Valideyn olmaq

Valideyn olmaq

      Uşaqsız ev — boş evdir. Onun sakinlərinin qarşısında eqoistləşmək, şəxsi asudəliklərinin qayğısına daha çox qalmaq və yalnız öz arzuları və mənfəətləri üçün çalışmaq kimi qorxulu təhlükələr durur. Onlar ətrafdakılara az, özlərinə isə çox diqqət yetirirlər.

      Şəraitdən və xasiyyətdən asılı olaraq müxtəlif şəkildə baş qaldıran eqoizm hər vəchlə aradan qaldırılmalıdır. Ailədə uşaqlar dünyaya gələrkən, böyüklərin şüuru onları özlərindən imtina edərək, uşaqların qayğısına qalmağa, onları doğru yola yönəltməyə və onlar üçün nümunə olmağa təhrik edir. İki ailə quran şəxsin övladı yoxdursa, səbr, təmkin və həqiqi məhəbbəti inkişaf etdirmək bir qədər çətindir. Ona görə də onlar daim ayıq olmalıdırlar ki, eqoizm onları üstələməsin və yalnız öz üzərlərinə cəmləşərək, başqalarına yetirməli olduqları diqqəti, qayğını və marağı özləri üçün tələb etməsinlər. Bir çoxlarının fiziki və əqli cəhətdən xəstə, mənəvi cəhətdən zəif olması, diqqətlərini yalnız öz üzərlərində cəmləşdirməkdən irəli gəlir. Sağlam həyat eşqi və uşaqların tükənməz enerjisi sayəsində onları bu süstlük vəziyyətindən azad etmək mümkündür. 

      Uşaqlarla ünsiyyət üçün vacib olan mehribanlıq, səbr və məhəbbət hər bir evə xeyir-dua gətirir. Bu xüsusiyyətlər daha şən və sakit olmağa ehtiyacı olan hər kəsin xarakterini yumşalda və ram edə bilər. Evdə uşağın olması evin abı-havasını xoşagələn və saf edir. Bizdən asılı olan uşaqlara qayğı və bağlılıq, təbiətimizdəki kobudluğu aradan qaldırır, bizi məhəbbətli və mehriban edir. 

      Uşaqlar bahalı mülk kimi valideynlərinə etibar edilmişdirlər və bir gün ALLAh onları valideynlərin əlindən təhvil alacaqdır. Biz uşaqlarımızı vaxtımızın çoxunu onlara ayıraraq və onların qayğısına qalaraq tərbiyə etməliyik və onları düzgün yola yönəltməliyik. 

      Sizin oğul və qızlarınız Rəbb ailəsinin kiçik üzvləridirlər. O, onları sizin himayənizə etibar etmişdir ki, onları tərbiyə edərək, səma üçün hazırlayasınız. Öz müqəddəs borcunuzu necə yerinə yetirdiyiniz barədə Ona hesabat verməlisiniz.

        Ailə üzvlərinin sayı. Valideynlər övladlarının gələcəyinin qayğısına qalmalı olurlar. Onların xatirinə və ailəni lazım olan hər şeylə təmin etmək üçün işləməli olurlar.

      Valideynlərin üzərinə qoyulmuş məsuliyyəti nəzərə alaraq, əvvəlcədən düşünmək lazımdır ki, uşaqların qayğısına qalmaq üçün ananın kifayət qədər gücü varmı, yaxud ata onlara düzgün tərbiyə və təhsil verə biləcəkmi? Hərdən valideynlər övladlarının taleyi haqqında çox az düşünürlər. ALLAH istəyir ki, valideynlər şüurla hərəkət etsinlər və elə həyat tərzi keçirsinlər ki, hər bir uşaq lazımınca tərbiyə ala bilsin. Ər və ata elə etməlidir ki, qadın və ana həddindən artıq yük altında həm fiziki, həm də mənəvi cəhətdən əyilməsin və ruhdan düşməsin.

      Maddi imkanlar. Valideynlər uşaqların yaxşı qayğı və tərbiyə alacaqlarına əmindirlərsə, onda ailəni genişləndirmək haqqında fikirləşə bilərlər. Övladları üçün nə edə biləcəklərini əvvəlcədən düşünüb-daşınmalıdırlar. Heç kimin cəmiyyət üçün yükə çevriləcək övladları dünyaya gətirməyə ixtiyarı yoxdur. Valideynlərin başqalarına zəhmət vermədən öz ailələrini saxlamaq imkanı varmı? Əgər yoxdursa, onda uşaqlarına qayğı, yemək və paltar kasadlığından əziyyət verərək, cinayət işlədirlər. Ailəsinin qayğısına qala bilməyən kəs uşaq dünyaya gətirməməlidir.

     İrsilik. Valideyinlərin fiziki və əqli vəziyyəti onların övladlarına da ötürülür. Bu hala lazımi diqqət yetirilmir. Əgər valideynlər sağlamlıq qanununa zidd vərdişlərə malikdirlərsə, onların öz orqanizmlərinə vurduqları ziyan gələcək nəsillərdə özünü büruzə verir. Valideynlərdən asılı olan şey çoxdur. Övladlarının həyatının xeyir-duaya və ya lənətə çevrilməsi valideynlərin sürdükləri həyat tərzindən asılıdır. 

      Valideynlərin xeyirxah məqsədləri, əqli və ruhi qabiliyyətləri nə qədər yüksək olsa, fiziki inkişafları nə qədər yaxşı getsə, öz övladlarına ötürəcəkləri həyati biliklər bir o qədər zəngin olacaqdır. Malik olduqları bütün yaxşı cəhətləri kamilliyə yüksəldərək, valideynlər cəmiyyətin formalaşmasına və gələcək nəsillərin inkişafına böyük təsir göstərirlər. Minlərlə insanın fiziki və əxlaqi sağlamlığını pozan dövrün əxlaqsizlıqlarına qarşı göz yummaya valideynlər qəti istehkamlar qurmalıdırlar. əgər hər gün baş verən cinayətlərin asl səbəbini axtarsaq görərik ki, bu, hər şeyə qarşı bağışlanılmaz dərəcədə etinasız yanaşan ata-anaların cəhalətindən irəli gəlir. 

      Həm sözlə, həm də şəxsi nümunələrilə uşaqlara lazımi tərbiyə verməyən valideynlər acı nəticələr üçün ALLAH qarşısında cavab verməli olacaqlar. 

      Bu acı nəticələr yalnız onların övladlarında əks olunmayacaqdır. Onlar nəsildən nəsilə ötürüləcəkdir. Səhrada bitmiş qanqal çoxalaraq ətrafa necə yayılırsa, eləcə də sizin etinasızlığınız təsirinə məruz qalan insanların hamısında fəlakətli izlər buraxacaq.

      İrsilik qanununu üstələyərək. Ata-analar çox vaxt övladlarında şəxsi xarakter cəhətlərini aşkar edə bilərlər. Əgər öz mənfi cəhətlərini oğul və qızlarında görürlərsə, bu dərslər onlar üçün dözülməz dərəcədə ağır olur. Övladlarına irsən keçmiş şərə meyli aradan qaldırmaq və doğru yola yönəltməyə çalışarkən, valideynlər xüsusi təmkin, inadkarlıq və məhəbbət izhar etməlidirlər.

      Əgər uşaqda valideynlərindən irsən keçmiş mənfi cəhətlər özünü büruzə verirsə, valideynlər öz çatışmazlıqlarının nəsildə əks olunduğuna görə məyus olmalıdırlarmı? Qətiyyən yox! Valideynlər hər cür kobudluq və sərtlikdən uzaq duraraq özlərinə qarşı diqqətli olmalıdırlar ki, bu çatışmazlıqlar bir daha uşaqlarda üzə çıxmasın.

      Ərköyünlük edən uşaqlarla ünsiyyət edərkən xeyirxah olun. Həmişə yadda saxlayın ki, bu inadkarlıq onlara valideynlərindən keçmişdir. Sizin xarakter cəhətlərinizi mənimsəmiş uşaqlara qarşı güzəştə getməyi öyrənin. Övladlarınıza ötürülmüş mənfi meylləri aradan qaldırmaqda bütünlüklə ALLAHA güvənin.

      Atalar və analar, övladlarınıza təmkinlə yanaşın! Çox vaxt sizin əvvəlki laqeyidliyiniz uşaqlarınızın tərbiyəsi işini çətinləşdirir. Lakin ALLAHA güvənsəniz, O, sizə güc verəcəkdir. Uşaqlarla ünsiyyətdə müdrik və ehtiyatlı davranın.

Top