Çexoslovakiya 1918-1939-cu illərdə

Çexoslovakiya 1918-1939-cu illərdə

Çexoslovakiya Respublikasının yaranması.XX yüzilliyin ikinci onilliklərində Avstriya-Macarıstan imperiyasının tərkibinə daxil olan Çexiya inkişaf etmiş sənaye rayonu olduğu halda Slovakiya iqtisadi cəhətdən geri qalmış macar hissəsi olan Transleytaniyanın tərkibinə daxil idi. Habsburqlar imperiyasına daxil olan başqa xalqlar kimi çexlər və slovaklar bu dövrdə milli ayrı-seçkiliyə, təqib, təzyiq və repressiyalara məruz qalırdı. Bu çex və slovak-ların milli ideallar uğrunda mübarizəsini gücləndirdi. Düzdür, Çexiya ərazisində mövcud olan siyasi qüvvələr çex məsələsini Avstriya-Macarıstan imperiyası hüdudlarında həll etmək, alman və macarlarla bərabər hüquqa malik olmaq uğrunda fəaliyyət göstərirdilər. Beynəlxalq gərginliyin artması, Avstriya-Macarıstanda müharibə rüzgarının əsməsi Çexiya və Slovakiyada müharibə əleyhinə fəaliyyətin artmasına səbəb oldu.

Birinci Dünya müharibəsinin başlanması ilə Avstriya-Macarıstan imperiyasının slavyan əhalisinin Rusiyaya qarşı münasibətindən ehtiyat edən hakimiyyət orqanları Çexiya və Moraviyada repressiyaları gücləndirdi,1915-ci ildə Çexiyada alman dili rəsmi dil elan olundu, çexlərə məxsus mətbuat orqanları, mədəni-maarif, xeyriyyə təşkilat və cəmiyyətləri bağlandı. XIX əsrin 60-cı illərində meydana gəlmiş “Gənc çexlər” milli hərəkatının lideri K.Kramarj (1866-1937) və A.Raşin (1867-1923) Rusiyaya tərəf tutmaqda ittiham edilərək məhkəmə tərəfindən 1915-ci ilin may ayında ölüm hökmünə məruz qalmış, yalnız 1916-cı ilin noyabrında Avstriya-Macarıstan imperiyasının imperatoru I Frans İosifin vəfat etməsi çex liderləri ölümdən xilas etmişdir.

Birinci Dünya müharibəsinin çətinlikləri imperiya ərazisində yaşayan xalqların, o cümlədən slavyanların fəallığını daha da artırdı. Öz xalqını siyasi mübarizəyə hazırlayan çex və slovak burjuaziyasının məqsədi və mövqeyi xeyli dəyişildi. Siyasi qüvvələr daha radikal tələblər irəli sürməyə başladı. Çexiyanın müstəqilliyini tələb edən “Gənc çexlər” və onların lideri K.Kramarj Antantanın qələbəsini nəzərdə tutaraq Rusiyanın himayəsi altında slavyan dövlətlərinin iffıtaqının yaradılmasını irəli sürürdü.

Realistlərin lideri T.Q.Masarik (1850-1937) də müstəqil Çexiya uğrunda mübarizəni ön plana çəkərək bu məqsədlə Antanta dövlətləri ilə əlaqələri önə çəkir, amma Rusiya ilə deyil İngiltərə və Fransa ilə əməkdaşlıq tərəfdarı idi. E.Beneş (1884-1948) və Milli Sosialist partiyasının rəhbəri V.Klofaç (1868-1942) da onunla eyni cür düşünürdü.

A.Şveqlanın (1873-1933) Aqrar partiyası və V.Şmeralın (1880-1941) Sosial-Demokratlar partiyası Avstriya-Macarıstanın demokratikləşməsi şərti ilə slavyan azlıqları məsləsini imperiya daxilində qalmaqla həll etməyi nəzərdə tuturdular.

Slovakiya milli hərəkatında V.Şrobar və b. rəhbərlik etdiyi liberal, A.Qlinka və b. liderliyi ilə klerikal, M.Qoca və b. başçılıq etdiyi aqrar cərəyanlar fərqlənirdi. Xüsusilə Slovak liberalları Slovakiyanın azad olunmasını və bu yolla sıx Çex-Slovak əməkdaşlığını müdafiə edirdilər.

Birinci Dünya müharibəsi illərində Avstriya-Macarıstan imperiyasının tərkibinə daxil olan slavyan vilayətlərində milli istismarın, siyasi təqib və terrorun artması, iqtisadi vəziyyətin ağırlaşması slavyan əhalisi arasında milli-azadlıq hərəkatının yayılmasına səbəb oldu. Çex və slovaklar orduya yazılmaqdan imtina edir, cəbhədə bilə-bilə ruslara əsir düşürdülər. Bunun nəticəsində 1916-cı ilin axırlarında Rusiyada 200-250 min nəfər çex və slovak vardı. Buna cavab olaraq imperiyanın hakimiyyət nümayəndələri slavyan azlığa qarşı repressiyaları kəskinləşdirdi. Yaranmış şəraitlə əlaqədar T.Masarik milli-azadlıq mübarizəsinin mərkəzini xaricə köçürmək qərarına gəldi və 1915-ci ilin noyabrında Parisdə Çex Xarici Komitəsi yaradıldı. 1916-cı ilin mayında E.Beneşin və slovakiya xadimi Milan Ştefankin (1880-1919) iştirakı ilə bu komitə Çexoslovakiya Milli Şurasına çevrildi. Milli Şuranın mətbuat orqanı nəşr edilməyə başladı.

Rusiyada Fevral inqilabı çex və slovakların azadlıq mübarizəsinin fəallaşmasına təkan verdi. Həm də bu zaman Avstriya-Macarıstanda vəziyyət kəskin şəkildə mürəkkəbləşmişdi. İqtisadiyyatın tənəzzülü güclənmiş, 1917-ci ilin birinci yarısında tətil hərəkatı artmışdı. Monarxiyanın daxili və xarici vəziyyəti kəskinləşmişdi. Rusiya inqilabının təsiri altında demokratik hüquqların və azadlıqların bərpa olunması uğrunda hərəkat genişlənmişdi. 1916-cı ilin noyabrında taxta çıxan I Karl (1887-1922) parlamentin (reyxsrat) fəaliyyətini bərpa etdi və slavyan xalqları ilə münasibətlərin nizamlanması istiqamətində addımlar atdı. Lakin imperiya daxilində müstəqilliyə meyl güclü idi, odur ki, çex və slovaklar 1917-ci ilin mayında parlamentdə müstəqillik tələbi ilə çıxış etdilər. Oktyabr silahlı üsyanından sonra radikal şüarlar irəli sürülür, mübarizənin forma və metodlarında dəyişiklik baş verirdi. Qərb dövlətlərinin himayəsi altında müstəqil dövlət yaratmaq və Avstriya-Macarıstan imperiyasının tərkibindən çıxmaq azadlıq mübarizəsinin ana xəttini təşkil edirdi. Çex və Slovak liderləri Paris və Rusiyadakı mühacir mərkəzləri ilə əlaqə saxlayırdı. Çex liderləri Antanta ölkələrinin hakim dairələri ilə sıx əlaqə saxlayır, özlərinin milli tələblərinin tanınmasına çalışırdılar.

Çexoslovakiya Milli Şurası Fransada, İtaliyada, Rusiyada hərbi legionların formalaşdırılması sahəsində fəaliyyətlərini genişləndirirdi. 1917-ci ilin yayı üçün bu legionların sıralarında 40 min, 1918-ci ilin ortaları üçün təkcə Rusiyada onların sayı 50 min nəfərə çatmışdı. Rusiyada çex legionlarının yaradılması M.Ştefanikin və T.Masarikin Rusiyaya səfəri ilə əlaqədar baş vermişdi.

Bu zaman həm də çex mühacirəti Parisdə böyük diplomatik uğur qazandı. 1918-ci ilin mayında Fransa hökuməti Çexoslovakiya Milli Şurasını Çexoslovakiyanın müvəqqəti hökuməti, onların təşkil etdiyi hərbi hissələri Antanta ordusu kimi tanıdı. Bu hökuməti 1918-ci ilin avqustunda Böyük Britaniya, sonra isə Yaponiya və ABŞ-da tanındılar. Bununla da Rusiyadakı çex korpusunun bolşeviklər əleyhinə silahlı qiyamına şərait yarandı. ABŞ-da mühacirətdə olan çexoslovak qruplarının fəaliyyətini əlaqələndirmək məqsədilə 1918-ci il mayın 10-da Pittsburqda çex və slovak təşkilatları bu iki xalqın vahid müstəqil dövlətdə birləşdirilməsinə dair saziş imzaladılar. Slovakiyanın muxtariyyatının və slovak seyminin çağırılmasını da nəzərdə tutan bu saziş gələcək prezident T.Masarik tərəfindən imzalandı, 1918-ci ilin sentyabrında Slovakiya Milli Şurası yaradıldı.

Avstriya-Macarıstan hökuməti böhranın dərinləşdiyini və imperiyanln dağılması ehtimalının qaçılmaz olduğunu görərək çex torpaqlarından ərzağı, xammalı və qiymətli əşyaları daşımağa başladı. Təkcə Çexiyadan hər gün 20 vaqon un daşınırdı. Hökumətin bu soyğunçuluq tədbirləri xalq kütlələrinin kütləvi etirazına səbəb oldu. Ölkədən ərzağın daşınmasına qarşı etirazlar 1918-ci il oktyabrın 14-də ümumi tətillə nəticələndi. Tətilçilər milli müstəqillik, “azad Çex-Slovak respublikasının” yaradılması şüarlarını irəli sürdülər. Nümayişçilərin şəhərətrafı fəhlə qəsəbələrindən şəhərin mərkəzinə doğru irəliləməsinin qarşısını almaq məqsədilə Praqaya Avstriya ordusunun əlavə qüvvələri gətirildi. 14 oktyabr hadisələri çex və slovak respublikasının elan edilməsi ilə nəticələnmədi, lakin bu nümayiş ölkənin gələcək taleyini müəyyən etdi, eyni zamanda qiymətli sərvətin ölkədən çıxarılmasının qarşısı alındı. Vyana hökuməti yaranmış vəziyyətdən çıxış yolunu Habsburqlar monarxiyasını federativ çoxmillətli dövlət halında yenidən qurulmasında görürdü və bu vəzifəni həll etmək 1918-ci il oktyabrın 25-də yaradılmış yeni Avstriya hökumətinin qarşısına qoyulmuşdu. Ancaq hökumətin imperiyanı federallaşdırmaq vasitəsilə böhrandan çıxmaq təşəbbüsü baş tutmadı.

Xaricdəki müqavimət hərəkatının nümayəndələri ilə, ilk növbədə, T.Masariklə danışıqlar aparmaq üçün başda K.Kramarj olmaqla İsveçrəyə nümayəndə heyəti göndərildi, T.Masarik həmin dövrdə ABŞ-da olduğundan danışıqlar E.Beneşlə aparıldı. Çex və slovakların müstəqilliyinin elan edilməsində əsas hadisə 1918-ci il oktyabrın 28-də baş verdi. Həmin gün Avstriya-Macarıstan hökuməti Antanta dövlətləri ilə barışıq sazişi imzalamağa hazır olduğunu bildirərək müharibədə öz məğlubiyyətini etiraf etmiş oldu. Bunun ardınca Praqadakı Milli Komitə mülkü və hərbi hakimiyyəti öz əlinə almış və müstəqil dövlətin yarandığını elan etmişdir. Çex və Slovakların torpaqlarındakı uzun illərdən bəri davam etmiş Habsburqlar imperiyasının hökumranlığına son qoyuldu.

Avstriya-Macarıstanın parçalanması ilə barışmağa məcbur olan Avstriya hakimiyyəti orqanları Çexiya və Slovakiyada idarə işlərinin hamısını Praqa Milli Komitəsinə verdilər. Çex və Slovak burjua xadimlərinin — A.Şveqla, A.Raşin, F.Soukup, Y.Strşibrn və V.Şrobarın başçılıq etdiyi Milli Komitə əhaliyə müraciət edərək hakimiyyəti öz əlinə aldığını bildirdi. 1918-ci ilin oktyabr günləri çex-slovak dövlətçiliyinin əsasını, başlanğıcını qoymuş oldu.

Burjua partiyaları arasında gedən danışıqlardan sonra Praqa Milli Komitəsi Müvəqqəti Milli Məclis şəklində yenidən quruldu. 1918-ci il noyabrın 14-də Praqada Milli Məclisin təntənəli iclası oldu. Məclis Hasburqlar sülaləsinin devrildiyini təsdiq etdi və Çexoslovakiya demokratik respublika elan edildi. Tomaş Masarik Çexoslovakiyanın ilk prezidenti seçildi. Cenevrədə razılaşdırılmış hökumətin tərkibi də təsdiq edildi. Milli-Demokrat partiyasının lideri K.Kramarjın sədrliyi ilə respublikanın “ümummilli koalisiya” adlanan hökuməti yaradıldı.

Çex torpaqlarında hakimiyyət dəyişikliyi əsasən sakit keçdi. Gərginlik yalnız Brno və yeni reallıqla razılaşmaq istəməyən çex almanlarının yaşadığı sərhəd vilayətlərində hiss olunurdu. Həmin ərazilərdəki almanlar ABŞ prezidenti V.Vilsonun 14 maddəsində irəli sürülmüş millətlərin öz müqəddəratını təyin etmək müddəasını əsas tutaraq özlərini Avstriyanın tərkib hissəsi elan edərək burada dörd “müstəqil alman əyaləti” yaratdılar. Lakin ÇSR hökuməti bu ərazilərin qoparılması cəhdinin qarşısını aldı və 1918-ci ilin dekabrına qədər bu torpaqlar çex qoşunları tərəfindən tutuldu.

1918-ci ilin dekabrında T. Masarik təntənəli şəkildə Praqaya qayıtdı. Onun rəhbərliyi altında respublikada parlament demokratiyası qələbə çaldı. Mərkəzi dövlət aparatı yaradıldı. 1918-ci ilin noyabrında müvəqqəti Konstitusiya qəbul edildi, 8 saatlıq iş günü tətbiq olundu. Milli Komitənin tərkibi 254 nəfərə çatdırıldı və yuxarıda qeyd edildiyi kimi, bu orqan respublikanın parlamentinə çevrildi, onun tərkibinə burjua çex və slovak siyasi partiyasının nümayəndələri daxil edildi. Böyük səlahiyyətlər verilmiş V.Şrobar Slovakiyaya səlahiyyətli nazir təyin edildi.

Hökumət respublikanın dövlət sərhədlərini müəyyən etməyə başladı. Sərhədlər məsələsi qəti şəkildə 1919-cu ildə Paris sülh konfransında həll edildi. Bu konfransda ÇSR-i Baş nazir K.Kramaıj və Xarici İşlər naziri E.Beneş təmsil edirdilər. 1919-cu ilin martında Slovakiya və Zakarpatiya (indiki Qərbi Ukrayna) torpaqları ÇSR-ə birləşdirildi. Çexoslovakiyanın sərhədləri qəti olaraq Versal (1919), Sen-Jermen (1919) və Trianon (1920) sülh müqavilələri əsasında 1919-1920-ci illərdə müəyyənləşdirildi.

Ölkənin ərazisi 140 min kv. km, əhalisinin sayı 13,6 milyon nəfər idi. Bütün əhalinin yarıdan çoxunu çexlər təşkil edirdi. Belə ki, 2 milyon nəfər slovakalarla birlikdə çexlər yeni dövlətdə təqribən 8,8 milyon nəfərə çatırdı. ÇSR-in alman əhalisinin sayı 3 milyon nəfər idi. Eyni zamanda gənc respublikanın alman, macar, polyak əhalisi milli azlıq statusu almışdı. Çex siyasətçiləri unitar dövlət yaratmaq xətti yeridirdilər. Milli azlıqlara müxtariyyət verilməsi onlara görə təhlükəli münaqişələrə səbəb ola bilərdi. Onların fikrincə mərkəzləşdirilmiş dövlət müharibədən sonrakı çətinlikləri asanlıqla aradan qaldırar və qonşu dövlətlərlə pozulmuş əlaqələrin möhkəmləndirilməsini təmin edə bilərdi. Beləliklə, ÇSR çətin münaqişə və mübahisələrin, fikir ayrılıqları və ziddiyyətlərin aradan qaldırılması şəraitində yaradılmış oldu. Çexoslovakiya Respublikasında demokratiyanın bərqərar olması və möhkəmləndirilməsində ölkənin ilk prezidenti Tomaş Qarriq Masarikin böyük xidmətləri əvəzsizdir.

Tomaş Qarriq Masarik 1850-ci il martın 7-də Avstriya imperiyasının tərkibinə daxil olan Moraviyanın Gedin torpağında anadan olmuşdur. Brno, Vyana, Leypsiqdə təhsil almışdır. 1882-ci ildən Praqa Universitetinin professorudur. Fəlsəfə doktoru dərəcəsi alan T.Ma-sarik Çikaqo Universitetində mühazirə oxuyarkən sonradan Rusiya Müvəqqəti hökumətinin Xarici işlər naziri olmuş P.N.Milyukovla tanış olur. Onun köməyi ilə Rusiyadakı çex hərbi əsirlərindən legion formalaşdırır. 1917-ci ildə T.Masarik Rusiyaya gələrək Çexoslovak korpusunun yaradılmasında iştirak edir. Birinci Dünya müharibəsi dövründə Antanta ölkələrində Çexoslovakiyanın müstəqilliyi uğrunda fəal təbliğat aparmışdır. Avstriya-Macarıstan imperiyası dağıldıqdan sonra T.Q.Masarik 1918-ci ilin noyabrında qiyabi olaraq oktyabrın 28-də müstəqilliyini elan etmiş Çexoslovakiyanın ilk prezidenti seçilmişdir. Bir aydan sonra ölkəsinə qayıdan T.Masarik coşğu ilə qarşılanmışdır. Çexoslovakiyanın müstəqilliyi uğrunda mübarizənin simvolu olan T.Masarik xalq içərisində həm də müqəddəslik rəmzi kimi şöhrət qazanmışdır. Yeni demokratik dövlətin humanistlik mücəssəməsi olan T.Masarikə xalq məhəbbətlə qeyri-rəsmi “baba” ləqəbi vermişdir. Liberal demokratik çox partiyalı quruluşun tərəfdarı olan Tomaş Qarik Masarik 1935-ci ilin dekabrın 14-də prezident vəzifəsindən istefa verərək, 1937-ci ilin sentyabrın 14-də Landa 87 yaşında vəfat etmişdir.

1919-cu ilin aprelində Çexoslovakiya Antantanın göstərişi ilə Rumıniya ilə birlikdə Macarıstan Sovet respublikası əleyhinə müdaxiləyə başladı. Çex və Slovak xalqı Macar Qızıl Ordusu əleyhinə vuruşmaq istəmirdilər. Slovakiyanın bir sıra yerlərində, Sovet Macarıstanının ərazisinə soxulmuş Çexoslovakiya ordusunun arxasında partizanların döyüş əməliyyatı başlamışdı. Mayın 30-da Macar Qızıl Ordusu əkshücuma keçdi və ilk günlərdən Nove Zamki, Levitse, Rimavskaya, Sobota və Slovakiyanın digər şəhərlərinə daxil oldu. Azad edilmiş rayonlarda əhali inqilabi hakimiyyət orqanları yaradırdı. Slovakiya ərazisinin 2/3 hissəsində inqilabi hakimiyyət qurulduqdan sonra, iyunun 16-da Preşov şəhərində Slovakiya Sovet respublikası elan edildi. Çex Antonin Yanouşekin başçılığı altında Slovakiya inqilabi hökumət Soveti yaradılmışdı.

Sovet çex fəhlə sinfi ilə sıx və qırılmaz dövlət ittifaqı yaratmaq üçün özünün arzusunu bildirdi. Slovakiya Sovet hökuməti iri sənaye, ticarət müəssisələrinin, bankların, mülkədar malikanələrinin milliləşdirilməsi haqqında sərəncam elan etdi, Qızıl Ordu yaratdı, demokratik seçki islahatını həyata keçirdi, kənd yoxsullarını vergilərdən azad etdi və bir sıra digər mühüm inqilabi dəyişikliklər etdi. Slovakiya Sovet respublikası konstitusiyasının hazırlanmasına başlandı. Lakin Slovakiya Sovet respublikası çox yaşamadı və 1919-cu il iyulun əvvəlində yıxıldı. Eyni zamanda Zakarpat Ukraynasında, sonra isə bütün Çexolovakiya torpaqlarında yeni hökumət bərqərar oldu.

Çexoslovakiya Respublikasının iqtisadiyyatı

Mərkəzi Avropada yenidən yaradılmış dövlətlərdən nisbətən inkişaf edəni Çexoslovakiya idi. Gənc dövlətin yüksək inkişaf etmiş sənayesi var idi. Çexoslovakiyanın ərazisində keçmiş Avstriya-Macarıstan imperiyası sənayesinin dörddə üç hissəsi, kimya, toxuculuq, şəkər və digər sənaye sahələri müəssislərinin çox hissəsi yerləşmişdi. ÇSR-in iqtisadiyyatı hərbi əməliyyatlar zamanı zərər çəkməmişdi və onun bərpasına böyük vəsait sərf etməyə ehtiyac yox idi.

Yeni respublika müharibədən sonrakı Avropada iri dövlətlərin satış bazarı uğrunda mübarizə apardıqları bir şəraitdə meydana çıxmışdı. Güclü sənayesi olan Çexoslovakiya qarşısında bu problem kəskin dururdu. Lakin daxili bazar çox məhdud idi və Çexoslovakiya sənaye məhsullarının hamısını sərf edə bilmirdi. Ölkənin iqtisadi vəziyyəti müharibə qurtardıqdan sonra əvvəlcə ABŞ-da, sonra isə Avropada meydana gələn istehsal böhranı ilə çətinləşmişdi. 1921-ci ildə 1913-cü il səviyyəsinin 63 faizinə çatmış Çexoslovakiya sənayesi, sonrakı illərdə isə daha çox azalmışdı. Rəsmi statistik məlumata görə, tam işsizlərin sayı böhran vaxtında, təqribən 4,5 dəfə artmışdı. 1924-cü ildə Çexoslovakiya müharibədən sonrakı böhranın qarşısını ala bildi, ölkədə iqtisadi yüksəliş başladı. Şərqi Avropanın digər kapitalist ölkələrindən daha güclü olan Çexoslovakiya sənayesi bu ölkələrin bazarlarında xeyli mövqelər ələ keçirə bildi. 1926-cı ilin sonu — 1927-ci ilin əvvəllərində sənaye məhsulu müharibədən əvvəlki səviyyəyə çatdı, 1929-cu ildə isə həmin səviyyəni 25 faizdən çox ötüb keçdi. Lakin bu inkişaf Çexoslovakiyanın bütün rayonlarını əhatə etmirdi. Çexiyada sənaye yüksək, başqa rayonlarda — Slovakiyada, Zakarpat Ukraynasında zəif inkişaf etmişdir ki, bu da nəticədə Çexoslovakiyanın xalq təsərrüfatına mənfi təsir göstərirdi.

Kapitalizmin müvəqqəti sabitləşməsi illərində orta və xırda müəssisələrin iri müəssisələr tərəfindən ələ keçirilməsi hesabına inhisarların və kapitalın təmərküzləşməsinin rolu xeyli artmışdı. 1930-cu ildə Çexiyanın iri müəssisələrində fəhlələrin təxminən 50 faizi cəmləşmişdi. 1919-cu ildən 1929-cu ilə qədər sənaye və ticarətdə səhmdar cəmiyyətlərin sayı 2 dəfədən çox, onların malik olduqları kapital isə 3 dəfə artmışdı. Çexiyanın yeddi ən böyük bankı ölkənin bütün bank kapitalının beşdə dörd hissəsini öz əlində cəmləşdirmişdir. Ölkə parlamenti inhisarların mənafeyinə uyğun olaraq bir sıra qanunlar qəbul etdi. Belə ki, “bankları sağlamlaşdırmaq” üçün xüsusi fond yaradılmasını nəzərdə tutan qanun qəbul edildi.

Başqa bir qanunda isə Avstriya-Macarıstan monarxiyasının silah zavodları sahiblərinə ödəyə bilmədiyi borcları ödəmək üçün dövlət xəzinəsindən onlara bir neçə yüz milyon kron ayrılmasını nəzərdə tuturdu. 1924-cü ildə icarə haqqında qanun qəbul edildi ki, bu da xırda icarədarların vəziyyətini pisləşdirdi.

Ölkənin iqtisadi inkişafına və daxili bazarın genişlənməsinə keçirilən aqrar islahat da müsbət təsir göstərdi. Aqrar islahatın keçirilməsi haqqında qanun 1919-cu ilin aprelində qəbul edildi. Qanuna əsasən 150 hektardan artıq əkin yerlərindən və 250 hektar meşə yerlərindən artıq olan bütün torpaq sahibkarlardan satın alınaraq torpaq pulu müqabilində aztorpaqlı kəndlilərə verildi. Qalan torpaqlar isə öz əvvəlki sahibkarlarının ixtiyarında saxlanıldı. İslahatın keçirilməsi nəticəsində kəndlilər 1,7 milyon hektar torpaq ala bildi ki, bu kənddə gərginliyin azaldılmasına səbəb oldu. Nəticədə müsadirə edilmiş 4 milyon hektar əkin sahələrinin 45 faizi kəndlilərə verildi, bir o qədəri də əvvəlki sahiblərinə qaytarıldı, 10 faizə qədəri isə aqrar partiyanın liderlərinə verildi. İslahat demək olar ki, kilsə torpaq sahiblərinə toxunmadı. Çexoslovakiyada əkin sahələrinin 30 faizə qədəri şlyaxta və kilsəyə məxsus idi,1929-cu ildə aqrar islahatın keçirilməsi əsasən qurtardı. İslahatın keçirildiyi 1919-1929-cu illərdə Çexoslovak kəndlisinin borcu 2,5 dəfə artmışdı. Aqrar islahat qolçomaq təsərrüfatlarının artmasına, maliyyə kapitalının kənd təsərrüfatına sirayət etməsinə, kənddə sinfi təbəqələşmənin güclənməsinə kömək etmiş oldu.

20-ci illərin ikinci yarısı iqtisadiyyatın inkişafı illəri kimi xaakterizə olunur. Aqrar islahatın nəticələri də bu prosesə müsbət təsir göstərdi. Bir sıra göstəricilərə və əhalinin həyat səviyyəsinə görə ÇSR on ən inkişaf etmiş ölkələr siyahısına daxil ola bildi. ÇSR-in iqtisadiyyatında aparıcı mövqeləri iri müəssisələr, məsələn, silah istehsal edən “Şkoda” zavodları, həmçinin Tomaş Batinin ayaqqabı istehsal edən konserni tuturdu. K.Kramarj hökuməti və sonrakı kabinetlər Çexoslovakiyada xarici, xüsusən fransız, ingilis, amerikan və belçika sənaye konsernlərinin, banklarının fəaliyyətini dəstəkləyirdi. Məsələn “Şneyder-Krezo” fransız konserni Çexiyadakı ən böyük Şkoda zavodlarına nəzarət edirdi.

1929-cu ildə başlamış dünya iqtisadi böhranı tezliklə Çexoslovakiyanı da bürüdü. 1930-cu ildə böhran əvvəlcə yüngül, sonra isə ağır sənayeni əhatə etdi. 1932-1933-cü illərdə böhran daha da dərinləşdi. Böhranın cərəyan etdiyi illərdə sənaye istehsalı 1929-cu illə müqayisədə 40 faiz aşağı düşdü. Maliyyə və aqrar böhran da dərinləşdi. İşsizlərin sayı rəsmi məlumata görə -həm də bu rəqəm xeyli azaldılmışdı — 1933-cü ilin əvvəllində 920 min nəfər təşkil edirdi ki, onların da yalnız 240 min nəfəri işsizliyə görə müavinət alırdı. Böhran xarici ticarət dövriyyəsinin xeyli azalmasına səbəb oldu. ÇSR-in milli gəlirinin 30-40 faizi xarici ticarət dövriyyəsi hesabına əldə edilirdi. Çexoslovakiya Balkanlarda və başqa bölgələrdə Almaniyanın xeyrinə satış bazarlarını itirməyə başlamışdı. İxracat 1933-cü ildə 1929-cu il səviyyəsinin yalnız 29 faizini təşkil edirdi. Böhran illərində, yəni 1929-1933-cü illərdə Çexoslovakiyada rəsmi məlumatlara əsasən işsizlik 27 faiz artmışdır. Yeddi milyon nəfər iş qabiliyyəti olan əhalinin təqribən 1,3 milyon nəfəri işsiz idi. 1930-cu ildən 1933-cü ilə kimi ölkədə kənd təsərrüfatının ümumi borcu 30-dan 50 milyard krona yüksəlmişdir. 1932-1933-cü illərdə ehtiyac və qıtlıq respublikanın əksər rayonlarını, xüsusilə Slovakiya və Zakarpat Ukraynasını bürümüşdür.

İqtisadiyyatda böhran o qədər dərin idi ki, onun nəticələrini ancaq birinci respublikanın sonunda aradan qaldırmaq mümkün oldu. Ölkənin iqtisadiyyatında canlanma yalnız 1936-cı ildə baş verdi, 1937-ci ildə daxili ümumi məhsul böhrandan əvvəlki dövrdəkinin 98,4 faizini təşkil etdi. Avtomobil nəqliyyatı və onunla bağlı şosse yollarının yenidən qurulması və yeni yolların çəkilməsində böyük irəliləyiş əldə edildi. Ölkənin elektrikləşdirilməsi, xüsusən çex və Moraviya kəndlərində və Slovakiyada sürətlə gedirdi. “Şkoda” konserni dünya silah ticarətində, o cümlədən SSRİ ilə ticarədə öncül yerlərdən birini tuturdu ki, burada da küllü həcmdə fransız kapitalı əsas rol oynayırdı.

Çexoslovakiyanın siyasi inkişafı.1920-ci il fevral Konstitusiyası ÇSR-i parlamentli demokratik respublika elan etdi və parlament dövlətdə ali qanunverici orqan oldu. Parlament müvafiq surətdə 300 və 150 nümayəndədən ibarət olan iki palatadan — deputatlar palatası və senatdan ibarət idi. Prezident parlament tərəfindən seçilirdi və böyük səlahiyyətlərə malik idi. O, hökuməti təyin etmək və istefaya göndərmək, parlamenti buraxmaq hüququna malik idi. Prezident həm də ölkənin ali baş komandanı idi. Konstitusiya bütün vətəndaşların hüquq bərabərliyini və şəxsiyyətin toxunulmazlığını, söz, yığıncaq, dini azadlığını elan edir, tətil hüququnu, müxtəlif məqsədli ictimai və siyasi təşkilatların yaradılması hüququnu verirdi.

Milli azlıqlara geniş hüquqlar verirdi. Onların hamısı faktiki olaraq mədəni muxtariyyətdən istifadə edirdilər. Milli azlıqların sayı 20 faiz olardısa kargüzarlıq iki dildə aparılırdı. Ümumiyyətlə, ölkənin ictimai həyatının bütün sahələrində demokratikləşmə baş verdi. Ölkədə 8 saatlıq iş günü tətbiq edildi, əmək haqqı artırıldı, ən zəruri malların qiymətləri aşağı salındı. Daxili stabilliyin əldə edilməsində aqrar islahatın çox mühüm rolu oldu. Çexoslovakiya regionun inkişaf etmiş demokratik ölkəsinə çevrildi. Əvvəllər mövcud olan milli zülm ləğv edildi, lakin milli ziddiyyətlərin səbəbləri nəinki qalırdı, həm də onlar yeniləri ilə əvəz olunurdu. Almanların və macarların azlıq təşkil etmələri yeni ziddiyyətlər doğururdu. Ölkədə sosial, siyasi, milli və s. prinsiplər əsasında iyirmidən artıq siyasi partiya yaradıldı. Onların içərisində üç, yəni respublika, milli və kommunist istiqamətləri göstərmək olar. Birincilər, T.ö-Masarik ruhunda parlament demokratiyası mövqeyində duran çex, çex-slovak və alman partiyalarının birliyindən ibarət idi. Buraya sosial-demokratlar, milli sosialistlər, aqrar və katolikyönümlü partiyalar daxil idi. İki digər istiqamətin tərəfdarları mövcud rejimə qarşı barışmaz müxalifətdə dayanaraq parlament demokratiyası çərçivəsində öz mübarizələrini davam etdirirdilər. Millətçi təmayüllü partiyalar respublikanı əhalinin çoxmillətli xarakterinə müvafiq olaraq yenidən qurmağı tələb edirdilər. Onlardan biri olan keşiş A.ölinkanın Slovak Xalq partiyası müstəqil dövlətin yaranmasını müdafiə etdiyi halda, digər alman və polyak millətçiləri onu müdafiə etmirdi.

Görkəmli xadim B.Şmeralın (1880-1941) rəhbərlik etdiyi inqilabi istiqamət 1921-ci ilə kimi sosial-demokratiya çərçivəsində fəaliyyət göstərirdi. Birinci Dünya müharibəsində əsir düşərək Rusiyadakı inqilabi hadisələrə şahidlik etmiş və sonra vətənə dönən bu istiqamətin təmsilçiləri öz radikalizmi ilə fərqlənirdilər. Ölkənin siyasi sistemi konstitusiya azadlıqları çərçivəsində fəaliyyət göstərirdi. Bu dövrdə, fəhlə və sosialist hərəkatında sağlara və çoxlu miqdarda sollara, marksistlərə bölünmüş cərəyanlar meydana gəldi. 1919-cu ilin dekabrında B.Şmeral, İ.öibeş, A.Zapototski başda olmaqla Çexoslovakiya Sosial Demokrat Fəhlə partiyasının inqilabçı marksist sol qanadı təşkil olundu,1920-ci ilin sentyabrında partiyanın 13-cü qurultayı ÇSDFP (Sol)-nın yarandığını elan etdi. Partiyanın sağ liderləri bu qərarı qəbul etmədilər. Dekabrın 9-da polis Solların İcraiyyə komitəsinin yerləşdiyi binanı tutdu. “Rude pravo” qəzetinin mətbəəsini möhürlədi. Buna cavab olaraq Solların çağırışı ilə ölkəni, xüsusilə Slovakiya və Zakarpat Ukraynasını tətil hərəkatı bürüdü. Dekabr siyasi tətili Kommunist partiyasının yaranmasını sürətləndirdi. 1921-ci il mayın 14-16-da Çexoslovakiya Sosial-Demokrat (sollar) partiyasının qurultayı oldu, bu qurultay Çexoslovakiya Kommunist Partiyasını yaratdı. Çurultay “Çexoslovakiya Kommunist Partiyası” adını qəbul edərək, Komin-ternə daxil olması haqqında qərar qəbul etdi. 1921-ci il oktyabrın 30- noyabrın 4-də olan birləşdirici qurultay vahid Çexoslovakiya Kommunist Partiyasının yaradılmasını başa çatdırdı.

Müstəqillik əldə etdikdən sonra 1920-ci ilin aprelində ilk dəfə parlament seçkiləri keçirildi. Seçkilərdə A.ölinkanın başçılıq etdiyi Slovakiya Xalq partiyası daha çox deputat mandatı aldı. Sosial-Demokratlar və Milli Sosialistlər də xeyli uğur qazandılar. Sosialist təmayüllü və aqrarçılardan ibarət “qırmızı yaşıllar” adını almış hökumət yaradıldı. Aqrarçılar məclisdə ikinci seçici səsə toplanmış partiya idi. Hökumətə ilk vaxtlar sosial-demokrat V.Tu-sar başçılıq etdi. 1920-ci il sentyabrın 15-də onun yerini bitərəf mütəxəssis Yan Çernı tutdu. Hökumətin tərkibinə beş partiyanın nümayəndələri daxil edildiyindən kabinetə “Pyaterka”, yəni beşlik deyilirdi. Ölkədə siyasi mübarizənin kəskinləşməsi Y.Çernı hökumətinin 1921-ci ilin oktyabrında istefaya getməsi və A.Şveqlanın başçılığı altında “Milli birlik” adlanan hökumətin hakimiyyət başına gəlməsinə şərait yaratdı. 1925-ci ildə “Milli birlik” hökuməti dağıldı, həmin ilin payızında vaxtından əvvəl parlament seçkiləri keçirildi. Seçkilər sosialistlərin və həmçinin iri burjuaziyanın milli demokratlar partiyasının mövqelərinin zəifləməsini nümayiş etdirdi. Seçkilərdə 13,5 faiz səs toplayan Aqrar partiya qələbə qazandı. Çexoslovakiya Kommunist partiyası seçkilərdə ikinci yeri tutdu. Slovakiyada isə A.Qlinkanın Xalq partiyası daha çox səs toplayaraq, xeyli mandat qazandı.

Seçkilərdən sonra, 1926-cı ildə A.Şveqlanın başçılığı altında yeni hökumət təşkil edildi. Hökumətin tərkibinə alman Aqrar partiyasının və Xristian-Sosial partiyasının nümayəndələri də daxil edildilər. 1927-ci ildə T.Masarikin yenidən ÇSR-in prezidenti seçilməsi əksər siyasi qüvvələrin ölkənin demokratik inkişafı və milli zidiyyətlərin aradan qaldırılması kursunu müdafiə etdiyini göstərirdi. 1927-ci ildə həmçinin idarəçilik sistemində də islahat keçirilirdi. Mərkəzləşmədən imtina edildi və əraziləri idarə etmək məqsədilə Çexiya, Moraviya, Sleziya, Slovakiya, Podkarpat Rusu-Qərbi Ukrayna ərazi vahidləri yaradıldı. Yerlərdə seçkili özünüidarə orqanları yaradıldı, vergi islahatı da keçirildi və hakim təbəqələrə bəzi güzəştlər edildi.

1929-cu ilin oktyabrında vaxtından əvvəl, 1931-ci ildə keçirilməsi nəzərdə tutulmuş parlament seçkiləri keçirildi. Sosial-Demokratlar 13,5 faiz, Milli Sosialistlər 10,4 faiz səs topladılar. Kommunistlər əvvəlki seçkilərlə müqayisədə 20 faiz az səs topladılar. Burjua partiyaları içərisində yalnız Aqrar partiyası böyük uğur qazanaraq 14,9 faiz səs topladı. 1929-cu il seçkilərindən sonra prezident T.Masarikin fəal iştirakı iləl938-ci ilə qədər ölkənin siyasi-iqtisadi inkişafını müəyən edən tədbirlər həyata keçirildi. İslahatçılardan və burjua partiyalarından ibarət yeni koalisiya yaradıldı. Burada demək olar ki, bütün partiyalar təmsil olunmuşdur. Bu koalisiyaya yalnız milli-siyasi muxtariyyət uğrunda mübarizə aparan Slovakiya Xalq partiyasının nümayəndələri daxil edilməmişdilər. Yeni hökumətə F.Udrjal başçılıq edirdi.

İqtisadi böhran şəraitində fəhlə və kəndli hərəkatının radikallaşması gücləndi, nümayişçilər və tətil hərəkatı iştirakçıları ilə polis arasında toqquşma baş verdi. Slovakiyanın 25 min kənd təsərrüfatı fəhləsinin tətili və Mostov kömür hövzəsinin 15 min mədənçisinin tətili bu tətillər içərisində fərqlənirdi. 1929-cu il avqustun 1-də 60 min nəfərin iştirakı ilə kütləvi siyasi çıxışlar baş verdi. 1929-cu ildən 1933-cü ilə qədər ölkədə işsizlik artmışdı. Hökumət 1930-cu ildə işsizlərin pulsuz yeməklə təmin olunması proqramını həyata keçirməyə başladı. Həmkarlar ittifaqlarının üzvü olmayan işsizlər isə həftədə 10-20 kron yemək pulu alırdı.

Böhranın sosial nəticələrini həll edə bilmədiyinə görə F.Udrjal hökuməti 1932-ci ilin payızında istefaya getməyə məcbur oldu. Hakimiyyətə Y.Malipetra hökuməti gəldi və bu hökumət hakimiyyətdə 1935-ci ilin payızına qədər qaldı. Böhrandan çıxmaq üçün yeni hökumətə fövqəladə hüquqlar və vəkalətlər verilməsi haqqında qanun qəbul edildi. Sağ qüvvələrin Baş nazirə fövqəladə səlahiyyətlər verilməsi tələbləri isə rədd edildi. Bu ÇSR-in siyasi sisteminin avtoritar ssenari üzrə inkişafının qarşısını ala bildi. Yuxarıda qeyd etdiyimiz qanundan sonra daha bir neçə qanun — dövlət mühafizəsini gücləndirmək haqqında, ilkin senzura tətbiqi haqqında qanunlar da qəbul edilmişdi. Eyni zamanda Çex və Slovak cəmiyyətinin böyük əksəriyyəti daxili irticanın qol-qanad açmasının əleyhinə idilər.

İqtisadi böhran xüsusilə sərhəd rayonlarının vəziyyətinə daha ağır zərbə vurdu. Başqa bir tərəfdən onlar çex rayonlarından daha az dövlət yardımı alırdılar. Bu isə hitlerçi təbliğatın almanları çexlər və onların dövləti ilə qarşı-qarşıya gətirmələrinə şərait yaradırdı. Odur ki, hökumət ölkədə, Almaniyada Hitler hakimiyyəti ələ keçdikdən sonra öz fəaliyyətini xüsusilə gücləndirmiş faşist təşkilatlarının yaradılmasına birmənalı yanaşmır və açıq milli-sosialist rəmzlər daşıdığı üçün iki alman radikal partiyası 1933-cü ilin oktyabrında qadağan edilmişdi. Lakin onların liderləri bir neçə gündən sonra Sudet-alman vətənpərvər cəbhəsi yaratdılar ki, bu da 1935-ci ildə Sudet-alman partiyası adını aldı. Partiyaya bədən tərbiyəsi müəllimi K.Henleyn başçılıq edirdi və bu separatçı hərəkatın üzvləri henleynçilər adlanırdı. Bu partiyanın güclənməsi çex siyasi elitasını çox narahat edirdi. Bundan başqa, Slovakiyada slovak Xalq partiyası adını almış, katolik ruhani Qlinka tərəfindən başçılıq edilən burjua millətçi partiyası da fəaliyyət göstərirdi.

1935-ci ilin mayında parlamentə seçkilər keçirildi. Bu seçkilər olduqca gərgin daxili siyasi şəraitdə keçirildi. Parlament seçkiləri göstərdi ki, Çexoslovakiyanın siyasət cəbhəsində nəzərə çarpacaq qruplaşma baş verməmişdir. Parlamentdə 45 mandat almış Aqrar partiyası birinci yerə (14,3%), 44 mandat almış henleynçilər, yəni henleyn Sudet-alman faşist partiyası ikinci yerə çıxdı. Seçkilərdə Kommunist partiyası 850 min səs toplayaraq 30 mandat aldı.

T.Masarik Çexoslovakiya respublikasının prezidenti vəzifəsindən xəstəliyi ilə əlaqədar istefa verdikdən sonra mürtəce ittifaq 1935-ci ildə keçirilən prezident seçkilərində öz namizədini keçirməyə çalışdı, lakin bacarmadı. Prezident vəzifəsinə 1933-1935-ci illərdə koolektiv təhlükəsizliyin bəzi tədbirlərini müdafiə etmiş Masarikin şagirdi Eduart Beneş parlamentdə 340 deputatın səsini alaraq seçildi. Bununla da ölkənin siyasi sistemi özünün demokratik xarakterini saxladı.

Beneş Eduard 1884-cü ildə Bogemiyanın Rakovnik şəhərində anadan olmuşdur. 1896-1904-cü illərdə Vinoqraddakı gimnaziyada, 1904-cü ildə Sarbonna Universitetində, Berlində təhsil alaraq 1908-ci ildə hüquq, 1909-cu ildə fəlsəfə doktoru dərəcəsi almışdır. 1916-cı ildə T.Masarik və R.Ştefaniklə birlikdə Parisdə Çexoslovakiya Milli Şurasını təşkil etmişdir. 1918-ci il oktyabrın 28-də Çexoslovakiyanın müstəqilliyi elan olunduqdan sonra ölkənin Xarici İşlər naziri təyin edilərək 1918-1935-ci illərdə 17 il fasiləsiz xarici siyasət idarəsinə rəhbərlik etmişdir. Paris Sülh konfransında Xarici İşlər naziri kimi ölkəsini təmsil edərək Millətlər Cəmiyyətinin təşkilatçılarından biri olmuşdur. 1926-cı ildən Çexoslovakiya Milli Sosialist partiyasının rəhbərlərindən biri olmuşdur. 1935-ci il dekabrın 18-də T.Masarikdən sonra Çexoslovakiyanın ikinci prezidenti seçilmişdir. Münhen sövdələşməsindən sonra 1938-ci il oktyabrın 5-də istefa verərək 1940-cı ildə Londonda Mühacir hökumətin prezidenti kimi fəaliyyət göstərmişdir. 1942-ci ildə o, antihitler koalisiyasının iştirakçıları tərəfindən Münhen sövdələşməsinin ləğv edilməsinə müvəffəq olmuşdur. 1945-ci il oktyabrın 28-də ölkənin müvəqqəti parlamenti onun prezidentliyini təsdiq etmiş, 1946-cı il iyulun 19-da o, yeni parlament tərəfindən təkrar ölkənin prezidenti seçilmişdir,1948-ci il mayında kommunistlərin hazırladığı ölkə konstitusiyasını imzalamaqdan imtina edərək iyunun 7-də istefa vermişdir. 1948-ci il sentyabrın 3-də vəfat etmişdir. 2005-ci ildə Praqanın Loretan meydanında onun xatirə büstü ucaldılmışdır.

1918-1939-cu illərdə Çexoslovakiyanın xarici siyasəti.1919-cu il sentyabrın 10-da Avstriya ilə imzalanmış Sen-Jermen müqaviəsinə əsasən Moraviya, Bohemiya və Slovakiya Çexiyaya verildi. 1920-ci il iyunun 4-də Macarıstanla Trianon müqaviləsi imzalandı və bu müqaviləyə görə Macarıstan dövləti Çexoslovakiyanın mövcud sərhədlərini tanıdı. Yenicə müstəqillik əldə edən və sərhədləri rəsmi müqavilələrlə təsdiq edilən gənc Çexoslovakiya dövlətinin xarici siyasət sahəsində qarşısında yeni üfüqlər açılmış oldu. Hər şeydən əvvəl yeni dövlətin liderləri, o cümlədən prezident Tomaş Qarrik Masarik Versal sülh müqaviləsi sistemini müdafiə edirdi.

Versal sisteminin müdafiəsinə yönəldilmiş Çexoslovakiyanın xarici siyasəti T.Masarik tərəfindən hələ 1918-ci ildə müəyyən edilmişdir. T.Masarikin proqramının prespektiv məqsədi regionun yeni dövlətlərini Amerikan prinsipləri nümunəsində geniş federasiya əsasında birləşdirmək idi. Onun ideyasını reallaşdırmaq mümkün olmadı, lakin bu ideya Çexoslovakiya diplomatiyası üçün istinad nöqtəsi hesab edilirdi.

Xarici siyasətdə ilk illərdə Çexoslovakiya Versal sisteminin dayağı olan Fransa ilə sıx əlaqə saxlayırdı. Avropanın bütün iri dövlətləri ilə sıx münasibətlər inkişaf etdirilirdi. 1921-ci ildə Avstriya ilə müqavilə imzalandı. Hələ 1920-ci ilin yayında ÇSR, SXS Krallığı və Rumıniya ilə sazişlər imzalanmışdı. Həmin sazişlər bu ölkələrin hərbi-siyasi ittifaqının yaradılmasının bünövrəsini qoydu ki, bu da sonralar kiçik Antanta adını aldı. 1924-cü ildə fransız-çexoslovak hərbi-siyasi müqaviləsi imzalandı,1922-ci il iyunun 5-də Praqada RSFSR, iyunun 6-da USSR ilə müvəqqəti müqavilələr imzalandı. Bu müqavilələr tərəflərin bir-birini de-fakto tanıması və onlar arasında ticarət-iqtisadi əlaqələrin yaranmasına səbəb oldu.

ÇSR bütün qonşuları ilə normal qarşılıqlı münasibətlər saxlamağa cəhd edirdi. Çexoslovakiyanın beynəlxalq vəziyyətinin qeyri-sabitliyinin başlanması Almaniyada hakimiyyət başına Hitlerin keçməsi ilə bağlıdır. Hakimiyyətə gələn Hitler ilk vəzifə kimi Almaniyanın əl-qolunu bağlayan Versal sisteminin ləğv edilməsini qarşıya qoymuşdu. Bu məqsədlə nasistlər qonşu dövlətlərdə milli azlıqlar statusu almış alman əhalisindən fəal şəkildə istifadə edirdilər. Beynəlxalq münasibətlərin kəskinləşməsi ilə paralel daxili ekstremizm də artırdı. 30-cu illərin böhranı Versal sisteminin pozulmasını sürətləndirdi ki, respublikanın vəziyyəti ondan çox asılı idi. Çexoslovakiya diplomatiyası respublikanın bütövlüyünün əsas qarantını Fransa ilə ittifaqda görürdü. Eyni zamanda Beneş də ölkənin təhlükəsizliyinin təxirə salınmadan təmin etmək ehtiyacını daha aydın dərk etməyə başlamışdı. Onun Kiçik Antantanı möhkəmləndirmək cəhdi də Yuqosloviya ilə Rumıniyanın maraqlarının üst-üstə düşməməsi nəticəsində uğur gətirmədi. Belə şəraitdə Beneş kollektiv təhlükəsizlik konsepsiyasından yanaşmalı oldu ki, bu istiqamətdə də SSRİ Millətlər Cəmiyyətində fəal təbliğat aparırdı.

Sovet İttifaqının beynəlxalq nüfuzunun artması, Çexoslovakiyanın hakim dairələrini 1934-cü ildə Sovet İttiaqı ilə diplomatik münasibətlər yaratmağa sövq etdi. 1935-ci il mayın 2-də SSRİ və Fransa arasında qarşılıqlı yardım haqqında müqavilə bağlanandan sonra, 1935-ci il mayın 16-da Çexoslovakiya SSRİ ilə qarşılıqlı yardım haqqında müqavilə imzaladı. Çexoslovakiya tərəfinin təşəbbüsü ilə imzalanmış protokolda belə bir şərt əlavə edilmişdi ki, təcavüzkarın hücumuna məruz qalmış tərəfə, Çexoslovakiya ilə qarşılıqlı yardım müqaviləsi olan Fransa da kömək etməlidir. 1935-ci il SSRİ ilə müqaviləyə Praqa heç də real hərbi-siyasi ittifaq kimi deyil, ilk növbədə potensial təcavüzkara siyasi təzyiq aləti kimi baxırdı. Təsadüfi deyil ki, Beneş 1936-cı ildə antisovet ittifaq müqaviləsi bağlamaq haqqında Almaniya ilə gizli danışıqlar apardı, bu isə faşist təcavüzkarlığını kollektiv surətdə dəf etmək prinsipinə xəyanət etmək və SSRİ ilə bağlanmış müqavilə üzrə öz öhdəsinə götürülmüş öhdəlikləri pozmaq demək idi. Bu siyasət müttəfiq Fransanın və İngiltərənin təcavüzkarı Şərqə — Sovet İttifaqı əleyhinə yönəltmək üçün yürütdükləri şirnikləndirici xarici siyasət xəttinə tamamilə uyğun gəlirdi. Həm də Qərb dövlətləri, 1937-ci il noyabrın 19-da Halifaksın Hitler ilə olmuş görüşündə nümayiş edildiyi kimi, Çexoslovakiyanı qurban verməyə hazır idilər. Halifaks Hitleri inandırmışdı ki, əgər Almaniya “Bolşevizm əleyhinə qərbin qalası” rolunu oynasa, onda Böyük Britaniya və Fransa hökumətləri Dansiqin (Qdanskin), Avstriyasnın və Çexoslovakiyanın Almaniya tərəfindən zəbt edilməsinə müqavimət göstərməyəcəklər. 1937-ci ilin noyabrında Amerika konqresi üzvlərinin Hitler diplomatları ilə Boston şəhərində keçirilmiş müşavirəsində də ABŞ tərəfindən də lazımi vəd verilmişdi.

1938-ci ildə Almaniya tərəfindən Çexoslovakiya əleyhinə təcavüzkarlıq təhlükəsi xeyli artmışdı. 1938-ci ilin martında Almaniya Avstriyanı zəbt etdi və Çexoslovakiyanın strateji vəziyyəti xeyli pisləşdi. Həm də Çexoslovakiyanın özündə Henleyin Sudet — alman faşist partiyasının fəaliyyəti xeyli artmışdı. Henleyinin Berlinə səfərindən sonra henleyçilər 1938-ci ilin aprelində Karlovı Varıdakı qurultayda Çexoslovakiyanın sərhəd rayonlarını ondan ayırıb Almaniyaya ilhaq etməyi, Çexoslovakiyanın Sovet İttifaqı və Fransa ilə bağladığı qarşılıqlı yardım müqavilələrini ləğv etməyi tələb edirdilər. 1938-ci il mayın 1-də bütün ölkədə respublikanın faşist təcavüzkarlığından müdafiə və henleynçiləri cilovlamaq şüarları altınada minlərlə adamın iştirak etdiyi antifaşist mitinqlər və nümayişlər keçirildi. 1938-ci il mayın 21-də Qodjanın başçılıq etdiyi hökumət xalq kütlələrinin təzyiqi altında ölkədə qismən səfərbərlik elan etdi.

Çexoslovakiya əleyhinə başlanmış kampaniyanın lap əvvəlində Sovet hökuməti Fransa və Çexoslovakiya ilə bağlanmış müqavilənin tələb etdiyi şəkildə Çexoslovakiyanın təhlükəsizliyini qorumaq üçün bütün tədbirləri görməyi qərara aldı. Sovet İttifaqı özünün qərb sərhədlərində piyada qoşunlarını və hava donanmasını döyüşə hazır vəziyyətdə saxlayırdı. Çexoslovakiyanın bütövlüyünü və istiqlaliyyətini qorumağa səy göstərən Sovet hökuməti Moskvadakı Polşa səfirinə xəbərdarlıq etdi ki, əgər Polşa Çexoslovakiya torpaqlarını zəbt edərsə, hücum etməmək haqqında sovet-polşa müqaviləsi xəbərdarlıq edilmədən pozulacaqdır. Sovet İttifaqı Çexoslovakiyaya kömək göstərməyə hazır idi. Sovet hökuməti sentyabrın 25-də Fransa baş qərargahına xəbərdarlıq etdi ki, qərb sərhədinə yaxın olan rayonlara 30 atıcı və süvari diviziyası gətirmişdir, aviasiya və tank hissəsləri tamamilə hazır vəziyyətdədir. Moskvadakı Çexoslovakiya səfirinə bildirilmişdi ki, müvafiq Sovet hərbi-hava qüvvələri Çexoslovakiyaya dərhal uçmaq üçün hazırlanmışdır.

Sovet İttifaqının Çexoslovakiyaya yardım etməyə hazır olduğunu bildirməsinə baxmayaraq, Qodja hökuməti sentyabrın 21-də Sudet vilayətinin Almaniyaya verilməsinə və çe-xoslovak qoşunlarının bu rayonlardan çıxarılmasına razılıq verdi. Bu qərara cavab olaraq Praqada və ölkənin digər şəhərlərində 1938-ci il sentyabrın 22-də xalqın bu sazişdən əl çəkməyi tələb edən izdihamlı vətənpərvərlik çıxışları oldu.

1938-ci il sentyabrın 29-30-da İngiltərə, Almaniya, İtaliya və Fransa hökumətlərinin başçıları — N.Çemberlen, A.Hitler, B.Mussolini və E.Daladye Münhenə toplaşdılar. Həmin gün Münhen sazişi adlanan saziş imzalandı, Çexoslovakiya nümayəndələri yalnız hökmü dinləmək üçün dəvət edilmişdi. 1938-ci ilin oktyabr-noyabrında Çexoslovakiyanın işğalının birinci mərhələsi başladı. Oktyabrın əvvəllərində Sudet vilayətinə alman qoşunları, oktyabrın 2-də Teşin vilayətinə — Polşa, noyabrın 2-də cənubi Slovakiyaya və Zakarpat Ukraynanın cənub hissəsinə — Macar qoşunları daxil oldu. Çexoslovakiya ərazisinin üçdə birini, 5 milyon nəfər əhalisinin və sənaye potensialının 40 faizini itirdi, bütün siyasi partiyalar “özünü buraxdı”, onların yerinə iki partiya — Vahid Milli partiya və Milli Əmək partiyası yaradıldı. 1938-ci il oktyabrın 5-də prezident E.Beneş istefa edərək Qərbə mühacirətə getdi. Ölkənin bütünlüklə Almaniyaya birləşdirilməsi təbliğ edilirdi. Yaranmış şəraitdən istifadə edərək Qlinkanın Xalq partiyası Jilin şəhərində 1938-ci il oktyabrın 6-da Slovakiyanın muxtariyyətini elan etdi. Yozef Tiso muxtar hökumətin Baş naziri təyin edildi. Podkarpat Rusu da başda A.Brodiem olmaqla müxtariyyət əldə etdi.

Özünü nüfuzdan salmış Qodja hökuməti istefaya çıxdı. Onun yerinə oktyabrın 4-də çexoslovak ordusunun inspektoru general Yan Sırovı hökuməti hakimiyyətə gəldi. Çexoslovakiyanın prezidenti E.Beneş istefa verib Qərbə mühacirət etdiyi üçün E.Qaxa ölkənin prezidenti seçildi. 1939-cu il martın 14-də Berlinə çağırılmış prezident Qaxa və Çexoslovakiyanın xarici işlər naziri F.Xvalkovski Hitlerlə danışıqdan sonra Çexoslovakiya respublikasının ləğv edilməsi haqqında aktı imzaladılar. Həmin gün slovak seymi Slovakiyanın müstəqilliyini elan etdi, macar ordusu isə muxtar Pogkarpat Rusu ərazisinə daxil oldu. Martın 15-də alman qoşunları Çexoslovakiyanı işğal edərək onun istiqlaliyyətini ləğv etdilər. Martın 16-da “Bohe-miya və Moraviya protektoratlığı” yaradıldı, bu protektoratlıq Almaniyanın işğal etdiyi ərazini əhatə edirdi. Yaradılmasından 20 il sonra çex və slovak xalqları xarici qüvvələrin təzyiqi ilə parçalanmış oldular. İndi qarşıda çex-slovak dövlətinin yenidən yaradılması uğrunda çətin mübarizə dururdu.

Çexiya və Slovakiya mədəniyyəti

Çex və Slovakların müstəqil dövlətlərinin yaradılması bu xalqların milli mədəniyyətlərinin yüksəlişinə səbəb oldu. Əvvəlki illərdən fərqli olaraq milli mədəniyyətin yaradıcı, birlik və həmrəylik xüsusiyyətləri ön plana keçdi. Çex və Slovak mədəniyyəti yeni şəraitdə ictimai inkişafın qarşıya qoyduğu tələblərə cavab verərək bir tərəfdən milli adət və ənənələri daha da zənginləşdirir, digər tərəfdən avropa mədəniyyəti ilə, xüsusilə fransız mədəniyyəti ilə sıx təmas qururdu. Əhalinin, xüsusi ilə çexlərin təhsil səviyyəsi durmadan artır, savadlı insanların sayı gündən-günə çoxalırdı. Müasir tələblərə cavab verən məktəb təhsili şəbəkəsinin inkişafı üçün şərait xeyli yaxşılaşmışdır. Mədəni-maarif müəssisələrinin geniş və hərtərəfli şəbəkəsi fəaliyyət göstərirdi. Cəmiyyətdə təhsil və mədəni irsə xüsusi münasibət var idi. Bədii ədəbiyyat, təsviri incəsənət ümum avropa mədəniyyəti ilə sıx qarşılıqlı əlaqədə inkişaf edirdi. Mədəni və elm biliklərin yayılmasında müasir texniki vasitələr — kino, radio, o cümlədən çoxsaylı dövrü mətbuat vasitələri əsas rol oynayırdı.

Ədəbiyyatda müasir humanizm və demokratiya idealları dünya şöhrətli yazıçılar Y.Qaşek və K.Çapekin yaradıcılığında ön plana keçmişdi. Bədii söz ustası B.Nemtsova “Nənə” romanında, “Vəhşi Bara”, “Kasıb insanlar” əsərlərində xalqın vətən sevgisini, cəmiyyətin sosial ziddiyyətlərini ustalıqla təsvir etmişdir. Bədii tarixi əsərlər ustası A.İrasek dörd cilddən ibarət “Bizdə” romanında milli oyanış, mənəvi azadlıq və milli mədəniyyətin dəyərlərindən ətraflı söz açır. Slovak ədəbiyyatında modernist cərəyanın tərəfdarları olan yazıçılar Y.Yesenski və Y.Tayovski daha çox öz hekayələrində insanın mənəvi aləmndən bəhs edən süjetlərə yer vermişdir. Onların məqsədi slovak ədəbiyyatını Avropa ədəbiyyatı səviyyəsinə çatdırmaq olmuşdur.

20-30-cu illərdə poeziyada inqilabi cərəyanın formalaşmasında S.K.Neyman, Y.Qora, V.Nezval, İ.Volker, Y.Zeyfert, L.Novomeski, K.Bibl və b-nın mühüm rolu olmuşdur. Bədii yaradıcılıqda çex simvolizmini tanınmış şairlər O.Brjezina və K.Qlavaçek təmsil edirdilər.

S. Neymanın yaradıcılığında isə dekadans önə çıxırdı. Nəsrdə inqilabi meyllər Çex ədəbiyyatında sosialist realizminin baniləri Y.Qaşek, İ.Olbraxt, M.Mayerova, V.Vançura, Y.Fuçik və P.Yilemnitskinin əsərləri ilə təmsil olunur. Slovak ədəbiyyatında realizmin inkişafı P.Qvezdoslav, M.Kukuçin, B.Timrava və b. yaradıcılığı ilə bağlı idi.

1935-ci ildə çex və slovak yazıçılar birliyi “Blok” yaradıldı. Bu illərdə K.S.Neyman, F.Qalas, Y.Qora, E.B.Lukaç və b-nın lirikası, P.Yilemnitski, M.Mayerova, M.Puymanova,

T. Svatopluk, V.Vançura və b-nın romanları çex ədəbiyyatını zənginləşdirdi. K.Çapekin antifaşist əsərləri beynəlxalq əhəmiyyət kəsb etdi.

Çexoslovakiya memarlığı, təsviri və dekorativ tətbiqi sənəti qədimdən bir-birilə sıx mədəni əlaqə saxlayan Çexiya və Slovakiya bədii ənənələri əsasında inkişaf etmişdir. 1920-30-cu illərin memearlıqda milli funksionalizm məktəbi təşəkkül tapmışdı. Çexiyada Y.Qoçar, K.Qonzik, Y.Qavliçek, Slovakiyada E.Belluşun tikililəri buna misal ola bilər.

Praqada müqəddəs Vit kilsəsinin qərb hissəsinin tikilib başa çatması (1929) və Viktov dağında “Azadlıq” milli abidəsinin inşası (1929-cu il, memar Y.Zazvorka) əlamətdar hadisəyə çevrildi. Bu dövrdə çex rəssamlığında modernizmin təsiri geniş yayılmışdır və onun ən görkəmli nümayəndələrindən biri Y.Uprka idi. Qrafika və portiret ustası M.Şvabinskinin yaradıcılığı üçün realizmin simvolizm və alleqoriya ilə birləşməsi xarakterikdir. Slovak rəssamı Y.Qanula öz yaradıcılığında kənd məişətinin, slovak kəndlisinin portretlərinin təsvirinə xüsusi yer ayırırdı. Rəssamın “Doğma torpaqda” tablosu kəndin rəngarəng həyatını məhəbbətlə əks etdirir. Slovak kəndlisinin həyatını tabloya tökən başqa bir sənətkar M.Beneki isə impres-sionizmin tərəfdarı idi.

Bu dövrdə müxtəlif istiqamətlərə mənsub sənətkarlar əsərlərində kubizm, ekspres-sionizm və fovizm üsullarından istifadə yolu ilə xalq həyatına və müasir həyat həqiqətlərinə müraciət etmiş, xalq incəsənətindən qidalanmışlar. Faşizm işğalı illərində onlar vahid antifaşist cəbhədə birləşdilər.

Çexoslovakiya respublikası yarandıqdan sonra milli sənətin realist ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi uğrunda mübarizə genişlənmiş, eyni zamanda musiqiyə modernist cərəyanlar təsir göstərmişdir. A.Haba 20-30-cu illər çex musiqisində avanqar-dizmin görkəmli nümayəndələrindən olmuşdur. O, çərəktonlu və 1/6 tonlu musiqi sistemlərini yaratmışdır. Bu dövrdə yaşlı nəslə mənsub bəstəkarlıqdan L.Yanaçek, İ.Förster, V.Novak, Y.Suk, musiqişünas Z.Neyedlı milli realist musiqi ənənələrini inkişaf etdirmişlər. L.Yanaçek və V.Novak Çex musiqi sənətinə sirayət edən modernizmin görkəmli nümayəndələri idi. Slovak musiqisinin inkişafında kamera əsərlərinin müəllifi Y.Bellanın xidmətləri misilsizdir.

Musiqi sahəsində O.Ostrçil, V.Qelfert, O.Eremiaş, E.Aksmanın yaradıcılığı rəngarəngdir. Praqadakı milli teatrın opera truppasının dirijoru və bədii rəhbəri O.Ostrçil 1923-

1931-ci illərdə B.Smetanı, Z.Fibix, A.Dvorjak, V.Novak, Yanaçekin operaların tamaşaya qoymuşdur. Slovakiya musiqişünasları V.Novak və onun şagirdləri E.Suxon, Y.Sikker, A.Moyzesin yaradıcılığı milli musiqi folkloru ilə sıx bağlıdır. E.Suxonun ikinci simfoniyası, kantataları, Y.Sikkerin orkestr üçün bəstələdiyi əsərlər diqqəti cəlb edir.

1918-ci ildə Çexoslovakiya Respublikası yarandıqdan sonra ilk balet truppaları meydana gəldi. Bəstəkar B.Martinu 1924-cu ildə “İştar”, 1925-ci ildə “Kim dünyada hamıdan güclüdür” (“Kto na svete vsex silnee”), V.Novak 1930-cu ildə “Nikotina”, 1933-cü ildə “Sinyorina Coventu” baletlərini səhnələşdirdi. Baletmeystr və rəqqaslar İ.Ençik, İ.Psota bütün ölkədə məşhur idi.

Müstəqil Çexoslovakiya Respublikası yarandıqdan sonra 1918-ci ildə ölkədə ilk daimi kinostudiya yaradıldı. Kinostudiyanın repertuarının Amerika kinosunun təsirinə məruz qalmış salon melodramları, macəra və detektiv filmlər, komediyalar, alman ekspressionizmi ruhunda mistik və fantastik dramlar təşkil edirdi. 1918-ci ildə rejissor Y.Palouşun “Çex səması” (“Çexskoe nebo”), 1927-ci ildə P.Prajskinin “Batalyon”, 1928-ci ildə M.Kryanskinin “Dağ kəndi” (“Qomaya derevnya”), 1930-cu ildə K.Antonun “Sürgün” (“Viselitsa”) səssiz kino-filmləri ekranlaşdırıldı. Səssiz kino sahəsində K.Anton, M.Friç, İ.Rovenski, K.Lamaç kimi Rejissorlar nəsli yetişdi. Aktyorlar V.Burian, E.Fiala, İ.Struna, E.Ştepanek, A.Ondrakova kimi sənətkarlar meydana gəldi.

1930-cu ildə alman rejissoru F.Fexerin çəkdiyi ilk səsli film “Simlər ağlayarkən” (“Koqda plaçut strum”) nümayiş etdirildi,1932-ci ildə rejissorlar V.Vançura və S.İnnemanın “Yetkinlik attestatı qarşısında” (“Pered attestatom zrelosti”), 1933-cü ildə M.Friçin “Müfəttiş” (“Revizor”) kinofılmləri işıq üzü gördü. V.Nezval, K.Çapek, İ.Olbraxt kimi yazıçıların kinomatoqrafıyadakı fəaliyyəti kino sənətində mütərəqqi istiqamətin möhkəmlənməsinə müsbət təsir göstərmişdir.

1933-cü ildə Praqa altındakı Barrandovedə Avropada ən güclü kinostudiyalardan olan “Barrandov-fılm” kinostudiyası təşkil olundu. Bu kinostudiya müharibə ərəfəsində hər il 40dan çox kinofılm çəkirdi. 1936-cı ildə rejissor M.Friçin ilk çex-slovak filmi “Yanoşik” və İ.Rovenskinin “Çay” (“Reka”) bədii filmləri yaranmışdır. Bu illərdə kino sənətinə V.Borski, M.Sikan, O.Vavra kimi yeni rejissorlar gəlmişdilər.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

Top