Vətən Cəbhəsinin əsas işi Antihitler koalisiyası ölkələrinin etimadını qazanmaq və onların müdafiəsinə nail olmaq idi. Yaranmış mürəkkəb şəraitdə ölkə əhalisinin böyük əksəriyyəti Sovet İttifaqına xüsusi ümid bəsləyirdi. SSRİ tərəfindən müdafiə olunan Bolqarıstan müharibənin son mərhələsində Almaniyaya qarşı çıxmaq imkanı qazandı. 1944-cü ilin oktyabrında imzalanmış barışıq sazişinə əsasən Bolarıstanın hərbi hissələri Yuqoslaviya, Macarıstan və Avstriyanın azad edilməsi əməliyyatlarda iştirak etdi. Bununla da, Bolqarıstan müharibənin sonunda Antihitler koalisiyası dövlətləri tərəfində olduğunu göstərdi. Bolqarıstanın müttəfiqlərə qoşulması gələcəkdə qalib dövlətlərlə imzalayacağı müqavilələr üçün mühüm əhəmiyyət daşıyırdı. 1945-ci ilin avqustunda SSRİ ilə diplomatik münasibətlərin bərpa olunması Bolqarıstan Fəhlə partiyası ilə də bilavasitə əlaqələrin yaradılmasına təsir etdi. Nəticədə, ölkədə Bolqarıstan Fəhlə partiyasının fəaliyyəti xeyli artdı və bu partiya ölkənin ən böüyük siyasi qüvvəsinə çevrildi. Adı dəyişdirilərək Bolqarıstan Fəhlə (Kommunist) partiyası adlandırıldı. 1944-cü ilin sentyabrında partiyanın sıralarında 13-14 min nəfər adam olduğu halda ilin sonunda onların sayı 250 min nəfərə çatdı.
“Zveno” Xalq İttifaqının nümayəndələrinin və kommunistlərin mühüm vəzifələr tutduğu Vətən Cəbhəsi kabineti dövlət aparatının bütün pillələrində “təmizləmə” apardı. Hökumətin qərarı ilə ölkədə 2 ali məhkəmə və 64 vilayət məhkəməsi yarandı. Məhkəmələr Bolqarıstanı Üçlər paktına cəlb edənləri, hərbi caniləri cəzalandırmaq məqsədilə yaradılmışdır. Məhkəmənin çıxardığı hökm qəti idi və ondan şikayət vermək olmazdı. Rəsmi məlumata görə 1944-cü ilin oktyabrından 1945-ci ilin martına qədər olan müddətdə məhkəmə məsuliyyətinə 11 mindən artıq adam cəlb olunmuşdu. Onların içərisində Xalq Məclisinin deputatları, keçmiş nazirlər, polis işçiləri və b. var idi. Real olaraq 30 mindən 100 minə qədər adam xalq məhkəmələrindən keçmişdir. Ölüm cəzasına məhkum olunanların sayı 2 min nəfərdən çox idi. Nəzərdə tutlurdu ki, bu tədbirlər sülh danışıqlarında Bolqarıstanın mövqeyinin möhkəmlənməsinə səbəb olacaq.
1945- ci ilin iyununda hökumət avqustun 26-da parlament seçkilərinin keçirilməsi haqqında qərar çıxardı. Parlament seçkilərinə hazırlıq ölkədə siyasi parçalanma prosesini sürətləndirdi. Vətən Cəbhəsində strategiya və taktika məsələlərində baş verən ziddiyyətlər BƏXİ və BFSDP-nin parçalanmasına gətirib çıxartdı. Həmin partiyalardan ayrılmış qruplardan iki müxalifət partiyaları — N.Petkovun başçılığı altında BƏXİ və başda K.Lulçev və Q.Çeşmeciyev olmaqla BFSDP yaradıldı. Hər iki partiya seçkilərin vaxtının dəyişdirilməsi uğrunda mübarizə aparırdı. Ölkədə seçicilərin öz iradələrini sərbəst həyata keçirməsi üçün zəruri şəraitin olmadığını əsas götürən ABŞ və Böyük Briyaniyanın Nəzarət şurasındakı (Bu Şura Potsdam konfransında Almaniyanın işğalı prinsiplərini hazırlamaq məqsədilə yaradılmışdı) nümayəndələrinin təzyiqi altında seçkilərtəxirə salındı.
Vətən Cəbhəsi hökuməti dörd müxalifət partiyanı — N.Petkovun BƏXİ, K.Lulçevin BFSDP, həmçinin Birləşmiş Radikallar və Demokratik partiyanı seçkilərə buraxdı. Seçkilərə BƏXİ daha fəal qoşulmuşdu və onun rəhbəri N.Petkov seçkilərdə iştirak etmək üçün ilkin şərt kimi hökumətin istefasını tələb edirdi. Lakin bu tələb yerinə yetirilmədiyindən N.Petkov öz tərəfdarlarını seçkiləri boykot etməyə çağırdı. BƏXİ partiyasını digər müxalifət qüvvələri də müdafiə etdilər. 1945-ci il noyabrın 18-də keçirilmiş seçkilərdə Vətən Cəbhəsinin qələbəsi ilə başa çatdı, seçki məntəqələrinə gələnlərin sayı 80 faizi ona səs verdi. Lakin seçkilərdə müxalifət iştirak etmədiyindən ABŞ və Böyük Britaniya onun nəticələrini qəbul etmədilər.
ABŞ, SSRİ və Böyük Britaniya xarici işlər nazirlərinin 1945-ci ilin dekabrında keçirilmiş müşavirəsində bolqar hökumətinə tövsiyə edildi ki, hökumətin tərkibinə müxalifət partiyalarının iki nümayəndəsini daxil etsin. Əslində söhbət BƏXİ-in nümayəndəsi N.Petkovdan və BFSDP-nin nümayəndəsi K.Lulçevdən gedirdi. Onların K.Georgiyev hökumətinin tərkibinə daxil olmalarını inandırmaq cəhdləri nəticə vermədi. Onlar həmçinin azad parlament seçkilərinin keçirilməsini, Daxili işlər və Ədliyyə nazirliklərinin kommunistlərin diktaturasından azad olunmasını tələb edirdilər.
1946- cı ilin martında Xalq Məclisi qeyri-qanuni yolla əldə edilmiş (1935-ci il yanvarın 1-dən sonra) mülkiyyətin müsadirəsi haqqında qanun qəbul etdi. Yenə həmin ildə Xalq Məclisi aqrar islahat, yəni “torpaq əmək mülkiyyəti” haqqında qanunu təsdiq etdi. Bu qanun şəxsi torpaq mülkiyyətinin maksimum normasını müəyyən etdi. Bu, Dobrudcada 30 hektar, digər rayonlarda 20 hektar müəyyən edildi. 1946-cı ilin sonunda 3,6 min mülkiyyətçidən alınmış 56,4 min hektar və dövlət fondundan ayrılmış 80 min hektar torpaq 124 min torpaqsız və az torpaqlı kəndlilərin istifadəsinə verildi. Xalq Məclisi orduya rəhbərlik və ona nəzarət haqqında qanun layihəsini də bəyəndi. Qanun tətbiqi nəticəsində Komissiya tərəfindən ordudan 2,5 min zabit xaric edildi. “Zveno” təşkilatının nümayəndəsi D.Velçev hərbi nazir vəzifəsindən azad edildi və BFP (K)-nin üzvü Q.Damyanov həmin vəzifəyə təyin edildi. Parlament tərəfindən 1946-cı ildə qəbul edilmiş qanunlar kommunist partiyasının mövqeyini xeyli möhkəmləndirdi.
1946-cı ilin iyulunda Xalq Məclisi dövlət idarəçiliyi forması haqqında məsələnin referenduma çıxarılması haqqında qərar qəbul etdi. Müxalifət partiyaları bundan hökumət əleyhinə təbliğat kampaniyası kimi istifadə etdilər. Onlar K.Georgiyevin kabinetini qeyri-demokratik, birpartiyalı və diktator hökuməti kimi xarakterizə etməyə başladılar. Bununla yanaşı, onlar Bolqarıstanda republika idarə formasının yaradılması uğrunda çıxış edirdilər. 1946-cı il sentyabrın 8-də Sovet qoşunlarının ölkədə olması şəraitində Bolqarıstanda referendum keçirilirdi. Rəsmi məlumata əsasən 4509354 nəfər səsvermə hüququ olan ölkə əhalisinin 91,63 faizi referendumda iştirak etmiş, onların 92,72 faizi monarxiya qurluşunun devrilməsi və respublika elan olunmasına tərəfdar olmuşdur. Monarxiya tərəfdarları referendumun nəticələrini şübhə altına alaraq bunu birbaşa sovet ordusunun ölkədə olması ilə əlaqəli olduğunu bildirdilər.
Buna baxmayaraq 1946-cı il sentyabrın 15-də Xalq Məclisi Bolqarıstanı Xalq Respublikası elan etdi (BXP), çar ailəsi ölkəni tərk etdi. Növbədə BXP-in yeni konstitusiyası haqqında məsələ dururdu ki, bunu da Böyük Xalq Məclisi qəbul etməli idi. Böyük Xalq Məclisinə keçiriləcək 1946-cı il oktyabrın 27-nə təyin olunmuş seçkilərə hazırlıq siyasi mübarizənin kəskinləşməsinə səbəb oldu. Nəzarət Şurasındakı ABŞ və Böyük Britaniyanın nümayəndələri ölkədə həqiqi azad seçkilərin keçirilməsi məsələsini irəli sürürdü. SSRİ isə Bolqarıstan hökumətinə ABŞ və Böyük Britaniya rəyindən asılı olmayaraq seçdiyi siyasi kursa əməl etməyi tövsiyə edirdi.
SSRİ-nin müdafiəsinə arxalanan Vətən Cəbhəsi özünün seçkiqabağı kampaniyaya hazırladığı yeni konstitusiya layihəsinin təbliği əsasında başladı. 1946-cı il oktyabrın 27-də keçirilən seçkilər nəticəsində Vətən Cəbhəsi Böyük Xalq Məclisində 367 yer (275 yer BFP(K), 69 yer BƏXİ, 8 yer “Zveno” Xalq İttifaqı, 9 yer BFSDP, 1 yer müstəqil namizəd), müxalifət koalisiyası isə 99 yer aldı. 1946-cı ilin noyabrında formalaşmış hökumətdə 20 nazir portfelindən 10-nu kommunistlər aldılar. Baş nazir postunu 1945-ci ilin noyabrında SSRİ-dən vətənə qayıtmış G.Dmitrov tutdu, o, həm də Böyük Xalq Məclisi tərəfindən yaradılmış konstitusiya komissiyasının sədri idi.
Dimitrov Georgi Mixayloviç 1882-ci ildə Perniksk vilayətinin Kovaçevski kəndində yoxsul sənətkar ailəsində doğulmuşdur. 1902-ci ildə BFSD partiyasının, 1903-cü ildən onun “sıx sosisalistlər” bolşevik qanadının üzvü olmuşdur. 1909-cu ildən BFSD (sıx sosialistlər) partiyası MK-nin üzvü olmuşdur ki, bu partiya 1919-cu ildə BKP-na çevrilmişdir. 1923-cü ildə sentyabr silahlı üsyanının rəhbərlərindən biri kimi ölüm hökmünə məruz qalmışdır. Əvvəlcə Yuqoslaviyaya, sonra SSRİ və Almaniyaya qaçmışdır. 1933-cü il fevralın 27-də faşistlərtərəfındən Reyxstaqı yandırmaq iddiası ilə həbs edilərək 1933-cu ilin sentyabr-dekabr aylarında Leypsiq məhkəmə prosesində bəraət almışdır. Sovet vətəndaşlığı alan G.Dmitrov 1934-cü il fevralın 27-də SSRİ-yə gələrək 1935-ci ildə Kominternin İcraiyyə Komitəsinin katibi seçilmişdir. 1943-cü il mayın 15-də Komintern buraxıldığı üçün o, ÜİK-(b) P MK-nın Beynəlxalq (xarici) şöbəsinin rəhbəri təyin olunmuşdur. Sovet ordusu Bolqarıstanda kommunist rejimini bərqərar etdikdən sonra 1945-ci il noyabrın 6-da G.Dmitrov Bolqarıstan Nazirlər Sovetinin sədri təyin edilmişdir. 1949-cu ilin yanvarından ictimaiyyətdən təcrid edilən G.Dmitrov SSRİ-də rəsmi məlumata əsasən diabetdən vəfat etmişdir. 1990-cı ildə Bolqarıstanda kommunist rejimi yıxıldıqdan sonra onun cənazəsi saxlandığı mavzoleydən çıxarılaraq dəfn edilmiş, 1999-cu ilin avqustunda isə mavzoley dağıdılmışdır.
1947- ci ilin fevralında Parisdə Bolqarıstanla sülh müqaviləsi imzalandı. SSRİ-nin bütün cəhdlərinə baxmayaraq, Bolqarıstan Antihitler koalisiyası üzvü statusunu almadı, lakin ərazi itkisinə də məruz qalmadı. Onun sərhədləri 1941-ci il yanvarın 1-dək olan sərhədlər çərçivəsində saxlanıldı. Müqavilənin qüvvəyə minməsindən sonra, 90 gün ərzində Sovet qoşunları və fəaliyyətini dayandırmış Nəzarət komissiyasının nümayəndələri Bolqarıstanı tərk etməli idi. Bundan istifadə edən müxalifət BFP (K)-nin ləğvini, onun antifaşist təşkilatı elan olunmasını tələb etdi. ABŞ senatı sülh müqaviləsini təsdiq edən kimi Bolqarıstan hakimiyyəti N.Petkovun həbsi barədə sərəncam verdi. 1947-ci ilin sentyabrında Paris sülh müqaviləsi qüvvəyə mindikdən sonra, BƏXİ-nin lideri N.Petkov barəsində çıxrılmış ölüm hökmü icra edildi. ABŞ və Böyük Britaniyanın diplomatik müdaxiləsi, bir sıra ictimai xadimlərin, hətta Leypsiq məhkəməsində G.Dmitrovun müdafiəçisinin əfv müraciətləri müxalifətçi BƏXİ liderini xilas etmədi.
Petkov Nikola Dimitrov 1893-cü ildə Sofiyada anadan olub, 1922-ci ildə Sorbonna Universitetinin hüquq fakültəsini əla qiymətlərlə bitirib, BƏXİ-nin nümayəndəsi kimi Vətən Cəbhəsinin təşkilində iştirak etmişdir. 1944-cü il sentyabrın 9-da baş tutan çevrilişdən sonra 1944-1945-ci illərdəki Vətən Cəbhəsinin birinci hökumətində portfelsiz nazir olmuş, kommunistlərin siyasətinə etiraz əlaməti olaraq istefa vermişdir. Parlament demokratiyasının, Bolqarıstanın SSRİ ilə deyil, Qərblə yaxınlaşması tərəfdarı olmuşdur. 1947-ci il iyun ayının 5-də kommunist rejimini tənqid etdiyi üçün həbs edilərək avqustun 16-da casusluqda ittiham olunaraq onun barəsində ölüm hökmü verilmişdir. Sentyabrın 22-də ölüm hökmü icra edilmişdir, 1990-cı il yanvarın 15-də N.D.Petkov ölümündən sonra bəraət almışdır.
Kommunistlər Bolqarıstanda olan sovet qoşunlarına və SSRİ-dən olan məsləhətçilərin fəaliyyət göstərdiyi təhlükəsizlik orqanlarına arxalanaraq milli cəbhədəki öz müttəfiqlərini tədricən müxalifətə keçməyə məcbur edərək siyasi fəaliyyətdən kənara sıxışdırırdılar. Onlara qarşı müxtəlif saxta işlər və bəhanələr adi hal almışdır. Bu şəraitdə ətrafına faşist qruplaşması toplaması bəhanəsi ilə BƏXİ partiyası buraxıldı. Tezliklə onun taleyini BFSDP də yaşadı və partiyanın bir sıra xadimləri həbs olundu.
Müxalifət partiyalarını təmsil edən deputatlardan təmizlənmiş Böyük Xalq Məclisi 1947-ci il dekabrın 4-də BXR-in Konstitusiyasını qəbul etdi. Konstitusiyaya uyğun oaraq ölkədə qanunverici hakimiyyət Xalq Məclisinə, icraedici hakimiyyət nazirlər kabinetinə, yerli hakimiyyət isə 3 il müddətinə seçilən sovetlərə və onların icraiyyə komitələrinə məxsus idi. Xalq Məclisinin sessiyaları arasındakı dövrdə bütün hakimiyyət onun Rəyasət Heyətinə verildi.
1948- ci ildə fevralın əvvəllərində Vətən Cəbhəsinin 2-ci konqresi keçirildi. Orada beş partiyanı birləşdirən Vətən Cəbhəsinin kütləvi ictimai təşkilata çevrilməsi qərara alındı. May-avqust ayında BFSDP-nin BFP (K) ilə birləşməsi baş verdi. Eyni zamanda “Zveno” Xalq partiyası və Radikal partiyası Vətən Cəbhəsinin tərkibinə daxil olaraq orada əriyib getdi. BFP (kommunist) 1948-ci ildə Bolqarıstan Kommunist partiyasına çevrildi, BƏXİ-də onun hakim rolunu qəbul etdi. Kommunist partiyasının rəhbərləri Bolqarıstanın burjua demokratiyası yoluna qayıtmasına yol verməyəcəklərini açıq bildirdilər. Kommunist partiyası ölkədə formalaşan ikipartiyalı sistemdə hakim siyasi qüvvə kimi mövqeyini qoruyub saxladı.
BXR-nın iqtisadi inkişafı.Bolqarıstanda hakimiyyətini möhkəmlədən Kommunist partiyası rəhbərliyi İ.V.Stalin tərəfindən müəyyənləşdirilmiş kursu həyata keçirməyə hazır olan və özlərini onun öyrənciləri sayan şəxslər idi. Onların bəziləri uzun illər SSRİ-də yaşamış, Kommunit İnternasionalında işləmiş, SSRİ-də artıq həyata keçirilmiş sosializm quruculuğu planını öz ölkəsində tətbiq etməyə hazır idi. Bolqarıstanda sosializmin İ.Stalin modelinin qəbulu iqtisadiyyatın əsaslı surətdə dağılması ilə müşayiət olunurdu. Aqrar və aqrar-sənaye ölkəsi olan Bolqarıstan sürətlə sənayeləşdirmə, ilk növbədə ağır sənaye yaratmaq siyasəti yeridirdi. Bu məqsədlə, 1948-ci ildə çağırılmış BFP (kommunist)-nın V qurultayında sovet modeli nümunəsidən istifadə etməklə 2-3 beşillik ərzində Bolqarıstanın modernləşdirilməsi prosesinin başa çatdırılması nəzərdə tutulurdu. Sənayeləşdirmə yolu ilə sənaye və kənd təsərrüfatı arasındakı fərqi sənayenin xeyrinə dəyişdirmək, kənd təsərrüfatını koopera-tivləşdirmək, dövlət bölməsini bütün sahələrdə şəriksiz hakim bölməyə çevirmək, partiyanın ideologiyasını dövlətin rəsmi siyasətinə çevirmək, fəhlə sinfinin hakim rolu şərti ilə cəmiyyətin yeni sosial strukturunu yaratmaq və s. irəli sürüldü.
1947-1948-ci illərdə sənaye müəssisələri və bankların milliləşdirilməsi, həmçinin xarici və daxili topdansatış ticarətinin dövlətin inhisarına verilməsi haqqında qanunlar qəbul edildi. Bütün bunlar sosializmin əsaslarının qurulmasını nəzərdə tutan proqramın reallaşdırılmasına zəmin yaradırdı. 1949-1953-cü illərdə 700-ə qədər müəssisə yenidən quruldu, tikildi və istifadəyə verildi. Yeni istehsal sahələri — maşınqayırma, qara və əlvan metallurgiya müəssisələri işə salındı, ölkənin elektrikləşdirilməsi başa çatdırıldı. Bu sahədə SSRİ Bolqarıstana kredit, xammal, texnika və ixtisaslı mütəxəssislərlə hər cür kömək göstərir və həm də onun iqtisadi inkişafını istiqamətləndirirdi.
Sənayeləşdirilmənin həyata keçirilməsinin mənbələrindən biri aqrar bölmənin ictimailəşdirilməsi idi. 1948-ci ilin ortaları üçün kənd təsərrüfatının kooperativləşdirilməsi prosesində ciddi irəliləyiş olmadığından partiya rəhbərliyi hərəkətə keçdi. 1949-cu ildə Bolqarıstanda kollektivləşdirmə prosesi başlandı. Bu iş kəndlilər üzərində zor tətbiq etmək, fərdi təsərrüfatdan onları imtina etməyə məcbur etməklə müşayiət olunurdu. BKP MK-nın hazırlandığı qolçomaqlıqdan salma proqramına əsasən bir çox halda kəndlilər qanunsuz həbs və cərimələrə məruz qalırdı. Ölkədə kooperativləşmənin repressiya və güc metodları tətbiq etməklə həyata keçirilməsi əhali arasında gərginliyin artmasına şərait yaradırdı. 1949-cu ilin aprelində 900 yeni torpaq əmək kooperativləri təsərrüfatları (TƏKT) yaradıldı, ictimai təsərrüfatın xüsusi çəkisi 4-5 faizdən 12 faizə yüksəldi.
1949-cu ildə yerli sovetlərə seçkilərdən sonra BKP kəndlilərlə əlaqədar siyasətində bir sıra dəyişikliklər etdi. Kənd təsərrüfatı məhsullarının satınalma qiymətlərinin yeni qaydası tətbiq edilərək məhsulun bir hissəsini azad surətdə satmaq üçün kəndlilərin sərəncamında saxladı. Bütün çətinliklərə baxmayaraq 1953-cü ildə ümumi təsərrüfatların 60 faizini kooperativlər təşkil edirdi. Eyni zamanda aqrar bölmənin ictimailəşdirilməsi prossesi aşağı sürətlə davam edirdi. Bunun nəticəsində yalnız 1952-ci ildə kənd təsərrüfatı istehsalı müharibədən əvvəlki səviyyəyə çatdı. Sənayeləşdirmə və kənd təsərrüfatındakı dəyişikliklər nəticəsində Bolqarıstanın partiya və dövlət rəhbərliyi ölkənin aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevrildiyini təsbit edərək istehlak mallar istehsalının inkişaf etdirilməsi vəzifəsini irəli sürsələr də bu qısamüddətli oldu və 1956-cı ildə ondan imtina edildi.
1946-1956-cı illəri əhatə edən onillikdə sənayenin intensiv inkişaf etdirilməsi ilə əlaqədar bolqar cəmiyyətinin sosial strukturunda da dəyişiklik baş verdi, fəhlələrin sayı 18,7 faizdən 27,7 faizə çatdı, kəndlilərin sayı isə 64,5 faizdən 35,8 faizə düşdü. 1958-ci ildə keçirilmiş BKP VII qurultayı Bolqarıstanda sosialimin maddi-texniki bazası yaradıldığını və mülkiyyətin iki əsas formasının — dövlət və koopreativ formaların bərqərar olunduğunu elan etdi.
1959-cu ildə ölkənin “iqtisadi inkişafının sürətləndirilməsi” kursu qəbul edildi. Onun reallaşdırılması üçün zəruri şərtlərin yaradılması məqsədilə inzibati-ərazi islahatı keçirildi. 12 dairə, 93 icma və təqribən 2 minə yaxın icma şuraları əvəzinə 28 dairə və 994 icma yaradıldı və onlara iqtisadi vəzifələrin həyata keçirilməsi üçün geniş müstəqillik verildi. İdarəçiliyin sahə prinsiplərindən ərazi prinsipinə keçirilməsi ilə bir sıra nazirliklər öz işlərini yenidən qurdu. Eyni zamanda Texniki Tərəqqi Komitəsinin yaradılması nəticəsində çoxlu sayda elmi-texniki institutlar meydana gəldi ki, onlar texnikanın və texnologiyanın təkmilləşdirilməsi, istehsal proseslərinin təşkili ilə məşğul olurdu.
Kənd təsərrüfatının yenidən qurulması Bolqarıstanda kooperativ təsərrüfatların böyüməsinə səbəb oldu. Torpaq əmək kooperativləri təsərrüfatlarının hər birinə (TƏKT) orta hesabla 4200 hektar torpaq sahəsi düşürdü. Əvvəllər maşın-traktor stansiyalarına məxsus texnika da onların (TƏKT-in) ixtiyarına verildi. Bütüb bunlar, kənd təsərrüfatının modernləşdirilməsi üçün baza yaradılamsına xidmət edirdi. Kənd təsərrüfatı məhsullarının dövlətə satışı sistemi də dəyişdirildi və bu iş müqavilələrlə tənzimlənirdi. Nəticədə, kooperativ müəssisələrlə dövlət müəssisələri arasındakı fərqlər silindi, vahid satınalınma qiymətləri tətbiq olundu. Bu tədbirlərə baxmayaraq, kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaranmadı. Kənd təsərrüfatının ümumi məhsulu 60-cı illərin əvvəllərində 1939-cu il səviyyəsindən qismən yüksək idi. Bu, ölkə rəhbərliyini kooperativ üzvləri üçün minimal əmək haqqı tətbiq etməklə yanaşı, məhsulların satınalma qiymətlərini artırmağa məcbur etdi, həmçinin 1962-ci ilin oktyabrında Kanada ilə saziş imzalayaraq ölkəyə taxıl idxal etməyə başladı.
60-cı illərin birinci yarısında ölkə rəhbərliyi “ictimai istehsalın intensivləşdirilməsi” siyasətinə keçdi. Bu kurs, 1966-cı ildə rəsmən təsdiq edildi. Bunun üçün bir sıra sahələrin mexanikləşdirilməsinə, köhnə avadanlığın yenisi ilə əvəz edilməsinə başlanıldı. Elmi işçilərin, mühəndislərin və mütəxəssis-praktiklərin daxil olduğu xüsusi “texniki tərəqqi” adlı briqadalar təşkil edildi. Elmi institutları konkret istehsalat problemlərinə yönəltmək məqsədilə Texniki Tərəqqi Komitəsi Elmi və Texniki Tərəqqi Komitəsinə çevrildi.
1979-cu ildə Bolqarıstanda “yeni iqtisadi mexanizm” konsepsiyası tətbiq olundu. İslahat əmək məhsuldarlığının artırılmasını, məhsulun keyfiyyətinin yüksəldilməsini, məhsulların dünya bazarlarında rəqabətə davam gətirməsini, mərkəzləşdirilmədən imtina edilməsini, bazar iqtisadiyyatı elementlərindən istifadə olunmasını nəzərdə tuturdu. Həm də islahatda əsas şərt kimi “Dövlət mülkiyyətçi, əmək kollektivi-mülkiyyətin sahibi” prinsipi irəli sürüldü. Bu siyasətin uğurlu nəticələri 80-cı illərin əvvəllərində özünü göstərdi. 1975-ci ildə Qərbi Almaniya və Portuqaliya ilə onillik müddətində iqtisadi əməkdaşlığa dair müqavilələr imzalandı, iri beynəlxalq konsernlərlə sazişlər bağlanıldı və s. ABŞ, Yaponiya, Skandinaviya bazarlarına yol tapması, həmçinin Sovet neftinin ixrac edilməsi nəticəsində Bolqarıstan 80-cı illərin əvvəllərində Qərb ölkələrinə olan borcunu xeyli miqdarda azalda bildi, belə ki, 1982-ci ildə Bolqarıstanın valyuta borcu 2 dəfə azaldı.
Lakin iqtisadiyyatın canlanmasında başlanan meyl heç də möhkəm deyildi. 1984-cü ildə Bolqarıstan enerji böhranının ilk təzahürü ilə üzləşdi. Mərkəzi və Cənub-Şərqi Slavyan dövlətlərilə müqayisədə Bolqarıstan SSRİ ilə iqtisadi cəhətdən daha sıx bağlı idi. Belə ki, 1973-cü ildən 1985-ci ilə kimi Bolqarıstan hər il SSRİ-dən 400 milyon manat pul alırdı. Bolqarıstanın yüngül sənaye, toxuculuq, kənd təsərrüfatı məhsulları Sovet bazarını doldururdu. Lakin M.S.Qorbaçov yenidənqurması Bolqarıstanın iqtisadiyyatının böhranına səbəb oldu. 1985-ci ildə iqtisadiyyat sərt qənaət rejiminə keçirildi, çünki yüzlərlə müəssisə zərərlə işləyir, istehsal olunan məhsulun maya dəyəri artır, keyfiyyəti isə aşağı düşürdü, idxal ixracı çox-çox ötüb keçirdi. Bürokratik sistem, sərt mərkəzləşdirilmiş planlaşdırma iqtisadiyyatın effektli inkişafına əngəl törədirdi. İstehsal kooperativlərinin və dövlət təsərrüfatının birləşdirilməsi yolu ilə nəhəng aqrosənaye kompleksləri yaranmışdı, onlar isə əhalinin ərzaqla, sənayeni xammalla təchiz etməyə qadir deyildir. 1985-ci ildən başlayaraq Bolqarıstan xaricdən taxıl, kartof, soğan və başqa ərzaq məhsulları gətirməyə məcbur oldu. İqtisadiyyatın səmərəliliyinin aşağı olması əhalinin yüksək olmayan həyat səviyyəsinin daha da aşağı düşməsinə, korrupsiya və rüşvətxorluğun artmasına gətirib çıxardı.
BKP-nın 1986-cı ildə keçirilən qurultayı yeni heç bir şey təklif edə bilməsə də “”yeni iqtisadi mexanizmə” keçilməsinin və elmi-texniki inqilabın nailiyyətlərinin tətbiqinin vacibliyini önə çəkdi. 1989-cu ildə milli gəlir kəskin surətdə azaldı, xarici borc 11,5 milyard dollara çatdı, inflyasiya artdı, gündəlik tələbat mallarının çatışmazlığı, işsizlik yarandı. İqtisadi çətinliklər cəmiyyətdə ruh düşgünlüyünə, daxili vəziyyətin gərginləşməsinə səbəb oldu.
Bolqarıstan Xalq Respublikasının siyasi və sosial inkişafı
Sovet qoşunlarının Bolqarıstana daxil olduğu İkinci Dünya müharibəsinin sonarından başlayaraq 1944-1948-ci illəri əhatə edən Xalq demokratik inqilabı dövrü mühüm siyasi, sosial və iqtisadi dəyişikliklərdən sonra öz yerini sovet nümunəsi üzrə sosializm cəmiyyəti quruculuğuna, yəni “real sosializm” uğrunda mübarizəyə verdi. İndi Bolqarıstanın qarşısında duran əsas vəzifə bilavasitə sosializm qurmaq idi. Sosializmə yaxınlaşdıqca sinfi mübarizənin kəskinləşməsinə dair İ.Stalinin nəzəriyyəsinə əsaslanan Bolqarıstan rəhbərliyi Moskvadan idarə olunan cəza sisteminin ölkədə tətbiqinə başladı. Çoxlu sayda görkəmli partiya və dövlət xadimləri, sıravi partiya üzvləri cəzalandırıldı. Sosial demokratlarla birləşdikdən sonra Kommunist partiyasında təmizlənmə aparıldı.
1949-cu ildə G.Dmitrov SSRİ-də məlum olmayan səbəblər üzündən öldü. Köhnə kommunist, İ.B.Titonun dostu Yuqoslaviya və Bolqarıstanın vahd cənubi Slavyan dövlətində birləşdirilməsi tərəfdarı olan G.Dmitrovun ölümü ilə Bolqarıstanda repressiyalar son həddə çatdı. 1949-cu ildə BKP MK-nın Siyasi Bürosunun keçmiş üzvü, Baş nazirin müavini Trayço Kostov və “onun qrupunun” məhkəmə “tamaşası” başlandı. T.Kostov Bolqarıstanı amerikan və ingilis müstəmləkəsinə çevirmək cəhdində, “İ.B.Tito və faşist güruhu” ilə əlaqəyə girərək ölkənin suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini ləğv etmək, Bolqarıstanı Yuqoslaviyaya və ilk növbədə, Priney vilayətini yuqoslav Makedoniyasına birləşdirmək cəhdlərində və digər cinayətlərdə günahlandırılaraq ölüm cəzasına məhkum edildi. Bu ittihamlar həqiqətdən çox uzaq idi və saxta sənədlərə əsaslanırdı. T.Kostov üzərində qurulmuş məhkəmə G.Dmitrovun ölümündən sonra hakimiyyət uğrunda gedən mübarizənin hadisələrindən yalnız biri idi. Partiyaya rəhbərlik edən möhkəm stalinist Vilko Çervenkov 1950-ci ildə həm də hökumətə başçılıq etməyə başladı.
BKP-nin həyata keçirdiyi təmizləmə nəticəsində 1951-ci ilin aprelinə qədər onun üzvlərinin sayı 100 min nəfərə qədər azaldı. Partiyadan çıxarılanların çoxu əmək düşərgələrinə göndərilmişdi ki, onların arasında MK-nın 13 üzvü, Siyasi Büronun 6 üzvü və 10 nazir var idi. Bütün bu repressiyalar həm daxili, həm də xarici siyasi vəziyyəti mürəkkəbləşdirdi. ABŞ-ın Bolqarıstandakı səfirliyinin keçmiş tərcüməçisi üzərində məhkəmə işinin qurulması və onun Amerikanın xeyrinə casusluqda günahlandırılması 1950-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsi ilə nəticələndi.
İ.Stalinin ölümündən sonra SSRİ-də baş vermiş dəyişikliklər BKP rəhbərliyini əvvəlki siyasi xəttinə yenidən baxmağa məcbur etdi. 1953-cü ilin sentyabrında V.Çervenkov Yuqoslaviya, Yunanıstan və ABŞ-la əlaqələrin nizama salınmasına hazır olduğunu elan etdi. 1954-cü ildə əmək düşərgələri ləğv edildi, bir sıra kateqoriyalardan olan fəhlələrin maaşları artırıldı, gündəliktələbatmallarının qiymətləri aşağı salındı.
1954-cü ilin fevral-martında çağırılmış BKP-nin VI qurultayı baş katib vəzifəsini ləğv edib, onun yerinə 3 nəfərdən ibarət katiblik yaratdı. Qurultay 1951-ci ildən Siyasi Büronun üzvü olan Todor Jivkovu (1911-1998) BKP MK-nın birinci katibi seçdi. Jivkov Todor Kriston 1911-ci ildə Pravesdə kəndli ailəsində anadan olub, Botevqradda orta məktəbi bitirmişdir. Nəşriyyatda çalışıb. İkinci Dünya müharibəsində antifaşist müqavimət hərəkatının iştirakçısı kimi Yanko partiya ləqəbilə tanınıb. 1948-ci ildən Bolqarıstan KP MK-nın üzvü, 1954-cü ildən Birinci katibi, 1971-ci ildən eyni zamanda Dövlət Şurasının sədri olmuşdur. M.S.Qorbaçov yenidənqurmasının əleyhdarı kimi tarixə düşmüşdür. 1989-cu il noyabrın 10-dan qansız inqilab nəticəsində hakimiyyətdən uzaqlaşdırılmışdır. 1992-ci ildə dövlət xəzinəsini zərərə uğratdığı üçün 7 il azadlıqdan məhrum edilsə də, 1996-cı ildə Ali Məhkəmənin qərarı ilə azad edilmişdir. 1998-ci ildə vəfat etmişdir. Ölümündən sonra ona qarşı qaldırılan cinayət əməlləri iddiaları ləğv edilmişdir.
1956-cı ilin aprelində BKP MK plenumu Sov. İKP-nin XX qurultayının ardınca “şəxsiyyətə pərəstişi” rəhbərlik üsulu və metodu kimi tənqid etdi və partiyadaxili həyatın “Lenin prinsiplərinin” bərqərar edilməsini, həmçinin əmək kollektivlərinin və ictimai təşkilatların müstəqillik təşəbbüskarlığının inkişaf etdirilməsini qeyd etdi. Yaranmış vəziyyətdə kadr dəyişikliyi oldu, V.Çervenkov Baş nazir vəzifəsindən istefa verdi. Onun yerini “V.Çervenkov terrorunun” qurbanı A.Yuqov tutdu, V.Çervenkov onun müavini təyin edildi. Eyni zamanda özünü N.S.Xruşşovun sədaqətli tərəfdarı kimi göstərən T.Jivkovun mövqeyi xeyli möhkəmləndi.
1956-cı ilin aprel plenumu “sosializm qələbəsinin” zəmini kimi, sənayeləşdirmənin sürətli inkişafı, kənd təsərrüfatının kooperativləşdirilməsinin başa çatdırılması vəzifələrini ön plana çəkdi. BKP MK-sı daxili və xarici vəziyyəti nəzərə alaraq, sosial sahəyə diqqət verilməyə başladı. Kooperativ üzvlərinə Torpaq əmək kooperativləri təsərrüfatlarında (TƏKT) əldə etdikləri əlavə gəlirlərlə yanaşı təqaüd almaq hüququnun verilməsi, təqaüdlərin və minimum əmək haqlarının artırılması, iş həftəsinin 48 saatdan 44saata endirilməsi və s. nəzərdə tutulurdu. Bu tədbirlərin həyata keçirilməsini 1956-cı ilin oktyabrında Macarıstanda başlanmış həyacanlar sürətləndirdi. Bolqarıstanda açıq narazılığın olmamasına baxmayaraq, hakimiyyət orqanları Daxili İşlər Nazirliyi qoşunlarını döyüş hazırlığına gətirdi, xüsusi fəhlə dəstələri yaratmağa başladı. Partiya yığıncaqlarında dövlət idarəlrindən “düşmən elementləri” təmizləmək şüarları səslənirdi.
“İqtisadi inkişafın sürətləndirlməsi” siyasətinin uğursuzluğu 50-ci illərin sonlarında ölkə rəhbərliyində ziddiyyətləri kəskinləşdirdi. Sov.İKP-nin XXII qurultayında N.S.Xruşşovun İ.Stalinin fəaliyyətini XX qurultay ilə müqayisədə daha kəskin tənqid etməsi Bolqarıstan rəhbərliyində açıq qarşıdurma üçün bir siqnal oldu. BKP MK-nın plenumlarında və müşavirələrdə buraxılmış bütün səhvlər şəxsiyyətə pərəstiş dövrünün lideri V.Çervenkovun ünvanına yazıldı, 1961-ci ildə o, baş nazirin müavini vəzifəsindən azad edildi, 1962-ci ildə BKP MK-nın üzvlüyündən çıxarıldı və partiya sıralarından xaric edildi.
“Kollektiv” rəhbərlikdə qüvvələr nisbətinin pozulması T.Jivkov və A.Yuqov arasında qarşıdurmaya şərait yaratdı. Qurultaya hazırlıq ərəfəsində keçirilmiş MK-nın iclasında A.Yuqov SSRİ-nin təklif etdiyi Bolqarıstanın 20 illik iqtisadi inkişaf planını, həmçinin SSRİ-nin Kuba və Çinə qarşı siyasətini tənqid etdi. T.Jivkov təcili Moskvaya uçaraq Sovet rəhbərliyinin və şəxsən N.S.Xruşşovun onun tərəfini saxlamasına nail oldu, A.Yuqov Nazirlər Sovetinin sədri vəzifəsindən və Mərkəzi Komitənin tərkibindən azad edildi.
1962-ci ilin noyabrında BKP-ni VIII qurultayı ölkənin inkişafına dair 20 illik (1961-1980-cı illər) perspektiv planın, yəni sosializm quruculuğunun başa çatdırılması və tədricən kommunizmə keçmək planın təsdiq etdi. Qurultaydan sonra T.Jivkov hökumətin başçısı seçildi, hətta N.S.Xruşşovun hakimiyyətdən uzaqlaşdırılması T.Jivkovun vəziyyətinə təsir etmədi, ona görə ki, 1964-cü ilə qədər o hakimiyyətini xeyli möhkəmlətmişdi. T.Jivkovun hakimiyyətdə möhkəmlənməsi 1965-ci ildə rejimdən narazı olan bir sıra zabitlər üzərində məhkəmə işi qurulmasına şərait hazırladı. Sofiya qarnizonun rəisi general-mayor S.Anet, bir qrup keçmiş hərbçi və partizan tədricən avtoritar liderə çevrilən T.Jivkovu hakimiyyətdən uzaqlaşdırmağa cəhd etsələr də buna müvəffəq olmadılar. Qəsdin üstü açıldı və iştirakçılar məhkəmə məsuliyyətinə cəlb olundu.
Bolqarıstanda T.Jivkovun avtoritar liderliyinin formalaşması, partiya və dövlət elitasının özlərini “sahib” kimi aparması, inzibati-amirlik iş metodunun bərqərar olması ölkədə dissident hərəkatını doğurdu. Sosial-Demokrat P.Dertliyev, filosof J.Jelev, şairə B.Dmit-rova, yazıçı-satirik R.Ralin Bolqarıstanda dissident hərəkatının tanınmış nümayəndələri kimi mövcud kommunist rejiminə qarşı mübarizə aparmışdır. Ümumiyyətlə, 1945-ci ilə kimi Bolqarıstanda mövcud olan “Tərbiyə-əmək yataqxanaları” adlandırılan düşərgələrdən təqribən 23,5 min nəfər şəxs keçmişdir.
1971-ci ildə Bolqarıstanın yeni Konstitusiyası qəbul edildi. Ali hakimiyyət orqanı-Dövlət Şurası yaradıldı. 1971-ci ildə T.Jivkov özündə qnunverici və icraedici orqanların funksiyalarını birləşdirən, bütövlükdə ölkənin daxili və xarici siyasətinə rəhbərlik edən Dövlət Şurasının sədri oldu. Yeni Konstitusya BXR-nı sosialist dövləti, BKP-ni isə hakimiyyətin və cəmiyyətin rəhbər qüvvəsi elan etdi. Qanunvericilik yolu ilə təsbit edildi ki, BXR yeni mərhələyə — inkişaf etmiş sosializm cəmiyyəti mərhələsinə daxil olmuşdur. Bu mərhələdə məhsuldar qüvvələrin inkişafına və istehsal münasibətlərinin təkmilləşdirilməsinə, istehsalın ixtisaslaşdırılmasına, elmi-texniki tərəqqinin nailiyyətlərinin isttehsalata tətbiqinə, Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) üzvü olan ölkələr ilə inteqrasiyanın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verilməsi planlaşdırlırdı. Dövlətin rəsmi başçısı seçiləndən sonra T.Jivkov Baş nazir vəzifəsinə S.Todorovu təyin etdi. S.Todorov 1989-cu ilə qədər müxtəlif vəzifələrdə olmasına baxmayaraq partiya və dövlət rəhbərliyində öz mövqeyini qoruyub saxlaya bilmişdi. İstisna yalnız 1977-ci ildə olmuşdur ki, bu ildə də bir sıra partiya funksionerləri öz vəzifələrindən və 38,5 min. üzv BKP sıralarından xaric edilmişdi. Bu aksiya əslində preventiv, yəni öncədən qarşısını alma xarakteri daşıyırdı, liberallaşma meylinin qarşısını almaq üçün atılmış addım idi. Bu əslində cəmiyyətin liberallaşmasının qarşısını kəsmək idi. Heç də təsadüfi deyildir ki, 1977-ci ilin dekabrında gənc yazıçıların üçüncü milli konfransında T.Jivkov öz nitqində ilk dəfə açıq şəkildə dissidentlik haqqında söz açdı. Baxmayaraq ki, bu dövrdə narahatlıq üçün hər hansı bir əsas yox idi, belə ki, həyat səviyyəsinin yüksəlməsi, xüsusilə sosial sahədə görülən tədbirlər, elm, mədəniyyət, təhsil və idman sahəsində qazanılmış nailiyyətlər bolqar cəmiyyətinin daha çox birləşməsinə şərait yaradırdı.
80-ci illərin əvvəllərində Bolqarıstan bir sıra beynəlxalq miqyaslı problemlərlə üzləşdi. 1981-ci ildə Bolqarıstanın xüsusi xidmət orqanlarının papa II İohan Pavelə sui-qəsd etməkdə iştirak etməsi, həmçinin qeyri-qanuni silah və narkotik maddələrin ticarətilə məşğul olması iddiası ilə ABŞ Bolqarıstanı “terroru maliyələşdirən dövlətlər sırasına” daxil etdi.
1984-cü ildə terror Bolqarıstanın özünün başı üzərini aldı. T.Jivkov ölkəni gəzərkən Plovdiv şəhərinin dəmir yol vağzalında və Varna şəhərinin aeroportunda, digər şəhərlərin küçələrində 30 adamın həyatına son qoyan bombalar partladı. Heç kim bu terror aktlarına görə məsuliyyəti öz üzərinə götürmədi. Sübut olmasa da terror aktları Bolqarıstanda müsəlman əhalisinin zorakı assimilyasiyasından, yəni “bərpa prosesindən” narazı olan qüvvələrin işi olduğu ehtimal edilirdi. Belə ki, 1984-cü ildə Bolqarıstan hakimiyyəti bolqar türklərinin assimilyasiyasına başladı. Bəyan edilirdi ki, Bolqarıstanın bütün müsəlman əhalisi etnik bolqar kökündən gəlir və osmanlıların hakimiyyəti dövründə zorla islamlaşdırılmışdır. Odur ki, millətin “bərpa prosesinə” kömək etmək məqsədilə müsəlmanlar öz slavyan adların qəbul etməyə borcludur. Dövlət səviyyəsindəki kampaniyaya əsasən türk dilindəki nəşrlər və radio verilişləri ləğv edilir, şəhər və kəndlərin türk adları bolqar adları ilə əvəz olunurdu. Hətta Varna ətrafında türk dilli müştərilərə xidmət etmirik yazılan elanlar belə asılmışdır. Milis və təhlükəsizlik orqanları əməkdaşları türkləri təqib edir, kitabxana və kitab mağazalarından türk dilindəki ədəbiyyatı müsadirə edirdi. 1985-ci ildə Pavel-Bani ətrafındakı 11 kənddə 2000 türk qəbri dağıdılmışdır. Bolqar türkləri hakimiyyətin assimilyasiya siyasətinə qarşı müqaviməti toqquşmaya səbəb oldu. 1985-ci ildəki qarşıdurma nəticəsində 50 nəfər müsəlman türkü öldürüldü, bir çox adam əmək düşərgələrinə göndərildi.
Bolqar türklərinə qarşı dövlət səviyyəsində tətbiq edilən bu milli ayrı-seçkilik siyasəti nəticəsində T.Jivkovun kommunist rejiminin dağılması sürətləndi. Bu şəraitə məhəl qoymayaraq yaranmış vəziyyəti “sosializmin inkişafının dönüş mərhələsi” kimi xarakterizə edən ölkə rəhbərliyi 1987-ci ildə islahatların yeni paketini hazırladı. Lakin islahatdakı natamamlıq, xüsusilə SSRİ-də baş verən hadisələrin təsiri həyatın bütün sahələrində, o cümlədən siyasi sahədəki dəyişikliklərin qarşısını ala bilmədi.
Ölkədəki gərginliyi aradan qaldırmaq üçün T.Jivkov 1988-ci ildə MK adından partiyanın rəhbər orqanlarını vaxtaşırı yeniləşdirmək məqsədilə mandat sisteminin tətbiqi, mövcud seçki mexanizminin dəyişdirilməsi, birdən çox namizədin qeydə alınması və s. təkliflərlə çıxış etdi. Beləliklə də, T.Jivkov başda olmaqla partiya və dövlət rəhbərliyi ölkədə demokratik yeniləşdirməyə hazır olduqlarını nümayiş etdirdi. Lakin patiya və dövlət rəhbərliyinin planında ölkədə müxalifətin fəaliyyətinə yer verilməsi nəzərdə tutulmurdu.
1989-cu ilin sonunda Paris şəhərində Avropa təhlükəsizlik və əməkdaşlıq konfransının işə başlaması ərəfəsində Bolqarıstanın müsəlman liderləri müsəlman əhalisinin hüquqlarının pozulmasına etiraz əlaməti olaraq aclıq elan etdilər. Baş verənləri şərh edən T.Jivkov bildirdi ki, kapitalist Türkiyəsinə meyl edən etnik türklər ölkəni tərk edə bilərlər. Avqust ayına kimi təmkinli davranan Türkiyə hakimiyyəti sərhədi bağlayan vaxt artıq 344 min nəfər Bolqarıstanı tərk etmişdi. Türkiyə ilə Bolqarıstan arasında baş vermiş qarşıdurmada ABŞ Türkiyəni müdafiə etdi, Bolqarıstan isə təcrid vəziyyəti ilə qarşı-qarşıya qaldı. Yaranmış vəziyyətdə ölkənin ictimai-siyasi sistemini təkmilləşdirməsi sahəsində iş aparıldığını sübut etməklə Bolqarıstan rəhbərliyi üçün beynəlxalq aləmdə itirilmiş nüfuzu özünə qaytarmaq olduqca vacib idi. Bu məqsədlə hökumət ekoloji forumun Sofiyada keçirilməsinə nail oldu. Lakin 1989-cu ilin oktyabrında ekoloji forum keçirilən zamanı Bolqarıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları xarici jurnalistlər qarşısında nümayişçiləri döydülər. Bu hadisə hakimiyyətin yuxarı dairələrində onsuz da gözlənilən qarşıdurmanı kəskinləşdirdi. 1989-cu il noyabrın 10-da T.Jivkov BKP MK-nın Baş katibi və Dövlət Şurasının sədri vəzifələrindən istefa verdi. Keçmiş xarici işlər naziri P.Mladenov BKP MK-nı Baş katibi seçildi. Yeni Baş katib inzibati-amirlik sisteminin dağılmasını və ölkədə vətəndaş cəmiyyətinin yaradılmasını partiyanın əsas vəzifəsi elan etdi.
BXR-nın xarici siyasəti.İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlərin inkişafında yeni mərhələ başladı ki, qarşıda duran əsas vəzifələrdən biri dinc tənzimlənmə məsələlərini həll etmək idi. Bu məqsədlə, Qalib dövlətlər belə bir razılığa gəldilər ki, hər bir məğlub dövlətlə sülh müqaviləsini onunla müharibə aparmış və barışıq imzalamış dövlətlər imzalayacaqdır. Razılaşmaya müvafiq olaraq 1947-ci il fevralın 10-da Bolqarıstanla sülh müqaviləsi imzalandı və sentyabrın 15-də qüvvəyə mindi. Müqavilənin girişində müharibə vəziyyətinə son qoyulmasından bəhs edilir və müttəfiqlərin Bolqarıstana BMT-yə daxil olmağa kömək etməsi nəzərdə tutulurdu. Nəticədə, 1955-ci ilin dekabrında Bolqarıstan BMT-yə qəbul olundu. Sosializmin dünya sisteminə çevrilməsi nəticəsində SSRİ-nin beynəlxalq mövqeyi daha da möhkəmləndi və Sovet dövləti Şərqi Avropa ölkələrinə, o cümlədən Bolqarıstana beynəlxalq aləmdə kömək göstərirdi.
Odur ki, Bolqarıstanın müdafiəçisi rolunu oynayan SSRİ və qonşu Yuqoslaviya ilə əlaqələrin intensiv inkişaf etdirilməsinə Bolqarıstan xüsusi önəm verirdi. 1944-cü ilin payızında Bolqarıstan və Yuqoslaviya arasında yuqoslav-bolqar cənubi slavyan federasiyasının yaradılması məsələsinə həsr olunmuş danışıqlar başlandı. 1947-ci il 30 iyul — 1 avqustda baş tutan hökumətlərarası danışıqlarda bir neçə saziş imzalandı, həmçinin dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin şərtləri hazırlandı.
1948-ci ilin yanvarında G.Dmitrov xarici jurnalistlər qarşısında Şərqi Avropanın bütün “xalq demokratik” ölkələrinin federasiyasının yaradılması perspektivləri və gömrük birliyinin yaradılması haqqında bəyanatla çıxış etdi. Bəyanatda göstərilirdi ki, buraya Kommunist partiyasının rəhbərliyi altında partizan dəstələrinin qələbə qazanacağı təqdirdə Yunanıstan da qoşula bilərdi. Bu hadisə, həmçinin Bolqarıstan və Yuqoslaviya rəhbərliyinin digər fəaliyyətləri fevralın 10-da Moskvada keçirilən üçtərəfli müşavirədə müzakirə olundu. Nəticədə, xarici siyasi məsələlərdə qarşılıqlı məsləhətləşmələrə dair sovet-yuqoslav və sovet-bolqar protokolları imzalandı.
İ.Stalin müşavirədə Bolqarıstanın və Yuqoslaviyanın təxirə salınmadan vahid federasiyada birləşmələrini təklif etdi. Lakin Yuqoslaviya KP MK-nın Siyasi Bürosunun fevralın 19-da keçirilən iclasında İ.Broz Tito bu ideyanı rədd etdi. 1948-ci ilin ortalarında Yuqoslaviyanın SSRİ və qonşu ölkələrlə, həmçinin Bolqarıstanla münasibətləri kəsildiyindən cənubi slavyan federasiyasının yaradılması haqqında məsələ birdəfəlik tarixə qovuşdu.
1948-ci ilin martında Bolqarıstan SSRİ ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağladı. Buna görə tərəflər düşmən koalisiyalarda iştirak etməməli, qarşılıqlı maraq doğuran bütün beynəlxalq məsələlər üzrə məsləhətləşməli və beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlıq etməli idi. Bu müqavilə qarşılıqlı razılıq əsasında sonradan artırılma şərti ilə 20 il müddətində imzalanmışdır. 1947-ci ilin dekabrında Bolqarıstanla Albaniya arasında, 1948-ci ilin yanvarında Bolqarıstanla Rumıniya, 1948-ci ilin aprelində Bolqarıstanla Çexoslovakiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr imzalandı. Bununla da sosialist ölkələrinin əməkdaşlığı həmin müqavilələr əsasında həyata keçiilməyə başladı.
1973-cü ilin iyulunda BKP MK Plenumu “BXR-də inkşaf etmiş sosializm mərhələsində SSRİ ilə hərtərəfli əməkdaşlığın və yaxınlaşmamı əsas istiqamətləri” təsdiq etdikdən sonra T.Jivkov elan etdi ki, Bolqarıstan və Sovet İttifaqı “vahid orqanizm” kimi fəaliyyət göstərəcəkdir. Bununla belə, bu dövrdə Bolqarıstanın partiya və dövlət rəhbərliyi daxili və xarici siyasətdə, xüsusilə regional siyasətdə sərbəstvə müstəqil fəaliyyəti ilə diqqəti cəlb edirdi.
1946-cü ildə Bolqarıstanın Yunanıstanla münasibətləri normallaşdı. 1969-cu ilin oktyabrında bağlanan bolqar-türk sazişinə əsasən 1969-1979-cu illərdə, 10 il ərzində Bolqarıstandan Türkiyəyə daimi yaşamaq üçün 50 minə yaxın etnik türk köçürüldü. Bolqarıstanla Yuqoslaviya arasında münasibətlər uzun müddət gərgin olaraq qalırdı. Bunun başlıca səbəbi Makedoniya məsələsi deyilən məsələ ilə bağlı idi. 1963-cü ilin mart plenumunda BKP MK faktiki olaraq Makedoniya Xalq Respublikasını tanıdı və bildirdi ki, Priney Makedoniyasının əhalsi bolqar millətinin ayrılmaz tərkib hissəsidir, Yuqoslaviyanın bu ərazini Makedoniya milli azlığı elan etməsi BXR-in daxili işlərinə kobud şəkildə qarışması deməkdir. 1968-ci ildə Bolqarıstan Elmlər Akademiyasının Tarix İnstitutu “Makedoniya məsələsi” adlı arayış hazırlayaraq təsbit etdi ki, Makedoniya Respublikasının əhalisinin üçdə iki hissəsi “öz mənşəyi etibarilə” bolqarlardan ibarətdir. Yuqoslaviya tərəfindən tələb edildi ki, “tarixi həqiqətlərin saxtalaşdırılmasını dayandırsın, Priney vilayətinə olan hər hansı iddialarından imtina etsin, orada yaşayan əhaliyə özünün milli mənsubiyyətini azad surətdə müəyyən etmək və bildirmək hüququ verilsin”. 1980-cı ildə İ.Broz Titonun ölümündən sonra bolqar-yuqoslav münasibətlərində yaxınlaşma hiss olundu, 80-ci illərin əvvəllərində iki ölkə arasında ticarətin həcmi xeyli artdı, sərhəd şəhərlərində dostluq mitinqləri təşkil edildi və s.
60-cı illərin ortalarında Bolqarıstan Qərbi Avropa ölkələri ilə əlaqələrini genişləndirməyə başladı. 70-ci illərdə AFR, Finlandiya, İtaliya, Böyük Britaniya, Fransa, Hollandiya və başqa ölkələr ilə iqtisadi və elmi-texniki əməkdaşlığa dair sazişlər bağlandı.
Bolqarıstanın xarici siyasətinin mühüm istiqamətini inkişaf etməkdə olan ölkələrlə əlaqəlrinin möhkəmləndirilməsi təşkil edirdi. İnkişaf etməkdə olan ölkələrdən biri olan Liviya SSRİ vəADR-dən sonra Bolqarıstanın üçüncü ticarət tərəfdaşı idi. Bolqarıstan beynəlxalq aləmdə nüfuzunu möhkəmlətmək məqsədilə 70-ci illərdə dəfələrlə müxtəlif beynəlxalq forumlar keçirmək təşəbbüsü ilə çıxış etdi. Bolqarıstan 1981-ci ildə Sofiyada yüksək səviyyədə balkan ölkələri rəhbərlərinin görüşünü keçirməyi, Balkanları nüvə silahından azad bölgəyə çevirmək məsələsini müzakirə etməyi təklif etdi.
80-cı illərin əvvəllərində BXR 116 dövlətlə diplomatik, 112 dövlətlə ticarət və 132 dövlətlə mədəni əlaqələr saxlayırdı. Lakin belə geniş əlaqələrə baxmayaraq Bolqarıstan 80-ci illərin əvvəllərində xarici siyasətdə çətikliklərlə üzləşməyə başladı. Bolqarıstan terror aktlarının törədilməsində, narkotik maddələrin və silahların gizli satışında-qaçaqmalçılıqda günahlandırılırdı. 1982-ci ildə ABŞ narkotik maddələrin istehsalı və satışı üzərində nəzarət məsələlərinə dair Bolqarıstanla əməkdaşlığı kəsdi. 80-ci illərin ortalarında Türkiyə ilə də münasibətlər kəskinləşdi. Sovet-bolqar münasibətlərində də “soyuqlaşma” baş verdi. Bu T.Jivkovun hakimiyyətinin süqutu ilə nəticələndi ki, bununla da Bolqarıstan tarixinin böyük bir mərhələsi başa çatmış oldu. 1980-ci illərin sonu — 90-cı illərin əvvəllərində Bolqarıstanda Kommunist partiyasının hakimiyyətinə son qoyuldu, ölkədə çoxpartiyalı sistem yarandı, bazar iqtisadiyyatına və demokratiyaya əsaslanan cəmiyyət quruculuğuna başlandı.
Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev