Yuqoslaviya torpaqları 1918 - XX əsrin 40-cı illərin əvvəllərində

Yuqoslaviya torpaqları 1918 - XX əsrin 40-cı illərin əvvəllərində

Siyasi vəziyyət.Birinci Dünya müharibəsi illərində cənub slavyan xalqlarının yaşadığı Serbiya və Çernoqoriya 1878-ci ildə Rusiya ilə Türkiyə arasında bağlanmış San-Stefano sülhünə və Berlin traktatına görə dövlət müstəqilliyinə malik idi, Bosniya və Hertseqovina, Xorvatiya, Sloveniya, Avstriya-Macarıstan imperiyasının təkibinə daxil olan vilayətlər idi. Makedoniya isə 1913-cü il İkinci Balkan müharibəsi nəticəsində parçalanaraq onun ərazisinin çox hissəsini təşkil edən Vardar Makedoniyası Serbiyanın, Egey Makedoniyası Yunanıstanın, Pirin Makedoniyası Bolqarıstanın əlinə keçmişdi. Birinci Dünya müharibəsinin sonlarına doğru cənub slavyanları arasında siyasi mübarizə daha da güclənmişdir. Avstriya-Macarıstanın müharibə cəbhələrindəki uğursuzluqları səbəbilə bu yerlərdə fəaliyyət göstərən siyasi partiyaların milli məsələdə mövqeləri daha kəskin xarakter kəsb edirdi.

Cənub slavyanlarının mühacirətdəki nümayəndələri 1915-ci il martın 10-11-də Çikaqoda çağrılan qurultayda serblər, çernoqoriyalılar, xorvatlardan ibarət olan konfederasiyasının yaradılmasına dair qərar qəbul etmişdir. Lakin bu qərar bütün cənub slavyanlarını Qarageorgiyevçilər sülaləsinin idarə etdiyi Serbiya monarxiyası tərkibində birləşdirməyi qarşısına məqsəd qoymuş Serbiya hökuməti tərəfindən qəbul edilmədi.

Cənub Slavyanlarının Avropadakı mühacir nümayəndələrinin 1915-ci il aprelin 30-da Londonda xorvat A.Trumbiçin (1864-1938) rəhbərliyi altında yaradılmış Cənub Slavyanları Komitəsi Avstriya-Macarıstan imperiyasını ləğv etmək və müstəqil Yuqoslaviya dövləti yaratmaq haqqında qərar qəbul etmişdir. Cənub Slavyanları Komitəsində Bosniya-Hertseqovinanı N.Stoyanoviç və D.Vasilyeviç təmsil edirdilər. Komitədə Xorvatiyanı A.Trumbiçlə yanaşı, F.Supilo, X.Xinkoviç, F.Potoçnyak və b. təmsil edirdilər. Komitənin fəaliyyətində Slovenlər də iştirak edirdilər. Onlar bu komitənin London və Paris tərəfindən cənub slavyanlarının nümayəndəli orqanı kimi tanınmasına çalışırdılar. Bu Yuqoslaviya Komitəsilə Serb hökuməti arasında fikir ayrılığına səbəb olmuşdur.

Avstriya-Macarıstan və Almaniya qoşunları Serbiyaya qarşı hücuma keçərək Belqradı ələ keçirmələrinə baxmayaraq, N.Paşiç (1845-1926) hökuməti təslim olmaqdan imtina edərək, qoşunları və hökuməti Korfu yunan adasına köçürmüşdür. Serbiya ərazisi işğal edildikdən sonra iqtisadiyyat ağır zərbə almış, sənaye müəssisəslərinin çoxu fəaliyyətini dayandırmış, əkin sahələri azalmış, ölkə ərazisində 100 mindən çox insanın ölümü ilə nəticələnən epidemiya yayılmışdır. Təsərrüfatın dağıldığı, ərzaq çatışmazlığı, xəstəlik və epidemiyanın tüğyan etdiyi ölkənin meşə, filiz, ərzaq ehtiyyatları isə Avstriya-Macarıstan və Almaniyaya daşınırdı.

1917-ci il mayın 30-da Avstriya Reyxsratındakı Sloven klerikallarının başçısı A.Koroşets ( 1872-1940) bu qrumda təmsil olunan cənub slavyanları klubu adından May bəyannaməsini elan edərək Avstriya-Macarıstan imperiyasındakı slovenlərin, xorvatların və serblərin Habsburqların himayəsi altında vahid dövlətdə birləşmələrini irəli sürdü. 1917-ci il iyunun ortalarında Korfu adasındakı Serb hökumətilə Yuqoslavyan Komitəsi arasında baş tutan danışıqlar nəticəsində Korfu bəyannaməsi imzalandı. Bu sənədə əsasən müharibədən sonra cənub Slavyanlarının Avstriya-Macarıstan imperiyasının tərkibinə daxil olan ərazilərini, Serbiyanı və Çernoqoriyanı əhatə edən, Qarageorgieviçlərin hakimiyyəti altında konstitu-siyalı, parlamentli monarxiya yaratmaq vəzifəsi müəyyən edildi.

Eyni zamanda, cənub slavyanların məskunlaşdıqları ərazilərdə fəaliyyət göstərən siyasi partiyaların və liderlərin bu məsələyə münasibəti birmənalı deyildir. Arxiyepiskop İ.Ştadler və yeniskop A.Maxniçn başçılıq etdiyi sağ və klerikal partiyası mühafizəkar milliyətçi mövqeydən çıxış edərək Habusburqlar monarxiyası tərkibində Xorvatiya mərkəz olmaqla katolik Yuqoslav dövlətinin yaradılması tərəfdarı idilər. S. və V.Pribiçeviç qardaşları, S.Budisavleviçin başçılıq etdikləri xorvat-serb koalisiyasının sol qanadı serblər də daxil olmaqla bütün yuqoslaviyanların müstəqil dövlətdə birləşməsini irəli sürürdü. Avstriya-Macarıstanın tərkibinə daxil olan cənub Slavyan torpaqlarındakı sosial-demokrat partiyaları milli məsələdən bəhs edən proqramlara, o cümlədən Korfu və May bəyannaməsinə fikir vermirdilər. Xorvatiya və Sloveniya sosial-demokratlarının lideri V.Koraç fəhlələri May bəyannaməsi əsasında burjuaziya ilə əməkdaşlığa çağırırdı.

Birinci Dünya müharibəsinin sonlarına yaxın hərbi əməliyyatlar Avstriya-Macarıstanda ümumi iqtisadi və hərbi-siyasi böhran yaratdı. 1917-ci ildə böhranın daha da dərinləşməsinə Rusiyadakı inqilabi dəyişikliklər təsir göstərirdi. Rusiyada Fevral inqilabı, mütləqiyyətin devrilməsi, sovetlərin yaradılması, cəbhədə və arxada müharibə əleyhinə çıxışlar Habsburqlar imperiyasını bürüyən kütləvi mitinqlərə, nümayişlərə gətirib çıxartdı. 1848-ci ildən 1916-cı ilə qədər hakimiyyətdə olmuş imperator Frans İosifı əvəz etmiş yeni imperator I Karl və onun hökuməti parlamentin işini bərpa etməyə və bəzi radikal islahatlar keçirəcəyinə hazır olduğunu bəyan etməli oldular. Yuqoslaviya torpaqlarında siyasi partiyaların, o cümlədən Sosial-Demokrat partiyasının fəaliyyətləri bərpa edildi, həmkarlar ittifaqları yaradıldı. 1917-ci ilin mayında Xorvatiya və Sloveniya sosial demokratlarının müvəqqəti fəaliyyət Komitəsi yaradıldı, “Sloboda” qəzeti yenidən çıxmağa başladı. Sarayevoda Sosial-Demokrat partiyası və Həmkarlar ittifaqlarının vahid rəhbərliyi yaradıldı, Bosniya sosial-demokratlarının “Qlas slobodı” qəzetinin nəşri bərpa edildi. 1918-ci ilin əvvəllərində ölkəni fəhlələrin tətil hərəkatı bürüdü. İqtisadi çətinliklərin zəminində Belqradda, Zaqrebdə, Sarayevoda, Lyublyanada, Mostarda, Osiekdə, Tuzlada, Mariborda tətillər baş verdi. Fəhlələr siyasi tələblər irəli sürərək ictimai və siyasi həyatın demokratikləşdirilməsini tələb etdilər. 1919-cu ilin fevralında 30 min nəfəri əhatə edən Bosniya fəhlələrinin ümumi tətili polis nəzarətinin ləğv olunmasını, fəhlə təşkilatlarına azad fəaliyyət şəraitini yaradılmasını, zəhmətkeşlərə təminatlı siyasi və vətəndaş azadlıqlarının təmin edilməsi tələblərini səsləndirdi.

Slavyan torpaqlarında milli-azadlıq və kəndli hərəkatı geniş vüsət aldı. 1918-ci ilin martında Brest sülhü bağlandıqdan sonra on minlərlə yuqoslavlı öz vətəninə qayıtmağa başladı. Xorvatiya, Dalmasiya, Sloveniya və başqa vilayətlərdə milli-azadlıq hərəkatı genişləndi, hər yerdə kəndlilər mülkədar torpaqlarını ələ keçirməyə başladılar. Həyacanlar ordunu daha çox bürüyürdü. Bir sıra ordu hissələrində hərbi-inqilabi komitələr yaradıldı. Müharibənin sonunda imperiya ordusu sıralarında cənubi slavyan əsgərlərinin kütləvi fərariliyi başlandı. Təkcə Xorvatiyada 1918-ci ilin oktyabr ayında 100 mindən artıq əsgərlikdən qaçan adam var idi. Bunların çoxu meşələrdə və dağlarda “yaşıl dəstələr” adlanan silahlı partizan dəstələrinə birləşirdilər. Partizanlar kəndlilərlə birlikdə mülkədar torpaqlarını tutur, Avstriya qoşunlarının kommunikasiyalarını dağıdır, bəzən də yerlərdə hakimiyyəti ələ keçirdilər. “Yaşıl dəstələri”nin sıralarında inqilabi əhval-ruhiyyəli adamlar az deyildi. Bunların arasında Sovet Rusiyasından gəlmiş Oktyabrın şahidləri, bilavasitə iştirakçıları olmuş keçmiş hərbi əsrlər də var idi. “Yaşıl dəstələrin” ümumi sayı 20-30 min nəfərə çatırdı.

1918-ci ilin oktyabrında Avstriya-Macarıstan imperiyasının parçalanması başladı. İmperiya hökuməti cənubi slavyan, yəni Yuqoslaviya torpaqları üzərində öz nəzarətini əslində itirdi. Bu vaxt üçün Serbiya və Çernoqoriya Dördlər İttifaqının işğal qoşunlarından azad oldular. 1918-ci ilin sentyabrında Salonik cəbhəsində məğlub olmuş Avstriya-Macarıstan öz ordularını geri çəkməyə başladı. Serbiya və Çernoqoriyaya tərkibində serb qoşunları olan Antanta hərbi birləşmələri daxil oldu. Belə bir şəraitdə cənubi slavyan milli burjuaziyası və siyasi partiyalar hakimiyyəti ələ keçirmək üçün çalışır, bu regionlarda özlərinin hakimiyyət orqanlarının yaradılmasına səy göstərirdilər.

1918-ci il oktyabrın 5-6-da Xorvatiya və Sloveniyanın əsas burjua partiyalarının təşəbbüsü ilə Xorvatiyanın paytaxtı Zaqrebdə Mərkəzi Xalq Veçesi — hakimiyyət orqanı təşkil edildi. Buraya Xorvatiya, Bosniya və Herseqovina Məclisinin, Sloveniya, İstriya və Dalmasiya seçkili özünüidarə orqanlarının deputatları daxil idi. Sloven klerikallarının lideri A.Koroşets Veçenin sədri seçildi. Veçe bütün cənubi slavyan vilayətlərinin ərazisində özünü ali nümayəndəlik orqanı elan etdi,1918-ci il oktyabrın 29-da Veçe Habsburqlar imperiyasından ayrıldığını, “Slovenlər, xorvatlar və serblər dövləti” yaradıldığını elan etdi, hökuməti və yerli hakimiyyət orqanlarını yaratmağa başladı. 1918-ci il noyabrın 3-də Avstriya-Macarıstan imperiyasının təslim olması və onun süqutu ilə əlaqədar Xalq Veçesi Antanta orduları ilə hərbi əməliyyatlarını dayandırdığını elan etdi.

Lakin 1918-ci ilin noyabrında İtaliya, ABŞ və Fransa qoşunları Dalmasiyanı və Xorvatiyanı dənizkənarı sahillərini işğal etdilər. Antantanın işğalçı qoşunları Serbiya ərazisinə daxil oldu. Serbiya qoşunları Çernoqoriya və Voyevodinanı işğal etdilər. Antanta dövlətlərinin hər birinin öz məqsədləri var idi. Cənubi slavyan torpaqlarına ən çox İtaliya iddia edirdi. İtaliya bu məqsədə ona cənub slavyan torpaqlarını vəd etmiş 1915-ci il London müqaviləsinin məxfi maddələrinə əsaslanırdı. Asılı və xırda dövlətlər yaratmaq vasitəsi ilə Balkanlarda öz hökmranlığını yaratmağa cəhd edən Fransa, İtaliya iddialarının qəti düşməni idi. ABŞ və İngiltərə də Cənubi-Şərqi Avropada öz hökmranlığını qurmaq istəyirdilər ki, bütün bunlar böyük dövlətlər arasındakı ziddiyyətlərin kəskinləşməsinə səbəb olurdu.

Antanta dövlətləri Yuqoslaviya dövlətinin təşkil edilməsi işinə daha fəal qarışır, bu dövlətdə hegemonluq iddiasında olan Serbiya monarxiyasını və burjuaziyasını müdafiə edirdilər. Antanta Zaqreb Xalq Veçesinə və hələ 1915-ci ildə Londonda yardılmış mühacir “Yuqoslav Komitəsinə” təzyiq göstərərək, onları keçmiş Avstriya-Macarıstanın bütün cənubi slavyan vilayətlərinin Serbiya krallığına birləşdirilməsinə razı olmağa məcbur edirdilər.

1918-ci ilin noyabrında Cenevrədə Serb hökumətinin, Zaqreb Xalq Veçesinin və 1915-ci ildə Londonda yaradılan Cənub Slavyan Komitəsi nümayəndələrinin müşavirəsi toplandı. Müşavirənin işində Serbiya hökümətinin başçısı Nikola Paşiç, Zaqreb Xalq Veçesinin sədri Anton Koroşets, Cənub Slavyan Komitəsinin sədri Ante Trumbiç iştirak edirdi. Yığıncağın əsas müzakirə obyekti Avstriya-Macarıstanın tərkibinə daxil olan keçmiş cənub-slavyan vilayətlərinin Serbiyaya birləşdirilməsi idi. Tərəflər xalqların öz dövlət idarəetmə formasını seçməsi hüququnu rədd edərək, toplantıdan sonra da bağlı qapılar arxasında müzakirələri davam etdirdi.

Slovenlərin, xorvatların və serblərin dövlətləri 1918-ci il oktyabrın 29-dan dekabrın 1-nə kimi yaşadı. İnqilabi çıxışların davam etməsi İtaliya qoşunlarının Dalmasiyanı işğal etməsi, işğalçıların qarşısını almaq üçün yeni yaranan dövlətin silahlı qüvvələrinin olmaması onları Serbiya ilə birləşməyə məcbur etdi. 1918-ci il noyabrın 5-də slovenlərin, xorvatların və serblərin 1918-ci il oktyabrın 29-da 816 illik uniyadan sonra Macarıstan krallığından ayrılmış yeni dövləti kömək məqsədilə Serbiyaya müraciət etdi.

1918-ci il noyabrın 24-də Zaqrebdə Xalq Veçesi (parlamenti) serblər, xorvatlar və slovenlərin Serbiya Krallığında birləşdirilməsi haqqında qərar qəbul etdi. Bu qərara qarşı Stepan Radiçin başçılıq etdiyi Xorvat Kəndli partiyası çıxış etdi. Partiya yuqoslavların vahid dövləti tərkibində Xorvatiyanın müstəqilliyini tələb edirdi. Lakin partiyanın rəhbərləri bunun həyata keçirilməsinin konkret yollarını irəli sürmürdü. Noyabrın 25-də Voyevodina, 26-da Çernoqoriya Serbiyaya birləşdirildi. Noyabrda müstəqil Banat Respublikası qərbdən serb, şərqdən rumın qoşunları tərəfindən işğal edilərək bölündü.

1918-ci il dekabrın 1-də Xalq Veçesinin nümayəndələri sadiq təbəə haqqında sənədi Belqraddakı Serbiya krallığının vəliəhd naibi Aleksandr Qarageorgiyeviçə təqdim etdilər. Vəliəhd naib Aleksandr Serbiya kralı adından Serblər, Xorvatlar və Slovenlər Krallığının yaradılması haqqında manifest elan etdi. Serbiyanın monarxı I Pyotr (1918-1921) yeni dövlətin kralı elan olunsa da, real hakimiyyət naib-qəyyum Aleksandra məxsus idi ki, 1921-ci ildən də o, taxta sahib oldu.

1918-ci il dekabrın 20-də Krallığın birinci hökuməti təşkil olundu. Hökumətdə aparıcı rol Serb iri burjuaziyasının nümayəndələrinə məxsus idi. Kabinetin sədri vəzifəsini Serbiya Radikal partiyasının lideri Stoyan Protiç, sədrin müavini vəzifəsini isə Sloveniya Klerikal Xalq partiyasının sədri Anton Koroşets tutdu. Kabinetin tərkibinə serb, xorvat, sloven və müsəlman partiyalarını təmsil edən 12 nazir daxil oldu. 1919-cu ilin martında ölkənin müvəqqəti parlamenti — Dövlət Veçesi təsis olundu.

Skupşinaya (parlamentə) seçkilər 1920-ci il noyabrın 28-də keçirildi. Seçkilərdə müharibəyə qədər yaradılmış partiyalar, Serb Radikallar partiyası, S.Radiçin Xorvat Kəndli partiyası, Xorvatiya Ədalət partiyası ilə yanaşı, yeni siyasi partiyalar Birləşmiş Bosniya Müsəlmanları partiyası, Demokratik partiya da iştirak edirdi. Seçkilərdə Radikallar partiyası 93, Demokratlar partiyası 92, Xorvat Respublika Kəndli partiyası 50, Kommunist partiyası 59 deputat yeri aldı. Qeyd edilən partiyalar içərisində ən geniş nüfuza Stepan Radiçin Xorvat Respublika Kəndli partiyası malik idi (XRKP). 1919-cu ilin fevralında Antuan Radiçin ölümündən sonra onun qardaşı Stepan Radiçin (1871-1928) Xorvatiyada kütləvi tərəfdarları olan kəndli partiyasının nüfuzlu rəhbərinə çevrildi. Partiya fəallarının növbədənkənar yığıncağında qərara alındı ki, Xorvat xalqı adından Paris sülh konfransına memorandumla müraciət edilərək elan olunsun ki, hakim dairələr millətlərin öz müqəddaratını təyin etmək prinsipinə əsaslanaraq birləşmiş cənub slavyan dövlətində xorvatların dövlət və etnoqrafik özünəməxsus adət və ənənələrini hökmən nəzərə almalıdırlar. SXS krallığının hakim dairələri bu memoranduma S.Radiçin həbs edilərək 1920-ci il noyabrın 28-dəki parlament seçkilərinə kimi həbsxanada saxlamaqla cavab verdi.

Hakimiyyət orqanlarına müxalifətdə olan Yuqoslaviya Kommunist partiyası 1919-cu ilin aprelində Belqradda, 1920-ci ilin iyununda Vukovarda olan qurultaylarda təşkilatlanmışdır. 1919-cu il aprelin 20-25-də Belqradda serb-xorvat-sloven dövlətinin SosialistFəhlə partiyasının birinci birləşdirici qurultayı oldu. Qurultayın işində Serbiya, Bosniya və Herseqovina Sosial-Demokrat partiyası, Xorvatiya, Sloveniya, Dalmasiyanın sağlara meyl edən sol sosialist qrup təşkilatları, Voyevodina, Çernoqoriya və Makedoniyanın sosialist qrupları iştirak edirdilər. Qurultayın nümayəndələri arasında fəhlə hərəkatının inqilabçı liderləri Curo Cakoviç, Filipp Filippinoviç və b. da var idi. Qurultay vahid Yuqoslaviya Sosialist Fəhlə partiyasının (kommunistlər) yaradılması və onun Kommunist İnternasionalına daxil olması haqqında qərar qəbul etdi.

1920-ci il iyunun 20-25-də Vukovarda partiyanın ikinci qurultayında mərkəzçilərlə mübarizə şəraitində Kommunist İnternasionalının qərarlarına uyğun olaraq partiyanın proqram və nizamnaməsi qəbul edildi, partiyanın adı Yuqoslaviya Kommunist partiyası oldu. Partiyanın proqramında Yuqoslaviyada sovet respublikasının elan edilməsi uğrunda mübarizə apararaq yuqoslaviya proletariatının dünya inqilabının hazırlanmasında şərait yaratmaq əsas vəzifə kimi nəzərdə tutulurdu. Parlamentdə çoxluq serb demokratik və radikal burjua partiyalarına məxsus idi. Lakin məclisdə Kommunist partiyasını, ziyalıları birləşdirilmiş Prodanoviçin Serb Respublikaçı partiyasından və Xorvat Respublikası Kəndli partiyasından olan deputatların müxalifəti nəticəsində seçkilərdə çoxluq qazanmış radikallar və serb demokratlar partiyalarının mövqeyi möhkəm deyildi.

Xeyli hissəsi dövlətin federasiya şəklində qurulması tərəfdarı olan güclü müxalifətin yaradılması Serb-Xorvat-Sloveniya Krallığında serb-xorvat ziddiyyətlərini daha da kəskinləşdirdi. Belə bir şəraitdə hökumət ifrat tədbirlər görməyi qərara aldı. 1920-ci il dekabrın 30-da Serbiya radikallarının lideri Milenko Vesniç hökuməti kommunist təşkilatlarının fəaliyyəti üzərində nəzarət qoyulması və habelə şifahi və yazılı kommunist təbliğatının qadağan edilməsi haqqında qərar verdi. Hökumət qorxurdu ki, Sovet Rusiyasında baş verən hadisələr Yuqoslaviyada da təkrarlana bilər. Ona görə də hökumət kommunistlərin və tərəqqipərvər ziyalıların təqib olunmasını gücləndirdi. Təkcə 1920-ci ilin dekabrından 1921-ci ilin yanvarına kimi olan iki ayda 10 min nəfər kommunist və tərəqqipərvər ziyalı həbsxanaya salınmışdı. Xorvatiyaya əlavə qoşunlar göndərilmiş və hökumətə fövqəladə hüquqlar verilmişdi. Kommunistlər üçün yığıncaqlar və nümayişlər məhdudlaşdırılmışdı. Hökumətə hakim serb millətçiliyinin ən qətiyyətli tərəfdarı Nikola Paşiç (1921-1924-cü illər) başçılıq etməyə başladı.

1921-ci il iyunun 28-də müqəddəs Vida (Vidovdan) günüdə parlament tərəfindən Vidovdan Konstitusiyası qəbul edildi. Səsvermədə kommunistləri, Xorvatiya və Sloveniyanı təmsil edən 160 nəfər müxalifət nümayəndəsi iştirak etmirdi. Parlamentdə iştirak edən və qeyri-serb rayonları təmsil edən deputatların böyük əksəriyyəti Vidovdan Konstitusiyasına səs verməkdən imtina etdilər. Konstitusiya serb qoşunlarının 1389-cu il iyunun 28-də (15-də) Kosovo çölündə osmalılarla olmuş döyüşün şərəfinə adlandırılmışdı. Konstitusiyaya əsasən Serb-Xorvat-Sloven dövləti başda Qarageorgiyeviçlər sülaləsindən olan kral duran parla-mentli monarxiya elan edilirdi. Ölkədə qanunverici hakimiyyət kral və 4 il müddətinə seçilən birpalatalı parlamentə (skupşinaya) məxsus idi. Silahlı qüvvələrin baş komandanı kimi, kral fövqəladə vəziyyət elan etmək, konstitusiyanın fəaliyyətini dayandırmaq hüququ alırdı. Bundan əlavə, kral istədiyi kimi baş nazirləri təyin etmək və vəzifədən azad etmək hüququna malik olduğundan, əslində ali icraedici hakimiyyətə də malik olurdu. Seçki hüququna yalnız 30 yaşına çatmış kişilər malik idilər, qadınlar isə seçki hüququndan məhrum idilər.

Bütün dövlət hakimiyyətinin böyük serb burjuaziyasının və kral sarayının əlində mər-kəzləşməsi dövlətdə milli və sosial ziddiyyətləri kəskinləşdirdi. Konstitusiya qəbul edildikdən sonra Paşiç hökuməti mürtəce siyasəti daha da gücləndirdi. Şahzadə-Naib Aleksandra və daxili işlər nazirin Draşkoviçə edilmiş qəsddən istifadə edərək parlament 1921-ci il avqustun 2-də “Dövlətdə təhlükəsizliyin və qaydaların mühafizəsi haqqında” qanun qəbul etdi. Bu qanuna görə Kommunist partiyasının üzvləri 20 il müddətinə qədər sürgün cəzasına məhkum edilirdilər. 59 kommunist deputatın hamısı deputatlıq toxunulmamazlığı hüququndan məhrum edilir və məhkəməyə verilirdi. Kommunist partiyası gizli işlə keçdi və 20 il ərzində belə bir vəziyyətdə işləməyə məcbur oldu. Partiya bu zərbəyə hazır deyildi və onun bir çox yerli təşkilatları dağıldı. Hökumət Kommunist partiyasının təsiri altında olan həmkarlar ittifaqlarını da buraxdı. Lakin hökumət xalq hərəkatını boğa bilmədi. Hökumətin iqtisadi siyasəti də xalq kütlələrinin böyük narazılığına səbəb olurdu. Hökumət xarici borcları ödəmək üçün yaşayışı ağırlaşdıran və real əmək haqqını azaldan ağır vergilər qoyur və inflyasiyaya şərait yaradırdı.

1924-cü ilin iyulunda hakimiyyət başına Serbiyanın burjua demokratik partiyasının başçısı L.Davidoviçin başçılıq etdiyi hökumət gəldi. Hökumət SSRİ ilə diplomatik əlaqə yaratmağı və bəzi islahatlar keçirməyi vəd etdi. Bu vədlərin hamısı kağız üzərində qaldı və yerinə yetirilmədi. Lakin mürtəce quruluşda bir qədər yumşalma əmələ gəldi. Xüsusən, Davidoviçin hökuməti Xorvatiyaya məhdud özünüidarə etmək hüququ verdi, “Dövlətin mühafizəsi haqqındakı” qanunu Radiçə və XRKP-nin digər üzvlərinə şamil etməkdən imtina etdi.1924-cü ildə S.Radiç Moskvaya gəldi və onun partiyasının Kəndli İnternasionalına daxil olması haqqında müqavilə imzaladı. Xorvatiya kəndlilərinin böyük kütlələri bu xəbəri şadlıqla qarşıaldılar. Lakin “liberalism” dövrü ölkədə çox davam etmədi. 1924-cü ilin noyabrında Davidoviçi əvəz etmiş Paşiç yenidən “sərt” siyasət yeritməyə başladı, XRKP-yə yeni təzyiqlər başladı və “Kəndli İnternasionalı” ilə əlaqə saxladığına görə Stepan Radiç həbs edildi.

Müxalifətlə hesablaşandan sonra, hökumət parlamenti buraxdı, terror və cəza şəraitində keçirilən 1925-ci il fevral ayına yeni seçkilər təyin etdi. Zaqrebdə və Belqradda hökumətin özbaşınalığı əleyhinə fəhlələrin və tələbələrin kortəbii etiraz nümayişləri oldu, silahlı toqquşmalar baş verdi. 1925-ci il seçkiləri tarixə “qanlı” seçkilər adı ilə daxil oldu. Serb Radikallar partiyası bütün səslərin yalnız 34,3%-ni aldı. Xorvat Kəndli partiyası yenə də Xorvatiyada birinci yerə çıxdı və parlamentdə xorvatları təmsil edən yeganə partiya oldu.

1925-ci il parlament seçkilərindən sonra XRKP-nın siyasətində gözlənilməz dəyişiklik baş verdi. XRKP-nın başçıları Xorvatiyanın milli istiqlaliyyəti və orada respublika yaratmaq haqqındakı əsas proqram tələblərindən əl çəkdilər. Partiya Kəndli İnternasionalından çıxdı, Vidovdan Konstitusiyanı tanıdı və partiyanın adı dəyişdirilərək Respublika adı çıxarıldı və Xorvatiya Kəndli partiyası adlanmağa başlandı. Bundan sonra Stepan Radiç həbsxanadan buraxıldı və kral Aleksandr tərəfindən qəbul edildi. O, həm də hökumətdə Maarif naziri vəzifəsinə təyin edildi. Bütün bunlar partiyanın dağılmasına və kütlələrin ondan ayrılmasına səbəb oldu. Xorvatiya Kəndli Partiyasının sürətlə dağılması S.Radiçin kütlələr içərisində nüfuzdan düşməsi onu yenidən müxalifətə keçməyə məcbur etdi.

1927- 1928-ci illərdə Serb-Xorvat-Sloven dövlətinin daxili siyasi vəziyyəti daha da pisləşdi. Heç bir hökumət uzun müddət hakimiyyət başında qala bilmirdi. 1918-1929-cu illərdə hakimiyyətdə 20-dən çox kabinet dəyişmişdi. Skupşina (parlament) bir çox hallarda silahlı toqquşmalara qədər gəlib çıxan kəskin partiyalararası çəkişmələr meydanına çevrilmişdi. Serb millətçiləri parlamentin normal işini pozur, müxalifətçiləri döyür, konstitusiyanı və parlament nizamnaməsini kobudcasına pozurdular. Bu hərc-mərcliyin qarşısını almaq məqsədilə S.Radiçin Xorvat Kəndli partiyası, Svetozar Pribiçevin Müstəqil Demokrat partiyası və digər partiyalardan ibarət koalisiya yaradıldı. Bu partiyaların koalisiyasını Bosniya Müsəlman partiyası da müdafiə edirdi.

Lakin Serb hərbi millətçiləri heç bir müxalifətlə barışmaq istəmirdilər. Onlar müxalifət partiyaları ilə hesablaşmır, bir sıra siyasi məsələlərdə onlar arasında ciddi fikir ixtilafları yaranır, parlamentdə bəzən bu dalaşma ilə nəticələnirdi. 1928-ci il iyunun 20-də parlamentin iclasında serb radikalları partiyasının üzvü Punişa Radiç Xorvatiya Kəndli partiyasından olan iki deputatı tapancadan atılan atəşlə öldürmüş, bir neçə deputatı isə yaralamışdı. Ağır yaralanmış Stepan Radiç avqust ayında öldü. Xorvat deputatlarının öldürülməsi Xorvatiyada, Bosniyada, Herseqovinada, Dalmasiyada və ölkənin bir sıra digər rayonlarında böyük hiddət oyatdı. Zaqrebdəki dəfn mərasimi polis və qoşunlarla silahlı toqquşmaya çevrildi. Parlamentdəki kəndli-demokratik koalisiyasından olan deputatlar hökumətin özbaşıalığı əleyhinə kəskin etiraz etdi və terrorçuların ciddi surətdə cəzalandırılmasını tələb edərək bildirdi ki, onların tələbləri yerinə yetirilməyincə parlamentin işində iştirak etməyəcəklər. Milli rayonlardan və əyalətlərdən olan deputatların çoxu Belqradı tərk etdilər. Ölkəni siyasi böhran bürümüşdü. Vidovdan Konstitusiyanın köməyi ilə ölkəni idarə etməyə gücü çatmayan hakim dairələr monarxiya faşist diktaturası qurmağa hazırlaşırdılar.

1928- ci ilin iyulunda Sloveniya Klerikal Xalq partiyasının rəhbəri Anton Koroşets radikal, demokrat və müsəlman partiyaların nümayəndələrindən ibarət hökumət təşkil etdi. Hökumət vergi islahatı keçirməyi, kəndlilərə kredit ayırmağı, dövlət aparatının yenidən qurmağı vəd etdi. Eyni zamanda hakimiyyət müxalifətçiləri həbs etməkdə davam edir, senzuranı sərtləşdirməyi və polisə yerli özünüidarə orqanlarının işinə qarışmaq hüququ verməyi planlaşdırırdı. İctimai böhranın dərinləşməsi şəraitində A.Kroşets hökuməti 1928-ci ilin dekabrında istefaya getməyə məcbur oldu.

1929- cu il yanvarın 6-da Kral Aleksandr dövlət çevrilişi etdi, Konstitusiyanı ləğv etdi və diktaturasını qurdu. Eyni zamanda “Kral hakimiyyəti və ali dövlət idarəçiliyi haqqında qanun” verildi. Bu qanuna görə Yuqoslaviya dövləti silki monarxiyalı dövlət elan edildi və monarx qanun vermək hüququ əldə etdi. Yerli özünüidarə orqanlarının seçkili olması qaydası bütün ölkədə ləğv edildi. Yeni hökumətin başçısı vəzifəsinə kral qvardiyasının komandiri, serb general P.Jivkoviç təyin edildi. Əvvəlki baş nazir A.Koroşets yollar naziri təyin edildi. Hökumətin tərkibinə maliyyə və sənaye burjuaziyasının və mülkədarların yuxarı təbəqələrinin nümayəndələri daxil oldular. Xalq Skupşinası buraxıldı, bütün siyasi partiyaların, ictimai təşkilatların fəaliyyəti qadağan edildi. Onların əvəzinə 1932-ci ildə vahid partiya -Yuqoslaviya Milli partiyası yaradıldı. Kralın verdiyi dekretə əsasən bütün yerli özünüidarə orqanları — bələdiyyə idarələri, icmalar və hakimlərin müstəqilliyi ləğv edilirdi.

Keçirilmiş inzibati islahat tarixən əmələ gəlmiş ölkənin milli vilayətlərə bölünməsini ləğv etdi və yeni inzibati bölgü kral tərəfindən təyin edilən qubernatorların rəhbərliyi altında 9 banovin, yəni bölgə müəyyən etdi. Bölgələrin sərhədləri qəsdən elə təyin edilirdi ki, milli vilayətlər parçalanıb Serbiyadan tam asılı vəziyyətə düşsünlər. Ölkənin köhnə — “Serblərin, Xorvatların və Slovenlərin krallığı” adı yeni “Yuqoslaviya Krallığı” adı ilə əvəz edilirdi. Millətlərin hamısı təkcə Yuqoslav xalqı adlanırdı, xorvatların, slovenlərin, makedoniyalıların və digər qeyri-bərabər hüquqlu xalqların əsrlərdən bəri qalmış milli mədəniyyətləri təqib edilirdi.

Ölkədə irtica və polis özbaşınalığı tüğyan edirdi. Kommunistlər həbsə alınır, sürgün edilir, çoxları isə öldürülür, polsi zindanlarında əziyyət çəkirdilər. Ölkədə 868 kommunist üzvü əleyhinə məhkəmə prossesi aparılmış, onlar, ümumiyyətlə, 2,5 min il müddətinə həbs cəzasına, 11 nəfər ən görkəmli rəhbəri isə ölüm cəzasına məhkum edilmişdilər. Xorvat Kəndli partiyasının yeni rəhbərlərindən biri S.Pribiçev kral diktaturasına qarşı ciddi müqavimət göstərirdi. Yalnız Çexoslovakiyanın prezidenti T.Masarikin şəxsən müdaxiləsindən sonra ona xaricə getməyə icazə verildi. XKP-nin yeni liderlərindən biri Vladimir Maçek isə 1929-cu ilin dekabrında terroristlərlə iş birliyi iddiası ilə həbs olundu, yalnız 1930-cu ilin yazında onu həbsxanadan buraxdılar.

Diktatura rejiminə qarşı ölkədə fəhlə hərəkatı gücləndi. Xorvatiya dəmiryolçularının, Serbiya mədənçilərinin, Bosniya və Herseqovina maşınqayıranlarının tətilləri ciddi xarakter daşıyırdı. Terrorun hökm sürməsinə baxmayaraq siyasi tətillər də olurdu. Belqraddakı nümayişlərdə universitet tələbələri də fəal iştirak edirdilər .

Kəndli hərəkatı da geniş vüsət almışdı, Xorvatiyanın, Sloveniyanın, Dalmasiyanın, Makedoniyanın, Bosniyanın, Herseqovinanın və başqa vilayətlərin bir sıra rayonlarında kəndlilər torpaqları zəbt edir, hökumət anbarlarını dağıdır, sələmçilərin və möhtəkir tacirlərin evlərini yandırırdılar. Monarxiya hərbi diktaturaya qarşı xalqın müqavimətinin artması hakim sinifləri bəzi güzəştlərə getməyə məcbur etdi. 1931-ci il sentyabrın 3-də kral Yuqoslaviyanı konstitusiyalı monarxiya elan edən manifest verdi. Yeni konstitusiyaya görə kralın hakimiyyəti ikipalatalı — skupşina və senatdan ibarət parlament ilə məhdudlaşdırıldı. Skupşinanın bütün deputatları və senatın yarısı əhali tərəfindən seçilirdi, senatın tərkibinin ikinci yarısı isə kral tərəfindən təyin edilirdi. Palataların ümumi qərar gələ bilmədikləri qanunların qəti təsdiq edilməsi hüququ da krala aid edilirdi. İcraedici hakimiyyət kralın əlində idi, nazirlər kral qarşısında məsuliyyət daşıyırdılar.

1931-ci ilin noyabrında xalq skupşinasına seçkilər keçirildi. Yeni seçki qanununa əsasən deputatlığa namizədlər mövcud 5 banovin, yəni bölgədə 200 min nəfər seçicinin imzasını təqdim etməklə seçkilərdə iştirak etmək hüququ qazanırdı. Kralın icraedici nümayəndələri və polis tərəfindən nəzarət edilən seçki açıq keçirilirdi. Belə bir şəraitdə kral Aleksandırın hərbi-polis diktaturasına qarşı mühafizəkar, həm də radikal meyilli siyasi qüvvələr birləşərək mübarizə aparırdılar. 1932-ci ilin dekabrında Kəndli-Demokratik koalisiyasının 10 nəfər üzvü, o cümlədən V.Maçek, A.Trumbiç, məşhur keşiş Duşan Kaumanoviç və b. kral diktaturasını ifşa edərək beş maddədən ibarət “Zaqreb maddələrin” qəbul etdilər. Buna görə Yuqoslaviyanı federasiya əsasında serblər, xorvatlar və slovenlər arasında milli azlıqların da mənafeyini nəzərə almaqla yenidən qurmaq nəzərdə tutulurdu. Bunun müqabilində V.Maçek yenidən həbs edildi, kralın keçmiş müttəfiqi A.Koroşets Xvar adasına sürgünə göndərildi. Siyasi qüvvələrin bir hissəsini öz tərəfinə çəkmək məqsədilə kral Baş nazir P.Jivkoviçi istefaya göndərdi.

Diktaturanın ictimai bazasını genişləndirmək üçün hakim dairələr Yuqoslaviya Radikal Kəndli demokratiyası adı ilə yeni birləşmiş partiya təşkil etdilər. Bu partiyanın tərkibinə serb radikalları, Xorvatiya və Sloveniya burjuaziyasının bir sıra siyasi qrupları daxil oldular. Lakin diktatura rejiminin sosial bazası yenə də möhkəm deyildi. Bunun xüsusilə hökumət böhranları göstərirdi. Təkcə 1931-1932-ci illərdə Yuqoslaviyada bir neçə kabinet dəyişilmişdi. Xalq hərəkatının getdikcə artması və daxili siyasi vəziyyətin kəskinləşməsi hakim dairələri hiyləyə əl atmağa məcbur edirdi. 1933-1934-cü illərdə Serbiyada “Zbor” faşist partiyası yaradıldı. Xorvatiyada üstaşların, yəni üsyançıların faşist təşkilatları fəallaşdı.

1934- cü il oktyabrın 9-da kral Aleksandr Fransada rəsmi səfərdə olarkən Marseldə Daxili Makedoniya İnqilabi Təşkilatının üzvü Kerin Veliçko Georgiyev tərəfindən öldürüldü. Onu qarşılayan Fransanın Xarici İşlər naziri Lui Bartu isə ağır yaralandı və tezliklə öldü. Bu terror aktının arxasında “Serblər, qaraçılar və yəhudilərdən təmizlənmiş müstəqil Xorvatiya” şüarı ilə çıxış edən və İtaliyanın kəşfiyyat orqanları ilə sıx əlaqə saxlayan Ante Paveliçin ustaşlar təşkilatı dayanırdı. Onlar alman nasional-sosialistlərinin proqram sənədlərindən nümunə götürərək terror və diversiya təşkil etmək üçün əvvəlcə faşist İtaliyasından, sonra isə hitler Almaniyasından örnək və kömək alırdılar.

Kral Aleksandr öldürüldükdən sonra onun azyaşlı oğlu II Pyotr prins Pavelin qəyyumluq şurasının nəzarəti altında kral elan olundu. Baxmayaraq ki, 1941-ci ildə hitler Almaniyası tərəfindən Yuqoslaviyanın işğal edilməsinə kimi ölkədə 1931-ci il Konstitusiyası fəaliyyət göstərirdi, siyasi qüvvələr, o cümlədən formal olaraq qadağan edilmiş müxalifət xeyli fəallıq nümayiş etdirirdi.

1935- ci ildə Parlamentə seçkilər keçirildi. Rəsmi məlumatlara əsasən Baş nazir Boqolüb Eftiçin koalisiya hökuməti 1,7 milyon seçicinin səsini topladı. Birləşmiş müxalifət V.Maçekin başçılığı altında 1,07 milyon seçinin səsini aldı. Bu nəticələrdən sonra B.Eftiç istefaya getdi. Yeni hökumətə Radikal partiyasının üzvü, görkəmli iqtisadçı və maliyyəçi Milan Stoyadinoviç başçı seçildi. Yeni Baş nazir serbiya radikallarından, A.Koroşetsin Sloveniya Xalq partiyasından və M.Spahonun yuqoslav Müsəlman Birliyindən ibarət yeni siyasi partiya - Yuqoslaviya Radikal İttifaqını (YRİ) yaratdı.

V.Maçeklə Baş nazir M.Stoyadinoviçin arasında baş tutan danışıqlar müxalifət liderinin yeni konstitusiya qəbul etmək tələbi üzündən uğur qazanmadı. Hakimiyyət nümayəndələri belə hesab edirdilər ki, xorvat məsələsi yalnız 1931-ci il Konstitusiyası əsasında həll oluna bilər. Müvəqqəti kompromis Forkaşiç şəhərində əldə edilmiş razılıqla təmin edildi ki, buna görə də yeni konstitusiya yalnız serb, xorvat və slovelərin böyük əksəriyyətinin səsi ilə qəbul edilə bilər.

Yuqoslav dövlətinin katolik kilsəsi və Vatikanla münasibətləri məsələsi serb və xorvat problemini təxirə saldı. Rəsmi məlumata görə 1931-ci ildə Yuqoslaviyada yaşayan əhalinin 48,7 faizi pravoslav, 37,5 faizi katolik, 11,2 faizi isə müsəlman idi. 1937-ci ilin iyulunda Vatikanla müqavilə Xalq Skupşinasının müzakirəsinə çıxarıldı. Pravoslav kilsəsi ilə dövlətin qarşılıqlı münasibəti müharibədən sonra qaydaya salınmışdır. Lakin serb pravoslav kilsəsi katoliklərə daha böyük güzəştlər nəzərdə tutulması iddiası ilə bağlı olaraq skupşinaya təqdim edilən müqavilənin layihəsi əleyhinə çıxdılar. Bu etirazlara baxmayaraq konkordat 167 deputat lehinə, 127-si əleyhinə olmaqla qəbul edildi. Pravoslav keşişlərin başçılığı altında Belqrad küçələrində nümayişlər təşkil edildi. Nəticədə konkordat təsdiq üçün senata təqdim edilmədi və katolik kilsəsi yuqoslav dövləti ilə müqaviləsi olmayan konfesiya kimi qaldı. Bu serb və xorvat siyasi qüvvələri arasında, katoliklərlə pravoslavlar arasında ziddiyyətləri daha da kəskinləşdirdi. M.Stoyadinoviçin siyasi karyerası bu məsələ ilə əlaqədar ağır zərbə aldı.

1938-ci ilin dekabrında Skupşinaya keçirilən seçkilərdə M.Stoyadinoviçin tərəfdarları 1,6 milyon seçicinin səsini, müxalifətin başçılıq etdiyi V.Maçek və onun tərəfdarları 1,3 milyon seçici səsi qazandı. 1939-cu ilin əvvəlində məğlubiyyətlə barışan M.Stoyadinoviç istefaya getməyə məcbur oldu.

Yeni hökumətin başçısı, Yuqoslaviya Radikal İttifaqının üzvü Draqişa Svetkoviç 1939-cu ilin aprelində V.Maçeklə görüşərək Xorvatiyada ayrıca banovin yaratmağa dair saziş imzaladı. Onun ərazisi tarixən formalaşan Xorvatiya torpaqlarını əhatə edirdi. Bosniya və Herseqovina, o cümlədən Voyevodinanın məsələsi açıq qalırdı. Nəhayət, 1939-cu il avqustun 26-da hökumətlə Kəndli Demokratik partiyası arasında razılıq əldə olundu. Sazişə görə yeni hökumət təşkil edildi. Xorvatiyada kral tərəfindən təyin edilən ban icraedici hakimiyyəti yerinə yetirirdi. Həmin gün Svetkoviç — Maçek hökuməti təşkil edildi ki, V.Maçek baş nazirin müavini vəzifəsini tutdu. Saziş əslində Yuqoslaviyanın Serb və Xorvat nüfuz dairəsinə bölməklə millətlər arasındakı ziddiyyətləri aradan qaldırmadı.

Yuqoslaviya dövlətinin iqtisadiyyatı.Serb-Xorvat-Sloven dövləti 12 milyon nəfərə qədər əhalisi olan 248 min kvadrat kilometrlik bir ərazidə yerləşmişdi. Onun sərhədləri 1919-1920-ci illərdə Sen-Jermen, Neyi, Trianon və Rapalla müqavilələri əsasında müəyyən edilmişdi. Serb, xorvat, sloven krallığına aşağıdakı cənub slavyan torpaqları: Serbiya, Qaradağ, Makedoniyanın bir hissəsi, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Dalmasiya və Voyevodina daxil oldular. Bütün bu torpaqlar müxtəlif inkişaf səviyyəsində idi. Qaradağ, Bosniya və Herseqovina, Dalmasiya və Makedoniya ən geridə qalmış vilayətlər idi. Hələ 1848-1849-cu illər inqilab zamanı feodal təhkimçilik münasibətlərinin ləğv edildiyi Xorvatiya, Sloveniya və Voyevodina nisbətən inkişaf etmiş sənaye vilayətləri idilər.

1919-cu ilin əvvəlində ölkədə keçirilən pul islahatı əhalinin dərin narazılığına səbəb oldu. Belə ki, əvvəllər Avstriya-Macarıstanın tərkibinə daxil olan vilayətlərin əhalisi köhnə pullarını təzə serb dinarına dəyişdirərkən bir dinar müqabilində dörd avstriya kronu ödəməli idilər ki, bir dinarın alıcılıq dəyəri bir krondan belə aşağı idi.

Serb-Xorvat-Sloven krallığında daxili sosial-iqtisadi vəziyyətin kəskinləşməsi əhali arasında tətil və etiraz aksiyalarının artmasına gətirib çıxardı. 1923-cü ilin iyul və sentyabr aylarında Sloveniyanın Trbovl şəhərinin dağ-mədən işçiləri iki böyük etiraz aksiyası keçirdilər. 1922-1923-cü illərdə Dunay çayı fəhlələrinin, Slavinski Brodda vaqonquraşdırı-cılarının, 1923-cü ilin payızında Xorvatiya tikinti fəhlələrinin çıxışları daha mütəşəkkil idi.

İqtisadiyyatda aparıcı əsas yeri kənd təsərrüfatı ilə bağlı olan emaledici sahələr -yeyinti, toxuculuq, gön-dəri, tütün və ağac emalı sahələri tuturdu. Ağır sənayenin inkişafı çox zəif idi. Yalnız dağ-mədən sənayesi istisna təşkil edirdi. Qurğuşun, sürmə, sink, mis və s. ehtiyyatlarına görə Yuqoslaviya Avropada birinci, yaxud ikinci yer tuturdu. Əlvan metalların çıxarılması və əridilməsi daima artırdı. Lakin dağ-mədən sənayesinin çox böyük hissəsinə xarici kapital nəzarət edirdi və onun məhsulları xaricə aparılırdı. 20-ci illərdə Yuqoslaviyada hakim mövqeyi fransız və ingilis kapitalı tuturdu. 30-cu illərin ortalarında Almaniyanın kapital qoyuluşu sürətlə artmaqda idi. Ölkənin hərbi potensialını möhkəmləndirmək üçün Fransa və Çexoslovakiya tərəfindən verilmiş kreditdən, dəmir yollarının çəkilməsi üçün isə ABŞ kreditindən istifadə edilirdi.

Bəhs edilən dövrdə Yuqoslaviyanın nəqliyyat sahəsində mühüm irəliləyişlər baş verdi. Hökumət dəmir yol tikintisinə, su nəqliyyatı və şosse yollarına diqqəti artırdı. Dunay və Sava çayları ölkənin əsas su arteriyaları hesab olunurdu. Nəqliyyat vasitələrinin inkişafı Yuqoslaviyada ticarətin genişlənməsi üçün şərait yaradırdı. Daxili bazarla yanaşı ölkənin xarici ticarəti də əhəmiyyətli dərəcədə artmışdır. Kənd təsərrüfatı məhsulları, o cümlədən taxıl, meyvə, mal-qara və heyvandarlıq məhsulları, xammal ixracatda əsas yer tuturdu. Ölkəyə isə daha çox hazır sənaye məhsulları idxal olunurdu.

Müharibələrarası dövrdə Yuqoslaviya əsasən aqrar ölkə olaraq qalırdı. Ölkə əhalisinin 76%-dən çoxu kənd təsərrüfatında çalışırdı. Kütləvi kəndli həyəcanları nəticəsində Yuqoslaviyanın hakim dairələri aqrar islahatın həyata keçirilməsinə başladı. İslahatın həyata keçirilməsi illərlə uzandı və ilkin qərarların hazırlanmasından, yəni fevral 1919-cu ildən qanunun qəbul edilməsi, 1931-ci ilin iyuluna kimi davam etdi. 1919-cu ilin fevralında həyata keçirilən Aqrar islahat Bosniya, Herseqovina, Makedoniyada kəndlilərin ödənc müqabilində yarım təhkimli asılılıqdan azad olmalarına səbəb oldu. Lakin torpaq məsələsi həll edilmədi. Serb-Xorvat-Sloven dövlətinin 11 milyon kənd əhalisi, əsasən də serblər torpaq aldılar. İstismar edilən millətlərə aid olan kəndliləri təmsil edən xorvat, makedon, sloven, alban, macar kəndliləri bu bölgüdən kənarda qaldılar. İslahat həyata keçirildikdən sonra demək olar ki, bütün mülkədarlar öz mülklərini qoruyub saxladılar. Yalnız Habusburqların və başqa Avstriya və Macar torpaq maqnatlarının torpaqları müsadirə edilirdi. Yerdə qalan mülkədarlar Xorvatiyada 150-400 hektar, Voyevodinada 300-500 hektardan artıq olan torpaq payını böyük pul kompensasiyası müqabilində dövlətə təhvil verirdilər. Bu onlar üçün daha əlverişli idi, ona görə ki, kəndlilər əvvəlki şərtlərdə mülkədarların normadan artıq olan torpaqlarında işləmək istəmirdilər.

İslahatdan sonra ölkədə çoxlu miqdarda xırda kəndli təsərrüfatları meydana gəldi. Bu təsərrüfatların üçdə iki hissəsinin əkin sahəsi 5 hektar təşkil edirdi. Kəndlilərin üçdə bir hissəsinin isə əkin pay torpaqları 5 hektardan az idi. 500 minə yaxın kəndlilərin pay torpaqları yox idi və onlar kənd təsərrüfatı fəhlələri hesab olunurdu. Torpaqların böyük bir hissəsi kilsələrə məxsus idi. Torpaq sahiblərinin 3 faizinin əlində 20 hektardan artıq torpaq sahəsi var idi ki, bu da bütün əkilən torpaqların 23 faizini təşkil edirdi. Bosniya və Herseqovina kəndliləri yalnız 1928-ci ildə feodal mükəlləfiyyətləri daşımaqdan azad edildilər və torpaqlar kəndlilərin istifadəsinə verilirdi. Keçmiş müsəlman mülkədarları əllərindən alınmış torpaq müqabilində dövlətdən pul konpensasiyası aldılar. Torpağı olmayan 250 min yuqoslav xaricə mühacirət etməyə məcbur oldu. İslahatdan sonra xırda kəndli təsərrüfatı üstünlük təşkil etməyə başladı. Bu islahat 20 ildən çox davam etdi, kəndlilərə az səmərəsi oldu, ancaq kənddə kapitalist münasibətlərinin inkişafına təkan verdi.

1929-cu il iqtisadi böhranı Yuqoslaviyadan da yan keçmədi. Bu iqtisadi böhrana Yuqoslaviya qabaqcıl qərb dövlətlərindən gec qədəm qoydu. Böhran kənd təsərrüfatı və sənayeni əhatə etdi. Yuqoslaviya iqtisadiyyatının əsası olan kənd təsərrüfatına böhran daha güclü təsir etdi. İqtisadiyyatda irəliləyiş yalnız 30-cu illərin ortalarından başladı və müharibə illərinə kimi davam etdi.

Yuqoslaviya beynəlxalq münasibətlər sistemində.1918-ci ilin yazına kimi Antanta dövlətləri Dunay regionunda sabitliyi qorumaq məqsədilə Habsburqlar imperiyasını saxlamaq tərəfdarı idi. Avstriya-Macarıstan ərazisindəki kütləvi çıxışlar onların mövqeyinin dəyişilmısinə səbəb oldu. Vahid yuqoslaviya dövləti yaratmaq tərəfdarı olan Fransa İtaliyanın Dalmasiyada daha çox ərazi ələ keçirərək güclənməsinin qəti əleyhdarı kimi çıxış edirdi.

SXS krallığı yarandıqdan sonra Paris sülh konfransının gedişində bir çox Avropa dövləti, o cümlədən ABŞ yeni dövlətlə diplomatik münasibətlər yaratdı. 1918-ci ildə meydana gələn Serb-Xorvat-Sloveniya krallığı, yəni Yuqoslaviya dövləti öz dövlət sərhədlərini Avstriya, Bolqarıstan, Macarıstan və İtaliya ilə müəyyən etdi. Serb-Xorvat-Sloven dövləti xarici siyasət sahəsində Qərb dövlətlərinə, ilk növbədə maliyyə cəhətdən asılı olduğu Fransaya arxalanaraq Avropada Versal sistemini müdafiə edirdi. 1919-cu ildə Krallıq Bolqarıstana qarşı Yunanıstanla hərbi müqavilə, 1920-ci ildə Macarıstana qarşı Çexoslavakiya ilə, 1921-ci ildə Rumıniya ilə müdafiə ittifaqı haqqında saziş imzaladı. Bu Fransanın fəal iştirakı ilə Serb-Xorvat-Sloven dövlətinin, Rumıniya və Çexoslavakiyanın təşkil etdiyi Kiçik Antanta qruplaşması idi. Məhz Kiçik Antantanın qəti mövqeyi və səfərbərlik elan etməsi 1921-ci ildə Habusburqların Macarıstanda yenidən hakimiyyətə gəlmək cəhdinin qarşısını aldı. 1927-ci ildə Serb-Xorvat-Sloven krallığının Fransa ilə bağladığı müqavilə Kiçik Antantanın mövqeyini daha da gücləndirdi. Rumıniya və Yunanıstanla qonşuluq münasibətləri davam edirdi. Makedoniya üstündə Yuqoslaviyanın Bolqarıstanla münasibətləri zaman-zaman gərgin olsa da 1937-ci ildə “daimi dostluq” haqqında bolqar və yuqoslav müqaviləsi imzalandı.

1920-30-cu illərdə İtaliya ilə münasibətlər mübahisəli ərazilər üstündə xeyli gərgin olmuşdur. 1915-ci il London müqaviləsinə əsasən İtaliya 500 min nəfərə kimi Yuqoslavın məskunlaşdığı Adriatik dənizinin Dalmasiya sahillərini işğal etmişdir. 1923-cü ildə isə İtaliya liman şəhəri Riyeki tutaraq müstəqil ərazi elan etdi. İtaliya ilə Yuqoslaviya arasındakı sərhəd məsələləri yalnız 1924-cü ildə Romada imzalanan müqavilə ilə müəyyən edildi. İtaliyanın hakim dairələri xorvatların ustaşlar hərəkatını müdafiə edərək öz ərazisində onların düşərgələr qurmasına belə icazə vermişdir. Məhz onların əli ilə Marseldə Yuqoslaviyanın kralı Aleksandr 1934-cü il oktyabrın 9-da sui-qəsd nəticəsində öldürüldü. Bundan əlavə, Romanın hakim dairələri Çernoqoriyanın sabiq kralı Nikolayın tərəfdarları olan seperatçılarla da əlaqə saxlayırdılar. Buna baxmayaraq M.Stoyadinoviçin hökuməti dövründə yuqoslav-italyan münasibətləri xeyli yaxşılaşdı. Hətta 1937-ci ilin martında İtaliyanın xarici işlər naziri Çiano Belqrada rəsmi səfər edərək dostluq və bitərəflik haqqında italiya-yuqoslaviya müqaviləsi imzaladı. İtaliya ərazi iddialarından əl çəkdi, A.Paveliçin ustaşlarına kömək etməyəcəyinə vəd verdi və İtaliyada yaşayan yuqoslavların vəziyyətini yaxşılaşdırmağı öhdəsinə götürdü. Öz növbəsində, Yuqoslaviya İtaliyanın Həbəşistandakı işğalın və Albaniyadakı müəyyən maraqların müdafiə etdiyini bəyan etdi.

1919-cu ildən 30-cu illərin əvvəllərinə kimi Fransa Yuqoslaviya dövlətinin sərhədlərinin əsas qarantı kimi çıxış edirdi. Fransa eyni zamanda Yuqoslaviya, Rumıniya və Çexoslovakiya arasında bağlanmış və Kiçik Antanta adını almış müqavilə sisteminin də himayəçisi idi. 1930-cu illərin əvvəllərində Fransa və İngiltərə Balkan yarımadasında İtaliyanın nüfuzunu zəiflətmək məqsədilə fəaliyyətə keçdi. 1934-cü ilin fevralında Afinada Yuqoslaviya, Rumıniya, Yunanıstan və Türkiyə Balkan paktını imzaladı.

Amma 30-cu illərin ortalarından başlayaraq Yuqoslaviya dövlətinin xarici siyasət xəttində ciddi dəyişiklik əmələ gəldi. Xorvat ustaşlarının 1934-cü ildə Kral Aleksandrı öldürmələrinə kimi Yuqoslaviya Kiçik Antantaya daxil olaraq Qərbi Avropanın demokratik dairələri ilə əlaqə saxlayırdı. Kral süi-qəsd nəticəsində öldürüldükdən sonra knyaz-qəyyum Pavel hakimiyyəti faşist dövlətləri olan Almaniya və İtaliya ilə yaxınlaşmaq xətti götürdü. M.Stoyadinoviç hökuməti Yuqoslaviyanın bitərəfliyin elan edərək Fransa ilə Almaniya arasındakı mümkün münaqişəyə qarışmamağı bəyan etdi. Bitərəflik siyasəti əslində Yuqoslaviyanın Almaniya ilə yaxınlaşmasına şərait yaradırdı. Getdikcə xarici ticarət sahəsində Almaniya Yuqoslaviyanın əsas tərəfdaşına çevrilməkdə idi. Almaniya Avstriyanı işğal etməsilə Yuqoslaviyanın qonşusuna çevrildi. M.Stoyadinoviçin bu məsələnin almaniyadaxili problem olduğunu qeyd edərək həm də bildirdi ki, bu akt Habsburqlar imperiyasının yenidən yaranması təhlükəsini aradan qaldırır. Fransanın məğlubiyyəti, Macarıstan, Rumıniya və Bolqarıstanın Üçlər paktına qoşulması 1941-ci il martın 25-də Yuqoslaviyanın da bu pakta üzv olmasına təkan verdi. Əslində isə milli münaqişələrlə çalxalanan, real müttəfiqi və hərbi gücü olmayan Yuqoslaviya faşist işğalı ilə üz-üzə qaldı.

Yuqoslaviyanın mədəniyyəti

1918-ci ildə Yuqoslaviya dövlətinin yaradılması mədəniyyətin inkişafını sürətləndirirdi. İbtidai, orta və ali məktəblərin şəbəkəsi xeyli genişləndi. Bu isə əhali arasında savadlılıq dərəcəsinin artmasına şərait yaradırdı.

Elm sürətlə inkişaf edirdi. 1919-cu ildə Lyublyana Universiteti yenidən təşkil olundu. Serbiyada Belqrad Universitetinin elmi məktəblərinin nümayəndələri riyaziyyat və geologiya sahələrində mühüm nəticələr aldılar. R.Burianın təşəbbüsü ilə universitetdə Fiziologiya İnstitutu təşkil olundu. Zaqreb Universitetində riyaziyyata, fizikaya, kimyaya, biologiyaya dair tədqiqatlar genişləndi. Universitetin nəzdində 1937-ci ildə Fizika İnstitutu, 1928-ci ildə Lyublyana Universitetində Geologiya, Paleontologiya İnstitutu yaradıldı.

Serb alimi Y.Sviiç coğrafiya, sosial psixologiya və etnoqrafıya sahəsində səmərəli fəaliyyət göstərmişdir. Məşhur riyaziyyatçı M.Petroviçin tədqiqatları ölkə sərhədlərindən kənarda tanınırdı. Xorvat ixtiraçısı N.Tesla dəyişən cərəyanlı elektik mühərrikini, elektromaqnit dalğalarının köməyi ilə siqnalların ötürülmə sistemini kəşf etmişdi. Vətənində lazımi diqqət görməyən alim ABŞ-da yaşayıb yaratmışdır. Geofızik A.Moxoroviçin tədqiqatları dünyada yayılmışdır.

Sloveniya tarix elminin nümayəndələri İ.Priyatel və D.Lonçarın tədqiqatları yeni dövrdə slovenlərin siyasi və sosial tarixinə həsr edilmişdir. Tarixçi M.Preloq “Qədim dövrlərdən Krallığın məhvinə qədər olan dövrdə Bosniya tarixi” əsərini yazaraq Bosniya və Xorvatiyanın tarixinə işıq tutmuşdur. F.Şişiç Xorvatiyanın yeni tarixinin öyrənilməsinin əsasını qoymuşdur. 20-30-cu illərdə materialist filosof Svetozar Markoviç, O.Pritca, D.He-delkoviç markisist fəlsəfənin inkişaf etdirilməsində, İ.Broz Tito, E.Kardel, B.Bakariç, B.Kud-riç sosializm quruculuğununun aktual məsələlərinin işıqlandırılmasında mühüm rol oynayırdı.

1918-ci ildən sonra Yuqoslav xalqlarının vahid dövlətdə birləşməsi milli ədəbiyyatlar arasında əlaqələrin güclənməsinə, onların qarşılıqlı zənginləşməsinə zəmin yaratdı. Ədəbiyyatda ekspessionizm hakim cərəyana çevrildi. Ekspessionistlərin bir çoxu, o cümlədən A.B.Şimiç, M.Tsrnyanski üçün müharibə və burjuaziya əleyhinə anarxist fərdiyyətçi üsyankarlıq, N.Şon, E.Kotobek, A.Bodnik üçün isə mistik əhval-ruhiyyə, dini motivləri səciyyəvi idi. Sol ekspessionistlər A.Tsesarest, M.Krleja, M.Klopçik, B.Kreft və b-nın yaradıcılığı Yuqoslaviyada inqilabi hərəkatla bağlı idi. 20-ci illərdə B.Nuşiç, B.Petroviç, F.Bevk,

O. Jupançiç, B.Tsar-Emin realist ədəbiyyatı təmsil edirdilər. Serb ədəbiyyatında modemizmin nümayəndələrindən biri İ.Sekuliçin yaradıcılığı üçün isə simvolizm xarakterik idi. Yazıçılardan M.Beqoviç, D.Domeniç isə xorvat modemizminin görkəmli nümayəndələri idi. Sloven ədəbiyyatında naturalizmin meydana gəlməsi F.Qovekarın adı ilə bağlıdır. Onun “Qnda” romanı çox məşhurdur. Yazıçı E.Kristian da yaradıcılığında naturalizmə müraciət etmişdir.

20-30-cu illərdə boyakarlıqda postimpressionizm, kubizm, fovizm və ekspressionizmin müxtəlif üsullarından istifadə edirdi. K.Xegeduşiç, İ.Generalçiç milli mövzulara müraciət edir, xalq sənəti ənənələrini inkişaf etdirirdilər. 30-cu illərdə Ç.Andreyeviç-Kui, O.Tostrujnik ictimai-tənqidi qrafika sahəsində ön plana çıxmışdır. Bu illərdə neoklassizmi V.Kovaçiç, funkssionalizmi D.Braşovan, D.İbler təmsil edirdilər. Sloven memarlığının inkişafında Y.Pleçnikin xidmətləri böyükdür. Xorvat memarlığının inkişafına öz töhfəsini verən sənətkarlardan biri də İ.Meştroviç hesab olunur. Monumentallıq, vətənpərvərlik, dramatizm heykəltaraşın yaradıcılığı üçün səciyyəvidir. U.Prediç, P.Yovanoviç, M.Murat və b. Serb rəssamlığında realist istiqamətin görkəmli nümayəndələri idilər. Çernoqoriya rəssamlıq məktəbinin yaradıcılarından olan M.Milunoviç (1897-1967) Florensiyada təhsil almışdır.

1920-30-cu illərdə ölkənin inkişaf etmiş vilayətlərində milli bəstəkarlıq məktəbləri formalaşdı, professional musiqi sənəti yaranmağa başladı. Bəstəkarlardan Serbiyada

P. Konoviç, Xorvatiyada K.Baranoviç, Sloveniyada M.Koqo, Bosniya və Herseqovinada F.Mareyovski, V.Miloşeviç, Makedoniyada J.Firfov bir çox musiqi əsərlərinə imza atdılar.

1918-ci ildən sonra teatr sənəti inkişafa başladı. Rejissor B.Qavellanın yaradıcılığı aktyor və rejissor sənətinin yüksəlməsinə təsir göstərdi. Senzuranın qadağan etməsinə baxmayaq, teatrların reperturalarına B.Nuşiç, B.Şop, L.Pirandello, K.Çapek, V.Katayevin əsərlərinin daxil edilməsi mütərəqqi ictimai meyilləri qüvvətləndirdi. Makedoniyalı dramaturq V.Çernodrinski (1875-1951) mənşəcə bolqar idi. Onun “Makedoniya qanlı toyu”, “Makedoniya sui-qəsdi”, “Makedoniya üsyanı”dram əsərləri çox məşhurdur. Belqrad, Novi Sad və Skople teatrları öz fəaliyyətləri ilə serb teatr sənətinin inkişafına böyük töhfə vermişdir. Sloven milli teatrının inkişafında aktyor İ.Borştnikin böyük rol oynamışdır.

Sloven bəstəkar R.Savinin yaradıcılığında modernizm və neoromantizm ənənələri əsas yer tutur. Xorvat S.Albininin “Baron Trenk” operettası bir çox ölkələrin teatrlarında tamaşaya qoyulmuşdu. Serbiyanın teatr səhnələrində V.Yoksimoviçin “Miloş Obiliçin evlənməsi”, S.Biniçkinin “Dan yeri ağararkən”operaları səslənmişdir. İkinci Dünya müharibəsi müvəqqəti də olsa sürətlə inkişaf etməkdə olan Yuqoslaviya mədəniyyətinin qarşısını aldı.

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

Top