Bolqarıstan Respublikası.1989-2015-ci illər

Bolqarıstan Respublikası.1989-2015-ci illər

Siyasi, sosial-iqtisadi və xarici vəziyyət.80-ci illərin sonlarına doğru Şərqi Avropanın sosialist ölkələrini bürümüş böhran Bolqarıstanı da əhatə etmiş, ölkə iqtisadi və sosial-siyasi çətinliklərlə qarşılaşmışdır. Teodor Jivkovun tarixə çevrilmiş hökmranlığı dövründə məhsul qıtlığı və inflyasiyanın artması ilə bərabər, milli münasibətlər sahəsindəki uğursuz siyasət, xüsusilə türklərə qarşı ayrı-seçkilik, onların hüquqlarının tapdalanması ölkədəki kommunist rejiminin süquta uğraması ilə nəticələndi. 1989-cu il noyabrın 10-da BKP MK plenumu T.Jivkovu Baş katiblikdən azad etdi, partiyanın rəhbərliyindən “mühafizəkar qanad” deyilən nümayəndələr uzaqlaşdırıldı.

1989-cu ilin dekabrında yenilənmiş BKP MK Plenumu özünün “sosializm seçiminə” sədaqətini təsdiq etdi. Plenum həmçinin cəmiyyətin vaxtı çatmış tələbatına uyğun dəyişikliklər etmək zərurətini müzakirə edərək, MK yeni seçki qanununun hazırlanması, 1990-cı ilin mayından gec olmayaraq parlament seçkilərinin keçirilməsi, iqtisadi sahədə islahat keçirilməsi üçün qanunverici baza yaradılması haqqında qərar qəbul etdi

Ölkədə onlarca siyasi təşkilat yaranmağa başladı, əvvəllər mövcud olmuş partiyalar, o cümlədən Sosial-Demokrat partiyası öz fəaliyyətini bərpa etdi. Çoxpartiyalı sistem və parlamentli demokratiya uğrunda çıxış edən bir sıra partiya və təşkilatlar, o cümlədən BƏXİ, BSDP, Radikal-Demokrat partiyası Demokratik Qüvvələr İttifaqında (DQİ) birləşdilər. Antikommunist mövqeyində duran bu təşkilat BKP-nin ölkənin ictimai-siyasi sistemində yeri və rolu haqqında məsələ qaldırdı. Müxalifətin təzyiqi altında 1990-cı ilin yanvarında Xalq Məclisi BKP-nin cəmiyyətdə və dövlətdə rəhbər qüvvə olduğunu təsbit etmiş 1971-ci il Konstitusiyasının birinci maddəsini ləğv etdi.

1990-cı il yanvarın 16-da ilk dəfə çağrılan dairəvi masada nümayəndələr, partiya və dövlət strukturlarının bölünməsi, parlament seçkilərinin keçirilməsi, çoxpartiyalıq əsasında Böyük Xalq Məclisinin çağırılması məsələlərini müzakirəyə çıxardılar. Dairəvi masanın (ynavar-mart 1990-cı il) çağırılmasına səbəb 1989-cu ilin dekabrında Bolqarıstanın müsəlman əhalisinin hüquqlarının bərpa olunması haqqında qəbul edilmiş qərar ətrafında baş verən hadisələr oldu. Bu qərarın əleyhidarları çoxsaylı etiraz aksiyasına başladılar və bunun kuli-minasiya nöqtəsi 1990-cı il yanvarın 7-də Sofiyada baş vermiş mitinq oldu. Qarşıdurmanın qarşısını almaq məqsədilə Xalq Məclisinin sədri S.Todorov BKP, DQİ, dini qruplar və türk azlıqlarının nümayəndələrindən ibarət Ümumxalq milli barışıq komitəsi yaratmaq təklifi verdi.

1990-cı il yanvarın 30-dan fevralın 2-dək olan BKP-nin növbədənkənar XIV qurultayı sosializm cəmiyyətinin yeniləşdirilməsini partiyanın başlıca vəzifəsi elan etdi və partiyanın rəhbər rolundan imtina etdi. T.Jivkov və onu əhatə edən adamlar BKP-dən xaric olundular, partiya özü isə adını dəyişdirib Bolqarıstan Sosialist Partiyası (BSP) oldu. Daha sonra BSP marksizmdən imtina etdiyini və proletariat diktarurası ilə demokratiya anlayışlarının bir araya sığmadığını bildirdi, totalitar rejim illərində zərər çəkənlərin hamısından üzr istədi. Qurultay həmçinin yeni hökumətin — “milli razılıq” hökumətinin təşkil edilməsi təklifi ilə də çıxış etdi.

Andrey Lukanov başda olmaqla yeni hökumət — Nazirlər Şurası yaradıldı. Yeni hökumət, ilk növbədə, muzdlu işçi qüvvəsindən istifadə edilməsində qoyulmuş məhdudiyyətləri ləğv etdi, ticarət və xidmət sahələrində sahibkarlığın canlanmasına şərait yaratdı. Əldə edilmiş razılığa əsasən 1990-cı il aprelin 3-də Dövlət Şurası buraxıldı. Böyük Xalq Məclisi çağrı-lanadək prezident səlahiyyətlərinin icrasını parlament Pyotr Mladenova tapşırdı. Parlament həmçinin siyasi partiyalar haqqında, seçkilər haqqında qanunları təsdiq etdi ki, burada partiyaların etnik və dini zəmində yaradılmasına icazə verilmirdi.

BSP özünü demokratik dəyişiklikləri sona çatdırmağa qadir olan yeganə qüvvə hesab edirdi. DQİ-nin seçkiqabağı platforması isə əsil fəaliyyət proqramı idi və burada Bolqarıstanda bazar iqtisadiyyatının yaradılması, azad mənəvi mədəniyyətin, demokratik parlamentarizmin, hüquqi dövlətin, vətəndaş cəmiyyətinin yaradılması öz əksini tapmışdı.

1990-cı ilin iyununda Böyük Xalq Məclisinə seçkilər keçirildi. Seçkilərdə — səslərin 47 faizini qazanmış BSP parlamentdə 400 yerdən 211, DQİ 144, BƏXİ 16, Bolqarıstan müsəlmanlarının marağını müdafiə edən Hüquq və Azadlıqlar Uğrunda Hərəkat 23 yer aldı. Seçkilərdə qələbə qazandıqdan sonra BSP qarşısında real idarəedici partiya kimi prespektivlər açıldı. Bu partiya həm də Böyük Xalq Məclisində çoxluq təşkil etdiyindən P.Mladenovun 1990-cı ilin aprelində yenidən prezident seçilməsinə nail oldu.

Müxalifət dərhal hücuma keçdi, DQİ-nin lideri Jelyu Jelev seçkiləri “azad, lakin əyri” adlandırdı. 1990-cı il iyunun 12-də Sofiyanın ali təhsil müəssisələri üç günlük “işğal” tətilləri keçirdilər, paytaxtda çadır şəhərciyi qurdular. DQİ əsas zərbəni P.Mladenova qarşı yönəltdi, o, 1989-cu ilin dekabrında nümayişçilərə qarşı güc tətbiq olunmasının əsas təşkilatçısı elan edildi. P.Mladenovun özünü doğrultmaq cəhdi heç bir nəticə vermədi, 1990-cı ilin iyulunda prezident postundan istefa verdi bu vəzifəyə avqustun 1-də Böyük Xalq Məclisi tərəfindən keçmiş dissident, DQİ lideri Jelyu Jelev seçildi. Lakin BSP əleyhdarları ilə onun tərəfdarları arasındakı ziddiyyətlər cəmiyyətdə gərginlik mənbəyi olaraq davam edirdi.

1990-cı ilin payızında iqtisadi problemlər yenidən önə çıxdı. 1990-cı ilin birinci yarısında istehsal 1989-cu ilin göstəricilərinə nisbətən 10 faiz aşğı düşdü, inflyasiya 108 faizə çatdı, işsizlərin sayı xeyli çoxaldı. Sentyabrda əsas ərzaq məhsullarının bölüşdürülməsində kupon sistemi tətbiq olundu. İran körfəzindəki böhran da ölkənin vəziyyətinə mənfi təsir göstərdi. BMT-nin qərarına əsasən Bolqarıstan İraqla əlaqələri kəsməli oldu və nəticədə 1990-cı ildə oradan 600 min ton nefti ala bilmədi. 1990-cı ilin martında Bolqarıstan xarici borclarını, iyun ayından isə ona əlavə olunan faizlərin qaytarılamsını dayandırdı. Eyni zamanda A.Lukanov hökumətinin ABŞ və BVF-nin yardımı ilə hazırladığı proqram layihəsini nə DQİ və nə də BƏXİ qəbul etmədi.

1990- cı ilin noyabrında DQİ A.Lukanov hökumətinə etimad göstərməmək təklifi ilə Böyük Xalq Məclisinə təklif verdi, lakin bu təklif müdafiə edilmədiyindən DQİ fraksiyası parlamenti tərk etdi. Bundan sonra Həmkarlar ittifaqları da eyni təkliflə parlamentə müraciət etdi. Həmkarlar ittifaqları tərəfindən ümumi tətil elan edildi. Noyabrın 29-da A.Lukanov istefaya getməyə məcbur oldu. 1990-ci ilin dekabrında bitərəf Dimitri Popov başda olmaqla koalisyon hökumət təşkil olundu. BDP hökumətdə əsas vəzifələri itirdi və həlledici siyasi qüvvə kimi mövqeyi zəiflədi.

İslahatın keçirilməsinə şərait yaratmaq məqsədilə D.Popovun kabineti tətil və nümayişlərin keçirilməsinə 200 günlük qadağa qoydu, qiymətlər sərbəst buraxıldı, Bolqarıstan Xalq bankını dövlətin nəzarətindən azad etdi. Həmçinin kənd təsərrüfatında kollektiv təsərrüfatları ləğv etmək və kiçik müəssisələrin özəlləşdirməsinə dair qanun layihələri hazırlandı. D.Popov kabinetinin addımları Avropa İttifaqı tərəfindən müdafiə olunurdu və bu qurum islahatları davam etdirməsi üçün Bolqrıstana 13 milyon dollar ayırdı. 1991-ci il iyulun 12-də Bolqarıstanın yeni Konstitusiyası qəbul olundu. Bolqarıstan unitar, demokratik və hüquqi dövlət elan edildi. Dövlətin başçısı prezident ümumi, birbaşa seçki əsasında 5 il müddətinə seçilirdi. Ali qanunverici orqan bir palatandan ibarət Xalq Məclisi 240 deputatdan ibarət olaraq 4 il müddətinə seçilirdi. Konstitusiyaya görə icraedici orqan Nazirlər Şurası idi ki, bu da baş nazir və nazirlərdən təşkil olunurdu. Konstitusiya nəzarət orqanı Bolqarıstan Konstitusiya Məhkəməsi təsbit olundu. Yenə həmin ilin oktyabrın 13-də yeni Xalq Məclisinə seçkilər keçirildi. Seçkilərdə 38 partiya iştirak edirdi. Yalnız üç partiya öz namizədlərini parlamentə keçirə bildi. 240 yerdən 110-nu DQİ, 106 yeri BSP və 24 yeri Hüquq və Azadlıqlar Uğrunda Hərəkat aldı. Seçkilərin nəticələri göstərdi ki, Bolqarıstanda çoxsaylı partiyaların olmasına baxmayaraq BSP və DQİ partiyaları daha çox tərəfdara malikdir.

1991- ci ilin noyabrında Filip Dmitrov başda olmaqla yeni hökumət təşkil edildi. Hökumətinin tərkibinin böyük əksəriyyəti Demokratik Qüvvələr İttifaqının nümayəndələrindən ibarət idi. 1992-ci ilin yanvarında ölkədə ilk prezident seçkiləri keçirildi. J.Jelev seçicilərin 53 faizinin səslərini toplayaraq prezident seçildi. 1992-ci ilin sonunda F.Dmitrovun kabinetini J.Jelevin keçmiş müşaviri, professor Lyuben Berov başda olmaqla yeni hökumət əvəz etdi. L.Berov hökumətinin qarşısında əvvəlki hökumətin qarşısında duran vəzifələr, iqtisadiyyatda islahatların keçirilməsi, ölkəyə kreditlərin cəlb edilməsi dururdu. L.Berovun “peşəkarlar” hökuməti özəlləşdirmə, xüsusi və xarici kapital qoyuluşuna dair əvvəlki hökumətin qəbul etdiyi qanunları həyata keçirməyə başladı. 1947-1962-ci illərdə müsadirə olunmuş müəssisələr əvvəlki sahiblərinə qaytarıldı. Lakin islahtın keçirilmə surəti çox aşağı idi. 1994-cü ilin yanvarına qədər torpaqların yalnız 46 faizi şəxsi mülkiyyətə keçmişdi. İqtisadiyyatda anarxiya və bununla əlaqədar olaraq mütəşəkkil cinayətkarlıq baş alıb gedirdi. Serbiya və Çernoqoriyaya qarşı BMT sanksiyalarına qoşulması Bolqarıstanın çətinliklərini daha da artırdı.

Radikal addımlar atması və dözülməzlik şəraiti DQİ-dən onun bir çox tərəfdarlarının uzaqlaşmasına səbəb oldu. Bu özünü 1994-cü ildə keçirilmiş parlament seçkilərində göstərdi. Nəticədə, BSP 43,5 faiz, DQİ isə cəmi 24,3 faiz sə topladı. BSP-nin lideri Jan Videnovun başçılıq etdiyi yeni hökumət əsas ərzaq məhsullarının qiymətlərini aşağı salmalı, kommunal xərcləri azaltmalı, bolqar-sovet münasibətlərini nizama salmaqla bolqar mallarının Rusiya Federasiyasının bazarlarına yol tapmalı, ölkənin yanacaq-energetika problemlərini həll etməli idi. Lakin 1995-1996-cı illərdə böhranın əlamətləri daha da gücləndi, milli valyuta iflasa uğradı, inflyasiya 1996-cı ildən 310 faizə çatdı, elektrik enerjisi və benzinin qiymətləri artdı, ölkədə həyat səviyyəsi kəskin şəkildə aşağı düşdü.

J.Videnov hökumətinin qarşısında duran vəzifələri həll edə bilməməsi 1996-cı ilin noyabrında keçirilmiş prezident seçkilərində özünü göstərdi. Birləşmiş Demokratik Qüvvələri - DQİ, Xalq İttifaqı (BƏXİ və 1990-cı ildə bərpa edilmiş Demokratik partiya) və Hüquq və Azadlıqlar uğrunda hərəkatını təmsil edən Pyotr Stoyanov ölkənin prezidenti seçildi. Bundan sonra Birləşmiş Demokratik Qüvvələr BSP hökumətinin istefaya göndərilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etdilər. 1997-ci ilin aprelində keçirilən parlament seçkilərində BSP məğlub oldu və seçkilərdə qələbə çalan Birləşmiş Demokratik Qüvvələr (BDQ) bütün aparıcı mövqeləri ələ keçirdi.

Seçkilərdən sonra yaradılmış hökumətin başçısı vəzifəsinə BDQ lideri İvan Kostov təyin olundu. İ.Kostov 1989-cu ildən sonra parlamentin tam səlahiyyətli müddətində hökumətə rəhbərlik edən ilk baş nazir oldu. İ.Kostov hökumətinin fəaliyyəti maliyyə sisteminin stabilləşməsi ilə bağlı olan iqisadi vəzifələrin təxirə salınmadan həll olunmasına, istehsal sahələrinin yenidən qurulmasına, özəlləşdirmənin başa çatdırılmasına, bir sözlə Bolqarıstanın NATO və Avropanın digər təşkilatlarına (Bolqarıstan 1992-ci ildən Avropa Şurasının üzvü idi) daxil olmaq üçün zəruri zəmin yaradılmasına yönəldilmişdi. Nəticədə, qısa müddətdə infilyasiyam aşağı salmaq, büdcə kəsirini azaltmaq, iqtisadi dirçəlişə nail olmaq mümkün oldu. 1998-2002-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 4,1 faizə çatdı ki, 1990-1997-ci illərdə bu göstərici mənfi 4,6 faiz təşkil edirdi. İ.Kostov hökuməti 1990-cı ildən başlanan özəlləşdirməni başa çatdırdı. 2000-ci ilin iyununda dövlət mülkiyyətində olan müəssisələrin yarıdan çoxu, sənaye müəssisələrinin isə 82,2 faizi mülkiyyət formasını dəyişdirdi. Xüsusi bölmənin çəkisi ümumi daxili məhsul istehsalında təqribən 70 faizə çatdı. Bununla yanaşı, kabinet korrupsiya qalmaqalı ilə üzləşdi və Baş nazir 1999-cu ilin dekabrında kabinetin 10 naziri dəyişməyə məcbur oldu. 2000-ci ilin sentyabrında Baş nazirin özü də zərbə altına düşdü, səbəb isə onun arvadının rəhbəri olduğu “gələcək Bolqarıstan” fondu ətrafında baş vermiş qalmaqal idi.

Cəmiyyətdə BSP və DQİ-nin nüfuzu kəskin şəkildə aşağı düşdü. Narazı qüvvələr bundan istifadə etdilər. Onlar ölkəni 1946-ci ildə məcburi tərk etmiş və 2001-ci ildə Bolqarıstana qayıtmış sabiq çar Simeon Saksen-Koburq-Qotskinin ətrafında birləşdilər. Simeon seçicilərə varlı və ədalətli biznesmen, korrupsiyanın qatı əleyhdarı, geniş beynəlxalq əlaqələrə malik şəxs kimi təqdim edilirdi. II Simeon aktiv siyasi fəaliyyətə başlayaraq, Milli hərəkat adlı siyasi təşkilat yaratdı. Təşkilat həm də diqqəti cəlb edən sosial yönümlü proqram hazırladı. Təşkilatın proqramında əhalinin həyat səviyyəsinin yüksəldilməsi, 800 gün ərzində iqtisadiyyatın sağlamlaşdırması, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizənin gücləndirməsi, siyasi həyatda şəffaflığın bərqərar edilməsi və s. nəzərdə tutulurdu. Bu, yeni siyasi təşkilat 2001-ci ildə keçirilən parlament seçkilərində qalib gəldi, II Simeon Bolqarıstanın Baş naziri oldu.

Bundan sonra, keçirilən prezident seçkilərində Milli hərəkat öz namizədini irəli sürmədi. 2001-ci ilin noyabrında seçicilərin qeyri fəallığı şəraitində keçirilən prezident seçkilərində BSP nümayəndəsi Georgi Pırvanov ölkənin prezidenti seçildi.

Simonun kabineti xarici siyasətin əsas vəzifələrini həyata keçirə bildi. Bolqarıstan 2004-cü ilin martında NATO-ya daxil oldu. 2005-ci ilin aprelində prezident G.Pırvanov və Baş nazir Simeon Avropa İttifaqına qoşulmaq haqqında müqaviləni imzaladılar. Daxili həyatda iqtisadiyyatın stabilləşməsi baş verdi, ölkənin kredit reytinqi artdı, infilyasiya və işsizlik azaldı. Lakin bolqar əhalisinin bütün sosial məsələlərini Simeonun hökuməti həll etmək gücündə deyildi. Bu, 2005-ci ildə keçirilən parlament seçkilərinin nəticələrində özünü göstərdi. Seçkilərdə sol Bolqarıstan Sosial-Demokrat partiyası, sosialist-demokratların siyasi hərəkatının yaratdığı “Bolqarıstan adına koalisiya” 82, İkinci Simeon Milli hərakatı (İSMH) 53, Demokratik Partiyası İttifaqı (DPİ) 34 deputat yeri qazandı. 2005-ci ilin iyulunda Bolqarıstan parlamenti 119 nəfər deputat səsinə qarşı 120 nəfər səslə BSP-nin rəhbəri Sergey Stanişevi Baş nazir təsdiq etdi. 2006-cı il noyabr ayında olan prezident seçkilərində G.Pırvanov yenidən seçicilərinin səslərinin əksəriyyətini alaraq ikinci dəfə Bolqarıstan Respublikasının prezidenti seçildi. Beləliklə, 2005-ci ilin avqustundan 2009-cu ilin iyuluna qədər sosialist Sergey Stanişevin koalisiyon hökuməti fəaliyyət göstərdi. Kabinetin tərkibinə eyni zamanda sabiq baş nazir Simeonun “İkinci Simeon” Milli hərəkat partiyasının və Əhməd Doğanın Hüquq və Azadlıq uğrunda Hərəkat partiyasının nümayəndələri də daxil olmuşdur.

2009-cu ildə Bolqarıstan parlamentində növbəti seçkilər keçirildi. Seçkilərdə Boyko Borisovun liberal-mühafizəkar “Vətəndaşlar Bolqarıstanın avropa inkişafı uğrunda” (GERB) partiyası qələbə çaldı. 2009-cu il iyulun 27-də B.Borisov yeni hökuməti təşkil etdi. Yeni Baş

nazirin hökuməti Bolqarıstanın Avropa ilə inteqrasiyası və Şimali Atlantika əməkdaşlığında iştirakı tərəfdarı idi. Bolqarıstanda elektrik enerjisi qiymətlərinin artırılması ilə başlayan güçlü etirazlar şəraitində 2013-cü il fevralın 19-da Baş nazir Boyko Borisovun kabineti istefa verdi, fevralın 21-də parlament hökumətin istefasını təsdiq etdi.

2012-ci ildə Bolqarıstan Respublikasında prezident seçkiləri keçirildi, Rosen Asenov Plevneliyev prezident seçildi. Keçid dövründə Bolqarıstanın əsas iqtisadi göstəriciləri, o cümlədən daxili ümumi məhsul istehsalının həcmi, sənaye və aqrar bölmənin məhsul istehsalı, xarici və daxili ticarət, əhalinin məşğulluğu aşağı düşmüşdür. Artıq 2000-ci ildən başlayaraq Bolqarıstanda bazar iqtisadiyyatına keçilməsi ilə əlaqədar olaraq iqtisadi və təssərrüfat vəziyyəti sabitləşməyə başladı. Ölkənin ümumi daxili məhsul istehsalı həcmi 2003-cu ildə 5, 2005-ci ildə 6 faiz artdı. İnflyasiya 2000-ci ildəki 10,3-dən, 2003-cü ildəki 2,4 faizə düşdü. Əvvəlki illərdən fərqli olaraq ağır sənaye deyil emal və qida sənayesi sahələri ön plana keçdi.

Aqrar bölmənin təsərrüfatlarının 65,9 faizi xüsusi bölmənin payına düşür. Kənd təsərrüfatı məhsullarının istehsalının 28,8 faizini isə kooperativlər verir. İqtisadiyyatdakı dəyişikliklər əhalinin strukturuna da təsir etmişdir. 2003-cü ildə Bolqarıtan əhalisinin 74,8 faizi xüsusi bölmədə çalışırdı. Sənaye və kənd təsərrüfatında çalışan işçilərin sayı aşağı düşmüş, bunun müqabilində xidmət sahələrindəki işçilərin miqdarı artmışdır.

Bolqarıstanda nəqliyyat iqtisadiyyatın əsas sahələrindəndir. Avtomobil nəqliyyatı əsas vasitə kimi 19611 km şosse yoluna malikdir. 2012-ci ildə ölkənin dəmir yolları 6938 km təşkil etmişdir. Bolqarıstan Rumıniya, Serbiya, Yunanıstan, Türkiyə kimi qonşu dövlətlərlə dəmir yol xəttinə malikdir. Ölkədə 8 əsas hava aeroportu mövcuddur.

Bolqarıstan Respublikasında İnternet geniş yayılmışdır. 2011-ci il rəsmi məlumatına əsasən şəhərlərdəki evlərin 54,1, kənd yerlərindəki fərdi evlərin 18,1 faizində kompüter vardır. Onların isə müvafiq olaraq 51,4 və 16,4 faizi İnternetə bağlana bilir. Ölkədə təhsil və elmin inkişafı xüsusilə riyaziyyat, informatika, fizika, tibb və farmasevtlik sahəsində diqqəti cəlb edir. Dövlət və icma məktəblərində təhsil pulsuzdur. Məktəb təhsili “Xalq Maarifi haqqında Qanunla” idarə edilir və orta təhsil 1-4, 5-8, 9-12-ci sinifləri əhatə etməklə üç dərəcəyə bölünür. 2009-cu ildə Bolqarıstanda 47 universitet fəaliyyət göstərirdi ki, onlar da bakalavr, magistr, doktor dərəcələri verirdi.

Bolqarıstan Respublikasının xarici siyasət sahəsindəki ən böyük uğuru 2004-cü il aprelin 2-dən NATO-ya, 2007-ci il yanvarın 1-dən Avropa İttifaqına üzv olamsıdır. Bu addım Bolqarıstan Rusiya münasibətlərində soyuqluq yaratsa da bunu aradan qaldırmaq mümkün olmuşdur. 2003-cü ilin martında Rusiya Federasiyasının prezidenti V.V.Putin Bolqarıstana səfər edərək dostluq və tərəfdaşlığı inkişaf etdirmək əzmində olduğunu nümayiş etdirdi. Hər iki ölkə arasında əlaqələri möhkəmlətmək məqsədilə 10 ikitərəfli sənəd imzalandı. Xüsusilə yanacaq-energetika sahəsində əlaqələr önə çıxdı. Rusiya qazının 2010-cu ilə kimi Bolqarıstandan keçmək şərtilə Yunanıstan, Makedoniya, Serbiya, Qaradağ və Türkiyəyə nəql edilməsi razılaşdırıldı. Rusiya Federasiyası Bolarıstana qaz sahəsində əməkdaşlıq üçün 150 milyon dollar həcmində kredit ayırdı. Eyni zamanda, 2003-cü ildə Boqarıstanla Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq genişləndi.

Bolqarıstanın MDB ölkələri ilə, o cümlədən Azərbaycanla əlaqələri inkişaf edir. Konkret olaraq Azərbaycan Resublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Respublikasına rəsmi səfəri və ölkə prezidenti Jelyu Jelevlə görüşü hər iki ölkənin dostluq əlaqələrindən xəbər verir. Bu görüş çərçivəsində Azərbaycan və Bolqarıstan prezidentləri hər iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladılar.

1999-cu ilin dekabrında Bolqarıstan Respublikasının prezidenti Peter Stoyanov Azərbaycana rəsmi səfərə gələrək hər iki ölkə arasında münasibətlərin daha da inkişafına şərait yaratdı. Bu səfər çərçivəsində iki ölkə arasında elm, təhsil, mədəniyyət sahəsinin yaxınlaşmasına xüsusi diqqət ayrılmışdır. Bu gün də Bolqarıstan Azərbaycan əlaqələri inkişaf edib möhkəmlənməkdə davam edir. Belə ki, 2015-ci ilin martın 4-də Sofiyada Bolqarıstan prezidenti Rosen Plevniliyev ölkəsinə rəsmi səfərə gəlmiş dost Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil etmişdir. Görüşdə Azərbaycanın dövlət başçısı yüksələn xətt üzrə davam edən Azərbaycan Bolqarıstan münasibətlərindən danışaraq hər iki ölkənin gələcəkdə də strateji əməkdaşlığı davam etdirmək əzmində olduğunu xüsusilə vurğulamışdır. Bolqarıstanın dövlət başçısı hər iki ölkə arasındakı iqtisadi əməkdaşlığın əhəmiyyətini qeyd edərək, xüsusilə “Cənub Qaz dəhlizinin” Bolqarıstan və Cənub Şərqi Avropa üçün önəmli mahiyyət daşıdığını ifadə etmişdir. 2016-cı il martın 10-11-də IV Qlobal Bakı Forumu çərçivəsində hər iki dövlət başçısı yenidən bir araya gəlib. Martın 10-da keçirilən ikitərəfli danışıqlarda Azərbaycanın Bolqarıstan arasındakı strateji əməkdaşlığın yüksələn xəttdə inkişaf etməsindən, enerji, əczaçılıq və başqa sahələrdə əməkdaşlığın perspektivlərindən ətraflı bəhs edilmişdir. Bütün bunlar bir daha Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi və mədəni əlaqələrini göstərir.

XXI yüzilliyin əvvəllərində Bolqarıstan Respublikasının xarici siyasətində dərin dəyişikliklər baş verdi, bununla da ölkə yeni dünya qaydası ilə yaşamağa və mübarizə aparmağa başladı.

2014-cü il dekabrın 31-nə olan rəsmi məlumata görə Bolqarıstan Respublikasının əhalisi 7202 198 nəfərdir, ərazisi isə 110993,6 km2təşkil edir. Rosen Pleveneliyev Bolqarıstanın prezidenti, Boyko Borisov Baş naziridir. İnzibati İdarəetmə sisteminə görə Bolqarıstan 28 vilayətə, onlar öz növbəsində 264 icmaya bölünür. Bolqar levi ölkənin pul vahididir. Sofiya, Plovdiv, Varna, Burqas, Pleven, Şumen və b. ölkənin ən böyük şəhərləridir. Rəsmi dövlət dili bolqar dili olan Bolqarıstan parlament respublikasıdır.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

Top