Bolqarıstan 1918-1939-cu illərdə

Bolqarıstan 1918-1939-cu illərdə

Birinci Dünya müharibəsinin sonuna doğru Bolqarıstan ağır siyasi və sosial-iqtisadi böhranla üzləşdi. XX yüzilliyin ikinci onilliyində Bolqarıstanın iştirak etdiyi Balkan müharibələri və Birinci Dünya müharibəsi ölkəni gücdən salaraq siyasi və sosial-iqtisadi böhranı daha da dərinləşdirdi. İnflyasiya tüğyan edirdi. Dövlətin adambaşına borcu iki min lev həddində idi. İqtisadiyatın dövlət tənzimləməsindən heç bir müsbət nəticə əldə edilmədi, xalqın güzaram pisləşməkdə davam edirdi. İqtisadi böhran Bolqarıstanda sosial ziddiyyətləri kəskinləşdirdi, ölkəni etiraz dalğaları bürüdü.

1917- ci ilin Oktyabrında Rusiyada silahlı üsyan vasitəsilə bolşeviklərin hakimiyyətə gəlməsi nəticəsində bolqar ordusunda Bolqarıstan Fəhlə Sosial Demokrat Partiyası (sıx sosialistlər) və Bolqarıstan Əkinçi Xalq İttifaqı üzvləri tərəfindən müharibə əleyhinə aparılan təbliğat artdı, rumın cəbhəsində bolqar və rus əsgərlərinin qardaşlaşması baş verirdi. 1918-ci ilin martına qədər 40 min əsgər və 800 zabitin məhkəməyə verilməsinə, onlardan 450 nəfərin ölüm cəzasına məhkum edilməsinə baxmayaraq orduda itaətsizlik artırdı. Hadisələr yaxınlaşan fəlakətin çox ciddi olduğunu göstərirdi. Hökumətin qarşısında müharibə qurtarmamış ondan çıxmaq və eyni zamanda Moraviya, Makedoniya və Dobrucada tutulmuş əraziləri Bolqarıstana qatmaq kimi əslində həllolunmaz vəzifələr dururdu. Bununla yanaşı, 1918-ci ildə Brest-Litovskdə Dördlər İttifaqı ilə Sovet Rusiyası arasındakı danışıqlar da heç bir ümidin olmadığını göstərirdi. Bolqarıstanın Şimali Dobrucaya olan iddiaları Almaniya tərəfindən də qəbul edilmədi.

Brest-Litovsk danışıqlarının nəticəsi V.Radoslavov hökumətinin taleyini həll etdi, 1918-ci ilin iyununda çar Ferdinand Demokrat partiyanın lideri A.Malinovu Baş nazir, Radikal partiyanın rəhbəri S.Kosturkovu onun müavini təyin etdi. Bu ölkəni ağır vəziyyətdən xilas edə bilmədi.

1918- ci ilin payızında Bolqarıstan ordusunun bir sıra hərbi hissələrində üsyanlar başladı. Bu üsyanlardan ən böyüyü və əzamətlisi 1918-ci il sentyabrın 15-17-də Antanta qoşunları tərəfindən Dobro-Pole rayonunda Saloniki cəbhəsi yarıldıqdan sonra əsgərlərin başladıqları Vladay üsyanı idi. Makedoniya cəbhəsi hissələrinin müharibədən yorulmuş, ac, yarıçılpaq bolqar əsgərləri BFSDP-nin üzvü İ.Dmitrovun başçılığı altında vuruşan ordunun qərargahı yerləşən Küstendil şəhəri istiqamətində yürüşə başladılar və sentyabrın 24-dən 25-nə keçən gecə baş qərargahı dağıdaraq, Çar hökumətini devirmək və müharibə səbəbkarlarını cəzaladırmq üçün Sofiyaya doğru hərəkət etdilər.

1918-ci il sentyabrın 25-də Baş nazir A.Malinov çar Ferdinanda belə bir məlumat verdi ki, müharibə uduzulmuşdur, Antanta qoşunları komandanlığına barışıq imzalanması haqqında təklif verildi. A.Malinovun kabineti paytaxtın müdafiəsinin təşkilinə dair tədbirlər gördü. Hökumətin sədri A.Malinov üsyançıları döyüş mövqeyinə qaytarmağa inandırmaq məqsədilə müharibə əleyhinə təbliğat apardıqlarına görə 1915-ci ildə həbs edilmiş BƏXİ-nin liderləri Aleksandr Stambolskini (1879-1923) və Rayko Daskalovu (1886-1923) həbsxanadan buraxdırdı. Azad olunduqdan sonra A.Stambolski Küstendil şəhərinə, R.Daskalov isə üsyançıların fəaliyyətini əlaqələndirən əsgər komitəsi yerləşən Radomir şəhərinə gələrək üsyançıların tərəfinə keçdilər.

1918-ci il sentyabrın 27-də üsyan etmiş əsgərlərin tələbi ilə BƏXİ-nin liderləri A.Stambolski və R.Daskalov Bolqarıstan Respublikasının yarandığını elan etdilər. Sentyabrın 28-də üsyançıların ön dəstələri Sofiya şəhərinin 15 kilometrliyindəki Vladay kəndinə çatdı. Üsyançılar paytaxtı döyüşsüz təslim etmək haqqında hökumətə ultimatum təqdim etdilər, lakin tələbləri yerinə yetirilmədi. Sayı 30 mindən artıq olan inqilabi qoşunlar paytaxtın lap yaxınlığında idilər, halbu ki, Sofiya qarnizonunun sayı cəmi 500 nəfərdən ibarət idi. Üsyançılar sentyabrın 29-30-da paytaxta hücum etsələr də ağır silahları olmadığı üçün buna nail ola bilmədilər.

Üsyan səbəbi ilə Antanta ölkələri Bolqarıstana qarşı hərbi əməliyyatları dayandırmağa tələsdi və sentyabrın 29-da Salonikdə Bolqarıstan ilə barışıq müqaviləsi imzaladı. Bu tələsikliyə səbəb Antanta ölkələrinin Rusiya hadisələrinin Bolqarıstanda təkrarlanmasından ehtiyat etməsi idi. Sentyabrın 30-da hökumət qoşunları və köməyə gəlmiş alman hərbi birləşmələri üsyançı qoşunları Sofiyadan geri oturtdular. Elə həmin gün üsyançı qoşunlar Vladay kəndində darmadağın edildi. Oktyabrın 2-də Radomir şəhəri işğal edildi və üsyan iştirakçılarına amansız divan tutuldu. Üsyanın yatırılması zamanı 3 min nəfərdən çox adam öldürüldü. Üsyanın məğlub olma səbəblərindən biri möhkəm inqilabi rəhbərliyin olmaması idi, belə ki, BFSDP üsyanın əhəmiyyətini lazımca qiymətləndirmədi və üsyana başçılıq etmədi. BƏXİ-ni liderləri Aleksandr Stambolyski və Rayko Daskalov, üsyanı çar Ferdinandın hakimiyyətindən kənar edilməsi ilə məhdudlaşdırmaq fikrində idilər. Vladay əsgər üsyanı məğlub olsa da, bu üsyan 1917-1918-ci illərdə Bolqarıstanda olmuş inqilabi hadisələrin ən yüksək nöqtəsi idi və Bolqarıstanın müharibədən çıxmasını sürətləndirdi.

1918-ci ilin sentyabrında imzalanmış barışığa əsasən Antanta qoşunları Bolqarıstana daxil oldular. Bolqarıstan az sayda sərhəd qoşunları istisna olmaqla öz ordusunu tərxis etməyi, silahlarını və işğal etdiyi ərazini müttəfiqlərə verməyi öhdəsinə götürürdü. Salonik barışığının gizli maddəsi, Bolqarıstanı işğal etməkdən başqa, Antanta dövlətlərinə ölkənin ərazisindən, nəqliyyat və rabitə vasitələrindən, limanlardan hərbi məqsədlər üçün istifadə etmək hüququnu da verirdi ki, bu da əslində Bolqarıstanın təslim olması demək idi. İşğalçılar ciddi senzura yaratdılar, ölkədəki inqilabi hərəkat və Sovet Rusiyası haqqında materiallar nəşr etməyi qadağan etdilər, bir çox rəhbər vəzifələrə mürtəce generallar və zabitlərin təyin edildiyi bolqar ordusu üzərində nəzarət qoydular.

Antanta ölkələrinin Bolqarıstana münasibətdə monarxiyanın gözdən düşmüş nüfuzunu bərpa etmək məqsədilə hakim dairələr Bolqarıstanın Almaniya tərəfindən müharibəyə sövq edilməsində çar Ferdinandı müqəssir hesab edərək, onu qurban verdilər. Ölkəni 30 ildən çox idarə etmiş çar Ferdinand 1918-ci il oktyabrın 3-də oğlu Borisin (1894-1943) xeyrinə taxtdan əl çəkdi və Bolqarıstandan birdəfəlik getdi. Tam adı Boris Klement Robert Mariya Piy Stanislav Saksoburqqotski olan III Boris 1894-cü il yanvarın 30-da Sofiya sarayında doğulmuşdur. Birinci Dünya müharibəsinin iştirakçısı kimi 1916-cı ildə podpolkovnik, 1918-ci ildə general-mayor rütbəsini almışdır. 1918-ci il oktyabrın 3-dən Bolqarıstanın çarı elan edilən III Boris Birləşdirici 1923-cü il 9 iyun, 1934-cü il 19 may çevrilişlərinin xeyir-duasını şəxsən vermişdir. İkinci Dünya müharibəsində Roma-Berlin-Tokio ilə əməkdaşlıq edərək Cənubi Dobrucanın Krayov sazişi ilə Bolqarıstana verilməsini təmin etmişdir. 1941-ci ildə Bolqarıstanın Neyi sülhünə əsasən 1919-cu ildə itirdiyi tarixi Makedoniya ərazisi Egey dənizinə çıxışı ilə birlikdə ona qaytarıldı. Dəfələrlə A.Hitlerlə görüşməsinə baxmayaraq SSRİ-yə müharibə elan etməmiş və Şərq cəbhəsinə bolqar qoşunlarını göndərməmişdir. Həmçinin almanlar tərəfindən icbari işlərə səfərbər edilən 50 min bolqar yəhudini xilas etmişdir. 1943-cü il avqustun 28-də Sofiyada Şərqi Prussiyada A.Hitlerlə görüşdükdən bir neçə gün sonra rəsmi məlumata əsasən infaktdan vəfat etmişdir.

Çar III Boris və yeni hökumət inqilabi hərəkatı boğmaq və Bolqarıstanın Balkanlarda antisovet hərbi meydanına çevirmək siyasəti yetirməyə başladılar. Antantanın planlarına görə Bolqarıstan Sovet Rusiyası əleyhinə silahlı müdaxilədə iştirak etməli idi. Fransız, ingilis və italyan işğalçı qoşunlarının ölkəyə daxil olması Bolqarıstanda daxili vəziyyəti daha da kəskinləşdirdi. İşğalçılar ən mühüm strateji dəmir yollarını, Qara dənizdəki Vama və digər limanları tutdular, rabitə vasitələri üzərində nəzarət qoydular və siyasi həyata müdaxilə edərək, fəhlə hərəkatı ilə mübarizədə Bolqarıstanın hakim dairələrinə kömək etdilər. İşğalçıların ağalıq etməsi bolqarxalqı içərisində getdikcə artan qəzəb hissi oyadırdı.

A.Malinovun geniş koalisyon hökuməti cəmi bir ay fəaliyyət göstərə bildi. Cənubi Dobruca məsələsini Bolqarıstanın xeyrinə həll edə bilmədiyindən və bu ərazi Rumıniyaya verildiyindən A.Malinov istefaya çıxdı. Onu həmin vəzifədə əvəz etmiş Xalq partiyasının lideri T.Teodorov Tərəqqipərvər-Liberal partiyasını da ölkənin idarə etməsinə cəlb etmək hesabına hökumət koalisiyasını genişləndirdi. BƏXİ-nin liderlərinin də hökumət koalisiyasında iştirak etməkdə əsas məqsədi gələcəkdə dövlət hakimiyyətini öz əllərinə almaq idi. 1919-cu ildə siyasi məhbuslara amnistiya elan olunduqdan sonra həmin ilin mayında T.Teodorovun kabinetinə daxil edilmiş A.Stambolski hökumətdə BƏXİ-nin nümayəndələrinin artırılmasına nail olmağa cəhd göstərirdi. Lakin 1919-cu ilin mayında təşkil edilmiş T.Teodorovun ikinci koalision hökumətində BƏXİ-na əlavə portfellər verilmədi.

1919-cu ilin avqustunda müharibədən sonra birinci dəfə olaraq Bolqarıstan Xalq məclisinə parlament seçkiləri keçirildi. Seçkilərdə BƏXİ qalib gələrək parlamentdə 85, BKP - 47, BFSDP (birləşmiş) — 38, Demokrat Partiyası — 28, Xalq Partiyası — 19 və Tərəqqinərvər-Liberal Partiya — 8 yer aldı. Çar III Boris yeni hökumətin təşkilini A.Stambolskiyə həvalə etdi. BƏXİ parlamentdə səs çoxluğuna malik olmadığından A.Stambolski Xalq partiyası və Tərəqqipərvər-Liberal partiya ilə danışıqlar apararaq 1919-cu il oktyabrın 6-da yeni hökumətin təşkilini başa çatdırdı. Sülh müqaviləsinin imzalanması bu hökumətin üzərinə düşdü.

Bolqarıstan nümayəndə heyəti hazırlanmış müqavilənin layihəsini 1919-cu il sentyabrın 19-da aldı. Layihəyə baxılmaq üçün bolqar tərəfinə 25 gün vaxt verilmişdi, lakin onlar bu müddətin 2 aya qədər uzadılmasına nail oldular. Bu müddətdə Bolqarıstan tərəfi müxtəlif vasitələrdən istifadə edərək qalib dövlətlərdən müqavilənin şərtlərinin yumşaldılmasına nail olmağa çalışsalar da heç bir güzəştə nail ola bilmədilər. 1919-cu il noyabrın 13-də Bolqarıstan nümayəndə heyəti müqavilənin Bolqarıstan üçün ədalətsiz olmasına baxmayaraq onu qəbul etdiyini bildirməyə məcbur oldu. Lakin nümayəndə heyətinin rəhbəri T.Teodorov müqviləni imzalamaqdan imtina etdi və bu işi Baş nazir A.Stambolski yerinə yetirdi. 1919-cu il noyabrın 27-də Parisin ətrafı Neyi qəsəbəsində imzalanmış bu müqavilə Versal sülh müqavilələri sisteminin tərkib hissələrindən biri olub, şərtləri Bolqarıstan üçün fəlakətli dərəcədə ağır idi. Bu sənədə əsasən Bolqarıstan ərazisinin ondabir hissəsini, o cümlədən Rumıniyaya verilən Cənubi Dobrucanı, Yunanıstana verilən Egey dənizinə çıxışı ilə birlikdə Qərbi Frakiyanı, Yuqoslaviyanın tərkibinə daxil edilmiş Bolqarıstanın qərbindəki Strumia şəhərini, Bosileqrad və Çaribroqu, Kulski dairəsinin bir neçə kəndini itirdi. 37 il müddətində Bolqarıstan qalib dövlətlərə 2,25 milyard qızıl frank dəyərində təzminat ödəməyə, 70 min baş mal-qara, 250 min ton daş kömür verməyə borclu idi. Bolqarıstanın silahlı qüvvələri 20 min nəfər həddində ola bilərdi. Bolqarıstan işğalçı qoşunları saxlamaq üçün bütün məsrəfləri ödəməli, ölkənin iqtisadiyyatı isə İngiltərə, Fransa və İtaliya nümayəndələrindən ibarət ittifaqlararası komissiyanın nəzarətinə tabe edilirdi.

Aqrarçıların idarəçiliyi. 1919-1923-cü illər.1919-cu il oktyabrın 6-da təşkil edilən A.Stambolski hökuməti Neyi sülh müqaviləsinə əsasən Birinci Dünya müharibəsindən çox böyük əhali, ərazi və maddi itkilərlə çıxan Bolqarıstanı böhrandan çıxarmaq, sosial gərginliyi aradan qaldırmaq məqsədilə yollar axtarmağa başladı. BƏXİ-nin XV qurultayında A.Stambolski koalision hökumətinin nəzərdə tutduğu siyasətin ümumi istiqamətləri işlənib hazırlandı. Əhalinin tələblərinə cavab verən müharibə vaxtı qazanılan gəlir üzərində vergi qoyulmasına dair, sənətkarlara yardım haqqında, müharibə vaxtı müsadirə edilən mal-qaranın əvəzini almamış kəndlilərə yardım edilməsi və s. qanunlar qəbul olundu.

Hökumətin tədbirlərinə baxmayaraq, 1919-cu il mayın 27-29-da Sıx sosialistlərin-tesnyakların qurultayı partiyanın Kommunist partiyası adlandırılması haqqında qərar qəbul etdi və 1919-cu il dekbarın 24-də BKP və Sosial-Demokrat partiyalarının çağırışı ilə ölkədə kütləvi etiraz aksiyaları başladı. Aksiya zamanı nümayişçilərlə hökumət qüvvələri arasında toqquşma baş verdi. A.Stambolski hökumətinin fəaliyyəti haqqında məsələ Xalq Məclisinin 1919-cu il dekabrın 27-29-da keçirilən iclasının müzakirəsinə çıxarıldı. Hökumət özünün atdığı addımlara bəraət qazandırmaq üçün belə bir bəyanət verdi ki, kommunistlər və sosial-demokratlar heç də əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq deyil, hakimiyyətə gəlmək uğrunda mübarizə aparırlar. Parlamentdə deputatların əksər hissəsi hökuməti müdafiə etdi.

Bununla yanaşı, 1919-cu il dekabrın 29-da ölkədə ümumi siyasi tətil başlandı. Tətil yanvarın 3-də başa çatsa da nəqliyyat işçiləri, şaxtaçılar və liman fəhlələri tətili fevralın 19-na qədər davam etdirdilər. Hökumət ölkədə fövqəladə vəziyyət tətbiq etdi. Bununla yanaşı, A.Stambolskinin koalision hökuməti ölkədə sosial gərginliyi azaltmaq üçün bəzi güzəştlərə getməyə məcbur oldu. İlk növbədə, 1920-ci ilin yanvarında “Mənzil böhranının yüngülləşdirilməsi haqqında” qanunu parlamentdən keçirə bildi.

1920-ci ilin yanvarında yerli orqanlara — bələdiyyələrə seçkilər keçirildi. Nəqliyyat işçilərinin tətilləri davam etdirməsi ilə əlaqədar ölkədə yaranmış gərgin vəziyyətə baxmayaraq, Əkinçi İttifaqı burjua partiyalarını xeyli geridə qoyaraq, özündən sonra gələn BKP-yə nisbətən demək olar ki, seçicilərin iki dəfədən çoxunun səsini qazandı. Yerli orqanlara seçkilərin nəticələri aydın olandan sonra A.Stambolski parlamentin buraxılması məsələsini qaldırdı. Bunu A.Stambolski Bolqarıstanın Birinci Dünya müharibəsində məğlubiyyətinin nəticələrini aradan qaldırmağa, Neyi sülh müqaviləsinin şərtlərini yerinə yetirməyə, ölkəni böhrandan çıxarmağa və “dərin sosial dəyişikliklər” həyata keçirməyə qabil olan güclü hökumətin təşkil edilməsi zəruriliyi ilə əsaslandırırdı.

1920-ci il martın 28-də Xalq Məclisinə seçkilər keçirildi. BƏXİ parlamentdə 229 yerdən 110 yer aldı. Digər partiyalar birlikdə 119 səs topladılar, o cümlədən BKP (sıx sosialistlər) 50, Demokrat partiyası 24, Xalq partiyası 14 və s. aldı. Yerlərin bu cür bölüşdürülməsi BƏXİ-na təkpartiyalı hökumət təşkil etməsinə çatmadı. Bir neçə seçki dairəsindən seçilmiş deputatların mandatlarını etibarsız hesab etməklə BƏXİ lazım olan səsləri toplamağı bacardı.

A.Stambolskinin sədriliyi ilə 1920-ci il mayın 21-də təkpartiyalı hökumət yaradıldı. Yenə həmin ilin mayında Xalq Məclisi ümumi əmək mükəlləfiyyəti haqqında qanun qəbul etdi. Hökumət bununla dağılmış xalq təsərrüfatını bərpa etmək istəyirdi. Hökumət həmçinin mütərəqqi gəlir vergisinin tətbiq edilməsini elan etdi ki, bunun da böyük əhəmiyyəti var idi. Bu qanunun əsasını torpaq əmək mülkiyyəti prinsipi təşkil edirdi ki, bu da torpağın şəxsi əməyi ilə becərə bilənlər arasında bölüşdürülməsini nəzərdə tuturdu. Bir il hakimiyyətdə olduğu müddətdə hökumət Xalq Məclisində 100-dən çox qanun layihəsi keçirdi. Monarx Konstitusiyaya əsasən ona verilən qanunvericilik səlahiyyətindən məhrum edildi. BƏXİ tərəfindən işlənilmiş qanunlar əsasən dövlət idarəçiliyi sistemini toxunulmaz saxlayırdı. A.Stambolski hökuməti mərkəzdənqaçma ideyasından imtina edirdi. İcraedici hakimiyyətin səmərəsiz fəaliyyəti A.Stambolski hökumətinin nəzərdə tutuduğu islahatların həyata keçirilməsini çətinləşdirən başlıca şərt idi.

Vəziyyəti mürəkkəbləşdirən həm də Neyi müqaviləsinə uyğun olaraq yaradılmış itti-faqlararası komissiyanın kabinetin fəaliyyətinə müdaxilə etməsi idi. Komissiyanın təzyiqi ilə çoxlu qanunlar ləğv edilmiş, ya da dəyişdirilmişdir. Məsələn, hökumət konsorsium haqqında qanundan birdəfəlik imtina etmiş, ümumi əmək mükəlləfiyyəti haqqında qanuna xeyli dəyişikliklər etmiş, 1921-1922-ci il üçün təsdiq edilmiş büdcəyə yenidən baxmışdı və s.

Stamboliyski hökumətinin xarici siyasət cəhdləri Neyi müqaviləsi şərtlərinin yüngül-ləşdirilməsinə, təzminatın miqdarının azaldılmasına yönəldilmişdi. Lakin bu addım Antantanın müqaviməti nəticəsində heç bir nəticə vermədi. Hökumət qonşu dövlətlərlə də münasibətləri normal hala salmağa çalışırdı. 1922-ci ildə Bolqarıstanla Sovet Rusiyası arasında bir qədər yaxınlaşma əmələ gəldi, lakin Antantanın narazı olacağından ehtiyat edən A.Stambolski hökuməti Sover Rusiyası ilə diplomatik münasibətlər yaratmağa tələsmirdi.

BƏXİ və BKP ilə əks mövqedə duran burjua partiyalarının Bolqarıstanın siyasi həyatına təsimin kəskin şəkildə aşağı düşməsi, leqal formada hakimiyyətə gələ bilməməsi ilə əlaqədar onlar öz qüvvələrini birləşdirməyə başladılar. 1920-ci ilin may-dekabr aylarında Xalq-Liberal, Mlado-Liberal və Liberal (V.Radoslavov) partiyaları Milli-Liberal partiyasını, Xalq və Tərəqqi-Liberal partiyaları Birləşmiş Xalq-Tərəqqi partiyasını yaratdılar. Uzun sürən danışıqlardan sonra 1922-ci ilin iyulunda bu partiyalar Birləşmiş Konstitusiya Blokunun yaradılması haqqında protokol imzaladılar. Məqsəd BƏXİ tərəfindən “dəyişikliklər” edilmiş Bolqarıstan Konstitusiyasını yenidən bərpa etmək idi.

Konstitusiya bloku 1922-ci ilin avqustunda BƏXİ rejiminə qarşı bir sıra irimiqyaslı etiraz aksiyaları həyata keçirməyi nəzərdə tuturdu. Blok 1922-ci il sentyabrın 17-də Tırno-voda öz tərəfdarlarının toplantısını keçirməyi qərara aldı. Konstitusiya blokunun bu işini pozmaq məqsədi ilə BƏXİ həmin gün Tımovoda çuğundurbecərən kəndlilərin qurultayını çağırdı. Rejimin tərəfdarları ilə əleyhdarları arasında baş vermiş toqquşma faktından istifadə edən hakimiyyət orqanları Konstitusiya blokunun rəhbərlərini həbs etdilər.

Hökumətin təşəbbüsü ilə 1922-ci ilin noyabrında İ.Qeşov, S.Danev və A.Malinov hökumətlərinin Bolqarıstanın İkinci Balkan və Birinci Dünya müharibələrində, iki “milli fəlakətdə” günahları olub-olmaması məsələsi haqqında referendum keçirilməsi ölkədə vəziyyəti yenidən kəskinləşdirdi. Məsələ Konstitusiya blokuna daxil olan partiya nümayəndələrindən formalaşdırılmış keçmiş hökumətlərdən gedirdi. Referendumun nəticələrinə görə səsvermədə iştirak edənlərin böyük hissəsi günahkarların cəzalandırılmasına səs verdi ki, bu Konstitusiya blokunun məğlubiyyəti demək idi. Bu uğursuzluqdan sonra daha iki qüvvə — Hərbi İttidaq və Xalq Sazişi BƏXİ hökuməti ilə ön plana çıxdı.

Hərbi İttifaq Bolqarıstanı İkinci Balkan və Birinci Dünya müharibəsində məğlubiyyətindən, həmçinin Neyi müqaviləsi ilə ordunun xeyli azaldılmasından (20 min nəfərə kimi) narazı zabitlər tərəfindən 1918-ci ilin noyabrında yaradılmışdı. 1919-1920-ci illərdə hazırlanmış proqrama uyğun olaraq Hərbi İttifaq “birləşmiş, vahid, güclü və firavan Bolqarıstan” yaradılmasını qarşısına məqsəd qoymuşdu. BƏXİ-nin yeritdiyi siyasəti ümummilli maraqlara xəyanət kimi qiymətləndirən Hərbi İttifaq 1920-ci ilin sentyabrında qeyri-leqal iş şəraitinə keçərək “aqrarçıların” rejiminə qarşı dövlət çevrilişi də daxil olmaqla qəti tədbirlər həyata keçirmək uğrunda mübarizə aparırdı.

Xalq Sazişi təşkilatı 1921-ci ildə meydana gəlmişdi. Onun tərkibinə siyasi və işgüzar dairələrin nümayəndələri, professorlar, Hərbi İttifaqın, ehtiyatda olan zabitlər İttifaqının nümayəndəliyi daxil idi. Onların əksəriyyəti Böyük bolqar mason lojasının üzvləri idi. “İctimai həmrəylik” ideyasını qəbul edən Xalq Sazişi təşkilatı dövlət hakimiyyətinin “dar silki və sinfi maraqlara” xidmət etməsinə qarşı, hakimiyyətin nüfuzunun möhkəmləndirilməsi, xalqda vətəndaşlıq borcu hisslərinin inkişaf etdirilməsi uğrunda çıxış edirdi. İlk əvvəl, təşkilata “Tütün ixracatçıları və fabrikçilər birliyinin” direktorlarından biri A.Qrekov başçılıq edirdi. Sonralar, 1922-ci ilin ortalarından təşkilata rəhbərlik Sofiya Universitetinin professoru A.Sankova keçdi.

Qanuni parlament vasitəsi ilə hakimiyyətə gəlmiş rejimi devirmək məqsədilə BƏXİ-nin əleyhdarları qeyri-qanuni yola əl atdılar. 1923-cü il iyunun 8-dən 9-na keçən gecə Hərbi İttifaqın rəhbərlərinin əsas rol oynadığı müxalifət qüvvələri dövlət çevrilişi etdilər. Bolqarıstanın demək olar bütün siyasi təşkilatları çevrilişi alqışladılar. Bolqarıstan Kommunist partiyası burjuaziyanın iki cərəyanı arasında gedən mübarizəyə (kənd və şəhər) qarışmamağı qərara aldı və özünün birtərəfliyini bəyan etdi. Çevrilişə qarşı yalnız BƏXİ tərəfdarları çıxış etdilər. Onlar Pleven, Şumen, Plovdiv və ölkənin digər rayonlarından silahlı mübarizəyə qalxdılar. Slavovitsa kəndində olan A.Stambolski də müqavimət təşkil etməyə çalışsa da ələ keçirilərək amansız işgəncədən sonra 1923-cü il iyunun 14-də öldürüldü, BƏXİ qüvvələri məğlub oldu.

Aleksandr Stoimenov Stambolski 1879-cu il martın 1-də Şərqi Rumeli Slovovitsasında kəndli ailəsində anadan olmuşdur. Almaniyada aqronom ixtisası üzrə təhsil alaraq 1902-ci ildə Bolqarıstan Əkinçi Xalq İttifaqının liderlərindən biri, 1908-ci ildən Xalq Məclisinin, 1911-ci ildən Böyük Xalq Məclisinin deputatı olmuşdur. 1915-ci ildə Almaniya əleyhinə Rusiya və Antanta dövlətlərini müdafiə etdiyi üçün hökumət və çar Ferdinant tərəfindən ömürlük həbs cəzası almışlar. 1918-ci ilin sentyabrında “orduda sakitlik yaratmaq” məqsədilə həbsdən azad edilmişdir. 1918-ci il sentyabrın 22-dən oktyabrın 3-nə kimi davam edən Vladay əsgər üsyanında iştirak etmiş, üsyançı əsgərlərin elan etdiyi Radomir Respublikasının sədri seçilmişdir. Üsyan məğlub olduqdan sonra 1919-cu ildə BƏXİ-nin lideri kimi koa-lizasiyalı hökumət təşkil etmiş, 1920-ci il mayın 21-dən 1923-cü il iyunun 9-na kimi aqrarçı-ların hökumətinə başçılıq etmişdir. 1923-cü il iyunun 9-da hərbi çevriliş nəticəsində onun hökuməti devrilmiş, özü isə iyunun 14-də tutularaq ağır işgəncədən sonra öldürülmüşdür.

Demokratik Saziş rejimi. 1923-1931-ci illər.1923-cü il 9 iyun çevrilişindən sonra Xalq Sazişi təşkilatının lideri A.Sankovun başçılığı altında yaradılmış hökumətdə hərbi qüvvələr, daxili və xarici işlər naziri kimi mühüm vəzifələri Hərbi İttifaqın liderləri tuturdular. Hökumətin tərkibinə BƏXİ və BKP nümayəndələri istisna olmaqla demək olar ki, bütün partiyaların nümayəndələri daxil oldular. A.Sankov kabineti öz vəziyyətini möhkəmləndirmək məqsədilə, Bolqarıstan üçün ənənəvi olan metodlardan istifadə edirdi. Hökumət, ilk növbədə yerli hakimiyyət orqanlarında “təmizləmə” apardı. Nahiyə upravları və nahiyə rəisləri vəzifələrinə başlıca olaraq Hərbi İttifaqa sədaqətli ehtiyatda olan zabitlər təyin edildilər. A.Sankov hökuməti yerli özünüidarə orqanlarını (icma şuraları) üç nəfərdən ibarət təyin edilmiş komissiyalarla əvəz etdi. Belə analoji tədbiri vaxtı ilə A.Stambolski kabineti də tətbiq etmişdi.

Cəmiyyətdə öz nüfuzunu qoruyub saxlamaq məqsədi ilə Hərbi İttifaq və Xalq Sazişi liderləri dağınıq siyasi qüvvələri birləşdirmək və bir güclü hakim partiya yaratmaq qərara aldılar. 1923-cü ilin avqustunda Xalq Sazişi, Birləşmiş Xalq-Tərəqqi partiyası, Demokratik və Radikal-Demokratik partiyaları Demokratik Saziş adlı yeni siyasi təşkilatın yaradılması haqqında protokol imzaladılar. Hökumət koalisiyasına daxil olan BFSDP və Milli-Liberal partiyalar bu təşkilata daxil edilmədilər. Bir müddətdən sonra Milli-Liberal partiyası hökumət koalisiyasından da kənarda qaldı. BƏXİ və BKP ölkənin siyasi həyatından sıxışdırılıb çıxarıldı. Bunun üçün A.Sankov hökuməti bütün repressiya tədbirlərindən geniş istifadə edirdi ki,

1923- cü il sentyabr üsyanından sonra repressiyalar daha da artdı.

Dövlət çevrilişinin hakimiyət böhranı yaratdığını bildirən BKP (tesnyaklar) MK 1923-cü il avqustun əvvəllərindən hakimiyyəti ələ keçirmək və fəhlə-kəndli hökuməti qurmaq məqsədilə A.Sankov hökuməti əleyhinə üsyana hazırlaşmaq haqqında qərar qəbul etdi. Bundan xəbər tutan polis ilk addım ataraq 1923-cü il sentyabrın 12-də 2 minə yaxın kommunisti həbs etdi. Üsyan sentyabrın 22-23-nə təyin olunmasına baxmayaraq qeyri-mütəşəkkil başladı. Starozaqor dairəsində üsyan vaxtından əvvəl, sentyabrın 19-da, bəzi rayonlarda vaxtından gec başladı. Sofiya, Plovdiv, Persnik, Sliven və başqa böyük fəhlə mərkəzlərində üsyan lap əvvəldən yatırılmışdı. Üsyanın başlanması ərəfəsində polis Sofiyada inqilabi komitə üzvlərinin hamısını həbsə ala bildiyi üçün paytaxtda hərəkat başsız qalmışdı.

Üsyan şimal-qərbi Bolqarıstanın Vraçan və Vidin dairələrində daha yaxşı təşkil edilmişdi. Burada hərəkata G.Dmitrov, V.Kolarov və Q.Qenovun başçılıq etdikləri Baş inqilabi komitə rəhbərlik edirdi. Üsyan sentyabrın 22-də başlandı, hökumət üsyançılara qarşı qoşunlar göndərdi. A.Sankov hökuməti Antantanın gizli razılığı ilə ehtiyatda olan zabitləri səfərbərliyə aldı ki, bu Neyi müqaviləsinin şərtlərini pozmaq demək idi. 1923-cü il sentyabrın 27-də PK (b) P MK Siyasi Bürosu üsyançılara yardım etmək haqqında qərar qəbul etdi. Bu zaman hökumət qüvvələri Baş inqilab komitəsinin yerləşdiyi Ferdinand (Mixaylovqrad) şəhərinə daxil oldular, sentyabrın 29-da demək olar ki, üsyan yatırıldı. Hökumət qüvvələrinin hücumu altında üsyançıların bir hissəsi dağlara və meşələrə çəkildi, digər hissəsi isə bolqar-serb sərhəddini keçərək qonşu ölkələrə getdi. Üsyançılara amansız divan tutuldu, qeyri-rəsmi məlumata görə 5 min nəfərə yaxın üsyançı öldürüldü, minlərlə adam həbsxanaya salındı.

1924- cü ilin əvvəlində qəbul edilmiş “Dövlətin müdafiəsi haqqında” qanuna əsasən BKP və onu digər təşkilatlarının fəaliyyəti qadağan edildi.

Ölkədə yaranmış gərginliyi aradan qaldırmaq məqsədilə 1923-cü il noyabrın 18-də parlament seçkiləri keçirildi. Seçkilərdə “Demokratik Sazişi və BFSDP (b) koalisiyası qalib gəldi və Xalq məclisində 200 yerə sahib oldular. Milli-Liberal partiyası, BKP (tesnyaklar) hər biri 8, BƏXİ isə 29 yer qazandı. 1924-cü ilin əvvəllərində Demokratik saziş və BFSDP (b) koalisiyası dağıldı. Buna səbəb sosial-demokratların əlavə nazir postlarına olan iddialarının ödənilməməsi oldu. BFSDP (b) öz nümayəndəsini hökumətdən geri çağıraraq müxalifətə keçdiyini bəyan etdi. Həmçinin A.Sankov hökuməti Daxili Makedoniya İnqilab Təşkilatının (DMİT) simasında öz müttəfiqini itirdi. Buna səbəb bu təşkilatın xarici siyasi fəaliyyətini hökumətin məhdudlaşdırmağa cəhd etməsi oldu. 1924-cü ilin martında DMİT-in bir sıra rəhbərləri həbs edildi. Buna cavab olaraq DMİT MK-sı A.Sankov hökumətinə öz etirazını bildirərək, Vyanada SSRİ nümayəndəliyi ilə aparılan danışıqlarda “serb, yunan və həm də bolqar hökumətinə” qarşı mübarizəni qəti şəkildə gücləndirəcəyi haqqında üzərinə öhdəlik götürdü və bu 1924-cü il dekabrın 29-da imzalanmış xüsusi bəyannamədə öz əksini tapdı. Eyni zamanda Demokratik Saziş hökuməti həlli çətin olunan daxili problemlərlə də qarşılaşdı.

1924-cü ilin fevralında S.Kosturkov başda olmaqla Radikal-Demokratik partiyasının bir sıra üzvləri Demokratik Saziş təşkilatından çıxdılar.

Bununla yanaşı, Bolqarıstanda “inqilabi böhranın” kəskinləşməsi haqqında fikri həqiqətə uyğun deyildi, çünki ölkədə vəziyyətin stabilləşməsinin bütün əlamətləri göz qabağında idi. A.Sankov hökumətinin təşəbbüsü ilə 1924-cü ildə sosial təminat haqqında, 1925-ci ildə məşğulluq haqqında qanunlar qəbul edildi. Bu qanunlarda bədbəxt hadisələrə, xəstəlik, analıq məzuniyyəti, əlillik və qocalığa görə, həmçinin işsizlərə yardım üçün xüsusi fondların yaradılması nəzərdə tutulurdu. Fondların yaradılmasın sosial müdafiə sisteminin formalaşmasında mühüm addım oldu. İqtisadi yüksəliş, sosial sahədə hökumətin gördüyü tədbirlər əhalinin həyat səviyyəsinin yülksəlişinə səbəb oldu. Real gəlir 1921-ci ildə 1912-ci il göstəricilərinin 81 faizini təşkil edirdisə, 1925-ci ildə bu göstərici 118 faiz təşkil edirdi. Bu, sözsüz ölkədə ictimai əhval-ruhiyyənin yüksəlişinə təsir etməyə bilməzdi.

Lakin BKP (tesniyaklar) və Komintemin İcraiyyə Komitəsi Bolqarıstanda vəziyyətin normallaşdığı haqqında məlumatları inkar edirdi. Partiyanın Hərbi təşkilatı fəal surətdə yeni üsyana hazırlıq görməyə başladı. BKP (tesnyaklar)-nın Hərbi təşkilatı Sovet hökumətinin köməyi ilə Sevastopoldan, Vyana və İstanbuldan silah əldə etdi. Bolqarıstanın Nazirlər kabinetindən, Daxili işlər nazirliyindən və Hərbi nazilikdən məxfi məlumatlar əldə etmək məqsədilə geniş kəşfiyyat şəbəkəsi yaratdı, döyüş dəstələri formalaşdırdı və s. Moskva ilə birbaşa əlaqələrin yaranması ilə hərbi təşkilatın məsul işçiləri müstəqil fəaliyyət göstərə bilərdilər.

1924-cü ilin payızında hərbi təşkilat və onun təşkil etdiyi çətələr, yəni partizan dəstələri təxribatçılıq və terrorçuluq fəaliyyətinə başladılar. Üsyana başlamaq üçün hər hansı bir zəmin olmadığından BKP rəhbərliyi və Kominternin İcraiyyə Komitəsi üsyanı 1925-ci ilin yazına keçirməyə məcbur oldu. 1925-ci ilin martında RK (b)P MK-nın Komissiyası və Kominternin İcraiyyə Komitəsinin Rəyasət Heyəti bolqar məsələsinə dair xüsusi qətnamə qəbul etdi və bolqar kommunistlərinə tövsiyə etdi ki, fəaliyyətlərini “zəhmətkeşlərin vaxtı çatmış maraqlarının müdafiəsinə” yönəltsinlər. Qətnamə çox gec atılan bir addım oldu, ona görə ki, artıq terror maşını işə düşmüşdü. Belə ki, 1925-ci ilin aprelində BKP (tesnyaklar)-nın Hərbi təşkilatı bir sıra terror aktları törətdi. Aprelin 13-də iki sui-qəsd törədildi, bunlardan biri çar Borisə, digəri Hərbi İttifaqın yaradıcılarından biri general Kostu Georgiyevə qarşı. Çar xilas ola bildisə də, K.Georgiyev öldürüldü. Növbəti böyük sui-qəsd aprelin 16-da Sofıyadakı “Müqəddəs Nedeliya” kilsəsində törədildi. Həmin gün A.Sankov başda olmaqla hökumət üzvləri kilsədə idilər, bu sui-qəsd nəticəsində 160 nəfər adam öldü.

Hökumət terrora qarşı terrorla cavab verdi. Qısa bir müddətdə təqribən 13 min nəfər həbs edildi. “Müqəddəs Nedeliya” kilsəsində törədilmiş qəsdin təşkilatçılarından üç nəfəri tutularaq dar ağacından asıldı. Yüzlərlə fəhlələr məhkəməsiz və istintaqsız güllələndi, cəza dəstələrinin öz miqyasına görə misli görünməmiş azğınlığı başladı. Bu dövrdə çoxlu inqilabçı kommunistlər məhv edildilər, bolqar kommunistləri ilə əməkdaşlıq edənlər də çoxlu itkilər verdilər.

Buna cavab olaraq Komintern və ona tabe olan Kommunist partiyaları Bolqarıstandakı “ağ terrora” qarşı beynəlxalq mübarizəni gücləndirdilər. Bu işdə beynəlxalq aləmdə tanınan və böyk nüfuza malik dünyanın intellektual elitasının tanınmış nümayəndələri Anri Barbyus, Roman Rollan, Bernard Şou və başqaları yaxından iştirak edirdilər. Özünü nüfuzdan salmış Bolqarıstan hökuməti xaricdən istiqraz almaq və gələcəkdə fəaliyyətini davam etdirmək imkanını itirdi. A.Sankovun fəaliyyərsiz Xalq məclisini buraxmaqla hakimiyyətdə qalmaq cəhdi də heç bir nəticə vermədi, yalnız fövqəladə hallarda toplanan Xalq Məclisinin Ağsaqqallar Şurası 1925-ci ilin dekabrında A.Sankov hökumətinə etimadsızlıq göstərdi. Bolqar burjuaziyası “həddindən artıq açıq” A.Sankovu daha çevik siyasi xadimlə əvəz etməyi məqsədəuyğun hesab etdi.

1926-cı ilin yanvarında formalaşdırılmış yeni Demokratik Saziş hökumətinə A.Lyapçev başçılıq etməyə başladı. Hökumət proqramının mahiyyətini “barışıq və mərhəmət” devizi təşkil edirdi. A.Lyapçev hökuməti, ilk növbədə, əvvəlki hökumətin repressiyalarının mənfi nəticələrinin aradan qaldırılması tədbirlərinə başladı. 1926-cı ilin fevralında amnistiya haqqında qanun qəbul edildi və bu qanuna əsasən 7 min nəfər həbsdən azad edildi, sialhlı qüvvələr naziri postunu öz əlində saxlamış İ.Vılkovun təşəbbüsü ilə çar III Boris 1923-1925-ci illərdə hərbi-səhra məhkəmələri tərəfindən mühakimə olunanların əfv edilməsi haqqında bir neçə fərman imzaladı.

Kabinet dövlət vəzifələrində çalışan istefada olan zabitləri mülki şəxslərlə əvəz etdi. Eyni zamanda ordu üzərində nəzarəti öz üzərinə götürməyə çalışan hökumət bu vəzifənin icrasını İ.Vılkova tapşırdı. Bu işi həyata keçirərkən İ.Vılkov zabit heyətinin orta təbəqəsinin müqaviməti ilə üzləşdi və onlar 1928-ci ildə Gizli Hərbi İttifaq (GHİ) yaratdılar. 1927-ci ilin mayında A.Lyapçev hökuməti parlament seçkiləri keçirdi. Seçkilərdə ilk dəfə 1927-ci ildə yaradılmış fəhlə partiyası — əslində qeyri-leqal fəaliyyət göstərən BKP iştirak etdi. Parlamentdə 273 yerdən 168 mandat yerini Demokratik Saziş hökuməti aldı.

Demokratik Saziş blokunun çoxluq təşkil etdiyi Xalq Məclisi hökuməti müdafiə edirdi. Parlament hökumət tərəfindən 1927-1929-cu illərdə təqdim edilmiş 182 qanun layihəsindən 145-ni təsdiq etdi. A.Lyapçev hökuməti özünün əsas diqqətini başlıca olaraq ölkənin iqtisadi və xarici siyasət sahəsindəki problemlərin həll edilməsinə yönəltmişdir. Hökumət Millətlər Cəmiyyətinin qərarına əsasən 1926-cı ilin sonlarında amerikan, ingilis və fransız bankları ilə müqavilə bağlayaraq Bolqarıstanda sığınacaq tapmış qaçqınlara yardım məqsədi ilə 2,4 milyon funt sterlinq və 5 milyon dollar istiqraz aldı. Həmçinin 1928-ci ildə Bolqarıstanda baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün xaricdən yenə də əlavə istiqraz alındı. Bu borclar hökumətə maliyyə sistemini stabilləşdirməyə və büdcə kəsirini azaltmağa imkan verdi. Bununla belə, Demokratik Saziş hökumətinin daxilində ziddiyyətlər kəskinləşdi, A.Sankovun tərəfdarları ayrıca fraksiya yaratdılar. 1930-cu ildə hökumət yenidən təşkil edildi, A.Sankov həmin hökumətdə Maarif naziri portfelinə yiyələndi. Demokratik saziş blokunda fikir ixtilaflarının artması ilə əlaqədar müxalifət qüvvələrinin birləşməsi baş verirdi. Bunun əsas təşəbbüsçüsü Demokratik partiya idi. Xalq bloku adlanan bu koalisiyaya BƏXİ-“Vrabça-1”, S.Kosturkovun başçılıq etdiyi Radikal partiyası, Q.Petrovun başçılıq etdiyi MilliLiberal partiyasının bir hissəsi daxil oldular.

30-cu illərdə Bolqarıstanın siyasi həyatı

“Xalq Bloku” 1931-ci ilin iyununda keçirilmiş parlament seçkilərində 150 yer aldı. Demokratik Saziş bloku isə cəmi 78 mandata sahib oldu. A.Lyapçev hökuməti əvəzinə hakimiyyətə A.Malinovun kabineti gəldi. Bu hökumət “Xalq Bloku”nda birləşmiş müxalifətçi burjua partiyalarının nümayəndələrindən təşkil edilmiş koalisyon hökumət idi. Bu hökumətdə mühüm vəzifələri Demokratik partiyanın nümayəndələri tutdu. 1931-ci ilin okyabrında Xalq Məclisinin sədri seçilən A.Malinovu Demokratik patiyanın üzvü N.Muşanov əvəz etdi. “Xalq Bloku” hökumətinin hakimiyyəti iqtisadi böhran illərinə düşdüyündən, onun əsas vəzifəsi iqtisadi böhranın dərinləşməsinə yol verməmək idi. Hökumət, ilk növbədə xırda mülkiyyətin qorunması sahəsinə xüsusi diqqət verirdi. Kəndlilərin dövlətə olan borclarının silinməsi istiqamətində xeyli iş gördü.

Müvafiq qanunvericilik aktları vasitəsilə hökumət borca görə torpağın satılmasını dayandırdı və dörd hektar həcmində olan təsərrüfatları ayrılmaz elan etdi. Mülklərin bir hektarından torpaq vergisinin alınmasını dayandırdı. Xalq Bloku hökuməti Lyapçev hökuməti tərəfindən yaradılmış taxıl məhsullarının alınması və ixracı üzrə inhisar hüququ olmayan dövlət müəssisəsi kimi Direksiyanı saxladı və eyni zamanda zərurət yaranarsa ərzaq məhsullarının qiymətlərini tənzimləyən Ərzaq məhsulları komissarlığı yaratdı. Əksinə, Xalq Bloku hökuməti komministlərə qarşı cəza tədbirlərini daha da gücləndirdi, kommunistlər və tərəqqipərvər xadimlər əleyhinə bir sıra məhkəmə prosesləri başladı. 1932-ci ilin oktyabrında hökumət Fəhlə partiyasının gizli keçirilən qurultayının bütün nümayəndələrini həbsə aldı. Nəticədə Xalq Bloku hökuməti kütlələr arasında öz nüfuzunu getdikcə daha çox itirdi. 1933-cü ilin aprelində hökumət, Fəhlə partiyasından olan deputatlarının bolqar parlamentindən xaric edilməsi haqqında Xalq Məclisinə qərar qəbul etdirdi. Bunun ardınca hökumət G.Dmitrovu müdafiə etmək üçün keçirilən mitinqləri qadağan etdi. G.Dmitrova vətənə qayıtmağa icazə vermədi və onu bolqar vətəndaşlığından məhrum etdi. G.Dmitrov sovet vətəndaşlığına qəbul edildi və 1946-cı ilə qədər SSRİ-də sığınacaq tapdı. Xalq Bloku hökumətinin fəaliyyətini çətinləşdirən ən başlıca fakt ölkəni əhatə etmiş bürokratiya və korrupsiyanın baş alıb getməsi idi. Bolqarıstanın siyasi qüvvələrinin çoxu (Xalq Bloku hökuməti dövründə Bolqarıstanda rəsmi qeydiyyatdan keçmiş 40 partiya var idi) yeganə çıxış yolunu mövcud olan siyasi sistemin köklü şəkildə dəyişdirilməsində görürdü.

Sağtəmayüllü qüvvələr ölkədə güclü avtoritar dövlət hakimiyətinin yaradılmasını və bolqar cəmiyyətinin milli ideya ətrafında birlşdirilməsini təbliğ edirdi. Nəticədə radikal əhval-ruhiyəli zabitlər və ziyalılar 1932-ci ildə “Zveno” jurnalı ətrafında birləşərək “yeni iqtisadi formalara və funksiyalara malik bir cəmiyyət” yaratmaq istiqamətində fəaliyyətə başladılar. Beləliklə, faşist tipli, Nasiona-sosialist hərəkatı və “Zveno” təşkilatı yarandı. 1934-cü il mayın 18-dən 19-na keçən gecə Hərbi İttifaq və 1932-ci ildə yaradılmış “Zveno” siyasi təşkilatının birgə hazırladığı dövlət çevrilişi baş tutdu. Xalq Bloku hökuməti devrildi və hakimiyət palkovnik Kimon Georgiyevin başçılığı altında hərbi dairələrin əlinə keçdi. Çevriliş ağrısız baş verdi, əhali çevrilişə passiv yanaşaraq, hadisələri kənardan müşahidçi rolunda seyr etdilər.

K.Georgiyev hökuməti (Georgiyev həm də Ədliyyə naziri postunu tuturdu) Bolqarıstanın dövlət-siyasi sisteminin yenidən qurulması proqramını işləyib hazırladılar ki, bunun da əsasını ölkədə mərkəzləşdirilmiş avtoritar dövlət yaradılması ideyası tuturdu. Əhalini öz tərəfinə çəkmək üçün hökumət bir sıra islahatlar keçirməyə söz verdi. Kəndlilərə kredit vermək və aqrotexniki yardım təşkil etməklə geniş kömək edilməsi, fəhlələrə işsizliyin ləğv edilməsi vədləri verildi. Bu vədlərin böyük əksəriyyəti yerinə yetirilmədi, bəziləri isə qismən həyata keçirildi. 1934-cü ilin avqustunda qəbul edilmiş “borcluların vəziyyətini yaxşılaşdırmaq və krediti sağlamlaşdırmaq haqqında” qanun kənd yoxsullarına və sənətkarlara aid edilmədi, hökumətn ayırdığı kreditlər isə varlı kəndli təsərrüfatlarına verilirdi.

Parlamentin təşkilinə qədər K.Georgiyevin kabineti qanunvericilik funksiyasını da öz üzərinə götürmüşdü. Bolqarıstan Konstitusiyasına görə (Bu konstitusiya hələ 1879-cu ildə qəbul edilmiş Tırnovo konstitusiyası adlanırdı) “Dövlət üçün daxili və xarici təhlükə yaranarsa” nazirlər kabinetinə fərman və sərəncam vermək hüququ verilirdi. Hökumət konstitusiyasının 47-ci maddəsindən istifadə edərək 1934-cü ilin iyununda vermiş fərmanla siyasi partiyaların və təşkilatların fəaliyyətini qadağan etdi. Ölkənin mərkəzdən idarə olunmasını gücləndirmək məqsədilə K.Georgiyevin kabineti ərazi-inzibati islahat keçirdi, ölkədə 16 dairə əvəzinə 7 vilayət və 2552 kənd icması əvəzinə 837 icma yaradıldı. Kənd icmalarına rəhbərlik faktiki olaraq mərkəzi idarə tərəfindən təyin olunan və ona tabe olan kənd ağsaqqallarına həvalə edildi. Hökumət spirt, duz, tütün, benzin istehsalı və satışını öz inhisarı altına aldı. 1934-cü il mayın 19-da dövlət çevrilişi nticəsində hakimiyyətə gəlmiş qüvvələr arasında yaratdıqları “yeni dövlətdə” monarxiya institutunun yeri məsələsində fikir ayrılığı və parçalanma yarandı. Hərbi ittifaqda üç cərəyan — monarxiya tərəfdarları, anti-monarxiyaçılar və mötədillər meydana gəldi.

K.Georgiyevin və onun tərəfdaşlarının Bolqarıstanda monarxiya idarə üsulunun zəiflədilməsi və “yeni dövlət” yaratmaq cəhdi sonda K.Geogiyevin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi. 1935-ci il yanvarın 23-də təşkil edilmiş yeni kabinetə general P.Zlatev başçılıq etdi. Qısa müddətdə — 1935-ci ilin yanvar-oktyabr aylarında ölkədə hökumət dəyişikliyi baş verdi. Bu “keçici hökumətlər” çar III Borisin monarxiya-faşist diktaturasının qurulması üçün lazımi şərait yaratdılar. Çar III Boris 1935-ci ilin aprelində A.Toşevi hökumətin başçısı təyin etdi. Oktyabrda ölkənin siyasi həyatı yenidən qarışdı. A.Toşev kabineti də istefa verdi. 1935-ci ilin noyabrında çar dəftərxanasının rəisi Q.Koseivanovun başçılığı altında yeni hökumət təşkil edildi. Q.Koseivanov hökumətinin görəcək işlər haqqında hazırladığı Bəyannamə olduqca dağınıq idi. Bəyannamədə özündən əvvəlki A.Toşev hökumətinin hazırladığı yeni konstitusiyanın qəbulu, parlament seçkilərinin keçirilməsi öhdəlikləri öz əksini tapmamış, bunlar ölkədə vəziyyəti sabitləşdirmək, “bütün sağlam qüvvələri birləşdirmək” kimi ümumi sözlərlə əvəz edilmişdir. Ölkədə 1935-ci ilin iyununda əlavələr və dəyişikliklər edilmiş siyasi partiyaların və təşkilatların fəaliyyətinin qadağan edilməsi haqqında 1934-cü il 14 iyun fərmanı qüvvədə qalırdı. Lakin bu ölkənin siyasi qüvvələrinin 1936-cı ilin ortaları üçün yenidən qruplaşmasının qarşısını ala bilmədi. Bu qruplaşmanın ifrat sağ qanadını Xalq Sosialist hərəkatı, “Vətən Müdafiəsi” və başqa partiyalar tuturdu. Onları ehtiyatda olan zabitlər, dövlət qulluçuları, ayrı-ayrı gənclər qrupu müdafiə edirdilər.

İfrat solları BKP (tesniyaklar) və Fəhlə partiyası təmsil edirdilər. Hökumətin cəza tədbirləri nəticəsində bu zaman həmin partiyalar xeyli zəifləmişdilər. 1936-cı ilin sonlarında ikili üzvlük sistemi tətbiq edən Fəhlə partiyasının sıralarında 7 min nəfər var idi ki, onların da 4 min nəfərə yaxını BKP-ni təmsil edirdi. Kominternin konqresinin qərarı ilə əlaqədar BKP öz taktikasında dəyişiklik etdi, BKP (tesniyaklar) MK-nın VI plenumu Q.Koseivanov hökumətini çara yaxın zabitlərin dəstəklədiyi faşist diktaturası kimi səciyyələndirərək partiyanın “bütün antifaşist qüvvələrlə” əməkdaşlığa hazır olduğunu bildirdi. Plenumun qətnamələri Xalq cəbhəsinin platformasının əsasını təşkil etdi ki, bura da Tırnovo konstitusiyasının bərpası, parlament seçkilərinin keçirilməsi, 1934-cü il mayın 19-dan sonra qəbul edilmiş fərmanların ləğv edilməsi, Konstitusiyanın bərpasına maneə törədən təşkilatların baxılması tələbləri daxil idi.

1936-ci ilin mayında BƏXİ- “Vrabça-1” D.Qiçevin başçılığı ilə, BFSDP (b)-nın K.Pastuxovun rəhbərliyində olan qanadı, B.Smilovun Milli-Liberal partiyası, Q.P.Qenovun Radikal partiyası, A.Lyapçevin Demokratik Saziş partiyaları “beşlik” adlanan koalisiya yaratdılar. Koalisiya 1936-cı ilin iyununda çar Borisə ölkədə konstitusiya-parlament sistemini bərpa etmək tələbi ilə müraciət etdi. Nəticədə Q.Koseivanovun hökuməti yenidən təşkil edildi, hökumətin tərkibinə A.Sankovun sədr olduğu Milli ictimai hərəkat adlı partiyanın iki nümayəndəsi də daxil edildi. Q.Koseivanov hökuməti çarın əlində oyuncaq bir hökumət idi. Çar III Boris onun tərkibini 5 dəfə dəyişdirmişdi, bütün hakimiyyət çarın və saray adamlarının əllərində cəmləşmişdir.

Hökumətin daxili siyasəti mürtəce siyasət idi. Hökumət 1936-cı ildə tətiləri qadağan edən qanun verdi və qanunda da siyasi fəaliyyətdə olanların cinayət məsuliyyətinə cəlb edilə bilməsini nəzərdə tutan dəyişikliklər edildi. 1937-ci ilin yanvarında hökumət namizədliyini irəli sürmüş hər bir şəxsdən “qadağan edilmiş təşkilatların üzvü və mövcud rejimin əleyhinə olmadığı” haqqında ərizə verilməsini tələb edən yeni mürtəce seçki qanunu hazırladı. 1937-ci ilin oktyabrında seçki qanununda dəyişiklik edildi. Bu qanuna görə icma şuraları ümumi tərkibin yalnız 50 faizini seçirdi, digər yarısı isə hökumət tərəfindən təyin edilirdi. 1937-ci ilin mayında Q.Koseivanov hökumətinin IV kabineti, 1938-ci ilin yanvarında V kabineti təşkil edildi.

1938-ci ilin martında Xalq Məclisinə keçirilən seçkilərdə BKP, BFSDP, BƏXİ və burjua partiyalarının bəzi mütərəqqi qruplarından təşkil edilmiş Konstitusiya İttifaqı vahid namizədlər siyahısını irəli sürdü. Seçkilərdə hökumət koalisiyası qalib gələrək 160 mandat yerindən 97-ni, Konstitusiya İttifaqı isə 63 yer aldı. Parlamentin işə başlaması ilə əvvəlki siyasi sistemə qayıdış baş vermədi. Xalq Məclisi 1934-cü il mayın 19-dan sonra verilmiş fərmanların çoxunu qəbul etdi. Monarxa parlamentin razılığı olmadan hökuməti təyin etmək, onun təqdim etdiyi qanunlar layihəsini qəbul etmədikdə parlamenti buraxmaq səlahiyyətləri verildi. Beləliklə, çar bütün hakimiyyəti öz əlində cəmləşdirməyə nail oldu ki, bu da Bolqarıstanda monarxiya idarə üsulunun qurulması anlamına gəlir.

1919-1939-cu illərdə iqtisadi inkişaf

1919-1939-cu illərdə Bolqrıstan aqrar ölkə idi və kənd təsərrüfatının əsasını xırda torpaq mülkiyyəti təşkil edirdi. 1920-ci ildə ölkədə 4847 min nəfər əhali yaşayırdı ki, 1940-cı ildə də onların sayı artaraq 6676 min nəfərə çatdı. Əhali nüfuzunun 1920-ci ildə 81,1, 1936-cı ildə isə 78,6 faizi kənd yerlərində yaşayanlar idi. Bolqarıstanın ərazisi isə 1919-1939-cu illərdə 103,1 min kv. km olduğu halda, 1940-cı ildə ona birləşdirilən Cənubi Dobruca hesabına artaraq 110,8 min kv. km oldu.

Bolqarıstanın kənd təsərrüfatında taxıl məhsulları istehsalı əsas yer tutmaqla bərabər texniki bitkilər, tütün, pambıq, şəkər çuğunduru becərilməsinin əhəmiyyəti artırdı. Ölkə ixracatının əsas hissəsini kənd təsərrüfatı məhsulları təşkil edirdi ki, milli gəlirin üçdə iki hisəsi də onun payına düşürdü. Kənd təsərrüfatında xırda mülkiyyət forması, yəni sahibkarlıq üstünlük təşkil edir və artırdı. Məsələn, 1926-1934-cü illərdə 2 hektardan 10 hektara kimi olan torpaq sahələri 60,7-dən 62,3faizə yüksəlmiş, 30 hektardan çox əkin sahələri isə bu vaxt ərzində 0,6 faiz aşağı düşmüşdür. Başqa bir tərəfdən xırda və orta kəndli təsərrüfatları iqtisadi çətinliklərin meydana gəlməsinə şərait yaradırdı. Bolqarıstanda kənd təsərrüfatı əsasən ekstensiv yolla inkişaf edirdi. Aqrotexniki səviyyənin aşağı olması, torpaqsız kəndlilərin sayının artması buna şərait yaradırdı. 1926-cı ildə ölkənin hər 8,5 min nəfər kənd əhalisinə bir traktor düşürdü ki, bu da kənd təsərrüfatı əkin sahələrinin hələ də əsasən maşınlarla deyil, kotanlarla becərildiyini göstərir.

1919-cu ildə Xalq Məclisi hökumət tərəfindən təklif edilmiş Konsorsium adlanan qanun qəbul etdi. Bu Konsorsium üzərinə taxıl və taxıl məhsullarını sabit qiymətlərlə istehsalçılardan və kooperativlərdən alaraq ixrac etmək vəzifəsi qoyulmuşdu. Konsorsiumun əldə etdiyi gəlirin 90 faizi hesabına kənd təsərrüfatının və kooperativ hərəkatının inkişaf fondu yaradılması nəzərdə tutulurdu.

Hökumət tərəfindən təqdim edilmiş və 1921-ci ilin aprelində Xalq Məclisi tərəfindən qəbul edilmiş qanunlardan biri aqrar islahat haqqında (torpaq üzərində əmək mülkiyyəti) qanunudur. Qanuna görə torpağın şəxsi əməyi ilə becərə bilənlər arasında bölüşdürülməsi nəzərdə tutulurdu. Torpağı becərənlər üçün mülkiyyət hüququ ailə başına 30 hektar, becər-məyənlər üçün adambaşına 4, ailə üzrə 10 hektar idi. A.Stambolski hökuməti aqrar islahatı hıyata keçirə bilməzdi. Torpaq əmək mülkiyyəti fonduna nəzərdə tutulmuş 225 min hektar əvəzinə cəmi 35 min hektardan bir az çox torpaq sahəsi daxil olmuşdur.

Bolqarıstanda sənaye istehsalı 1920-30-cu illərdə tədricən inkişaf etməkdə idi. 1923-cü ildən 1929-cu ilə qədər altı il ərzində sənaye istehsalı 88 faiz artmışdı. Yeyinti və toxuculuq sənayenin əsas sahələri olaraq qalırdı. Sənayenin inkişafına şərait yaradan əsas amil dövlətin 1931-ci ildən həyata keçirdiyi proteksionist siyasət idi. İri sənaye müəssisələri zəruri avadanlığı gömrüksüz ixrac etmək və güzəştli vergi vermək hüququna malik idi ki, 1926-cı ildə belə müəssisələr 854-ə çatdı.

Sənayenin sabit inkişafı çox da uzun sürmədi, dünya iqtisadi böhranı 1929-cu ilin ikinci yarısında Bolqarıstanı da əhatə etdi. İl yarım ərzində kənd təsərrüfatı məhsullarının qiyməti iki dəfə aşağı düşdü, kəndlilərin dövlətə, müxtəlif kredit müəssisələrinə borcları xroniki hal almağa başladı. Bu borclar 1929-cu ildə 4 milyard lev təşkil edirdisə, 1932-ci ildə bu rəqəm 7,6 milyarda çatmışdı. 80 faizdən çoxunun kənd təsərrüfatı istehsalında məşğul olduğu əhalinin alıcılıq qabiliyyəinin aşağı düşməsi bilavasitə sənayenin bir sıra sahələrinə, ilk növbədə yeyinti sənayesinə ağır zərbə vurdu. Sənaye istehsalının həcmi 1929-cu illə müqayisədə 1930-cu ildə 15, 1933-cü ildə isə 35 faiz aşağı düşdü. Sənayedə məşğul olan işçilərin sayı 1929-cu illə müqayisədə orta hesabla 3-7 faiz aşağı idi. Böhran ölkənin toxuculuq, kauçuk, sellüloz-kağız kimi sənaye sahələrindən yan keçdi.

Ümumiyyətlə, bəhs edilən dövrdə Bolqarıstanın iqtisadi həyatında dövlətin tənzimləyici rolunun artmasına baxmayaraq inhisar birliklərinin inkişafında durğunluq baş verdi. Proteksionist siyasəti təftiş edilərək 1936-cı ildə rəsmi surətdə ləğv edildi. Bolqarıstan rəhbərliyinin yeritdiyi siyasət nəticəsində ölkənin xarici ticarət sahəsində Almaniyaya üstünlük verilməsi önə çıxdı. Belə ki, 1929-cu illə müqayisədə 1934-cü ildə Almaniyaya ixrac edilən məhsullar 22-dən 40 faizə qədər yüksəldi, Almaniyadan ölkəyə idxal edilən mallar müvafiq olaraq 30-dan 43 faizə artdı. 1919-1939-cu illərdə Bolqarıstanı yeniləşdirmək məqsədilə atılan bütün addımlara baxmayaraq, ölkə bütün xırda əmtəə istehsalının üstünlük təşkil etdiyi sosial, siyasi və iqtisadi çətinliklərin çulğalaşdığı aqrar dövlət kimi yoluna davam edirdi.

1919-1939-cu illərdə Bolqarıstanın xarici siyasəti.Birinci Dünya müharibəsindən sonra Bolqarıstanın beynəlxalq aləmdən təcrid olunmasını aradan qaldırmaq məqsədilə BƏXİ hökumətinin baş naziri A.Stambolski Avropa ölkələrinə yüz günlük (oktyabr 1920-yanvar 1921-ci il) səfər etdi. O, Bolqarıstanın Millətlər Cəmiyyətinə qəbul olunmasına nail ola bildi, Avropanın əksər dövlətləri və Balkan ölkələri ilə diplomatik münasibətlər yaratdı. Eyni zamanda Neyi sülh müqaviləsinin şərtlərinə yenidən baxılması və Bolqarıstanın digər dövlətlərlə bərabər hüquqda münasibətlərinin qurulması həll edilmədi.

1920-ci illərin əvvəllərində Bolqarıstanın Serb-Xorvat-Sloven Krallığı (SXSK) ilə münasibətləri nizama saldı. A.Stambolski 1923-cü ilin martında sərhəd məsələlərinə dair SXS Krallığı ilə Niş sazişimi imzaladı. Sazişin şərtlərin görə bolqar hökuməti Daxili Makedoniya İnqilabi Təşkilatının cətə dəstələrinin, yəni partizanların sərhəddə qanunsuz fəaliyyətinin qarşısını almağı öhdəsinə götürdü. Bunun nəticəsində isə A.Stambolski hökuməti DMİT-nin 1923-cü il iyunun 9-da baş tutan çevrilişdə iştirakına şərait yaratmış oldu.

1923-cü il iyun çevrilişindən sonra hakimiyyətə gəlmiş A.Sankov 1925-ci ilin dekabrında Buxarest və Belqrada səfər etdi. Lakin bu səfərlər heç bir nəticə vermədi, Bolqarıstanın qonşu dövlətlərlə münasibətləri yenə də gərgin olaraq qalırdı. 1925-ci ilin oktyabrında bolqar-yunan sərhədində silahlı münaqişə baş verdi. Bu münaqişəni aradan qaldırmağı Millətlər Cəmiyyəti öz üzərinə götürdü, tərəflərdən təcili olaraq hərbi əməliyyatların dayandırılmasını tələb etdi, münaqişənin səbəblərini aydınlaşdırmaq üçün komissiya təşkil etdi. Millətlər Cəmiyyətinin təkidi ilə Bolqarıstan ərazisinə qoşun yeritmiş Yunanıstan Bolqarıstanın xeyrinə 30 mil. lev kompensasiya ödəməyə məcbur oldu. Bu cür halların bir daha baş verməməsi üçün Millətlər Cəmiyyətinin komissiyası vətəndaşların könüllü mübadiləsi haqqında konvensiyaya əməl etməyi, bitərəf dövlətlərin nümayəndələrindən ibarət xüsusi sərhəd xidməti dəstələri yaratmağı, həmçinin Millətlər Cəmiyyətinin nəzarəti altında barışıq komissiyası yaradılmasını təklif etdi.

Avropa siyasətində aparıcı rolu iddia edən Böyük Britaniya 1926-cı ildə SXS Krallığına, Yunanıstana və Bolqarıstana Lokarno müqavilələri nümunəsində saziş bağlamağı təklif etdi. Buna baxmayaraq, bu ölkələr arasında münasibətlər daha da kəskinləşdi. 1926-cı ilin avqustunda Yunanıstanın, SXS Krallığının və Rumıniyanın Sofiyadakı səlahiyyətli nümayəndələri bolqar hökumətinə kollektiv nota verdilər, burada Bolqarıstan ərazisində formaaşdırılan cətələrin fəallığının artması qeyd edilirdi. SXS Krallığının hakimiyyət orqanları 1927-ci ildə Bolqarıstanla sərhədi bağlamağı qət etdi. 1928-ci ilin sonlarında Daxili Makedoniya İnqilabi Təşkilatının hamısı, silahlı qüvvələr naziri İ.Vılkovun istefasından sonra serb-bolqar sərhədi açıldı.

1929-cu ildə Almaniya təzminatının ödənilməsi haqqında məsələ qaldırdı və bu məsələyə yenidən baxılması üçün xüsusi komissiya yaradıldı. 30-cu illərin əvvəllərində Bolqarıstan təzminatın həcmini 4 dəfə azaltmağa və onun ödənilməsi üçün vaxt almağa nail oldu. Bu zaman Bolqarıstan və Almaniyanın yaxınlaşması üçün əlverişli şərait yarandı. 1932-ci ildə Bolqarıstan və Almaniya arasında Klirinq ticarət (dövlətlər arasında banklar vasitəsilə nağd pulsuz haqq-hesab) haqqında saziş imzalandı. Bolqarıstan 1934-cü ilin fevralında Yunanıstan, Rumıniya, Türkiyə və Yuqoslaviya arasında yaradılmış sərhədlərin pozulmazlığı prinsipinə əsaslanan regional hərbi-siyasi bloka daxil olmaqdan boyun qaçırdı.

Bolqarıstanın Xalq Bloku hökuməti öz xarici siyasətində antisovet xətti götürmüşdü. Milli mənafeyin ziddinə olaraq hökumət SSRİ ilə nəinki diplomatik əlaqələr, hətta yalnız sabit sovet bazarı ilə qarşılıqlı faydalı ticarət vasitəsilə bolqar iqtisadiyyatını davam edən böhran vəziyyətindən çıxarmaq üçün yeganə çıxış yolu olan ticarət münasibətləri belə yaratmaq istəmədi. Bolqarıstan hökuməti Sovet dövlətinin təcavüzkara tərif verilməsi haqqında saziş bağlamaq və təhlükəsizliyi təmin etmək sahəsində tədbirlər görmək təkliflərinə qoşulmaqdan imtina etdi.

1934-cü ilin mayında dövlət çevrilişindən sonra hakimiyyətə gələn K.Georgiyev hökuməti Fransa və Yuqoslaviya ilə yaxınlaşmağa çalışırdı. Bu saray adamlarının və burjuaziyanın almanpərəst dairələrinin narazılığına səbəb oldu. K.Georgiyev hökuməti öz vəziyyətini möhkəmlətmək üçün xarici siyasət sahəsində mühüm addım atdı, 1934-cü ilin iyulunda SSRİ ilə diplomatik münasibətlər yaratdı. 1934-cü ildə Bolqarıstan və Yuqoslaviya arasında ticarət müqaviləsi və baytarlıq konvensiyası imzalandı, ictimai və mədəni əlaqələr genişləndi. 1934-cü il sentyabrın sonlarında Yuqoslaviya kralı Aleksandr Bolqarıstana rəsmi səfərə gəldi.

K.Georgiyevin hakimiyyətdən uzaqlaşdırılması və hakimiyyətin tədricən çar III Borisin əlində cəmləşməsi Bolqarıstanın xarici siyasətində dəyişikliyə səbəb oldu. Almaniya ilə yaxınlaşmaq siyasəti önə keçdi, ona görə ki, Almaniya artıq Avropaya meydan oxuyurdu. 1936-cı ildə çar III Boris A.Hitlerlə görüşdü, bundan sonra Bolqarıstanın xarici ticarəti əslində Almaniyanın ixtiyarına keçdi. Bolqarıstan üçün faydalı olmayan ticarət sazişi imzalandı. Bu sazişdən sonra Bolqarıstanın xarici ticarətində Almaniyanın payı birdən-birə idxal üzrə 1929-cu ildəki 22,2 faizdən 43 faizə qədər artdı. Drezden və alman bankları, “İ.Q.Farbenindustri” kimya tresti, “Balkan tabak” tresti, “Gerinq” tresti və s. Bolqarıstanda nəzarət etməyə başladılar. 1929-cu ildə Almaniyadan silah və hərbi materiallar almaq üçün 4450 milyon lev məbləğində kredit alınmışdı. Bolqarıstanda Almaniyanın inşa etdiyi Reyn-Mayn-Dunay kanalı ilə birləşəcək strateji dəmir yolları çəkmək üçün planlar hazırlandı.

Bolqarıstan faşist Almaniyası ilə qərb demokratiyası arasında qarşıdurmanın dərinləşməsi şəraitində birtərəfli siyasətdən imtina edərək balanslaşdırılmış xarici siyasət aparmağa cəhd göstərdi. Bu öz nəticəsini verdi. 1938-ci il iyulun 31-də Salonikdə Bolqarıstan hökumətinin sədri Q.Koseivanov Balkan Antantası ilə zor tətbiq etməmək haqqında saziş imzaladı. Bunun müqabilində Bolqarıstanın üzərindən silahlanma sahəsində Neyi müqaviləsinin məhduduyyətləri götürüldü. Salonik sazişinin arxasında Böyük Britaniya dururdu. Almaniyanın balkanlarda mövqeyinin güclənməsinin qarşısını almağa çalışan İngiltərə Bolqarıstanın Balkan Antantasına qoşulmasında maraqlı idi. 1937-ci ildə Bolqarıstanla “əbədi dostluq” haqqında müqavilə bağlamış Yuqoslaviya da Münhen sazişindən sonra Balkan Antantasına olan ümidini itirərək Bolqarıstanla yaxınlaşdı.

Buna baxmayaraq, Bolqarıstanda Almaniyaya tərəf meyl edən qüvvələr çoxluq təşkil edirdi. Odur ki, Hitler və Mussolinin xarici siyasət xəttini müdafiə edən bolqar hökuməti İtaliyanın Həbəşistanı işğal etməsini, İspaniyaya qarşı təşkil edilən italiyan-alman silahlı müdaxiləsini, hitler Almaniyasının Avstriya və Çexoslovakiyanı zəbt etməsini alqışladı. 1939-cu ilin oktyabr ayında Q.Koseivanovun oyuncaq hökuməti Sovet İttifaqının dostluq və qarşılıqlı yardım haqqında müqavilə imzalamaq təklifini rədd edərək, bolqar xalqının milli mənafeyinin əksinə olaraq ərazi problemlərini həll etmək arzusu ilə hitler Almaniyası tərəfindən müharibədə iştirak etmək hazırlığına başladı.

Bolqar xalqının mədəniyyəti.1920-30-cu illərlə bolqar xalqının mədəniyyətinin inkişafında müsbət dəyişikliklər baş vermişdir. Ölkədə təhsil və maarifin inkişafı üçün əlverişli şərait yarandı. İbtidai, orta, sənət məktəblərinin şəbəkəsi artdı. 1921-ci ildə A.Stambolski hökuməti icbari 7 illik təhsilə keçirilməsi haqqında qərar qəbul etdi. Təhsil sahəsində hökumətin yeritdiyi siyasət müxtəlif növ məktəb şəbəkəsinin genişlənməsində əsas rol oynamışdı. Artıq

1939-cu ildə Bolqarıstanda 5 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Sofiya Universitetində yeni tibbi, aqronomluq və veterinarlıq fakültələri açılmışdır. Varna və Sviştovda İqtisadi İnstitutlar açıldı.

Təhsil və maarif sahəsində olduğu kimi mədəniyyətin digər növləri xüsusilə musiqi, teatr, kino və s. inkişaf edirdi. 1921-ci ildə Bolqar opera yoldaşlığının əsasında Sofiya xalq operası yarandı. Opera ifaçıları arasında X.Morfova, M.Popov, S.Makedonski dünya şöhrəti qazanmışlar. 1926-1936-cı illərdə opera səhnəsində qoyulan 60 əsərin 10-u bolqar müəlliflərinə, o cümlədən P.Vladiqerov, P.Staynov və başqalarına məxsus idi.

1927-ci ildə baletmeystr və rəqqas A.Petrov professional balet truppası təşkil edərək balet məktəbi açdı. 1937-ci ildə A.Petrov ilk bolqar milli baleti olan X.Manolovun “İlan və Yan” (“Zmey i Yana”) əsərini tamaşaya qoydu.

Bolqar kino sənəti irəliyə doğru mühüm addımlar atdı. 1915-ci ildə rejissor V.Qendov özünün ilk bolqar səssiz bədii filmini yaratmışdır. 1933-cü ildə isə dahi rejissor ilk səsli bədii bolqar filmi olan “Qulun üsyanı” (“Bunt raba” ) əsərini tamaşaçılara təqdim etdi.

1920-30-cu illərdə bolqar bədii ədəbiyyatının inkişafı “milli fəlakət” və inqilabi yüksəlişin çalarları ilə müşayiət olunurdu, inqilabi yüksəliş mövzusu X.Smirnenskinin, Q.Mi-levin “Sentyabr” poemasında, N.Vapsarovun “Matorun nəğməsi” (“Pesni motora”) poeziyasında sətirlərə tökülərək oxucuya təqdim olunur.

Ümumən, 1920-30-cu illərdə bolqar mədəniyyətində milli şüurun inkişafına yönəldilən mövzular ön plana çıxır. Bunun üçün, keçmişdə qüdrətli və güclü Bolqar dövlətinin rəmzi olan Birinci və İkinci bolqar çarlığının tarixi hadisələri qayğı ilə oxucuya təqdim edilir.

Asparux xan, çar Simyonun qəhrəmanlıqlarına dair çoxlu roman, dram, opera, kinofilmlər yaranır və xalqın yaddaşında əbədi olaraq həkk edilir. Xüsusilə, slavyan tayfalarının birliyinin müdafiəçisi Asparux xanın allahlar tərəfindən müqəddəs başçı seçilməsi bütün slavyan xalqlarının, o cümlədən bolqarların milli fəxri və qürur mənbəyidir. Əslində bolqar bədii yaradıcılğındakı qəhrəmanlıq və romantik obrazlar xalqın milli hisslərini oyadaraq vətən torpaqları sərhədlərində birliyi tərənnüm edir. Nəticədə, bədii yaradıcılıq ustalarının, tarixçi, filosof, publisist, elm adamlarının tarixliyə, yəni hadisələrin izahında tarixi prinsipə əsaslanmaları 1920-30-cu illərdə bolqar milli şüurunun inkişaf edib möhkəmlənməsinə səbəb oldu.

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

Top