məqsədi üsyançılarla birləşmək idi. Almanların ciddi müqaviməti nəticəsində bu əməliyyat xeyli uzandı. Dukelsk keçidini nizami ordu üçün açmalı olan Şərqi Slovakiyada yerləşən iki antifaşist diviziyalarından istifadə etmək mümkün olmadı. Hər iki slovak diviziyası almanlar tərəfindən tərksilah edildi. SMŞ-in, Hərbi mərkəzin və partizan qüvvələrin fəaliyyətini tam əlaqələndirmək də mümkün olmadı. Üsyançılara qarşı 8 alman diviziyası göndərildi, oktyabrın ikinci yarısında Macarıstandakı alman qoşunlarının bir hissəsi də buraya atıldı.

1944-cü il oktyabrın 27-də üsyanın mərkəzi Banska-Bistritsa süquta uğradı. Üsyançı ordu faktiki olaraq buraxıldı, onun hissəsinə partizan mübarizəsi metodlarına keçmək təklif olundu, lakin bunu təşkil etmək mümkün olmadı. Əsgər və zabitlərin böyük bir hissəsi əsir düşdü, qalanları dağlara çəkildi. 1944-1945-ci ilin qışında orada 15 minə qədər partizan fəaliyyət göstərirdi. Üsyan yatırıldıqdan sonra faşist terroru başladı. Slovakiya üsyanı antifaşist azadlıq mübarizəsində əhəmiyyətli yer tutur. Üsyançılar 2 ay ərzində 1,7 milyon əhali yaşayan ərazini nəzarətdə saxladılar. Slovakiya Milli üsyanı müharibədən sonra Çexoslovakiyada Slovakiyanın statusu məsələsinin həllinə kömək göstərdi. Çex və slovaklar Qızıl Ordu ilə birlikdə Slovakiyanın şimal-şərqindəki qış döyüşlərində iştirak etdilər, bir müddət sonra

1945-ci il aprelin 4-də Bratislava, aprelin 26-da Brno, sonunda isə demək olar ki, bütün Slovakiya torpaqları azad edildi.

Çexoslovakiyanın azad edilməsi

1945-ci ilin martında Moskvada London mühacirəti, Moskva mərkəzi (ÇKP) və Slovakiya Milli Şurası (SMŞ) nümayəndələri arasında Çexoslovakiya hökumətinin tərkibi və fəaliyyət proqramı haqqında danışıqlar oldu. Danışıqların əsasını ÇKP tərəfindən hazırlanmış platforma təşkil edirdi. Müzakirədə gələcəkdə çex və slovakların Milli cəbhəsini təşkil edəcək 6 siyasi partiya iştirak edirdi. Beneş burda qəbul edilən hökumət proqramı ilə razılaşmalı oldu. Proqram 1945-ci il aprelin 5-də Slovakiya şəhəri Koşitsedə qəbul edildiyindən adını da buradan götürmüşdür. Hökumətin tərkibi paritet, yəni bərabərlik əsasında hər partiyadan 4 nəfər olmaqla təşkil edirdi. Müharibə illərində Çexoslovakiyanın SSRİ-də keçmiş səfiri olmuş sosial-demokrat Z.Firlinger Baş nazir oldu. Koşitse proqramı milli məsələdə slovakları çexlərlə bərabərhüquqlu tərəf kimi tanıyırdı. Çexoslovakiya iki bərabərhüquqlu xalqların dövləti elan olundu. Yaradılmış vahid Milli cəbhədə çex və slovakların müxtəlif qüvvələri, həmçinin burjua qruplarının nümayəndələri birləşmişdi.

Müharibənin sonlarında çex torpaqlarında Müqavimət hərəkatı genişlənirdi. Mayın 5-də Praqada üsyan başladı. Üsyanın hazırlanmasında müxtəlif burjua siyasi qruplaşmalarının nümayəndələri, kommunistlər, həmçinin hərbiçilər iştirak etmişdi. Üsyan kortəbii başladı. Lakin tezliklə üsyana rəhbərliyi 1945-ci ilin aprelində yaradılmış Milli Komitə öz üzərinə götürdü, barrikadalar quruldu, üsyançılar radiostansiyanı ələ keçirib köməyə çağırdılar. Onlar bu zaman Qərbi Çexiyaya girmiş ingilis-amerikan qoşunlarının köməyinə ümid edirdi. Lakin müttəfiqlər SSRİ ilə nüfuz dairələri haqqında razılaşmaya əməl edərək üsyançılara kömək etmədilər. Qüvvələr qeyri-bərabər idi, belə ki, üsyançıların sayı cəmi 30 min nəfər olduğu halda Çexoslovakiyanın işğal altında olan ərazilərində feldmarşal Şerner və general Rendu-liçin komandanlığı altında “Mərkəz” və “Avstriya” ordu qruplarında 900 min nəfər adam, 10 min top və minaatan, 2200-dən çox tank və özüyeriyən qurğu, 1000-ə yaxın təyyarə var idi.

Bu ağır vəziyyəti nəzərə alan Sovet qoşunları üsyançıların köməyinə tələsdi. 1-ci Ukrayna cəbhəsinin qoşunları şimaldan Drezden-Praqa, 2-ci Ukrayna cəbhəsinin ordusu cənubdan Brno, 4-cü Ukrayna cəbhəsinin əsgər və zabitləri şərqdən Praqa istiqamətində hücuma başladılar. Sovet ordusu ilə çiyin-çiyinə Praqanın azad edilməsində Çexoslovakiyanın ordu korpusu qəhrəmanlıqla vuruşurdu.

Bu şəraitdə vlasovçular çex vətənpərvərlərinin tərəfinə keçdilər. Onlar mayın 6-da Praqaya girərək bir sıra rayonlarda almanlara qarşı hərbi əməliyyatlar aparsalar da üsyanın taleyini həll etmədilər. Kommunistlərin etirazına baxmayaraq bəzi çex hərbiçiləri vlasovçula-rın tərəfinə keçdilər. Sovet köməyi gecikdiyindən üsyançılar mayın 8-də almanlarla barışıq bağladılar. Barışığa əsasən almanlar bütün ağır silahları təhvil verib amerikan zonasına çəkilməli idilər. Geri çəkilən almanlar barışığı pozaraq Praqanın ətraflarını yandıraraq, dinc əhaliyə divan tutdular. Bir gecədə yüzlərlə kilometrlik yol qət edən 3-cü və 4-cü qvardiyaçı tank orduları 1945-ci il mayın 9-da Praqaya daxil olub almanların son müqavimət ocağını ləğv edərək qədim Praqa şəhərinin memarlıq abidələrini dağılmaqdan xilas etdilər. Sovet qoşunları Çexoslovakiya torpaqlarını faşist işğalçılarından azad edərkən 140 min nəfərdən çox qurban verdi.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

Top