Vətəndaş müharibəsi başa çatandan sonra Sovet dövləti dinc təsərrüfat quruculuq dövrünə qədəm qoydu. Dinc quruculuğa keçilməsi mürəkkəb beynəlxalq şəraitdə baş verdi. Kapitalist əhatəsi Sovet dövləti üçün təhlükə törədirdi, əldə edilmiş sabitlik müvəqqəti xarakter daşıyırdı. Odur ki, müharibə təhlükəsini unutmaq olmazdı və ölkənin müdafiə qabiliyyətini hər vasitə ilə möhkəmlətmək tələb olunurdu. Sülhü qoruyub saxlamaq və möhkəmlətmək üçün dövlət hər cür səy göstərirdi. Sovet hökuməti öz siyasətində iki müxtəlif ictimai quruluşun dinc yanaşı yaşaması prinsipini əldə rəhbər tuturdu.
Avropanın, Amerikanın və Asiyanın fəhlələri və xalqı Sovet dövləti ilə normal ticarət və diplomatik münasibətlər yaradılmasını tələb edirdilər. Artıq 1920-1921-ci illərdə Sovet Rusiyası bir sıra kapitalist dövlətləri ilə ticarət və diplomatik münasibətlər yaratdı. 1920-ci ildə Estoniya (2 fevral), Litva (12 iyul), Latviya (11 avqust), Finlandiya (14 oktyabr), 1921-ci ildə Polşa (18 mart) ilə RSFSR arasında diplomatik əlaqələr quruldu.
1921-ci il martın 16-da İngiltərə ilə ticarət sazişinin bağlanması əslində İngiltərənin Sovet dövlətini tanıması demək idi, belə ki, bu həm də siyasi xarakter daşıyırdı. Hər iki tərəf düşmənçilik hərəkətlərindən və öz ölkələri sərhədlərindən kənarda bir-birinin əleyhinə təbliğat aparmaqdan əl çəkməyi bəyan etdilər. Həmin saziş imzalandıqdan sonra 1921-ci il 6 may tarixli müvəqqəti Sovet-Almaniya ticarət sazişi bağlandı. Bu sazişdə Almaniya Böyük Britaniyadan irəli gedərək RSFSR-in nümayəndələrini Rusiya dövlətinin Almaniyada yeganə qanuni nümayəndələri kimi tanıdı, ona diplomatik hüquqlar və üstünlüklər verdi. 1921-1922-ci illərdə Norveç, Avstriya, İtaliya, İsveç və Çexoslovakiya ilə eyni ticarət-iqtisadi sazişlər imzalandı. Həmin ölkələrin hakim dairələri Sovet Rusiyası ilə iqtisadi əlaqələr yaratmağa məcbur olsalar da, Sovet dövlətlərini hüquqi cəhətdən tanımaqdan boyun qaçırdılar. ABŞ Sovet dövlətinə qarşı xüsusilə barışmaz mövqe tuturdu.
Sovet dövləti ABŞ ilə münasibətləri nizama salmaq məqsədilə 1921-ci il martın 20-də URMİK-in sədri M.İ.Kalininin imzası ilə Amerika konqresinə və yeni prezident Hardinqə teleqram göndərdi. Teleqramda bildirildi ki, Sovet dövləti ABŞ ilə dostluq münasibətləri yaratmağa hazırdır. Bütün məsələləri qaydaya salmaq, həmçinin ticarət münasibətlərini bərpa etmək üçün ABŞ-a nümayəndə heyəti göndərmək təklif edildi. Lakin Amerika hökuməti bu təklifi rədd edərək bildirdi ki, Rusiya burjua quruluşun və xüsusi mülkiyyətin əsasları bərpa edilməyincə ABŞ Rusiya ilə münasibətlər yaratmayacaqdır.
ABŞ-ın hakim dairələri Uzaq Şərq məsələsinə dair doqquz dövlətin Vaşinqton konq-rensinə (noyabr 1921-ci il — fevral 1922-ci il) Sovet Rusiyasını dəvət etmədilər. RSFSR ilə bağlı olan bir sıra məsələlər, o cümlədən ŞÇDY, Sovet Uzaq Şərqində yapon müdaxiləsi və s. bu konfransda müzakirə edilirdi. Rusiya hökuməti bu düşmənçilik siyasətinə qarşı 1921-ci il iyulun 19-da özünün qəti etirazını bildirdi və bəyan etdi ki, Vaşinqton konfransının qəbul etdiyi heç bir qərarı tanımayacaq.
Sovet dövləti Şərq ölkələri ilə dostluq münasibətlərini möhkəmlətməyə böyük əhəmiyyət verirdi. Rusiya dövləti Şərq ölkələri ilə onların tam hüquq bərabərliyini və suverenliyini tanımağa əsaslanan münasibətlər yaradırdı. Sovet Rusiyası Şərq dövlətləri ilə siyasi və ticarət əlaqələrin inkişaf etdirmək üçün real addımlar atdı. Rusiya dövləti 1920-1921-ci ildə İran, Əfqanıstan və Türkiyə ilə müqavilələr bağladı. Beş ay davam edən danışıqlardan sonra 1921-ci il 26 fevral tarixli Sovet-İran müqaviləsi imzalandı. Dostluq və əməkdaşlıq haqqında olan müqaviləyə görə Rusiya İranın zərərinə olaraq çar hökumətinin üçüncü dövlətlərlə bağladığı qeyri-bərabər hüquqlu müqavilələrdən, sazişlərdən imtina etdi. RSFSR hökuməti İran ərazisindəki bütün çar konsessiyalarından, pul iddialarından imtina etdi, Xəzər dənizində İranın öz donanmasına malik olmaq hüququna razılıq verdi. Müqavilənin 6-cı maddəsi xüsusi əhəmiyyətə malikdir. Bu maddə İran ərazisini işğal etmək və ya İranı Sovet Rusiyası əleyhinə hərbi əməliyyat bazasına çevirmək məqsədilə hər hansı bir dövlət tərəfindən İran ərazisinə silahlı basqın ediləcəyi təqdirdə Sovet dövlətinin özünü müdafiə naminə lazımi tədbirlər görmək üçün öz qoşunlarını İrana yeritmək və təhlükə ləğv edilən kimi oradan qoşunlarını çıxarmağı nəzərdə tuturdu. Məhz bu 1941-ci ildə SSRİ qoşunlarının İran ərazisinə daxil olmağa imkan vermişdir. Bu müqavilə İranın beynəlxalq mövqelərinin möhkəmlənməsinə kömək etdi. Müqavilədə hüquq bərabərliyi, suverenliyə hörmət, daxili işlərə qarışmamaq, çoxcəhətli əməkdaşlıq, iqtisadi və mədəni inkişaf sahəsində kömək və s. prinsiplər nəzərdə tutulmuşdur.
1921-ci il fevralın 28-də Sovet Rusiyası ilə Əfqanıstan arasında dostluq və əməkdaşlıq haqqında müqavilə də bu cür prinsiplər üzərində qurulmuşdu. Əfqanıstanın elan etdiyi siyasi müstəqilliyi tanıyan ilk ölkə Sovet dövləti idi. Müqavilənin şərtlərinə görə tərəflər bir-birinə qarşı yönəldilmiş hərbi-siyasi ittifaqa qoşulmamalı idi. Sovet hökuməti Əfqanıstana təmənnasız iqtisadi və hərbi yardım göstərirdi. Sovet-Əfqan münasibətləri uğurla inkişaf edirdi.
Kapitalist dövlətlərinin Türkiyəni bölmək, onu yarımmüstəmləkə rejimli bir ölkəyə çevirmək planları Türkiyədə Mustafa Kamalın rəhbərliyi ilə milli hərəkatın başlanmasına gətirib çıxartdı. Yunanıstan ordusu məğlub edildikdən sonra Sovet Rusiyası Türkiyə ilə Antanta dövlətləri arasında müharibədə Türkiyəyə yardım göstərirdi. 1921-ci ilin fevral ayında Türkiyənin nümayəndələri Moskva şəhərinə səfərə gəldi. 1921-c il martın 16-da Sovet Rusiyası ilə Türkiyə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı. Sovet Rusiyası və Türkiyə Naxçıvanı Azərbaycanın tərkibində muxtar ərazi kimi tanıyırdılar. 1921-ci il oktyabrın 13-də Qarsda Türkiyə ilə Zaqafqaziya Sovet Respublikaları, 1922-ci il yanvarın 2-də isə Ukrayna ilə Türkiyə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə bağlandı.
20-ci illərin əvvəllərində Sovet Rusiyası öz qonşuları olan Şərq dövlətləri ilə onların hüquq bərabərliyi və suverenliyinə əsaslanan qarşılıqlı faydalı münasibətlər qurdu. Sovet dövləti çar Rusiyası tərəfindən bağlanan gizli müqavilələri ləğv edərək bu ölkələrə azadlıqları uğrundakı mübarizədə yardım etdi. İran, Əfqanıstan, Türkiyə dövlətlərinin rəhbərliyi və RSFSR hökuməti heç bir dövlətlə onların hər hansı birinə zərər vuraraq hərbi və siyasi saziş bağlamamağı öz öhdələrinə götürdülər.
Sovet hökuməti yarandığı ilk vaxtlardan özünün böyük qonşu dövləti olan Çinlə dostluq münasibətləri qurmağa çalışırdı. O Rusiyanın Çindəki bütün xüsusi hüquq və imtiyazlarından imtina edərək qarşılıqlı hüquq bərabərliyi əsasında Şərqi Çin dəmir yolu, konsessiyalar və s. haqqında müqavilələrə yenidən baxılmasını irəli sürdü. 1918-ci ilin may ayında Sovet tərəfi Çin hökumətinə Semyonovun dəstəsinə onun ərazisindən Sovet dövlətinə qarşı təxribatlar törətməyin qarşısını almağı xahiş etdi. Pekin hökuməti bu xahişə cavab verməyərək 1917-ci il dekabrın 27-də Sovet Rusiyasına ərzaq, o cümlədən çay göndərilməsini qadağan etdi, 1918-ci il yanvarın 11-də Çin sərhəddi bağlanaraq, yük göndərilməsi dayandırıldı. Martın axırlarında Petroqraddakı Pekin hökumətinin nümayəndəsi geri çağırıldı. 1918-ci il avqustun 24-də Pekin hökuməti öz qoşunlarını Sibirdə fəhlə-kəndli hakimiyyəti ilə mübarizədə müttəfiqlərə kömək etmək məqsədilə Sibirə göndərməyi elan etdi. Buna baxmayaraq, böyük Çin demokratı Sun Yatsen və xalq hər iki ölkə arasında möhkəm sülh yaradılmasını arzu edirdilər. 1920-ci il aprelin 6-da yaradılan Uzaq Şərq Respublikası may ayında Pekin hökumətinə müraciət edərək bütün mübahisəli məsələləri həll etmək üçün RSFSR, UŞR və Çin arasında konfrans keçirməyi irəli sürdü. Hər iki tərəf arasında baş tutan danışıqlar rəsmi münasibətlərin yaranmasına səbəb olmasa da Pekin hökumətinin çar Rusiyasının missiya və konsulluq xidmətindən imtina etmək haqqında qərarı müsbət addım idi. 1921-ci ilin dekabrında RSFSR nümayəndələrinin Pekinə səfəri də nəticəsiz qaldı.
Sovet dövləti Koreya və Monqolustanla da əlaqə qurmağa çalışırdı. 1919-cu ilin mart ayında Koreyadakı xalq üsyanından sonra RSFSR hökuməti Koreya inqilabı təşkilatlarına və xalqa müraciət edərək yapon işğalçılarına qarşı birgə mübarizə aparmağı təklif etdi. Uzaq Şərqdəki gərgin hərbi-siyasi vəziyyət və vətəndaş müharibəsi Koreya ilə Sovet Rusiyası arasında münasibətlərin yaranmasına mane oldu.
Sovet-monqol münasibətləri uğurla inkişaf edirdi. 1918-ci ilin fevralında Sovet hökuməti muxtar Monqol hökumətinə çarizmin Monqolustanda keçmişdə yeritdiyi siyasətdən imtina etdiyini bildirdi. 1919-cu il avqustun 3-də Sovet Rusiyası bir daha Monqol xalqı və hökumətinə müraciət edərək çar Rusiyasının Monqolustandakı bütün güzəşt və imtiyazlarından əl çəkdi. Bunun ardınca Rusiyadakı vətəndaş müharibəsindən istifadə edən Çin millitaristləri 1918-ci ilin oktyabrında Monqolustana hücum edərək orada müstəmləkə ağalığını bərpa etməyə çalışdı. Monqolustanda meydana gələn inqilabi təşkilat kömək üçün Sovet Rusiyasına müraciət etdi və bu məqsədlə 1920-ci ilin payızında Moskvaya nümayəndə göndərdi. Qızıl Ordunun zərbələri altında Monqolustan ərazisinə daxil olan ağqvardiyaçılarla və 1920-ci ilin oktyabrında hücuma keçən baron Ungerinin dəstələri ilə mübarizə aparmaq üçün Qızıl Ordu qoşunları köməyə gəldi. 1921-ci il iyulun 7-də Monqolustan xalq ordusu, Qızıl ordu və UŞR-nın hərbi-inqilabı ordusu hissələrinin birgə əməliyyatı ilə paytaxt Urqa şəhəri azad olundu. İyulun 12-də Monqolustan xalq hökuməti yaradıldı. 1921-ci il oktyabrda monqol inqilabının rəhbəri, hərbi nazir Suxe-Batorun başçılığı ilə nümayəndə heyəti danışıqlar üçün Moskvaya gəldi. Noyabrın 5-də RSFSR hökuməti və Monqolustan nümayəndələri arasında hər iki ölkə arasında dostluq münasibətləri haqqında müqavilə imzalandı. Bu müqavilə hər iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın möhkəm əsasını qoydu.
Genuya konfransı.Sovet Rusiyasını hərbi yolla məğlub edə bilməyən kapitalist ölkələri onu ticarət, diplomatik və iqtisadi vasitələrlə özlərinə tabe etmək planlarını tərtib etməyə başladılar. Sovet Rusiyasına “yardım etmək” siyasəti ilə pərdələnən belə bir proqram İngiltərənin Baş naziri D.Lloyd Corc tərəfindən irəli sürülmüşdür. 1920-ci ildə “Rusiyanı zor gücü ilə bərpa etmək bizə nəsib olmadı. Mən bunu ticarət vasitəsilə edə biləcəyimizə və onu xilas edə biləcəyimizə inanıram” — deyən Baş nazir əslində Sovet Rusiyasında burjua-mülkədar quruluşunu bərpa etməkdən bəhs edirdi.
Sovet Rusiyasına qarşı kapitalist ölkələrinin yeni planlarını pozmağa və kapitalist dövlətləri ilə normal iqtisadi əməkdaşlıq əlaqələri yaradılmasını asanlaşdırmağa çalışan Sovet hökuməti 1921-ci il oktyabrın 28-də çar hökumətinin müharibədən əvvəlki borclarının bir hissəsini qaytarmağa hazır olduğunu bildirdi, əvəzində Qərb dövlətləri Sovet dövlətini tanımalı və ona kredit verməli idi. Sovet hökuməti kapitalist dövlətləri qarşısında belə tələblər irəli sürməklə Rusiya ilə kapitalist dövlətləri arasındakı sülh müqaviləsini hazırlayacaq beynəlxalq konfrans çağırılmasını təklif etdi.
Antanta ölkələri Avropanın iqtisadiyyatının bərpası ilə bağlı Genuyada Sovet Rusiyasının və məğlub Almaniyanın iştirakı ilə bütün Avropa dövlətlərinin iqtisadi və maliyyə məsələləri üzrə konfransını çağırmaq qərarına gəldilər. Sovet dövlətini iqtisadi cəhətdən özlərindən asılı etməyə çalışan İngiltərə, Fransa, İtaliya, Yaponiya, Belçika və Almaniya bu konfransa ciddi hazırlaşmağa başladılar. Uzun danışıqlardan sonra, Avropanın böyük dövlətləri, nəhayət Genuya konfransında həlledici məsələlərin layihəsini birgə müzakirə etmək üçün Kannda (Fransa) müşavirə çağırdılar. Kann müşavirəsi 1922-ci il yanvarın 6-da başlandı. Müşavirədə Lloyd Corc, Brian, İtaliya naziri Banomi, Belçika naziri Tenis, ABŞ nümayəndəsi polkovnik Harvey və başqaları iştirak edirdilər. Antanta dövlətlərinin Kann müşavirəsi Genuya konfransına hazırlıqda mühüm mərhələ oldu. Avropa ölkələri arasında iqtisadi əlaqələri bərpa etmək, zəif ölkələrə kredit verilməsi kimi məsələləri həll etmək üçün Genuyada Sovet Rusiyasının iştirakı ilə konfrans keçirilməsi haqqında qərar qəbul edildi.
1922-ci il martın 20-dən 28-dək Londonda Antanta dövlətlərinin iqtisadi və maliyyə ekspertləri komissiyasının müşavirəsi oldu. London müşavirəsində Avropanın iqtisadiyyatını bərpa etmək və RSFSR ilə danışıqların layihəsini hazırlamaq haqqında məsələ müzakirə edildi. Ekspertlərin müşavirəsində Sovet Rusiyasından Çar və Müvəqqəti hökumətin bütün borclarının tələb edilməsi, çar Rusiyasının hakim dairələrinin maliyyə öhdəçiliyinin Sovet hökumətinə aid edilməsi, Sovetlər ölkəsində milliləşdirilmiş bütün müəssisələrin öz xarici sahibkarlarına qaytarılması nəzərdə tutulmuşdur. Ekspertlərin London müşavirəsində həmçinin belə bir tələb də irəli sürülmüşdü ki, Rusiyada yaşayan xarici vətəndaşlara müstəsna hüquqlar verilməlidir.
1922-ci il fevralın 7-də RSFSR hökuməti İtaliya hökumətindən Genuya konfransında iştirak etmək üçün dəvət aldı. Eyni zamanda konfransın işində V.İ.Leninin iştirakı arzu olunurdu. Başqa Sovet Respublikaları konfransa dəvət edilməmişdi. Rusiya hökuməti konfransda iştirak etməyə razılıq verdi və bilirdi ki, konfransa Türkiyə də dəvət edilməlidir, çünki Türkiyə konfransında Rusiyaya tərəfdar ola bilərdi.
ABŞ isə konfransda həm iştirak etmək, həm də iştirak etməmək dilemması qarşısında idi. Amerikanın Hardinq hökuməti belə hesab edirdi ki, Genuya konfransında iştirak etməklə ABŞ qazandığından çox itirə bilər. Belə ki, Rusiya hökuməti kapitalist dövlətlərinin borclar haqqındakı tələblərindən imtina edə bilər və Qərb dövlətləri isə Rusiyanın nümunəsindən istifadə edərək öz növbəsində ABŞ-ın borclarını geri qaytarmaqdan boyun qaçırarlar. 1922-ci il 8 mart tarixli notasında ABŞ dövlət katibi Çarl Yuz bilirdi ki, ABŞ Avropa dövləti olmadığına görə konfransda iştirak etməyəcək, həm də ABŞ-ın konfransda iştirak etməkdən imtina etməsinin digər səbəbi Sovet hökumətini tanımaq istəməməsi idi. V.İ.Lenin partiya MK-sının xüsusi qətnaməsinə əsasən Genuya konfransına göndərilmədi. Onun əvəzinə Xalq Xarici İşlər Komissarı G.V.Çiçerin Sovet nümayəndə heyətinin başçısı təyin edildi.
Genuya konfransında Sovet respublikalarının birliyini təmin etmək üçün 1922-ci il yanvarın 20-də RSFSR, Ukrayna, Belarusiya, Azərbaycan, Gürcüstan, Ermənistan, Buxara, Xarəzm və Uzaq Şərq respublikalarına xüsusi konfrans çağırmaq təklif olundu. Genuyada vahid platformada çıxış etmək məqsədilə fevralın 22-də Moskvada 8 respublikanın adından protokol imzalandı və konfransda onları təmsil etməyi RSFSR nümayəndə heyətinə tapşırıldı.
1922-ci il yanvarın 27-də ÜRMİK-nin fövqəladə sessiyası V.İ.Leninin sədrliyi ilə Genuyada Sovet Rusiyasını təmsil edən nümayəndə heyətinin tərkibini təsdiq etdi. Xalq Xarici İşlər komissarı G.V.Çiçerin sədrin müavini təyin edildi və V.Leninin konfransda iştirak etmək imkanı olmadığından sədrin bütün səlahiyyətləri ona həvalə olundu. Xalq Xarici Ticarət İşlər Komissarı L.B.Krasin, Xarici İşlər Komissarının müavini M.M.Litvinov, RSFSR-in İtaliyadakı nümayəndəsi V.V.Vorovski, Ukraynadan X.Q.Rakovski, Azərbaycandan N.N.Nərimanov, Gürcüstandan P.Q. Mdivani, Ermənistandan A.A.Bekzadyan, Buxara Xalq Sovet Respublikasından F.Xocayev, Uzaq Şərq Respublikasından Y.D.Yanson, Həmkarlar təşkilatından Y.E.Rudzutak, A.Q.Şlyapnikov və başqaları nümayəndə heyətinin sıravi üzvləri təsdiq edilmişdir.
Hərtərəfli hazırlıq işindən sonra Sovet nümayəndə heyəti Qərb ölkələri ilə iqtisadi əlaqələri və əməkdaşlığı bərpa və inkişaf etdirmək niyyəti ilə 1922-ci ilin mart ayının 27-də Genuya şəhərinə yola düşərək martın 29-da Riqaya gəldi, burada Sovet nümayəndə heyəti vahid antisovet cəbhəsi yaradılmasının qarşısını almaq məqsədilə martın 30-da Polşa, Latviya, Estoniya nümayəndələrinin iştirakı ilə müşavirə keçirdi. Əlinə düşən imkanlardan istifadə edən Sovet diplomatları iki günlük danışıqlar nəticəsində adı çəkilən dövlətlərin Antantanın mövqeyindən çəkilməsinə səy göstərməklə, dörd dövlətin Genuya konfransında birlikdə çıxış edəcəkləri haqqında razılıq əldə edilməsinə nail oldu. Dörd dövlətin imzaladığı müqavilədə Sovet hökumətinin tanınması, silahların azaldılması, ümumi sülhə nail olmaq və s. maddələr var idi.
1922-ci il aprelin 1-də Sovet nümayəndə heyəti Berlinə gəldi. Aprelin ikisində və üçündə G.V.Çiçerinin və Sovet nümayəndələrinin İozef Virt və Valter Ratenau ilə görüşləri oldu. Berlin danışıqlarından aydın oldu ki, Almaniya Sovet Rusiyası ilə müqavilə bağlamağa tələsmir. Lakin Sovet nümayəndələri ilə sonuncu görüş zamanı Virt və Ratenau öz mövqelərini bilirdilər. Almaniya və Rusiya hökumətləri borclar haqqında qarşılıqlı iddialardan imtina etməyə zəmin hazırladılar. Həmin görüş zamanı hər iki tərəf Genuya konfransında yaxın əlaqə saxlamağı qərara aldı. Göründüyü kimi, Sovet tərəfi hələ konfrans ərəfəsində kapitalist dövlətlərinin vahid cəbhə ilə çıxış etməsinə imkan verməmək üçün bəzi işlər gördü.
Genuya konfransı 1922-ci il aprelin 10-da öz işinə başladı ki, burada da 29 dövlət, Britaniya müstəmləkələri ilə birlikdə isə 34 dövlət iştirak edirdi. Böyük dövlətlərdən yalnız ABŞ Genuya konfransında rəsmən iştirak etməsə də İtaliyadakı səfir Çayld konfransda “müşahidəçi” kimi iştirak edirdi. Konfransı İtaliyanın baş naziri L.Fakta açdı. Sonra Lloyd Corc, Luyi Bartu, İozef Virt və başqaları çıxış edərək Sovet Rusiyasına əsarətli saziş şərtləri qəbul etdirmək üçün onun təsərrüfat çətinliklərindən istifadə etməyə çalışırdılar. Onlar bütün çar hökumətinin borclarını, o cümlədən müharibədən əvvəlki borcların, həmçinin milliləşdirilmiş müəssisələrin xarici sahiblərinə qaytarılmasını tələb edirdilər.
Sovet nümayəndə heyətinin başçısı G.V.Çiçerin aprelin 10-da konfransın birinci iclasında Sovet Rusiyasının qarşılıqlı fayda, hüquq bərabərliyi əsasında bütün dövlətlərin hökumətləri və ticarət-sənaye dairələri ilə iqtisadi əməkdaşlıq qurmaq və Sovet hökumətini qeyri-şərtsiz tanımaq səylərindən bəhs edən bəyannaməsini elan etdi. Konfransda G.Çiçerin öz çıxışında Qərb dövlətlərilə dinc yanaşı yaşamaq əsasında əməkdaşlıq etməyi, ümumi tərksilah haqqında danışıqlara başlamağı təklif etdi.
Genuya konfransında Qərb dövlətlərinin Sovet nümayəndə heyətinə təqdim etdiyi memorandumda çar, müvəqqəti və ağqvardiyaçı hökumətlərin borclarının qaytarılması, milliləşdirilmiş əmlaka görə kompensasiya verilməsi, xarici ticarət üzərində dövlət inhisarının ləğv edilməsi, xarici vətəndaşlara geniş imtiyazlar verilməsi tələb edilirdi. Qərb dövlətləri Sovet Rusiyasını kapitalist dünyası qarşısında əvvəlcə siyasi, sonra isə iqtisadi cəhətdən təslim olmağa məcbur etmək niyyətində idilər. Sovet nümayəndələri bu kimi qəbul edilməz tələbləri qəti surətdə rədd etdi və həmin tələblərin soyğunçuluq xarakterini açıb göstərdi. RSFSR hökuməti müharibədən əvvəlki borcların bir hissəsini ödəməyə bu şərtlə razılıq verərdi ki, bunların ödənilməsi üçün 30 il möhlət və ölkəyə borc verilsin. Kapitalist dövlətlərinin tələblərinə cavab olaraq Sovet nümayəndə heyət tələb etdi ki, xarici müdaxilə dövründə kapitalist dövlətləri Sovet ölkəsinə vurduqları 39 milyard qızıl manat miqdarında zərəri ödəməlidirlər. Sovet nümayəndə heyəti həm də tələb edirdi ki, danışıqlar yalnız qarşılıqlı bərabərlik prinsipi əsasında aparılsın.
Konfransın gedişində Sovet diplomatları Birinci Dünya müharibəsinin qalib dövlətləri və məğlub edilmiş Almaniya arasında kəskin ziddiyyətləri aşkar edərək onlarla ayrı-ayrılıqda müqavilə bağlamaq, kapitalist dövlətlərinin vahid cəhbə planını pozmaq niyyətində idi. Konfransın lap birinci günündən məlum oldu ki, Almaniya Antanta dövlətlərinin mövqeyində durmaq istəmir. Məhz ona görə ki, onlar Versal müqaviləsinin məlum maddələrini müzakirə etməkdən imtina etmişdi. Bu vəziyyət Almaniyanı təbii olaraq Rusiya ilə ittifaqa sövq edirdi. Genuya konfransında Sovet diplomatiyası qalib dövlətlərlə Almaniya arasındakı ziddiyyətlərdən öz xeyrinə istifadə etdi. Almaniya güzəştli müqavilə bağlamaq siyasətini həyata keçirə bilmədiyindən Sovet Rusiyası ilə danışıqlara başladı. Aprelin 16-da alman nümayəndə heyəti ilə müqavilə şərtləri razılaşdırıldı. Həmin gün Sovet nümayəndəliyinin iqamətgahı Rapalloda nümayəndə heyətinin başçısı, Xalq Xarici İşlər Komissarı G.V.Çiçerin və Almaniyanın Xarici İşlər Naziri V.Ratenau Sovet Rusiyası ilə Almaniya arasında müqavilə imzaladı. Bu müqaviləyə əsasən, tərəflər iddialardan qarşılıqlı surətdə imtina edir, iki ölkə arasında diplomatik münasibətlər bərpa olunurdu.
Müqavilənin imzalanması Qərb dövlətlərinin antisovet planlarına qəti zərbə vurdu. Ra-pallo müqaviləsinin imzalanması nəticəsində antisovet planlarının pozulması, Sovet Rusiyası və Almaniyanın beynəlxalq aləmdə vəziyyətinin yaxşılaşması Fransa, İngiltərə və ABŞ hakim dairələrinin ciddi narazılığına səbəb oldu. Bununla kapitalist dövlətlərinin Genuya konfransından çox əvvəl hazırlamış olduqları, Rusiyanı və başqa sovet respublikalarını iqtisadi və siyasi cəhətdən tabe etməyi nəzərdə tutan planları Rapallo müqaviləsi bağlanmasından sonra məğlubiyyətə düçar oldu. Konfrans öz işini 1922-ci il mayın 19-da başa çatdırdı. Antanta dövlətlərinin təqsiri üzündən Genuya konfransı nəticəsiz oldu. Genuyada Antanta dövlətləri ilə sazişə gəlmək mümkün olmadı. Lakin Rusiya hökuməti Almaniya ilə Rapallo müqaviləsini bağlamaqla kapitalizm cəbhəsini yardı, dövlətlər arasındakı ziddiyyətlərdən öz xeyrinə istifadə etdi. Bu isə kapitalist dövlətləri cəbhəsinə çaxnaşma saldı, onların bütün planları boşa çıxdı. Genuya konfransını varlanmaq mənbələrinə çevirə bilmədilər.
Genuya konfransı 39 gün davam etdikdən sonra Qərb dövlətlərinin Sovet Rusiyasına qarşı düşmənçilik mövqeyi tutması nəticəsində pozuldu. Lakin bu konfrans açıq surətdə göstərdi ki, Sovet Rusiyasının iştirakı olmadan beynəlxalq əlaqələrin normal hala salınması mümkün deyildir.1922-ci il iyunun 26-dan iyulun 20-dək Haaqada Genuya konfransında iştirak etmiş dövlətlərin ekspertlərinin iştirakı ilə konfrans keçirildi. Sovet nümayəndəliyi bəyan etdi ki, Sovet Rusiyası xarici borcları qəbul edə bilər, o şərtlə ki, Qərb dövlətləri Sovet ölkəsi ilə diplomatik münasibətlər yaratmalı və ona kredit verilməlidir. Sovet dövlətinin xarici ölkələrə borcu 18,5 milyard qızıl manat hesablanırdı. M.M.Litvinov elan etdi ki, Qərb ölkələri vətəndaş müharibəsi və xarici hərbi müdaxilə sayəsində Sovetlər ölkəsinə vurulmuş 39 milyard manat məbləğində zərəri ödəməyə borcludur. Qarşılıqlı iddialar sayəsində Haaqa konfransında heç bir qərar qəbul edilmədi.
Beynəlxalq gərginliyin artması. 1922-clilin noyabrından 1923-cü ilin iyul ayına kimi davam edən Qara dəniz boğazları haqqında Lozanna konfransında qəbul edilmiş müahidə Sovet dövlətini qane etmirdi. D.Kerzonun təqdim etdiyi ingilis layihəsinə əsaslanan Fransa və İtaliyanın müdafiə etdiyi müahidə dinclik dövründə və müharibə zamanı bütün ölkələrin ticarət və hərbi gəmilərinin Qara dəniz boğazlarından sərbəst keçməsini nəzərdə tuturdu. Sovet tərəfinin fikrincə bu o demək idi ki, böyük kapitalist dövlətləri öz hərbi gəmiləri üçün sovet sahillərinə yol açmışdılar. 8 ölkənin təmsil olunduğu Lozanna konfransında sovet nümayəndə heyətilə birlikdə 9 ölkə təmsilçisi yalnız ayrı-ayrı məsələlərin müzakirəsində iştirak edə bilərdi. Konfransda sovet nümayəndə heyəti 1922-ci il dekabrın 18-də belə bir təklif irəli sürdü ki, dinc və müharibə dövründə boğazlar Türkiyə istisna olmaqla bütün ölkələrin hərbi gəmiləri üçün bağlansın. Sovet təklifi qəbul edilmədiyindən SSRİ Lozanna konfransının müahidəsini təsdiq etmədi. 1936-cı ildə Montredə (İsveçrə) məsələyə yenidən baxılaraq Qara dəniz boğazları ilə bağlı hazırki hüquqi status qəbul edildi.
1923-cü ilin yazında SSRİ-nin beynəlxalq vəziyyəti yenidən mürəkkəbləşdi. 1923-cü il mayın 8-də İngiltərənin Xarici İşlər naziri Lord Kerzon Sovet hökumətinə nota təqdim etdi. Tarixə “Kerzonun ultimatumu” adı ilə daxil olmuş notada SSRİ hökumətindən tələb edilirdi ki, müstəqil xarici siyasət yeritməkdən əl çəksin. Lozanna konfransından sonra Sovet dövlətinə qarşı hücuma keçən xarici qüvvələr SSRİ-nin Şərq ölkələrində nüfuzuna zərbə vurmaq üçün tələb edirdilər ki, yaxın Şərqdə Britaniya əleyhinə Sovet hökumətinin apardığı təbliğat dayandırılsın, Sovet müvəkkilləri Əfqanıstandan və İrandan geri çağırılsınlar, sovet məhəlli sularında qeyri-qanuni balıq ovuna görə tutulmuş ingilis balıqçı gəmiləri dərhal buraxılsın və onlara dəyən zərər ödənilsin. Sovet hökuməti notanın tələblərini 10 gün müddətində qəbul etməyəcəyi təqdirdə Kerzon ticarət münasibətlərini kəsəcəyi ilə hədələyirdi. Kerzonun notası xaricdə antisovet qüvvələrin fəallaşmasına səbəb oldu ki, bunun da nəticəsində 1923-cü il mayın 10-da Romadakı sovet nümayəndəsi V.V.Vorovski Lozannada öldürüldü. Kerzonun notası xarici ölkələrdə mənfi qarşılandı. Bir çox ölkələri İngiltərə hökumətinin siyasətinə qarşı etiraz dalğası bürüdü ki, bu da 1923-cü ilin iyun ayında onu ultimatumu geri götürməyə məcbur etdi.
Sovet dövləti ilə kapitalist ölkələri arasında diplomatik münasibətlərin olmaması onların qarşılıqlı surətdə faydalı əməkdaşlığına mane olurdu. Genuyadakı müvəffəqiyyəti inkişaf etdirərək Sovet dövlətinin əsas kapitalist ölkələri tərəfindən hüquqi cəhətdən tanınmasına nail olmaq vəzifəsini öz qarşısına qoydu,1924-1925-ci illərdə bu vəzifə uğurla yerinə yetirildi və bu illər tarixə, SSRİ-nin tanınması dövrü kimi daxil oldu. 1924-cü il fevralın 2-də İngiltərə SSRİ-ni hüquqi cəhətdən tanıdı və Sovet İttifaqı ilə Böyük Britaniya arasında diplomatik münasibətlər yarandı. İngiltərənin ardınca İtaliya 1924-cü il fevralın 7-də, Norveç fevralın 15-də SSRİ ilə diplomatik münasibətlər yaratdılar. SSRİ-nin İngiltərə və İtaliya ilə normal münasibətlərinin bərpa olunmasının ardınca Avstriya, Yunanıstan, İsveç, Danimarka, Meksika
1924-cü ildə Sovet İttifaqını de-yure tanıdıqlarını bəyan etdilər.
SSRİ ilə yaxınlaşmaq tərəfdarı olan Fransanın “sol blok” hökümətinin Baş naziri Eduard Errio 1924-cü il oktyabrın 28-də xəbər verdi ki, Fransa Sovet dövlətini tanımışdır. Fransanın SSRİ-ni tanımasının mühüm siyasi əhəmiyyəti var idi, belə ki, bu birbaşa sovet xarici siyasətinin nüfuzunun artdığını göstərirdi. Noyabr ayının 14-də SSRİ MİK-nin Rəyasət heyəti L.B.Krasini Xalq Xarici Ticarət komissarı vəzifəsində saxlamaqla Fransada səlahiyyətli nümayəndə təsdiq etdi. J.Erbett Fransanın SSRİ-də səfiri təyin olundu.
1924- cü ilin mayında SSRİ ilə Çin arasında diplomatik münasibətlər yaradılması haqqında saziş imzalandı. Sovet dövləti çar hökumətinin Çinlə bağladığı bütün qeyri-bərabər müqavilələri ləğv etdi və Rusiyaya məxsus olan ŞÇDY-nin Sovet Çin müdiriyyətinin birgə idarəsinə verməyə razı oldu, ŞÇDY hər iki dövlətin mülkiyyətinə çevrildi və birgə istismar edilməyə başlandı.
Kapitalist dövlətlərindən yalnız ABŞ əvvəlki kimi SSRİ-ni tanımaqdan və onunla diplomatik münasibətlər qurmaqdan imtina edirdi. SSRİ-ni tanımaqdan imtina edən ABŞ-ın təşəbbüsü ilə bankir Ç.Daues Almaniyadan təzminat alınması, onun iqtisadiyyatının, valyuta və bank sisteminin sabitləşməsi məqsədilə bir plan hazırladı. 1924-cü ilin yayında Londonda keçirilən konfransda qəbul edilən “Daues planı” Almaniyanı hərbi və iqtisadi potensialını bərpa etməyə, daha fəal xarici siyasət yeritməyə və SSRİ-yə qarşı durmağa sövq edirdi. Bu planın qüvvədə olduğu altı il müddətində Almaniya xarici ölkələrdən 21 milyard marka kredit almış, özü isə cəmi 7,5 milyard təzminat ödəmişdir.
1925- ci ilin oktyabrında 5-dən 16-a kimi İngiltərə, Fransa, İtaliya, Almaniya, Belçika, Polşa və Çexoslovakiyanın iştirakı ilə Lokarno (İsveçrə) konfransı keçirildi. Konfransda Reyn təminat paktı, Almaniyanın Millətlər Cəmiyyətinə daxil olması və SSRİ-yə qarşı sanksiyalarda iştirakı və s. məsələlər müzakirə edildi. Fransa, Polşa və Çexoslovakiya tələb etdi ki, Almaniya Polşa və Çexoslovakiyanın sərhədlərinin təhlükəsizliyinə təminat versin, lakin alman tərəfi bu tələbləri qəbul etmədi. 1925-ci ilin dekabrında imzalanmış Reyn təminat paktı Fransa-Almaniya və Almaniya-Belçika sərhədlərinin toxunulmazlığına təminat verdi. 1925-ci il oktyabrın 25-də Fransa, Polşa və Çexoslavakiya ilə təminat müqavilələri imzaladı. Beləliklə, Almaniyaya qərb sərhədləri üçün təminat verildi. Şərqdə isə SSRİ-yə qarşı hərəkət azadlığı imkanı saxlandı. Almaniya həm də Millətlər Cəmiyyətinə daxil olmaq imkanı qazandı. “Daues planı” və Lokarno sazişləri Qərb ölkələrinin SSRİ-yə qarşı siyasətindən qaynaqlanırdı. Buna baxmayaraq, 1924-1925-ci illərdəki “Diplomatik tanınma” dövründə SSRİ Avropa, Asiya və Afrikanın 13 dövləti ilə diplomatik münasibətlər yaratmışdır, 1925-ci ilin əvvəllərində isə 22 dövlətlə diplomatik əlaqə saxlayırdı.
20-ci illərin ikinci yarısından başlayaraq antisovet kompaniyası yenidən qızışdı. Dünya antisovet qüvvələrinin lideri İngiltərənin Mühafizəkarlar partiyası 1926-cı il oktyabrın 7-də SSRİ ilə əlaqələri kəsməyi əsas vəzifə kimi irəli sürdü. İngiltərənin mürtəce qüvvələri İngiltə-rə-Sovet münasibətlərini pozmağa çalışır, başqa ölkələrin SSRİ-yə qarşı düşmən hərəkətlərini müdafiə edirdilər.
Xarici İşlər üzrə xalq komissarlığı 1926-cı ilin sentyabrında SSRİ-nin Londondakı səlahiyyətli nümayəndəsi L.Krasin vasitəsilə İngiltərə hökumətinə bildirdi ki, İngiltərə ilə SSRİ arasında münasibələrin qaydaya salınması beynəlxalq münasibətlərin sülh yolu ilə inkişafına təkan verərdi. Lakin İngiltərə hakim dairələri 1927-ci il fevralın 23-də İngiltərənin Xarici İşlər naziri O.Çemberlen vasitəsilə Sovet hökumətinə nota verdilər. Notada deyilirdi ki, Sovet hökuməti Britaniya əleyhinə təbliğat aparıb və onun daxili işlərinə qarışır. Odur ki, İngiltərə Sovet İttifaqı ilə ticarət və diplomatik münasibətləri kəsmək fikrindədir. 1927-ci il mayın 27-də İngiltərənin mühafizəkar hökuməti Sovet İttifaqı ilə diplomatik və ticarət münasibətlərini məhz baş nazir S.Bolduin Sovet dövlətini İngiltərəyə qarşı düşmənçilikdə günahlandırması sayəsində kəsdi. Bunun ardınca Fransada, Polşada, Baltikyanı ökələrdə antisovet təbliğatı gücləndirildi, 1927-ci il iyunun 7-də Polşadakı sovet səfiri P.L.Voykov Varşava vağzalında öldürüldü ki, bu da İngiltərə tərəfindən təşkil olunmuşdur.
Mancuriyanın mürtəce dairələrinin köməyi ilə 1927-ci ilin aprelində ŞÇDY üzərinə hücum təşkil edildi. İngilis səfiri Settonun göstərişi ilə Çin əksinqilabının liderlərindən biri Çjan Tszo-linin əsgərləri və polisləri 1927-ci il aprelin 9-da Pekindəki sovet səfirliyinə basqın etdi. 1927-ci ilin noyabrında Şanxaydakı sovet konsulluğuna hücum edildi, dekabrda Kan-tonda sovet nümayəndəliyi dağıdıldı, Nankin burjua hökumətinə tabe olan ərazilərdə Sovet idarələri bağlandı. Bu SSRİ-yə qarşı düşmən əhatəsi yaratmaq, Sovet İttifaqını Çin, Polşa və digər dövlətlərlə hərbi münaqişə sövq etmək səyləri idi. Sovet dövlətinin yeritdiyi siyasət antisovet təşkilatçılarına SSRİ-ni hərbi nünaqişəyə cəlb etməyə imkan vermədi. Sovet dövləti müharibə həvəskarlarının iç üzünü açır və onların vahid antisovet cəbhə yaratmaq cəhdlərinə qarşı mübarizə aparırdı. SSRİ ilə onun qonşuları arasında bağlanmış müqavilələr sülh uğrunda mübarizədə mühüm addım oldu.
1925-ci ilin dekabrında Türkiyə, 1926-cı ilin avqustunda Əfqanıstan, 1927-ci ilin oktyabrında İranla bitərəflik və hücum etməmək haqqında müqavilələr imzalandı. 1926-cı ilin aprelində SSRİ ilə Almaniya arasında hücum etməmək və bitərəflik haqqında 5 il müddətinə müqavilə bağlandı və bu Lokarno sazişlərinin antisovet ruhunu xeyli zəiflətdi. 1926-cı ilin sentyabrında SSRİ ilə Litva arasınd dostluq və bitərəflik haqqında müqavilə bağlanması Qərbi Avropa dövlətlərinin SSRİ-yə qarşı Baltikyanı ölkələri blokunu yaratmaq planlarını pozdu.
1927- ci il aprelin 6-da Fransanın Xarici İşlər naziri A.Brian ABŞ-ın dövlət katibi F.Kelloqa müraciət edərək milli siyasət vasitəsi kimi müharibədən imtina etmək haqqında bəyannamə ilə çıxış etməyi təklif etdi. 1927-ci il dekabrın 28-də ABŞ-ın dövlət katibi F.Kelloq Fransanın Xarici İşlər naziri A.Briana cavab məktubunda bildirdi ki, “ABŞ Fransanın təklifini razılıqla qəbul edir və belə hesab edir ki, “əbədi sülh” haqqında müqavilə bağlamaq o zaman mümkün olar ki, müharibəni milli siyasət kimi inkar etməyə razı olan digər böyük dövlətlər də ona qoşulsunlar.”
1928- ci il iyunun 23-də ABŞ müharibədən imtina etmək haqqında müqavilənin layihəsini 14 ölkənin hökumətinə göndərdi.1928-ci il avqustun 27-də Parisdə Brian-Kelloq paktını ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Yaponiya və başqaları daxil olmaqla cəmi 15 dövlət imzaladı. Fransanın SSRİ-dəki səfiri J.Erbett pakta qoşulmağı Sovet dövlətinə təklif etdi. SSRİ Xalq Xarici İşlər komissarı G.V.Çiçerin bildirdi ki, Sovet dövlətinin əsas məqsədi müharibəyə son qoymaq, müharibəni qanundan kənar etməkdir. Odur ki, SSRİ-nin pakta qoşulması zəruridir. Sovet hökuməti 1928-ci il sentyabrın 6-da paktı imzalayaraq ona qoşuldu. Sovet dövləti pakta qoşulmağa kifayətlənmədi, həm də onun təşəbbüsü ilə Brian-Kelloq paktını vaxtından əvvəl qüvvəyə mindirmək barəsində öz qonşularına təkliflə müraciət etdi.
1929-cu il fevralın 9-da Moskvada Brian-Kelloq paktını vaxtından əvvəl qüvvəyə mindirmək barəsində protokolu SSRİ, Estoniya, Latviya, Polşa və Rumıniya imzaladılar. 1929-cu ilin aprelində Türkiyə, İran və Litva da ona qoşuldu. Həmin protokolun imzalanması SSRİ ilə qonşu ölkələr arasında dinc münasibətlərin möhkəmlənməsinə müsbət təsir göstərdi. Brian-Kelloq paktı 1929-cu ilin iyul ayında qüvvəyə mindi.
Tərksilah və kollektiv təhlükəsizlik uğrunda SSRİ-nin fəaliyyəti.Tərksilah və kollektiv təhlükəsizlik uğrunda mübarizə SSRİ-nin xarici siyasət fəaliyyətinin mühüm istiqamətlərindən biri idi. Tərksilah məsələsi Millətlər Cəmiyyətində, onun komissiyalarında müzakirə edilirdi. 1919-cu il yanvarın 25-də Paris konfransı Millətlər Cəmiyyətinin yaradılmasının zəruriliyi haqqında qətnamə qəbul etdi. 1919-cu ilin aprelində Millətlər Cəmiyyətinin 26 maddədən ibarət nizamnaməsi qəbul edildi. Nizamnaməyə görə Millətlər Cəmiyyətinin fəaliyyətinə Məclis və Şura rəhbərlik edirdi. Şuranın 8 üzvündən dördü daimi (İngiltərə, Fransa, İtaliya, Yaponiya), dördü isə müvəqqəti idi. Millətlər Cəmiyyəti sülhü, təhlükəsizliyi, Versal sistemini qoruyub saxlamalı, mübahisəli məsələlərin dinc yolla həllinə səy göstərməli idi.
Tərksilah uğrunda fəaliyyət göstərmək məqsədilə 1920-ci ilin may ayında Millətlər Cəmiyyətinin şurası hərbi ekspertlərdən ibarət daimi məsləhət komissiyası, 1921-ci ilin fevralında tərksilah məsələləri üzrə müvəqqəti komissiya yaratmışdı.
1925-ci ilin dekabr ayında Millətlər Cəmiyyətinin şurası tərksilaha dair beynəlxalq konfrans çağırmaq məqsədilə hazırlıq komissiyası yaratdı və SSRİ də komissiyanın Cenevrədə keçirilən iclaslarına dəvət olundu. 1923-cü il mayın 10-da İsveçrədə Sovet diplomatı V.V.Varovskinin öldürülməsilə bağlı SSRİ nümayəndə heyəti komissiyanın ilk üç sessiyasında iştirak edə bilməmişdir. 1927-ci ilin noyabr-dekabr aylarında hazırlıq komissiyasının dördüncü sessiyasında M.M.Litvinovun başçılığı altında Sovet nümayəndə heyəti iştirak etmişdir. 1928-ci ilin mart ayında komissiyanın V sesiyasında Sovet tərəfi tam və ümumi tərksilah təklifi ilə çıxış etdi. Bu təklifə görə dörd il müddətində bütün ölkələrdə silahlı qüvvələrin şəxsi heyətinin buraxılması, hərbi texnikanın, slahların və bazaların ləğv edilməsi, hərbi zavodların bağlanması, müharibə təbliğatının qadağan edilməsi və s. nəzərdə tutulmuşdu. SSRİ-nin bu təklifi Qərb ölkələrinin nümayəndələri tərəfindən “əvvəlcə təhlükəsizlik, sonra silahların ləğv edilməsi” cavabı ilə qarşılandı. Belə olduqda Sovet nümayəndəsi qismən tərksilah keçirilməsini təklif etdi. Bu layihə 1929-cu ilin aprel-may aylarında komissiyanın VI sesiyasında müzakirə edildi, ancaq qəbul edilmədi.
1932-ci ilin fevralından 1934-cü ilin iyun ayınadək Cenevrədə 63 dövlətin iştirakı ilə tərksilah konfransının çoxsaylı komitə və komissiyalarının iclasları oldu. Tam və ümumi tərksilah prinsipi əsasında konfransın işinin qurulmasını təklif edən Sovet nümayəndə heyəti həm də qismən tərksilah keçirilməsinə, kütləvi qırğın silahlarının ləğv edilməsinə hazır olduğunu elan etdi. 1933-cü ilin oktyabrından Almaniyanın konfransın işində iştirak etməkdən imtina etməsi və müharibə təhlükəsinin artması ilə əlaqədar olaraq Sovet dövləti sülhü qorumaq üçün Cenevre konfransının daimi fəaliyyət göstərməsini təklif etdi, lakin bu da qəbul edilmədi.
1929-cu il iyulun 10-da ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya dövlətləri tərəfindən qızışdırılan Çin millitaristləri SSRİ və Çinin birlikdə idarə etdikləri Şərq-Çin dəmir yoluna hücum etdilər, Sovet təsərrüfat binaları dağıdıldı, əsasən dəmir yolunda işləyən 200 nəfərdən çox sovet qulluqçuları həbs edildilər. Çjan Tszo-linin oğlu general Çjan Syue-lyanın başçılığı ilə 1929-cu il avqustun 18-də Çin təcavüzkarları SSRİ ərazisinə hücum etdilər. Avqustun 20-də SSRİ ilə Çin arasında münasibətlər kəsildi. V.K.Blyuxerin komandanlığı ilə xüsusi Uzaq Şərq ordusu noyabrın 17-də təcavüzkarları sovet ərazisindən qovdu. Dekabrın 3-də ABŞ, İngiltərə və Fransa “məsləhət” və “göstərişlərdən” ibarət bəyannaməni Sovet hökumətinə verdilər. Sovet dövləti bildirdi ki, münaqişə iki dövlətə aid olduğu üçün danışıqlara heç bir digər dövlət qarışa bilməz. 1929-cu il dekabrın 22-də Xabarovskdə bağlanan sazişlə ŞÇDY-da münaqişə ləğv edildi və burada vəziyyət bərpa edildi.
Antisovet müdaxilə planlarının boşa çıxdığını görən İngilitərənin leyborist hökuməti SSRİ ilə münasibətləri dəyişdi. 1929-cu il iyulun 17-də İngiltərənin leyborist D.P.Makdonald hökuməti Sovet hökumətinə münasibətləri bərpa etməyi təklif etdi. Oktyabrın 3-də Londonda saziş bağlandı və SSRİ ilə diplomatik və ticarət münasibətləri bərpa edildi.
1929-cu ildə kapitalist dünyasında ağır iqtisadi böhran baş verdi, 1922-1929-cu illərdəki kapitalizmin nisbi sabitləşməsi dövrü sona çatdı. Əsas kapitalist dövlətlərinin iqtisadiyyatını böhran bürüdü və istehsal aşağı düşdü. Çoxılu taxıl, ət, süd, heyvanlar məhv edildi. Kütləvi aclıq başlandı. İstehsalın ümumi həcmi ABŞ-da 1923-cü ildə olduğundan 2 dəfə az idi. Yaponiya və Almaniyada isə bu rəqəm 40 faiz təşkil edirdi. Böhran kütləvi işsizliyə səbəb oldu. 1929-cu ilin sonunda ABŞ-da işsizlərin sayı 12 milyon, Almaniyada 5,5 milyon, İngiltərədə 2,8 milyon idi. Ümumiyyətlə, bütün kapitalist ölkələrində işsizlərin sayı 30 milyona çatmışdı.
Dünya iqtisadi böhranı şəraitində beynəlxalq münasibətlər gərginləşdi. Bazarlar, nüfuz dairələri, kapital ixracı, müstəmləkələrin yeidən bölüşdürülməsi uğrunda mübarizə qızışdı. Nəinki Birinci Dünya müharibəsində qalib gəlmiş ölkələrlə məğlub edilmiş ölkələr arasında, həmçinin kapitalist ölkələri ilə SSRİ arasındakı ziddiyyətlər də kəskinləşdi. Kapitalist ölkələrinin hakim dairələri yaranmış vəziyyətdən çıxış yolunu Sovet quruluşuna hücum etməkdə, faşist rejimləri qurmaqda və SSRİ-yə qarşı müharibəyə hazırlaşmaqda görürdülər.
Kapitalist dövlətləri böhrandan SSRİ-yə qarşı müharibə aparmaq yolu ilə çıxmağı planlaşdıraraq hərbi müdaxiləni 1930-cu ilin yazı üçün nəzərdə tuturdular. SSRİ-yə qarşı böhtan kampaniyasına din xadimləri də qoşuldular və müharibəni dini pərdə altında aparmaq üçün Poma papası XI Piy 1930-cu il fevralın 2-də SSRİ-yə qarşı “səlib yüyüşünə” çağırdı. Bu çağırışın mənası “dini müdafiə üçün xaçlı yürüşü” pərdəsi altında sosialist dövləti ətafındakı düşmənçilik mühitini yaratmaqdan ibarət idi. 1929-cu ildən başlayaraq Vatikan Sovet dövləti əleyhinə təbliğat və pozuculuq işləri aparmaq üçün kadrlar hazırlayırdı. Vatikana böyük dövlətlər, xüsusilə də ABŞ yardım edirdi. Təkcə 1929-cu ildə ABŞ Vatikana 1,5 milyon dollar ayırmışdır. Vatikanda ağqvardiyaçı knyaz Volkonski başda olmaqla xüsusi komitə yaradılmışdı, burada kommunizmə qarşı mübarizə metodları öyrədilirdi.
Kapitalist dövlətləri SSRİ-yə qarşı hərbi müdaxilə hazırlanmasın “Sovet dempinqi” şayəsi ilə əsaslandırmağa cəhd edərək göstərirdilər ki, böhranın səbəbi Sovet dövlətidir. SSRİ dünya bazarlarına dəyərindən ucuz qiymətə mallar çıxarır, bu isə ölkədə mövcud olan “məcburi” və ya “qul” əməyi ilə bağlıdır. Böhran dövründə dünya ixracatında SSRİ-nin payı isə cəmi 1,9 faiz təşkil etdiyi halda ABŞ, Fransa, Belçika, Rumıniya, Kanada, Yuqoslaviya, Polşa ölkələrinin hökumətləri sovet ixracatına qarşı ayrı-seçkilik tədbirləri görürdülər ki, bu da SSRİ-yə qarşı iqtisadi blokada təşkil etmək cəhdi idi. SSRİ iqtisadi blokadanın təşkilatçılarına qarşı bir sıra əks-tədbirlər həyata keçirdi, belə ki, SSRİ-yə qarşı məhdudlaşdırıcı şərait yaradan ölkələrə mal sifariş edilməsi, həmin ölkələrdən mal satın alınması dayandırıldı və ya maksimum azaldıldı, onların gəmilərinin kirayə edilməsi, limanlardan, tranzit yollarından, bazarlardan istifadə edilməsi dayandırıldı. Bu tədbirlər kapitalist dövlətlərinin iqtisadi mənafeyinə zərbə endirdi, buna görə də onlar SSRİ-yə qarşı tətbiq etdikləri qadağaları ləğv etməyə məcbur oldular.
Həmçinin SSRİ-yə qarşı bir sıra fitnəkarlıq əməlləri törədildi. 1930-cu ildə Finlandiyada Sovet nümayəndəliyi binası dağıdıldı, Varşavada sovet səfirliyini partlatmağa cəhd göstərildi, 1931-ci ildə Moskvadakı Yapon səfirinin, 1932-ci ildə Almaniya səfirliyinin müşavirini öldürməyə cəhd göstərildi.
ABŞ, İngiltərə və Fransa Yaponiya ilə SSRİ arasında müharibə törətmək istəyirdilər. 1931-ci il sentyabrın 18-də, Yaponiya Mancuriyaya hücum etdi. Azad hərəkət etmək məqsədilə Yaponiya 1933-cü il martın 27-də Millətlər Cəmiyyətindən çıxdı və səylə silahlanmağa başladı. Yapon təcavüzkarları Mancuriyanı Sovet İttifaqına hücum etmək üçün əməliyyat meydanına çevirdilər, burada strateji dəmir yolları, təyyarə meydanları, möhkəm istehkamlar tikdilər. Kvantun ordusunun əsgərlərini burada yerləşdirdilər. 1932-ci ilin martında Mancuriyada Yaponiyanın təşəbbüsü ilə Mancou-qo dövləti yaradıldı. 1932-ci ilin iyununda Yaponiya hökuməti həmin dövləti de-fakto tanıdı, əslində isə Mancuriyanı yaponlar idarə edirdi. Uzaq Şərqdə ilk müharibə ocağı belə yaranmış oldu.
Sovet hökuməti sülh siyasəti yeridir və qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmağa çalışırdı. 1932-ci il fevralın 5-də Sovet dövləti Latviya ilə, mayın 4-də Estoniya ilə, iyulun 25-də isə Polşa ilə hücum etməmək haqqında müqavilə bağladı. 1932-ci il yanvarın 25-də SSRİ ilə Fransa arasında hücum etməmək haqqında müqavilə imzalandı və noyabrın 29-da bu müqavilə təsdiq edildi. Fransanın Şərqi Avropadakı müttəfiqləri Rumıniya və Polşa bu müqaviləni müdafiə etdilər. Finlandiya ilə də hücum etməmək haqqında 1932-ci il yanvarın 21-də müqavilə imzalandı. 1929-cu il dekabrınl7-də Sovet İttifaqı ilə Türkiyə arasında 1925-ci il müqaviləsini uzatmaq haqqında, 1931-ci il martın 7-də buna əlavələr haqqında protokol imzalandı. 1931-ci ildə Sovet-Türkiyə ticarət sazişi imzaladı ki, bu da 1927-ci ildəkindən daha geniş ticarət hüquqları nəzərdə tuturdu. Sovet hökuməti Türkiyəyə 8 milyon ABŞ dolları həcmində kredit verdi. M.M.Litvinov Türkiyə dövlət rəhbərləri tərəfindən səmimiyyətlə qarşılandı. 1931-ci il iyunun 24-də bitərəflik və hücum etmək haqqında Sovet-Əfqan müqaviləsi bağlandı. Sovet dövləti Çin ilə münasibətləri yaxşılaşdırmağa çalışırdı. 1932-ci il dekabrın 12-də Sovet İttifaqı ilə Çin arasında 1929-cu ildə kəsilmiş diplomatik münasibətlər bərpa edildi.
30-cu illərdə beynəlxalq vəziyyətin mürəkkəbləşməsi və SSRİ-nin xarici siyasəti. Dünyada tüğyan edən iqtisadi böhran Almaniyada daxili vəziyyətin mürəkkəbləşməsinə, faşistlərin hakimiyyətə gəlməsinə, onların Yaponiya və İtaliya ilə birlikdə dünya ərazisini yenidən bölüşdürmək uğrunda mübarizəyə başlamasına şərait yaratı. 1933-cü il yanvarın 30-da faşistlərin rəhbəri Adolf Hitler Almaniyanın kansleri təyin olundu. Almaniya hərəkət azadlığı məqsədilə 1933-cü il oktyabrın 19-da Millətlər Cəmiyyətindən çıxdı.
“Daues planı”na görə 6 il ərzində 21 milyard marka kredit almış Almaniya bunun sayəsində hərbi iqtisadi potensialını bərpa edib gücləndirdi. Hakimiyyət başına gələn alman nasional sosialistləri faşizmin ən irticaçı və təcavüzkar forması olaraq ABŞ və İngiltərənin köməyi ilə SSRİ-yə qarşı ardıcıl mübarizəyə başladı. 1919-cu ildə yaradılmış Alman Nasional Sosialist Fəhlə Partiyasının rəhbəri Adolf Hitler 1923-cu ildə həbsxanada yazdığı “Mənim mübarizəm” (“Mayn kampf’) kitabında yazırdı: “Biz nasional-sosialistlər müharibədən əvvəlki xarici siyasətin istiqamətini şüurlu surətdə rədd edirik. Bu hərəkatı altı yüz il əvvəl dayandırılmış istiqamətdə təzələyirik. Biz Avropanın cənubuna, qərbinə almanların məlum hücumunu dayandırır və nəzərimizi Şərqdəki torpaqlara yönəldirik. Biz, nəhayət, müharibədən əvvəlki müstəmləkəçilik və ticarət siyasətini dayandıraraq gələcəyin ərazi siyasətinə keçirik. Lakin bu gün biz Avropada yeni torpaqlar barəsində danışırıqsa, birinci növbədə yalnız Rusiya və ona tabe olan sərhədlərdəki dövlətlər haqqında fikirləşə bilərik.” Bunun ardınca Almaniyada açıq faşist (İtalyanca dəstə, birlik deməkdir) diktaturası yaradan A.Hitler ABŞ, İngiltərə və Fransanın yardımı ilə sözdən əməli fəaliyyətə keçdi. Almaniya bir tərəfdən silahlanır, digər tərəfdən ümumi hərbi mükəlləfiyyət tətbiq etməyə hazırlaşırdı.
Almaniyanı “sakitləşdirmək” tərəfdarları Qərb ölkələrinin xarici siyasətində əsas rol oynasa da 30-cu illərdə ABŞ, İngiltərə və Fransanın siyasətində dəyişiklik baş verdi və onlar SSRİ-yə Almaniya, İtaliya və Yaponiyanın dünya ağalığına qarşı dura bilən güc kimi baxmağa başladılar. Artıq 30-cu illərin birinci yarısında Sovet dövlətinin beynəlxalq nüfuzu xeyli möhkəmlənmişdir. Sovet xarici siyasətinin əsas məsələlərindən biri Sovet-Amerika nümasi-bətlərinin normal hala salınması idi. 16 il ərzində ABŞ hakim dairələri SSRİ-ni tanımamaq siyasəti yeritmişdilər. 1933-cu ilin əvvəllərində ABŞ-ın prezidenti seçilmiş F.Ruzvelt SSRİ ilə diplomatik münasibətləri yaratmaq yoluna qədəm qoydu. 1933-cü il oktyabrın 10-da F.Ruzvelt SSRİ MİK-in sədri M.İ.Kalininə məktubla müraciət etdi. Oktyabrın 19-da M.İ.Kalininin cavab məktubundan sonra iki ölkə nümyəndələri arasında danışıqlar başlandı. 1933-cü il noyabrın 16-da SSRİ ilə ABŞ arasında diplomatik münasibətlər yaradıldı. Ruzvelt və Litvinov noyabrın 16-da bir-birinə göndərdikləri notalarda SSRİ-nin və ABŞ-ın hüququna hörmət etməyi və “bir-birinin daxili işlərinə hər hansı şəkildə qarışmamağı” qarşılıqlı surətdə vəd edirdilər.
1934-cü il sentyabın 15-də Millətlər Cəmiyyətinin üzvü olan 30 dövlət Sovet İttifaqına Millətlər Cəmiyyətinə daxil olması təklifi ilə müraciət etdilər. Sovet dövləti bu dəvəti qəbul etməyi qərara aldı, çünki belə hesab edirdi ki, Millətlər Cəmiyyəti bütün nöqsanlarına baxmayaraq, sülh aləti kimi müəyyən rol oynaya bilər, xüsusən ona görə ki, ən təcavüzkar dövlətlər olan Yaponiya və Almaniya 1933-cü ildə Millətlər Cəmiyyətindən çıxmışdılar. Sentyabrın 18-də bu məsələyə Millətlər Cəmiyyətinin iclasında baxıldı. 39 dövlət SSRİ-nin Millətlər Cəmiyyətinə daxil olması, 3 dövlət yəni Hollandiya, Portuqaliya və İsveçrə əleyhinə səs verdi, 7 dövlət isə səsvermədə bitərəf qaldı. SSRİ-nin Millətlər Cəmiyyətinə daxil olması beynəlxalq həyatda faşist təcavüzkarlarını narahat edən çox böyük hadisəyə çevrildi.
Faşist Almaniyasının təcavüzkarlığının getdikcə artdığını nəzərə alaraq Sovet dövləti Avropada kollektiv təhlükəsizlik sistemi yaradılması uğrunda mübarizəni gücləndirdi. 1933-cü ilin axırlarında Sovet hökuməti təklif etdi ki, Mərkəzi və Şərqi Avropa ölkələri Almaniya tərəfindən edilə biləcək hücumdan birgə müdafiə haqqında məhəlli Şərq paktı imzalasınlar. Şərqi Avropa Fransanın nüfuz dairəsinə daxil olduğu üçün Fransa bu təklifə tərəfdar çıxdı, həm də Hitler Almaniyasının törətdiyi təhlükənin artdığını bu ölkədə getdikcə daha çox başa düşürdülər. SSRİ-nin təklifini Fransa Xarici İşlər naziri L.Bartu xüsusilə fəal müdafiə etdi. 1934-cü ilin yayında Sovet-Fransa danışıqlarının nəticəsi olaraq SSRİ, Polşa, Çexoslovakiya, Almaniya, Estoniya, Latviya, Litva və Finlandiya arasında Şərq paktı bağlamaq haqqında birgə təklif hazırlandı. Bu pakt sərhədlərin qarşılıqlı təminatını və hücuma məruz qalan ölkəyə kömək göstərilməsini nəzərdə tuturdu. Eyni zamanda Fransa və SSRİ təcavüz əleyhinə qarşılıqlı yardım haqqında da pakt imzalamalı idilər ki, bununla da Fransa Şərq Paktının zamini, SSRİ isə Lokarno sazişlərinin zamini olurdu.
1934-cü il sentyabrın 8-də Almaniya rəsmi surətdə bildirdi ki, o qarşılıqlı yardım haqqında paktın bağlanmasında iştirak etməyəcək. 1934-cü il sentyabrın 27-də Polşa hökuməti rəsmi surətdə bildirdi ki, əgər Almaniya Şərq paktında iştirak etməsə, Polşa da iştirak etməyəcək. Şərq paktının bağlanmasının fəal tərəfdarı olan Fransanın Xarici İşlər naziri
L.Bartu 1934-cü ildə oktyabrın 9-da Marseldə Yuqoslaviya kralı Aleksandrla birlikdə Xorvat faşistləri tərəfindən qətlə yetirildi. Şərq paktı bağlamaq mümkün olmadığına görə SSRİ ilə Fransa öz aralarında qarşılıqlı yardım haqqında müqavilə bağlamaq qərarına gəldilər və həmin müqavilə 1935-ci il mayın 2-də Parisdə beş il müddətinə imzalandı.
Almaniya tərəfindən təhlükənin gücləndiyi bir şəraitdə Çexoslovakiya hökuməti də SSRİ ilə belə bir müqavilənin bağlanmasına hazır olduğunu bildirdi və bu müqavilə 1935-ci il mayın 16-da bağlandı. Çexoslovakiya hökumətinin təklifi ilə müqaviləyə belə bir maddə daxil edilmişdir ki, əgər SSRİ və ya Çexoslovakiya təcavüzə məruz qalarsa, ancaq Fransanın köməyi şərti ilə bu iki ölkə bir-birinə kömək edə bilərdi. SSRİ-Fransa müqaviləsi 1936-cı ilin fevralında təsdiq edildi.
Versal sülh müqaviləsinin şərtlərinə məhəl qoymayan Almaniya müharibəyə hazırlaşmaq məqsədilə silahlanmağa davam edirdi. 1935-ci ilin martın 9-da Almaniya hökuməti hərbi hava qüvvələri yaratmaq haqqında qərar qəbul etdi. Martın 16-da sıralarında 600 min əsgər və zabit olan 36 diviziya həcmində ümumi hərbi mükəlləfiyyət əsasında silahlı qüvvələrin bərpası haqqında qərar qəbul edildi. Almaniya quru qoşunları və hərbi aviasiya ilə bərabər həm də hərbi donanma yaratmaq məqsədilə 1935-ci ilin iyunun 18-də İngiltərə ilə hərbi dəniz sazişi imzaladı. Buna görə Almaniya İngiltərənin hərbi donanmasının 35% həcmində hərbi donanma, sualtı donanmasının 45 % həcmində sualtı donanma yaratmaq imkanı əldə etdi.
Avropada ikinci müharibə ocağı olan İtaliya Afrikada, Balkanlarda və Dünay hövzəsində ərazilər işğal etməyə səy göstərirdi. 1935-ci il oktyabrın 3-də İtaliya Həbəşistana qarşı müharibəyə başladı və 1936-cı ilin may ayında İtaliya Həbəşistanın işğal edilməsini başa çatdırdı. 1936-cı il mart ayının 7-də Avropanın birinci müharibə ocağı Almaniya Versal müqaviləsinin Reyn silahsız zonası ilə əlaqədar maddələrindən imtina edərək bura 30 min nəfərlik qoşun göndərdi. Almaniyanın Versal müqaviləsini və Lokarno sazişlərini pozması
1936-cı il martın 14-də Londonda Millətlər Cəmiyyəti Şurasının iclasında müzakirə edildi, lakin ona qarşı heç bir sanksiya tətbiq edilmədi.
1936-cı ilin fevral ayında İspaniyada keçirilən parlamet seçkilərində xalq cəbhəsi qalib gəldi və hökumət sülhsevər xarici siyasət və demokratik islahatlar həyata keçirtməyə başladı. Qərb dövlətlərinin köməyi ilə 1936-cı il iyulun 18-də Xalq Cəbhəsi hökumətinə qarşı silahlı qiyam təşkil olundu, avqust ayında isə Almaniya və İtaliya birbaşa İspaniya respublikasına qarşı hərbi əməliyyatlara başladı. İtaliya İspaniyaya 200 min, Almaniya isə 50 min nəfər qoşun göndərərək strateji dəniz yollarına nəzarəti ələ keçirtmək və Fransanı mühasirəyə almaq niyyətində idilər.
SSRİ İspaniya respublikasını müdafiə etməyi, Almaniya və İtaliyanın İspaniyaya qarşı hərbi müdaxiləsinin dayandırılmasını tələb edirdi. Sovet dövləti İspaniya respulikasına 85 milyon dollar kredit verdi, orduya kömək üçün 3000 nəfər mütəxəssis göndərildi. 54 ölkədən 50 min nəfər adam könüllü olaraq İspaniya respublikası tərəfindən müharibədə iştirak etdilər. Qüvvələr nisbətən qeyri-bərabər olduğu üçün 1939-cu il martın 6-da respublika hökuməti öz fəaliyyətini dayandırdı, martın 28-də qiyamçılar Madridə daxil oldu, İspaniya F.Franko diktaturası tərəfindən idarə edilməyə başlandı.
1936-cı il oktyabr ayının 25-də Berlində Almaniya ilə İtaliya arasında “Berlin- Roma oxu” adlanan saziş imzalandı. 1936-cı il noyabr ayının 25-də Berlin şəhərində Almaniya ilə Uzaq Şərqdəki müharibə ocağı olan Yaponiya arasında 5 il müddətinə “Antikominterin paktı” imzalandı.
SSRİ eyni zamanda Uzaq Şərqdə təhlükəsizliyini təmin etmək məqsədilə bəzi tədbirlər gördü. 1935-ci ilin mart ayında Şərqi Çin dəmir yolu 140 milyon iyenə oyuncaq Mancyoy-Qo dövlətinə satıldı. 1934-cü ilin noyabrında SSRİ ilə Monqolustan arasında qarşılıqlı yardım haqqında saziş, 1936-cı il martın 12-də 10 il müddətinə qarşılıqlı yardım haqqında protokol imzalandı.
Uzaq Şərqdəki Yaponiya qoşunları 1937-ci ilin iyulunda Çində hərbi əməliyyatlara başlayaraq 1938-ci ilin payızında onun ərazisinin çox hissəsini işğal etdi. İşğalçılara qarşı mübarizədə Çin əhalisinə kömək edən SSRİ 1937-ci il avqustun 21-də onunla hücum etməmək haqqında müqavilə bağladı. Sovet dövləti Çinə 250 milyon dollar kredit verdi. 1938-ci ilin iyulunda Yaponiya bəzi strateji yerləri işğal etmək məqsədilə Xasan gölü rayonunda SSRİ ərazisinə hücum etdi. Avqust ayında Sovet qoşunları onları məğlub edərək ölkə ərazisindən qovdu. 1939-cu ilin mayında yaponlar Xalxin-Qol rayonunda Monqolustan ərazisinə hücum etdilər. SSRİ-nin və Monqolustanın qoşunları avqust ayının 20-dən 30-dək onları Monqolustan ərazisindən qovdular. 1939-cu il sentyabrın 15-də SSRİ ilə Yaponiya arasında Monqolustanda vəziyyətin dinc yolla nizama salınması barədə saziş imzalandı.
1937-ci ilin noyabr ayında İtaliya Millətlər Cəmiyyətindən çıxdı və “antikominterin paktına qoşuldu”. Bu pakta qoşulan dövlətlər kommunist beynəlmilərinin fəaliyyətinə qarşı birgə mübarizə aparmalı, SSRİ ilə bu pakta zidd olan saziş bağlamamalı idilər.
İşğalçılıq siyasətini genişləndirən faşist Almaniyası 1938-ci il martın 12-də Avstriya ərazisinə qoşun yeritdi, martın 13-də Avstriyanın Almaniyaya birləşdirilməsi rəsmən elan edildi. Faşist Almaniyasının təcavüzünün növbəti qurbanı Çexoslovakiyanın işğalı oldu.
1938- ci ilin 29-30 sentyabrında Münhendə Almaniya, İtaliya, Fansa və İngiltərənin hökumət başçılarının iştirakı ilə konfrans keçirildi və onun qərarı ilə Çexoslovakiyanın əhalisinin əksəriyyətinin almanlardan ibarət olan Sudet vilayəti Almaniyaya verildi. Bunun ardınca sentyabrın 30-da Almaniya ilə İngiltərə arasında hücum etməmək haqqında bəyannamə, dekabrda Parisdə Fransa ilə Almaniya arasında hücum etməmək haqqında müqavilə imzalandı. Bütün bu sövdələşmələr həm də SSRİ-yə qarşı yönəlmişdi, belə ki, ABŞ, İngiltərə və Fransa hesab edirdi ki, Almaniya Çexoslovakiyadan sonra Ukraniyaya hücum edəcək.
Lakin qərb dövlətləri tərəfindən şirnikləndirilən Almaniya 1939-cu il martın 15-də Çexoslovakiya ərazisinə qoşun yeritdi. Martın 16-da Bohemiya və Moraviya protekoratı hüququnda Çexoslovakiya Almaniyanın tərkibinə daxil edildi. 1939-cu il martın 22-də Almaniya ilə Litva arasında imzalanan sazişə əsasən Litvanın Klaypeda limanı Almaniyay verildi.
1939- cu ilin aprelində İtaliya qoşunları Albaniyanı işğal etdi. Aprelin 14-də Albaniya İtaliya Krallığının tərkibinə daxil edildi. 1939-cu il aprelin 28-də Almaniya İngiltərə ilə 1935-ci ildə bağladığı hərbi dəniz sazişini və hücum etməmək haqqında Polşa ilə 1934-cü ildə imzaladığı bəyannaməni ləğv etdi. 1939-cu il mayın 22-də Almaniya İtaliya ilə “Polad paktı” adlanan hərbi-siyasi ittifaq müqaviləsi bağladı ki, buna görə hər iki dövlətin hərtərəfli əməkdaşlığı, xarici təhlükə vaxtı hərbi yardım və s. nəzərdə tutulurdu.
Avropada hərbi-siyasi böhranın dərinləşməsi, Almaniya və İtaliyanın təcavüzkarlığının genişləməsi İngiltərə və Fransanı SSRİ ilə danışıqlar aparmağa məcbur etdi. 1939-cu il avqustun 11-də onların nümayəndələri Moskvaya gəldi, lakin nümayəndə heyətinə ikinci dərəcəli hərbçilərin daxil edilməsi, onların hərbi saziş imzalamaq səlahiyyətinin olmaması göstərdi ki, İngiltərə və Fransa SSRİ ilə hərbi ittifaq bağlamaq fikrində deyil. 1939-cu il avqustun 15-də SSRİ qarşı tərəfə Avropada birgə əməliyyatların üç variantını təklif etdi. İngiltərə və Fransa SSRİ-nin təklif etdiyi plana münasibət bildirmədi və məlum oldu ki, müharibə təhlükəsinə qarşı mübarizədə onlar SSRİ ilə əməkdaşlıq etmək istəmirlər.
30-cu illərin sonunda beynəlxalq vəziyyətin gərginləşməsi şəraitində 1939-cu il avqustun əvvəlində Almaniya SSRİ-yə hücum etməmək haqqında müqavilə bağlamağı təklif etdi və Sovet hökuməti avqust ayının 20-də danışıqlar aparmaq məqsədilə Almaniyanın xarici işlər naziri Ribbentropun Moskvaya səfər etməsinə razı oldu. 1939-cu il avqustun 23-də SSRİ ilə Almaniya arasında 10 il müddətinə hücum etməmək haqqında müqavilə və bundan əlavə
gizli protokol imzalandı. Protokola görə Finlandiya, Latviya, Estoniya və Bessarabviya SSRİ-nin mənafe zonasına daxil edildi, Litva ərazisinin bir hissəsi Almaniyaya verilməli idi. Polşa ərazisi Visla, San və Narev çayları boyu SSRİ ilə Almaniya arasında bölünməli idi. 1939-cu il sentyabrın 28-də Moskvada SSRİ ilə Almaniya arasında dostluq və sərhədlər haqqında müqavilə imzalandı və Polşanın bölünməsi bir daha təsdiq edildi, Polşanın bir sıra rayonları əvəzində Litva SSRİ-nin nüfuz dairəsinə daxil edildi.
Dostluq və sərhədlər haqqında 28 sentyabr tarixli sovet-alman müqaviləsilə Almaniya və SSRİ rəsmi müttəfiq oldu. SSRİ Almaniyanın faktiki müttəfiqi kimi hələ 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumundan sonra sentyabrın 17-də azadlıq yürüşü adı altında Polşanın Şərq rayonları olan Qərbi Ukrayna və Qərbi Belarusiyaya qoşun yeridərək bu torpaqları öz ərazisinə qatmışdır.
1939-cu il 23 avqust müqaviləsinin gizli protokoluna əsasən Finlandiya SSRİ-nin nüfuz dairəsinə daxil olduğu üçün Sovet tərəfi öz sərhədlərinin təhlükəsizliyi adı altında qarşı tərəflə ərazi iddiası ilə danışıqlar aparsa da nəticə əldə edə bilmədi. Odur ki, SSRİ Finlandiyanın onun ərazisini top atəşinə tutması bəhanəsi ilə 1932-ci il hücum etməmək haqqında Sovet-Fin paktını ləğv edərək, 1939-cu il noyabrın 30-da müharibəyə başladı. Fin ordusunu darmadağın edərək xalqı mülkədar və kapitalistlərin istismarçı zülmündən azad etmək əmri alan sovet ordusunun Leninqrad cəbhəsinin qoşunları sərhəddi keçdi, təyyarələr Helsinkini bombaladı. Sovet İttifaqı siyasi manevr edərək 1921-ci ildən Moskvada Komintemin aparatında işləyən fin kommunist partiyasının rəhbərlərindən biri Otto Vilhelmoviç Kuusinenin (1881-1964) başçılığı ilə Finlandiya “Xalq hökumətinin” yarandığını bəyan etdi, hökumət isə öz növbəsində fin xalqını Qızıl Ordunu azadlıq ordusu kimi qəbul etməyə çağırdı. Almaniya bu müharibədə Stalini açıq müdafiə etdi, Fransa və İngiltərə isə öz qəti etirazını bildirdi. Dekabrın 14-də Fransanın təklifi ilə SSRİ “təcavüzkar” ölkə kimi Millətlər Cəmiyyətindən qovuldu, Avropa Hitlerlə Stalin arasında bərabərlik işarəsi qoydu.
Canlı və hərbi texnika cəhətdən qat-qat düşməndən üstün olan Sovet qoşunları fin ordusunun ciddi müqavimətilə üzləşdi, ağır qanlı döyüşlər başladı. Finlərin ciddi müqaviməti Stalinin qısa bir vaxtda müharibəni başa çatdırmaq planını pozdu, bütün dünya şahid oldu ki, Qızıl Ordu müasir müharibə aparmaq bacarığına malik deyil. Odur ki, 1939-cu il dekabrın axırında Baş Qərargah komandanlığı müharibəyə daha yaxşı hazırlaşmaq məqsədilə hərbi əməliyyatları dayandırdı. Fin cəbhəsində 21 diviziya ilə hərbi əməliyyatlara başlayan sovet tərəfi onların sayını 58-ə çatdıraraq üçqat üstünlük əldə etdi. Cəbhəyə əlavə ağır texnika və təyyarələr cəlb edildi. Fevralın 11-də Sovet qoşunları güclü top atəşindən sonra hücuma keçərək fin qoşunlarının müqavimətini qırdı. 1940-cı il martın 12-dən 13-nə keçən gecə Moskvada SSRİ ilə Finlandiya arasında sülh müqaviləsi imzalandı. Sovet İttifaqı istədiyi ərazini aldı, sərhəd 150 km Finlandiyanın içərilərinə çəkildi. Xanko adası hərbi-dəniz bazası olaraq SSRİ-yə icarəyə verildi. Finlandiyadan alınan ərazinin hesabına martın 31-də Karel-Fin Sovet Sosialist Respublikası təşkil olundu. Fin əsgəri öz vətənini müdafiə edirdi. Qızıl Ordu əsgərləri isə nə uğrunda vuruşduqlarını axıra qədər başa düşmürdülər. 1940-cı ildə rəsmi elan olundu ki, Finlandiya ilə müharibədə Qızıl Ordu 48 min nəfər əsgər və zabit itirmişdir. Bu günkü yeni məlumatlar isə 130 min nəfərin öldüyünü təsdiq edir. Fin ordusu 6 dəfə az, cəmi 23 min nəfər itirmişdir. Finlandiya Sovet İttifaqına 5572 nəfər hərbi əsir qaytarmışdır ki, onların da 350 nəfəri hərbi tribunal tərəfindən güllələnməyə, 4354 nəfəri isə dörd ildən səkkiz ilə kimi həbs cəzasına məhkum edilmişdir. 180 nəfər sovet əsgər və zabiti SSRİ-yə qayıtmaqdan imtina etmişdir. Sovet əsirliyində cəmi min nəfər fin əsgər və zabiti olmuşdur.
Fin kampaniyası göstərdi ki, sovet silahlı qüvvələri ciddi hərbi münaqişəyə hazır deyildir. Lakin buna baxmayaraq İ.V.Stalin fin müharibəsini qələbə kimi xarakterizə etdi. Əgər sovet partiya və dövlət rəhbərliyi və şəxsən İ.Stalin bu müharibədən lazımi nəticə çıxara bilsə idi, Böyük Vətən müharibəsinin başlanğıcında bir çox uğursuzluqlardan qaçmaq mümkün olardı. O.Kuusinen “hökuməti” buraxıldı, K.Y.Voroşilovun yerinə S.K.Timoşenko yeni müdafiə naziri təyin olundu. 1939-1940-cı il hərbi münaqişəsi iki ölkə arasındakı münasibətləri pozdu, 1941-ci ilin iyununda Finlandiya Almaniya tərəfində yer aldı.
1939- cu il sentyabrın sonu oktyabrın əvvəlində SSRİ-nin təkidi ilə Baltikyanı respublikalar onunla 10 il müddətinə qarşılıqlı yardım haqqında pakt imzaladı. Baltikyanı respublikalar ərazisində sovet hərbi baza və aerodromları salındı, bura “məhdud sayda” sovet qoşunları yerləşdirildi. Belə bir şəraitdə Baltikyanı ölkələrdə “sol” qüvvələr, xüsusilə kommunistlər fəallaşdılar. 1940-cı il iyunun 17-də bura yeni sovet qoşun hissələri yeridildi. Baltikyanı ölkələrin hökumətləri istefaya getməyə məcbur oldu. İyulun 14-25-də Estoniya, Latviya və Litvada qanunvericilik orqanlarına seçki “tamaşası” təşkil olundu, SSRİ-nin diktəsilə 1940-cı il 21-22 iyulda yeni “seçilən” qanunverici orqanlar Latviya, Litva və Estoniya SSR-nin yarandığını bəyan edərək onları SSRİ-nin tərkibinə daxil etməyi təklif etdilər. 1940-cı il avqust ayının 3-5-də SSRİ Ali Sovetinin VII sessiyası bu təklifi yerinə yetirdi. SSRİ tərəfindən Bal-tikyanı ölkələrdə Sovet hakimiyyətinin bərqərar olması mülkədar, burjuaziya və varlı kəndlilərin əmlakının müsadirə edilməsi, müəssisələrin milliləşdirilməsi və kütləvi repressiyalarla müşayiət olunurdu. Hər üç Baltikyanı respublikadan 50 min nəfərdən artıq əhali Sibirə sürgün edilmişdir ki, onların da çoxu amansız münasibət və sərt iqlim şəraitində məhv olmuşdur.
1940- cı ilin iyununda sovet silahlı qüvvələri 1918-ci ildə Rumıniya tərəfindən Rusiyadan alınan Bessarabiya ərazisinə daxil oldular. Bessarabiya Ukrayna SSR-dən ayrılan Sovet Moldovası ilə birlikdə Moldova SSR-ni təşkil etdi. Eyni zamanda Şimali Bukovina (Çernovits əyaləti) sovet-alman gizli protokolunda Sovet nüfuz dairəsinə daxil edilməməsinə baxmayaraq Ukraynanın tərkibinə ilhaq edildi, bu da Almaniyanın ciddi narazılığına səbəb oldu. Beləliklə, 1939-1940-cı illərdə SSRİ hələ inqilaba kimi Rusiya imperiyasının ərazisinə daxil olan torpaqları zor gücünə öz dövlətinə qatdı. Bu faktı nəzərə alan bir çox xarici və yerli tarixçilər belə hesab edir ki, SSRİ 1941-ci ildə deyil, məhz 1939-cu ildə Hitler Almaniyası tərəfində İkinci Dünya müharibəsinə daxil olmuşdur.
Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev